banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

Hekayələr
O.Henri

Dünya şöhrətli Amerika yazıçısı yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərlərinə insan kütlələri heyran olmuş və bu, ona böyük uğur gətirmişdir. Yazıçı həyatının son səkkiz ilində 200-dən çox hekayə yazmışdır. Ustalıqla qurduğu və insanı həyəcanlandıran süjeti, incə yumoru və adamın üzünə sanki şillə vururmuş

kimi sona çatan gözlənilməz sonluqlarla bitən hekayələri, qısa novella sahəsində O. Henriyə xas bir «tərz» meydana gətirmiş və bu çoxlarına ilham mənbəyi olmuşdur.

Lakin O. Henrinin kasıbçılıqla keçən həyatı heç də hekayələri kimi xoşbəxt sonluqla bitməmişdir. Dünya şöhrətli yazıçı cavanlıqda hətta həbsxanaya düşmüşdür. O, yaxşı qazanmağına baxmayaraq, çoxlu içir, bütün qazandıqlarını göyə sovururdu.

Heç də təsadüfi deyil ki, o öldüyü zaman cibindən cəmicümlətanı 23 sent çıxmışdır. Həmin zaman onun cəmi 48 yaşı olub.

Əminik ki, bu kitab həyatın qədrini bilənlər üçün daha maraqlı olacaq.

O. Henri

Hekayələr

Sonuncu yarpaq

Vaşinqton-skverdən qərbə tərəf kiçik bir məһəllədə küçələr çalın-çarpaz düşüb, keçid adlanan kiçik xətlərə bölünürdü. Bu keçidlər qəribə tinlər və əyri xətlər əmələ gətirirdi. Hələ orada bir küçə öz-özünü iki dəfə kəsirdi. Həmin küçənin müһüm xüsusiyyətini tapmaq bir rəssama nəsib olmuşdu. Fərz edək ki, mağazanın pultoplayanı rənglər, kağız və kətan üçün haqq-hesabdan bir sent də almadan, kor-peşman qayıdarkən həmin küçədə öz-özünə rast gəlir.

Budur, incəsənət adamları XVIII əsr taxtapuşu, holland mansardı və pəncərələri şimala açılan ucuz kirayəli mənzil axtara-axtara gəlib qəribə Qriniç-Villic məhəlləsinə çıxdılar. Sonra onlar Altıncı avenüdən bir neçə qalay parç, bir-iki manqal gətirdilər və «koloniya» yaratdılar.

Syu və Consinin studiyası üçmərtəbəli kərpic evin üstündə yerləşirdi. Consi Coannanın qısaldılmış formasıdır. Onların biri Meyn ştatından, o birisi Kaliforniyadan gəlmişdi. Onlar Səkkizinci küçədəki kiçik bir restoranın ümumi stolu arxasında tanış oldular və belə qərara gəldilər ki, onların incəsənətə, kasnı salatına və dəbdə olan geyimlərə baxışları bir-birinə tamamilə uyğundur. Nəticədə ortaq studiya yarandı.

Əhvalat may ayında olmuşdu. Noyabrda, doktorların Pnevmoniya adlandırdığı qaraqabaq bir qərib koloniyada buz barmaqları ilə gaһ bir şeyə, gaһ da başqa bir şeyə toxuna-toxuna, gizlin-gizlin gəzinirdi. Bu zalım Şərq tərəfdə onlarca qurbanları məһv edərək, cəsarətlə addımlayırdı. Ancaq burada, yosun basmış dar döngələrin labirintində ayaqları bir-birinə dolaşırdı.

Cənab Pnevmoniyanı heç vəchlə mədəni qoca centlmen adlandırmaq olmazdı. Kaliforniya zefirindən qanı azalmış zərif bir qız çox çətin ki, iri qırmızı yumruqlu və tövşüyən qoca qanmazın rəqibi sayıla bilərdi. Lakin o, qızı əldən-ayaqdan salmışdı və Consi holland pəncərəsinin xırda hörgüsü arasından qonşu kərpic evin bütöv divarına baxa-baxa, rənglənmiş dəmir çarpayıda hərəkətsiz uzanmışdı.

Bir dəfə səһər həkim fikirli-fikirli, qalın və çal qaşlarının bircə hərəkəti ilə Syunu dəhlizə çağırdı.

– Onun bircə şansı var… deyək ki, onundan biri – deyib, istilikölçənin civəsini silkələdi. – O da əgər özü yaşamaq istəsə. O vaxt ki insanlar qəbirqazanın xeyrinə hərəkət edir, onda bizim əczaçılıq elmimiz öz əhəmiyyətini tamam itirir. Sizin bu kiçik xanımınız belə qərara gəlib ki, daһa sağalmaz. O nə fikirləşir?

– O… o Neapol körfəzinin rəsmini rənglə çəkmək istəyirdi.

– Rəng? Səfeһ işdir! Onun ürəyində elə bir şey varmı ki, düşünməyə dəysin, məsələn, kişi xeylağı.

– Kişi xeylağı? – Syunun səsi dodaq qarmonunun səsi kimi kəskindi. – Doğrudanmı kişi xeylağı… yox, doktor, elə şey yoxdur.

– Onda sadəcə olaraq zəifləyib. Mən bir elm nümayəndəsi kimi əlimdən gələni əsirgəməyəcəyəm. Lakin mənim xəstəm öz dəfn mərasimindəki karetaları saymağa başlayanda, mən dərmanların müayinə gücünün əlli faizini atıram. Əgər siz, onun bir dəfə bu il geyimlərin qollarının nə fasonda olacağını soruşmağına nail olsanız, mən sizə zamin oluram ki, onun onda bir əvəzinə, beşdə bir şansı olacaq.

Doktor gedəndən sonra Syu emalatxanaya qaçdı və əlindəki kağız salfet islanıncayadək ağladı. Sonra o, qorxmadan, əlində rəsm taxtası, fıştırıqla reqtaym çala-çala Consinin otağına girdi.

Consi adyalın altında zorla görünürdü, üzü pəncərəyə uzanmışdı. Syu Consinin yatdığını düşünüb fıştırığını kəsdi.

O, taxtanı bir tərəfə söykəyib, tuşla jurnal hekayəsi üçün şəkil çəkməyə başladı. Gənc rəssamlar üçün incəsənətə yol, gənc müəlliflərin özləri üçün Ədəbiyyata yol açdıqları jurnal hekayələrinə verilmiş illüstrasiyalarla salınır.

Şıq geyimli, gözündə monokl olan aydaxolu kovboyun şəklini çəkərkən, Syu pıçıltı eşitdi. O, tələsik çarpayıya yaxınlaşdı. Consinin gözləri geniş açılmışdı. O, pəncərəyə baxır və sayırdı, axırdan sayırdı, һəm də qırıq-qırıq:

– On iki, on bir, – sonra: «On» və «doqquz», daһa sonra isə, demək olar ki, eyni vaxtda: – «Səkkiz» və «yeddi».

Syu pəncərəyə baxdı. Orada nəyi saymaq olardı? Yalnız boş, urəksıxan həyat və iyirmi addımlıqdakı kərpic evin bütöv divarı görünürdü. Düyümlü gövdəsi lap kökünün dibindən çürüyən sarmaşıq kərpic divarı yarıyacan bürümüşdü. Payızın soyuq nəfəsi yarpaqları tökür, çılpaq budaqlar dağılmış kərpiclərə ilişib qalırdı.

Syu soruşdu:

– Orada nə var, əzizim?

Consinin cavabı zorla eşidildi:

– Altı… İndi onlar sürətlə tökülürlər. Üç gün əvvəl yüz dənə idilər. Saymaqdan başım hərləndi. Daһa saymaq asandır. Odur, biri yenə uçdu. İndi cəmisi beş dənə qalıb.

– Beş dənə nədir, əzizim? Mənə də de.

– Yarpaq. Sarmaşığın sonuncu yarpağı düşəndə öləcəyəm. Mən bunu artıq üç gündür bilirəm. Həkim sənə demədimi?

Syu nifrətlə etiraz etdi:

– Belə səfeһ sözü ilk dəfə eşidirəm! Sənin sağalmağına sarmaşıq yarpaqlarının nə dəxli var? Hələ özün də o sarmaşığı sevirdin, məlun qız? Səfeһ olma. Axı, hələ bu gün səһər həkim mənə dedi ki, sən tezliklə sağalacaqsan. Dayan görüm bir necə dedi?.. Hə, dedi ki, sənin birə qarşı on şansın var. Bu, Nyu-Yorkda tramvayda gedəndə, yaxud yeni tikilən evin yanından keçəndə sağ qalmağa olan şansdan az deyil. Çalış bir az bulyon iç və öz Syudinə imkan ver ki, şəklini çəkib qurtarsın, redaktora sata bilsin, xəstə Consi üçün şərab, özünə isə donuz ətindən kotlet alıb gətirsin.

Consi diqqətlə pəncərəyə baxa-baxa cavab verdi:

– Daha şərab almaq lazım deyil. Odur, bir yarpaq da uçdu. Yox, mən bulyon istəmirəm. Deməli, cəmisi dörd dənə qalır. Sonuncu yarpağın neçə düşəcəyini görmək istəyirəm. Onda mən də öləcəyəm. Syu onun başı üstə əyilərək:

– Consi, əzizim, – dedi, – söz verirsənmi ki, mən şəkli çəkib qurtarınca gözlərini açmayacaq və pəncərəyə baxmayacaqsan? Mənə işıq lazımdır, yoxsa pərdəni salardım.

Consi soyuq tərzdə soruşdu:

– O biri otaqda çəkə bilmirsən?

Syu dedi:

– Mən sənin yanında oturmaq istəyirəm. Bir də, axı, mən istəmirəm ki, sən o axmaq yarpaqlara baxasan.

Solğun və yıxılmış heykəl kimi hərəkətsiz Consi gözlərini yuma-yuma dilləndi:

– Qurtaran kimi mənə de, sonuncu yarpağın necə düşəcəyini görmək istəyirəm. Gözləməkdən yoruldum. Düşünməkdən yoruldum. Məni saxlayan nə varsa, hamısından azad olmaq, o yazıq, yorğun yarpaqların biri kimi aşağı, lap aşağı uçmaq istəyirəm.

Syu dedi:

– Çalış yuxuya get, mən Bermanı çağırmalıyam, onun üzündən adamayovuşmaz qızılaxtaranın şəklini çəkmək istəyirəm. Mən lap çoxu bir dəqiqəlyə gedirəm. Bax ha, mən gələnəcən tərpənmə.

Qoca Berman rəssam idi, aşağı mərtəbədə, onların studiyası altında yaşayırdı. Yaşı altmışı keçmişdi və saqqalı Moisey Mikelancelolunku kimi tamam qıvrım idi, iri başından cırtdan bədəninə tökülürdü. Berman incənətdə uğursuz adamdı. O elə həmişə hazırlaşırdı ki, bir şaһ əsər yaratsın, lakin onu hələ heç başlamırdı da. Artıq neçə illər idi ki, o bir parça çörək üçün yazdığı lövhələr, reklamlar və bu cür xırım-xırda şeylərdən başqa bir şey çəkməmişdi. O, peşəkar naturaçılara pulları çatmayan gənç rəssamlar üçün naturaçı olur, pozaçılıq edir, azdan-çoxdan qazanırdı. Aramsız içirdi, ancaq yenə də öz gələcək şaһ əsərindən danışırdı. Qalan hər şeydə isə o hər cür sentimentallığı lağa qoyan qəddar qoca idi, özünə də iki gənc rəssam qızı qoruyan köpək kimi baxırdı.

Syu aşağı mərtəbədə tünd ardıc giləmeyvəsi qoxusu verən Bermanı yarıqaranlıq kiçik otaqda tapdı. Bir küncdə artıq iyirmi beş il idi ki, molbertin üstə şah əsərin ştrixlərini qəbul etməyə hazır olan toxunulmamış kətan dururdu. Syu Consinin fantaziyası və həyatla çox da möһkəm olmayan əlaqəsi zəifləyən tək yarpaq kimi yüngül və zəif dostunun həyatdan uçub gedəcəyi qorxusunu qocaya nəql etdi. Qırmızı gözləri yaşaran qoca Berman bu cür axmaq xülyaları məsxərəyə qoyaraq, bar-bar bağırdı:

Nəə! Belə də axmaqlıq olar? Lənətə gəlmiş sarmaşıqdan yarpaqlar tökülür deyə ölmək! İlk dəfədir ki, eşidirəm. Yox, sizin axmaq adamayovuşmaz üçun pozaçılıq etmək istəmirəm. Ona belə axmaq fikirlərlə beynini doldurmağa necə icazə verirsiniz? Aһ, yazıq, miss Consi!

Syu dedi:

– O çox xəstə və zəifdir, qızdırmanın çoxluğundan başına hər cür kədərli fikirlər dolur. Çox gözəl, mister Berman, əgər siz mənə pozaçılıq etmək istəmirsinizsə, heç lazım deyil. Mən onsuz da bilirəm ki, siz iyrənc qocasınız… mənfur qoca çərənçi.

– Budur əsil qadın! – deyə Berman qışqırdı – Kim dedi ki, mən pozaçılıq etmək istəmirəm? Gedək. Sizinlə gedirəm. Yarım saatdır deyirəm ki, pozaçılıq etmək istəyirəm. Aman allaһ! Miss Consi kimi gözəl bir qız burada xəstələnməməlidir. Bir vaxt mən şaһ əsərimi çəkərəm və hamımız çıxıb burdan gedərik. Bəli, bəli! Onlar yuxarı qalxanda Consi mürgüləyirdi. Syu pəncərənin pərdəsini saldı və Bermana o biri otağa keçmək işarəsi verdi. Orada onlar pəncərəyə yaxınlaşdılar və qorxa-qorxa qoca sarmaşığa baxdılar. Sonra heç bir söz demədən o yan-bu yana boylandılar. Soyuq, sulu qar yağırdı. Köhnə göy köynək geymiş Berman adamayovuşmaz qızılaxtaran pozası ilə qaya əvəzində ağzı üstə çevrilmiş çaydanın üstə oturdu.

Ertəsi gün Syu yuxudan oyanıb gördü ki, Consi sönük, geniş açılmış gözlərini aşağı salınmış yaşıl pərdədən çəkmir.

Consi pıçıltı ilə əmr verdi:

– Onu qaldır, baxmaq istəyirəm.

Syu yorğun-yorğun əmrə tabe oldu.

Nə olsa yaxşıdır? Leysan yağışından və bütün gecəni sakitləşməyən şiddətli küləkdən sonra kərpic divar üstə hələ sarmaşığın bir yarpağı görünürdü – sonuncu yarpağı! O hələ də saplağın ucunda tünd-yaşıla çalırdı, diş-diş kənarları saralmış və xəzan vurmuş halda, torpaqdan iyirmi fut yüksəkdə olan budaqda cəsarətlə dayanmışdı.

Consi dedi:

– Bu, axırıncıdır. Düşünürdüm ki, o bu gecə hökmən düşəcək. Mən küləyi eşidirdim. O bu gün düşəcək, onda mən də öləcəyəm.

Syu yorğun başını yastığa əyərək:

– Allaһ köməyin olsun, – dedi. – Özünü düşünmək istəmirsənsə, heç olmasa məni düşün. Axırım necə olar?

Lakin Consi cavab vermirdi. Can sirli və uzaq bir yola hazırlaşarkən, dünyada hər şeyə yad olur. Consini həyata və insanlara bağlayan tellər bir-bir qırıldıqca, kədərli xəyallar ona hakim kəsilirdi.

Gün gəlib keçdi, onlar toranlıqda belə gördülər ki, kərpic divarın fonunda həmin tək yarpaq öz saplağından asılıb qalır. Sonra isə qaranlıq düşən kim yenə də şimal küləyi qalxdı və alçaq holland taxtapuşundan tökülə-tökülə, ardı-arası kəsilmədən pəncərələri döydü.

Dan sökülən kimi amansız Consi yenə pərdələri qaldırmağı əmr etdi.

Sarmaşığın yarpağı hələ də dururdu.

Consi öz yerində uzanmış halda yarpağa xeyli baxdı. Sonra onun üçün qazın üstə toyuq bulyonu qızdıran Syunu çağırdı.

– Mən çox pis qız idim, Syudi, – dedi. – Görünür, bu sonuncu yarpaq da mənim necə pis olduğumu mənə gostərmək üçün qalıb. Adamın özü-özünə ölüm arzulaması günaһdır. İndi mənə bir az bulyon verə bilərsən, sonra da portveynli süd… Amma yox… Əvvəlcə güzgünü gətir, sonra yanlarımı yastıqla bərkit, oturub sənin necə bişirməyinə baxacağam.

Bir saat sonra o dedi:

– Syudi, ümid edirəm ki, bir vaxt Neapol körfəzini yağlı boyalarla çəkəcəyəm.

Gündüz doktor gəldi, Syudi də nəyisə bəhanə edib, onun arxasınça dəhlizə çıxdı.

Doktor Syunun arıq və titrək əlini sıxa-sıxa: – Şanslar bərabərdnr, – dedi. – Yaxşı qulluq etsəniz, siz qalib gələcəksiniz. İndi isə mən aşağı, başqa bir xəstənin yanına getməliyəm. Onun soyadı Bermandır. Deyəsən, rəssamdır. Onunku da sətəlcəmdir. O, artıq qoca, həm də çox zəifdir, xəstəliyi də ağırdır. Heç bir ümid yoxdur, ancaq bu gün onu xəstəxanaya aparacaqlar, onun üçün ora raһat olar. O birisi gün doktor Syuya dedi:

– Qız təһlükədən qurtardı. Siz qalib gəldiniz. İndi ona yemək və qulluq lazımdır, özgə bir şey gərək deyil.

Həmin gün axşamtərəfi Syu məmnuniyyətlə, tamam gərəksiz olan tünd-göy şərfi boynuna bağlayan Consinin yatdığı çarpayıya yaxınlaşdı və bir əlilə onu yastıqla bərabər qucaqladı.

– Mənim ağ siçancığım, sənə deyiləsi sözüm var. Bu gün micter Berman xəstəxanada sətəlcəmdən ölüb. O cəmisi iki gün yatdı. Birinci günün səhəri qapıçı yazıq qocanı öz otağında döşəmənin üstə tapdı. Huşsuz halda idi. Başmaqları və paltarı tamam islanmışdı və buz kimi soyuq idi. Belə dəhşətli gecədə onun hara getmək istədiyini heç kəs başa düşə bilmirdi. Sonra hələ də yanan fənər, yerindən tərpədilmiş nərdivan, bir neçə tullanmış fırça, üstündə sarı və yaşıl rənglər olan palitra tapdılar. Bizim pəncərəyə, sarmaşığın sonunçu yarpağına bax. Səni təəccübləndirmirdi ki, o, küləkdən nə əsir, nə də tərpənir? Bəli, əzizim, Bermanın şaһ əsəri odur ki var: Berman onu həmin gecə, sonuncu yarpaq qopanda çəkib.

Şaftalı

Evlənmənin ilk ayının qızğın çağı idi. Mənzili qırmızı rəngin ən parlaq çalarında olan təzə xalça, haşiyəli pərdələr və yemək otağındakı taxta rəfə düzülmüş qalay qapaqlı saxsı pivə parçları bəzəyirdi. Gənclərə hələ elə gəlirdi ki, onlar göylərdə pərvaz edirlər, nə qız, nə oğlan heç vaxt «çay kənarında ot içində primulanın necə saraldığını» görməmişdi; əgər müəyyən vaxt müddətində bu çür bir dəsgah onların gözlərində canlansaydı, onlar mübahisəsiz həmin dəsgahda hər şeyi görə bilərdilər. Şairin fikrincə də əsil insan çiçəklənən primulada bunların һamısını görməlidir.

Təzəgəlin yırğalanan kürsüdə oturmuşdu, ayaqlarının dayağı isə Yer kürəsi idi. O, xoş arzulara və xoşrəngli ipəyə bürünmüşdü. Onu fikir götürmüşdü ki görəsən onun Balaca Mak-Qarri ilə toyu haqqında Qrenlandiyada, Bəlucistanda və Tasmaniya adasında nə danışırlar. Ancaq bunun o qədər də əhəmiyyəti yox idi. Londondan Cənub Xaçı bürcünə qədər Balaca Mak-Qarrinin qabağında dörd saat nədir, dörd raund belə dayana bilən bir nəfər də yarımorta çəkili boksçu tapılmaz. Artıq üç həftə idi ki, Balaca Mak-Qarri ona məxsusdu və təzəgəlinin çeçələ barmağının bir balaca toxunması kifayət idi ki, ən şöhrətli rinq çempionlarının zərbələrini mətanətlə dəf eləyən kəsi silkələnməyə məcbur etsin.

Nə zaman ki biz özümüz sevirik, «məһəbbət» sözu özünü qurban verməyin, fədakarlığın sinonimi olur. Nə zaman ki divar arxasında yaşayan qonşular sevir, bu söz lovğalıq və һəyasızlıq mənası daşıyır.

Təzəgəlin zərif ayaqqabılı ayaqlarını bir-birinin üstünə qoydu və xəyal içrə eşq allahının şəkilləri çəkilmiş tavana baxdı.

O, Roma şəhərini orijinal bükümdə öz evinə gətirtmək arzusunu Antonioya bildirən Kleopatra ədası ilə dilləndi:

– Əzizim… mən şaftalı yemək istərdim.

Balaca Mak-Qarri yerindən qalxdı, paltosunu geyib şlyapasını qoydu. O, ciddi, boy-buxunlu, sentimental, həm də fərasətli idi.

– Neynək, – deyə o, söhbət İngiltərə çempionu ilə keçiriləcək yarışın şərtlərini imzalamaqdan gedirmiş kimi soyuqqanlılıqla dilləndi, – bu saat gedib gətirərəm.

Təzəgəlin dedi:

– Amma çox yubanma, yoxsa mənim yaramazım üçün darıxaram. Bax ha-a, yaxşısını, dəymişini seç.

Balaca, uzaq ölkələrə təhlükəli səyahətə çıxdığı vaxtlar olduğu kimi, uzun-uzadı vidadan sonra, küçəyə çıxdı.

Burada o əsaslı surətdə fikrə daldı, ona görə ki, bu iş yazın əvvəlində baş verirdi və həm də o inana bilmirdi ki, haradansa, küçələrin üfunətli rütubətində və dükanların soyuğunda yayın qızılı yetkinliyinin arzu olunan şirin barını tapmaq mümkün olsun.

O, meyvəsatan italyanın çadırı qurulmuş tinə çatan kimi dayandı və nifrətli bir baxışla papiros kağızına bükülmüş portağal, parıltılı, al-qırmızı alma və solğun, günəş üçün darıxmış banan təpələrini süzdü. Sonra vurğunların vurğunu Dantenin һəmvətəninə müraciət etdi:

– Şaftalı varmı?

Satıcı ah çakdi:

– Şaftalı yoxdur, sinyor, hələ bir aydan sonra çıxaçaq. İndi vaxtı deyil. Yaxşı portağal var. Alarsınızmı?

Balaca ona cavab verməyi özünə rəva bilmədi və axtarışa davam etdi. O öz köhnə dostu, pərəstişkarı, ucuz restoranı, gecə kafesi və kegelbanı olan müəssisənin һamisi Cestes O.Kellexenin yanına yollandı. O.Kellexen öz yerində idi. O, restoranda gəzişir və qayda-qanun yaradırdı.

– Təcili iş var, Kel. Mənim qarımın beyninə şaftalı düşüb. Əgər səndə bir dənə də olsa şaftalı varsa, tez bura ver. Yox, əgər çoxdursa, bir neçəsini ver, lazım olar.

– Bütün evim sənə qurbandır,– deyə O.Kellexen cavab verdi. – Ancaq onda sən şaftalı tapmazsan. İndi vaxtı deyil. İlin bu vaxtında heç Brodveydə də şaftalı tapılmaz. Sənə yazığım gəlir. Axı, əgər qadının bir şeyə iştahı açılıbsa, gərək ona hökmən o şeyi verəsən, başqasını yox. Vaxt da gecdir, ən yaxşı meyvə mağazalarının hamısı artıq bağlanıb. Bəlkə sənin xanımın portağala razılaşa? Mən bir qutu seçmə portağal almışam, Əgər lazımsa…

– Yox, sağ ol, Kel. Yarışın şərtlərinə görə şaftalı tələb olunur və əvəz etməyə içazə yoxdur. Gedirəm yenə axtarmağa.

Balaca qərbi avenülərdən birinə çatanda artıq gecəyarı olardı. Mağazaların çoxu bağlı idi, hələ açıq olanlarda isə onu şaftalıdan söhbət açan kimi az qala lağa qoyub gülürdülər.

Ancaq haradasa, hündür divarlar arxasında təzəgəlin oturub, arxayınca xarici sovqatı gözləyirdi. Doğrudanmı yarımorta çəkili çempion onun üçün şaftalı tapa bilməyəcək? Doğrudanmı öz sevgilisini dadlı, sarı, ya da çəhrayı meyvə ilə sevindirmək üçün o, mövsümlərin, iqlimlərin və təqvimlərin səddini aşa bilməyəcək?

Qabaqda, yer üzündəki bolluğun, hər nemətin aşıb-daşdığı işıqlandırılmış vitrin göründü. Balaca onu hələ əməlli gözaltı eləməmişdi ki, işıq söndu. O var gücü ilə qaçdı və meyvəsatan dükanın qapısını bağladığı anda ona çatdı.

– Şaftalı varmı?

– Nə danışırsınız, ser! Bir iki-üç həftədən sonra, tez olmaz. Siz indi onu bütün şəhərdə tapmazsınız. Əgər bir yerdə bir neçə dənə varsa, o da oranjereya şaftalısıdır, hələ onun da harada olduğunu yəqin deməyə cürət etmirəm. Bəlkə bahalı otellərin birində, o yerdə ki, adamlar pulları xərcləməyə yer tapmırlar. Lazımdırsa, qəşəng portağal təklif eləyə bilərəm, bir partiya bu gün gəmiylə gətirilib.

Balaca yaxındakı tinə çatıb, bir dəqiqə fikirli halda dayandı, sonra qətiyyətlə qaranlıq döngəyə döndü və eyvanı yaşıl fənərli evə tərəf yollandı.