banner banner banner
Məhşər
Məhşər
Оценить:
Рейтинг: 0

Полная версия:

Məhşər

скачать книгу бесплатно

4

Mərmər meydanın dərinliyində fəvvarəli hovuzlarla, sərv ağacları, yasəmən və qızılgül kolları ilə dövrələnmiş sərin bir guşə, bu guşədən o yanda daş barı və dəmir qapı arxasında isə ikinci meydan vardı. Orada, yoğun daş dirəkləri və ümumi ağırlığı, zəhmi ilə sarayın bütün tikililərindən fərqlənən divanxana binasının gecələr səhərə qədər yanan məşəllərin hisindən zolaq-zolaq ləkələnmiş sal qayatək qalın divarları bozarırdı. Bu divarların içərisi bir zaman Kəsranilərin dədə-babalarının qızıl-gümüşlü qılınc və qalxanları, kaman və tirləri, kəmənd, gürz və toppuzları, maral buynuzları, tovuz lələyi, durna teli və sair, uzaq səfər və şikar xatirələri ilə bəzənərmiş. Yuxarı başda, bir cüt qızıl dirək arasından sallanan tül pərdə arxasında, hündür gümüş təxtdə Kəsrani şahları oturarmışlar. İbrahim ilk dəfə buraya qədəm basanda: «Sizin şahınız öz təbəələri ilə pərdə dalından danışmayacaq», – deyib haman pərdəni qoparıb camaatın ayağının altına atmış, qızıl dirəkləri əridib dinar kəsməyi, gümüş təxti isə xəzinəyə təhvil verib, əvəzində buraya adi taxtadan, bəzək-düzəksiz bir təxt qoymağı buyurmuşdu. İndi divanxanada, Əmir Teymurun gümüş ayparalı yaşıl bayrağı altında, haman bəzək-düzəksiz, alçacıq şah təxtindən, bir neçə sandıq, mücrü, kürsü, rəhl[36 - Kitabaltı.] və qələm-davatdan, bir də ki, təxtdən kandara qədər döşənmiş xalı-xalça və döşəkcələrdən başqa heç nə yoxdu. İbrahim, çancarlarının müşayiəti ilə gəlib təxtdə oturanda, ikinci namazından sonra vaxtını, adətən, ibadət otağında və xəlvətiyyədə keçirən şahın bu gözlənilməz gəlişindən özlərini itirmiş çıraqdarlar, tavandan nazik zəncirlərlə asılmış qoşapiltə neft çıraqlarını təzəcə yandırıb, təxtin dövrəsindəki qəndil və şamdanlarda şamları yandırmağa tələsirdilər.

İbrahim əlinin sərt hərəkəti ilə rədd edib onları qovdu.

Xanəgahın ikinci mərtəbəsindən divanxananın damına, oradan da divarın içərisi ilə burula-burula təxtin arxa tərəfinə enən daş pilləkənin ayağında və kandarda zirehli, dəbilqəli silahdarlar[37 - Silahdarlar səfər vaxtı şahın yolunu adamdan təmizləmək üçün saxlansalar da, başqa vaxtlar saray daxilində keşikçilik də edirdilər.] öz yerlərini tutanda, İbrahim onları və hətta bir-birindən balaca, on-on beş yaşlarında xidmət qulamlarını da qovdu.

Bu saat şaha baxan hər bir göz İbrahimə xəyanət gözü kimi, şah kəlməsini eşidən hər bir qulaq xəyanət qulağı kimi görünürdü. Odur ki, yalnız Gövhərşahla candarlardan və sütunların diblərində qollarını sinələrində çarpazlayıb sütunların kölgələri kimi hərəkətsiz dayanmış iki nəfər buyruq qulamından başqa içəridə heç kəsin qalmadığına əmin olduqdan sonra, divanxananın uzaq dərinliyində başmaqlarını çıxarıb gözləyən bəyaz geyimli elçilərin hüzura gəlməsinə izin verdi.

Onun sağ əlinin altında, üstünə qırmızı ipək salınmış xırdaca bir mücrü, o mücrünün yumşaq məxmər yerliyində bir zərrəbin və əlifbanın baş hərfi «əlif» şəklində yüngül bir açar vardı. Nə qədər ki, Nəsimi ilə kəlmələşməmişdi, İbrahim o yüngülcə açarı Fəzlullahla Teymur və Teymurla Miranşah arasında siyasətinin açarı hesab edirdi. Şeyx Fəzlullah hüzura gətirildikdə, İbrahim nədənsə hürufiləri də «məqbul sufi» sayan bəzi mötəbər məscid əhlinə və öz üləmasına o açarı göstərib: «Bu açar Şeyx Fəzlullahın müridlərinə məxsusdur. Bununla müridlər şeyxin gizlin qapılarını açırlar», – deyəcəkdi. İbrahim hətta onu da bilirdi ki, açarın üstündə yalnız zərrəbinlə görünməsi mümkün olan otuz iki[38 - Əlifbada hərflərin sayı, idrak rəmzi, “Əlif” açarla qapı açanlar idrak qapısını açırdılar.] nöqtə vardı; Fəzlullah, sui-qəsd kimi, şübhəsiz, açarın da düzəlmə olduğunu söyləyib, hər şeyi inkar etdikdə, İbrahim açara hamının zərrəbinlə baxmasını buyuracaq və nəhayət, şeyxi həbs etməyə məcbur olduğunu bildirəcəkdi. Hər şey beləcə, əvvəlcədən düşünülmüş, Şeyx Fəzlullahın ətrafında heç bir qurtuluş yolu olmayan, möhkəm bir tor qurulmuşdu. Sui-qəsddən sonra Fəzlullahın Bakını tərk etdiyini eşidəndə də, bu gün Gövhərşahın Fəzlullah əvəzində elçilərlə gələcəyini biləndə və hətta darvaza qabağında Nəsiminin «laməkan» kəlməsindən diksinəndə də İbrahim, Şeyx Fəzlullahın tordan çıxa biləcəyinə inanmırdı. İndi isə şeyxin əvəzinə özünü tor içində görürdü.

Bu torun bir ucu burada-dərgahda, xəyanət əlində, o biri ucu Miranşahın göndərdiyi «təğyirlibas adamların» əlində idi. Amma hələ nə xain dəqiq məlum idi, nə də o adamlar. İbrahim qeyri-müəyyənlikdən, səbirsizlikdən nəfəsinin təngidiyini və tezliklə nə isə bir tədbir tökülməsə hər şeyin məhv olacağını hiss edirdi. Odur ki, Fəzl elçisinin niyyətini bilməyə də tələsib, onun yaxınlaşmasını belə gözləmədən:


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)