banner banner banner
Sufi hekayətləri
Sufi hekayətləri
Оценить:
Рейтинг: 0

Полная версия:

Sufi hekayətləri

скачать книгу бесплатно

İşləri düz gətirməyən təbrizli tacir Rumini görmək üçün Konyaya gəlir. Ustada təqdim etmək üçün özü ilə əlli qızıl sikkə də götürür. Otağa daxil olub Mövlananı görəndə həyəcandan özünü itirir.

Cəlaləddin deyir:

– Əlli qızılın qəbul olundu! Amma sən iki yüz itirmisən, gəlişinin səbəbi də budur. Allah səni cəzalandırıb, indisə yol göstərir.

Ruminin bəsirəti taciri heyran qoyur. Mövlana davam edir:

– Bir dəfə uzaq Qərbdə, xristian dünyasında, xristian dərvişin yanından ötüb-keçəndə onun üzünə tüpürmüsən, buna görə də işlərin pis getməyə başlayıb. Get onu tap və üzr istə, bizim də salamlarımızı çatdır.

Açıq kitab kimi oxunduğunu görən tacir lap özünü itirir.

– Bura bax, – Cəlaləddin deyir, – indi onu sənə göstərərik.

Ustad bu sözləri deyib divara toxunur və tacirin gözləri qarşısında Avropadakı bazar, bir də yerdə uzanmış dərviş canlanır. Tacir Ruminin yanından sarsılmış halda ayrılır.

O, dərhal Avropaya yollanır və xristian dərvişi tapır. Tacirin yaxınlaşmağı ilə onun dilə gəlməyi bir olur:

– Ustad mənimlə əlaqə saxladı.

Tacir dərvişin göstərdiyi istiqamətə baxır və Cəlaləddini görür. Mövlana deyir:

– Onun dağında yaquta da, çınqıla da yer var.

Konyaya qayıdan tacir Rumiyə xristian dərvişin salamını çatdırır və özü də dərviş icmasına qoşulur.

AXTARDIĞIN DAXİLİNDƏDİR

Bir dəfə sufi mistiki Rəbiyyə axşam saatlarında balaca evinin qabağında, küçədə nəsə axtarırdı. Günəş batmaqda, qaş qaralmaqda idi. Onun başına bir dəstə adam yığışır. Camaat soruşur:

– Nə edirsən? Nə itirmisən? Nə axtarırsan?

– İynə itirmişəm, – qadın deyir.

– Hava artıq qaralır, iynəni tapmaq çətin olacaq, gəl sənə kömək edək. Hara düşdüyünü xatırlayırsan? Küçə böyükdür, iynəsə balaca. Yerini dəqiq bilsək, tapmaq asan olar.

– Kaş ki bu sualı verməyəydiz, – Rəbiyyə deyir, – açığı, o, küçədə deyil, evdə düşüb.

Camaat gülə-gülə deyir:

– Ağlının azdığını onsuz da bilirdik! İynə evdə düşübsə, onu niyə yolda axtarırsan ki?

– Sadə və məntiqi səbəbdən, – Rəbiyyə cavab verir. – Evin içi qaranlıqdır, bayırsa hələ bir az işıqlıdır.

Camaat qəhqəhə çəkib dağılışmağa başlayır. Rəbiyyə onları geri çağırıb deyir:

– Ayaq saxlayın! Məhz siz belə edirsiniz; mənsə, sadəcə, nümunə götürürəm. Siz xoşbəxtliyi zahirdə axtarırsınız, halbuki əsas sualı verməyi unudursunuz: onu harada itirmisiniz? Mənsə deyirəm: onu daxilinizdə itirmisiniz. Siz səadəti sadə və məntiqi səbəbdən, duyğu orqanlarınız zahirə yönəldiyindən və orada azacıq işıq olduğundan xaricdə axtarırsınız. Mənsə öz təcrübəmdən çıxış edib deyirəm ki, xoşbəxtliyi orada itirməmisiniz. Mən də onu illər boyu zahirdə axtarmışam, amma bir gün daxilimə nəzər salıb heyrətləndim. Axtarmağına dəyməzmiş: axı o, həmişə içimdə olub…

QAYÇI

Ürək nevrozundan əziyyət çəkən bir nəfər Ruminin yanına gəlib deyir:

– Gəzmədiyim loğman qalmayıb, heç kəs dərdimə əlac tapa bilməyib. Sizə pənah gətirmişəm.

Ustad qonağı diqqətlə seyr edib azacıq fikrə gedir və deyir:

– Mənə qayçı gətirin.

Şagirdlər qayçını gətirənədək yerindəcə əsəbi halda qurdalanan qonaq sonda səbrini basa bilməyib soruşur:

– Olmaya ürəyimi kəsmək istəyirsiniz?

Rumi qəhqəhə çəkib deyir:

– Mən cərrah deyiləm, özü də qayçı ilə ürəyi əməliyyat eləmək barədə ilk dəfə səndən eşidirəm.

Nəhayət, qayçını gətirirlər və Rumi qonağın köynəyindəki düymələrdən birini kəsib tövsiyə edir:

– Bunun yerinə başqasını tikmə, üstəlik, ora toxunma.

Rumi həmin adama iki həftədən sonra gəlməyi tapşırır və deyir ki, bu müddət ərzində yaxşılığa doğru dəyişiklik olacağını gözləyir.

İki həftədən sonra qayıdıb gələn şikayətçinin bu dəfə üz-gözündən sevinc yağır:

– Həkim məni müayinə elədi, ürəyimi də dinlədi və hər şeyin qaydasında olduğunu dedi. Möhtərəm, olmaya siz düyməmdən zalım ruhları qovdunuz?

Rumi gülümsəyərək cavab verir:

– Həmişə köynəyinizin ürəyinizə yaxın olan düyməsini sıxır və oynadırdınız. Ürəyinizi gəmirən “ruh” elə bu düymə idi. Onu kəsməklə və sizə həmin yerə toxunmağı qadağan etməklə ürəyinizi əlinizin əsəbi hərəkətlərindən azad etmiş oldum.

MÜƏLLİMİN ÖHDƏLİKLƏRİ

Birisi Bəyazid Bistamidən xahiş edir:

– İcazə ver sənin ailənin üzvü olum.

– Bunun üçün bir neçə tələbimi yerinə yetirməlisən, – Bəyazid deyir. – Həqiqətən şagirdlik etmək istəyirsənsə, çoxlu öhdəliyin olmalıdır.

Namizəd soruşur:

– Bu nə öhdəliklərdir ki?

Müəllim cavab verir:

– Qış qapını kəsdirib. Meşəyə gedib çırpı yığmalısan. Növbədə mətbəx işləri var. Daha sonra nə etmək lazım olduğunu da deyəcəyəm.

Namizəd deyir:

– Amma mən Həqiqət axtarışındayam. Bu işlər mənə necə kömək edəcək ki? Çırpı yığmaqla Həqiqətə çatmaq arasında nə əlaqə var?

Müəllim deyir:

– Ya məni dinlə, ya da özünə başqa müəllim axtar. Tələb nə qədər cəfəng olursa olsun, onu yerinə yetirməlisən. Əks halda gerçəyi qəbul etmək nədir bilməyəcəksən. Mən də çırpının Həqiqətlə heç bir ortaq nöqtəsi olmadığını bilirəm, lakin buna hazır olmağın Həqiqətə dəxli var. Başqa işlər də həmçinin. Buyurduqlarımı sevə-sevə yerinə yetirməlisən. Bu səni Həqiqəti qəbul etməyə hazırlayacaq. Mən onu sənə indi açıqlaya bilmərəm. Gözləməyi öyrənməlisən.

Hələ də müqavimət göstərən şagird soruşur:

– Yaxşı, bəs Müəllimin vəzifəsi nədən ibarətdir?

Müəllim cavab verir:

– Müəllimin vəzifəsi oturub idarə etməkdir.

– Onda mənə Müəllim olmağa kömək et. Məni öyrət. Mən hazıram.

ADİLİK

Rəşid Sitarzadənin yanına bir dəstə yeni şagird gəlir. Bu adamlar sufinin möcüzələri barədə gəzən şayiələrdən əməlli-başlı təsirlənmişdilər və Həqiqətin mənbəyinə yaxınlaşdıqlarını düşünürdülər.

Rəşid deyir:

– Aranızdan bir nümayəndə seçin, hisləriniz barədə danışsın.

Namizədlərdən biri irəli çıxıb söyləyir:

– Biz Ali Varlıqdan vəcdə gəlirik, Biliyə ehtirasla can atırıq, Ənənəyə toxunuş bizi ucaldır.

Rəşid deyir:

– Hislərinizi yaxşı təsvir etdiniz. Həyəcanlandırıcı şeylər xoşladığınız üçün sizə adi həqiqətlər söyləyəcəyəm. Siz həyatdan öyrənməlisiniz. Həyatsa biliyə gedən yoldur və bu, yer üzündə ən adi həqiqətdir. Həyatı dərk etmək üçün ən adi həyati sınaqlardan çıxmalısınız, özü də bunun üçün onun maraqlı olması heç də şərt deyil.

Namizədlərdən biri səslənir:

– Nümayəndəmiz təkcə öz adından danışdı, niyə hamımız onun davranışının qurbanı olmalıyıq ki?!

Rəşid cavab verir:

– O hamının əvəzindən danışdığını düşünə bilər. Siz onun təkcə özünə cavabdeh olduğunu hesab edə bilərsiniz. Amma bir də onun hamının adından danışdığını düşünən mən varam. Olmaya nüfuzuma şəkk edirsiniz? Elə indicə dediyiniz də həyəcana susadığınızdan xəbər verir və təkzib etməyə çalışdığınızı təsdiqləyir!

ƏNVƏR ABBASİ

Ənvər Abbasi şairliyi və sitarda çalmağı ilə şöhrət qazanmışdı. Demək olar ki, hər axşam ifasını dinləmək üçün insanlar onun evinə yığışardılar. Musiqi alətində çalıb qurtardıqdan sonra bir çoxları onun Şərq fəlsəfi söhbətlərinə qulaq asmaq məqsədilə evində ləngiyərdilər.

Onun evinə gələnlər Abbasini son dərəcə ədəbli və başqalarına örnək ola biləcək dərəcədə nəzakətli hesab edirdilər. Amma Ənvər başqa evlərə dəvət olunanda özünü tam əksinə aparırdı. O, dəvət olunduğu yerə gecikir, elmi söhbətləri kəsir, məclisdə iştirak edənlərdən, heç olmasa, biri ilə höcətləşirdi.

Günlərin birində Abbasi bundan belə heç kəsə heç nə öyrətməyəcəyini bəyan edir. Sonra məmləkəti tərk edir və onu bir daha görən olmur.

Sufinin bu davranışından qayğılanan adamlar Ənvərlə tez-tez mübahisə edən Firuz Əndakinin yanına gəlir və ondan məsələyə aydınlıq gətirməsini xahiş edirlər.

Firuz deyir:

– Siz Abbasini tənqid etməyimi istəyirsiniz, amma onun necə dahi olduğunu söyləməliyəm. Onu öz müəllimim sayıram, sizlərəsə Ənvərin öz nümunəsində çatdırdığı nəzəriyyəsinin böyüklüyündən bir-iki kəlmə söyləyim. Abbasini heç vaxt öz nüfuzu maraqlandırmayıb, onu nəzəriyyəsinin odunda yandırıb. O, mübahisəyə başlayanda on nəfərdən doqquzu deyirdi: “Necə də kobuddur!” Onuncu isə söyləyirdi: “O, mübahisənin necə mənasız olduğunu göstərir!” Abbasi öz şan-şöhrətini qorumağa deyil, həqiqi biliyi onu qavramaq iqtidarında olanların naminə möhkəmlətməyə üstünlük verib.

BİLMİRƏM

Diyarbadiyar gəzən buxaralı dərviş Nazinda ona verilən suallara tez-tez “Bilmirəm” deyə cavab verərdi.

Onun bu özəlliyi Allahabadda mübahisə mövzusuna çevrilir. Müzakirədə iştirak edənlərin bir qismi müəllimin istənilən suala münasibətdə cahillik göstərməməli olduğunu deyir, digər qismi elə bu nöqteyi-nəzərin özünün cahillik olduğunu təsdiqləyir. Bu məsələylə bağlı çoxlu sayda başqa fikirlər də səslənir.

Sonda məlum dəlillər hind panditi Ram Lalın mühakiməsinə təqdim olunur və alim brəhmən belə cavab verir:

– O, “bilmirəm” deyəndə, bəlkə də, cavabı heç kəsin bilmədiyini nəzərdə tutur. Ya da, bəlkə, bunu məhz sizin bilmədiyinizi qabardır və həmin an sizə “mən”inizi nümayiş etdirir. Yaxud sualın cavabını “bilmək” lazım olmadığına işarə edir, çünki sualda, ya da cavabda nəsə yanlış fikir gizlənir.

Birisi yenə sual verir:

– Bunu daha aydın şəkildə ifadə edə bilməzmi?

Pandit cavab verir:

– Belə etməklə yürüdülən fikirlərin və müzakirələrin qarşısını almış olar.

SİLAH

Hakim əl-Mənsuri Orta Asiyanın böyük müdriklərindən sayılırdı.

Hakim nadir hallarda və çox az danışardı. Ağzını açandasa sanki söylədiklərinin ilahi dəyərlərlə heç bir əlaqəsi yox idi.

Bir dəfə adlı-sanlı bir din xadimi Hakimi fəlsəfi yarışmaya çağırır. O belə hesab edirdi ki, əl-Mənsuri nadan olduğu üçün az danışır.

Beləcə, əl-Mənsuri din xadimi Kvari Muxtarın yaşadığı və dərs dediyi Herat şəhərinə təşrif buyurur. Mübahisə tərəflərinin hər birini yüzlərlə şagird dəstəkləyir.

Kvari nitqinə aramla, səylə düşünüb-daşındığı kəlmələrlə başlayır, amma görüşün başlanmasından bircə dəqiqə keçməmiş Hakim ayağa sıçrayır və barmağı ilə din xadimini göstərir. Kvarini sanki ildırım vurur və o bundan belə bir söz də söyləyə bilmir.

Yolda şagirdlərindən biri soruşur:

– Müəllim, rəqibinin dəlillərini təkzib eləmək əvəzinə niyə onu iflic etdin ki?

Hakim cavab verir:

– Əlində qılınc varsa, düşmənə niyə palçıq atırsan ki? Hətta meymun daha çox şey edə bilsəydi, cırnatmaqdan əl çəkərdi. Bu adam həqiqət axtarmırdı, onun niyyəti mənə qalib gəlmək idi.

ƏHMƏD HÜSEYN

Bir gün sultan Mahmud Qəznəvi ilə sufi Əhməd Hüseyn gəzintiyə çıxırlar. Deyilənlərə görə, Əhməd insanların fikirlərini oxuya bilirdi. Sultan sufinin məharətini göstərməsini istəyirdi, amma Əhməd hər dəfə etiraz edirdi. Onda sultan hiyləyə əl atır və elə şərait yaradır ki, müdrik bilaixtiyar qabiliyyətini üzə çıxarsın.

– Əhməd, – sufiyə müraciət edir.

– Bəli.

– Səncə, orada dayanan kimdir?