
Полная версия:
Sızanaq
– Yox, çox sağ olun, Ema xanım. Yolüstü bir işim var, onu da həll eləmiş olaram. Yaxşı, mən gedim. Hələlik.
Qapını bağlayıb pilləkanlardan enmək istəyirdi ki, birdən dayandı, qayıdıb qapının zəngini basdı. Elmira qapını açdı, Zakir pörtmüş halda:
– Heç soruşmadım, bağça hardadı?
– Elə bizim işin yanında.
– O yaşıl hasarlı olan?
– Hə.
– Oldu, getdim, hələlik.
– Çox sağ ol, Zakir.
– Dəyməz.
Elmira qapının kəndarında durmuşdu, Zakir pilləkanları iki-iki enməyə başladı.
* * *Xalid tədbir keçiriləcək məkana gəlmişdi. Emil ilə bütün hazırlıqlarını görmüşdülər. O, Emilə yerdəki video kameranın çantasını göstərib:
– Belə şeyləri ayaq altına qoyma, yığışdır bunları burdan. Apar ver Eltona, qoysun bir yerə. Qoy, gəl yanıma, gedək bir tikə yemək yeyək, sonra gecəyə kimi ayaq üstə olacağıq.
– Yaxşı, indi gəlirəm. Amma anama zəng eliyim sonra.
– Nolub anana, yoxsa yenə ağrıları başlayıb?
– Hə, yağışlı havalarda belədi də.
– Hər şeyə çarə var, ürəyini sıxma, bizdə başlayarıq müalicəyə, düzələr.
– İnşallah!
– Məndən salam de.
– Baş üstə!
– Yaxşı, işində ol, gözləyirəm səni.
Xalid onlar üçün hazırlanmış masaya tərəf gedə-gedə dönüb Emilə baxdı. Emilin atası tez vəfat eləmişdi. Evin tək övladı idi. Anasını çox istəyirdi. Emilin anasının sağlığı üçün çabalarını gördükcə Xalid öz gəncliyini xatırlayırdı. Xalid də tək övlad idi, Emilin atasından fərqli olaraq onun atası vəfat etməmişdi. Arvadının xəstə olduğunu bildiyi gün evdən getmişdi. “İşləməyə gedirəm” deyib Rusiyaya getmiş və orda evlənmişdi. Xəstə anasına tələbə Xalid özü tək baxırdı. Bir il xəstə olan anası onun altı ayını yataq xəstəsi oldu. Xalid təhsilini də buraxmışdı. İlk aylar anasını evdə tək qoya bilirdi, amma gündən-günə anasının halı pisləşdiyindən artıq evdən də çıxa bilmirdi. Ana babasından qalma evi kirayə vermişdilər. Atası getdikdən sonra o evin kirayə pulu ilə iki ay anasına dərmanlar ala bildi; müalicə, müayinə xərclərini idarə elədi. Əməliyyat lazım olduqda atasına zəng elədi, atası ona “Mənim pulum yoxdu” cavabını verdikdə anasından xəbərsiz babadanqalma evi satdı, anasını əməliyyat elətdirdi. Həkimlərin dediyinə görə, hər şey yaxşıya doğru gedirdi. Anası düzəlirdi. Amma bir gün anasının ögümə səsinə oyanan Xalid hər şeyin heç də yaxşı olmadığını anladı. O, yatağından qalxıb anasının yanına qaçdı. Anası onu görüb əlindəki dəsmalla yerə tökülmüş yaşıl mayeni gizlətmək istədi. Xalid vanna otağından vedrədə su və əski gətirdi. Anasının etirazına baxmayaraq, döşəməni sildi. Su gətirib anasının əl-üzünü yudu. Artıq ən ağır günlər başlamışdı. Anasının yemək yeməyi zəifləmiş, çox arıqlamışdı. Artıq yataqdan qalxa da bilmirdi. Oğlunun onun altını dəyişməsi, onu yuması ona utanc gətirirdi. Xalid isə heç nəyə əhəmiyyət vermədən əlcəklərini geyinib anasını təmizləyirdi. Anası ağlaya- ağlaya ona nəsə deyəndə deyirdi:
– Yadındadı, mən həkim olmaq istiyirdim? Hesab elə ki, həkiməm, xəstəmsən, mən də sənə qulluq eliyirəm, vəssalam.
– Allah məni öldürsün, bu həkim işi deyil axı, ay bala.
– Sən həkimdən çox biləcəksən?
Ölümünə bir ay qalmış ərinin evdən getməyinə öz xəstəliyindən daha çox üzülən qadın, oğluna yük olmamaq üçün nə su içir, nə də yemək yeyirdi ki, tez ölsün. İki gün belə davam elədi. Xalid bunu anlayanda mətbəx bıçağı ilə gəlib anasının yanında dayandı, bıçağı udlağına dayayıb, əsəbindən ağlaya-ağlaya:
– Əgər dərmanları içməsən, yemək yeməsən, Allaha and olsun ki, yortacam boğazımı. Bu qədər tələsirsən mənnən canını qurtarmağa?
Anası Xalıdın sinidə gətirdiyi qaşığı götürdü və şorbaya əl uzatdı. Boşqabı qucağına qoyub şorbanı içməyə başladı. Anası yeməyini bitirib boşqabı siniyə qoydu. Sonra ögüməyə başladı, Xalid tez çarpayının yanındakı ləyəni anasının çənəsinin altına tutdu. Yenə yediyini qaytardı. Bu dəfə qan ilə birgə. Xalid ləyəni kənara qoyub anasının əl-üzünü nəm dəsmalla sildi, ona bir az su verdi və onu qucaqladı. Xalid göz yaşlarını saxlaya bilmədi.
– Nolar, belə eləmə, ana. Yaşa, mənə görə yaşa. Nolar, yaşa…
Anasının müalicəsi üçün əlindən gələni edirdi. Amma xərçəng bütün daxili orqanlara yayılmışdı. …onu xilas eləmək mümkün olmadı.
Emilin gəlişi Xalidi acı xatirələrindən ayırdı. Emil telefonuna işarə edib gülə-gülə dedi:
– Anam salam göndərdi, bildi hardayıq, dedi ki, mənim kabab payımı gələndə bişirtdirib isti-isti gətirin.
– Salam göndərən sağ olsun, gözümüz üstə. İndidən uşaqlara tapşır, saat 11 üçün səni buraxaram gedərsən.
– Ay sağ ol, onda gedim kababçıya tapşırım…
Xalid evə gələndə artıq gecəyarı idi. Lalənin otağına boylandı, ciyərparəsi mışıl-mışıl yatırdı. Astaca yataq otağının qapısını açıb içəri girdi. Elmira yatmışdı, əynini soyunub yatağına uzandı. Çox yorğun olduğundan uzanan kimi onu yuxu apardı.
* * *Səhər Elmira telefon zənginə oyandı. Xalidin Emillə iş barəsində danışığı aydın eşidilirdi. Xalidin getməyə hazırlaşdığını anlayan Elmira cəld yerindən qalxdı. Artıq ayaqqabılarını geyinən Xalid, Elmiranı görüb dedi:
– Puaaah, naz-qəmzəyə bax, oyatdım səni?
– Sabahın xeyir, zəngə oyandım, hə.
– Bay, bay, bay. Bağışdiceysüz, xanım.
– Ləhçənə quzu kəsim, bağışladım. Tələsirsən?
Xalid ayaqqabılarını soyunaraq qımışdı:
– Belə də, nədi ki? İstiyirsən heç getmiyim?
Elmira guya Xalidin eyhamını anlamadı, sakitcə dedi:
– Yoo, get, eybi yoxdu. Amma axşam tez gəl də, nolar, vacib sözüm var.
Xalid Elmiraya yaxınlaşıb onu belindən qucaqladı, qulağına pıçıltı ilə dedi:
– Mənim çilli, kürən göyərçinim nə istiyir?
Elmira onu azca itələyib:
– Get işinlə məşqul ol, axşam gələrsən danışarıq. Sənin zarafatlarına heç halım yoxdu.
– Axşamı niyə gözləyək ki? Gəl söhbət eliyək, sənə qəşəng…
Elmira əsəbi halda Xalidin sözünü kəsib qolları arasından çıxdı.
– Eehh, bəsdi, sən canın.
– Nolub sənə? Tərs tərəfindən durmusan bu gün?
– Dünən sənə deyə bilmədim, həkimə getmişdim. Ürək bulanma, döş ağrılarıma görə.
Xalid gülərək:
– Aha, sonra?
– Sonrası odur ki, heç də biz gözlədiyimiz kimi deyil.
– Hamilə deyilsən?
– Yox.
– Bəs bu ağrılar, qusma nədəndi?
– Deyəsən, məndə pis xəstəlik var.
– Necə yəni pis xəstəlik?
– Bu həftə döşümdən analiz üçün toxuma götürməlidirlər.
Xalidin rəngi ağardı, dodaqları qupquru oldu. O, dəhlizdə ayaqqabı geyinmək üçün qoyulan tumbanın üstündə oturdu. Səsi boğula-boğula dedi:
– Nə gicdiyirsən səhər-səhər? Nə xəstəlik?
– Analizdən sonra xərçəng olub-olmadığı bilinəcək.
– Bu axmaq fikirləri kim doldurub sənin beyninə? Nə xərçəng, ay qız, dəli olmusan?
Elmiranın gözləri doldu:
– Neyniyim? Məgər mən istiyirdim ki, belə olsun?
– Nə olsun? Sən lap yüz faizlik eləmisən ha. Başın xarab olub ee sənin.
– Sənə də bir söz demək olmur.
– Bu sözdü? Sözdü dediyin? Səhər tezdən qanımı it qanına döndərirsən.
Elmira ağlayaraq:
– Bu həftə getməliyəm analiz üçün, istəyirəm yanımda olasan.
– Ooofff, Emaa, bəsdi!
– Xalid… mən qorxuram.
Xalid məyus halda ayağa qalxıb arvadına yaxınlaşdı, onu qucaqlayıb saclarını sığalladı:
– Gedərik, amma inan ki, səndə heç nə yoxdu. Sən sağlamsan, o ağrılar da özünü soyuğa vermisən, yəqin ondandı. Yadın-dadı, Laləni süddən təzə kəsmişdin, onda da döşündə şiş var idi, masajnan keçib getdi.
– Bu ağrı o ağrıdan deyil axı.
– Mənə qulaq as, ağlını axmaq fikirlərlə doldurma. Həkimlərə də elə anketlərini doldurmaq üçün xəstə lazımdı. Ağıllarına gələni deyirlər, özlərindən diaqnozlar uydururlar. Sən onlara fikir vermə, yaxşı? Hər şey yaxşı olacaq, oldu? Xalid Elmiranın gözlərini sildi. – Yaxşı, amma sən yanımda ol. – Yanında olacam, narahat olma. Sakitləş, gəl gedək balkona, bir az hava dəysin sənə. Cibindən dəsmalını çıxarıb Elmiraya uzatdı, – Al, burnunun suyunu sil.
* * *Xalid fikirli – fikirli şəhərdə addımlayırdı. Uzaqdan gələn azan səsi onu səksəndirdi. O lap məscidin yanında idi, məscidin yuxarı qapısının önündə iki dilənçi dayanıb, səssizcə əllərini uzadıb məsum-məsum gəlib-gedənlərə baxırdılar. Xalid ayaq saxladı, darvazaya yaxınlaşıb dilənçilərə pul uzatdı, gözlərini minbərdəki azan verən axunduna zilləyib ürəyində: “Allah, məni eşidirsənsə, məndən xəbərin varsa… Səndən heç vaxt, heç nə istəməmişəm, indi isə birinci və axırıncı dəfədir ki, səndən nəisə istiyirəm: Laləmə rəhmin gəlsin, Elmirama dəymə. Yalvarıram sənə!” – dedi.
Onun burun pərdələri əsdi, gözləri qızardı, göz yaşlarını gizlətmək üçün gözlərini ovuşdurdu. Gözlərini yumub burnu ilə bir-iki dəfə nəfəs aldı və ağzından dərin bir nəfəs verdi. Bir neçə dəfə bunu təkrarladı. Elə bil nəyisə üfürür, bununla ruhuna qonmuş ağırlığı qovurdu.
Telefonu götürüb Elmiraya zəng elədi.
* * *Elmira Laləni bağçadan götürüb atelyeyə gəlmişdi. Qızcığaz bir-bir kəsilmiş parçanı götürüb, üstünə tutub güzgünün qabağında o yana-bu yana fırlanırdı. Elmira qızının ərköyünlüyü görüb dedi:
– İndi Naza xala gələr canınçın. Apar onları qoy yerinə.
Lalə üz-gözünü büzdü:
– Axı mən moda göstərirəm.
Elmira gülümsədi:
– Axı sənə heç baxan da yoxdu, kimə göstərirsən? Hamı iş görür.
Lalə pərt olmuş halda işçilərə bir-bir nəzər saldı. Doğurdanda hamı nə iləsə məşğul idi. Bayaqdan ana-balanın söhbətinə diqqət kəsilən Zakir uzaqdan gülə-gülə onlara yaxınlaşdı:
– Mən baxıram, bayaqdan gözüm səndədi. Çox əladı, Lalə, – əlindəki ipək parçanı uzatdı: – Gəl, başına bir “bant” da vuraq, olacaqsan əsl model.
– Zakir əmi, model yox, modelyer. Özüm tikəcəm, sonra özüm də göstərəcəm.
– Hə də, əgər göstərəcəksənsə, deməli, həm də model olacaqsan.
– Yox, moda göstərəcəm, amma model olmayacam.
– Hə, lap yaxşı, nə deyirəm ki?!
Elmira başını yellədi:
– Bəxtəvər başıma! Nə isə, mən getdim otağıma. Əmi-bala söhbətinizi eləyin.
Elmira pilləkanlarla ikinci mərtəbəyə qalxanda Zakir əlindəki ipək, mavi şərfi Lalənin başına bağlaya-bağlaya Elmiranın ardınca baxırdı. Elmira otağına gəlib divanda uzandı. Üzü pəncərəyə olduğundan bayırda yağış yağdığını gördü. “Oturmuşuq içərdə, bayırdan xəbərimiz yoxdu. Gözəlliyə bax!” – düşündü.
Yağış pəncərədə süzülərək açdığı izlərlə sanki rəqs eləyirdi. Hər damla pəncərədə nə isə yazırdı. Hər damlanın öz füsünkar axarı vardı. Pəncərənin qabağındakı orxideya çiçəkləri tumurcuqlamışdı. O, təkliyə qapanan kimi yeni naxışlar üzərində işləyirdi, əvvəlcə naxışları kağız üzərində çəkir, sonra isə parçada tikirdi. Təkəlduz onun sevimli məşquliyyəti idi. Fikrini ilmələrdə cəmləyəndə o hər şeyi unudur və öz dünyasına dalırdı. Naxışlardan ibarət sirrli, sehrli və nağıl kimi dünyasında rahatlıq və sevinc tapırdı.
* * *Hekayənin bu yerində yadıma öz güllərim düşdü, çox kövrəldim. Mən evdən çixanda tumurcuqlamışdılar, yəqin indiyə açmış olarlar. Qonağım əhvalımın dəyişdiyini həmin an hiss elədi. Oturacağın üstündən götürdüyü damalı, saçaqlı ədyalı mənim kürəyimə atdı:
– Sərinlədi. Şəhər uşağısan, soyuqlayarsan… Noldu birdən-birə, nə yadına düşdü ki, üzünə bulud qondu?
– Öz güllərimi xatırladım, mən evdən çıxanda onlar tumurcuqlamışdılar.
– İndiyə gül açarlar.
– Hə, çiçəkliyiblər yəqin.
Mən ağlamsınar təhər oldum.
– Bəlkə…
– Yox, əsla!
– Nə yox? Bildin nə deyəcəkdim?
– Hə, “bəlkə qayıdasan” deyəcəkdin.
– Puaay atonnanan, qız mənim fikrimi oxuyur ee! Qorxulusan, çox qorxulusan.
Qonağım qoca nənələr kimi əllərini baldırına vurdu, dizlərini ovuşdururmuş kimi əlləri ilə dizlərinə sığal çəkdi və ayağlarını o biri oturacağa uzatdı. Çox gülməli göründü. Gecənin bir aləmi – mənim belə kövrək anımda üzümü güldürməyi bacardı. Mən xəyalən evimi ziyarət etdim, mətbəximi, balkonlarımı, bağçamı, yataq otağından başqa bütün otaqları gəzdim. Nədənsə təkcə yataq otağının yanından ötüb keçəndə heç qapısının açıq vəya örtülü olduğunun fərqinə belə varmadım.
Yaşıllığı çox sevdiyimdən evdə mümkün olduğu qədər dibçəkdə ağaclar, güllər əkmişdim. Və birdən mənə elə gəldi ki, bitkilər küskündülər. Elə bil yarpaqları büzüşüblər, hətta tumurcuqlamış çiçəklər də açmaq istəmirlər. Ev isə boş, səssiz və qəmlidi. Bir anda evin xaraba surəti gözümdə canladı, ətim ürpəşdi və ürəyimdən nəsə qopdu sanki. Mən evimi çox sevirdim, axı onun bünövrədən başlamış dekor işlərinə qədər tikilib ərsəyə gəlməsində mənim də əziyyətim olmuşdu. Həm də hər şey mənim istəyim və zövqümlə hazırlanmışdı. Evim… Yuvam… Qalam… Bir quzğun tərəfindən dağıdılmış yuvam, bir azğın tərəfindən zəbt olunmuş qalam…
– Hə, harda qalmışdıq? – qonağımın səsi məni xəyalımdan ayırdı.
* * *Lalə parçaların arasından ağ tül götürdü, bir ucunu düyünləyib, fata kimi düzəldib başına taxdı:
– Baxın, mən gəlin oldum. Zakir əmi, bax mənə.
Zakir onun yanağını dartdı:
– Tələsmə, şeytan, gəlin də olacağsan, hələ qaynana da.
– Mən gəlin şəkli çəkə bilirəm, – Lalə uşaqsayağı acıq verirmiş kimi, sözünü uzada-uzada cavab verdi.
– Onda sənə indi bir qələm, vərəq verim, çək. Gözlə, – Zakir masasına doğru addımladı.
Lalə uzaqdan ərköyüncə dedi:
– Mən təzə albom, təzə karandaş istiyirəm.
– Mən sənə öz albomumu verirəm, bax.
– Yox, istəmirəm. Təzəsini istiyirəm.
Zakir gülə-gülə dedi:
– Yaxşı, seytança, gözlə, indi gəlirəm.
O, çətiri götürüb qapıya tərəf yönəldi. Naza və Səbinə onun arxasınca səsləndilər:
– Biz desək nəsə al, almazsan.
– Yeyib itirənsiz, vallah! Nə istiyirsiz?
Naza:
– Sənnən əla ata olar, Allah haqqı.
Zakirin gözləri elə bil quyuya düşdü, rəngi bozardı:
– Mənnən nəinki ata, heç zibil də olmaz.
Səbinə:
– Almırsan da məni, özün kimi yaraşıqlı oğlan doğardım.
– Yaxşı, gijdəmə uşağın yanında. Nə alım gələndə?
Naza:
– Bir “pletka” acı şokolad, ancaq tarixinə mütləq bax.
Səbinə:
– Mənim üçün şorqoğal al. Səpmə olsun.
Zakir çox keçmədi ki, qayıtdı. Naza ilə Səbinənin sifarişlərini verib Laləni qucağına aldı və öz masasına oturtdu. Özü də oturacağı masaya yaxınlaşdırıb aldığı albom və karandaşları masanın üstünə qoydu. Lalə albomda cizgilər cızmağa başladı. Zakirin gözü yol çəkirmiş kimi gözlərini qırpmadan Laləyə baxırdı. O, qəribə bir sevgi və həsrətlə uşağı izləyirdi. Onun üz ifadəsini, əllərinin hərəkətlərini gözdən qoymurdu. Sanki uşağın hər ifadəsini, hər hərəkətini əzbərləməyə çalışırdı. Sanki illərdi övladına həsrət qalmış ata indi acgözlüklə balasını öyrənməyə cəhd edirdi. Zakir Laləyə baxdıqca yaş gözlərinə gəlir və qayıdırdı. Fikirləri ona əzab verirdi və öz dünyasında boğulurdu. O, gödəkçəsini götürüb Nazaya səsləndi:
– Uşaqda gözün olsun, gəlirəm indi.
– Yaxşı.
O, bayıra çıxıb siqaret yandırdı. Siqareti çəkə-çəkə göyə baxırdı. Göy üzü qapqara idi. Şiddətli yağış yağırdı, qara buludlardan məlum idi ki, yağış tezliklə kəsməyəcək, külək də əsmədiyindən bəlkə sabaha qədər yağacaqdı. Zakir siqareti çəkib bitirdi. Bir-iki addım irəli getdi və leysanın altında durub üzünü göyə qaldırdı. Yağış amansızca onun üzünə çırpılırdı. Bir neçə dəqiqə beləcə gözlərini yumub yağışın şillələrinə tabe oldu. Səbinə plaşını başına atıb, küçəyə çıxdı, Zakirə yaxınlaşıb uca səslə:
– Ay dəli, xəstələnəcəksən, keç içəri.
Zakir gözlərini açdı. Onun gözlərinin ağı qızarmışdı. Başı ilə qapı tərəfi göstərib:
– Sən get, gəlirəm.
– Sən öləsən, sənsiz gedən deyiləm. Lalə də özünü öldürür səninçün.
Zakirin üzünə xəfif bir təbəssüm qondu:
– Gedək, gedək.
Onlar atelyeyə qayıtdılar. Naza əlində dəsmalla Zakirin üstünə şığıdı və onun başını qurulaya-qurulaya:
– Evdə suyun gəlmir, deyəsən. Sabun da götürəydin də çıxanda.
– Gözdədim, sən gətirəsən.
Naza Zakirin başına yüngülcə qapaz vurub:
– Dur, get fenlə qurut saçını, bircə elə “miningitimiz” əskiydi.
Bayaqdan pəncərədən Zakirin yağış altındakı hərəkət və halına şahid olan Elmira otağından çıxıb onların yanına gəldi. Səbinə əlindəki yekə bardağı Zakirə uzadıb:
– Zoğallı çaydı, isti-isti iç, soyuq canına keçməsin.
– Məni su aparmaz, narahat olma.
– Bilirəm, pis adama heç nə olmur. Amma yenə də iç.
Zakir çaydan içə-içə Elmirayla Laləyə baxırdı. Səbinənin gözləri Zakirdə idi. Naza isə parçaları masadan toplaya-toplaya hamını süzürdü.
* * *Xalid gənc qızın fotosessiyasını eləyirdi. Qız hər dəfə paltarını dəyişəndə növbəti paltarının biçimi əvvəlkindən daha “cəsarətli” olurdu. Qızın gənc, qüsursuz bədəninə geyindiyi hər paltar onu daha da cazibədar göstərirdi. Paltarları kimi göstərdiyi pozlar da iddialı və ehtiraslı idi. Fotosessiya iki saata yaxın idi ki, davam edirdi. Sonda qız yerə uzanıb:
– Ooff, yoruldum. Bəsdi daha. Nə qədər şəkil oldu?
– Üç yüzdən çox.
– Vauuv, əla. Sizin nə vaxt imkanınız olacaq, bilmirsiz? İstərdim bizə, bağa gələsiz, orda da bir az şəkil çəkək.
– Zəngləşərik.
– Olar. Yaxşı, gedim əynimi dəyişim. Yoruldum lap.
Qız gülə-gülə o biri otağa keçdi. Xalid fotoaparatdan kartı çıxarıb kompüterdə şəkillərə baxmağa başladı. O, disk götürmək üçün rəflərə yaxınlaşıb qayıtmaq istədiyi vaxt, az qala, qızla baş-başa dəyəcəkdi.
Xalid:
– Sən…
– Köməy eliyin də.
O, arxasını Xalidə çevirib:
– Bağlaya bilmədim, zəhmət olmasa…
Xalid əlindəki diski masaya qoyub qızın paltarının arxasını bağladı. Qara, dar paltarda düymələr beldən boyuna qədər sıralanmışdı. Xalidin əlləri əsirdi. Onun üçün qızın bu hərəkəti gözlənilməz oldu. Alnını xırda tər damlaları basdı. O, boğazını arıtdayaraq, diski kompüterə saldı və şəkilləri diskə yüklədi. Qız kompüterə yaxın əyilib:
– Bəs şəkillərə baxmayacağıq? Axı bir neçəsin çıxartdırıb çərçivəyə salmaq istəyirəm.
– Yaxşı, onu da eliyərik.
Qız ədalı-ədalı gülümsəyib:
– Zəhmət olmasa.
– İşimizdi, nə zəhmət?
Xalid nəsə götürmək bəhanəsi ilə masadan qalxdı və:
– Siz baxın, şəkillərdən hansın istəsəz, nömrəsini yazın, mən gəlib çıxar-daram.
* * *Axşam atelyedə Zakir və Səbinədən başqa heç kim yox idi. Səbinə qəsdən sabah görəcəyi işlərə başlamışdı ki, Zakirlə baş-başa qalsın. Zakir bir deputat üçün hazırladığı kostyumu ütüləyib, səliqəylə çuxola keçirdib asdı. Səbinə isə altdan-altdan onu izləyirdi. Zakir işini bitirib Səbinəyə yaxınlaşdı:
– İşin çoxdu hələ?
– Yox, az qalıb. Nədi ki?
– Bəlkə sabaha saxlayasan?
– Tələsirsən harasa?
– Yox, yorğunam, evə gedib dincəlmək istəyirəm.
– Yaxşı, onda çıxaq.
Səbinə əlindəki parçaları yığıb rəfə qoydu. Plaşını, şərfini və çantasını götürüb hazırlaşa-hazırlaşa dedi:
– Bəlkə teatra gedək?
Zakir müraciətin ona ünvanlandığını anlamayaraq küt-küt Səbinəyə baxırdı. Səbinə əlini onun gözünün qabağında yellədərək:
– Eeeyy, səninləyəm.
Zakir elə bil yuxudan ayıldı:
– Hə, nədi?
– Sən, deyəsən, ayaq üstə yatırsan, nolub sənə?
– Yorğunam, Səbiş. Nə deyirdin ki?
– Deyirdim bəlkə teatra, ya kinoya gedək?
– İncimə, halım yoxdur. Başqa vaxt gedərik, yaxşı?
– Mən səndən nə vaxt incimişəm ki? Yaxşı, necə istiyirsən.
– Çox sağ ol.
– Sən də sağ ol, getdim mən.
– Qaranlıqdı, gözlə, yola salım .
– Yox, yorğunsan, get evə. Özüm gedərəm.
Səbinə qapıdan çıxdı. Zakir onun ardınca çıxıb:
– Bəs inciməmişdin?
Səbinə arxaya dönmədən əlini yellətdi. Zakir onun arxasınca baxa-baxa öz-özünə:
– Mən adam deyiləm ki, xalis eşşəyəm.
* * *Lalə mətbəxdəki divanda oturub gəlinciyi ilə oynayırdı. Elmira əynində hamam xalatı, başı dəsmalla bağlı hamamdan çıxdı. Soyuducudan yeməyi çıxarıb qazın üstünə qoydu. Çörəy doğramaq üçün bıçaq götürdü. Lalə anasının süfrə hazırladığını görüb:
– Ana, mən də salat eliyim?
– İstiyirsən elə.
Lalə oyuncağını divanda qoyub, soyuducudan salat üçün yuyulub qaba yığılmış tərəvəz və göyərtiləri götürdü. Anası ona tərəvəzləri doğramaq üçün taxta və bıçaq, salat üçün isə dərin şüşə qab verdi. O, fərəhlə qızına baxırdı. Lalə balaca əlləri ilə taxtanın üstündə xiyar, pomidor doğradı, bibərə çatanda:
– Ana, bunu necə təmizləyirdin?
Elmira bibərin saplağını içəri salıb dartdı, saplağı tumları ilə bərabər çıxdı.
– Bax, belə. Al, indi doğra.
Lalə həvəslə işinə davam elədi. Sıra göyərtilərə çatanda qızcığaz yenə nazlana-nazlana boynunu büküb:
– Anaa…
– Ay can…
– Göyərtiləri sən doğra da, sürüşürlər, doğraya bilmirəm.
– Yaxşı, onda sən boşqab, çəngəl düz.
Elmira göyərtiləri doğrayıb bitirmişdi ki, koridordan Xalidin səsi gəldi:
– Atanı heç kim qarşılamıyacaq? Hə, qızlar?
Lalə atasının səsini eşıdıb:
– Atam gəldi, atam gəldi, – deyib mətbəxdən koridora qaçdı. Atasının qucağına tullanıb onun boynunu qucaqladı. Xalid qızını oynada-oynada mətbəxə keçdi, Elmira ilə öpüşüb görüşdülər. Masada əyri-üyrü doğranmış tərəvəzlərdən salatı görüb:
– Bəəh-bəh-bəh. Bu nə gözəl salatdı belə, bunu kim hazırlayıb?
Lalənin sevindiyindən səsi titrədi, əllərini yuxarı qaldırıb
– Mən, mən hazırlamışam.
– Maşallah, mənim qızım salat da hazırlayır, afərin. Yeyək, baxaq.
O, salatdan çəngəllə götürüb çeynəyib yedikdən sonra:
– Bəh-bəh-bəh. Necə ləzzətlidi, mənə də öyrədərsən?
– Hə, öyrədərəm.
– Ema, səndə nə var, nə yox? İşdə vəziyyət necədi?
– Salamatçılıqdı, şükür.
– Getmişdin işə?
– Hə, getdim, amma heç işdiyə bilmədim.
– Niyə?
– Nə bilim? Nə halım var idi, nə də istəyim.
– Ürəyini sıxma, canım, hər şey yaxşı olacaq.
– Sənin qədər arxayın deyiləm.
– İnan mənə, gözəlim, inan ki, hər şey yaxşı olacaq. Yarpaq dolması bişirmisən?
– Mən? Bilirsən ki, bu dolmanı bükməkdən zəhləm gedir, Yeganə eliyib.
– Yegiş xanım da ləzzətli bişirir. Əli duzludu.
Elmira qəhqəhə çəkərək:
– Yegiş xanım ha. Çaşıb yanında deyərsən, tava gələr başına.
– Az, bəsdi güldün, kişi işdən gəlib, acdı, boooy. Gərək yumruq vurum masanın üstünə?
Lalə valideynlərinin belə zarafatlarına alışmışdı. Onlara qoşulub o da gülürdü. Gəlinciyini götürüb:
– Mən gedim Jaləni yatızdırım, gəlirəm, yaxşı?
Xalidin ağzı dolu idi, başını yellədi, Elmira gülümsədi:
– Jaləni yatır, sonra gəl südünü iç, oldu?
– Yaxşı…
Elmira gözləyirdi ki, Xalid yeməyini bitirsin və ona sabah klinikaya getmək lazım olduğunu desin. Lalə gözlərini ova-ova mətbəxə gəldi:
– Ana, Jalə yatdı, mənim də yuxum gəlir.
Elmira ona bardaqdakı südü uzatdı:
– Al, bunu iç, get yat.
Lalə bir nəfəsə südü içıb getmək istəyirdi ki, Xalid ona səsləndi:
– Ay çəpiş, bəs maç-maç?
Lalə üzünə tökülmüş saçlarını üzündən çəkərək dönüb gəldi, əvvəl atasını, sonra anasını öpdü:
– Gecəniz xeyrə qalsın, – yatmağa yollandı. Valideynləri bir ağızdan:
– Şirin yuxular. – dedilər.
Elmira masanı yığışdırırdı:
– Sabah işə tez getməlisən?
– Elə də vacib işim yoxdur, nədi ki?
– Sabah analiz verməyə gedəcəm, istiyirəm sən də gələsən.
Xalidin rəngi bozardı.
– Sabah… Hə, gedərik.
O, göz-gözə gəlməmək üçün ondan baxışlarını gizlətdi. Əllərini yumaq üçün vanna otağına getdi. Bir az sonra yataq otağından televizorun səsi gəlirdi. Elmira balkona çıxdı. O, qaranlıq düşəndən sonra Bakını balkondan seyr eləməyi çox sevirdi. Yağışdan sonra islanmış və gecə işıqlarından parlayan küçələrə, birmərtəbəli evlərin arasından vulkan kimi püskürüb yüksələn yeni tikililərə, onların binasına paralel tikilmiş binaya xeyli baxdı. Uzaqdan həyət evlərinin işıqları ulduzlu xalçaya oxşayırdı. Sanki zəif közərmiş sarı, ağ ulduzlardan xalça toxunmuşdu. Qonşu binada bir neçə evin işığı sönmüşdü, sakinlər ya evdə yox idilər, ya da ki, erkən yatmışdılar. Axşam binada işığı yanmayan evlər Elmiranı yaman darıxdırırdı; işıq yanırsa, deməli, o evdə həyat var. O evin sakinləri xoşbəxtdirlər, yanmırsa, o ev atılmış kimi görünürdü və ona elə gəlirdi ki, həmin evdə insanlar sevincdən xəbərsizdilər. Əlbəttə ki, bu heç də belə deyildi, amma nədənsə Elmira evlərdə işıqların yanmasına sevinirdi.
Gecədir. Xalid Elmiranın səsinə yuxudan ayıldı. Elmira yuxuda zarıyırdı. Xalid yerində dirsəklənib arvadını oyatmaq istədi, amma onu qorxudacağından narahat olub oyatmadı. Bir neçə dəqiqə: “Bəlkə yuxu görür“ – düşünərək sakit-sakit zarıyan arvadına baxdı. “Nəsə yuxuya oxşamır, deyəsən, canı ağrıyır”, – əlini uzadıb Elmiranı yavaşca çiynindən silkələdi:
– Ema, Ema…
Elmira gözlərini açdı, ağlamsınaraq dedi:
– Ağrıyıram.
– Haran ağrıyır?
Elmira sinəsini göstərdi:
– Buram.
– Masaj eliyim?
– Yox, olmaz.
– Neyniyim səninçin, bəlkə dərman gətirim?
– Yox, indi keçər.
Elmira, ayağa qalxıb vanna otağına keçdi. Xalatı açıb sinəsinə baxdı. Pünyarının yaxası islanmışdı. Döşü şişib qızarmışdı. Giləsinin dərisi qurumuş torpaq kimi cadar-cadar idi.