İskəndər Pala 1958-ci ildə Türkiyənin Uşak şəhərində dünyaya göz açıb. O, İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirib. Divan ədəbiyyatı üzrə elmlər doktoru (1983), dosent (1993) və professor (1998) dərəcəsini alıb. Divan ədəbiyyatının xalq tərəfindən sevilib başa düşülməsi üçün klassik şeirlərdən ilham alaraq məqalələr, esselər, hekayələr və qəzet yazıları yazıb. Divan ədəbiyyatına dair təşkil etdiyi seminar və konfranslarda geniş kütlələr iştirak edib, “Divan Şeirini sevdirən adam” olaraq məşhurlaşıb. Bir sıra əsərləri ilə “Türkiye Yazarlar Birliyi Dil Ödülü” (1989), “AKDTYK ödülü” (1990), “Türkiye Yazarlar Birliyi İnceleme Ödülü” (1996) mükafatlarına layiq görülüb. Həmşəhərliləri ona “Uşaq Xalq Qəhrəmanı” adını veriblər. “Babildə ölüm, İstanbulda eşq”, “Qətreyi-matəm”, “Şah&Sultan”, “Od”, “Əfsanə” və “Mehmandar” adlı romanları yüz minə yaxın tirajla yayımlanıb. Bu romanlar dəfələrlə mükafatlandırılıb və müxtəlif dillərə tərcümə edilib. Türk Patent Enstitüsü tərəfindən marka mükafatı ilə təltif edilərək qeydiyyata alınıb. 2013-cü ildə Ədəbiyyat üzrə Prezidentliyin “Böyük Ödülü”nə layiq görülüb. “Bülbülün qırx nəğməsi” adlı kitabını ömrünün ən gözəl məşğuliyyəti hesab edən İskəndər Pala evli və üç uşaq atasıdır və İstanbul Kültür Universitetində müəllim işləyir.
все жанры