banner banner banner
Məhşər
Məhşər
Оценить:
Рейтинг: 0

Полная версия:

Məhşər

скачать книгу бесплатно

Məhşər
İsa Muğanna

Milli ədəbiyyat #29
Əsərdə Əmir Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub.

İsa Muğanna

Məhşər

Mən cümlə cahanü kainatəm…

Nəsimi inkar

1

Yer üzünün bir qismində Teymurləng, o biri qismində Tamerlan adı ilə tanınan Səmərqənd əmiri ilk yürüşlərini başa vurub İranı, Azərbaycanın cənub torpaqlarını, Ərməni və Qaxeti fəth edib, Kür çayı boyunca Azərbaycanın şimalına gəlib, burada gözlənilmədən Şirvanşah İbrahimlə müqavilə bağlayıb Səmərqəndə qayıtmış, səltənətinin düşməni-Qızıl Orda hakimi Toxtamış xanla növbəti vuruşmalardan sonra yeni, böyük yürüşə başlayıb, bu dəfə Bağdada qədər gedib çıxmış, oradan qayıdanda isə İran-Rum sərhədində İldırım Bayəzidə bac verən qalalara basqın etmiş, qarət malını və ailəsini yaz açılana qədər Zəncanda qoyub, Bayəzidin lap qulağının dibində, Ərməndə qışlamağa getmişdi. Bu o deməkdi ki, Teymur artıq öz qüdrətinə inanır və Sultan Bayəzid kimi şöhrətli bir cahangirdən belə çəkinmirdi. Bu vaxt Rum torpağı içərisində, öz iqamətgahı Bursda oturub tərpənməyən Bayəzidlə birlikdə, Rum qılıncına itaət edən hakimlərin hamısı gərgin diqqətlə,Teymurun yeddi yüz minlik selinin hərəkətinni izləyirdi. Artıq hamıya məlum idi ki, həmlələrini qara atlı, qara geyimli süvarilərin ox yağmuru ilə başlayıb, kəhər atlı, qırmızı geyimli bölüklərin axını ilə qurtaran bu dəhşətli selin qarşısında duruş gətirə biləsi bir qüvvə yoxdur. Sayca çox ordu ilə bərabər, Teymur həm də rəhmsizliyi ilə dünyanı sarsıtmışdı. İnsan başından minarələrin, xəndəklərə tökülüb diri-diri basdırılan minlərlə adamın sorağını alan hakimlər, Teymurun yaxınlaşdığını eşidən kimi qala divarları arasına çəkilir, fürsət varkən qaçıb qurtarmaq üçün hazırlıq görür və ya qırğının qabağını almaq ümidi ilə təslim olmağa tələsirdilər. Yeddi yüz minlik selin viran qoyduğu ərazidə tək bir ölkə qalmışdı ki, Teymur onu rəsmən səltənətinə daxil etsə də, əslində təslim edə bilməmişdi.

O ölkə Azərbaycan idi. Qalalar arasında tək bir qala qalmışdı ki, Teymur onu uzun illər ərzində mühasirədə saxlasa da, heç cür ala bilmirdi. O qala Naxçıvanda Əlincə qalası idi. Əlincənin hələ təzə mühasirə edildiyi vaxtlar, Teymurun ordu rəislərindən Əmir Qıymaz, Naxçıvanı dağıtmış, gizlin, yeraltı yollarla Əlincəyə əsləhə və azuqə daşıyan əhalidən beş yüz nəfər kişi seçib, şəhərdə Ziyaülmülk günbəzi adlanan məbədgaha doldurmuş və pəncərələrdən uzun müddət az-az saman tüstüsü buraxaraq, işgəncə ilə boğdurmuşdu ki, bu qırğın salamat qalanlara ibrət olsun, daha heç kəs qala müdafiəçilərinə kömək göndərməyə cürət etməsin. Lakin hələ Ziyaülmülk müsibətindən əvvəl də qalada teymurilərə müqavimət göstərəcək qədər qüvvə vardı. Arazın o tayında Təbrizdən, Kür boyunda Tauş qalasından, Şamxordan və Gəncədən, Şirvan səmtində Şəkidən əli silah tutanların hamısı axışıb Əlincəyə doluşmuşdu. Qalanın içərisindəki geniş dağ yastanasında dəmyə taxıl əkir, mal-davar saxlayır, daşlardan sızan bulaq suyu içir, hündür bürclər və sıldırım qayalar belində gecə-gündüz keşik çəkir və fürsət düşdükcə enişaşağı tökülürdülər.

Lakin teymurilərlə döyüşən yalnız qala müdafiəçiləri deyildi. 1393-cü ilin yazında, Əlincəni mühasirədə saxlayan ordunun qarovul qoşunları ilə, gecə qaranlığında gizlin yolla tuluqlarda qalaya neft aparan naməlum bir dəstə arasında qısa, amma qanlı bir toqquşma baş vermişdi. Bu, uzun illər ərzində, ilin bütün fəsillərində baş verən, həm azərbaycanlılar, həm də teymurilər üçün adi bir hadisə idi. Ancaq Teymurun Bağdad yürüşündən qayıtdığı vaxta düşdüyünə görə bu hadisə narahatlığa və səs-küyə səbəb olmuşdu. Şirvanşah İbrahim, toqquşmada həlak olan alimənsəb teymurilərin qəbirləri üstündə təziyyə namazı qılmaq üçün Şirvan sədrəddini[1 - Sədrəddin – yüksək ruhani rütbəsi.] Şeyx Əzəmin və vəzirlər vəziri qazi Bayəzidin başçılığı ilə Şamaxıdan Naxçıvana mötəbər məscid əhlindən ibarət böyük bir dəstə göndərmişdi. Məqsəd qalaya neft aparanların neft mənbəyi Bakıya, bakılılara və ümumən Şirvana dəxli olmadığını, yəni İbrahimin öz qüdrətli müttəfiqinə xəyanət etmədiyini sübuta yetirmək idi. Ancaq iş elə gətirmişdi ki, bu barədə deyib-danışmağa ehtiyac qalmamışdı: Qazi Bayəzid döyüş meydanından neft aparanların mənsubiyyətini göstərən bir papaq tapıb Şeyx Əzəmə vermiş, Şeyx Əzəm isə bu papağı əvvəlcə Teymurun oğluna-İran və Azərbaycan hakimi Miranşaha göndərmək istəmiş, sonra Miranşahın öz iqamətgahı Sultaniyyədə olmadığını öyrənib, bu vaxt sorağı Bağdad-Təbriz yolundan gələn Əmir Teymurun özünə göndərmiş və tapşırmışdı desinlər ki, Əmir Teymurun müzəffər ordusunun yeddi il ərzində Əlincə qalasına bata bilməməsinin sirri bu papaqdadır. Papaq bəyaz keçədən idi. Ərmən, yunan keşişlərinin papaqlarına-mitraya bənzəyirdi. Qabağında göy ipəkdən barmaq enində şəridi, kənarlarında at qılından hörülmüş bir qarış uzunluğunda möhkəm saçaqları vardı.

Şeyx Əzəmin müridləri Bağdad-Təbriz yolunda Əmir Teymurun düşərgəsinə yetişib kim olduqlarını, nə üçün gəldiklərini deyib, hökmdarın hüzuruna çağırılanda, onlarla birlikdə çadıra dəvət olunan alimənsəb seyidlər birağızdan təsdiq etmişdilər ki, bu papaq İran və Azərbaycan əsnafının[2 - Əsnaf – “sinif” sözündən, peşəkarlar.] «Fəzl» adlandırdığı din düşməni kafir Fəzlullah əl-Hürufinin müridlərinə məxsusdur, belə uzunsaçaqlı bəyaz papağı ancaq o məlunlar-hürufilər qoyurlar. Fəzlullah adında və «hürufi» kəlməsində nə hikmət vardısa, deyirlər ki, Teymur qapqara olub, papaq əlində, dinməz-söyləməz çadırdan çıxıb, dərhal səfər elan etmişdi.

Bu vaxt Şeyx Əzəm artıq Şamaxıda imiş, Novruz bayramı və şahın tacgüzarlıq günü münasibət ilə Şirvanşah İbrahimi, ailə üzvləri və alimənsəbləri ilə birlikdə məscidə dəvət edibmiş.Namaz qurtarandan sonra, şah yığışıb getməyə hazırlaşanda, kim isə onu xəncərlə vurmağa cəhd etmiş, amma şahın üstünə cumduğu məqamda özü öldürülmüşdü.

Şamaxıda yayılan xəbərə görə, sui-qəsdçini sifətdən heç kəs tanımamışdı, ancaq ölünün cibindən əlifbanın baş hərfi «əlif» şəklində bir açar tapılmış, bu açarı xüsusi mücrü içində şah dərgahına aparıb İbrahimə təqdim edən Şeyx Əzəm və onu müşayiət edən müridləri demişdilər ki, onlar yaxşı bilirlər – bu açar da hürufilərə məxsusdur.

Bütün bunların nəticəsində, Teymurləng zamanının ən məşhur həkimlərindən[3 - Həkim – filosof.] və Teymurun ən güclü düşmənlərindən biri-Şeyx Fəzlullah Cəlaləddin Nəimi öz daimi iqamətgahı Bakını tərk edib, böyük qızı, həm də varisi Fatma və yaxın dostları ilə birlikdə, gah Bakı civarının ibadətgah və karvansaralarında, gah da Şirvanın müxtəlif guşələrində, yerini tez-tez dəyişə-dəyişə gizlənməyə məcbur olmuşdu… İllər keçəcək, bir vaxt gələcək, ölünün cibinə qoyulan açarın köməyi ilə düzəldilmiş siyasi fitnə bir də Heratda, Teymurun oğlu Şahruxun iqamətgahında bir qədər başqa şəkildə təkrar olunacaq, hürufilər yalnız «ənəlhəq» deyib Allahı insanda görən küfr əhli kimi yox, həm də sui-qəsdçilər və qatil dəstəsi kimi qələmə veriləcək, bu iftiranın və şəriət qanunlarının əsasında, ən görkəmli islam xadimlərinin imzası ilə, hürufi elminin mahiyyətini təhrif edən fitva[4 - Fitva – hökm.] çıxarılıb uluslara, şəhərlərə göndəriləcək, beləliklə, Teymur səltənətinin paytaxtı Səmərqənddən başlamış,Teymurun varislərinin və əmirlərinin hakim olduqları yerlərin hamısında, hürufi əqidəsinə qulluq edənləri təqib və qırğınların yeni dalğası başlanacaq, Fəzl müridlərinin böyük əksəriyyəti məhv olacaq, salamat qalanlar yazacaqdılar: «Başımız çox bəlalar çəkmişsə də, biz amal və əqidəmizdən imtina etmirik. Biz bilə-bilə həyatdan əl çəkmiş, arvad-uşaqlarımızı qəddar düşmənin əlində qoymuşuq və son nəfəsimizə qədər mübarizə apararaq, Hüseyn[5 - Hüseyn(Həllac Mənsur) – X əsrdə İslam qaragüruhuna qarşı məşhur həllacı hərəkatının başçısı, bütün Şərqdə qəhrəmanlıq rəmzi kimi tanınmışdır.] kimi öz həyatımızı əqidəmizə qurban verməyincə sakit olmayacağıq[6 - Şahruxa sui-qəsd münasibətilə Səmərqəndə göndərilən məktubdan.]… İllər keçəcək, bir vaxt da gələcək, həyatı əqidəyə qurban verməyi insan üçün ən yüksək kamillik hesab etsələr də, onlar, qələbə arzusu ilə, müxtəlif təriqətlərə qoşulmağa vadar olacaqdılar, bu səbəbdən də bir tərəfdən islam təzkirəçiləri, o biri tərəfdən frəng[7 - Fərng – avropalı.] səyyahları onları şiə, qələndəri, bəktaşi və sair, hürufilikdən kəskin fərqlənən təriqət adları ilə adlandıracaq, beləliklə, bu dolaşıqlıq və hərc-mərclik içərisində, hürufi anlayışı üzərinə qatı bir anlaşılmazlıq dumanı çökəcək, zaman keçdikcə sonrakı əsrlərdə bu duman daha da qatılaşacaqdı.

Teymurun Azərbaycana ilk yürüşləri zamanı bu deyilənlərin hələ heç biri baş verməmişdi və «hürufi» kəlməsi altında tamamilə aydın bir qüvvə tanınırdı. Nə qədər ki, Teymur Bağdaddan qayıtmamışdı, Şirvanşah İbrahim bu qüvvəyə nəinki toxunmurdu, əksinə, yalnız özünə məlum olan səbəblərə görə hətta onun artıb yayılmasına da kömək edirdi. Fəzlin iqamətgahında gizlin Əmin Məhrəm adı ilə tanınan bir alimənsəb, şahın tapşırığı ilə Arazın o tayından Şirvana pənah gətirən qaçqınlara Fəzl adından taxıl, paltar-palaz və sair, güzəranlıq üçün vacib şeylər paylatdırırdı, qaçqınlar da, təbii olaraq, gəlişlərinin lap ilk günlərindən Fəzlin alim-şair müridlərinin, xəlifələrinin[8 - Xəlifə – müavin.] məclislərinə can atıb, onların moizələrinə qulaq asırdılar. Sifətlərində eyni müsibətin damğasını gəzdirən, hamısı bir-biri kimi bağrıyanıq didərginlər o moizələrdə, hər şeydən əvvəl, söz yox ki, təsəlli və təskinlik axtarırdılar. Ancaq moizə zamanı elmə maraq göstərənlər daha çox olurdu. Belələri, yaşından asılı olmayaraq, savad öyrənir və hürufi elmini tədris edirdilər. Vaxtı yetişəndə isə, nəhayət, «Dilbərin məskəninə», «Yaripünhanın»[9 - Dilbər – ürək aparan; yar – köməkçi, yardımçı, yoldaş; Fəzullah Həiminin gizlin adlarından.] hüzuruna çağırılırdılar. Ziyarətə gedən zəvvarsayağı, pay-piyada Bakıya gedib, orada Fəzlin özünün, varisi Fatmanın və ya onların vəkil etdikləri adamın iştirakı ilə keçirilən təntənəli məclisdə suallara cavab verir, hürufi nizamnaməsi əsasında «həqqə vəfadarlığın şərtlərini», yəni nəyə qabil olduqlarını, elmə məhz nə ilə xidmət edəcəklərini danışıb, «kamillər məclisinin» razılığından sonra xirqə, papaq, qurşaq və taxtadan qayrılmış xırdaca rəmzi qılınc alır, Fəzlin «Cavidannamə»sini[10 - “Cavidannamə” – “Əbədilik əsəri”, Fəzullah Nəiminin əsas kitabı.] öpüb, ustada, onun elminə və qayəsinə son nəfəsə qədər sadiq qalacaqlarına and içirdilər. Beləliklə, rəsmi «Fəzl müridi» adına layiq görüldükdən sonra, bu adamlardan bir qismi müxtəlif gizlin tapşırıqlarla «doqquz şəhərdə doqquz həq ocağı»na, o cümlədən valiəhd Miranşahın bilavasitə hakimiyyəti altında olan Naxçıvana, Təbrizə və Marağaya göndərilirdilər ki, bu şəhərlərdə öz həmvətənləri arasında «Fəzl həqiqətini yaymaq» işində təcrübə qazanıb sınaqdan çıxsınlar və daha geniş miqyasda fəaliyyətdə olmaq üçün Mazandarana, Kürdüstana, Bodlisə, Sərxəsdə, Bəlxə, Kirmana, Hörmüzə, Şiraza, Bağdada, Şama və hətta Səmərqəndə getsinlər.

Fars və ərəb dillərini mükəmməl bilib, Fəzlin kəlamlarını bu dillərdə asanlıqla izah etməyi bacaran alim və şair müridlər, təcrübə və sınaq dövrü keçirmədən, qiyafələrini dəyişdirib dərviş libasında, Teymurun ordusunun ardınca düzülən araba və dəvə karvanlarına qoşulub qonşu diyarlara gedir, bir-birinin ardınca dağıdılan şəhər və kəndlərin xərabəliklərində dolaşan yurdsuz-yuvasız, ac-yalavac insan selinə qarışıb, uçuq divarlar mətərisində, kalafalarda tüstülənən ocaqlar qırağında moizə oxuyurdular, qan-qırğın içində dinə, Allaha, peyğəmbərə etiqadını itirmiş, məhrumiyyətdən çılğınlaşmış adamların qəlbində ümid, etiqad və ehtiras oyadıb, dizlərində, dirsəklərində cır-cındırlarını əsdirə-əsdirə «ənəlhəq» qışqıran dəstə-dəstə Allahlar yaranmasına səbəb olurdular və insan ləyaqətini hər şeydən yüksək tutan bu Allahların sərgərdan-lıqdan əl çəkib, salamat qalan şəhərlərin karxanaları, bazarları ətrafında-əsnaf icmalarında birləşməyini tövsiyə edirdilər.

Bu daim gəzərgi alim və şairlərdən-«rəmzi qılınc bahadırları»ndan başqa, Şirvanda üçüncü qisim müridlər də vardı ki, bunlar Fəzldən xirqə alandan sonra, öz adi həyat tərzlərinə qayıdıb, məskən saldıqları yerlərdəki karxanalarda keçə atır, papaqçılıq eləyir, mümkün olduqda icarə ilə yer əkib taxıl becərir, mal-davar saxlayır, qazandıqları para və nemətləri əsnaf icmasının ixtiyarına verib, həm öz ailələrini, həm də ustadın və xəlifələrin məclislərini təmin edir və nə vaxt isə doğma yurdlara dönüb, Fəzlin vəd etdiyi«ədalət səltənətində» yaşamaq ümidi ilə, Fəzl qiyamının başlanmağını və Teymur səltənətinin dağıdılacağını gözləyirdilər. Bunlar Bakıdan Şamaxıya, Şəkiyə və Şəbrana qədər, Dərbənddən, Xəzər sahili boyundan Muğana qədər, Şirvanşahın ixtiyarında olan torpaqlarda bütün şəhərlərə, karvan yolları üstündə örtülü bazarlara, karxanalara və həmin karxanalar üçün barama, yun, dəri verən kəndlərə, obalara, qışlaq və yaylaqlara səpələnmişdilər. Fəzlin öz iqamətgahını tərk etdiyi günlərdə, gecələr onun daim hərəkətdə olan kiçik atlı dəstəsi ilə xüsusi qasidlərlə[11 - Qasid – səy edən, çalışan. Hökmdaralnn məktub, məlumt aparıb-gətirən qasidlərindən fərqli olaraq, Fəzlin qasidləri həm də səlahiyyətli icraçılar idi.] əlaqə saxlayıb, mənzilbaşında onu qarşılayıb yeni məkanda gizlədənlər haman bu oturaq müridlərdi. Bütün hürufilər kimi, bu müridlər də qeyri-adi dərəcədə cəsarətli, ölümdən pəsinməyən «qorxudan xali» adamlardı. Fürsət düşdükcə, Şirvan ərazisi daxilində Fəzli axtaran atlı dəstələrin başçısı, şahın böyük oğlu vəliəhd Gövhərşahın qarşısını kəsib, Teymurun səfərdən qayıtdığı bir vaxtda, Əlincədə döyüş meydanına hürufi papağı atılmasının da, sui-qəsdin də düşmən işi olduğunu, Fəzli təqib etməklə şahın böyük səhvə yol verdiyini və əğər Fəzlin başına bir iş gəlsə, bütün müridlərin rəmzi qılıncları atıb silaha sarılacaqlarını bildirirdilər. Vəliəhd Gövhərşah, Fəzli heç də həbs etmək yox, şahla danışığa çıxarmaq üçün axtardığını söyləyib, müridləri sakitləşdirməyə çalışırdı. Lakin Əmin Məhrəm adı ilə tanınan gizlin dost tamam başqa, həyəcanlı xəbərlər göndərmişdi: Vəliəhd Miranşah, Şirvanşah İbrahimin Şeyx Fəzlullahı öz himayəsində saxladığını və bununla səltənətə xəyanət etdiyini atasına sübut etmək niyyəti ilə Sultaniyyədən Şamaxıya qasid yollayıb Fəzlin tutulmasını və Naxçıvana, Əlincə yanındakı düşərgəyə göndərilməsini tələb etmişdi, şah isə əksinə, Əmir Teymura həmişəki kimi sədaqətli olduğunu göstərmək məqsədilə, Fəzli hökmdara öz əli ilə təhvil vermək qərarına gəlmişdi.

Fəzlin özündən, dəstəsindəki müşayiətçilərindən və xəlifələrindən başqa, müridlərdən heç biri Əmin Məhrəm adlı dostun üzünü görməmişdi. Ancaq onun etibarına və sədaqətinə heç kəsin şübhəsi yox idi. Hələ ilk qaçqınlar dəstəsinə Fəzl adından çörək paylatdırıb sığınacaq verdiyi vaxtdan bu günlərə qədər Əmin Məhrəm, Fəzlə nə xəbər çatdırmışdısa, hamısı doğru çıxmışdı. Əlincədə döyüş meydanına papaq atıldığını, papağın Əmir Teymura göndərildiyini də, Şamaxıda, Şah məscidində sui-qəsdin nə məqsədlə düzəldildiyini də Əmin Məhrəm xəbər verib Fəzli duyuq salmışdı. Odur ki, vəliəhd Gövhərşahın sözləri müridləri sakitləşdirmək əvəzinə daha da narahat edir və çaxnaşdırırdı: «Dünya elmlərinin məcmuindən yaranmış «Cavidannamə» ilə iki qarış uzununda rəmzi qılıncı bütün silahlardan kəsərli hesab edən və ömürlərində bir dəfə də əllərinə həqiqi qılınc almayan bu adamlar, doğrudan da silahlanmağa, Fəzl yolunda canlarını fəda etməyə hazır idilər.

Fəzlin Bakını tərk etdiyi gündən bir il sonra -1394-cü ilin yazında müridlər arasında Əmin Məhrəmin sonuncu xəbəri yayıldı: Şeyx Əzim rəsmi fitva ilə Fəzli kafir, xəlifələri və müridləri isə mürtəd[12 - Dindən xaric.] elan etmiş, üstəlik, şah da möhür basıb, şeyxə hürufiləri bu fitva əsasında mühakimə etmək ixtiyarı vermişdi. Əmin Məhrəm məsləhət görürdü ki, Fəzl, ailəsi və yaxın dostları ilə birlikdə, Şirvan torpağından çıxıb, əlçatmaz dağlara çəkilsin, müridlər isə təğyirlibas olsunlar və imkan tapdıqca onlar da gedib, təhlükə sovuşana qədər gizlənsinlər. Bu məsləhət özü də Əmin Məhrəm dostun sədaqətini, Fəzl başda olmaqla hamını məhkəmə və edam təhlükəsindən qorumaq cəhdini göstərirdi. Lakin gizlin dost ancaq xəlifələrlə görüşdüyü üçün müridlərə bir o qədər də bələd deyildi və xəbəri yox idi ki, vaxtilə doğma yurdlarından didərgin düşüb Şirvanda nicat tapan bu adamlar, ötən illər ərzində bu torpağa öz xərabə qalmış yurdlarından daha çox bağlanmışdılar.

Bakını «işıqsaçan pir, səcdəgah», cümlə Şirvanı isə «Nicat yurdu» adlandırırdılar. Bundan başqa, müridlər yaxşı bilirdilər ki, Şirvandan getmək, ümumiyyətlə, vətəni tərk etmək demək idi. Bütün Qarabağda, Naxçıvanda və Gəncə tərəflərdə teymurilərin atdan da iti qaçan dəvələr belində silahlı nəzarət dəstələri gəzişir, Mavəraünnəhrdən, Xarəzmdən tökülüb gəlib bu yerlərin canına daraşmış saysız-hesabsız xəbərgir dərvişlərin hişan verdikləri az-maz şübhəli adamı belə, sorğusuz-sualsız, diz çökdürüb boynunu vururdular. Rəmzi qılınc bahadırlarının və qasidlərin gətirdikləri xəbərlərə görə, Şirvan ərazisindən kənarda daha heç kəs əkin-tikinlə məşğul olmurdu. Təbrizdə çörəyin batmanı altmış dirhəmdən doqquz dinara[13 - Bir dinar – yüz dirhəm.] qalxmışdı. Təbriz əsnafı düşmən əlində ölməyi aclıqdan şərəfli bilib, özünü Miranşahın Sultaniyyədən göndərdiyi tamqaçıların[14 - Tamqaçı – vergi yığan.] mühafizəçilərinin qılıncı altına atırdı, buna görə də şəhərdə əhalinin yarıdan çoxu qırılmış, əsnaf məhəllələrində evlər boş, dükanlar bağlı qalmışdı. Bütün bunlardan aydın idi ki, Şirvanı tərk etdikdə müridlər Azərbaycanın heç bir yerində qərar tuta bilməyib Ruma, ərəb İraqına, Əcəm İraqına və ya Suriyaya hicrət etməli olacaq, hələlik ancaq insan bətnində yetişən Fəzl qiyamı gecikəcək, vətən daha bir müddət, bəlkə də həmişəlik yağı tapdağında qalacaqdı. Odur ki, gizlin dostun məsləhəti ilə heç kəs, o cümlədən Fəzl özü də razılaşmadı. Naməlum bir məkanda məşvərətdən sonra, gecə qaranlığında, Şirvanın müxtəlif tərəflərinə atlı qasidlər çapıb, müridlərə nazik Səmərqənd kağızında çoxlu surəti çıxarılmış bir məktub payladılar. O məktubda yazılmışdı:

«Bizə xəbər çatıb ki, Allah yanında hörməti artıq Seyid Əli dərvişlikdən qayıdıb, köhnə iqamətgahımızda bizi axtarır. O əziz və istəkli dərvişimə mənim atalıq salamımı yetirin və deyin ki, Bakı daha qalmalı yer deyil, qoy təcili oradan çıxsın və heç yerdə ləngiməyib birbaş Şamaxıya getsin. Darvazada Dost Əmin Məhrəmin adamı dayanacaq, o adam Seyid Əlini şəhərdə görüş mənzilinə, Yusiflə Mahmudun yanına aparacaq və Yusiflə Mahmud Seyid Əlini bütün işlərdən hali edəcəklər.

Seyid onlarla birlikdə gedib uca minbər qabağında, adı yüksək olanın hüzurunda namaz qılsın və məramımızı o adı yüksəyə yetirsin. Məbada, məbada bir adamın gözünə görünsün. Seyidin şəxsən özünə çatdırın ki, Şamaxıya ordudan çoxlu təğyirlibas adam gedib, şəhərdə gizlənib. Bir aydan çoxdur ki, dərvişlərim o təğyirlibasların harada olduqlarını öyrənə bilmirlər. Onları kim isə, Adıyüksəyin alimənsəblərindən biri himayə edib gizlədir. Seyid onların əlinə keçsə, hər şey məhv olar. Yusiflə Mahmuda özüm tapşırmışam: əgər Seyidə bir təhlükə üz versə, onlar Dost Əmin Məhrəmə bildirəcəklər və Əmin Məhrəm özü uca minbər qabağında namaz qılıb, o Adıyüksəkdən iltimas edəcəkdir. Lakin Seyid bilməlidir ki, Əmin Məhrəmin sözü keçməyə də bilər. İşlərimiz elə gətirib ki, o əziz dərvişimə məhəbbətimin sonsuzluğuna və onu görmək istəyimə baxmayaraq, məcbur olub bilə-bilə onu təhlükənin qucağına atıram. Çünki indi ümidim yalnız onun kəlamının qüdrətinə və yalnız onun namazınadır. Yalnız o bizi batinlikdən çıxara bilər». Məktub bundan ibarət idi.

Nə ünvanı vardı, nə də imzası. Lakin müridlər Fəzlin müşayiətçilərinin dəst-xətlərini ilk baxışdan tanıyırdılar. Məktubdakı rəmzlər də hamıya məlum idi: «Allah» Fəzlə, uca minbər-şah təxtinə, «Adıyüksək» – şahın özünə, «Bir adam» – Şeyx Əzəmə, «Ordu»-teymurilərə işarə idi. «Namaz qılmaq» isə gizlin danışıq demək idi. Belə çıxırdı ki, Fəzl, Seyid Əli adında, haradansa uzaq səfərdən qayıtmış müridinin şahla gizlin danışığından başqa daha heç bir qurtuluş yolu görmürdü. Bu məktub yayılandan sonra, nəhayət, məlum oldu ki, Fəzlin batinliyi-gizlənməsi çox sürməyəcək, bu yaxın günlərdə nə isə həlledici bir hadisə baş verəcəkdir. O hadisənin xeyri, şəri isə indi ancaq Şirvanşah İbrahimin iradəsindən asılıdır. Müridlər arasında çaxnaşmanı gərgin bir durğunluq əvəz etdi. Hamı gözünü Şamaxının başıüzərində, dağ döşündə boz daş divarları yüksələn Gülüstan sarayına dikib, oradan xəbər gözləməyə başladı.

2

Salnaməçi yazır ki, bu hadisələrdən on iki il əvvəl, 1382-ci ilin ilk baharında Şirvan camaatı qiyam qaldırıb Şamaxıda Kəsrani sülaləsinin fars hökmranlığını devirəndə, bu qiyamdan bütün Şirvanda tək bir nəfərin xəbəri yoxmuş, o da İbrahim imiş. Səhərdən günortaya qədər cütlə yer əkib, bərk yorulub, əkinin qırağında, ağac altında uzanıbmış.Təxt-tacı zülmkardan aldıqdan sonra özlərinə adil şah axtaran qiyamçı əsnaf və rəncbərlərin elçiləri, İbrahimi quru torpaqda şirin yatmış görüb oyatmağa qıymayıblar. Üzünə gün düşdüyü üçün üstündə çadır qurublar, dövrəsində oturub, başlayıblar gözləməyə.

Şamaxılı silahsazlar, nəqqaşlar, misgərlər, kümçülər, boyaqçılar, papaqçılar, başmaqçılar, xülasə, əsnaf əhlindən kim varmışsa, hamısı şad-xürrəm pıçıldaşırmış ki, dünyanın işinə bax, biz ədalət yolunda qan töküb qurban vermişik, amma ədalət başını atıb yatır və yəqin heç yuxusunda da görmür ki, şah olub.

Rəncbərlər isə İbrahimin gah yorğun xarıları ilə cütünə, gah da toz-torpaqlı əllərinə baxa-baxa xoşbəxtlikdən ağlaşırmışlar, «ölmədik, bu günü də gördük», «Şirvanın bəxt ulduzu doğdu!» – deyirmişlər.

İbrahim, nəhayət, gözlərini açıb başı üzərində çadır və ətrafında yığnaq görəndə, deyilənə görə təəccübdən nitqi tutulub, bir xeyli dinib-danışa bilməyib. Qiyam elçiləri onu başa salıblar ki, sən tariximizdən bizə məlum olan adil şahımız Mənüçöhr[15 - Mənüçöhr II – (1906–1120).] ün nəslindənsən, özün də rəncbər içində rəncbərsən, töycünün, tamğanın, zülm qamçısı altında oğul-uşaq saxlamağın nə olduğunu bilirsən, o biri tərəfdən, üstümüzə Teymurləng gələcək[16 - O ili Teymur “kəşfiyyat yürüşü” adlanan ilk, qısamüddətli yürüşünə başlamışdı.] deyirlər. Toxtamış xan gələcək deyirlər, bizə öz adamımız, can-ciyərimiz lazımdır ki, həm qədir-qiymətimizi bilib verginin altında qəddimizi əyməsin, həm də öz oğul-uşağımızdan, etibarlı ordu yığıb yurdumuzu talanmağa, yad tapdağında qalmağa qoymasın, odur ki, istəsən də, istəməsən də hamılıqla səni özümüzə şah eləmişik. Budur, Kəsranilərin qəflə-qatarını gətirmişik, arvadını çağırtdır, oğul-uşağını götür gedək, başla şahlığa.

Yeni şirvanşaha hörmət və rəğbətlə bu əhvalatı nəql edən salnaməçiyə məlum idi ki, İbrahimin hələ əli cüt məcində olduğu vaxtlar, o əkin yerindən bir qədər aralı Şəki civarındakı mülkdə və Dərbənddə onun çoxlu qohum-əqrəbası varmış, Mənüçöhrün ölümündən iki yüz altmış ildən çox bir müddət keçsə də, onun nəslindən Mənüçöhrün özü kimi adil bir şah çıxacağını və bunun da məhz İbrahim olacağını qiyamdan hələ bir neçə ay əvvəl ölkəyə yayan da haman qohumları imiş. Amma salnaməçi nə Şəki civarındakı mülkdə yaşayan qohumların haqqında bir söz deyir, nə də Dərbənddəkilərin haqqında desəydi, ondan soruşa bilərdilər ki, əgər obaları gəzə-gəzə Mənüçöhr törəməsi İbrahim barədə camaatı xəbərdar edən adamlar İbrahimin öz qohumları imişsə, bəs necə olub ki, İbrahim bütün Şirvan torpağında gedən bu söhbətdən, üstəlik də qiyamdan xəbər tutmayıb, bütün Şirvan ayağa qalxıb zülm təxtini yıxmağa getdiyi halda, təkcə o, başını atıb yatıb.

Belə bir sual verilsəydi, «rəncbər içində rəncbər» şahın şəxsiyyəti ətrafında düzəldilmiş nağılın sehri dağılıb həqiqətin üzə çıxmasına səbəb ola bilərdi. Həqiqət isə belə idi ki, Mənüçöhr törəməsinə qiyamdan çox-çox əvvəl hər şey məlum idi.

O, axırıncı Kəsrani hökmdarı Huşəng ibn Kavusun əmisi – Dərbənd hakimi Məhəmməd ibn Keyqubadın oğlu idi. Əslən fars və Kəsrani olsalar da, azərbaycanlılarla qohumlaşıb qaynayıb-qarışdıqdan sonra, həm rəsmi şəcərə kitabında, həm də el arasında Dərbəndi adlanan və çoxdan bəri hakimiyyət uğrunda gizlin fəaliyyətdə olan böyük bir nəslə mənsub idi. Huşəng, atası Kavus ibn Keyqubadın təxt-tacına sahib olanda, ilk növbədə əmisi Məhəmmədi imtiyaz və ixtiyaratdan məhrum etmiş, onun qızılı rəngdə qeyri-adi saçları və iri ala gözləri ilə azərbaycanlı anasına çəkmiş böyük oğlu İbrahimi isə, hələ o vaxtdan öz təxt-tacı üçün təhlükə bilib, Dərbənddən və Şamaxıdan kənar, kiçik bir əraziyə hakim göndərib, Şəki civarındakı haman mülkdə[17 - Mülk və ya ocaxlıq – hakimin istifadəsinə verilən torpaq sahəsi belə adlanırdı.] bir növ sürgündə saxlamışdı. Orada yaşı qırxdan ötənə qədər ömür sürdükdən sonra, quru torpaqda yatıb şah çadırında oyanan İbrahim, Şirvan əsnafının silahlandığını da, zülm təxtinin devriləcəyi və əmisi oğlu Huşəngin qətl olunacağı günü də əvvəlcədən bilirdi. Çünki əli cüt məcində olsa da, qiyam başçıları-əsnaf ustabaşıları ilə dərbəndlilərin gizlin məşvərətində qiyam gününü təyin edən də, Huşəngin qətlinə hökm verən də özü idi. Hətta o günü İbrahimin özünün yer əkməyə gedəcəyi və qiyam elçilərinin onu cüt arxasında görəcəyi də əvvəlcədən danışılmışdı: atasının köhnə dostu, özünün şəriət müəllimi Qazi Bayəzid belə məsləhət bilmişdi və İbrahim bu məsləhəti dərhal bəyənmişdi.

Odur ki, haman ilk bahar günü, siyasətinin dayağı cütdən həvəslə yapışıb çoxlu işləmiş və bu cür ağır zəhmətə bir o qədər də vərdiş etmədiyi üçün bərk yorulmuşdu. İbrahimin əvvəlcədən bilmədiyi təkcə bu idi ki, adı hakim ikən, Huşəngin kəndxudalarının nəzarəti altında keçirdiyi dərdli, üzüntülü illərinin sonu olan bir gündə gözünə yuxu gedəcək və qiyam elçiləri onun üstündə çadır quracaqlar. Odur ki, gözlərini açıb başı üzərində çadır görəndə doğrudan da təəccüblənmişdi. Amma deyilən qədər də yox, bu təəccüb, əlbəttə, bir an olmuşdu. Elçilərin arasında hərbiyunları, hələ lap cavankən at belində, Dərbənd bahadırları ilə məşq etdiyi vaxtlardan ona tanış olan əyri Dağıstan qılınclarını və oğlu Gövhərşahın sevincdən pörtmüş üzünü görər-görməz o hər şeyi başa düşmüş, ancaq, əlbəttə, sevincini büruzə verməmişdi. Əgər Gövhərşah orada olmasaydı, İbrahim bəlkə soruşa da bilərdi ki, kimsiniz və məndən nə istəyirsiniz. Lakin onun cəsarətinə və müdrikliyinə səcdə edən oğlunun qarşısında həddindən artıq riyakar görünməmək xatirinə susub, qiyam elçilərinin özlərinin dillənməsini gözləmişdi. Elçilər onu böyük minnət və yalvar-yaxarla təxtsəltənətə dəvət edəndə, Mənüçöhr törəməsinin ala gözlərinin üstünə çəpər kimi enən uzun, qonur kirpiklərinin arxasında necə incə bir təbəssüm gizləndiyini hətta indi, on iki il keçdikdən sonra da bir kimsə bilmirdi. Çünki incə mətləblərini İbrahim, hətta «Gövhərim» adlandırdığı oğluna da açmırdı. Şirvanşah İbrahim belə adam idi.

Hələ Əmir Teymurla müqavilə bağlanılan ildən İbrahimə məlum idi ki, bu müqavilə vəliəhd Miranşahın ürəyindən deyil. Müqaviləyə əsasən, Miranşahın ulusunda – Dərbənddən başlamış Bağdada və Həmədandan Rum sərhədinə qədər, vaxtilə Çingiz xan törəməsi Qazan xan Hülakunun hökmranlıq etdiyi böyük ərazidəki hakimlər arasında təkcə şirvanşaha müstəqil ordu saxlamaq ixtiyarı verilmişdi, vəliəhd Miranşah isə, hakimiyyətə qiyamla gəlmiş İbrahim kimi tədbirli bir adamın Hülaku ərazisin daxilində müstəqilliyinə dözmür, şahla bütün görüşlərində ona açıq-aydın nifrətlə baxıb, sinirli, hətta çılğın danışırdı… Əmir Teymurun yaşı artıq altmışdan ötmüş, üstəlik də, cavanlıqda ox yaralarından zədələnmiş bədəninin bir şaqqası qurumuş, deyilənə görə, sağ qolu və sağ qıçı şam kimi ağarmışdı. Səfər vaxtı düzənlik yerlərdə, dəniz otu və ya yunla doldurulmuş arabada uzanır, dağlıq və dərə-təpəli yerlər-də, at belində uzun müddət yol gedəndə dodaqlarını bir-birinə sıxıb, bir kəlmə də danışmırdı. Bütün bunlar İbrahimi gələcəyə baxmağa, hakimiyyət vəliəhd Miranşahın əlinə keçdikdə nələr baş verəcəyini müəyyənləşdirib qabaqcadan tədbir görməyə vadar edirdi… Yeddi gün bundan əvvəl, Şeyx Fəzlullahın Şirvana təzə gəldiyi vaxtlar, İbrahim Bakı hakimi Hacı Firidunu saraya çağırıb, şeyxə Bakıda iqamətgah verməyi, onun müridlərini isə karxanalarda, dükan-bazarda yerləşdirməyi tapşıranda, kölgəsi kimi dayanıb daim onun fikirlərini təkrar edən köhnə müəllimi-vəzirlər vəziri Qazi Bayəzid də bu tapşırıqla razılaşmadıqlarını bildirdilər. «Dinimiz içində on iki sufi təriqətindən ikisi xüsusən qeyri-məqbul və zərərlidir ki, onun da ən zərərlisi hürufilikdir», – dedilər. «Fəzlullahın elmi küfrdür.

Müsəlmanla tərsaya[18 - Tərsa – xaçpərəst.], yəhudi ilə bütpərəstə fərq qoymur. Onun elminə görə toz-torpaq da, kəlb, kərkəs[19 - Kəlb – it, kərkəs – quzğun.] də Allahdır» – dedilər.

İbrahimin təxtə çıxdığı gündən bəri birinci dəfə idi ki, alimənsəb təbəələri onun sözünü çevirib üzünə ağ olurdular. İbrahim kirpiklərini gözlərinin üstünə endirib, daş kimi tərpənməz üzlə oturub, qapalı bir dünyaya çevrilmişdi. Təxtin arxasında, gümüş haşiyəli xırdaca qalxanları sinələrinə sıxıb, əlləri qılıncların qəbzəsində, hərəkətsiz dayanmış, danışmağa ixtiyarları olmayan candarlardan[20 - Candar – şahın şəxsi mühafizəçisi.] başqa, bu məclisdə təkcə Gövhərşah dillənmirdi. Bir də ki, qurşağının üstündən sallanan bir batman əti qucaqlayıb, hamıdan aşağıda oturmuş tacirbaşı Hacı Nemətullah, şahın sözünün yerə düşməyindən pərt olub susurdu. Lakin bir azdan İbrahim, nəhayət, kirpiklərini qaldırıb Hacı Nemətullaha baxdıqda, Hacı şahın ondan nə istədiyini başa düşdü və buxağının ətini əsdirə-əsdirə danışmağa başladı: «Dünya kaf-nun[21 - Kaf-nun – (kon) – olsun. İslam anlayışına görə, dünya allahın bu kəlməsindən yaranmışdır.] üstə bərqərardır. Söz və hikmət əhlinə, o cümlədən Şeyx Fəzlullaha hörmət borcumuzdur… Yaxşı və yamanı da, müsəlmanı və tərsanı da, pakı və murdarı da bir olan Allah özü yaradıb. İti-pişiyi də, qarğa-quzğunu da özü yaradıb. Əgər Fəzlullah bu məxluqatda da Allahın əlamətini görürsə, deməli, onun gözü bizimkindən işıqlıdır». Hacı Nemətullahın bu məntiqi müqabilində yalnız Şeyx Əzəm danışa bilərdi və şahın səbrinə bələd olan məclis indi onun məhz Şeyx Əzəmə üz tutacağını gözləyirdi. Lakin Hacı sözünü tamamlayanda İbrahim dərhal ayağa qalxdı: «Şeyx Fəzlullah bizim düşmənimizin düşmənidir. Elmi küfr də olsa, özü bizə gə-rəkdir», – dedi və bununla da məclis qurtardı.

O məclis olanda Əmir Teymurla müqavilənin bağlandığı gündən cəmisi bir il keçmişdi, bütün dünyada məşhur ipəyi ilə özü özünə təhlükə yaradıb, tez-tez qonşu xanların, sultanların hücum və talanlarına məruz qalan Şirvanda əmin-amanIıq məhz həmin müqavilənin sayəsində bərpa olunduğu üçün İbrahimin əyan-əşraf və üləmasının hamısı hələ bu müqavilənin sevinci ilə yaşayırdı. Kür boyu Aran torpaqlarından və Şamaxı ilə Mərəzə arasında karvan yolu üstündəki toxmacarlıqların ara-bərəsində tikilmiş kümxanalardan onlarla dəvə belində şəhərə daşınan qızıl qiymətli baramanın daha heç bir talançıya, qarətçiyə qismət olmayacağını düşündükcə, onlar teymuriləri heç də düşmən yox, əksinə, dost və himayədar hesab edirdilər, Əmir Teymurla onun varislərini, o cümlədən Miranşahı da, qan içində üzən dünyada yeganə salamat ada kimi qalmış Şirvanın qələsi, qalxanı hesab edir, gündə beş dəfə qıldıqları namazı Əmir Teymurun adı ilə başlayır, həm öz aralarında, həm şah hüzurunda söhbətlərini də Əmir Teymurla başlayıb onunla da qurtarırdılar. Odur ki, «düşmən» deyərkən İbrahimin teymuriləri nəzərdə tutduğu onların xəyalına da gəlmədi. Çünki bu adamlar hələ nə Miranşahın düşmənçiliyindən xəbərdardılar, nə də İbrahimin teymurilərə gizlin düşmən münasibətindən. Şeyx Fəzlullahın kainatdan və insandan bəhs edən elminin, əslində, teymurilərə qarşı çevrilmiş silah olduğunu isə, İbrahimin özü ilə Gövhərşahdan başqa hələ bir kimsə bilmirdi. Buna görə də o məclis hürufilərin xeyrinə qurtardı və Fəzl Bakıda iqamətgah aldı.

O vaxtdan keçən yeddi il ərzində Teymur səltənəti nə qədər böyüsə də və Səmərqənd əmiri yenilməz bir cahangir kimi şöhrətlənib yeni qüdrət kəsb etsə də, Fəzl müridlərinin ayağı dəyən yerlərin hamısında yüz minlərlə adam teymurilərə itaətdən çıxıb «batin[22 - Batin – Quranın bətnində – daxilində gizlin məna axtaran, ortodoksal dinə düşmən adam.]» olmuş və ya əlçatmaz-ünyetməz dağlara, sıldırım qayalıqlara çəkilmişdi. Hürufilərin «Fəzl günü» yetişəndə batinlərlə birgə bütün o dağlar, qayalar da teymurilərin üstünə yeriməli idi. İbrahimə lazım olan da bu idi. Onun fikrincə, Şeyx Fəzlullah artıq işini görüb qurtarmışdı. İşin sonrasını daha şeyx özü görməməli idi. Əvvəla, ona görə ki, yeddi il bundan əvvəl Şirvana adi şeyx adı ilə gəlmiş bu adam, indi artıq «mühiti-əzəm şeyxi», «xilaskar Mehdi»[23 - On ikinci İmam əl-Mehdinin “xilaskar” adlandırılması xilafət daxilində mübarizə ilə əlaqədar idi: öz zamanına görə mütərəqqi sufi təriqətləri Mehdinin nüfuzunu Məhəmmədin ilk xəlifələri Əbubəkrə, Ömərə, Osmana və onların davamçılarının hakimiyyətinə qarşı qoymuşdular.], «Natiq»[24 - Natiq – peyğəmbər.], «Allah» adlanır və yalnız teymurilərin zülmü altında olan şəhərlərdə yox, Şirvanın özündə də əsnafın səcdəgahına çevrilirdi. O biri tərəfdən, Fəzlin gizlin iqamətgahının Bakıda və hürufi ocağının Şirvanda olduğu daha heç kəsdən gizlin deyildi. Kiminsə xəyanəti üzündənmi, yoxsa teymurilərin bütün Şirvanda qorxusuz, qadağasız gəzişən xəbərgir dərvişlərinin səyiləmi, hətta İbrahimin hürufilərlə son dərəcə məxfi əlaqəsi də Miranşaha çatdırılmışdı. İndi söhbət ancaq bu əlaqənin üstündə idi. Ya Miranşah İbrahimin hökmdara və səltənətə xəyanətini sübut edib, nəhayət, arzusuna çatmalı, ya da İbrahim hürufilərlə dost yox, düşmən olduğunu sübut edib, uzaq yürüşdən qələbələrlə qayıdan hökmdarın görüşünə həmişəki sədaqətli müttəfiq kimi getməli idi.

* * *

Gülüstan sarayının əsas binası xanəgahla Şah məscidinin arasında, gizlin yeraltı yollar üstündə ağ mərmərlə döşənmiş geniş, hamar meydan vardı. Əmin Məhrəm haradansa çapar göndərib Fəzlin elçisi Seyid Əli ilə onun yoldaşları barədə şahı xabərdar etdiyi günün axşamı, ikindi namazından sonra İbrahim bu meydanda dayanmışdı.

Sarayda bu saat ruhi rahatlıq və Allaha yaxınlıq saatı olduğu üçün, şahın bütün ailə üzvləri və yaxın adamları xanəgahın birinci mərtəbəsinin qiblə tərəfindəki hündür qübbəli ibadət otağında mehrabın qabağına toplaşmışdılar. Bir az əvvəl İbrahim özü də orada idi. Başında bəyaz əmmamə, əynində ağ ipək çəpkən üstündən həmişə ibadət vaxtı geyindiyi göy ləbbadə, Şeyx Əzəmlə Qazi Bayəzidin ortalığında dayanıb, mükəbbirin[25 - Mükəbbir – namazı idarə edən.] oxuduğu ayənin bir kəlməsini də ötürmədən, səliqə-sahmanla namaz qılırdı. Sonra şeyxlə qazini şübhələndirməməyə çalışaraq, könlünün təklik istədiyini bildirib, ikinci mərtəbədə xəlvətiyyəyə[26 - Xəlvətiyyə – yalnız şahla onun yaxın nədimlərinə məxsus otaq.] qalxdı.

Xanəgah elə tikilmişdi ki, ibadət otağından mükəbbirin səsi daşların arası ilə keçib, xəlvətiyyənin qübbəsində əks olunub, yenidən, bütün aydınlığı ilə eşidilirdi. Odur ki, İbrahim, bir qismini ibadət otağında dinlədiyi surənin ikinci qismini pillələri qalxanda, axırını isə artıq xəlvətiyyədə canamaz önündə diz çökəndə təkrar edirdi. Gündə beş dəfə, hər dəfə də azı yarım saat ibadət çox vaxt apardığı üçün namazı pozmaq günah sayılsa da, işi yol verməyəndə bəzən o, iki-üç namazı birləşdirib bir dəfəyə qılırdı, bəzən də indiki kimi, yarımçıq qalxıb xəlvətiyyəyə gəlirdi. Şahın hürufilərlə əlaqəsinə aid, faş olmuş sirləri içərisində tək bir açılmamış sirr qalmışdı: Fəzllə xəlifələrinin Dost Əmin Məhrəmi ilə vəliəhd Gövhərşahın eyni adam olduğunu hələ heç kəs bilmirdi və İbrahim, yeddi il ərzində xüsusi diqqət və qayğı ilə qoruduğu bu sirri axıra qədər qorumaq fikrində idi. Buna görə də Fəzl elçilərini Gövhərşahın heç kəsə etibar etməyib şəxsən özünün gətirəcəyini eşidəndə, oğlunun bu gözlənilməz ehtiyatsızlığından narahat olub, onun çaparını dabanı üstə qaytarmışdı ki, Gövhərşah onları ibadət vaxtı, bütün ibadətlərdən uzun sürən ruhi rahatlıq saatında gətirsin.

Elçilərin taleyi əvvəlcədən həll edilmişdi. Şeyx Əzəmin iddiasına görə, Fəzlullahın elmini öyrənən bütün mürtədlər kimi, elçilərin də nəfəsi sehrli və zəhərli idi, buna görə də onlar elçixanaya və ya pişgaha[27 - Pişgah – sarayın baş salonu, şah təxti qoyulan yer.] buraxılmadan, eşikdə həbs edilməli və bu vaxt şahı kafirlərin sehr və zəhərindən qorumaq üçün şeyx özü də orada olmalı, Fəzlullahın xəlifəsi Seyid Əlinin kəlməsi müqabilində kəlmə deyib, onu zərərsizləşdirməli idi. İbrahim buna razılıq vermişdi. Lakin elçiləri Gövhərşahın özünün müşayiət etdiyini biləndə, rəsmi fitva ilə dindən xaric olunmuş adamların arasında vəliəhdi Şeyx Əzəmin görməsini istəməyib, ruhi rahatlıq saatını, adətən, məsciddə keçirən şeyxi də xanəgaha çağırtdırdı və xahiş etdi ki, namazdan sonra şeyx ibadət otağında qalıb özü şahzadələrə hədis oxusun. İbrahim hiss edirdi ki, cavanlıqdan qanına hopmuş məxfi fəaliyyət vərdişi onu həddindən artıq ehtiyatkar edib. Hələ dağ döşlərinin qarlı vaxtında ləşgərgahdan qoşunla gedib Fəzlullahı axtaran vəliəhdin axtardığını tapmayıb elçilərlə qayıtmasında şeyx bəlkə də heç nə görməzdi. Lakin İbrahim onu da hiss edirdi ki, hürufilər Şirvanda yurd salandan bəri fikirdən və yuxusuzluq-dan sifəti zərd olmuş Şeyx Əzəm, rəsmi fitvanı əlinə alandan sonra, indi daha heç kəsə güzəştə getməz, öz elmləri ilə insanı Allaha şərik çıxaran kafirlərə kömək üstündə hətta şahın Gövhərini, əqli və gözəlliyi ilə bütün Şamaxıya işıq saçan vəliəhdi təqsirləndirməkdən də çəkinməz. Odur ki, xəlvətiyyə-də ən etibarlı qulamından vəliəhdin elçilərlə gəldiyini eşidəndə və dərhal ləbbadəsinin ətəyini yığışdırıb aşağı düşəndə də İbrahimin fikri şeyxin yanında idi.

İbadət otağının yeganə pəncərəsinin dəmir şəbəkələrinin altıguşəli ulduzları arasından süzülən işıq altında, pillədə ayaq saxlayıb yuxarıya qulaq verdi və yalnız şeyxin bəlağətli səsini eşidib, onun hədis başladığına əmin olduqdan sonra meydana endi, çıraxdarların saysız-hesabsız məşəllə işıqlandırdıqları meydanın aşağısında, dərgah qapısının-baş darvazanın qabağında əsləhələri parıldaşan əsgərxas dəstəsinə doğru addımladı.

Sağ-soldan qara mahud geyimli, sarı tumac çəkməli, qədd-qamətli adamlar peyda olub, əllərindəki yalın qılıncları böyürlərinə, gümüş haşiyəli, xırda, yüngül qalxanları döşlərinə sıxıb təzim edir və dinməz-söyləməz, gendən-genə şahı müşayiət edirdilər. Bunlar hələ Şəki civarında ikən gecə-gündüz səbir və sədaqətlə İbrahimin keşiyini çəkib, indi də hər yerdə onun arxasınca gəzən candarları, dərbəndli ana qohumları və qayınları idilər. Şamaxıda bu adamların hər birinin böyük mülkü, var-dövləti, qul-qaravaşı, Şamaxı ətrafında hər birinin ayrıca toxmacarlığı, kümxanası vardı. İbrahim onlara dəfələrlə ali mənsəb təklif etmişdi, artıq ahıllaşıb ağırlaşdıqlarını xatırladıb, demişdi ki, oğul-uşaq arasında rahat güzəranlığa başlasınlar. Lakin bu ahıl candarlar indi zamanın daha qarışıq olduğunu, dostla düşmənin seçilmədiyini söyləyib, belə bir zamanda oğul-uşaq arasında rahat yaşamağa razı olmamışdılar. İbrahim bu sədaqətli qohumlarının müşayiəti ilə dərgah qapısında əsgərxas dəstəsinə yaxınlaşanda, oradan bir nəfər irəli çıxıb təzim etdi. Bu, Gövhərşahdı. İki mehtərin zorla sakitləşdirdiyi göydəmir atı kimi, dəbilqəsinin qabağındakı göy tovuz lələyi, alnını, gicgahlarını sıxıb dəbilqənin arxasında düyünlənmiş göy tirməsi və əynindəki polad sinəbəndi ilə, özü də başdan-ayağa səma rənginə çalırdı. Qaralmış üzündə vaxtilə atasınınkı kimi qızılı olan yumşaq bığı, saqqalı da yanıb qonurlaşdığı üçün, açıq rəngli, badamı gözləri indi daha işıqlı və daha gözəl görünürdü.

İbrahimin yeddi oğlu bir yana idi, təkcə Gövhərşah bir yana. Cəmisi beş-on günlük ayrılıqdan sonra belə, bu sərvboylu, qulacqollu bahadırı körpə kimi qucaqlamaqdan özünü saxlaya bilmirdi. Gülüstan sarayında və bütün Şamaxıda danışırdılar ki, vəliəhd ata nənəsinə, yəni İbrahimin mərhum anasına çox oxşadığına göra şah onu bu qədər sevirdi. Şahın ana qohumları isə bilirdilər ki, məsələ yalnız oxşarlıqda deyildi. Dərbənddən Şəki civarına, oradan da Şamaxıya köçmüş qohumların yadında idi ki, İbrahimi anasından lap cavan yaşında, demək olar ki, uşaqkən ayırmışdılar. Gövhərşah isə böyüyüb at minən, qılınc tutan vaxtına çatdıqdan sonra, Kəsranilərin ciddi nəzarətinə baxmayaraq, yasaqı ayaqlayıb, tez-tez Dərbəndə qaçmış, nənəsinin gizlin qonağı olub, yenə Şəki civarına qayıdanda nənənin dilindən atasına çoxlu bayatı aparmışdı. O illərin məhrumiyyətlərlə dolu ağır günlərində, Mənüçöhr törəməsi ilə görüşə gələn rəiyyət yanında cütün məcindən yapışıb, səhərdən axşama qədər işləyib yorulandan sonra İbrahim haman ağacın altında uzanıb, başını oğlunun dizinin üstünə qoyardı. Bunun nə demək olduğunu yaxşı bilən Gövhərşah isə, hələ o yeniyetmə vaxtında hamını valeh edən incəlik və həssaslıqla, asta-asta nənəsinin bayatılarından oxumağa başlardı: «Naçar ağlama. Qapını bağlayan fələk, bir gün açar, ağlama…» Bir-birindən kövrək və yanıqlı olsa da, o bayatıların heç birinda ah-nalə və göz yaşı yoxdu. Hamısı qaranlıq içində işıq, ümidsizlik içində ümid görmək üçün deyilmişdi və bunları oxuya-oxuya, İbrahimin nəzərində, Gövhərşah özü də ümid və işıq timsalına çevrilmişdi. Qiyamdan bir gün əvvəl, əmisi Bəhlulla birgə silahlanıb, atası ilə vidalaşanda Gövhərşah atının cilovunu çəkib yenə də nənəsinin bayatılarından oxumuş və İbrahim, atlılar uzaqlaşıb bələni aşana qədər oğlunun səsini eşitmişdi. Səhərisi, gəzərgi qohumları Şəki civarında gizlənmiş İbrahimi tapıb, Gövhərşahın qiyamçıları Şamaxı üstünə bayatı ilə apardığını xəbər verəndə, İbrahim gözlərində yaş titrəyə-titrəyə qəhqəhə çəkib: «Kəsrani xanədanını yıxsa, elə anamın bayatıları yıxacaq!» – demişdi.

Hakimiyyətə gələndən sonra, tacgüzarlıq gününün axırında, boz çuxa və şişpapaq əvəzində, əynində zər naxışlı, qırmızı ləbbadə, başında dörd barmaq enində, firuzə qaşlı tac, camaatın görüşünə çıxıb ənam paylayanda İbrahim, başqa qiyam başçıları sırasında Gövhərşahı da hüzuruna çağırdı, Kəsranilərin şah tövləsində Hüşəngin şəxsi atları arasındakı göydəmir atları ona bağışladı, heç kəs soruşmadı ki, tövlədə daha gözəl kəhər atlar olduğu halda, şah oğluna nə üçün göydəmirləri bağışlayır. Sonra İbrahim oğlunun dəbilqəsinin üstündən öz əli ilə göy tirmə bağlayıb, tirmənin arxasına da eyni rəngdə tovuz lələyi taxdı. Yenə də heç kəs soruşmadı ki, şahlığın rəngi qırmızı rəng olduğu halda şah öz varisinə nə üçün göy tirmə ilə göy lələk bağışladı. İbrahim isə, hələ o vaxtdan Gövhərşaha gizlin qibtə ilə baxan ikinci oğlu Xəlilullahda həsəd oyatmamaq xatirinə açıb demədi ki, bu səma rəngini Gövhərşaha ucalıq rəmzi kimi bəxş edir; onun öz vəliəhdinə məhəbbətində, atalıq hissindən əlavə, bu cür, mərhum anasından yadigar qalmış bayatı kövrəkliyi də vardı və məhz bu kövrəkliyə görə idi ki, beş-on günlük ayrılıqdan sonra Gövhərşahla görüşəndə onu qucaqlayab bağrına basmasa rahat olmurdu.

Bununla belə, bu axşam oğlunu soyuq qarşıladı. Gövhərşahın arxasınca, onun təlimxanada aramsız məşqlərinin bəhrəsi olan cavan bahadırlar-əsnaf oğulları, köhnə Şirvan ənənəsi ilə, sağ əllərini qılınc qəbzəsinə, sol əllərini bürünc sinəbənddə həkk olunmuş öküz başının[28 - Öküz – yerin dayağı rəmzi, şirvanşahların totemi.] üstünə qoyub təzim etdilər. İbrahim, hərəsi bir əsgərxas qoşununun[29 - Əsgərxas qoşunları (bir qoşunda yüz seçmə əsgər) yalnız sarayın mühafizəsi üçün hazırlansa da, şahın şəxsi tapşırıqlarına da əməl etməli idi.]başında, Şirvanı əriş-arğac gəzdikdən sonra əliboş qayıtmış bu baha-dırların heç üzlərinə da baxmadı. Öz açarçısı ilə birgə, şah buyruğuna müntəzir dayanmış zindan rəisinə ötəri nəzər salıb irəli keçdi və nəhayət, bəyaz geyimli Fəzl elçilərini gördü. Onlar üç nəfərdi.

3

Gövhərşah əvvəlcə üçünü də bir yerdə, «Şeyx Fəzlullahın xəlifələri» adı ilə, sonra yoldaşlarından bir neçə addım qabaqda dayanmış ucaboy gənci Seyid Əli ibn Məhəmməd, arxadakılardan üzü tamam qırışsa da, iri gözlərindən zəhm yağan pərbudaqlı adamı mövlana Mahmud, onun yanındakı dəyirmi sifətli, pəhləvan siqlətli gənci isə rəis Yusif adı ilə təqdim etdi.

İbrahim Fəzlin müxtəlif şəhərlərdə gizlin şəraitdə işləyən və Fəzllə də həmişə gizlin görüşən batin xəlifələri haqqında demək olar ki, heç nə bilmirdi. Son vaxtlar yalnız Yusifin adını çox eşidirdi. Əmin Məhrəmin məlumatına görə, Yusif əslən təbrizli idi. Əvvəllər əxi[30 - Əxi – “qardaş”, VII əsrdən başlayaraq əvvəlcə ərəb ordularında əsgərlik edən azərbaycanlılar asrasında, sonra bütün Yaxın Şərqdə peşəkarlar arasında geniş yayılmış hərəkat.] içində qəssab imiş; Təbriz əxiləri icma daxlində qardaşlıqla kifayətlənib, din və dövlət işlərinə qarışmadıqlarına görə, onlardan ayrılıb bir müddət hərbiyun olmuş və nəhayət, hürufilərə qoşulmuşdu. «Fəzl müridi» adı aldıqdan sonra isə Yusif Fəzlin Təbrizdəki gizlin məkanında-Əxi Qəssab iqamətgahında rəis olmuşdu. Təbrizdən çıxanda Şeyx Fəzlullah onu birdən-birə xəlifə təyin etmiş, Bakıda iqamətgahını yenə də onun ixtiyarına vermiş, Bakıdan çıxanda isə nədənsə Şirvan xəlifəsi mövlana Mahmudun işlərini də ona tapşırmışdı. Odur ki, Gövhərşah rəis Yusif adını çəkəndə İbrahim dərhal başa düşdü ki, demək, Fəzlullahı gizlədən həmin bu hərbiyun xəlifədir. Amma onun bütün diqqəti irəlidəki gəncdə idi. Qəzəlləri və rübailəri Şirvan xanəndələrinin dilindən düşməyən bu şairi o çoxdan tanıyırdı.

Onun hakimiyyətinin ilk illərində Şamaxıda yerli farslardan Katibi adında şair çox məşhur idi. Hələ Huşəngin zamanından farsca qəzəl və qəsidələri ilə saray məclislərinin ruhunu oxşayan Katibi, İbrahimi də qəsidə ilə qarşılamış və o vaxta qədər görünməmiş bir miqdarda ənam-on min qızıl dinar almışdı. Lakin tacgüzarlıq günü ziyafətgahda qiyam başçıları gözlənilmədən səs-küy qaldırıb Katibidən rəncbər şahı hamının başa düşdüyü dildə mədh etməyi tələb etmiş, Katibi isə türkcə tək bir misra: «Tikandan bərgki-gül hasil olmazadeyib məclisdən çıxmış və o vaxtdan sərxoşluğa qurşanmışdı.

İbrahim uşaqlıqda və ilk gənclikdə Qazi Bayəzidin mədrəsəsində rəsmi fənlərin tədrisini tamamladıqdan sonra müəlliminin kitabxanasında siyasətə və dövlət idarəsinə dair kitablarla bərabər Şirvan şairlərinin divanlarını da eyni aludəliklə mütaliə etdiyinə görə sözün qiymətini yaxşı bilir və Şəki civarında kiçik bir mülkdə oturan Mənüçöhr törəməsinin bütün Şirvanda nə yolla məşhurlaşdığını heç vaxt unutmurdu. Odur ki, Katibini küsdürənlərin günahını bağışlaya bilmirdi. Əmir Teymurla müqavilə bağlanılan ili, bu münasibətlə düzəldilmiş ziyafətdə bir nəfər də şair tapılmadıqda, İbrahim əmr etdi ki, günahkarlar, Katibi ilə dostlarının daimi məskəninə çevrilmiş, meyxanə küncünə gedib, vaxtilə dillərindən çıxmış kobudluğa görə şairdən üzr istəsinlər və car çəkib, Şamaxıda şeir deməyə qabil kim varsa, hamısını ziyafətgaha dəvət etsinlər.

Günahkarlar sırasında təzəcə Bakı hakimi və bəhrəssədr[31 - Dəniz işləri üzrə vəzir.] təyin edilmiş Hacı Firidun da vardı. Xoşrəftar və rəhmdil rəncbər şahın gözlənilməz sərtliyindən özlərini itirmiş təbəələr dərhal dağılışanda Hacı da qalxıb getdi və haradansa solğun bənizində iri gözləri gecə kimi qaranlıq görünən bir gənc tapıb gətirdi.

O vaxt bu gənc şairin on altı, on yeddi yaşı ancaq olardı. Heç üzündə tük də yoxdu. Ancaq yaxşı ailədə tərbiyə almış bir yeniyetmə kimi,şah hüzurunda əsla sıxılmadan, təmkin və ləyaqətlə danışmağa başlayıb, rəncbər şahı tərifə layiq sözü olmadığını söylədi. Hacı Firidunun çaşqınlığını gördükdə isə, şahın sağ tərəfində, vəzirlər vəziri Qazi Bayəzidlə yanaşı kürsüdə oturub qızıl camda şərab içən Katibiyə baxıb, yaşına yaraşmayan arifanə bir təbəssümlə: «Amma tikandan bərgi-gül hasil edə bilirəm,»– dedi və elə bununla, söz sərrafı olduğunu sübut etdi. O günü və sonralar İbrahim bir neçə dəfə bu gəncin rübailərinə və ud çala-çala oxuduğu aşiqanə qəzəllərinə qulaq asdı.

Xüsusilə rübailər xoşuna gəlirdi. Çünki bu gəncin rübailəri onun anasının bayatılarına bənzəyirdi. O bayatıların nəyə qadir olduğunu yaxşı bildiyi üçün İbrahim «türkün tikanlı dilindən bərgi-gül hasil edən» bu rübailərin qüdrətini də dərhal duydu və elə birinci gün tapşırdı ki, bu gəncdən muğayat olsunlar, Şirvanın şairlərini düşgünləşdirən meyxanələrdən saqındırıb qorusunlar, çünki kamala dolanda bu gənc Gülüstan sarayının gülü, şahın mötəbər ədibi və cəmi Şirvan əhlinin istəklisi olacaq.

Lakin tezliklə İbrahimə xəbər verdilər ki, o şair Şamaxını tərk edib gedib. Əvvəlcə dedilər, Bakıda Şeyx Fəzlullahın qızına aşiq olub və qızı ona vermədikləri üçün məcnun kimi çöllərə düşüb. Sonra dedilər şeyxin kitablarını oxuyub hürufi olub, teymurilərin dağıtdıqları şəhərlərdə, obalarda dolaşır. Xülasə, o gedən getdi, bir də qayıtmadı.

O illərdə İbrahim, Şamaxıya vaxtlı-vaxtında duz, neft və balıq göndərə bilməyib hakimyyətdə təcrübəsizlik göstərən Hacı Firiduna kömək məqsədilə tez-tez Bakıya səfər etməli olurdu. O səfərlərindən birində Bakıda İbrahim təəccüblü bir hadisəyə təsadüf etdi.

Sifəti kəhrəba rəngində, arıq, uzun bir gənc, bazar barısının üstündə dayanıb, şah pişvazına çıxan camaata müraciətlə şeir oxuyur və «Ənəlhəq» qışqırırdı.

İbrahim dönüb Hacı Firiduna baxdı: «O gənc göydən düşüb, nədir, bilmirmi ki, onun dediyi sözü ucadan demək olmaz? Çağır onu, tənbeh elə, bir də belə iş tutmasın», – dedi.

Lakin Hacı Firidun şah buyruğundan boyun qaçırdı: «O Nəsimidir, şahım. Öz ustadı, mühiti-əzəm şeyxi ona qışqırmağı qadağan etmir, mən nəkarəyəm qadağan edim?» Nəsimi adını eşitdikdə, İbrahim istər-istəməz cilovu çəkib, bir daha o gəncə baxdı və bu dəfə onu tanıdı.

Qazi Bayəzid, həmişəki kimi, şahın sağ tərəfində, hamıdan yaxında idi; daim sərxoş Katibi ilə dostlarının İbrahimə xoş gəlmədiyini bildiyi üçün, onun üzündəki marağı görən kimi məsləhət verdi: «İndi ki, yeri bəlli oldu, buyur daha burdan bir yana getməsin, qayıdanda özümüzlə dərgaha aparaq».

Amma İbrahim razı olmadı. Şairin əynindəki bəyaz xirqəyə işarə edib: «Yox, qazi, o mənim hakimiyyətimdən kənardır»[32 - Sufi təriqətlərinin xirqlərini geyinən müridlər, bir qayda olaraq, hökmdar idarəsindən yüksək “hər idarəsinə” tabe “həqqi bilən” sayılırdılar və hökmdarlar çox vaxt bununla hesablaşırdılar.],– dedi.

İllər dolandıqdan sonra, «hakimiyyətdən kənar» şair, indi Fəzl xəlifəsi Seyid Əli adı ilə meydana çıxmışdı və İbrahim bu seyidin Fəzl elçisi olduğunu unutmuş kimi, dayanıb ona tamaşa edirdi. Yeniyetmə vaxtında öz qeyri-adi təmkin və ləyaqəti ilə, bir az sonra ehtiyatsız qışqırtısı ilə şahı heyrətləndirmiş Nəsimi, indi cismani kamilliyi ilə onu valeh etmişdi.

Ancaq, əslində, cismən Nəsimi çox da dəyişməmişdi. Bəyaz xirqənin yapıncısayaq qunçları çiyinlərini boyuna münasib göstərsə də, yaxın həmdəmləri bilirdilər ki, onun çiyinləri bir o qədər də enli deyildi. Bütün uzun və arıq adamlar kimi, hətta sinəsində çökəklik vardı. Yalnız sifətinin kəhrəbasında və gözlərinin işıq saçan qaranlığında nə hikmət vardısa, Nəsimi şax dayananda, tamaşasına duranlar onun ümumi görkəmində heyran qalmalı bir əzəmət görürdülər.

Vəliəhdindən başqa bir o qədər də müdrik adamlarla əhatə olunmayıb, bu qanlı-qadalı və çalxantılı zəmanədə hər şeyi təkbaşına, daimi sinir gərginliyi bahasına həll edən İbrahim, bu əzəmətin ona yox, bir ayrısına xidmət etdiyinə təəssüflənirmiş kimi, bir az əvvəlki sərt və qəzəbli gəlişinin tamam əksinə, sakit və hətta hüznlü səslə dillənib soruşdu ki, bütün Şirvanın İmadəddin Nəsimi adı ilə tanıdığı şair, nə vaxtdan Seyid Əli olub. Nəsimi əzəmətini daha da gözəlləşdirən məlahətlə gülümsündü.

– Yarandığım gündən Seyid Əliyəm, şahım, – dedi.

– Mənim əcdadım seyid olub. Əli isə öz övladına Əli qüdrəti diləyən bir sufinin mən dünyaya gələndə qulağıma pıçıldadığı addır.

Saraya-elçixanaya buraxılmadan, darvaza qabağında hörmətsiz qarşılandıqlarına baxmayaraq, Nəsimi, şahın heç də pis başlamadığını görüb, söhbətin ahəngini davam etdirmək niyyəti ilə:

– İmadəddin mənim ikinci adımdır. Nəsimi isə, ustad dimağının nəsimidir[33 - Bahar yelidir.], – dedi və elə bununla da şahın üzünün dəyişməsinə səbəb oldu. İbrahim birdən-birə tutuldu.

– Mən Fəzlullahın özünü çağırmışdım, – dedi.

– Hardadır şeyx?

Şahla birgə onun sağ çiyninin arxasında vəliəhd də, bir qədər geridə candarlar və bahadırlar da qulaq kəsilib, elçinin bu çətin suala necə cavab verəcəyini və Fəzlin gizlənməsini nə ilə əsaslandıracağını gözlədilər.

Şahın sualı böyük izahat tələb edirdi. Nəsimi isə qısaca:

– Fəzl laməkandır[34 - Məkansızdır, hər yerdədir.], şahım, – dedi və bu gözlənilməz cavabla hamını, o cümlədən İbrahimin özünü də diksindirdi. «Laməkan» Quran kəlməsi idi və yalnız bir olan Allaha aid idi. Bu kəlməni bəni-insana aid etmək ağlagəlməz dərəcədə böyük günah idi.

Amma İbrahimi diksindirən bu deyildi. Hürufilərin Fəzlullahı Allah adlandırdıqlarını o, çoxdan bilirdi, eşitmişdi ki, Fəzl sözü-«həq sözü», Fəzl iradəsi – «həq iradəsi» sayılırdı. Bunları İbrahim o qədər eşitmişdi ki, hətta qulağı dolmuşdu. «Laməkan» kəlməsini Nəsimidən bir başqa vaxtda və başqa şəraitdə eşitsəydi, o, buna bəlkə də heç əhəmiyyət verməzdi. İndi isə bu kəlmə ona ox kimi dəydi. Çünki Nəsimi Fəzli «laməkan» adlandırmaqla ustadının Allah kimi gözəgörünməz və toxunulmaz olduğuna işarə edir və açıq-açığına bildirirdi ki, şahın onu axtartdırması əbəsdir. Başqa sözlə, Fəzli şah hüzuruna çağırmaq, Allahın özünü çağırmaq kimi bir şeydir. «Laməkan» kəlməsinin mənası belə idi. İbrahim bu mənanı dərhal anladı və dərhal da hökm verdi:

– Fəzlullaha çatdır: sübh namazına qədər gəlməsə, xəlifələri edam olunacaq!

Hələ ustadın «uca minbər qabağında namaz» barədə məktubunu oxuyub, məxfi otaqda Mahmud və Yusiflə görüşəndə, Nəsimi yoldaşlarına demişdi ki, məramını «Adıyüksəyə» çatdırmağı Fəzl yalnız ona-Nəsimiyə həvalə edib, buna görə də Yusiflə Mahmudun onunla birgə şah dərgahına getməsinə heç bir ehtiyac yoxdur, şah xəlifələri girov saxlayıb Fəzlin özünü tələb edə bilər.

Yusif rişxəndlə gülüb xəbər almışdı ki, başqa vaxtlar və ehtiyatsızlığı ilə xəlifələrin hamısının narazılığına səbəb olan şair, indi nə əcəb belə ehtiyatkardır? Yoxsa təkbaşına hünər göstərib Fəzlin xilasını öz adına yazmaq xəyalındadır?.. Nəsimi, ustadın taleyinin həll olunduğu bir vaxtda hər şeyi ölçüb-biçmək istədiyini söylədikdə isə yoldaşları xirqələrinin yaxalarını açıb, qurşaqla bədənlərinə sarıdıqları dəri cildli, qalın kitabları göstərib demişdilər ki, əgər o, bu ağır-batman kitabları gizlin aparıb şaha təqdim edə bilərsə, qoy tək getsin; Gülüstan sarayında Şeyx Əzəmin min bir gözü, min bir qulağı var. Şah hüzuruna Nəsiminin «Cavidannamə» ilə getdiyindən xəbər tutsa, şeyx kitablarla birgə Nəsiminin özünü də yandırtdırmazmı? Nəsimi bu sual qarşısında aciz qalıb, yalnız Fəzlin kitablarını salamat aparmaq xatirinə Yusiflə Mahmudun onu müşayiət etməsinə razı olmuşdu.

Məxfi mənzildən çıxıb Dost Əmin Məhrəmlə görüşəndə, dərgah qapısından keçib meydanda gözlənilmədən şahın əsgərxas dəstəsi ilə qarşılaşanda və hətta indi şahla kəlmələşəndə də Nəsiminin bütün diqqəti yoldaşlarında idi. Xəlifələrin həbs edilməsi, kitabların ələ keçməsi deməkdi. Kitabların ələ keçməsi isə «uca minbər qabağında namazın» sirrinin açılması, elçilərin şahı hürufi etmək niyyətində olduqlarının aşkara çıxması demək idi. Odur ki, şah, Fəzl gəlməsə xəlifələrin edam olunacağını deyəndə, Nəsimi də istər-istəməz dəyişib, birdən-birə qeyri-adi zəhm kəsb etmiş gözlərini şahın gözlərinin içinə dikdi:

– Dərgaha biz birgə gəlmişik, birgə də öləcəyik! Əvvəl məni dinlə, şah, sonra edam buyur! – dedi. Lakin dayanıb rüsxət gözləmədi. Sözünə ara vermədən, hökmdar qarşısında hökmdar kəskinliyi ilə:

– Fəzlə məlumdur ki, Əlincədə döyüş meydanına atılan papaq da, məsciddə qurama sui-qəsd də sənin öz əməlindir! – dedi.

– Sənin yüksək adını və ləyaqətini xələldar edən bu əməllər bizim hamımızı məyus edib. Amma biz səni bu əməllərə vadar edən səbəbləri bilirik və bir o qədər də rəncidə olmuruq. Bəla ondadır ki, Miranşah bu işlərdən xəbər tutub və atasına xəbər göndərib ki, papaq sənin Əlincə qalasına köməyini gizlətmək, sui-qəsd isə bizimlə əlaqəni pərdələmək üçündür. Əmir Teymurla ittifaqın pozulur, şah! Fəzli düşmənə təslim etmək niyyətindən əl çək və məni dinləyib Fəzl məramından agah ol!

Yalnız bir neçə ən yaxın adamın iştirakı ilə icra edilmiş hadisələrin şahın «öz əməli» olduğu düşmən qulağına və hürufilərə necə çatmışdı?! İbrahim heyrətini gizlədə bilməyib, çiyni üzərindən arxaya baxdı. Gövhərşah irəli gəlib təzim etdi.

– Dərgahında xəyanət var, şahım, – dedi.

– Miranşahın ordusundan çoxlu təğyirlibas adam gəlib şəhərdə gizlənib. Sənin alimənsəb təbəələrindən kim isə o adamlara vəd edib ki, Fəzli tutub onlara təhvil verəcək. İbrahim gərgin fikirdə idi.

Kəsrani xanədanına o, ancaq qiyam gücü ilə yox, həm da Huşəngin ən yaxın alimənsəb təbəələrinin xəyanəti nəticəsində qalib gəlmişdi: gecə ikən kiçik dəstələrlə gəlib Şamaxının qala divarlarının arxasındakı karvansaralarda gizlənmiş qiyamçıları şəhərə haman alimənsəb təbəələr buraxmışdılar. Sonralar İbrahim, Əmir Teymura daimi tabelik rəmzi olaraq qala qapılarının çıxarılmasını əmr edərkən, bu əmrdən özünü itirmiş Qazi Bayəzidə: «Mənim qələm təbəələrimin qəlbindədir, əgər təbəələrim mənə axıra qədər sədaqətli olub ürəklərinin qapılarını xəyanət üzünə açmasalar, şəhər qapılarının açıqlığından qorxmaram», – demişdi. Hələ o vaxtdan hiss olunurdu ki, xəyanət əli ilə hakimiyyətə gələn İbrahim, həm də xəyanətdən qorxduğu kimi heç nədən qorxmurdu. Həddindən artıq tədbirli davranışının bir səbəbi əgər gənclik illərinin vərdişi idisə, o biri və bəlkə daha ciddi səbəb xəyanət xofu idi. Odur ki, oğlu alimənsəb təbəələrdən hansınınsa Miranşaha xidmət etdiyini xəbər verəndə, İbrahimin sifətini soyuq tər basdı.

Sui-qəsd haqqında danışıqda, şahla vəliəhddən başqa, cəmisi üç nəfər iştirak etmişdi: Qazi Bayəzid, Şeyx Əzəm və Hacı Firidun. Qaziyə İbrahim özünə inandığı kimi inanırdı. Demək, iki nəfər qalırdı: Şeyx Əzəm və Hacı Firidun. Xain hansı idi?

İbrahim Hacı Firidunla çox az-az, ildə iki-üç dəfə görüşürdü. Lakin Hacının qəlbi gözlərində idi və İbrahim, ifrat şərabdan həmişə bir qədər süzgün baxan o xırdaca gözlərdə məhəbbətdən, sədaqətdən və birdən-birə yüksək rütbəyə çatmış bir adamın öz himayədarına xidmət həvəsindən başqa heç bir kənar, şübhəli şey görmürdü. Demək, Şeyx Əzəm?!

İbrahim Nəsimidən aralanıb gəzinməyə başladı.

Vaxtilə Əmir Teymur Şirvanla müqavilədən sonra Şamaxıya vali göndərdiyi vəliəhd Miranşahı elə o ili geri çağıranda, Gülüstan sarayında hamı bunu Teymurun öz müttəfiqinə külli-ixtiyar verməsi kimi başa düşüb sevinmişdi. Təkcə İbrahim özü qüssə ilə gülümsünüb: «Xəbərgir dərvişlər olan yerdə vəliyə nə hacət?» – demişdi.

Miranşah Şamaxıdan yola düşən günü, şəhərin dövrəsindəki yeddi karvansaranın yeddisindən də dərvişlər qoşun kimi çıxmışdılar, şişuclu mütrüb papaqlarını göyə ata-ata, heybətli «Yahu, Yahu» qışqırtıları ilə,vəliəhdi müşayiət etmişdilər və onun bir-birinin ardınca atdığı kisələrdən atların dırnaqlarının altına səpələnən qızıl-gümüşü yığışdırıb şəhərə qayıtmışdılar. Kimisi qoldan, kimisi qıçdan şikəst olan, hətta üz-gözlərində də köhnə döyüş yaralarının izi qalan bu adamların keçmişdə kim olduqlarını bilmək çətin deyildi. Əyinlərində asım-asım cır-cındırla və mütrüb papağı ilə diqqəti yayındırıb mənsubiyyətlərini gizlətsələr də, onlar indinin özündə də dərviş əsası əvəzində əllərində silah-batqan gəzdirirdilər. Ya da batqanın yumruq irilikdə qurğuşununu bellərinə sarıdıqları mumyalı kəmənd ipinin ucuna bağlayırdılar. Karvansaraların aralarındakı bazarlarda qurğuşunları başları üzərində fırladaraq, qəhqəhə ilə darğaları qovur, tacirlərin, sövdəgərlərin yük taylarını, çuvallarını, səbətlərini açıb dağıdırdılar, cır-cındırları arasında gəzdirdikləri dəri torbaları doldurub qoz, fındıq, xurma, sucuq yeyə-yeyə, «Yahu, Yahu» qışqıra-qışqıra, bütün günü küçə və meydanlarda dolaşırdılar. Bu qışqırtılar Əmir Teymurun hər yerdə hökm sürən yazılmamış qanunlarının və Miranşahın qoyub getdiyi hakimiyyətin səsi idi. Novruz və tacgüzarlıq günlərində, qurban bayramında, mövludda[35 - Məhəmmədin anadan olduğu gün.] və orucluqda dərvişlərin birbaş saraya doluşub, şah məscidinin ətrafında, Şeyx Əzəmin iqamətgahının hücrələrində yurd saldıqlarını, xüsusilə şeyxin müridlərinin bu əlləri batqanlı adamlara necə itaətlə qulluq etdiklərini görəndə, İbrahim hakimiyyəti üzərindəki hakimiyyətin ağırlığını daha çox duyur, bu ağırlığın altında sıxıldığını, saraya təpilən xəbərgirləri buradan qovmağa belə qabil olmayıb kiçildiyini hiss edirdi. O əmin idi ki, Şeyx Əzəmlə müridlərinin dərvişlərə qulluğu və itaəti də Şirvanşahın Əmir Teymura sədaqətini göstərir. Buna görə də şeyxin əlləri batqanlı dərvişlərlə ünsiyyətindən nəinki şübhələnmir, əksinə, bayramlarda öz mətbəxindən şeyxin iqamətgahına ətirli, ədviyyatlı xörəklər göndərib, bu ünsiyyəti daha da dərinləşdirirdi ki, dərvişlərdən teymurilərin Əlincə düşərgəsinə və Sultaniyyəyə gedənlər orada ancaq xoş sözlər danışsınlar. İndi belə çıxırdı ki, dərvişlərlə şeyxin ünsiyyətini dərinləşdirməklə İbrahim öz ayağı altında qazılan quyunu dərinləşdirmişdi. Miranşaha xidmət edən alimənsəb, doğrudanmı, şeyx Əzəmdi? Doğrudanmı, İbrahim bu qədər kor və fəhmsiz olmuşdu?!

O, meydanda vurnuxub, gah fəal elçilərinə, gah da ibadət otağının tək pəncərəsinə tərəf baxırdı. Sinəsində elə təlaş vardı ki, elə bil iki yerə parçalanıb eyni vaxtda həm elçilərlə, həm də şeyxlə danışmaq istəyirdi. Lakin dumanlı bir şübhə İbrahimi Nəsiminin üstünə qaytardı. Bu vaxta qədər onda heç kəsin görmədiyi hiddətlə:

– Xəyanət bəni insanın mayasındadır! Mənim təbəəm Miranşaha xəbər çatdıra bilər, – dedi.

– Bəs sizə kim çatdırıb bu xəbərləri?

Nəsimi bu dəfə tamamilə sakitcə dedi:

– Fəzl müridi çatdırır, şahım.

– Fəzl müridi Miranşahın hüzurunda oturur?!

Nəsimi istər-istəməz gülümsünüb:

– Müridimiz Əmir Teymurun öz hüzurunda oturur, – dedi və dərhal hiss etdi ki, bundan sonra «namaz» baş tutmaya bilməz.