
Полная версия:
Saz
Oğlanları gedəndən sonra, axşamlar evdə darıxanda qoca hərdən sazı köynəkdən çıxarırdı. Eyni ilə Bəhmən kimi, kürəyini qovağın gövdəsinə söykəyib, eyni ilə Bəhmən kimi narın-narın “dınqıldadırdı”, vaxtilə Çürüyün danışdığı və ən yaxın adamlarına “şərh” elədiyi məxfi “Elm dastanı”ndan bir beyti öz ürəyinə yatan şəkildə, “qol-qanadını sındıra-sındıra”, xırıltı ilə oxuyurdu:
Gəl, ey Şeşpayi-bəhrim,Qalmadı tabanım, təhrim.Düşmən gəlib məni kəməndə salar,Şah babamın gözü yolda qalar.Nə deməkdi bu “Şeşpayi-bəhr?” Bu, sirr idi. Əmma qoca hər dəfə yalnız bu beyti oxuyurdu və hər dəfə gözləri dolurdu. “Gəl, ey Şeşpayi-bəhrim! Şah babanın gözünü yolda qoyma, gəl!” – deyirdi.
Bir axşam, həmişəki qayda üzrə, araba yağı ilə çəkmələrini silib, gödəkcəsi çiynində, təsbehi əlində, idarədə vaxt keçirib evə qayıdandan sonra yenə sazı götürdü. Ancaq çalmadı. Bir tərəfini iri, uzun taxt, o biri tərəfini yorğan-döşək yığını və taxıl çuvalı tutmuş otağın yuxarı divarında, uşaqların əli çatmayan yerdən mıx vurub sazı ordan asdı.
– Tilsimləndi bu saz. Bəhmən gələnə qədər köynəkdən çıxmıyacaq, – dedi.
Sazın necə, niyə “tilsimləndi”yini isə deməyib evdən çıxdı.
Qovaqdan xeyli solda, eynilə “köhnə dudman” kimi, dirəklərin aralarına dolana-dolana uzanan ağac budaqlarından hörülmüş alçacıq “mal damı”nın qabağında qara inəklə keçənilki, builki balalarının gözləri üç cüt fanar kimi parıldayırdı. Ağcaqanadın əlində əsir heyvanlar tez-tez ayaqlarını yerə döyə-döyə, fısqırışa-fısqırışa gözlərini qocaya dikib imdad istəyirdilər. İsfəndiyar kişi damın dalına fırlanıb ordan bir qucaq quru-taqqanaq təzək gətirdi, kom-kom çayırları qaralan geniş, hamar həyətin üzərini bütün qapamış sıx yarpaqlı budaqların altında, bir neçə yerdə təzək yandırdı, kürəyini qovağın gövdəsinə söykəyib oturdu.
Təzəklərin acı tüstüsü budaqların altına yayıldıqca qocanın başının dövrəsində ağcaqanadların vızıltısı azalırdı. Heyvanların fısıltıları, ayaq tappıltıları kəsilirdi. Pəncərə arxasında piltəsi aşağı çəkilmiş yeddilik lampanın solğun işığında cərgə ilə dirəkləri bozaran balkonda qaranquşlar hərdən yuxulu-yuxulu civildəşirdilər. Qovağın başında, nədənsə, yuvasına hər il tək gəlib, tək də gedən hacıleylək dimdiyini şaqqıldadırdı. İsfəndiyar kişi uzun illərdən bəri alışdığı bu səslər içində, qəmli-qüssəli, yenə də oğullarını düşünürdü. Cavanların ikisini də birdən sinəsinə sıxan pəhləvanı, iri, ağdəstə bıçaqla Rəhmanın çəkməsinin boğazını kəsən feldşerin həyəcanlı, qayğılı qışqırtısını xatırlayırdı.
Oğullarını müxtəlif yaşlarında, min-milyon vəziyyətlərdə – evdə, süfrə başında, səhər-səhər su quyusunun üstündə qurşaqdan yuxarı soyunub bir-birinin boynuna, kürəyinə vedrədən sü töküb şappır-şuppur yuyunan yerdə, “köhnə dudman”da körük basan, çəkic vuran yerdə və sair vəziyyətlərdə xatırlaya bilərdi.
Bəs niyə pəhləvandan başqa yalnız Hacı ilə bağlı görürdü? Niyə yenə ürəyi ağrıyırdı?
Bu gün heç bir dəfə də çəkic vurmadı. Körüyü basa-basa, taqətsiz əyilib kətilə çökdü. Elə bil hardasa, nə isə müsibət baş vermişdi. Ya da elə bil nə isə olmalı idi, necə deyərlər, sümüyü duymuşdu. Bəlkə idarəyə qayıtsın, ancaq gecə yarıya qədər tay-tuşları ilə otursun, o yandan-bu yandan söz-söhbət eşitsin, fikri-xofu dağılsın?
Pəncərələrin arxasında lampanın işığı artdı. “Yük yeri” ilə, yəni yorğan-döşək yığılan künclə taxtın arasında kölgələr dolandı. İndi ya Pəri, ya da Tubu “çökək cəm”də qayınatasının “axşam qisməti”ni – “gözünə azca süd qatılmış qatığı” gətirib, “gecən xeyrə qalsın” deyib, “lap axşamdan yatmalı” idilər ki, səhərin alatoranında “öhö, öhö” eşidəndə, oyana bilsinlər, İsfəndiyar kişi isə, hələ bir xeyli də oturmalı idi.
Kənddə arvadların arasında xısın-xısın söhbət gəzirdi: “Yazıq dəmirçi bir-birindən cavan gəlinlər içində qalıb”. “Gün işığında gəlinlərin üzünə baxmır, deyir yanaqlarının solğunluğunu görmək istəmirəm”. “Qaranlıq qarışanacan idarədə oturub, evə gedəndə də elə həyətdə oturur, içəri baş salammır”. “Belə getsə üzüləcək kişi”. İdarənin qabağında, dəhlizində arvadlar arxasınca baxıb xısın-xısın danışanda, İsfəndiyar kişi onların məhz belə sözlər dediklərinə şübhə eləmirdi. Deyilənlərin hamısı doğru idi. Əmma neyləmək olardı? Bəlkə bu həyat tərzini dəyişmək lazımdı? Necə, nə yolla? Oğlanları gedəndən sonra dəmirçixanaya qayıtmaq istədiyini deyəndə, idarə heyətində heç kəs razı olmadı. Kolxoz sədri, Çeteze ləqəbli Çeteze İskəndər dedi: “Yetmiş yaşında, əlinə çəkicmi götürəcəksən, a kişi?!” Sovet sədri Qılınc Qurban təpindi: “Bizi biabır eləmə, sən Allah, İsfəndiyar kişi!” Kəndə başqa yerdən dəmirçi gətirmək istədilər. Əmma İsfəndiyar kişinin fikri qəti idi. “Həm cəmaata azdan-çoxdan xeyrim dəyər, həm də özümün başım qarışar”, – dedi və elə ordan birbaş “köhnə dudman”ın qapısını açmağa getsin? Bundan başqa neyləmək olardı? “Başım qarışsın” deyib, bütün gecəni də səhərə qədər dəmir döysün?!
Qoca tamam səbirsizləşib, yerində qımıldanıb, kəndin işıqlarına baxdı. Burda, bu sallaq budaqların altında, acı təzək tüstüsü altında saatlarla oturmaq da adamı lap təngə gətirir. Bəlkə durub sovet sədrinin yanına getsin, yerli hökumətin əli ilə oğlanlarının “polevoy poçt”una məktub yazdırsın, xəbər tələb etsin? Yaxud, bəlkə elə bu dəqiqə durub dəmiryol vağzalına getsin, rayona yola düşsün, voyenkom Talıbovun öz əli ilə məktub yazdırsın?..
Qoca bu fikirlərə necə qapıldısa, qaranlıqda bir yanının üstünə çökə-çökə, tərəddüdlə, dayana-dayana gəlib salam verib, beş addım aralıda, su quyusunun dikdirinin kənarında oturan adama diqqət yetirmədi. Yalnız feldşer ayağa qalxıb, həmişkitək yorğun və xəcalətli səslə: Gecən xeyrə qalsın, – deyəndə qoca onu gördü.
– Hacı?.. Ay oğul, sənsənmi? Çoxdanmı buradasan? Dayan görüm!..
Feldşer dayanmadı.
– Yaman darıxdım, gəldim ki, bir az saza qulaq asım, İsfəndiyar əmi… Gecən xeyrə qalsın.
Qoca təəccüblənmişdi. Nə əcəb belə, çağırılmamış gəlib Hacı? Yarası köhnəlmişdi, daha utanmırdı yazıq.
– Əylən! Belə getmə… Heç bilmirəm nədəndi, halım xarabdı, oğul. Əvvəl saz dadıma çatardı. İndi o da belə oldu. Necə deyim, heç bilmirəm necə başa salım. Tilsimləndi Bəhmənimin sazı, oğul. Çalammıram daha. Əlim gəlmir.
Hacının nazikcə qaraltısı dik dartılıb hərəkətsiz qaldı.
– Necə yəni tilsimləndi, ay İsfəndiyar əmi?!
Qoca fikrə getdi. Necə danışsın, necə izah etsin?
Kətildə oturub körük basdığı yerdəcə yatıb röya görmüşdü. Daha doğrusu, heç nə görməyib ancaq Bəhmənin səsini eşitmişdi: “Günlərin birində idarədən evə dönəndə qulağına Təvər sazda “Divanı” gəlsə, bil ki, qayıtmışam, baba”.
Qoca diksinib oyanmış və indi Hacının qaraltısına baxa-baxa necə hərəkətsizdisə, beləcə donub qalmışdı: “Bu nəydi eşitdim, ya rəbbi?!”
İkinci dəfə mürgüləyib yenə Bəhmənin səsini eşitmişdi: “Saz kökdən düşsə, bil ki, mənim başımda qaranlıq var, baba”. Qoca yenə diksinib oyanmış, bu dəfə heyrət əvəzinə xof içində evə yüyürmüşdü. Sazı köynəkdən çıxarıb, barmaqları titrəyə-titrəyə simlərə toxunmuşdu. Bir il bundan qabaq Bəhmənin əlləri ilə çəkilib “Divani” üstündə köklənmiş simlərin bu bir ildə kökdən düşməməsi mümkün olan şeydi, əmma bu da qocaya hikmətli bir əlamət kimi görünmüşdü. Və sazı divardan asıb, əl vurmağı qadağan eləmişdi.
Röyasını olduğu kimi danışdı, köksünü ötürdü.
– Əl vursam, qorxuram kökdən düşər. Onçun deyirəm, tilsim deyilmi?!
Hacı ağır-ağır başını tərpətdi.
– Tilsimdi. Nəsə belə şeydi. Əmbə burası da var ki, səni saxlıyan o sazdı. Açığı, elə mən özüm də sabah-sabah fikirləşirəm ki, axşam İsfəndiyar əmi çalacaq, oxuyacaq. Əmbə gələmmirəm, qıraqdan qulaq asıram. Bu axşam heç bilmirəm nə oldu, mən də elə sən təki doldum, köyrəldim, yaxın gəldim… Gecən xeyrə qalsın.
Sol ayağının üstə çökə-çökə aralandı, qaranlıqda gözdən itdi.
İsfəndiyar kişi qəhərlənmişdi.
– Yaxşı olmadı… Heç yaxşı olmadı. Bəlkə Çürükdən, bir ayrı, köhnəsi olar, saz istəyim? Yox, Abı nəsə deyər, bağrım çatlayar. – Heç hiss eləmirdi ki, öz-özünə danışırdı.
4Dəmiryolun qırağında “Məhərin budkası” adlanan tikili, – qırmızı kərpicdən xırdaca bir qalaça kimi qaldırılıb, hər iki mərtəbəsində bir cüt xırdaca pəncərəsi qaralan yarımstansiya, əslində “Məhərrəmin budkası” adlanmalı idi. Əmma Məhərrəmin dul anası Mələk qarı ilə qızları Pəri, Tubu da “Məhərrəm” əvəzində “Məhər” dediklərinə görə bütün Qurbanlı “Məhərin budkası” deyirdi. On-on beş ildi ki, Məhər Moskvaya gedib, ordan Bakıya köçüb, “Çekist Məhərrəm”, “Məhərrəm Abbasoviç” olmuşdu. Anası Mələk qarı, eynilə Axsaq Hacı kimi axsayan “Teymurləng” ləqəbli uzunhoqqar böyük oğlu, gəlini, nəvələri ilə birlikdə o “budka”-dan Orta kənd Tahirliyə köçəndən sonra üç para kəndin üçü üçün də əlverişli olan o yarımstansiya bağlanmışdı. Əmma hərdən gecələr o xırdaca pəncərələrdə, iki mərtəbənin ikisində də işıq parıldayırdı. Qurbanlının dəmiryol səmtində, kiçicik, çəpərsiz bağla qovaq ağacı nəzərə alınmasa, tamam açıqlıqda olan təkotaqlı, uzun balkonlu evin həyətindən boylananda pəri ilə Tubu o xırdaca pəncərələrin parıltısını görüb, gözlərini silirdilər. Çünki əvvəllər o pəncərələr Məhər, arvadı, uşaqları ilə Bakıdan gələndə parıldayıb, öz işığı ilə Pərini, Tubunu, İsfəndiyar kişini görüşə, qonaqlığa çağırardı. Müharibə başlayandan sonra isə, o xırdaca pəncərələr parıldayanda Qurbanlıdan baxanların hamısı bilirdi ki, “budka”-dakı işığı daha Məhər yox, “İstrebitlnıy batalyon” – “Qırıcı batalyon” adlanan silahlılar dəstəsinin komandiri, sovet sədri Qurban kişi – Qılınc Qurban yandırırdı, “batalyon”un üzvləri, o cümlədən üç para kəndin kolxoz sədrləri o işığa yığışanda Qılınc Qurban “soveşşani” keçirib, “voyenni svodka”, qaçaq-quldur, “şpiyon”-filan barədə danışardı.
“Axşam qisməti”ni könülsüz-iştahsız yeyib, dəmir camı, qarğı qaşığı quyunun üstündə həmişə su ilə dolu olan vedrənin suyu ilə yuyub, aparıb balkonun altında pəncərənin qabağına qoydu, yenə qovağın altına qayıdıb, üstünü kül basan təzəkləri çəkməsinin burnu ilə tərpədə-tərpədə közərtdi, daimi yerində oturub, yenə də sinəsində bərk ağrı hiss edib, orta pəncərənin arxasında, divarda köynəyi qaralan saza baxdı, nigaran, narahat dönüb ambulatoriya səmtinə, sonra Məhərin budkasının parıldaşan pəncərələrinə boylandı.
Müharibə başlanandan bu vaxta qədər içərisi palçığı çıxarılmayan kanaldan sızan sularda – gölməçələrdə, bol şehdən bozlaşmış çəmənlikdə, tala-tala qaralan göy qamışlıqlarda qurbağalar quruldaşırdı. Budkadan solda dəmiryol boyunca solğun bir fənər işığı axırdı: drezen keçirdi. Qurbağaların qurultusundan təkərlərin səsi eşidilmirdi. Arada necə oldusa qurbağaların hay-küyü azaldı, drezenin uğultusu, təkərlərinin taqqıltıları eşidildi. Sonra işıq yavaşıyıb dayandı. Budkanın yanında, qırmızı simoforun altında drezendən kim isə düşdü. Göyün üzünü çərmə tutub qaranlığı qatılaşdırsa da, fənər relslərin üstündə ancaq bir tikə yeri işıqlandırsa da, İsfəndiyar kişi drezendən duşən adamın sürətlə kəndə yönəldiyini gördü.
Məhərin budkasının yanında drezen dayanması, drezendən adam düşüb kəndə gəlməsi nadir hadisə deyildi. Alverçi Xeyrə, yaxud yetim poçtalyon qız vaxtlı-vaxtsız vağzala gedəndə, drezendə işləyən oğlana pul verib həmişə onunla qayıdırdılar. Hərdən stansiyada bir neçə saatlığa, bəzən bir günlüyə eşalon dayanırdı, dəmiryola, vağzala yaxın pambıq sahələrində işləyən arvadlar kətmənləri atıb kəndə yüyürürdülər, süd, qatıq, ərik, alça aparıb əsgərlərə paylayırdılar, gecikib qaranlığa düşəndə onlar da drezenə doluşub qayıdırdılar… Başqa vaxtlar, gecə yarısında yarımstansiyaya drezen gəlməsinə İsfəndiyar kişi o qədər də fikir verməzdi. İndi bəs niyə belə diqqətlə baxdı? Nədən birtəhər oldu? Məsafənin xeyli uzaqlığına və düşən adamın yalnız qaraltısını gördüyünə baxmayaraq, İsfəndiyar kişiyə elə gəldi ki, onun əynində əsgər paltarı var. O adam budkanın gur işıqlı pəncərəsinin qabağından ötəndə hətta belində arxa çantasını gördü.
Qoca dik atıldı, qaranlıqda ağrıdan qıvrılıb, cığır-filan seçmədən üzünü birbaş Məhərin budkası tərəfə tutub, burda hər addımda bitən xırda ulğun kollarına, keçən ildən qalma yovşan, biyan köklərinə ilişə-ilişə gedib, dayanıb, ürəyinin döyüntüsündən başqa heç nə eşitməsə də, heç nə görməsə də çəmənə hay saldı:
– Ay adam! A gələn!.. Ay oğul, kimsən? Əsgərsənmi?! Mən İsfəndiyaram. Dəmirçi İsfəndiyar. Qocalığın üzü qara olsun, qaraltını seçəmmirəm. Səsini çıxart, görüm kimsən?
Dinlədi. Qaranlıqda qurbağaların qurultusundan və qulaqları dibində fırlanan ağcaqanadların vızıltısından savayı heç nə eşidilmirdi.
– A gələn, səsini niyə çıxartmırsan?..
Yenə də heç nə eşidilmədi.
Sonra birdən su şırıldadı. Yüz addımlıqda kim isə gölməçəyə düşdü. İsfəndiyar kişi bunun bayaqkı əsgər olduğuna şübhə etmədi. Gölməçəyə girməyindən də məlumdu ki, ayaqlarında su keçirməyən “girzovıy sapoq” – əsgər çəkmələri vardı. Cığırı bir yanda qoyub suya girib, qar-qamışı xışdaya-xışdaya kəsəsinə kəndə gedirdi. Bir tərəfi yəqin ki, buludun altına düşüb kölgələnmiş, o biri tərəfi isə süd kimi ağaran gölməçənin içində elə bil at çapırdı.
– Ay adam! Ay oğul! Bəridən gəl, bəridən! – Qocanın səsi qırılıb zəiflədi. – Nə yaman tələsirsən, ay anan-bacın ölsün! Kimsən, kimi sevindirməyə gedirsən, ay həsrətli oğlan?! Kimin oğlusan, kimin qardaşısan, kimin ərisən? Hansı bəxtəvərin evinə gedirsən?.. Bəlkə… – Bu “bəlkə”nin dalınca gələn sözləri deməyə İsfəndiyar kişinin cəsarəti çatmadı.
Əsgər sürətlə, şarap-şurupla gölməçəni adlayıb keçdi. Uzaqda yenə çəkmələrin çappır-çuppuru eşidildi.
İsfəndiyar kişi geri döndü. Ancaq tələsmədi. Əksinə, qalın çəmən otlarının, biyanların arasında ayaqlarını sürüyə-sürüyə, yavaş-yavaş bir neçə addım atıb, dayanıb, kəndə qulaq verdi. Gecənin bu vaxtı kəndə əsgər gələndə və ya kimdənsə şad xəbər çıxanda dərhal məlum olurdu: kənddə qışqırışma, muştuluqlama, ağlaşma, gülüşmə başlanırdı, adamların səs-küyü itlərin hürüşməsinə qarışırdı. İndi bəs niyə sakitlikdi? Bəlkə xəyallanmışdı qoca, gözü alacalanmışdı?
Addım-addım kəndə yaxınlaşıb dayanırdı, dinləyirdi, yenidən yeriyib yenə dayanırdı, bir də dinləyirdi. Sifətini soyuq tər basmışdı: ürəyi də elə bil hərdən dayanıb, qaranlığa qulaq kəsilirdi.
Hardasa, deyəsən, Məhərin budkası səmtində at fınxırdı. Yüyənin gəmi atın dişlərinə toxunub cingildədi. Gölməçədəki şappıltıdan sonra səslərini kəsmiş qurbağalar ordaburda vaqqıldamağa başladılar. Kəndin ucqarında, ulduzları sayrışan bir parça buludsuz göy altında nəhəng ot tayasıtək qaralan qovağın başında hacıleylək dimdiyini şaqqıldatdı. Kənddən, camaatdan isə şadlıq bildirən bir şey eşidilmədi.
– At bu dəfə lap yaxında fınxırdı. İsfəndiyar kişi baxıb, yastı rus yəhərinin ortasında dimdik oturmuş xırdaca qaraltısından sovet sədrini – Qılınc Qurbanı tanıdı.
– A Qurban, sənsənmi?
– İsfəndiyar kişi?.. Gecəquşu təki bu vədə çöldə-biyabanda nə gəzirsən, a kişi? Dana, buzov itiribsən nədi?
Qoca dedi:
– Məhərin budkasının yanında drizindən adam düşdü. Ona baxırdım.
Qılınc Qurban bir ara duruxub, soruşdu:
– Nə adamdı?
Qoca dedi:
– Əsgərə oxşatdım, vayenniyə… Özü də bu yana gəldi, bizim kəndə sarı… Belində arxa çantası. Mən bilən, əsgəriydi, a Qurban.
Qılınc Qurbanın damağında papiros közərib quru dodaqlarını, xırdaca burnunun ucunu və qırışlar arasında iri, düşüncəli gözlərini işıldatdı. Qaranlıqda qoxusu düzənliyi götürmüş göy biyanların ara-bərəsində burnunu gəzdirib otlardan xırp-xırp qopararaq ağzında yüyəninin gəmini cingildədə-cingildədə çeynəyən atın başını çəkib kəndə tərəf baxdı.
– Əsgər gələ, kənd də belə lal-dinməz ola?
Qoca dedi:
– Mən də elə ona mat qalmışam, a Qurban.
Qılınc dedi:
– Yəqin gözün alacalanıb.
– Olar, olar… Vallah, nə desən olar… – İsfəndiyar kişi səsində titrəyiş hiss edib, bir-iki ağız “ühü-ühü” elədi. – Görükür, doğrudan, gözüm alacalanıb.
– Yeri yıxıl yat, yeri! – Sovet sədri atını tərpətdi. – Mən də deyirəm, gecə vaxtı, görəsən, bu nə qaraltıdı burda. Get yıxıl yat. İlişərsən, yıxılarsan, baldırın-başın sınar, bu zülmətdə hoyuna yetişən tapılmaz!
İsfəndiyar kişinin fikri hələ də kənddə idi. “Baldırın-başın sınar” sözləri xəyalını uzağa aparsa da, kəndə boylanırdı. Sovet sədrinin xeyli gedəndən sonra cilovu çəkib atın başını geri döndərdiyini, papirosun közərtisindən işıldayan gözlərlə ona necə diqqətlə baxdığını hiss eləmirdi. Axı, əsgəri tamamilə aydınca görmüşdü. Əynində paltarını, belində arxa çantasını, hətta başında pilotkasını da seçmişdi. Bu dərəcədə də göz alacalanar?.. Yerə girdi, göyə çıxdı, hara qeyb oldu o adam?!
Atın göy ot qoxuyan isti nəfəsi yan tərəfdən qulağına vurdu, İsfəndiyar kişi diksinib başını qaldıranda yenə sovet sədrini gördü.
Qılınc Qurban hirslənmişdi:
– Sənnən deyiləmmi, a kişi? Niyə dillənmirsən?
İsfəndiyar kişinin sifəti alışıb-yanırdı. Əyilib əlini sərin ota çəkdi, buz soyuqluğunda şehdən islanmış ovcunu alnına sürtdü, köynəyinin açıq yaxasından uzadıb ürəyinin üstünə çəkdi. Ağır-ağır dedi:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Примечания
1
Gavahın – kotanın kəsəri.
2
Taral – tənbəl, müftəxor.
3
Cənubi Azərbaycan.
4
Jmıx – günəbaxan qabığından düzəldilmiş qaramal yemi.
5
“Əgər sabah hərb olarsa hazır ol…” – rusca bu mahnı otuzuncu illərdə Azərbaycanda çox məşhur idi.
6
OdEvƏr – Yalnız Aşıq Alı, ƏlƏsKər kimi ustad aşıqların bildikləri qədim OdƏr – “Tərik” – “Türk” dilində OdEvƏr işıq evinin (kainatın) həqiqəti deməkdir.
7
AlOsman – Türkiyədə dağ adıdır. Məşhur hökmdar Osman bəyin OdƏrcə həqiqi adı ƏsMən idi; mənası: əsən (yaradan) əlim – oğlum. “Səsi AlOsmana çatır” ifadəsinin mənası: səsi ƏlƏsMənə, yəni Qrek, Fars, Ərəb imperiyalarından gizlədilən ƏsƏlMənə —“Süleyman”peyğəmbərə çatan.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов