banner banner banner
İdeal
İdeal
Оценить:
Рейтинг: 0

Полная версия:

İdeal

скачать книгу бесплатно

Bilikdi eşq. Maarifdi eşq. Dünyəvi, hərtərəfli dərin alimlikdi eşq.

Elm bir də eşq. Budu vəsiyyətim. Vəssalam.

İndi götür bu şəkilləri.

Sultan əmin partbiletinin arasından çıxartdı verdi mənə bu şəkilləri, mən də sənə verirəm. Özü də ümidnən verirəm ki, vaxtı çatanda sən də partbiletiyin arasında gəzdirəcəksən bu şəkilləri.

Eşit, unutma! Leninin köməyinə ehtiyacımız olmasaydı, biz girməzdik bu partiyaya. Bayaq dedim əsas nöqsanını bu partiyanın. Bəşəriyyəti parçalamaq olmaz! Qan tökmək, düşmənçilik, yaymaq olmaz! Çox pis olar bunun axırı, oğul. Çox pis! Əmma girdik bu partiyaya. Çünki fikri fikrimizdən, ürəyi ürəyimizdən Nərimanov vardı bu partiyada. Lazım gələndə Bolşeviklərdən ən nüfuzlu adamları doğru yola çağırırdı. Əslinə, elə əmilərin də istəyirdilər ki, Bolşeviklərdən ayrılmayaq. Əmma güdürdülər, məsxərəyə qoyurdular ikimizi də: “Bizim şəkillərimizi yapışdırın firqə biletlərinizə, həqiqi kommunist olun”, – deyirdilər. Yəni həqiqi kommunizm ayrı cürdü.

İyirmi səkkizinci ilin yazında, axırıncı dəfə o taya gedəndə Qəsri-Qacar zindanında görüşdüm o rəhmətliklərnən.

Yekə, qalın qapısı var o zindanın. O qapıdan sol tərəfdə lap dar dəhliz var. Dəhlizin o başında, deyilənə görə, divarın qalınlığı yarım metrədi. Bilirdim ki, o başdakı lap dar qəfəs kimi yerlərdə saxlanan adamlar sağ çıxmırlar ordan. Buna görə özüm-özümə söz verdim ki, işıqlı sözlər, şad xəbərlər danışacam, heç olmasa beş-on dəqiqəliyə qəmləri dağılsın. Dedim, oğlum olub. O rəhmətliklər qoydular sənin adını. İki mənası var “Səməd”in. “Sin”nən, yəni incə “s” hərfiynən yazanda “ehtiyacı olmuyan” deməkdi, yəni “azad”. “Sat”nan – qalın “s”nən yazanda “əbədi” deməkdi. Ərəbcədi bu. Əsli – OdƏrcəsi SimOddu “Səməd”in. Sim həm Ağ – SafAğ deməkdi, həm də Uca. Od-həqiqətdi. SimOd – Uca həqiqət deməkdi. Yadında qaldımı? Bir də deyirəm: “Səməd”in əsli – OdƏrcəsi SimOddu. Elmimizə görə, “Səməd” – SimOd adı daşıyan adam Uca həqiqətə, SafAğ Elminə qulluq eləməlidi. Elmə qulluq eləmək üçün isə, SimOdun işi cəmaatnan olmalıdı, çünki “cəmaat” kəlməsinin əsli – OdƏrcəsi də SimOddu. Ərəblər Simə, Uca olana – Kainata “cəm” deyiblər, həm elə “cəm olan” mənası veriblər, həm ağ, yəni “gümüş”, yəni təmiz mənası veriblər, “at” kəlməsini isə qonşuları qreklərdən alıblar. Qrekcə həm “at”, həm də “ki” “od” mənasındadı, Yerdəki od-alov mənasında, bizim həm Yer odu, həm də Kainat Odu- həqiqət mənasını Qreklər kimi, Ərəblər də unudublar. Bunlar heç. Sonralar dərs keçəcəksən, biləcəksən hamısını. Hələlik bircə bunu yadda saxla ki, “Səməd” – SimOd – Uca həqiqət mənasında olduğuna görə, SimOddan cəmaat əlbir işləməli, əlbir yaşamalıdı… Əmilərin dedilər böyüyəndə de kimlər qoyublar onun adını, mənanı anlat, bilsin…

Sədr Mədəd ömründə birinci və axırıncı dəfə oğluna bu qədər sirr açdı, “hoppanan” oğlunun necə tərpənməz qaldığını, qızıl-qırmızı ikən necə ağbəniz olduğunu görsə də susmadı, yəqin ki, doğrudan da, “ürəyinə damdığına” görə vəsiyyət eləyib, kabinetindən və idarədən çıxdı, o vaxt rayonlarda məsul işçilərə paylanan, biri də gəlib buraya – Qonaqlıya düşən “Villis”ə minib, qəzəbini, kinini motorun gurultusu, nəriltisi ilə bütün kəndə yaya-yaya, Ortayolla üzüaşağı Xalıqın həyətinə sürdü, vurub kötüyü aşırdı, daşı-tərəzini, kişmişi dağıtdı, evlərin, töylələrin , ot tayalarının ara-bərəsində maşının yanınca yüyürə-yüyürə nə isə deyən “dəllal köpəyoğlunu” söyə-söyə yenə Ortayola çıxıb, rayon mərkəzinə tərəf getdi.

Və Səməd bir daha atasını görmədi.

* * *

Kənddən aralanıb meşə yoluna burulanda, dümdüz yerdəcə maşın aşmışdı. Cəmaat uzun, arası kəsilməyən siqnal eşidib hadisə yerinə töküləndə kişinin hələ nəfəsi üstündə imiş, siqnalı basan da özü imiş. Cəmaatı görüb əlini siqnaldan çəkəndə nə isə demək istəyib. Əmma ”dili yoxuymuş” daha. Sultan əmi xəbər tutub gələndə isə “meyit soyuyubmuş”.

Sultan əmi sarğını açıb, qardaşının gicgahında partlamış yerə baxıb ağlamaq əvəzinə elə hey köksünü ötürürmüş. “Yaran nə dərindi, dadaş?!-deyirmiş və hərdən ondan-bundan soruşurmuş ki: -Niyə danışmırsınız, belə dümdüz yerdə maşın niyə aşıb, necə olub ki, bədənin heç yeri zədələnməyib, təkcə gicgahı bu cür partlayıb-dağılıb?!”

Sultan əmiyə heç kim heç nə deyə bilməyib. Ancaq NKVD Gülənovun “zaklyuçeniya”

sından sonra aydın olub ki, “Sudüşən yerlə meşənin arasındakı nəmişlikdə Mədəd Əmirli rulu kəskin şəkildə sola burduğuna görə maşın aşıb və aşarkən sağ qapının yuxarı küncü Mədəd Əmirlinin sağ gicgahına batıb, çoxlu qan axmasına və qanaxma nəticəsində ölüm hadisəsinə səbəb olub”.

Bütün bunları Səməd hamıdan sonra bildi. Atasının köhnə yoldaşı, Qonaqlının partkomu Cəfər əmi – Lüt Cəfər elə onu orda – kabinetdə, oddan qızarmış dəmir peçin yanındakı nazik taxtda üzünü qəbirlərin başdaşlarının şəkillərinə söykəyib yatan yerdə tapıb oyatdı.

– Qalx, oğlum… Bədbəxtlik olub… Atan avariyaya düşüb, – dedi.

Sonra qoluna girib, “uzun, arası kəsilməyən siqnal”dan “zaklyuçeniye”yə qədər, hər şeyi yerli-yataqlı danışa-danışa və nədənsə, tez-tez: “Qəsd işi yoxdu, qəsd işi yoxdu”,– deyə-deyə onu hadisə yerinə apardı. Bu vaxt nə maşın orda idi, nə meyit, nə cəmaat. Qan tökülən yeri torpaqlayıb, dövrəsinə qaratikan yığmışdılar ki, “qanı tapdalayan olmasın”. Qaratikan yığınının yanında bir saqqız ağacının döşünü balta ilə çapıb, hamarlayıb, qızmar dəmirlə iri-iri qara hərflər basmışdılar: “Mədəd Əmirli burda həlak oldu. 23 dekabr 1946-cı il”.

Nə qədər ki, yaxınlaşıb yazını oxumamışdı, Səməd elə bil hələ də yuxulu idi, ayaqlarını yerə basdığını da hiss eləmirdi və hətta Cəfər əmi – Lüt Cəfərin qəribə pıçıltı ilə danışdığı təfsilata da bir növ laqeyd idi. Saqqız ağacının üç addımlığında dayanıb o yazını oxuyanda isə birdən-birə boğulmağa başladı.

İçərisi sökülüb gəlib boğazına tıxanmışdı, boğazından qaynar qurğuşun qalxıb dəhşətli ağrı ilə başına-beyninə, gözlərinin çuxurlarına dolurdu, bir şey görməyə qoymurdu. Bu vəziyyətdə hardansa, lap yaxından ayaq səsləri eşitdi. Atasının çəkmələri idi, saqqız ağacının altındakı tapdanmış yerdən o yanda xəzəli, çör-çöpü əzə-əzə, ağır-ağır cırıldayırdı. Səmədin canından alov qalxdı. O an da alov buza döndü… Bu nə deməkdi?! Sağ idi atası?! Səməd titrəyə-titrəyə, güc-bəla ilə gözlərini açdı. Ağacların qaraltıları arasında, kimsəsizlikdə heç nə görmədi. Sonra lap yaxında Sultan əminin boz kitelini gördü.

Kitelin sağ-solunda Qonaqlının qəlyanlı qocalarından Çürük Aşıqla Xızr Abının qaraltılarını gördü. Sonra qaranlıq çökdü.

Müharibə illərində, gecəli-gündüzlü, aramsız işlərdə yorulub taqətdən düşəndə, hərdən Sultan əmi belə zülmət içində qardaşının qapısında səslənərdi: “A kolxoz sədri, yenəmi nöyüdün yoxdu? Neyniyək indi? Gözədürtmə oynuyaq, yoxsa bir-birimizin üzünü görmək üçün bir işartı tapaq?” Sədr Mədəd katib qardaşından yaşca böyük – ağsaqqal sayılsa da, dərhal əl-ayağa düşərdi, ya neft tapıb lampanı yandırardı, ya da ocaq qalayardı ki, “doğrudan da, heç olmasa gecələr bir-birimizin üzünü görək”. Neft tapılana və ya ocaq qalanana qədər Sultan əmi onu – Səmədi çağırıb “dizinin dibində” oturdardı, nə qədər üzgün düşsə də gümrah danışardı: “Hə, de görək, qardaşoğlu, harda oxuyacaqsan, nə olacaqsan?” Bu onun hər dəfə təkrar elədiyi daimi sual idi. Səmədin cavabı da daimi idi: “Partiya məktəbində oxuyacam

, Sultan Əmirli olacam”. Əmisi ləzzətlə şaqqanaq çəkərdi: “Partiya məktəbinə ağzı qatıqlıları götürmürlər axı, qardaşoğlu. De görüm, ağzıyın qatığını necə siləcəksən?” Bu sualın da cavabı çoxdan hazırdı: “Əmimin nəzarəti altında, ikiillik ali-orta institutun tarix fakültəsini qurtaracam. Sonra yenə əmimin nəzarəti altında, əmimin öz yanındaca təlimatçı olacam. Azı üç-dörd il işləyib, bişib-bərkiyəcəm. Sonra elə əmimin özündəncə xasiyyətnamə alacam, o xasiyyətnaməynən ağzımın qatığını silib, girəcəm partiya məktəbinə…” Sultan əmi də, Səməd özü də, atası da yaxşı bilirdilər ki, müharibə illərinin qaranlıq gecələrində dönə-dönə təkrar olunan bu söhbət nə qədər zarafatyana idisə, bir o qədər də ciddi idi, elə ciddiliyinə görə də axırda Sultan əmi mütləq kövrələrdi: “ İki qardaşın bircə balasısan sən, qardaşoğlu. Varlığımı sənin yolunda qoyacam, bircə bala!..” Dədənnən məsləhətləşmişik. Vaxtı çatanda bir sirr açacam sənə. Hələlik bircə bunu bil ki, o Çax-Çux Xalıqın-filanın dilində bir kəlmə var: “xəzinə”. Bizdədi o xəzinə, bircə bala, Süleyman peyğəmbərinkidi. Yalan demirəm. Vaxtı çatanda yerini deyəcəm. Ağzıyın qatığını siləndən sonra dünyanın ən varlı bir kişisi olacaqsan, bircə balam. Əmma bir şərtimiz var: dilini dişinnən tut. Xəzinəsi olan adam ağzına qıfıl vurmalıdı ha, bircə balam, – və sairə. O qaranlıq gecələrdə Sultan əmi nələr, nələr danışmışdı! Axırda da hökmən təkrar edərdi: – “Varlığımı sənin yolunda qoyacam, bircə balam!”

Çəkmələrin cırıltısı yaxınlaşıb kəsiləndə, Səməd əmisindən yenə məhz o sözləri eşitmək istədi. Səbr, təsəlli mümkündüsə, ancaq o sözlərlə mümkün ola bilərdi. Əmma… Əmma… Bu nə idi belə – Sultan əmi yoxa çıxdı! Sultan əmi əvəzində tamam başqa bir adamın yad, yoğun, nəriltili səsini eşitdi. Bu yad səsin dediyi sözlər də yad idi:

–Meyitin üzünü açma… Xahişimiz bircə budu səndən, açma meyitin üzünü… qəsd işi yoxdu. Özüm şəxsən yoxlamışam, dəqiq müəyyənləşdirmişik. Əmbə açma. O şeyi ki, biz görmüşük, istəmirik sən də görəsən…

Nəyi? Həmin “sağ gicgahında” dərin yaranı?..

Boğula-boğula, qarala-qarala çalışıb bir də baxanda Səməd başa düşdü ki, nə cırıldayan çəkmələr o çəkmələrdir, nə də boz kitel o kiteldir; cəmaatın “NKVD Gülənov” dediyi milis rəisi Gülənovdu, qəlyanlı qocaların qaraltıları arasında nəhəng qarnını irəli verib, qıpqırmızı damarları görünən alma gözləri və dəhşətli-boğucu çaxır qoxusu ilə ilk baxışdan nifrət doğururdu. Əmma bu nifrət yalnız görkəmə görə deyildi, “NKVD Gülənov” açıq-açığına “Əmirlilərə düşmənəm!” – deyən adamın – lopa qara bığlı ikən “ağsaqqal” sayılan Qudalı Rəhimin ən yaxın dostu, deyilənə görə, hətta qohumu idi və üstəlik, Əmirliləri “daprosa” – istintaqa çəkənlərdən sayılırdı; atasının danışdığı “dapros” əhvalatı əvvəllər də ordan-burdan qulağına dəysə də, “ərköyün sədr oğlu” buna, demək olar ki, heç əhəmiyyət verməmişdi. Burada birinci dəfə açıq nifrətlə baxıb, üzünü döndərib getdi.

Ayaqlarının altında yer dəniz dalğası kimi qabarıb onu da qaldırırdı, enib onu da endirirdi, sağa qaçıb sola itələyirdi, sola qaçıb onu sağa itələyirdi. Bu cür gedib hardasa uzun, qapalı bir tabut gördü, tabutun qapağının hər küncündə bir mismar işıltısı gördü.

Yönəldi ki, qapağı qaldırsın, açsın, baxsın, qucaqlasın, hönkürsün. Yenə çəkmə cırıldadı, yenə boz kitel bozardı, yenə: “Açma!” deyirdi:

– Açma, bircə bala, açma…

Bu dəfəki səs əmisinin səsi idi, boz kitel də əmisinin kiteli idi. Nədənsə əmisi də Gülənovun sözlərini təkrar etdi:

– Qəsd işi yoxdu, – dedi. – Xeyli susub bir də: – Qəsd işi

yoxdu, – dedi.

Əmma Səməd bu səsə tabe oldu, bu kitelə sığındı və eynilə Cəfər əmi – Lüt Cəfərin dediyi kimi tez-tez köksünü ötürən əmisinin hənirində elə bil min il həsrətində olduğu hənir tapıb, o tapıntıdan yapışdı.

O tapıntı ata həniri idi.

Sədr Mədəd Səmədlə bir süfrədə çörək yeyəndə, Səmədlə yanaşı çarpayıda yatanda Səməd elə o hənirlə isindiyini bilməmişdi. “Yetdiyinə yetib, yetmədiyinə bir daş atmağının”, “hoppanmağının”, “qaynamağının” da elə o hənirdən olduğunu başa düşməmişdi. Hər şeyi indicə, o həniri əmisində tapandan sonra başa düşdü. Gözlənilməz itkinin dərdi gözlənilməz tapıntının sevincinə qarışdı. Hönkürtünün içində südəmər uşaq gülüşünə oxşayan gülüş titrədi. Gülüş yox, Qonaqlıda buna “oxranma” deyirdilər. Bütün günü anadan ayrı, mələr qalıb, axşamlar analarının üstünə cuman körpə quzular, oğlaqlar belə oxranırdılar. Bütün günü “yasli”də göynəyə-göynəyə qalıb, axşamlar analarının məmələrindən qoşa əllə yapışıb titrəyən “yasli” uşaqları belə oxranırdılar. Dərd içində tapdığı xoşbəxtliyi Səmədi o dilsiz körpələr, o quzular, oğlaqlar kimisə oxrandırdı. Duzlu göz yaşlarına qarışan ana südündən nə əmələ gələrsə, Səmədin dərdinə qarışan əmi-ata hənirindən də elə bir şey əmələ gəldi. İndiyə qədər ancaq ad-sanı, şan-şöhrəti ilə fəxr etdiyi əmisini Səməd belə sevdi.

Bu məhəbbət bir saniyədəcə Səmədin qanına-canına hopdu. Başına, beyninə, gözlərinin çuxurlarına dolmuş qurğuşun birdən-birə yumşalıb, əriyib tökülməyə başladı.

Ətrafda uğultu eşidildi: hamı, hamı hönkürürdü.

Sonra birdən hərəkətə gəldilər.

Qapağının hər küncündə bir mismar işıldayan tabutu qaldırdılar, axşamın sazağında nəfəsləri buğlana-buğlana aparıb, Qonaqlının günbatanında, təpə belində, Sura Əmirlinin başdaşı aylı-ulduzlu

qəbri ilə yanaşı qazılmış qəbirin yanında yerə endirdilər.

Qəlyanlı qocalardan biri – Xızr Abı quyu kimi qaralan dərin qəbrin baş tərəfində çöməlib hərəkətsiz qaldı, qalan qəlyanlılar – Çürük Aşıq, Təftiş Abbas, Möhsün kişi, bir də bu ətrafdakı üç para kənddə məşhur olan, xəlvətdə “erməni mollası” ləğəbilə adlandırılan Gülənoğlu Molla tabutun qapağının bir tərəfini qaldırıb, orda – gizlində nə isə vacib iş başladılar.

Səməd hər şeyi görürdü, hər şeyi eşidirdi. Əmma buna nə görmək demək olardı, nə də eşitmək. Çünki Səməd üçün indi dünyada Sultan əmidən başqa heç kəs və heç nə yoxdu. Atası, anası da, o tayda şeyx əmilərinin oğul-uşaqları da, “vaxtı çatanda partbiletin arasında gəzdirmək” üçün pencəyinin qoltuq cibinə qoyduğu şəkillər də – hamı və hər şey ancaq Sultan əmidən ibarət idi.

Qocalar tabutun yanından ayağa qalxıb, qəbrin dövrəsində cərgələnib Sultan əmiyə baxanda, Səməd yenə əmisinin səsini eşitdi.

Yolboyu Sultan əmi qolunu onun boynundan çəkməmişdi. “Ağla bircə bala, ağla”, – demişdi. “Ağlıyammıram mən, bircə bala, yaş düyünlənib qalıb, ağlıyammıram, mənim əvəzimdə də ağla”, – demişdi. Qəlyanlı qocalar cərgələnib bəri baxanda Səməd böyründə yenə hamanca səsi eşitdi, Sultan əminin birdən-birə rusca danışmağının səbəbini isə, yalnız onun əlində “pravitelstvennaya teleqramma”nı görəndən sonra başa düşdü, buna görə də o teleqramdan yadında cəmi üç kəlmə qaldı: “ Prekratite bezobraziye. Stalin”

.

Kimin üstünə vurulmuşdu teleqram? Bakıya, o “Mirqəzəb”in özünün, yoxsa “o taydan qəbir şəkli gətirdib bu tayda kommunist Sultan Əmirliynən kommunist Mədəd Əmirlinin çək-çevirə salan”ların üstünə? Bu sual Səmədin beyninə tük kimi toxundu, fikir oyatmadan, iz salmadan keçdi. Beyninə, ürəyinə və bütün varlığına o üç kəlmədən bircəsi hakim oldu- “Stalin”.

Sultan əmidən sonra kimlərsə nə isə danışdılar. Sovet sədri Qılınc Qurban, qəlyanlı qocalardan Təftiş Abbas da nə isə dedilər. Qəbir daşlarının aralarında nəfəsi buğlanan, lal-dinməz cəmaat da dilləndi. “Pers adında bədxah”ın, “Xudiyev dəstəsi”nin, doğrudan da, “bezobraziye”nin barəsində söz deməyən bircə adam qaldı ki, o da “bezobraziyenin qurbanı olan” sədrin oğlu idi. Qəbiristanda, qapağının hər küncündə bir mismar işıldayan tabutun beş addımlığında yox, Səməd indi atasının kabinetində idi, üzünü soyuq şəkillərə söykəyib yatmışdı və yata-yata fikirləşirdi ki, Stalin adı, Stalin teleqramı olan yerdə “Mirqəzəb” kimdir, Pers-mers, Xudiyev-mudiyev kimdir, “bezobraziye” nədir?! Sudüşən yerdə qaratikan yığını ilə saqqız ağacı da, tabutla Sura Əmirlinin qəbrinin böyründə qazılmış qəbir də taxtın üstündə yuxuya gedib qalan Səmədin röyasıdır, keçib gedəcək, qurtaracaq, hamı, hər şey yoxa çıxacaq, təkcə şəkillər qalacaq, bir də özü; oddan qızarmış dəmir peçin yanında taxtdan qalxıb yenə “qonaq yeri”ndə – kresloda oturub, atasının yolunu gözləyəcək və bir azdan motor səsi eşidiləndə yenə pəncərədən baxıb, Çax-çuxun kötüyünü vurub yıxan, kişmişi dağıdan maşını görəcək.

Əmma röya qurtarmadı. Hər şeyin keçib gedəcəyinə, yoxa çıxacağına Səmədin əməlli-başlı inandığı bir vaxtda, cəmaatın arasından uzun, qara bir adam çıxdı, hönkürə-hönkürə yüyürüb, tappıltı ilə dizləri üstə düşüb, Sultan əminin çəkmələrini qucaqlayıb yalvarmağa başladı:

– Ayağıyın altında ölüm, bağışla məni! İki qardaşın bircə balasının başına çevir məni, keç günahımdan! Mədəd deyil ölən, mən bəxtiqarayam ölən! Bu rəhmətliyin barəsində heç vaxt pis fikirdə olmamışam. Özün bilirsən, dilimdən nə çıxıbsa, tapşırıqnan olub hamısı. Yoxsa… bu gözəl, bu igid kişinin barəsində hansı köpəyoğlunun dili gələr bir söz desin! Əgər buna əl qaldıran olubsa, başa düşürəm, mənim danışdıqlarım əsasında olub. Öldür məni öz əlinnən! Bağışlayammırsan, öldür! Atamız rəhbərimiz Stalinin bu cür teleqramından sonra yaşamaq istəmirəm mən, yoldaş Əmirli!..

Çoxdanışan adam, sözlərindən də bilindiyi kimi, Çax-çux Xalıqdı. Sultan əminin qabağında, qəbir üçün yoğrulmuş gilli, qumlu palçığı ovuclayıb üzünə yaxa-yaxa ağlayırdı.

–Qaradı üzüm yanında, yoldaş Əmirli, qaradı! – deyirdi. – Stalininə də qurban olum, teleqramına da, sənə də! Öldür öz əlinnən! – deyirdi.

Qəlyanlı qocalardan ən cavanı, nəhəng boy-buxunlu Təftiş Abbas çəkib onu Sultan əmidən araladı.

–Çıx get, çıx get! – dedi.

Çax-çuxun beli əyilmişdi. Qolları birə-iki uzanmışdı. Qara, palçıqlı üzündə göz yaşları işıldaya-işıldaya, qıçları bükülə-bükülə uzaqlaşdı, birdən-birə kükrəyən dəhşətli bir şübhədən içərisi alışan Səmədi də elə bil ardınca aparıb, atasının dəfn mərasimindən, hamıdan və hər şeydən ayırdı.

Bu ayrılma Əmirli yeniyetməsi Səməd Əmirlinin ruhi sıxıntısının, mənəvi həyatının başlanğıcı idi.

Əmisinin hələ müharibə illərində, əvvəlcədən proqramlaşdırdığı həyat yolu zahirən eynilə qalsa da, bu yol gözlənilmədən Səmədin içərisinə doğru burulduğuna görə, Səmədin özündən başqa heç kəs bilmədi ki, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan Əmirli mülkü ilə vidalaşıb kənddən gedəndə, qapağının hər küncündə bir mismar işıldayan tabutla birgə, o illərdə ikiillik ali-orta institutun auditoriyalarında, yataqxanada, kitabxanada, yeməkxanada o uzun adamın o qara, palçıqlı üzü havadan asılıb bircə gün də Səməddən ayrılmadı. Qırx doqquz-əlli ikinci illərdə o qara üz həyulaya çevrilib, raykomun təlimatçılar otağında məskən saldı, “sezonun işinə nəzarət üçün kolxoza təhkim edilən” Səmədlə birgə əkində, səpində, pambıq yığımında Səmədlə birlikdə çölləri gəzdi, Mədəd Əmirli ilə Sura Əmirlinin qoşa, aylı-ulduzlu qəbirlərinin yanında dayandı, sonra isə Bakıya getdi, partiya məktəbinin auditoriyalarında, kitabxanada, yeməkxanada, yataqxanada tez-tez görünüb, müharibədən sonrakı bu “quruculuq illərində” sürətlə dəyişməkdə olan dünya ilə Səmədin arasında əməlli-başlı səddə çevrildi.

2

Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”

yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir… Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların

, xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin

üç para kəndində, o cümlədən burda, Qonaqlıda da alverçiliyə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən

qalmırdı. Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxs dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqi-təbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtki “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbiristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.

İş o yerə çatmışdı ki, əmisinin şoferi – “quşburun” Müslüm “Bircə bala”ya ilk bahar nemətləri – “təzə, duzsuz pendir”, “nəhrə yağı” aparıb yataqxanada Səmədin sifətini görəndə qorxuya düşdü: “Bıyy! Xəstəsən-nədi, ay Səmi?!” Səməd bu vaxta qədər necə qapalı gəzib-dolanmışdısa, orda, işgəncələrdən bezmiş kimi, bir az açılışmalı oldu: “Qəbiristanda Çax-çux o cür, əmimin ayağına yıxılandan bəri onun sifəti yuxuda da yadımdan çıxmır, ay Müslüm!” – dedi. Heç yarım saat çəkmədi ki, Qonaqlının nə üçünsə Müslümlə Bakıya getmiş “Sestra” çağırılan şəfqət bacısı, yəqin ki, Müslümdən hər şeyi öyrəndiyinə görə bircə kəlmə: “Patalogiyadı. O vaxt çox sarsılmısan. Keçib gedəcək”, -dedi.

Əmma keçmədi “patalogiya”. Çünki bunun həqiqi adı “şübhə” idi.

Yalnız şübhə?

Başqa nə vardı?

Sultan əminin qabağında diz çöküb yalvarandan sonra Çax-çuxun özünün cəmaat arasında o vaxtki söz-söhbətlərinə görə, diz çökməyi də, o cür hönkürüb yalvarmağı da ondandı ki, “KQB Xudiyev”ə agentlik eləmişdi, Şeyx qardaşların bu taya qaçan fədai şagirdləriynən Əmirlilərin xəlvəti əlaqələri barədə KQB-yə yaxşı-yaman yazıb, “kişiləri çək-çevirə salmışdı”, xüsusən o kişmiş əhvalatı ilə “sədr Mədədi hövsələdən çıxartmışdı”, Mədəd də “maşını sürənməyib, düppədüz yerdəcə fələyin xərcinə getmişdi”. Belə çıxırdı ki, bu müsibətdə Çax-çux Xalıqın birgə günahı vardı, o da “KQB Xudiyev”ə agentlik eləməyi idi?

Bəs Səməddən niyə qaçırdı? Niyə belə ardıcıl yayınıb gizlənirdi?!

Bu barədə Çax-çux, əlbəttə, heç kəsə heç nə deməmişdi və deyə də bilməzdi. Çünki Səmədə görə Çax-çux Xalıq daha böyük günah sahibi idi: cinayət işləmişdi, adam öldürmüşdü. Səməd bunu bütün varlığı ilə hiss edirdi, bütün qəlbi ilə duyurdu, hətta atası maşını nərilti, gurultu ilə sürüb kişmişi, daş-tərəzini dağıdandan sonra Çax-çuxun onu harda, necə, nə ilə vurduğunu da bütün təfərrüatına qədər görürdü.

O təfərrüat hələlik, əlbəttə, xəyaldan başqa bir şey deyildi. Yəni dəlil-sübut, şahid-filan yoxdu. Əmma Səməd yəqin bilirdi ki, içərisini alovlandırıb kürə kimi qaynadan xəyalı nə vaxtsa, hardasa çəkib onu Çax-çuxun üstünə aparacaq, cinayətkarlarla – qatillə onu qarşılaşdıracaq və o vaxt mütləq bir hadisə baş verəcək; çox ola bilər ki, illərlə gizlənəndən sonra qatil onunla üz-üzə gəlməyə dözməyib, nə isə bir əlamətlə öz daxilini göstərməyə məcbur olacaq və elə o əlamət də kifayət edəcək ki, Səməd hər şeyi onun gözünün içinə desin, yaxasından yapışıb lazımi yerə təhvil versin, cəzasına çatdırsın.

Əmma Səməd onu da yəqin bilirdi ki, nə qədər kükrəsə də əvvəlki Səməd deyildi. Vaxtilə Qudalılara qan udduran “Dəli Səməd” üzünü şeyx əmilərinin qəbirlərinin başdaşılarının şəkillərinə söykəyib yatıb, oyanmamışdı. İçərisində “cəhənnəm kürəsi” gəzdirən Səməd isə, əlbəttə, tamam başqa Səməddi və bu Səməd öz kürəsində yana-yana, istər-istəməz düşünürdü ki, Çax-çux Xalıqın bu qədər ardıcıl yayına-yayına sirr saxladığı tamamilə aydındısa, bəs Sultan əmi o sirrə niyə laqeyddi? Hələ hadisə yerində şübhələnib “bəlkə qəsb işidi” dediyi halda, sonra niyə fikrini dəyişmiş, NKVD Gülənovun sözlərini təkrar edən Cəfər əmi – Lüt Cəfərlə birgə o da təkrar edib “qəsd işi yoxdu” demişdi? Sultan əminin də belə deməyinin özündə də nə isə bir sirr yoxdu ki?!

Cavabsız suallar da bir cür “cəhənnəm kürəsi” idi, bu kürəyə düşəndə Səməd qovrula-qovrula qalıb heç yana çıxa bilmirdi.

Ola bilərdimi ki, Səməd ömrü boyu elə-beləcə qovrula-qovrula qalsın, Çax-çux Xalıq da elə o cür – gözdən yayına-yayına, “çax-çux eləyə-eləyə” qocalıb ömrünü başa vursun, sirrini də özü ilə aparıb getsin? Təkcə bu sualın cavabı aydın və qəti idi: YOX! Mütləq görüşməli idilər və o hadisə də baş verməli idi.

Əmma iş elə gətirdi ki, nə görüş Səmədin təsəvvüründəki kimi oldu, nə də hadisə. Əvvəlcə yenə Sestra gözlənilmədən yenə yataqxanada görünüb: “Mədəd əmi rəhmətə gedəndə Sultan Mamedoviç özü də çox sarsılmışdı. Əmma keçdi – getdi. Səninki də keçəcək. Çətini Xalıqnan görüşüb kəlmələşənə qədərdi”, – dedi. Sonra Sestra ilə sözləşmiş kimi, o uzun, qara adam özü göründü…

* * *

… Səməd üçün son dərəcə gözlənilməz görkəmdə – başında yaşıl vilyur şlyapa, damağında gümüşə tutulmuş trubka, səhər ertə Bakının sərnişin vağzalının qələbəliyində birdəncə zühur etdi, həm də yayınmaq, gizlənmək əvəzinə trubkasını cəmaatın başı üzərində tüstülədə-tüstülədə özü Səmədə yaxınlaşdı və səlamsız-kəlamsız, müqəddiməsiz – filansız, birbaşa soruşdu:

– Xəbərin varmı, əmin evlənib?

Çax-çuxun üzü qara məxmər kimi işıldayırdı. Gözləri bir cüt Çin fənəri idi – iri, dəyirmi, par-par yanırdı.

– Eşitmədinmi, qadası?.. Deyirəm əmin evlənib.

Səməd özünü itirmişdi.

– Sultan əmi?.. Necə yəni evlənib?!

– Hm, bildim elə təəccüblənəcəksən… Məktəb uşaqları elə bilirlər, müəllim nə çörək yeyir, nə su içir, nə də ayaqyoluna-zada gedir… Əlli yaş nədi ki kişi olandan ötrü! Evlənib də!

– Qıymat?

– Yox, Qıymat deyil… Qıymat heç yadına da düşməyib… Qız başqasının istəklisiymiş. İşin bu tərəfi qəlizdi bir az. O oğlannan düşmənçilik olmasa yaxşıdı… Hə… Çoxdan görüşmürdük biz sənnən qadası. Vaqonda gələcəm yanına. Hökmən!.. Cavan oğlansan, nə bilirsən nələr olur bu dünyada!.. Gələcəm. Hə… Tez-tez görüşəcəyik bundan sonra. Hə…

Fənərlər qapandı, trubka tüstülənə-tüstülənə uzaqlaşdı, bir də on saatdan sonra, sarsıntılı, çaşqın Səməd çamadanını bağlayıb düşməyə hazırlaşanda, gəlib kupedə tüstüləndi.

– Sən çatırsan… Kəndə getmirəm mən… Sədr Mədəddən sonra yaman dəyişib cəmaat. Müharibənin qatı vaxtı o rəhmətlik azı on manat paylatdırardı əməkgününə

. Bizim Qudalıların ağsaqqalı Rəhimin iki arvaddan on qızı işləyirdi. Ayda hərəsi üç yüz manat qoyurdu Rəhimin qabağına. O aclığın-gicliyin içində əməlli-başlı dolanırdı cəmaat, mən kimi çax-çuxnan baş girləyənləri də dolandırırdı, hə… Elə deyil indi. Qatıqsatan, alçasatan olub hamısı. Manatı manatın üstünə qoyurlar. Bir qəpikləri çıxanda canları çıxır. Əmbə kənddən ayağımı kəsməmişəm hələ. Hə… Gəldim deyim ki, mayda olub o iş, dörd ay bundan qabaq. Deyirlər elə birdən-birə evlənmək fikrinə düşüb. Müslümü çağırıb, şoferini, deyib Sultan Əmirli deyiləm mən daha, arşınmalçıyam, gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə… Müslüm elə bilib zarafat eləyir. Sonra görüb yox, iş ayrı cürdü. O gördüyün zəhmli-zabitəli Sultan Əmirli qəşəng geyinib-gecinib, oturub maşında: “ Sür, – deyib, – gözüm harda kimi tutdu, maşına basıb gətirəcəyik zaksa!”

Əmba uğuru xeyir olmayıb, səhər dediyim kimi, başqasının istəklisini tutub gözü, yarıxoş, yarızor gətirib, elə o günü də kəbin kəsdirib.

Qəribə işdi, hə? Təəccüblüdü?

Nə qəribədi, qadası, nə təəccüblüdü. Çox əcaib bir məsələ var bu evlənmə söhbətinin altında. Qaşqabağını nə qədər sallasan da mən bir az da çərənləməliyəm ki, o əcaib məsələnin heç olmasa bir qismi çatsın sənə.

Mənim kürəkənim Məsim orda işləyir, bilirsən, əmiyin yanındadı hələ. Qızım Gülbəniz də, bilirsən gedib-gəlir ora. Demək istəyirəm ki, az-çox mən xəbərdaram əmiyin işlərindən… Keçən il Stalin öləndə yataqxanadan bir həftə çıxmamısan eşiyə, oturub içib, içib ağlayıbsan. Bax, onda hesab elə ki, əmini ağlayıbsan. Stalin ölən günü əmin də ölüb, qaraltısı qalıb stolun dalında, hə! Yadındamı o “Molniya” teleqram? “Prekratite bezobraziye”. Qırmızı qələmnən yoğun, qırmızı xətt çəkmişdi o iki sözün altından, qoymuşdu stolunun şüşəsinin altına. Məsim deyir, hətta Bakıdan gələn böyüklər də səslərini çıxardammırdılar onun qabağında. Dillənən olanda o dəqiqə barmağı dirənərmiş o iki sözün üstə, hamı lal olurmuş. Gülənov nədi, Sayılov nədi, rəhmətlik Mədədin “Mirqəzəb” dediyi “Kişini” özü də o saatca yumşalırmış, gülümsünürmüş: “Həqiqətən sultan olmusan, Sultan Mamedoviç! Hətta məni öz təəbən saya bilərsən, Sultan Mamedoviç!” Hə, gör kim təbəymiş əminə – Mirqəzəb! Elə böyütmüşdü onu o teleqram!.. İndi elə deyil. Hakimiyyəti, hökmranlığı qurtarıb əmiyin, qadası. Gündə bir ziyalı öldürülür rayonda. Özü də elə o cür: sağ gicgahdan iti çəkicnən vururlar deyirlər. Kimlərdi o usta qatillər? Hamısı eyni cür vurur ki, guya çox adamın yox, tək adamın işidi. Körpə uşaq da başa düşür ki, nə isə gizlin kompaniyadı bu, qırğındı. Qırx səkkizinci -əlli birinci illərdə Sibirə, Qazaxıstana sürülən azərbaycanlılar ordan Moskvaya şikayət yazırlar, əvəzində burdakılar bədbəxt olurlar. Öz aramızda qalsın ha! Siyasi məsələdi. Dilindən çıxar, səni də birtəhər eliyərlər! Hə… Əmin susur. Heç cınqırını da çıxartmır! Niyə, bilirsən? Çünki tüpürüb hər şeyə! Keyfindədi! Hə… Özü də yaxşı bilir ki, bu gün – sabahlıqdı. Uzaqbaşı, konfransacandı. Bir-iki aya başlanır rayonlarda hesabat-seçki konfransları. Bizimki oktyabrda olur həmişə. Deməli, ikicə ay qalıb. Yeşikdən çıxmayacaq əmin o seçkidə. Tək vəzifəsi yox, özü də yeşikdə qalacaq. Bəs nə! O cür adamlar elə vəzifəynən nəfəs almırlarmı, qadası? Nəyi var axı onun vəzifədən başqa? Evində oturduğu stul da dövlətindi. Bəs nə! Fikir verməyibsən?! Ayağının altına saldığı xalçanı qaldır bax astar üzünə, orda da birka var: “İnventar RKP”

. Nə inventar, heç o ev də özünün deyil. Revkomun

qəza komitəsi olurmuş vaxtıynan o bağın içindəki binada. Yeşikdə qalan günün sabahısı təzə katib çağırıb deyəcək: “Zəhmət çək, çıx o evdən”. Ordaca yatacaq ürəyi. Bəs necə? Belədi bu vəzifəlilər, qadası. Vəzifəsi var – adamdı, yoxdu qurtardı, tamam oldu ömrü. Əmin təzə qanır bunu. Elə buna görə də ac canavara dönüb indi, əlinə keçəni basır ağzına, kam alır bu dünyadan. Nədi yediyi, kimin qismətidi? Fikir vermir, udur! Fikir versəydi, başqasının adamını arvad elərdimi özünə?! Belədi indi əmin, qadası. Otuz yaş kiçikdi deyirlər özündən o gözəl. Sürüdə əmlik təki bir şeymiş, canavar ağzına keçib hə… Görəcəksən o gözəli. Onda biləcəksən kimdi başına and içdiyin əmin! “Əcaib məsələ” dediyim o gözəlnən bağlıdı.

İndiyəcən bir kəlmə də demək olmurdu onun barəsində. Katib deyildi ha, yarımallahıydı o teleqramdan sonra. Xudiyevi, bilirsən, elə teleqram gələn günü qovdu rayondan, o heç. Bir töhmət Gülənova yapışdırdı, birini prokuror Sayılova, birini RİK Atamalıya. O vaxtdan orqan-zad yoxuydu rayonda. Bir o teleqramıydı stolun üstündə, bir də Sultan Əmirli. “Prekratite” deyib ayaqlayırdı hamını.

Məni necə ayaqladı, bilirsən? Büro iclası çağırdı. Getdim gördüm yeddi nəfər büro üzvündən altısı cərgəynən oturub divarın dibində. Əlləri dizlərinin üstə, gözləri bərələ qalıb, quruyublar, elə bilirsən nəfəs də almırlar. İstədim him-cimnən soruşum Gülənovdan ki, məni niyə çağırtdırıb bu “həqiqətən sultan olan Sultan”? Gördüm dirigözlü ölüb o gördüyün heyvərə nəçənnik, mənim üzümə baxmaqdan da qorxur. RİK Atamalıya baxdım, o da ölmüşdü dirigözlü. Həmişə Sultanın böyründə, yumşaq kresloda oturan “fəhlə sinfinin nümayəndəsi”ndən başqa heç kəs baxmadı üzümə. O da elə qanlı-qanlı baxdı ki, elə bil atasını öldürmüşdüm. Hə!.. Əlahəzrət “sultan olan Sultanımız” ayaq üstəydi. Yumruqları stolun, şüşənin üstə. Pırpız qaşlar çatılı. Gözlər qan çanağı. Başladı ki, “RİK sədriynən, milis rəisiynən əlbir olub rayonun bütün mağazalarına gələn malları hökumət qiymətinə kürüyüb aparırsan bədbəxt əhaliyə iki qat artıq qiymətə sırıyırsan! İş o yerə çatıb ki, partiya komitəsinin bürosu məşğul olur sənin işinlə. Öz iştirakına rəy soruşuram, qulaq as”. Rəyi isə, bilirsən ki, “fəhlə sinfinin nümayəndəsi” deyir həmişə. Döşündə bir qatar dəmir-dümür, o uzun-hoqqar fəhlə “fatihə” oxudu mənə: “Rayonumuzun müdrik və ədalətli rəhbəri Əmirli yoldaşın qısa, lakin çox aydın məlumatı əsasında prokuraturaya verilməlidi bu iş!” Qılınc Qurban malı yüklədi belimə, eşşək kimi saldı qabağına, milisə qədər piyada apardı: “Əmirli yoldaş tapşırıb ki, bu eşşəyin palanını alın, özünü də qovun ticarət sistemindən…”

Məsimnən Gülbənizi qoşdum bir-birinə, yolladım yanına ki, buyruq quluyam mən, Xudiyev elə buyururdu, o ayrı cür buyursun, nə oyun açır-açsın başıma, əmbə çörəyimi kəsməsin. Yalvardım ki, bir parça vaxtımdan daşda-tərəzidədi əlim, ayrı şey gəlmir əlimdən… Eşitmədi. Ayaqladı!.. Bədbəxt hardan biləydi ki, orqandanam mən, “zasekreçenniyəm”!

Lazım gələndə lazımi adamlara göstərirəm üzümü. Aydın oldumu?!

Məsələ ayrı cürdü, qadası. İcazə ver, nəzər-diqqətinə çatdırım ki, sənin özüyün də vəziyyətin yaxşı deyil. Əmiyin evinə getməməlisən sən. Niyə? Orasını demiyəcəm indi. Yaxşı olar ki, düşüb burdan birbaş gedəsən bizim Məsimgilə. Mən bilirdim ki, sən bu il qurtarırsan məktəbini. Qohumum var mənim orda. Sizin də qohumunuzdu ata tərəfdən. Hə, tanıyırsan. Professor Məhərrəmov Məhərrəm Abbasoviç. Hə. Onu da bilirdim ki, təyinnamən öz rayonumuzdadı. Dünən partiya uçotundan çıxıbsan, ordan da gedib bilet alıbsan bu altıncı vaqona. Gör iş nə yerdədi ki, vaqonunu da öyrənmişəm. May ayından indiyəcən fikrim-zikrim sənnəndi, qadası. Niyə? Orasını da demiyəcəm indi. Bircə şey deyirəm hələlik: getmə o evə!

Gülbənizə bir neçə dəfə tapşırmışam bu dörd ayda, bəzi sözlər deyəcək o sənə. Bilirəm, şübhən var mən sarıdan, yaxşı-yaman fikirləşirsən. Soruşma hardan bilirəm. Bax, birinci kərədi belə üz-üzəyik, əmbə səni mən sənin özündən də yaxşı tanıyıram, qadası! İçərin qaynayır sənin. Düşmən görükür gözünə. Qan düşməni… Hesablamışam, bu gün düz yeddi il səkkiz aydı beləsən. Rəhmətlik Mədəd maşını o cür sürüb bizim həyətdə kişmişi dağıdanda idarədəydin sən, pəncərəni açıb baxırdın. Yaman söydü məni rəhmətlik, yaman hədələdi. Sonra da getdi elə iş gəldi başına… Deyirlər, elə o vaxtdan başlanıbmış bu qırğın – terror. Lap belə müharibədə qırırmışlar ey bizimkiləri! Qırx səkkizinci ildə erməniləri xaricdən bizim İrəvana – Göyçəyə-zada köçürdəndə, deyirlər, planlaşdırılıb Moskvada ki, azərbaycanlı-türk deyilənin dünyadan bir şey qananı səlamat qalmamalıdı. Tuturlar, sürürlər, qırırlar!.. Sən uşağıydın onda… Atan əmbə qananlardan, görənlərdəniydi. Elə ona görə də elə oldu. Budu açığı. Hə!.. İnan, sevinmədim… Həyətdəydim onda mən. Oturub, podpolkovnik Xudiyev Aron İsayeviçə lənət deyirdim. Xudiyev çağırtdırmışdı axı onda Mədədi rayona. Doprosamı, tutmağımı, nə bilim, allah bilir. Şübhəsiz, bilirmiş Mədəd. Çünki hirsliydi yaman. Heç nədənsə güdaza getdi rəhmətlik. Heç nədənsə! Gülbənizi göndərdim xəbər eləsin sənə. Getdi gəldi ki, “yatır. Qıymadım oyadım”. Açığı, çox qorxurdum səndən, qadası. Yaman dəliqanlıydın o vaxt. Nə danım, qızı da elə ona görə göndərdim ki, gedib gözünnən görəsən necə olub o bədbəxtlik, qəsd işidi, yoxsa avariyadı?.. Sən qınama məni, can şirin şeydi, qadası, o müsibətin içində öz canımın qeydinə qaldım. Gülbəniz, deyirəm, oyatmamışdı. Özüm getdim. O şəkilləri gördüm, qorxu aldı canımı, dabanı üstə qayıtdım. O vaxtdan qaçırdım səndən. Yeddicə il gündə bir evdə yatdım Qudalı məhləsində. Keşikçim olmuyanda yuxu getmirdi gözümə. Mürgüləyən kimi görürdüm gəldin… Danışılası şey deyil. Allah heç kəsə göstərməsin mən çəkəni… Sən Bakıya gedəndən sonra bu iki ildəcə adam sifətinə düşmüşəm. Sən də dəyişibsən, şükür, necə deyərlər, inteligent olubsan. O Səməd hara, bu hara? İndi söhbət eləmək olar sənnən, hə. Məni sən elə “Çax-çux” təki tanıyırdın. Savadım-zadım haqqında təsəvvürün yoxdu. Bir az dedim, vaxtı çatanda biləcəksən hər şeyi, inşallah.

Çox şey deyəcəm mən sənə, qadası.