banner banner banner
İdeal
İdeal
Оценить:
Рейтинг: 0

Полная версия:

İdeal

скачать книгу бесплатно

İdeal
Muğanna İsa

Milli ədəbiyyat #24
“İdeal” milliözünüdərk məfkurəsini tamamlayan əsərdir. Vərəq-vərəq oxuduqca özünə bir az da yaxınlaşırsan. Çox suallar meydana çıxır. Əsər sualların cavabını demir, oxucuya cavabı tapmağın yollarını açır. Sanki İsa Muğanna əsərdə bunları deyir: “Türkün tarixi üzərində dünya tarix yaratdı. Ey türk, sən tarixini bilmədikcə, sənin tarixinin üzərində hələ çox tarixlər yazılacaq.

İsa Muğanna

İDEAL

(ƏsƏr)

ÖN SÖZ

DİQQƏT!

Mənim həyatımın indi artıq oxuculara məlum olan fəlakətləri o vaxt başlandı ki, əlimə qələm alıb yazmaq xəyalına düşdüm.

1952-57-ci illərdə, 24-29 yaşlarımda ilk az-çox ciddi əsərimi-“Arx” hekayəsini, “Dan ulduzu” və “Yanar ürək” povestlərini yazdım. Ədəbiyyat aləminin diqqətini təzə-təzə cəlb etməyə başlayırdım ki, birdən-birə “Yanar ürək” ədəbi ictimaiyyətin, partiya iclaslarının, plenumların, Azərbaycan kommunist partiyası rəhbər işçilərinin kəskin tənqidinə məruz qaldı. Səbəb povestin əksər fəsillərində həyatımızın mənfiliklərinin çoxluğu və hadisələrin mərkəzində mənfi raykom katibinin obrazı idi. Bu kəskin tənqid 1960-cı ilə qədər, yəni dördüncü ciddi əsərimin çap olunmasına qədər davam etdi. Lakin dördüncü əsər- “Doğma və yad adamlar” romanı daha kəskin tənqid atəşlərinə məruz qaldı. Səbəb əsərin mərkəzində ədəbi gəncliyi sevməyən, son dərəcə mənfi xarakterli alim-tənqidçinin obrazı idi. Bu tənqid də demək olar ki, bütün respublikanı əhatə etdi.

Alim-tənqidçi, MK-nın katibi Cəfər Cəfərova, akademik Məmməd Cəfərə qədər bütün görkəmli şəxsiyyətlər romanın əksinə məqalələr yazdılar. Həyatım belə gətirdi ki, Moskvada “Literaturnı institut”da təhsilimi davam etdirməyə gedəndə kino işçiləri ilə tanış oldum və “Ulduzlar sönmür” (Nəriman Nərimanov) filminin ssenarisini yazdım. Lakin bu dəfə də əvvəlki kapitalist Zeynalabdin Tağıyevin müsbət obrazını yazdığıma görə Mərkəzi Komitənin tənqid atəşi altına düşdüm. Film yenidən montaj olundu. Şəxsən ulu öndərimiz özü filmi təqdir edəndən sonra tamaşasına izn verildi. Lakin bu son hadisə də mənim, necə deyərlər, ədəbi bəxtimi açmadı. “26-lar” filminin ssenarisinə görə də kəskin tənqidlər oldu.

Yalnız 1985-ci ildə həyatım dəyişdi. O vaxt mən kinematoqrafiya komitəsinin baş redaktoru vəzifəsində işləyirdim. Yeddinci mərtəbədə əməlli başlı çardaq kimi dörd kvadratmetrlik kabinetdə otururdum. Səbəb sədrlə aramızda baş vermiş siyasi konflikt idi. Sədr Nəriman Nərimanovu qatı millətçi sayırdı və mənim Nərimanova həsr olunmuş filmimi ardıcıl tənqid edirdi. Bu vaxt mənim başıma bir iş gəldi. Tamam səssiz, ucqar kabinetimdə oturub “Yanar Ürək” əsərinin yeddinci variantını (!) işləyirdim. Bu əsəri hökmən yararlı hala salmaq istəyirdim. Qəfildən qəzəbli bir səs eşitdim. “Bir romanı nə qədər yazmaq olar?! Qələmi at, pəncərənin qabağına gəl!” Mən özümü itirdim: Səs hardan gəlirdi? Nə üçün işimə müdaxilə edirdi… Pəncərənin arxasında tikişi tamamlanmamış “Başnya” vardı. Səs bu dəfə rusca eşidildi. Hiss etdim ki, Moskvanın sifarişi ilə rus dilində kinossenari yazdığımı lağa qoyurdu. Üstəlik də səs çox sərt idi: “vot eto nedastroyyennaya başnya” “Keç stolun arxasına, mən öz ana dilində sənə qədim dünyaya dair material verəcəm. Tarixi roman yazacaqsan. Ondan sonra sənə yazıçı demək olar “Sonra özü haqqında danışdı.” Mən sizin “İisus”, “İsayi Məsih” “İsa peyğəmbər” dediyiniz adamam. OdAzÜz BağOdər planetindən danışıram. Atam sizin “Allah” Boq” adlandırdığınız “Bağ” atadır. Böyük qardaşım Süleyman peyğəmbər dediyiniz (Solomon adlanan) Ulu Bag ƏsəlMəndir. İkinci qardaşım “Hoy” adlandırdığınız “ÜnEv”dir. Üçüncü qardaşım “İbrahim peyğəmbər” dediyiniz “EvƏrimdir”. ƏsəlMəni anlamırsan. Qədim OdƏr (Azərbaycan) dilində Əs-yaradan deməkdir. Əl-həm də oğul deməkdir. ƏsəlMən-Mənim yaradan oğlum deməkdir. ÜnEyi də anlamırsınız. Ün-səs deməkdir. Ey-uca deməkdir. ÜnEy-uca ün deməkdir. Ev sözünü bilərsiniz. Ər-işıq deməkdir. EvƏrim-evimin işığı deməkdir. Sizin indiki dilinizə oxşayan bu dil OdƏr dilidir. Od-həqiqət deməkdir. Ər-işıq deməkdir. OdƏr-həqiqət işığı deməkdir. Sizin indiki dilinizin adı da OdƏr dilidir. 1930-cu ildə rus alimlərinin təzyiqi ilə millətinizin adı-OdƏr və dili OdƏr dəyişdirilib. Qədimdə Qreklər və bütün planet sizə “Bağ OdEy” “Bağ day” deyib. Sonra “Maday” “Midiya” deyiblər. Sonra “Atropatena” deyiblər. 1930-cu ildə “etimalogiya” (Ehtimal) nəzəriyyəsi əsasında “Atropatenanı-“Adrbican”, ”Az ər bay (zay) can, nəhayət Azərbaycan eləyiblər.

Bu sizin vətənin başına gətirilən fəlakətlərdən bir qismidir. Əsas fəlakət 604-cü ildə başlanıb. 802-ci ilə qədər 200 illik anti OdƏr müharibəsində olub. ƏrEy (indiki Roy) şəhərində başlamış Qərbi Sibirə qədər ərazinizdən köçüb Qalom (Orta Asiya) “Altay”, “Volqaboyu”, Sakit okean adalarına qədər dağılışmısınız. Orta Asiyada əsl adı Bağday sayılan ölkə “Tərik”-“Türk” adlanıb. Müharibədən sonra Kür vadisinə Muğan düzünə köçmüsünüz.İndi sənin təxəllüs götürdüyün Muğanna sözü Odərcə BağUn (“beyin”) sözündəndir. Atəşpərəstlik dövründə “Muğanna” (Bizim bağlar) deyilib.

Ən böyük fəlakətiniz 1879-cu ildə olub. Rus çarı (sarı) 1-ci Aleksandr Muğan düzünü tutub, Muğanna əhalisini Cənubi Azərbaycana, Türkiyəyə, Qazax, Borçalı, Şamaxı, Zaqatala vilayətlərinə sürüb. Bu parçalanma, dediyim kimi ən böyük fəlakətlərinizdəndir.

Adını çəkdiyim ərazilərdə 42 Muğanlı, Muğan kəndi, Türkiyədə isə Mağloz vilayəti var.

Sən indiki Ağstafa (AğÜs OdEr) rayonundakı Muğanlı kəndində 1928-ci ildə anadan olmusan. İlk müəllimin məni saya bilərsən. İkinci müəllimin görkəmli rus yazıçısı Konstantin Pom “Masterskoyudur”

İkinci söz

Vətənimin əsas fəlakəti isə lap qədimlərdən başlayaraq bütöv ərazisini itirib parçalanmasıdır. Cənubi Azərbaycan, Dərbənd, Mağlar, Rey(ƏrEy). Nə yaxşı ki, kökündən dəyişmiş şəkildə də olsa OdƏr (Türk) dilini bilmisiniz. Mən “Allah” adlandırdığınız ƏlAğ EySar sənə əsərləri Türk dilində verirəm. Çünki bu dil yer üzündə ən çox yayılmış perspektivli dildir. Fəxr et ki, mənim təqdir etdiyim əsərləri -“Saz”, “Tütək səsi”, ”Quru budaq”, ”Faciə”, ”Kollu koxa”, ”Ömür karvanı” povestlərini ”Məhşər” (Qiyamət günü) “İdeal”, ”Qəbirstan”, “GurÜn” , ”Cəhənnəm”, “İsahəq, Musahəq”, ”İlan dərəsi” romanlarını bu yüksək ifadəli, zəngin dildə yazdırıram.

Vətənimizin əsas fəlakəti, yuxarıda dediyim kimi, o vaxt başlanıb ki, Qrek-Latın quldarlıq qanunları əsasında qurulmuş Vizantiya imperiyası 604-802-ci illərin dünya müharibəsində hərbi qələbələrini daha güclü fatehlik silahı olan Xristianlığın qələbəsinə çevirib, bu dini iki yüz il müddətində öyrənilən müxtəlif dillərin köməyi ilə müxtəlif ölkələrdə müxtəlif variantlarda yaya-yaya, o vaxta qədər planetin əsas-gur yaşayış yerlərində bəşəriyyətin vahid Elm – həqiqət dili kimi mövcud olan OdƏr dilini bir daha rəsmi qadağan etdi; hələ birinci əlli minlik tarixdə, sonra isə Yeni tarixdə (Xristianlığın yayıldığı əsrlərdə) hər cəhətdən təhrifə uğradılan, Kainat həqiqətlərindən uzaqlaşdırılan planetimizdə OdƏr dilində Bağ (insanı insana və bəşəriyyətimizi Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağ) kəlməsi Qrek-Latın dilində təhrif “Boq” sözü ilə əvəz olundu, SafAğ İnsanın (Bağın) Əli-Oğlu mənasında işlənən ƏlAğ kəlməsi Ərəbin təhrif “Əllah” (“Allah”) sözü ilə (təkallahlıqla), BağHəmOd (vahid həqiqət Bağı) rütbəsi “Mühəmməd” adı ilə əvəz edildi. Bəşəriyyətimizin yalnız az bir qisminə (təhrif “Muğ”, “Mağ” kəlmələrilə adlandırılan, “atəşpərəst” sayılan gizlin Bağlara) məlumdur ki, dinlərin əsasındakı kitablar, o cümlədən “Bibliya” (“Tövrat” – “Tora”), “Yevangeliya (“Novıy zavet” – “İncil”) “Quran”da, vizantiyalıların özlərinin məcburən etiraf etdikləri kimi, “Bağ dilində” – “na bojyem yazıke” (yəni OdƏr dili ilə bu dil əsasında yaranmış Tərik – “Türk” dilində) verilmiş kitabların son dərəcə təhrif tərcümələrindən, uydurmalardan, əfsanələrdən ibarətdir. Həqiqətən nə dərəcədə təhrif edildiyi və təhriflərdən necə qlobal – ümumbəşəri fəlakət törətdiyi barədə bu müqəddimənin özündə də az-çox təsəvvür vermək üçün bütün açıqlığı ilə deyilməlidir ki, zahirdə bir-birinə düşmən rolu oynayan dinlər, kökü vahid OdƏr bəşəriyyəti olan xalqları dil-şüur və mənəviyyatca ayırmaq, parça-parça ərazilər, sərhədlər daxilində məhdudlaşdırmaq, bəsitləşdirmək, nəticədə vahid Din mərkəzi Vatikanın – gizlin quldarlıq dövlətinin tələblərini təmin etmək məqsədi güdür. Planetimizdə əsrlərdən bəri hökm sürən dini, siyasi qadağalar, saysız-hesabsız “elmi (“tarixi”. “etnik”) arakəsmələr (süni psixoloji düşmənliklər) mühitində Kainatdan xəbərsizlik, açıq deyirəm, “sivilizasiya” altında cahillik o dərəcədə qatılaşıb ki, bu cahilliyin yaratdığı labüd “katastrofa” qarşısında indi Vatikan dövlətinin özü də qorxuya düşüb, nisbi proqressiv dairələrin planetdə “bütün dinləri birləşdirmək” təklifini, “həqqi təhrif edən xristianlıq”, “fundamental İslam”, “təriqətlər İslamı”, “Bəhayilik”, “Yəhudilik”, “Buddizm” və sair “dini”, “elmi” “izmlər” əvəzində, mövcud Vahid həqiqəti yaymaq ehtiyacını rədd edə bilmir. Mən sözün əsl mənasında ürək ağrısı ilə, faciə içində bildirirəm ki, əsrlər boyunca Vatikan casuslarının təlimatları əsasında (öz əlimizlə) gah açıq, gah gizlin məhv edilən “Muğ” – Bağ nəslinin təhrif adı (“Muğanna” – “Bizim Muğlar”) altında çap etdirdiyim ƏsƏrlərdəki Bağ həqiqəti – SafAğ Elmi hələ də təhrif “izm”lərin müqavimət səddi arxasındadır. Yeni Zaman – 2000-ci il ərəfəsində sədd dağılmalıdır, təhrif insan məhz SafAğ Elmi sayəsində maariflənməli, saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə – əbədi həyat planetlərinə qovuşmalı, yəni “Yer” – EyƏr (Uca İşıq) planetinə gizlin gəlib-gedən İşıq gəmilərinin düşdükləri guşələrə buraxılası halda olmalıdır. Əks halda fəlakət baş verəcək.

Yaxın və uzaq keçmişimizən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən “İdeal” romanını yenidən və sonuncu dəfə işlədim. Bu əsərlə tanış olmayan oxucu altılığa daxil edilmiş romanlarda SafAğ elminin təfsilatını dərk edə bilməz. Həmin romanlar – “Məhşər” (Ənşər-mən şər”) “Qəbristan” “GürÜn”,

“İsahəq, Musahəq” “Cəhənnəm”, burada göstərilən xronologiya əsasında oxunmalıdır ki, lazımınca yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə fayda versin.

Muğanna, 27.01. 2013.

SÜLEYMAN PADŞAHIN XƏZİNƏSİ

1

Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı; taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə, şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.

Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku”ndan

hər cür nemət dadıb, özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində- qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa: “Çax-çux özünə gün ağlasın, biz də özümüzə”, – deyib gülüşsünlər.

Bu üç nəfər – iki qız və bir oğlan, cəhalət və işgəncələrlə dolu ölümlü dünyamızın əbədi həyat dünyası Kainatdan ayrılığının səbəblərindən bəhs edən bu fəlakətlər kitabının ilk səhifəsində oynaşan üç anauşağı kimi şeydilər, üçü də bu fikirdə idi ki, Çax-çux Xalıqın kişmişi təkcə onların “ağzını şirin eləmişdi”, cəmaat kişmişin kilosuna altmışca manat verirdi, onlar isə “müftəcə yeyirdilər”. Bundan başqa, Gülbəniz Səmədi sevirdi, Səməd Gülgəzi sevirdi, Gülgəz isə hər ikisini sevirdi, buna görə də hər üçünün könlü şaddı, ağızları da şirin.

Səmədin gur, qara, deyilənə görə, mərhum anası Suranın saçlarına oxşayan dalğalı saçları Gülbənizin ətəyinə doğru sallananda, o biri tərəfdən Gülgəzin qara ipək cığaları sallanırdı. Bu vaxt Gülbəniz qısqanclığını gülüşlə, zarafatla gizlədirdi:

– Ey, ey, saçlarınız görüşdü!– deyib, bir əlilə Gülgəzin, o biri əlilə Səmədin başını dala itələyirdi.

Gülgəzin əli bir yandan Gülbənizin önlüyünün ətəyinə uzananda, Səmədin əli də o biri yandan uzanırdı. Bu vaxt Gülbəniz yenə hər şeyi zarafatla gizlədirdi:

– Ey, ey, əlləriniz görüşdü! – deyib bir əllə Gülgəzin, o biri əlilə Səmədin əlini dala itələyirdi. Sonra saçların, əllərin görüşü təkrar olunub, “dizlərin görüşü”, “ayaqların görüşü” də bunun üstünə gəlib, hər üçünün arasında sehrli, sirli ilk gənclik oyununa çevrilirdi və kişmiş qurtarana qədər bu oyun davam edirdi.

Bu günlər Əmirli yeniyetməsi Səmədin ömrünün bəlkə də ən xoşbəxt günləri idi. “Ekspeditor”

Xalıqın rəsmi “faktura” – malın siyahısı və qiymətləri ilə mal payladığı və qeyri-rəsmi “çax-çux” – alver elədiyi üç para kənddə, o cümlədən burda – Qonaqlıda hamıya məlumdu ki, Arazın bu tayı ilə o tayının, yəni Sovet Azərbaycanı ilə Cənubi Azərbaycanın arasında “sərhədin açıldığı”

gündən indiyə qədər – beş il ərzində bu adamın o taya ayaq döyməyi heç də alver üçün deyil, bu get-gəl Əmirlilərin o tayda – “xarici ölkədəki qohumları” ilə, Təbrizin Əmir məzarıstanında dəfn olunmuş ataları Məhəmməd Əmirlə, qardaşları Şeyx Ağ Əmir, Şeyx Boz Əmirlə, o şeyxlərin bu tayda – Sovet Azərbaycanında “sinfi düşmən” sayılan məsləkdaşları ilə əlaqədardılar

. Palıd kötüyünün üstündə daş-tərəzi görünəndə bütün kənd əvvəlcədən bilirdi ki, Çax-çux yenə “Məhəmməd Əmirdən, şeyx qardaşlardan”, o qardaşlardan qalan mülklərdən, var-dövlətdən danışacaq.

Səməd isə öz aləmində idi. Hətta son günlərin böyük, ciddi hadisələri – “o tayda Azərbaycan Demokratik Firqəsinin məğlubiyyəti, yəni “Milli Hökumətin yıxılması” və “Şahın bizimkiləri topa tutması”

da bu gur saçlı, möhkəm bədənli, “əziz-ərköyün sədr oğlu”nun gur hissiyyatla dolu şadlığına mane olmamışdı. Başqa sözlə, dünyada baş verən hadisələr bu cavana hələ bir o qədər toxunmamışdı və toxuna da bilməzdi. Cəmaat deyirdi: “Sədr oğlunun Araz aşığındandı, Kür topuğundan”, yəni “heç nə vecinə deyildi”. Və bu sözlərdə həqiqət vardı.

Gözünü açıb dünyaya baxanda Səməd özünü kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan nəhəng bir otaqda, səhərdən gecə yarıya qədər bu otağa dəstə-dəstə gəlib-gedən cəmaat arasında “əziz-ərköyün sədr oğlu” kimi, “şəxsən Sultan Əmirlinin dizinin dibində oturan Əmirli yetirməsi” kimi, “ordenli bolşevik Qılınc Qurbanın atının tərkində gəzən” və “yetdiyinə yetib, yetmədiyinə bir daş atan dəliqanlı” kimi görmüşdü; qonaqlının nəsillikcə alverçi olan və var-dövlətlərini qorumaq üçün həyət-bacalarında çoxlu it saxlayan Qudalı məhləsinin itlərini döyərdi; Əmirlilərə açıq-açığına “düşmənlərim” deyən Qudalı ağsaqqalı Xəlvət Rəhimin atının quyruğunun altına tikan qoyub soncuqladardı; Gülgəzin atası Məmiş Əlləzoğluna “Göbələk Məmiş” deyib qaçışan Qudalı cavanlarını “deşiklərinəcən qovardı”, əlinə keçənlərin ağız-burunlarının qanını bir-birinə qatardı; “Qudalı cavanlarının atamanı Qıllı Qeybalı”, Qonaqlının partkomu Cəfər əminin – Lüt Cəfərin özündən iyirmi yaş kiçik arvadı Ayna bacının “ora-burasına baxanda” Qeybalını “Dantes köpəyoğlu”

adlandırıb “duelə” çağırardı və dueldə sapandına daş əvəzinə mal peyini yığıb Qıllı Qeybalının üz-gözünü, üst-başını batırardı; hesabdar Mürsəl, Qonaqlının məşhur “qəlyanlı qocalar”ından Çürük Aşıqla Xızr Abının əməkgünlərini kəsib, ömürlərini bazarlarda keçirən Qudalılara əməkgünü yazanda Səməd atasının bu işə qarışmağını gözləməyib, mühasibliyə cumardı, “vedemost”u

stolun üstündən qapıb Mürsəlin başına çırpardı, “təzədən yaz, köpəyoğlu!” deyib, ədalət bərpa olunmayınca idarədən çıxmazdı.

Lap uşaqlıqdan başlayıb, hələ də davam edən bu cür dəliqanlılığına görə Qudalı cavanları ona “Dəli Səməd” deyirdilər və yəqin ki, elə haqlı deyirdilər; daim dingildəyib hökmən nə isə eləmək, hətta gecələr çarpayıda da qaynayıb yorğan-döşəyi, balıncı əzişdirib bir-birinə qatışdırmaq heç də adi, normal adam vəziyyəti deyildi və Səməd özü də hiss edirdi ki, ancaq son vaxtlar “Kamal attestatı proqramı”nda imtahan biletlərinin çoxluğundan qorxub kitabların üstünə cumanda, bir də Gülbənizin önlüyünün ətəyindən kişmiş yeyə-yeyə Gülgəzə tamaşa eləyəndə “az-çox adam olurdu”.

1946-cı il dekabrın iyirmi üçünə qədər vəziyyət belə idi.

O qış günü Çax-çuxun “o taydakı şeyx qardaşlar” barədə cəmaata danışdığı xəbəri, “O Əmirlilər Sovetin düşmənləridilərsə, burdakı Əmirlilər Sovetə dost olarlarmı, ay cəmaat?!” – dediyini qulağı alar-almaz Səməd əlini Gülbənizin önlüyündən çəkib, birbaş idarəyə – atasının kabinetinə yüyürdü və o gün də birinci dəfə eşitdi ki, demə, Sultan əmidən başqa, “Ağ Əmir, Boz Əmir adında şeyx əmiləri” də varmış; haçansa “İranda məşrutə vaxtı”, Səttarxan üsyanı illərində gəlib-gedərmişlər, Bakının, Gəncənin, Tiflisin, İrəvanın

məscidlərində ianə yığıb o taya apararmışlar. Axırıncı dəfə, Şimali Azərbaycanda Şura respublikası qurulanda Nəriman Nərimanovun “Şərqdə müstəmləkəçilikdən azadlığa çıxmağın yolları” haqqında nitqinə qulaq asıb gediblər, bundan iki il sonra – iyirmi ikinci ildə isə, sonuncu Azərbaycan şahının təxtində oturan təzə Pəhləvi şahının qəzəbinə keçib zindana düşüblər, yeddi-səkkiz il müddətində şaha dəfələrlə məktub yazıb Pəhləvilərlə türklərin eyni millət olduğunu sübut eləməyə çalışsalar da, “millətpərəst qiyamçılar” damğasından qurtara bilməyiblər və nəhayət, otuzuncu ilin qışında iki qardaşın ikisi də bir gündə xəlvəti öldürülüb, “Əmir məzarıstanı” deyilən qəbristanda dəfn olunub…

Atası Səmədi stolun böyründə oturtdu, özü isə ayağa qalxdı. Boyu elə uca idi ki, stolunun dalından qalxanda başı divarda Stalinin portreti ilə yanaşı durardı və bu vaxt Səməd qalın, bir az yağlıtəhər saçlarında daraq dişlərinin izi qalan, bığı da saçları kimi parıldayan atasının Stalinə necə oxşadığını daha yaxşı görüb, kükrək qürurla coşub dik atılardı. Atası bu hərəkətdən təəccüblənib, “hoppanırsan elə”, – deyərdi. Sonra gözucu portretə baxıb dodaqucu gülümsünərdi, “Yaxşı böyüyürsən, oğlum. İşıqlı böyüyürsən, əmma çox hoppanma. Oğul təmkinli olmalıdı”, – deyib hər dəfə nəsihət eləsə də, Səməd heç cür təmkin saxlaya bilməzdi. O gün isə, sədr stolunun böyründə, xüsusi xalça üstündə, Sultan əmi kimi, Qılınc Qurban kimi böyük adamlar üçün qorunub saxlanan “qonaq yerində” – kresloda oturduğunu da hiss eləməyib, atası kabinetdən çıxıb gedəndən sonra da kresloya yapışıqlı qaldı.

Qabağında, stolun küncündə üç şəkil vardı. Biri “Əmir məzarıstanı”nda bir cüt yanaşı qəbrin şəkli idi. İkinci, üçüncü şəkillər isə, həmin qəbirlərin başdaşlarının ayrı-ayrılıqda şəkilləri idi. Danışıb qurtarıb kabinetdən çıxanda, atası qapıdan qayıdıb bu şəkilləri buraya atdı və hirsli-hirsli gəzinməyə başlayıb:

– Bax! Bax! – dedi. – Baban Məhəmməd Əmirin qəbri də o məzarıstandadı, əmilərin Ağ Əmirnən Boz Əmirin qəbirləri də. Adlarını kommunist qoyanlar şeyx adlananları özlərinə düşmən sayırlar, -dedi. – Aclıq ili

gəlib bu tayda qalmasaydıq, rus dilini öyrənib, Leninin kitablarını oxuyub Kommunist Partiyasına daxil olmasaydıq, Sultan əminnən mənim yerimiz də o məzarıstan olardı indi, -dedi. – Cəllad şahın əli çatmadı, bu tayda səlamat qaldıq. İndi özümüz özümüzə cəllad olmuşuq. O taydan şeyx qəbirlərinin şəkillərini gətirdirik, bu tayda kommunist Sultan Əmirliynən kommunist Mədəd Əmirlini çək-çevirə salırıq: “Sinfi düşmənlərimizin qardaşlarısınız!” – filan!.. Bax o şəkillərə, fəxr elə ki, Əmir adınnan adlanan o məzarıstanda qədim nəslin-kökün Səttarxan, Bağırxan mücahidlərinə haqq-ədalət dərsi deyən şeyx əmilərin var. “Şeyx” kəlməsi qorxutmasın səni. Oxumusan, Lenin deyir: “Religiya opium dlya narodov” – “Din tiryəkdir xalqlar üçün”. Yəni beyinləri dumanlandırır din, real dünyadan ayırır. Əmilərin Ağ Əmirnən Boz Əmir razıydılar bu fikirnən, tez-tez bizim Doktornan, yəni Nəriman Nərimanovnan görüşdülər. Dini məhz “tiryək” adlandırırdılar. “Mollaların nazıynan oynama, Doktor, – deyirdilər. – Çox hiyləgər məxluqatdı mollalar, bir də ayılıb görərsən elə özün də tiryək çəkirsən”, – gülüşürdülər. “Şeyx” rütbəsinin, din libasının altında gizlənib “Kainat elmi” – “SafAğ Elmi” adlanan böyük elm yayırdılar əmilərin.

Təbrizdə mədrəsəmiz vardı. “Quran”ın tədrisində surələrin oxunuşu, yəni kəlmələrin, ayələrin-cümlələrin ərəbcə tələffüz tərzi, qiraət üsulu qurtarandan sonra mədrəsənin qapılarını bağlayıb “batin”, yəni gizlin “təfsir”ə, yəni şərhə– izaha başlayırdılar.

Həqiqət “Quran”ın kəlmələrində, ayələrində, surələrində deyil, hürufatda, hər bir hərfin əslindədi. Hərfin əsli isə ərəbcə deyil (yazıram bura, oxu), OdƏr dili adlanan dildədi. Məsələn, “Quran”ın ilk surəsinin əvvəlindəki iki hərfə diqqət yetirək: “Əlif Lam”.

“Əlif- “A” hərfinin əsli – OdƏrcəsi “ƏlEv”di. Mənası: “Evin Əli”.

Bunları da yazıram kağızda, gözünnən görəsən ki, OdƏr kəlmələri, söz daxilindəki söz birləşmələrinin hamısı böyük hərfnən yazılır.

Məna isə izahat tələb eləyir. Necə yəni “ƏlEv”? – “Evin Əli"? Kimin evinin əli? Evin də əli olarmı?.. Uzun təfsirdən – şərhdən sonra məlum olurdu ki, “Ev” (hələlik belə bil) Allahın Evidi. Bu Evin Əli, yəni işləyəni, yaradanı isə Allahın Oğludu.

Nə başa düşdün?

Əgər Əli – Oğlu varsa, demək, Allah tək deyil və demək, “Quran”dakı “Allah təkdir”, “Allah doğub törəmir” sözləri yalanmış?!

Bax belə təfsir – şərh!

“Lam” hərfinin əslinə – OdƏrcəsinə diqqət yetir: “Əlim!”

Birinci surənin əvvəlindəki “Əlif Lam” hərflərinin birlikdə mənası nə olur?

“ƏlEv Əlim!” Yəni “Evin Əli mənim əlimdir”. Hər bir Aləmdə, yəni “Qalaktikada” əhaliyə söz, məna çatdıran, kitab, həqiqət verən Əl-Oğul var.

İndi görək bu “Allah” və ya Ərəbin dilindəki kimi “Əllah” deyilən bu kəlmənin özünün əsli – OdƏrcəsi nədi?

ƏlAğdı!

Yazıram, əyani gör: “ƏlAğ”.

Yəni “Ağ”ın “Əli”?

– Bəli.

Bəs “Ağ” nədi?

SafAğ İnsandı “Ağ”. Yəni, ən saf İnsan, rusca desək, “Preçistıy”.

ƏlAğın mənası oldu “SafAğ İnsanın əli.

Demək, “Oğul” – ƏlAğ- “Allah” özü kiminsə Əli – Oğludusa, o Oğulun özünün də Oğlu ola bilərmi? Əlbəttə! Demək, bir daha aydın olur ki, “Allah doğub törəmir” demək olmaz. Yəni, “Quran”ın əsas müddəasına: “Lailahəilləllah” – “Allahdan başqa Allah yoxdur” müddəasına inanmaq mümkün deyil. Elə isə “İslam milləti” deyilən bu qədər əhalini necə inandırıblar? “İslam” dinini necə yaradıblar? Sadəcə olaraq, “Quran”ın əslini yazan kişiynən bütün qohum-əqrabasını qırıblar, qılıncı dirəyiblər boğazımıza: “Kəlmeyi şəhadətini de!” Elə ki, “Lailahəilləllah” demədin, başın getdi bədəndən!.. Nəyə lazım olub bu? Kimlərə lazım olub? Bax, bu sualların cavablarını öyrənəndə, dünyamızın tarixini biləndə hər şey aydın olur və insan həqiqəti bərpa eləməkdən ötrü mübarizəyə başlayır.

Baban Məhəmməd Əmir, əmilərin Ağ Əmirlə Boz Əmir bax belə işlər görürdülər. Belə adamlara SafAğ Elmi Alimləri deyirlər.

Sözüm çoxdu, oğul. Əmma qısa deyəcəm.

Lenin kimdi? Stalin kimdi? Mircəfər Bağırov kimdi? Biz – Sultan, Mədəd adlananlar kimik? İnqilab nədi, kommunizm nədi? Sən hələ heç nə bilmirsən, oğul.

Mircəfər Bağırova hamı Mirqəzəb – cəllad deyir xəlvətdə. Niyə? Öyrənməlisən, bilməlisən!

Vəzifəlilər “Kişi” deyirlər ona, “Azərbaycan bolşeviklərinin atası”, “Xazeyin” deyirlər.

“Kişi” sayılanın “Pers” çağırdığı istəkli bir generalı var. O “Pers”, KQB

Xudiyevi, NKVD

Gülənovu, prokuror Sayılovu, RİK

Ağamalını çəkib dövrəsinə, rayonun bütün aktivi əmrlərini nöqsan tutur bizə. “Tərcümeyi-halınızı düz yazmayıbsınız”. “Sinfi mənsubiyyətinizi gizlədibsiniz!” “Partiyanı aldadıbsınız!..! “Təhlükəli adamlarsınız!..” “Siz də “batin”, yəni gizlin işləyənlərdənsiniz, “Pünhan”, “AdıPünhan” deyirlər sizə…” və sairə. Xəlvəti qırğın, sürgün planları düzəldirdilər ki, ümumiyyətnən, xalqımızı məhv eləsinlər. Niyə? Lap sadəsini deyirəm sənə: vətənimizə, torpağımıza, varidatımıza sahib olmaqdan ötrü.

Müharibədən qabaq başlanmışdı bu söhbət… Danışıram ki, başımıza bir iş gəlsə, fikirləşməyəsən ki, görəsən, niyə gizlədiblər məndən bu işləri. Körpəydin onda sən, cəmi on yaşın vardı. Xüsusi izahat yazdıq onda ki, dünyanın həqiqətlərini açan “Pünhan” alimlər, el arasında gəzərgi şeyxlər, müridlər, dastanların rəmzlərində Kainatın sirlərini açan ustad aşıqlar – Alı, Ələsgər kimiləri azalıb, kommunizm üçün təhlükəsiz olublar, yəni siz çox nahaq belə əl-ayağa düşübsünüz. İzah elədik ki, şeyx qardaşlarımızın bir çox fikirləri Leninin fikirlərilə oxşardır. Biz özümüz də sinfi düşmən filan deyilik, Vətənimizin o tayında olanda bu tayı “xaric” saymırıq, bizə inansanız, çox xeyrimiz dəyər sizə.

Lap cavanlıqdan bir ayağımız Bakıda, o biri ayağımız o tayda, fədailərin arasında olub, oğul. İki qardaş bir qarına ac, bir qarına tox, Doktorumuzun başçılığıynan “Hümmət” Partiyasının pudnan qızılını daşımışıq o taya ki, Səttarxan fədailəri silahsız qalmasınlar çöllərdə. Qohum-əqrabalarımızı qan içində qoyub qayıtmışıq bu taya ki, lazımıq burda.

Başa düşürsənmi nə deməkdi bu, oğul?

Fədakarlıqdı bunun adı, qəhrəmanlıqdı! Demək olar ki, hər gün “dopros” – istintaq eləyirdilər, çalışırdılar bizim vasitəmiznən təbliğatçı kommunistlər göndərsinlər o taya, SafAğ alimlərimizi axtarsınlar, tapıb qırsınlar- məhv eləsinlər.

Sonra biləcəksən, tariximizdə çox olub belə qırğınlar.

Bil! Başa düş! Yadında saxla. Əmma lal-kar ol, danışma heç kəsə ha! Heç kəsə!

İyirminci ildə Doktorun mandatıynan gəlmişik biz bu rayona, yerli cəmaatnan, Qılınc Qurbannan çiyin-çiyinə hökumət qurmuşuq. Əsas şeyləri deyirəm sənə. Yazdıq bunun hamısını o vaxt, müharibədən əvvəl, verdik, göndərdilər yuxarıya – Bakıda o “Kişi” deyilən Mirqəzəbin özünə, çünki elə o vaxtdan onun özünün göstərişiynən incidirdilər bizi. Xəlvətdə özümüz də başa düşürdük ki, Marksın, Engelsin, Leninin “bütün dünya füqərayı-kasıbları, birləşin!” şüarıynan heç cür razılaşammırıq. Çünki lap aydın məsələdi ki, dünyamızın xarablığı adamların bir qisminin varlı, istismarçı kapitalist, feodal olmağında deyil, bizim hələ Nizamimizdən əvvəllər də məlum olub ki, dünyamızın xarablığı insanın özünün, yəni bütün bəşəriyyətimizin özünün qanmazlığındandı. Dünyamızın keçmişini bilmir insan. Həqiqətin, yaxşının, pisin nə olduğunu qanmır. Nə iş görürsə, həm özünün zərərinə eləyir, həm də başqalarının. Belə olan halda, yəni kapitalistin, feodalın əlinin altında zillət çəkən “füqərayı-kasıb” ilə birgə istismarçının özü daha qanmazdısa, milləti iki yerə bölməyin nə mənası var?! Qan-qırğın, kin, ədavət daha da xarab eləmirmi insanı?!

Kimə deyə bilərdik bunu, ay oğul?!

Kəndlərdə cəmaatdan məktub, şahid-filan yığdıq ki, biz ədalətli adamlarıq, kasıb pənahıyıq. Sağ olsun ki, Qılınc Qurban da dil yetirdi. Köhnə bolşevikləri, ağsaqqalları yığdı başına, o “Kişi” deyilənə teleqram vurdu. Sağ qaldıq biz. Çox gizlin elədilər qırğınları, tutquları, sürgünləri.

Müharibə qurtaralı təzədən başlayıblar. Bakını materialnan doldurduqları bəs deyil, indi də Çax-çux Xalıqın atını kişmişnən yükləyirlər ki, “Get kəndlərdə sat, arada da söz yay ki, kişmiş özümün deyil, o taydan Ağ Əmirnən Boz Əmirin oğulları öz əmiləri Sultan Əmirliynən Mədəd Əmirliyə göndərirlər. “Qorxuram söz çıxar, ləkə gələr Əmirlilərin adına, taqsırı məndə görərlər, öz adıma çıxıram kişmişi satıram. Pullarını özlərinə verəcəm”. Həqiqətən Sultan əmiyin stolunun üstünə yığın-yığın pul qoyurdu cəmaatın gözünün qabağında, “Sizə çatacaq”, -deyirdi. Başa düşürsənmi? Yəni dövlətlidilər Ağ Əmirnən Boz Əmirin oğulları, dövlətli olduqlarına görə də guya şaha qulluq eləyirlər, o tay, bu tay Azərbaycanın birləşib əsarətdən qurtarmağını istəmirlər.

Əslində, özləri, başda bu Bığlı

, dəridən çıxırdılar ki, o tay Azərbaycan farsın əlində qalsın, bu tay Azərbaycan rusun əlində, Borçalı, Başkeçid Gürcüstanın əlində, İrəvan çökəyi, Zəngəzur, Göyçə, Dilican dərəsi erməninin adına yazılsın… Bil bunları da! Bil! Danışma ha! Lal-kar ol! Xüsusən, var-dövlətimiz, mədrəsəmiz-filanımız barədə lal ol! Bayaq dedim, bir də deyirəm, unutma, bizi həməşə varidatı başından aşan sinfi düşmən qələmə verirlər.

Bil! Uşaq deyilsən daha, onillik qurtarırsan, gör cəmaatın gözünə necə kül üfürürlər, kor eləyirlər ki, sabahları əminnən mən “ifşa olunanda”, partiyadan çıxarılıb həbsə alınanda ədalətsizlik kimi görünməsin bu, əvvəlcə cəmaat elə özü desin ki, belə də olmalıydı, şahnan əlaqədəydilər, xalq düşməniydilər!.. Dost da Şura hökumətinin adından danışır, düşmən də. Cəmaat seçəmmir yaxşını yamandan. Sən seçməlisən! Oğlumsan! Bilməlisən ki, hümmətçi, yəni Nərimanovçu kommunistlər deyirlər bizə. Millətçi deyirlər, əmma millətçi deyilik biz, inşallah, biləcəksən ki, biz bütün bəşəriyyətin qeydinə qalan “Dəlilərdənik”. “Dəli” pis söz deyil. Vaxtı çatanda biləcəksən.

Bir şeyi də açmalıyam sənə. Özlərini Leninçi bolşeviklər adlandıranlar Moskvada kök salıb bizim ara- bərələrimizi casus agentlərnən doldurublar, biz hümmətçiləri xəlvəti qırıblar həmişə. Stalin niyə yol verir belə şeyə? Dedim, Stalini də tanımırsan sən hələ. Sultan əmin danışacaq özü sənnən, başa salacaq hər şeyi.

Əmin Sultan indiyəcən evlənməyib. Niyə? Bilirsən?

Qılınc Qurbanın bacısı Qıymat hələ biz Bakıdan gələn vaxtdan vurğundu əminə. Qıymat da bir Qıymatdı. Nə gözəllikdə tayı-bərabəri var, nə də agılda-kamalda. Əmma evlənmir əmin. Fədai sayır özünü, ailə, oğul-uşaq istəmir. İyirmi ikinci ilə qədər, nə qədər ki, Ağ Əmirnən Boz Əmirin səsi gəlirdi o taydan, hər il gedib Arazın üstündə Culfa körpüsündə fədailərnən görüşürdü, məsləhət verirdi. Kitab paylayırdı. Sirr açırdı: “Əmirlilər deyilik biz. Dünyaya Kainat elmi yayan AdıPünhanlarıq. Muğanna adlanan gizli nəsildənik. Kitabları oxuyun, görün “Leninçi kommunist” adlananlar kimlərdi, “Muğanna” adlananlar kimlərdi?.. Çox sirlər, həqiqət açırdı Sultan əmin fədailərə.

Milli hökumətimiz yıxılsa da fədailər sağdılar o tayda. Bu taya keçib başqa şəcərəynən – familiyaynan yaşayanlar da çoxdu.

Onlardan dərs alacaqsan sən. Əmma unutma ki, əsil fədailik silahlı mübarizədə yox, şüurlara həqiqət yetirməkdədi! Yəni Şeyx Məhəmməd Əmir, Ağ Əmir, Boz Əmir əməlindədi fədailik.

Çox çətin sözlər deyirəm bu gün sənə, oğul. Belə lazımdı. Çoxunu sonralar dərk eliyəcəksən… Ürəyimə damıb, axıracan atalıq eliyəmmiyəcəm sənə. Başımı yeyəcəklər. Özü də lap tez ola bilər bu iş. Tale özü gətirib səni bu gün bu kabinetə, oğul. Qulaq as. “Vəsiyyət yüngüllükdü”, -deyiblər. Cəmisi iki şey deyəcəm sənə. Eşit, sonra da otur burda, çıxma heç yana. Peçi qalamışam, istidi otaq.

Otur, burdaca fikirləş, yaddaşına həkk elə sözümü.

Rəhmətlik anayın bir az saxlancı var sandığında. Götürərsən onu, heç kəsə heç nə deməzsən, bilet alıb birbaşa gedərsən Bakıya. Sultan əmin deyəcək kimin yanına getməlisən Bakıda. Generaldı. Ona da “AdıPünhan” deyirik. Sazı sinəsinə alandaca enir-qalxır sinəsi, gözləri dolur: “Koroğlunun çən qalası, ərşə dayanıb naləsi…” Familiyasını da deyim: Məhərrə-movdu. Bizim bu tərəflərdəndi. Qohumluğumuz da var… Ola bilər Məhərrəmovun özünün də başı əlində olmasın. Lap hamballıq elə, amma oxu, təhsil al! Bu bir.

Çörək dalınca qaçma, bilik dalınca get. Cibini yox, sinənin altını doldur ki, eşqin olsun sinədə, eşqnən yaşa bu dünyada, daha Xalıq-malıq kimi titrəyə-titrəyə, ölə-ölə yox!