Читать книгу Muhammed. Son peyğəmbər (Лев Абрамович Нусенбаум) онлайн бесплатно на Bookz (2-ая страница книги)
bannerbanner
Muhammed. Son peyğəmbər
Muhammed. Son peyğəmbər
Оценить:
Muhammed. Son peyğəmbər

5

Полная версия:

Muhammed. Son peyğəmbər

– Çevril, yoxsa öldürərəm səni, Qulaib bağırdı.

– Yaxın gəl! – Caisas qışqırdı.

Qarşılıqlı təşəxxüsün nəticəsi hər iki şeyxin ölümü oldu ki, bundan sonra, necə deyərlər, onilliklərin düşmənçiliyi başladı.

Demək olar, hər ərəb tayfasının qan düşməni var ki, onun da o, mütləq axırına çıxmalıdır. Demək olar, hər ərəb ömrü boyu qan düşməninin izindədir. Buna görə də bədəvinin həyatı daimi mübarizə olmalıdır, təkcə təbiətə qarşı yox, həm də insanlara qarşı. Bununla belə, səhranın özünün barış qanunları da var. Hər kəs onları qeydsiz-şərtsiz yerinə yetirməlidir. Bu qanunlar lap qədimlərdən gəlir, onların tarixini bilən yoxdur, amma hər kəs onlara Tanrı buyruğu kimi əməl edir. Zira ümumilik üçün yaradılmış bu tayfaüst qanunları pozmaq çox dəhşətli nəticələrə, səhra sürgünlüyünə səbəb olur. Belə bir pozuntudan bədəvi ürpənişlə, ikrahla danışır. Heç kim cani, yaxud onun tayfası ilə əlaqəyə girmək istəmir; onlarla ünsiyyətdən qaçır və imkanca onlardan yan ötmək istəyirlər.

Nə qanunlardır bu? Onlar səhranın unudulmuş, ümumi ulu konstitusiyasının qalıqları kimi bir şeydir. Çox şey tələb olunmur, amma hökm səhradakı həyat üçün pozulmazdır. Məsələn, ən qızğın döyüşlərdə, müharibədə, hətta qan intiqamının gözləri pərdələdiyi məqamlarda belə, düşmənin xurma ağaclarını qırmaq, yaxud onun su qaynaqlarını məhv etmək yasaqdır. Xurma və su qaynaqları, bir növ, müqəddəsdirlər. Onlar hamıya, bugün bir tayfaya, sabahsa bir başqasına xidmət edir. Onları korlayan lənətlənir. Bu işi tutan kəs insanlıqdan çıxır. Çölün vəhşisinə çevrilir ki, onu da gərək rast gələn kimi öldürəsən.

Qonaqpərvərlik də bu qanunlar sırasındadır. Əgər qan düşməni köçərinin böyük oğlunu öldürüb uşağın kəsilmiş başı ilə onun atasının çadırına gələrsə, ata hətta onda da qonağa öncə qoyun əti və qoyun südü təklif etməli, itaətlə onun qulluğunda durmalı və gəlişi ilə ailəni şərəfləndirdiyinə görə qonağına ürəkdən təşəkkür etməlidir. Səhra qanununun hökmü belədir.

Bədəvinin yaşayışını dözümlü etmək üçün təkcə bu qanunlar hər halda yetərli olmazdı. Çapqınçılıq və maldarlıq köçərinin bütün ehtiyaclarını ödəmir. O, hərdənbir bütün tayfaların toplaşdığı illik bazara, uzaq-uzaq səfərlərə çıxmalıdır ki, dərisini, dəvəsini və qoyunlarını ordakı tacirlərin silahına, parçasına və digər ehtiyaclara dəyişdirsin. Bəs qan düşmənçiliyində boğulan bu qədər tayfa necə bir araya gələ bilir? Burda da səhra qanunu köməyə yetir. İlin dörd ayını ərəblər müqəddəs aylar elan ediblər. Həmin dörd ayın içində heç bir müharibə aparıla bilməz, qan düşmənlərinin də bir-birinə hücum çəkməyə ixtiyarı yoxdur. Həmin aylar səhrada dinclik hökm sürür. Xalq qorxusuz-hürküsüz illik bazara yollanır. Oxuyub-oynayırlar, qan düşmənləri yan-yana otururlar, ilin dörd ayını barış içində keçirməyə imkan yaradan allahları mədh edirlər.

Amma bu allahlar ürəkdən həmd olunmur. Elə bir məsələ yoxdur ki, bədəvi ona dinə göstərdiyi etinasızlıqdan az etinasız olsun. Məsələn, dəvəsinin yerişi onun üçün dinin bütün problemlərindən daha önəmlidir. Altıncı əsrin bədəvi ərəbi, əslinə qalsa, ona din kimi təqdim olunan hər şeyə inanır. Ciddi şəkildə isə heç nəyə inanmır. Ulduzları görür, onları allah sayır. Qarşısındakı sonsuz, dümdüz səhranı görüb ehtiramla baş əyir, çünki səhra əzəmətlidir. Odu görür, eyni zamanda ona səcdə edir, çünki farslar da belə edirlər və onlar böyük xalqdır.

Altıncı əsrin ərəbi Avropa timsallı dinin nə olduğunu bilmirdi.

Doğrudur, səhranın əzəmətli görünüşü ona hər şeyə hakim kəsilmiş ilahiliyin yüngül bir işartısından xəbər verirdi. Elə qonşuların, xristian və yəhudilərin dini də bunu öyrədir. Bəzi tayfalar hətta iudizmə və xristianlığa keçdilər. Fəqət böyük illahlığı bədəvi çox nadir hallarda yada salırdı. Bir parça daş, yaxud kobud yonulmuş bir heykəl ona daha doğma idi ki, onları da tayfası özü ilə gəzdirirdi. Bu daş – heç bir iddia, heç bir hökm olmadan – ailə ehtiyacı üçün səcdəgahdır. Hər tayfanın öz tayfa allahı, tayfa daşı var. Daş tayfanı müşayiət edir, səhranın primitiv dini ehtiyaclarını ödəyir. Əgər o, nəyisə bacarmırsa, onda baxıcılar, ocaqlar və ovsunçular köməyə gəlir. Onda səhranın əcinnələr dünyasına üz tutulur. Səhranın sadə övladı öz dinindən çox razıdır, bu din heç bir əvəz istəmədən kömək edir.

Ərəblər tayfalara parçalanırlar. Bu tayfalar özlərini xalq, dövlət gözündə görürlər və hər hansı digər tayfaya, xalqa və dövlətə lap ilkinlikdən düşmən gözü ilə baxırlar. Hər tayfanın özünün allahı, keçmişi və adət-ənənəsi var. Birlik Ərəbistan tayfalarına yaddır, onlar üçün ümumiyyətlə ərəb xalqı yoxdur.

Amma hər halda həmişə belə olmayıb. Dəqiq bilən yoxdur, ancaq bəlkə də altıncı əsr ərəblərinin adətləri, yaşayışı və qanunları bir vaxt çiçəklənməkdə olan mədəniyyətin miskin qalıqlarıdır. Bəlkə ərəblər haçansa zəngin və qüdrətli olublar, öz dövlətləri, tərəqqi tapmış şəhərləri, yazılı qanunları və sabit dinləri olub. Bəlkə bunların hamısı tənəzzülə uğrayıb, külək onları sovurub aparıb və zamanın burulğanından keçib gələn adətlər, anlaşılmaz ənənələr indi xalqın şüurunda yaşamaqda davam edirdi. Bəlkə də. Bunu dəqiq bilən yoxdur.

Amma orası bilinir ki, bu xalq haçansa çox böyük işlər görmüşdür. Şərqin böyük ticarət yolu hələ Ərəbistandan keçəndə, Hiram şah8, Süleyman şah öz karvanlarını nağıllar ölkəsi Ofirə9 göndərəndə ərəb xalqı zəngin və qüdrətli idi. O vaxt cənubda yəhudi hökmdarına yüzəlli sentner10 qızıl hədiyyə gətirmiş Sabanın11 məşhur xanımhökmdarı Bilgiz Makeda hökmdarlıq edirdi. Şimalda Nəbatilər12 dövləti özünün çiçəklənmə dövrünü yaşayırdı. Qızıl məmləkəti Midian13 da ad çıxarmışdı. Amma bu ölkələrdən bizə çox şey gəlib çatmayıb. Onlar mövcud olublar. Çiçəkləniblər və yoxa çıxıblar, səhranın qumunda qərq olublar. Roma çağlarında da Ərəbistan birgə, böyük yüksəlişə qabil olub. Palmira səltənəti14 az qala bütün Ərəbistanı Romaya qarşı döyüşdə birləşdirmişdi. Ərəbistan qoşunlarına o vaxt bir qadın başçılıq edirdi, sonralar qalib düşmənin yürüşünü zəncirdə bəzəyən heyrətamiz kraliça Zenobia.

Amma bunların hamısı keçmişdir.

İndi, altıncı əsrdə, keçmişdəkilər səhra qumunun altında dəfn olunmuşdur. Daha Ərəbistan xalqları arasında birlik yoxdur, heç yerdə müstəqil dövlət tapmaq mümkün deyil, nə bir zamanlar «Surlu Ərəbistan» olmuş cənubda, nə də şimalın qızıl sahili Midianda. Yalnız lap şimalda, nəhəng sahillərin Bizans və İranla kəsişdiyi sınırlarda oçağkı dünyanın böyük dövlətləri öz sələfləri kimi bufer dövlətləri yaratmışdılar. Ərəblərin yeganə dövlət qurumu indi Bizansın Transiordaniyadakı bac torpağı Kəssanilər15 məmləkəti və İraqda İranın bac torpağı Ləxmənilər16 məmləkəti idi.

Səhralarda, amansızlıq və cahillik içində isə azad ərəb xalqı yaşayırdı. Tayfalar bir-birilərinə hücum çəkirdilər, qan düşmənçiliyi ölkəni sarsıdırdı. Bir tayfa digərinə nifrət bəsləyir, onu silib yox edir, lakin xurmalarına, quyularına toxunmurdu və heç kimə boyun əyməyən, dövlətə ehtiyac duymayan, yalnız öz tayfasına tabe olub onun üçün döyüşə gedən, dünyaya uşaq gətirən, həm də bütlərə sitayiş edən bədəvinin, səhra insanının azad həyatını tərənnüm edirdi.

Samilər arasında ən gəncləri – ərəblər belə yaşayırdılar. Musa və İsa samilərdən törəmişdilər. İndi də İraqla Misir arasındakı böyük səhrada samilərin gənc xalqı ərəblərdən bir peyğəmbər doğuldu – Muhəmməd, Allahın Rəsulu (s.ə.)17.

OXUYAN SƏHRA

İçində küləklər oynayan dəyəm mənə ən möhtəşəm saraydan da xoşdur.

Um Yəzid, VI xəlifənin anası

Nə dövlət, nə də təhəddüd tanıyan həmin bədəvilər ümumiyyətlə vahid bir xalq idilərmi? Onları birləşdirən nəydi? Bir-birini didən bu saysız tayfaları vahid bir xalq gözündə görməyə səbəb olan nəydi?

Qədim bir ərəb şeiri bunları belə cavablayır:

«Allah ərəbə dörd armağan göndərdi. Öncə sadə səhra çalmasını ki, o, ərəbə tacdan da yaxşı yaraşır, sonra saraydan çox-çox rahat olan dəyəni, daha sonra qılıncı ki, o, ərəbi ən uca hasardan da yaxşı qoruyur. Göylərin dördüncü və ən uca hədiyyəsi isə azad nəğmə qoşmağın gözəl sənətidir. Ərəbin ən dəyərli sərvəti budur».

Bu cavab bəlkə də qəribə görünə bilər, amma doğrudur. Cahil ərəb tayfalarının vəhdəti ərəb sözünün, ərəb nəğməsinin gücünə söykənir.

Nəğmə səhraya hakimdir. Bugünün özündə də ikinci elə bir xalq yoxdur ki, sözün gözəlliyinə, lirik duyğuya ərəblər kimi aludə olsunlar. Bu sahədə səhra xalqının eşidilməmiş zənginliyə malik bir dili var. Digər xalqlar üçün arxitektura, rəssamlıq və musiqi nədirsə, ərəb üçün onun dili də odur.

Ərəb öz dilinin incəliklərinə bələddir. O, dəvənin, yaxud qılıncın yüz adının yüzünü də bilir, ən ağır məcazi söz birləşmələrini sevə-sevə işlədir və bu cür zəngin dili olmayan miskin xalqlara ürəkdən nifrət bəsləyir. Ərəb qısqanc bir dəqiqliklə öz dilinin təmizliyini qorumağın qeydinə qalır. Lap körpəlikdən ərəb balası gözəl söz sənətinə alışdırılır. Yanlış dil ifadəsinə görə sadə bədəvi qadın öz uşaqlarını döyür. Çünki söz müqəddəsdir, bütün ərəbləri birləşdirir və onları bir xalq edir.

Ərəbə ağalıq etmək istəyən öncə söz ustadı olmalıdır. Hər ərəb tayfasının qonşu tayfanın çətin başa düşdüyü dialekti olsa da, bütün dialektlərin tacı səhra şeriyyətinin dili, ayrı-ayrı tayfaların özünü ərəb saymaq istəyən hər bir üzvünün bilməli olduğu ərəb ədəbi dilidir. Bu dil ərəb şeiriyyətinin dilidir və ərəb öz şeiriyyətini çalmadan, qılıncdan, dəyədən də çox sevir. İstisnasız hər ərəb şer qoşa bilir və ədəbiyyat məsələlərinə hamının böyük marağı var. Bugünkü insan üçün idman, siyasət, qəzet nədirsə, poeziya da ərəb üçün o idi. O, gözəllik duyğusunun, ictimai fıkrin, siyasi xəbərlərin ifadəsi idi və məzmunca ərəbi maraqlandıran hər şeylə məşğul olurdu.

Hər ərəb şeir qoşur. Səhrada, dümdüz çöl boyu kimsəsiz yolda dəvənin hörgücündə saatlar yeknəsək və mənasız ötür. Ərəb, dəvəsinin belindədir. Heyvan səhrada aram addımlarla yeriyir. Tənha qalmamaq, yuxuya dalmamaq, səhranın dəhşətini unutmaq üçün ərəb, qarşısında uzanan səhranı, belində getdiyi dəvəni, önündə sonsuzluğa açılan səmanı və öz gücünü tərənnüm etməyə başlayır. Əvvəlcə ağır-ağır, aram-aram danışır, sərbəst, rabitəsiz. Getdikcə nitqi qəlibə düşür, rabitəli olur və dəvə löhrəminin aramlı ritmini təkrarlayır. Dəvə löhrəminin təqtində bədəvi lirikası gəlişir və ərəblərin mürəkkəb şeir vəznlərinin hamısı, əslinə baxsan, sonsuz səhradakı dəvə löhrəminin variantlarından başqa bir şey deyildir.

Şeiriyyətə və sözün gözəlliyinə ərəb böyük əhəmiyyət verir. Söz ovsundur, əzəmətdir; ona hakim olan cəngavərdən də güclüdür. Əsl şair sözlə möcüzələr yarada bilər, xəstəlikləri sağaldar, yaxud kimləri isə dərdə sala bilər. Hətta bunlar ona müyəssər olmasa belə, onun gücü itmir. Bəzən hansısa şairin düşərli bir hənəyi ərəbin şan-şöhrətinin bütün səhra tayfaları arasında torpağa gömülməsinə yetərli olur. Şairin hənəyi igidin qılıncından daha qorxuludur.

Hər tayfanın öz şairi var ki, o da həmin tayfa üçün döyüşə gedir. Vuruşdan qabaq hər iki tayfanın şairi qabağa çıxır, nəğmələrlə öz tayfasını tərənnüm edib rəqibə taxınır. Ərəblər ləyaqətlə dinləyirlər. Elə də olur ki, şairi bağlanan tayfa ümumiyyətlə əlini silaha atıb döyüşə girmədən meydandan kipkirmiş çəkilir. Zira nəğmə heç nəyə yaramayan yerdə qılıncın nə xeyri?

Şair deyişmələri səhranın ən böyük hadisəsi olurdu. Mükafatlandırılmış şairə eşidilməmiş izzət göstərilirdi. Onun nəğməsi iri qızıl hərflərlə qara parçalara toxunub bütlər məbədinin girəcəyindən asılırdı.

Ərəb şairi nadir hallarda oxuyub yaza bilir. Şeirlərini bədahətən deyir. Yaxşıdırsa, dinləyici yadında saxlayır. Şerlər nə qədər çox yadda qalırsa, şairin şöhrəti bir o qədər artır. Şair səhrada hər şey deməkdir və gözəl natiqlik vergisi kimə nəsib olmayıbsa, o heç vaxt səhrada hökmranlıq edə bilməz. Yalnız ovsunlu ifadənin gücü ilə xalqı dartıb aparan, rəqibini həcvlə məhv edən kəs xalqın rəhbəri ola bilər, elə bir xalqın ki, şeriyyət onun üçün yeni çağın qəzetini, fılmini və kitabını əvəz edir. Səhranın qulağı şairliyi ilə bərabər həm də əsl cəngavər olan şairdədir.

Bədəvi lirikasını sevgi, qan qisası, romantik döyüşlər, tayfa vüqarı və səhra həyatının, dəvənin, atın saysız tərənnümləri zənginləşdirir. Fəqət təkcə ərəbin özünün başa düşdüyü bu heyrətamiz nəğmələrdən də ən vacibi bədəvi idealını daha yaxşı əks etdirən romantik taleli və macəralı şairin özüdür.

Ən məşhur qədim ərəb şairlərindən biri Tarafa adı ilə tanınan Əmir ibn Əbdülbəkri olmuşdur. O, Kəssanilər səltənətində, Hirənin18 şah sarayında yaşayırdı. Hirədə şərab və qadın işrəti, xüsusilə də onun üçün hər şeydən vacib olan dəvəsi haqqında şeirlər qoşurdu. Tarafa həcv ustası idi; şərabı, qadını və Tanrını həcv edirdi. Padşah da ləzzətlə gülümsəyirdi. Günlərin birində Tarafa padşahın özünə də bir həcv qoşdu. Padşah gülümsəməyini tərgitdi. Üz-gözündən zəhər yağdı, şəxsiyyəti təhqir olunduğuna görə layiqli cəza aramağa başladı. Axırda bu sırtıq şairi öldürməyi qərara aldı. Amma Tanrının mərhəmət göstərdiyi şairi edam etmək olmaz. Şair qanı o qədər müqəddəsdir ki, onu cəllad tökə bilməz. Hətta padşah da şairə açıq-aşkar ölüm cəzası kəsməyə ürək eləməz. Ona görə də Tarafanı çağırıb ona bir məktub verdi və dedi:

– Bu məktubu Bəhreyndəki valimə çatdır. Sənə orda çoxlu mükafat veriləcək və böyük şərəfə çatacaqsan.

Tarafa şair idi, oxuya bilmirdi. Məktubu alıb səhraya üz tutdu. Yolda çox bilikli bir insana rast gəldi, elə insana ki, onun biliyi hətta yazılı sözü oxumağa da çatırdı. Bu müdrik insan məktubu oxudu, zira o vaxt məktub açmaq qadağası yox idi. O dedi:

– Aman, Tarafa, Bəhreynə getmə, məktubda yazılıb ki, qoşduğun həcvə görə vali orda səni diri-diri basdırsın. Odur ki, məktubu cır, at çaya.

Şair Tarafa cavabında dedi:

«Oxumaq böyük peşə, yazmaq isə – bir sənət,

Yazılan olmamalı çaylara, suya qismət.

Zaman gələr, oxunar, zaman gələr, yazılar,

Tarafanın şeirləri kəsb eyləyər bir vüsət.

İstəmirəm, yazılan şey mənim ucbatımdan məhv olsun. Yazılanı yox etməkdənsə, ölümü üstün tuturam».

Yoluna davam etdi və yazı sənətinin xatirinə məşəqqətli bir ölümlə ömrünü başa vurdu.

Abbas tayfasından olan və zənci qadından doğulmuş, yalnız böyük igidlikləri sayəsində atasından bəyaz qardaşları ilə bərabərlik hüququ almış şair Əntərə ibn Səddadın həyatı daha romantikdir. Lakin qazanılmış bərabərliyə baxmayaraq bəyaz ərəb tayfaları qaravaşın qara oğlunu məsxərəyə qoyurdular. Əntərə isə bir qayda olaraq deyirdi:

– Qəlbim bəyaz insandaşlarımın bədəninə bənzəyir, bədənim isə onların qəlbinə. – Bu hənəyi başa düşməyənlərə isə əlavə edirdi. – Bir param doğuluşdan pakdır, digər paramı isə qılınc örtür.

Əntərə ömrü boyu bədxahlarına qarşı mübarizə aparır, dostunu-düşmənini armağanlayır, şeirlərini isə ağ dəvəsinin yeriş təqtinə uyğun qoşurdu. Şeirlərinin xatirinə ərəblər Əntərəyə rəğbət bəsləyirdilər. Dostluqlarını, sevgilərini isə qaravaşın siyah oğlundan qızırğalanırdılar.

Hər kəsin, hətta tanımadığı adamın da könlündən keçəni ona bağışlamaq və yalnız qılıncla qazandığını özünün şəxsi malı saymaq Əntərədə bir xasiyyət idi. Baxmayaraq ərəblər Əntərəni sevmirdilər, cəsurluğuna, ağlına və şuxluğuna görə ona Əntərə əl-Haki, Surlu19 Əntərə adını verməyi qət etdilər. Ancaq Əntərə razı olmadı.

– Düşmənliyəm, dedi, onu tapıb öldürməmiş özümü surlu saya bilmərəm.

– Onda tez öldür, – camaat dilləndi, çünki sənə Surlu Əntərə deməkdən ötrü darıxmışıq.

Əntərə düşmənini çox aradı. Gecə-gündüz səhranı dolaşdı, qabağına çıxanı sorğu-suala tutdu, qisasa yol açmaq üçün allahlara yalvardı. Ancaq qorxaq düşmən gizlənməyi bacarırdı. Buna görə də Əntərə ona «Qaçarğı Sur» adını qoydu. Əntərənin allahları axırda rəhmə gəldilər və səhranın tükənəcəyində düşmənini ona göstərdilər. Əntərə sevincdən titrədi: «Axır ki, həsrətimə son qoyulur», düşünüb döyüşə hazırlaşmağa başladı. Düşməni də onu tanımışdı və öz qurtuluşunu o, qorxaqların yeganə xilasında tapdı: qaçışda. Amma Əntərənin dəvəsi güclü idi. O özünü bu qaçarğıya yetirdi, Əntərə nizəsini düşmənin başı üstündə tovladı. Elə bu vaxt düşməni üzünü çevirib ləlidi:

– Ya Əntərə, yaraqlarını mənə bağışla.

Əntərə də ləlirtiyə duruş gətirə bilmədi, silahlarını düşmənin ayaqları altına atıb uzaqlaşdı ki, «Qaçarğı Sur» onu öz yarağı ilə öldürməsin.

Bədəvilər bu olaydan xəbər tutanda bir hissəsi Əntərədən yaxa qurtarmaq üçün əl atdığı bicliyə görə düşməni təriflədi, əksəriyyət isə bəyaz qəlbli siyah kişinin üstünə güldü. Amma bayram ayı yetişəndə Ərəbistan qadınları iri, qara bir örtük toxudular, Ərəbistan üləmaları isə onun üstündə qızıl hərflərlə gülərüz şair Əntərənin adını yazdılar. İgidlərə də əmr etdilər ki, həmin örtüyü illahlar məbədi Müqəddəs Kəəbənin qapısından assınlar. O çağdan Əntərə adı Əntərə Məcnun oldu ki, bu da qədim xalqların dilində Şair Əntərə ilə eyni anlama gəlir.

Bu və bunabənzər olayları səhrada çox danışırdılar. Onların hamısı dünya ilə çarpışan və ona öz nəğmələrinin gücü ilə qalib gələn cəsur şairlərdən bəhs edir. Onlar ərəb ləyaqətinin mayasını təşkil edirdilər.

Həmin şairlər arasında ən görkəmlisi, ən dahisi isə şah oğlu İmruulqeys ibn Hicr olmuşdur. İmruulqeys macəralı bir həyat sürürdü. Ağlını azıb şairlik etdiyinə görə atası ondan üz döndərdi, o da dostları ilə səhraya üz tutdu. Orada nəğmələr qoşub qadınların mərhəmətini qazandı. Atası Bənu Əsəd tayfası tərəfindən öldürüləndə və İmruulqeysin qardaşlarından heç biri bu qətlin qisasını almaq istəməyəndə isə həmin didərgin oğul həyatını atasının intiqamına həsr etməyi qərara aldı. Onillər ərzində dinclik bilmədən səhranı dolaşdı, Bənu Əsəd tayfasına qalib gəlib axırda yəhudi Səmuelin əfsanəvi qəsrində gizləndi, sonradan da Bizans kralının sarayına gəldi. Orda yüksək hörmət qazanıb Fələstinin valisi təyin edildi. Axırda da kralın qardaşı qızını yoldan çıxartdığına görə Ankirada20 hökmdarın əli ilə zəhərlənib öldürüldü. Onun həyatı saysız, romantik əfsanələr üçün yetərincə material verir ki, həmin əfsanələrin mərkəzində də o özü və sadiq dostu Səmuel dayanırlar. «Səmuelə məxsus Ablaq qəsrində», əfsanələrdən biri belə söyləyir, «İmruulqeys özünün ən qiymətli şeylərini, onu yenilməyə qoymayan beş ədəd sinəbəndli köynək gizlədirdi. İmruulqeys Bizansa gedəndə Hirənin padşahı tələb etdi ki, yəhudi Səmuel İmruulqeysin zirehli köynəklərini ona versin. Amma Səmul əl-Vəfi (Sadiq) onları verməkdən imtina etdi və əfsanəvi döyüşlərdən sonra əzablı ölümün pəncəsində getdi. Bədəvilər Səmuellə İmruulqeysi bugünün özündə də unutmayıblar.»

İmruulqeys, Əntərə, Tarafa və bir çox digər cəngavər şairlər ərəblərin tarixini zənginləşdirirlər. Onlar qədim, romantik Ərəbistanın, bədəvilərin, dəyələrin, daş bütlərin və qan qisasının rəmzləridir. Ərəbistan kasıb idi və bəşəriyyət onu qulaqardına vururdu. Ərəbistan səhralıq, cahillik və yadlıq idi. Heç kəs ona rəhm etmək istəmir, heç kim ona məhəl qoymurdu. Yalnız bədəvi öz ölkəsini sevirdi, uşaq anasını sevdiyi kimi; səhra döyüşlərinin cəngavərlik mənzərəsini sevirdi, şair deyişmələrini və sərgərdan şairlərin saysız-hesabsız nəğmələrini sevirdi. Təəccüblü deyil ki, Allahın Rəsulu (s.ə.) ölkəyə bəxş ediləndə bəziləri onu adi bir şair sayırdı.

ƏRƏBİSTAN YÖRƏSİNDƏKİ DÜNYA

Eraclus vor do mit groteme here im Persyam He stret mit deme jungen koninge Cjstra unde Sloch ludes velehe veng oc viltich dusend unde Makede ltdich manegen ctistenen man

Sachsenchronik21

600-cü illərdə dünyanın tarixini iki dövlət həll edirdi: İran və Bizans. Hər ikisi böyük, zəngin və qüdrətli idi. Hər ikisinin çox qədim keçmişi vardı və hər ikisi bir-birini didməyə heç vaxt ara vermirdi. Bizans Şərqi Roma səltənəti, imperiyanın və Pax22 Romana’nın varisi, İran isə bir vaxtlar bütün Asiyaya hakim kəsilmiş, sonra Böyük Makedoniyalının qılıncından yenilmiş, daha sonralar isə – Romanın dağılmasından sonra – yeni böyük dövlət kimi dünya tarixinə qədəm qoymuş əhəmənilərin varisi idi. Bizans və İran, Doğustan və Batıstan, xristianlıq və atəşpərəstlik – bir-birinə kökündən yad olan iki dünya, iki mədəniyyət, iki böyük dövlət üz-üzə dayanmışdılar. Onların arasında heç vaxt barış ola bilməzdi.

Bizans. Bosforda onun divarları ucalırdı, onların arxasında isə saraylar və kilsələr. Lakin hakimiyyəti bütün Kiçik Asiyaya, Suriyaya, Fələstinə, Misirə, İberiyaya, Şimali Afrikaya, Yunan Adalarına və Balkana qədər yayılırdı. Bizans qüdrətli idi, zəngin və vüqarlı. O, Romanın varisi idi. Amma sonrakı varis. Bir vaxtlar yenilmiş xalqlar hələ də orda yaşayırdılar, lakin səltənətdə Roma qanunu işləyirdi, kralın adı çəkiləndə hələ də əsim-əsim əsirdilər. Kral özü isə romalı deyildi, daha imperator da deyildi. Bosforun sahillərində, mərmər sarayların qalın divarları arxasında Romanın siması dəyişirdi. Ağır-ağır, amma dönmədən. Yeni imanla yeni bir aləm nüfuz edirdi və bu aləmin Roma ilə daha heç bir bağlılığı yox idi.

– Mən Roma kralıyam, romalıların hakimiyəm, Bizans hökmdarı belə deyirdi. Amma o, antik kral deyildi, ona düşən ölkə də antik ölkə deyildi. Romanın antik siması Bizansda doğusal sima kəsb edirdi və Şərq libasının altında tezliklə Roma qəlibi də itib-getdi.

Çeşidli mədəniyyət zəminində Bizans öz iqtidarını qurur. Kiçik Asiya, Misir və Roma hamısı Bizans taxt-tacı qarşısında diz çökdü. Taxt-tacın özü də möhkəm dayanmışdı, lakin onun üstündə möhkəm otura bilənlərin sayı çox deyildi. Bizans taxt-tacına qanunla sahib olan bir-iki krala bizanslılar porfirogennetos23 deyirdilər. Bütün irqlər və xalqlar bu taxt-taca yetişdilər və Bizansın qvardiyası və qara camaatı hamısına bəh-bəh dedi. Çünki Şərqi Roma dünyasının, şərqi xristianlığın hökmdarını təyin edən də yad ölkə qvardiyası və əyləncəsevər qara camaat idi.

Həmin kralın hakimiyyəti sonsuz idi. Romadan o, qoşuna rəhbərliyin yüksək başarısını, hakimiyyəti altda olan şərq dünyasından isə zəhərləməyin, hiylənin, yalanın və satqınlığın daha böyük bacarığını əxz etmişdi. Bu son mirasın Bizansda qazandığı bir ad vardı: siyasət. Bizans ağı, yalan və satqınlıqla ağalıq edirdi, muzdur dəstələrin amansız gücü ilə qorunurdu. Zira Bizans çox şeyləri qorumalı olurdu və düşmənləri çox güclü idi.

Bizans şərqi xristianlığın mərkəziydi. Kral xristianlığın, Müqəddəs Məzarın24 və təmiz imanın himayədarı idi. Bu təmiz, xristian imanının nə olduğunu Bizansda hər kəs bilirdi, amma hərə üçün onun bir mənası vardı. Saysız təriqətlər, onların mübarizəsi və qarşılıqlı nifrəti Bizansı laxladırdı. Bazarlarda, camaatın gur yerində və dükanlarda təriqətlər barədə mübahisələr aparılırdı, bugün siyasi partiyalar barədə aparılan mübahisələr kimi. Rəqibini məhv etmək üçün sadə bazar alverçisi incə dialektikanı tətbiq edirdi. Mücərrəd şeylərdən danışılırdı, mücərrəd mübahisələr də Şərqdə çox sevilir. Lakin mübahisələr sona yetəndə fikirlər çox konkret təzahür tapırdı, rəqiblər bir-birinə hücum çəkir, bir-birini öldürüb qarət edirdilər. Zira Şərq açıq döyüş oyununu mücərrəd mübahisədən üstün tutur.

Bizans ruhu getdikcə sovulurdu. Kimə o, dözülməz görünürdüsə, həmin adam Bosfor sahilindəki saraylarla, ağı verənlərlə, hiyləgər əyanlarla zəngin olan vüqarlı şəhərdən baş götürüb canına əzab vermək və ruhuna dinclik qazanmaq üçün səhraya üz tuturdu. Məsələn, Allaha itaətini bəyan etmək üçün Müqəddəs Simon25 düz yeddi il yerindən tərpənmədən ibadət edə-edə sütunlardan birinin üstündə məskən salıbmış, digərləri isə yarıya qədər torpağa gömülərək öz həyatlarını başa vurmağa üstünlük veriblərmiş, başqaları da özlərini zəncirlədirmiş. Elə insanlar da varmış ki, səhrada başlarına şəyird toplayıb yeni təriqətlər yaradırmışlar.

Şərq, təriqət bolluğu ilə xristianlığı saf-çürük edirdi. Təriqət hərcmərcliyi Bizansın mənəvi həyatını bütünləşdirirdi. Amma bu hərci-mərcilik hələ təhlükə demək deyildi. Təhlükə dışarıdan gəlirdi. Kralın qızıl taxt-tacına, saray zinətlərinə, zəngin şəhərlərə və torpaqlara çoxlu həris əllər uzanırdı, yad baxışlar iştahla Bizansa zillənirdi.

Qədim dünya məhvərindən çıxmışdı. Xalqlar hərəkətlənmişdilər. Balkanda, Qafqazın əzəmətli sipərinin arxasında, səltənətin boya-boy sınırlarında amansız köçərilər peyda olurdular. Bizans darvazaları bərk-bərk döyəclənirdi. İlbəil, ardı-arası kəsilmədən şərqi xristian səltənətini kral yad istiladan qorumalı olurdu. Bizansı dinc qoymayan əsas təhlükə isə zalim köçərilər, alanlar, şimalın hunları və slavyanları deyildilər. Əsas təhlükə, başlıca düşmən İran idi, Persiya idi, şahənşahın, böyük şahın, mömin fars Sasanilər sülaləsinin məmləkəti idi.

Müqəddəs İranı, əbədi odlar yurdunu, Hürmüzdün və Əhrimənin vətənini Avropa dünyası hələlik yaxşı tanımırdı. Bircə onu bilirdilər ki, İran Roma və Bizans imperiyasının qüdrətli şərq qonşusudur, onillər uzunu o, Roma ilə qanlı savaşlar aparıb, bəzən yenib, bəzən yenilib və xristian təsirinə heç vaxt məruz qalmayıb. Lakin böyük şərq ölkəsinin daxilində nələrin baş verdiyindən onlar xəbərsiz idilər.

O, böyük, gözəl və dinc bir ölkə idi. Bizans sərhədlərindən başlayıb düz Mərkəzi Asiyaya qədər, Fars körfəzinin sahilindən Qafqazın zirvələrinə qədər yayılıb-gedirdi. Bu yaşıl, dinc ölkə müqəddəs oda, Zərdüşt peyğəmbərə, Atropaten kahinlərinə və şahənşaha məxsus idi.

bannerbanner