Yaddaşa sığınmaqdan başqa yolumuz yoxdur, biz itirdiklərimizi ancaq orda tapa bilərik. Yer üzü də bizim indimizi – bu günümüzü tanımaq istəmir, neynirsən elə, tanımayacaq da, çünki onun yaddaşında bizim bu günümüz yox, minilliklərimiz yaşayır. “Göz gördüyündən qorxar”, bu minilliklər onu hələ də qorxudur, yaddaşını incidir, bizə qarşı olan münasibətləri də bu hisslərin üzərində bərqərardır. Bunu bilməmiz lazımdır. Bu gün O, bizim çaşdığımız anı gözləyir, hələlik ona görə gəl, deyir ki, özünə oxşatsın, oxşada bilməsə qapısının ağzında təhqir etsin, biz də bir ağızdan səs-səsə verək, inandıraq… deyək ki, yo-ooxx, biz min il bundan qabaqkı türklər deyilik! Yer üzü bunu, bu səsi məmnuniyyətlə eşitmək istəyir… Bizimsə, dediyim kimi, özümüzə sığınmaqdan, yaddaşımızı tədqiq etməkdən, araşdırmaqdan, öyrənməkdən başqa çarəmiz yoxdur.
все жанры