banner banner banner
Sufi hekayətləri
Sufi hekayətləri
Оценить:
Рейтинг: 0

Полная версия:

Sufi hekayətləri

скачать книгу бесплатно


BƏHAƏDDİNİN SƏHVİ

Bəhaəddin dövlət işləri ilə məşğul olan qüdrətli hökmdar idi və başqa işlər onu maraqlandırmırdı. Bir dəfə o, çiçəklənən məmləkətinə axışan çoxsaylı sərsəri və fırıldaqçıların qarşısını almaq üçün tədbir görməyi qərara alır.

Hökmdar əsgərlərə bir ay ərzində bütün dilənçiləri və sərsəriləri tutub sarayına gətirtməyi əmr edir. Sarayda yaşayan bir sufi həmin arada şahdan ezamiyyət istəyir və səyahətə yollanır.

Bəhaəddin bir ay sonra qəsrinin qarşısına yığışan sərsərilərin çoxluğunu görüb qəzəblənir və onların hamısının şallaqlanmasını əmr edir. Onda cındırından cin ürkən saray sufisi kütlənin arasından çıxıb deyir:

– Ey peyğəmbər ailəsinin varisi! Əgər öz əyanınız geyimi ucbatından cani hesab edilərək tutulubsa, məncə, buna diqqət kəsilməyinə dəyər. Əgər bizi üst-başımıza görə arzuolunmaz sayırsınızsa, qorxuram ki, rəiyyət də bundan nümunə götürə və hökmdarları daxili keyfiyyətlərinə görə deyil, təkcə geyimlərinə görə qiymətləndirə. Onda bəs ədalətli idarə hara getsin?

Bəhaəddin bu hadisədən sonra taxt-tacdan əl çəkir. O, tarixdə ən böyük sufi şeyxlərindən sayılır. Onun sərdabəsinin yanından ötüb-keçən hər kəs atdan düşür və bu dərs yaddaşlardan heç silinmir.

BƏRƏÇİ

Birisi bərəçinin Ustad Xızır olduğunu anlayır.

Xızır onun fikirlərini oxuyub deyir:

– Əgər adamları küçənin ortasında tutub onlara nə etmək lazım olduğunu desəydim, ya mənim dəli olduğumu, ya da öz maraqlarım naminə çalışdığımı düşünər və heç nə etməzdilər. Yox, əgər alim, ya da varlı adam libasına bürünüb sağa-sola məsləhət verməyə başlasaydım, onlar ya dediklərimi qulaqardına vurar, ya da, sadəcə, mənə yarınmağa çalışardılar. Amma mən kütləyə qarışıb sözümü gah burda, gah da orada deyirəm. Arada sənin kimi səsimi eşidənlər də tapılır.

BİLİYİN ÖTÜRÜLMƏSİ

Birisi Ərdəbiliyə deyir:

– Ustadların şagirdləri ilə söhbətləri barədə danışılan heyrətamiz şeylər aydınlanmağıma sirayət edir. Amma bir şey mənim üçün müəmmalı qalıb.

– Nə? – sufi soruşur.

– Siz əməllərdən danışdığınız halda, nədənsə çox vaxt onları meydana çıxaran şəraitin üzərindən keçirsiniz. Bəzən şəraiti qabartdığınız halda, iştirakçıların adını gizli saxlayırsınız. Bu cür yanaşma salnaməçilərin ənənəvi dəqiqliyindən olduqca uzaqdır.

Ərdəbili deyir:

– Əziz dost! Qarşınıza mələk çıxarsaydım, onun məhz haradan peyda olduğu sizin üçün əhəmiyyətli olardımı? Ya da sizə qədəhdən su içməyi öyrətsəydim, bu sözləri mütləq deməliydimmi: “Baxın, Xorasan sultanı suyu bu cür içir”. Suallarınızın cavabları mövcuddur, amma onlar diqqətsizlər üçündür.

BİRİ DİGƏRSİZ

Türküstandan olan sufi Əhməd Yasəvinin yanına birisi gəlib deyir:

– Öyrənmək istəyirəm, amma nə kitabların, nə də müəllimlərin köməyini istəyirəm. Çünki mənimlə Həqiqətin arasında dayanacaq istənilən müəllim müvəqqəti, istənilən kitabsa boşdur.

Yasəvi cavab verir:

– Görürəm, ağzını açmadan yemək, mədəni işə salmadan həzm etmək istəyirsən. Yoxsa könlündən ayaqların olmadan gəzmək, pulunu ödəmədən almaq keçir?.. Bəlkə də, sənə kömək edə bilərəm, amma bu təkcə sadaladığım bədən üzvlərindən ayrıldığın təqdirdə baş verə bilər! Bir təsəvvürünə gətir, həzm sistemi olmadan necə yeyə bilərsən? Yaxud bir heç saydığın sözlər olmadan sufini necə taparsan? Həqiqət istəyirsən, amma sənə uyğun mənbədən imtina edirsən? Kitablar olmadan nəzəriyyə, müəllim olmadan dərs arzulamaq, bəlkə də, çox əyləncəlidir. Yəqin, eyni uğurla möcüzə və sehrin xəyalını yaşamaq olar. Amma əyləncəni bir kənara qoyaq, bəs bilavasitə nəticə necə olsun?

O, AĞ DEYİL

Nəqşbəndi deyir:

– Bizə pənah gətirən, amma əsl ehtiyac duyduqları şeyləri almayanlar, əslində, bizə heç pənah gətirməyiblər də. Üstəlik, onlar heç vaxt kifayət qədər dolu olmayacaqlar. Nə danışmaq istəyənlərdən eşidiləsi bir sözümüz var, nə də təkcə qulaq asmaq istəyənlərə deyiləcək bir kəlməmiz.

Aldığını qəbul edən və heç nə almadığını düşünməyən kəslərə daha çox veriləcək. Burda təklif olunanlardan fərqli bir şey istəyənlər heç yerdə heç nə ala bilməyəcəklər.

Gümüş istəyən, amma gümüşün olmaması səbəbindən qızıl təklifi ilə qarşılaşan adamı xatırlayırsınızmı? O deyir: “Mən bunu xərcləyə bilmərəm, çünki o, ağ deyil”.

SUFİNİN CAVABI

Bəyazidin şagirdlərindən olan çox mömin bir nəfər ona deyir:

– Anlamıram, Allahın varlığına inanan ona təzim etmək üçün məscidə necə getməyə bilər?

Bəyazid cavab verir:

– Mənsə Allahın varlığına inanan birisinin ona təzim etməsini və dualarının gərəksiz olduğunu etiraf edərək ağlını itirməməsini heç cür anlamıram.

İXTİYARİNİN QAZANINDAKI BUXAR

Şeyx Əbu-Əli əl-İxtiyari Hindistana yola düşməzdən öncə Bağdadın şeyxlərini bir yerə yığıb onlardan xahiş edir:

– Uzaqdan Yol axtarışında olanlar gəlsələr, məni tanımadığınızı söyləyin. Ya onlara qonaqpərvərlik nümayiş etdirin, ya da başınızdan eləyin, çünki onları təkcə müəyyən məqsəd üçün axtarışlara ruhlandırmışam.

Sonra Hindistana gedib Yol barədə moizələr oxuyur.

Dinləyicilər onun haralı olduğunu soruşanda Bağdaddan gəldiyini söyləyir.

Tezliklə Bağdada adamlar axışmağa başlayır. Sufilər onlara İxtiyarini tanımadıqlarını deyirlər.

Şeyx Mustafa İxtiyarini tanımadığını söyləməklə ona yardımçı olmasından məmnun qaldığını qeyd edir. Sufilərdən biri deyir:

– İxtiyarinin mövcudluğundan xəbərdarıq. Onu tanımadığımızı söyləməklə işinə necə yarayırıq ki?

Şeyx Mustafa cavab verir:

– Bu adamlar, sadəcə, İxtiyarinin qazanının buxarıdır. Onlar şeyxin qaynatdığından buxarlanıblar və elə zənn edirlər ki, başqa yerə axtarışa getməklə dəyişə bilərlər. Biz İxtiyarini tanıdığımızı söyləsək, qayıdıb zəhləsini aparacaqlar, çünki doğma şəhərində hörmət sahibi olduğunu biləcəklər. Əksinə, tanımadığımızı söyləsək, ya faydasız olduğunu düşünüb ondan əl çəkəcəklər, ya da, sadəcə, zəhləsini apara biləcəkləri bir başqasını tapacaqlar. İstənilən halda İxtiyari yaxasını qurtarmış olacaq.

MƏN HÜZURUNUZDA DEYİLƏM

İnsanlıqda məskunlaş.

    (Həriri)

Sufi ustadı Halkaviyə meydan oxuyurlar: şahın hüzuruna gedib elə kandardaca ona həyatı bahasına başa gələ biləcək təhqiramiz bir söz deyə bilərmi?

Halkavi çağırışı düşünmədən qəbul edir. Şahın hüzuruna gəlməsiylə dalaşqan xasiyyəti ilə fərqlənən hökmdarın dillənməsi bir olur:

– Hər kəs səni ağıllı sayır. Bu meydan, bu da şeytan: əylənməyim üçün elə bir söz de ki, hüzurumda heç kəs buna cürət etməsin.

Sufi duruxmadan söyləyir:

– Mən hüzurunuzda deyiləm.

BƏHAƏDDİNİN MÜSTƏBİDƏ MƏKTUBU

Özünü alim sayan bir müstəbid Bəhaəddinə məktub yazır: “Yazdıqlarınızdan qəzəblənmişəm və onların həm tarixi, həm də həqiqi mənada ədəbsiz olduğunu düşünürəm”.

Bəhaəddin cavab verir: “Sizə acıdığımdan düşündüklərimin dörddə birini yazdım. Buna görə də elə hesab edin, bəxtiniz gətirib, çünki imkanlarımı sona qədər işə salmamışam. Amma bilin ki, şagirdlərimin rifahını tələb edən zaman yetişərsə, sizi təhqir edən bu mətnin yerdə qalan dörddə üç hissəsini də yazacağam. Çünki kefi istədiyi kimi hərəkət edən şəxsə, – fərq eləməz, istər şah olsun, istər din xadimi, istərsə də alim, – hörmət ucbatından adamları yalnız müəyyən həddəcən həqiqətsiz qoymaq olar.

TƏHSİL HAQQI

Yusif ibn Cəfər əl-Əmudi şagirdlərindən pul götürürdü. Təhsil haqqı bəzən hətta kifayət qədər böyük məbləğdə olurdu. Onun yanına gələn mötəbər bir hüquqşünas deyir:

– Öyrətdikləriniz məni heyran edir. Üstəlik, şagirdlərinizi düzgün yolla apardığınızı düşünürəm. Amma biliyə görə pul götürmək ənənəyə uyğun gəlmir. Bundan savayı, belə əməllər düzgün anlaşılmaya bilər.

Əl-Əmudi cavab verir:

– Mən biliyi heç vaxt satmamışam, onun qarşılığını ödəmək üçün yer üzünün bütün pulları belə çatmaz. O ki qaldı yanlış yozmaya, onların qarşısını heç bir halda almaq mümkün deyil. İnsanlar pis tərəfə yozmaq üçün həmişə bəhanə axtarıb tapırlar. Ondansa qulaqlarınızda sırğa edin: pul götürən birisi tamahkar da ola bilər, gözütox da. Amma başqalarından pul almayan birisinin daha ağır günaha batdığını – şagirdlərinin ruhunu qarət etdiyini düşünmək olar. “Mən heç kəsdən heç nə almıram” deyənlər, bəlkə də, qurbanlarını iradəsindən məhrum etməkdə günahkardırlar.

TƏKRAR

Bir səfeh Abdulla Mənazilin yanına gəlib ona sual verir. Mənazil cavabını deyib qurtaran kimi sual sahibi xahiş edir:

– Dediklərini bir də təkrarlaya bilərdinmi?

Onda Mənazil deyir:

– Sual verdin və mən cavabı anlayacağını düşünməklə səhv elədim. İndi sən məndən səhvimi təkrarlamağımı istəyirsən?

ÖZ YOLUNA HAZIRLIQ

Fəridəddin Əttar çoxsaylı və cürbəcür çeşidli mallarla dolu dükanında oturur. Birdən qapının ağzında dünyanı dolaşan sufi peyda olur və göz yaşlarıyla dolu baxışlarını ona dikir. Şeyx Əttar ona çıxıb getməyi əmr edir.

– Mənim üçün bu o qədər də çətin iş deyil, – səyyah deyir, – əynimdəki köynəkdən savayı heç nəyim yoxdur. Amma sən bahalı mallarla dolu dükanını necə tərk edəcəksən? Yaxşısı budur, yola çıxmağının qay-ğısına qal.

Bu sözlər Əttara elə təsir edir ki, dükanını və sənətini tullayıb sufi icmasına qoşulur.

ALICI VƏ SATICI

Dərviş Saleh Yunis danışır ki, mübahisə ilə arası yaxşı olan və alim olmağa hazırlaşan birisinin müəllimi Bürhanəddinə düşünülməmiş və qeyri-səmimi şeylər dediyinin şahidi olub.

Bürhanəddin ona heç bir cavab verməyib. Həmin adam məclisi tərk edəndə isə Yunis üzünü ona tərəf çevirib soruşub:

– Niyə o adamla mübahisəyə girmədiniz ki? Ən azından ona düşdüyü dəhşətli durumu anlatmış olardınız.

Bürhanəddin cavab verir:

– Onu bir daha görən deyilik, çünki bu adam mənim onun çağırışına cavab vermədiyimi düşündü.

– Bu yolla zəhlənizi tökən adamlardan yaxa qurtarırsınız?

– Bu, yol deyil, – Bürhanəddin cavab verir, – üsuldur, onun sayəsində adama öz istədiyini verirəm. O, mübahisə etməyə adam axtarır. Mən bu cür adam olmaqdan imtina edirəm və məlum addımım onu qızğın şəkildə başqasını axtarmağa vadar edir. Beləcə, o axtaracaq və sonda mübahisə həvəskarını tapacaq. Hər bir halda alıcı və satıcıya görüşməkdə yardımçı oluruq. Bu adama istədiyimi verə bilməsəm belə, ən azından ona gerçəkdən arzuladığı şeyi tapmaqda kömək edirəm.

İŞIQ HARADANDIR?

Bəsrəli Həsən əlində şam aparan uşaqdan soruşur:

– Bu işıq haradandır?

O, dərhal şamı söndürüb deyir:

– Mənə onun hara yoxa çıxdığını söylə, onun haradan peyda olduğunu deyim.

ŞƏKSİZ

Simab hələ lap cavan olarkən yol qırağında oturmuş bir dərvişə sual verir:

– Səncə, elə bir şey edə bilərəmmi ki, adamlar məni müqəddəs saysınlar?

Dərviş başını qaldırıb düşünmədən cavab verir:

– Bundan asan nə var ki?!

Simab dərvişə bu sirri açması üçün yalvarır.

Dərviş deyir:

– Minlərlə sufi dindarlar tərəfindən ona görə öldürülüb ki, onların xoşuna gəlməyən sözlər deyib. Sən, sadəcə, bir şey eləməlisən: nəsə dərkedilməz bir şey söyləməlisən. Onda, heç olmasa, düşdüyün vəziyyət səni böyük müqəddəs Həllacla (ilk sufi əzabkeşi) bağlayar. Bundan çoxunu kim istər ki?

Davranışları və insani inancları adamları müqəddəslərə çevirsəydi, yer üzü olmazdı, bircə müqəddəslərlə dolu göylər qalardı.

SİMABIN DİQQƏTİ

Bir dəfə Simaba baş çəkən bir neçə şəxs onu susqun vəziyyətdə oturduğunu görürlər. Bir müddət sufinin yanında dayanandan sonra ondan səs çıxmadığını görən adamlar kor-peşman geri qayıdır və hər yerdə onun tənbəlliyindən, üstəlik, hörmətəlayiq insan olmadığından danışırlar.

Bunu eşidən şagirdlərdən bəzisi Simabın yanına gəlib deyir:

– Bizə göstərdiyiniz diqqəti yanınıza gələn kəslərə nümayiş etdirmədiyinizdən nüfuzunuza xələl gəlib.

Simab soruşur:

– Nə etməyimi istərdiniz?

Onlar bir ağızdan cavab verirlər:

– Bizə söylədiklərinizdən bəzilərini onlara da söyləyin.

Simab deyir:

– Niyyətiniz yaxşıdır, amma istəyinizə əməl edə bilməyəcəyəm. Bildiklərimi sizə ötürmək əvəzinə onlara ötürməliyəm? Yoxsa onlara lütfkarlıq nümayiş etdirib çevrəmdən uzaqlaşacaq və yeni şagirdlərə diqqət ayırmağıma imkan yaradacaqsınız? Bəlkə, sadəcə, onları susdurmaq istəyirsiniz ki, haqqınızda ləyaqətsiz birisinin şagirdi kimi ifadələr işlətməsinlər?

DƏYİRMAN ÇARXI