banner banner banner
Gələcəyə ön söz
Gələcəyə ön söz
Оценить:
Рейтинг: 0

Полная версия:

Gələcəyə ön söz

скачать книгу бесплатно

Namiq müəllim bunları dedi, sonra qayğılı-qayğılı əlavə etdi ki, gərək belə şeylər olmasın!

– Niyə, ay Namiq müəllim, əksinə, bu cür bəyanatlar olmalıdır ki, İran özünü yığışdırsın, – bunu da R.Hüseynov özünəməxsus emosionallıqla dedi. Sonra da eyni ahənglə bunları əlavə etdi:

– Tehran qəzetləri gündə bir iftira yazır, hökumət bəlli səbəblərə görə bunlara cavab vermirsə, qoy, heç olmasa, ictimai təşkilatlar, ayrı-ayrı xadimlər danışsın. Yoxsa biz dinmirik, onların da ayağı yer alır.

Namiq müəllim ani pauza verib bizi sınayıcı nəzərlərlə süzdü. Bircə kəlmə ilə bu mövzunu yekunlaşdırmaq işarəsi verdi:

– Mənim etirazım yoxdur, bir faydası varsa, münasibətləri korlamırsa, gəlin elə gündə bir bəyanat verək. Məsələ bir az başqa cürdü, İranla öcəşmək ciddi təhlükədir, onunla ağıllı və incə davranmaq lazımdır.

Həqiqətən, İran elə-belə dövlət deyil, real təhlükələrə baxmayaraq dünyanın ən qüdrətli ölkəsi ilə münaqişə aparır. Bir əli Rusiyanın və Çinin ətəyindədir. Ölkədə düymədən tutmuş, təyyarəyədək hər şey istehsal edilir, tükənməz yanacaq ehtiyatı var. Bir çox islam ölkələrinə maddi yardım göstərir, ərəb rejimlərini dəstəkləyir, Yaxın Şərqdəki radikal, dini-hərbi təşkilatlara təsir edə bilir. Qafqazda və Xəzər hövzəsində geosiyasi maraqlar uğrunda çarpışır. Güclü hərbi rejimi, ordusu, ən müasir silahları, təsirli ideologiyası var. Onun nüvə silahına iddialı olması bütün dünyanı qarışdırıb. Əlbəttə, bunlar o demək deyil ki, biz Tehrandan qorxub-çəkinək. Amma o deməkdir ki, Azərbaycan İranla incə davranmalıdır.

Tale İran və Azərbaycanı çox nöqtələrdə birləşdirib. Bizim müştərək tariximiz, mədəniyyətimiz, dinimiz vardır. İntəhası, siyasi maraqların parçalanması iki ölkə arasında müəyyən çat yaradıb. Amma diplomatiya ondan ötrüdür ki, bu çatları bərpa edə bilsin. Təəssüf ki, son 20 ildə İranda da, bizdə də bir çoxları ölkələr arasındakı bu çatları daha da dərinləşdirməyə çalışır. Bu gün Azərbaycanda Cənubdakı soydaşlarımızın problemlərindən əndişələnən gerçək vətənpərvərlər az deyil, amma bu mövzunu siyasi oyuncağa çevirən balaca siyasətçilərin sayı onlardan qat-qat çoxdur. Onların Güneylə bağlı bəyanatları və Tehran rejimini ittiham etmələri populizmdən başqa bir şey deyildir. İllüziyalara qapılmayın, İran heç vaxt parçalanmayacaq. Bu dövləti parçalamaq istəyən bütün imperiyaların çöküb tarixə gömüldüyünü görmək lazımdır. ABŞ və Avropa da sizləri çaşdırmasın: onlar İranı parçalamaq yox, rejimi dəyişmək istəyirlər.

Dünyada heç nə səbəbsiz baş vermir. Bir yanlış hərəkət başqasını doğurur. Bu baxımdan İranla bizim aramızda gedən söz davası psixoloji müharibədən başqa bir şey deyil. Son günlər bu müharibənin yeni savaşı birbaşa hər iki ölkənin müstəqilliyinin inkarına yönəlib. Bizim üçün xüsusi qorxu yaradan bu absurddan əl çəkməli, İranı özümüzə «birləşdirmək» fikrindən vaz keçməliyik. Eyni zamanda Qərbə İran bizi sıxır mesajının mənasızlığını anlatmalı və Tehrandakı siyasi nadanların toruna düşməməliyik.

    06.04.2013

Rüstəm İbrahimbəyovun Qarabağ tezisləri

Yenə vurhavur, yenə hay-həşirdir. Yenə ölkə mediasında qəzəb dalğası kükrəyir, manipulyasiya qasırğası püskürür, qəzetlər asıb-kəsir, yalanın biri bir qəpiyə gedir. Qaraya boyanmış ekranlardan açılan yaylım atəşləri yenə də millətin başucalığı və qürur yeri olan görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovu hədəfə alıb. Onun Rusiyanın «Rosbalt» saytına verdiyi son müsahibə yazıçıya qarşı yeni və əsassız ittihamlar dalğası yaradıb.

Əslində, cəmiyyət də, Rüstəm bəy özü də, yavaş-yavaş buna alışır ki, o, ağzını açıb danışan kimi xalqımızın daim ayıq olan «növbətçi» vətənpərvər oğul və qızları «həqiqətin» müdafiəsinə qalxır, ilhamlarını uca göylərdən alaraq qəzet səhifələrində və ekranlarda «zərbəçi əmək növbəsi» çəkirlər.

Bəs R.İbrahimbəyov bu dəfə Qarabağ problemi ilə bağlı nə deyib ki, aləm belə qarışıb? Hər gün qəzet aldığım köşkün nurani satıcısı bu sualı yana-yana səsləndirib ətrafdakılara da eşitdirməsəydi, bəlkə, heç adam bu məsələyə belə əhəmiyyət verməzdi:

– «Ay müəllim, bizim savadımız yoxdu, bəlkə, siz biləsiniz! Bu kişi nə deyib axı, oxuyuram görürəm ki, gül kimi söz danışıb də… burda nə var ki? Niyə düşüblər bu kişinin üstünə?!»

Mahiyyətə varanda məlum olur ki, böyük sənətkar, prinsipcə ənənəvi mövqeyindən fərqlənən təzə heç nə deməyib, bəzi dayaz «siyasətçilərin», onlarla həmfikir olan məhəlli «politoloqların», çiçəyi burnunda olan «ekspertlərin» iddia etdikləri kimi, heç bir milli marağa qarşı da çıxmayıb. Əksinə, R.İbrahimbəyov bu müsahibədə əli dünyanın nəbzi üzərində olan müasir düşüncəli bir azərbaycanlı kimi çıxış edir, bir çox işıqlı mətləblərdən, ağrılı siyasi problemlərdən danışır, ciddi ümumiləşdirmələr aparır, məsələyə dünyada gedən tendensiyalar prizmasından yanaşır. Rusca az-maz oxuya bilən, dünyanın işlərindən azacıq baş çıxaran səviyyəli adam müsahibəyə göz gəzdirən kimi dərhal anlayır ki, burada söhbət piket və iclas şüarlarından yox, ciddi dünyəvi mətləblərdən gedir. Bu da aydın nəzərə çarpır ki, kifayət qədər intellektual səviyyənin nümayiş olunduğu müsahibə atüstü hazırlanmayıb, suallar və cavablar üzərində diqqətlə düşünülüb, hər şey ciddi götür-qoy edilib.

Əlbəttə, konkret hədəfə – rus auditoriyasına ünvanlanmış bir müsahibədə R.İbrahimbəyovun SSRİ üçün nostalji keçirməsini kimsə qınayar, ona «sovet ziyalısı» deyə rişxənd edə bilər. Bəlkə də, bu məqamda yazıçını anlamaq olar, çünki yetişib-şöhrətləndiyi bir sistemin, ən azı sosial ədalət baxımından bəzi üstünlükləri varıydı (hər halda, səviyyəsizləri, quldurları vəzifə başına keçirməz, rüşvətxorluğa belə geniş meydan verməzdilər) və bunu danmaq mümkünsüzdür. Amma həzərat, başınızı qaldırıb ona yaxşı-yaxşı baxın: bu bütün dünyanın tanıdığı Rüstəm İbrahimbəyovdur. O, sıradan bir adam, adi qələm sahibi deyil. Uzun illər Azərbaycan kinosunun ağırlığını çiyinlərində daşımış, ədəbiyyat, teatr və kino sahəsində keçmiş SSRİ-nin, bu günsə dünyanın tanınmış yaradıcı simalarından biridir. Azərbaycan Kinematoqrafçıları İttifaqının sədri, Avropa Kino Akademiyası və Amerika Kinematoqrafik Elm və İncəsənət Akademiyasının üzvü, nüfuzlu beynəlxalq kino festivallarının təşkilatçısı, Oskar mükafatçısı, 40-dan artıq bədii filmin, maraqlı roman və pyeslərin müəllifidir. Yəni bu adam nəyi və necə deməyi ona ağıl öyrətmək istəyənlərdən, ittihamçılardan və böhtançılardan, təhqirlə danışanlardan, həqiqətə göz yumub müsahibənin məğzini sifarişlə təhrif edənlərdən daha yaxşı bilir.

Nəsə, keçək əsas mətləbə. Dayaz adamların hamının onlar kimi düşünməməsindən rəncidə olması anlaşılandır, amma R.İbrahimbəyov kimi nəhəng bir şəxsiyyətə zorla «antiazərbaycan», «milli maraqlara qarşı çıxan», «sifariş yerinə yetirən» yarlıqları yapışdırmaq mümkünsüzdür. Onu «ölkəmizin ərazi bütövlüyünü şübhə altına almaqda» ittiham etmək də, yumşaq desək, səfehlikdir. Uzun illərdir ki, onun Qarabağ münaqişəsinə münasibəti dəyişməzdir. Hələ hadisələrin başladığı ilk illərdə görkəmli yazıçının Fransada Daşnaksütyun partiyasının rəhbərlərini tənqid etməsi, Şarl Aznavuru dialoqa çağırması, Rusiya elitasına ciddi etirazlar etməsi nə tez yaddan çıxdı?

R.İbrahimbəyov kəsərli söz, dərin fikir və konkret əməl adamıdır. Yüksək intellekti, geniş düşüncəsi və əla polemika aparmaq məharəti var, istənilən mövzuya mötəbər forma verməyi bacarır. Ssenari ustalığı ona ən adi faktı hadisəyə çevirmək imkanı verir. Onda sezdiyim ən parlaq keyfiyyətlərdən biri də bütöv bir institut qədər piar aparmaq qabiliyyətinin olmasıdır. Harada nəyi, nə vaxt və necə deməyi gözəl bilir. Ona görə də bir sayt müsahibəsinə görə, az qala yerin altını-üstünə çevirmək istəyənlərə vaxtında mesaj verdi ki, nə özünüzü aldadın, nə də oxucuları çaşdırın. Böyük sənətçinin problemlə bağlı mövqeyi həmin mesajda bir daha aydın ifadə olunub. Yəni R.İbrahimbəyova görə, «Ermənistanın Azərbaycanın dövlət sərhədləri daxilində ərazini işğal etməsi beynəlxalq birliyin qəti mühakiməsini tələb edən, ölkə vətəndaşlarının haqlı qəzəbinə və hiddətinə səbəb olan cinayətdir». Daha sonra «millətə xain çıxan» sənətkar bunları deyir:

«– əminəm ki, XX–XXI əsrlərdə ərazi münaqişələrinin həllinə istənilən cəhdlər kimi Ermənistanın təcavüzkar hərəkətləri bəşəriyyətə qarşı cinayətdir;

– Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə gətirib çıxaran əsl səbəblər olduqca mürəkkəb və çox dərindir və onların açıq müzakirəsi məsələnin dinc yolla həllinə xidmət edərdi;

– torpaqlar əhali ilə birlikdə qayıdır. Hansı millətdən olursa-olsun, Qarabağ sakinləri de-yure Azərbaycan vətəndaşlarıdır;

– erməni xalqı Ermənistan rəhbərliyi, onun millətçi dairələri tərəfindən başlanmış müharibənin qurbanıdır».

Qəzet köşkünün satıcısı demişkən, axı burda nə var ki? Hamının bildiyi və mətbuatda dəfələrlə yazılmış belə sadə şeyləri anlamaq üçün bəyəm böyük siyasətçi olmaq lazımdır? Deyəsən, bu suala cavabda məşhur filmdəki «sənin sifətin mənim heç xoşuma gəlmir» məşhur ifadəsini yada salmadan keçinmək olmayacaq.

Təbii ki, bütün bunlar adamda təəssüf doğurur, düşündürür və məyus edir. Onsuz da millətin ruhunu ifadə edən ziyalıları bir-bir vurub sıradan çıxardığımız bu günlərdə yaxın və uzaq çevrəmizdə məyusedici olaylar baş verir. O cümlədən Qarabağ məsələsi ilə bağlı bizə xoş olmayan xəbərlər eşidirik. Nə qədər ağır olsa da, yazını həmin xəbərlərdən biri ilə bitirmək zorundayam.

«ABŞ-ın Men ştatının Nümayəndələr Palatası və Senatı Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyan birgə qətnamə qəbul edib. Qətnamədə 1988-ci ildə bölgədə baş qaldıran separatçılıq milli azadlıq hərəkatı kimi qiymətləndirilir. Bu sənəddə ABŞ prezidenti və Konqresinə «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyini tanımağa çağırış yer alır».

Eeeyy!! Cənab deputatlar, uzaqgörən «siyasətçilər», «politoloqlar», «ekspetlər», köşə yazarları, hardasınız?

    13.04.2013

«Dəmir ledi» əfsanəsi

Mən onu ilk dəfə 1992-ci ilin payızında Bakıya səfəri zamanı «Gülüstan» sarayında lap yaxından görmüşdüm. Adamları maraqla seyr edən sərt baxışları, replikalara ani reaksiyası, üzündən əskik olmayan təbəssümü, qətiyyətli səsi və bir də əsl kübar xanımlara xas olan incə davranışı yadımda qalıb. O zaman Britaniyanın keçmiş baş nazirinin BP şirkətinin məsləhətçisi kimi Bakıya xeyli ümidlər doğuran səfərindən geniş reportaj hazırlamışdım. «Xəbərlər» in gecə buraxılışında isə ayrıca şərhlə çıxış etmişdim. Şərhin yadımda qalan təxmini motivi bu idi ki, ingilisləri Bakıya çəkib gətirən neft qoxusudur və xanım Tetçerin də səfəri 1918-ci ildə ingilislərin yarımçıq qalmış niyyətlərini gerçəkləşdirmək üçündür. Belə yanaşmaya «mız» qoyan olmadı. Onda məmləkətimiz gerçək müstəqilliyin eyforiyasını yaşayırdı, televiziyada da azadlığın hüdudları kifayət qədər geniş idi…

* * *

Böyük Britaniya tarixində ilk və hələlik yeganə qadın baş nazir, son 150 ildə ən uzunömürlü hökumətin başçısı olmuş Marqaret Tetçerin adı ötən əsrin axırlarında bütün dünyada bir əfsanə kimi dolaşırdı. Avropada onu güzəştsiz siyasət cəngavəri sayır, Amerikada ondan heyrətlə danışırdılar, üçüncü dünya ölkələrində isə bu ingilis xanımına, sadəcə qibtə və həsədlə baxırdılar. Mediada və siyasət mərkəzlərində ona əbəs yerə «Dəmir ledi» ləqəbini verməmişdilər. O, ənənəvi siyasətin gücünə və özünün polad iradəsinə arxalanaraq bütün fəaliyyəti boyu yaddaşlardan silinməkdə olan orta əsr İngiltərəsinin möhtəşəm obrazını dirçəldib təqdim etməyə çalışırdı. İnadkarlığına və sərtliyinə görə siyasətçilər onu, həm də «parlaq tiran» (H.Macmillan) və «İngiltərədə ən yaxşı kişi» (R.Reyqan) adlandırırdılar.

M.Tetçerin «Şər imperiyası» adlanan SSRİ-dən zəhləsi gedirdi, sovet sistemini və kommunizmi bütün Avropa üçün böyük təhlükə sayırdı. Lakin M.Qorbaçov «yenidənqurması»ndan sonra münasibətlər bir az ilıqlaşmışdı. Sovet ictimaiyyəti ilk dəfə onunla 80-ci illərin axırlarında üz-üzə görüşə bildi. M.Tetçer həmin dövrdə Moskvaya səfərə hazırlaşırdı, həmin səfər ərəfəsində isə Mərkəzi televiziya Böyük Britaniyanın baş naziri ilə bir müsahibə hazırlamışdı.

Həmin müsahibəni televiziyada sovet ideologiyasını tərənnüm edən dörd nüfuzlu siyasi icmalçı aparırdı. Qeyri-bərabər döyüşə bənzəyən və etik qaydaların tez-tez pozulduğu bu müsahibə mənim heç yadımdan çıxmır. Kişilər bir-birilə bəhsə girərək xanım Tetçerə suallar yağdırır, protokol müsahibəsinin hədlərini keçərək onunla mübahisəyə girişir, Qərbin demokratiya dəyərləri barədə baş nazirin arqumentlərini «heçə çıxarmağa» çalışırdılar. Bu qeyri-bərabər «döyüşdə» Tetçer nə qədər gözəl, ağıllı və məğrur görünürdü. O, briqada üsulu ilə üzərinə tökülmüş sovet jurnalistlərinin hücum xarakterli suallarına ağılla, təmkinlə, məntiqlə və həm də onu bir az da gözəlləşdirən təbəssümlə cavab verirdi. Uzun illər sovet adamlarına «mənfur» imperializmin dayaqlarından biri kimi təqdim edilən dövlətin təmsilçisi tamaşaçıların gözü qarşısında sülh göyərçini kimi qanad açıb uçurdu. O, ingilis hiyləgərliyi ilə deyil, dərin ağlının, zəkasının işığı ilə insanların qəlbini fəth edirdi. Həmin illərdə Tetçer təkcə ekran müsahibəsi ilə yox, Moskvaya səfəri, bu səfərin gedişində qeyri-standart davranışı ilə də sovet adamlarının gözündə böyük siyasətçi obrazını təsdiqləmişdi.

Hakimiyyətə gələndən iki il sonra, 1981-ci ildə keçirilmiş ictimai rəy sorğusunda məlum oldu ki, M.Tetçer Britaniya tarixində ən az sevilən baş nazir imiş (rəqibləri onu cəmiyyəti varlılara və kasıblara bölməkdə ittiham edirdi, lakin sonralar o, qaza, neftə, polada, telefona, hava yollarına dövlət monopoliyasını ləğv edərək bu sahələri özəlləşdirdi). Ancaq bircə il keçdi və Argentinaya qarşı Folklend müharibəsini udandan sonra onun Mühafizəkarlar partiyası parlament seçkilərində çox parlaq qələbə qazandı. Məhz bu müharibə onun siyasi bioqrafiyasında və İngiltərənin müasir tarixində möhtəşəm səhifəyə çevrildi.

Xanım Tetçer bu müharibədə sözün əsl mənasında qibtəediləsi qətiyyət, güclü xarakter və tükənməz enerji nümayiş etdirdi. Folklend sahillərində Britaniyanın iki hərbi gəmisini batırması Argentinaya baha oturdu. Tetçer bütün hərbi-dəniz donanmasını və ölkə kəşfiyyatını ayağa qaldıraraq müstəmləkəçi əcdadlarının ruhunu dirçəltdi. O təkcə Argentinanı dizi üstə qoymadı, həm də onunla gizli əlaqəsi olan Avropa dövlətlərinin gözünün odunu aldı. İlk növbədə Peruya gəmivuran raketlər satmış Fransanı divara dirədi, qos-qoca Mitteranı hədələdi, NATO üzrə müttəfiqlərinə sərt mesajlar verdi. Qarşı tərəfə gizli rəğbətinə görə SSRİ-ni də cavabsız qoymadı. Nəticədə artıq 1982-ci ilin iyulunda Britaniya Folklend adalarına yenidən sahiblənmişdi.

* * *

Xanım Tetçeri ikinci dəfə 1995-ci ilin oktyabrında ABŞ-da gördüm. BMT-nin 50 illik yubileyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka gəlmişdi. O vaxt az qala bütün dünya BMT-yə toplaşmışdı və sanki burada görkəmli siyasətçilərin qeyri-adi paradı keçirilirdi. Tədbirdə iştirak edən Azərbaycan prezidenti Heydər Əliyev də burada diqqət mərkəzində idi (o zaman Qərblə neft müqaviləsi yeni bağlanmışdı). Bu səbəbdən AzTV-nin rəhbərlik etdiyim çəkiliş qrupu saat kimi işləyir, hər bir detalı tutmağa çalışırdı. H.Əliyevin gərgin qrafik şəraitində C.Meycor, J.Şirak, İ.Rabin, U.Kekkonen, M.Olbrayt kimi nəhəng siyasət adamları ilə görüşləri indi də bir kino lenti kimi gözlərim önündən gəlib-keçir.

İqamətgahı Nyu-York otellərinin birində yerləşən H.Əliyevlə görüşə xanım M.Tetçer də gəlmişdi. Görüşün təxminən 5-6 dəqiqəsi jurnalistlərin iştirakı ilə keçdi, sonra uzun və qapalı söhbət oldu. Görüş bitəndən sonra baronessa Azərbaycan jurnalistləri ilə müsahibəyə razılaşdı. Otelin kiçik dəhlizində səslənən və hərəsi bir batman olan sualların çoxluğuna baxmayaraq (əslində, buna müsahibə demək olmazdı) açıq hiss olunurdu ki, siyasətçi xanım, sadəcə, xətrimizə dəyməmək üçün bizi yola verirdi. O səbəbdən də bütün sualları çox ümumi sözlərlə, həm də qısa cavablandırırdı, heç bir ciddi mətləbə toxunmurdu. Mən əlimdə mikrofon onunla lap üzbəüz dayanmışdım, «Dəmir ledi» nin üz cizgilərini, gözlərində bir anlığa parlayıb-sönən qığılcımları, soyuqqanlı davranışını və bir də çoxmənalı siyasətçi təbəssümünü rahatca müşahidə edirdim…

Britaniyanın baş naziri C.Kameron M.Tetçerlə vida mərasimində onu böyük lider, böyük baş nazir və böyük britaniyalı adlandırdı. Bəli, 87 il ömür sürmüş, bir çox siyasi burulğanlardan məharətlə keçmiş baronessa, həqiqətən, böyük ölkənin böyük lideri idi. Onun şərəfli siyasi bioqrafiyası ölkəsi üçün başucalığına çevrildi, çünki bütün varlığı ilə sevib xidmət göstərdiyi xalqının tarixdən qaynaqlanan milli qüruruna yeni və silinməz çalarlar əlavə edə bildi. Baronessa təkcə Britaniya siyasi həyatında deyil, dünya siyasi tarixində bütöv bir mərhələ oldu.

Xanım Tetçer dövlət idarəçiliyi və siyasət sahəsində bir çox dəyərlər yaratdı, həm də Qərbin az qala unudulmuş dəyərlərini gün işığına çıxararaq onlara yeni həyat verdi. Bütün bunları o, «Dövləti idarəetmə sənəti» kitabında əks etdirib. Bu əsərdə bir çox parlaq müddəalar diqqəti cəlb edir. Tetçerə görə, məhz şəxsiyyətə, onun ləyaqətinə hörmət, mülkiyyətin toxunulmazlığı, müstəqillik və azadlığın qorunması, hüquqi zəmin, demokratiya kimi dəyərlər Avropanı hökmran mövqeyə çıxarmışdı. Ona görə də ağıllı və düşünülmüş hüquqi təminat həm cəmiyyət, həm də iqtisadiyyat üçün misilsiz əhəmiyyət kəsb edir. O, dövlət – vətəndaş münasibətlərinə də çox orijinal yanaşaraq hesab edir ki, dövlət cəmiyyətdən fərqlidir. Dövlət insanların ağası deyil, nökəridir, ona görə də dövlət hökmranlıq etməməli, yalnız xidmət etməli olduğuna inanmalıdır.

Müasir dünya üçün aktual olan «hərb və sülh» məsələsinə də demokratiya prizmasından yanaşması baronessanın orijinallığı sayılır. Onun bu barədə irəli sürdüyü müddəalar çox əhəmiyyətlidir. M.Tetçer bütün ölkələrdə və qitələrdə demokratiyanın bərqərar olmasını ölkəsinin xarici siyasətinin əsas qanunu və üstəlik də fundamental aspekti hesab edir. Eyni zamanda «Dəmir ledi» yə görə, ağlabatan və sabit beynəlxalq qayda yalnız millətlərə və milli dövlətlərə hörmət üzərində qurulmalıdır.

Əlbəttə, demokratiya və idarəçilik haqqında o siyasətçilərin fikirləri qəbul edilir ki, onlar öz fəaliyyətləri ilə bu müdrikliyi təsdiqləyirlər. Yəni sözləri ilə əməlləri arasında fərq yoxdur. Müasir dünya tarixində bir epoxa olmuş M.Tetçer məhz o siyasətçilərdəniydi ki, haqqında danışdığı dəyərlərə sadiq idi, bəzəkli şüarlar yox, tarixi yaradırdı. Tarix isə öz səhifələrində məhz belə nəhənglərə qucaq açır, onları həm əfsanə, həm də həqiqət kimi yaşadır.

    23.04.2013

MDB-də mətbuat azadlığı Avropanın nəyinə lazımdır?

Bu həftənin üç gününü yaşıl xiyabanlarına və küçələrinin genişliyinə görə dünyanın ən maraqlı şəhərlərindən sayılan Kiyevdə oldum. Müstəqil Azərbaycan mətbuatının patriarxları – Arif Əliyev və Elçin Şıxlı ilə birlikdə Ukrayna paytaxtında media azadlığı problemlərinin müzakirə edildiyi toplantıya qatılmışdıq. Avropa Komissiyasının himayəsi ilə keçirilən möhtəşəm tədbir günümüz üçün aktual olan bu problemin konkret məkanda – MDB-yə daxil olan Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistanda öz əksini necə tapmasını araşdırırdı. Eyni zamanda toplantı adıçəkilən ölkələrdə mətbuat azadlığının indeksini müəyyənləşdirmək üçün də metodika hazırlamalı idi.

Problem hədsiz dərəcədə həssas, müzakirəsi isə gərəkli olduğundan iştirakçılar dil qəfəsə qoymadan danışır, dərdlərini deyir, suallar verir, mübahisə edir, bir-birlərinin sözünü kəsir, bəzən razılaşır, çox vaxt da hərə öz fikrində qalırdı. Hərənin ağzından bir avaz gəlməsinə baxmayaraq onların hamısını eyni fikir birləşdirirdi: hökumətlər jurnalistlərin azadlığına qarşı çıxır, mətbuatı iqtisadi cəhətdən sıxır, tənqidi boğur, məlumat almağı çətinləşdirir. Belə vəziyyət isə təbii ki, insanları ruhdan salır, demokratik dəyişikliklərə inamı azaldır. Ona görə də idealda düşünülən mətbuat azadlığı fikri qalmışdı bir tərəfdə, hər kəs öz ölkəsində gördüyünü çağırırdı:

– Özünüzü aldatmayın, mətbuat azadlığı bir illüziyadır. Neçə ildir mediadayam, vəziyyət daha da pisləşir, Qərb avtoritar rejimlərə təzyiq mexanizmi tapmasa, vəziyyət daha da pisləşəcək – bunu Moldovadan olan Kristina deyirdi.

– Siz nə danışırsınız? Mətbuat azadlığı olmasaydı, bugünkü Gürcüstan cəmiyyəti də olmazdı. Azad mətbuatsız vətəndaş cəmiyyəti mümkün deyil, bir az mübariz olmaq lazımdır, – deyə Nelli Sukuladze etirazını bildirirdi.

– Bilirsiniz, mətbuat azadlığı var, amma bu, hökumətin nəzarəti altında olan azadlıqdır, o səbəbdən də cəmiyyətə faydası azdır – bu da Yerevan Pres-klubunun rəhbəri Boris Navasardyanın fikri idi.

– Biz şahidik ki, mətbuat azadlığı yaşadığımız cəmiyyəti dəyişir, bizim özümüzü də dəyişir, onun üçün də cəmiyyət bu azadlıq uğrunda mübarizə aparmalıdır, – deyə ukraynalı Oksana Voloşenyuk əməlli-başlı inqilabi çağırış edirdi.

– Siz kefdən danışırsınız ey, deyəsən, Belarusdan xəbəriniz yoxdur. Bizdə tənqid yazan qəzetləri mələdirlər, jurnalistləri tuturlar. Hər yerdə senzuradır, bizim televiziyada, hətta musiqiyə də senzura qoyublar, bəstəkarlara və mahnılara aid «qara siyahı» var – Minskdən gəlmiş Lena bunları ağlamsınaraq deyirdi.

* * *

Tədbirin təşkilatçısı olan «İnterneyus Ukrayna» nın ofisində aparılan bu qızğın müzakirələr göstərdi ki, sovet şinelindən çıxmış respublikaların hamısında mətbuat azadlığı ilə bağlı vəziyyət təxminən eynidir. Azərbaycanda da azad mediaya təzyiqlərin getdikcə artdığının xüsusi vurğulandığı müzakirələrin ab-havası onu da təsdiq etdi ki, adıçəkilən ölkələrdə demokratiya romantikası hələ də ölməyib, cəmiyyət diridir. Yəni həbslərə, cərimələrə və başqa təzyiqlərə baxmayaraq hələ də azad medianın nəfəsi gəlir, məsləkli jurnalist cameəsi avtoritar rejimlərin basqısına tab gətirərək cəmiyyətdəki işığı əks etdirir. Deməli, indi əsas vəzifə hökumətin isti qucağına sığınmaqdan imtina etmiş azad medianı qoruyub gücləndirməkdir. Görünür, buna görədir ki, Avropa Komissiyası MDB ölkələrində media azadlığını əvvəlkindən daha çox həssaslıqla diqqət mərkəzində saxlamağa çalışır.

Bəs nədir azad media və Qərb institutları nəyə görə onun üzərində bu qədər əsirlər? Mövcud təsəvvürlərə görə, müstəqil mətbuat heç bir təmənna güdmədən məlumatı dəqiq və qərəzsiz şəkildə öz auditoriyasına çatdıran vicdanlı araçıdır. Bu media hakimiyyət üzərində ictimai nəzarətçi, ictimai tənqidçi, həm də ictimai forumdur. Belə media cəmiyyətə doğru məlumatlar verməklə qaranlıqlara işıq salır, gediləcək yolları işıqlandırır, xalqı talayan korrupsioner hakimiyyətləri ifşa edir. Bu missiyasını gerçəkləşdirmək üçün media mütləq müstəqil olmalıdır. Doğrudur, bəzən hökumətin rəsmən maliyyələşdirmədiyi qəzetlər və xəbər saytları da özlərini müstəqil adlandırmağa meyillənir. Lakin belə yanaşma «müstəqillik» sözünün mənasını daraldır. Çünki qəzetin, yaxud telekanalın müstəqilliyi birinci növbədə hakimiyyətdən, heç bir siyasi qüvvədən, heç bir biznes qurumundan və oliqarxdan asılı olmaması ilə ölçülür. Bilirəm ki, bu dəqiqə ağlınızdan sual keçir ki, yəni bizdə belə TV var? Yaxud müstəqil qəzetlərimizin sayı bir əlin barmaqları qədər olar?

Mətbuat azadlığı birbaşa söz və fikir azadlığı ilə bağlıdır. Çünki azad mətbuat ictimai inkişaf üçün vacib olan fikir müxtəlifliyinə şərait yaradır və sabit ictimai quruluşun dağılmasının qarşısını alır. Deməli, mətbuat azadlığı sabitlik və dəyişiklik arasında müvazinət yaratmaq vasitəsidir. Bax buna görə də kövrək cəmiyyətlərin, təbii ki, həm də demokratik sistem qurmaq istəyən cəmiyyətlərin möhkəmliyi üçün Avropa demokratiyası bütün cəmiyyətlərdə mətbuat azadlığının olmasını istəyir. Avtoritar hökumətlər isə bundan qorxur.

* * *

MDB məkanında gedən proseslərin acı təcrübəsi göstərir ki, mətbuat azadlığı üçün təhlükələr həmişə qalır. Bu təhlükələr hökumətin birbaşa və dolayı nəzarəti, siyasi basqı, iqtisadi təzyiq, çap və yayım vasitələrinin nəzarətdə saxlanması və s. ilə bağlıdır. Məsələn, çox rəmzidir ki, mətbuat azadlığı problemlərinin qızğın müzakirə edildiyi bu üç gün Ukraynada da hadisəsiz ötüşmədi. Hökumət neçə aylardan bəri susdurmağa çalışdığı ölkənin əsas müxalifət mövqeli TV-İ telekanalının təsisçilərini «hüquqi yolla» dəyişdirdi. Yerli mətbuat bunu söz azadlığına basqı kimi qəbul etdi, telekanalın jurnalist kollektivi bu addıma kütləvi etirazla cavab verdi, ölkə parlamentinin bir çox deputatı bu dəyişikliyi azad medianı susdurmaq cəhdi kimi qınadı.

Biz baş verən olayın Ukrayna mətbuatında necə işıqlandırılması ilə maraqlandıq. Məlum oldu ki, hökumətyönlü qəzetlər və telekanallar bu barədə təkidlə susur, söz azadlığına yaranmış təhlükə ilə bağlı məlumatları ölkə ictimaiyyətinə yalnız azad mətbuat çatdırırdı…

    27.04.2013

Azərbaycan sendviçlə dürmək arasında

Azərbaycanı Cənubdan və Şimaldan sendviç kimi əzirlər…

    Səməd Seyidov (millət vəkili)

Bu siyasət davam etsə, onları iki yox, dörd tərəfdən sıxacaqlar.

    Vəfa Quluzadə (politoloq)

Hər tərəfdən sıxılan sendviç olmur, bu, artıq dürmək olur.

    Eldar Namazov (EL hərəkatının rəhbəri)

Azərbaycanın geosiyasi mövqeyi barədə bizlərdə lap əvvəldən şişirdilmiş təsəvvür yaradılıb: Şərqlə Qərb burada qovuşur, biz Qafqazın incisi, Avropanın qapısıyıq. Qərbə gedən yollar burdan keçir, üç dəniz əhatəsindəyik, İpək yolunun mərkəzindəyik və sair və ilaxır. Təbii ki, bu iddialarda doğru məqamlar var, lakin gerçəklik budur ki, biz qonşu Gürcüstan qədər cazibədar geosiyasi imkanlara malik deyilik. Məsələn, bizim Avropaya və dünya dəniz sularına birbaşa çıxışımız yoxdur. Şimalda Rusiya, cənubda isə İran kimi tarixən bizi qapazaltı eləməyə fürsət axtaran qonşularımız var. Türkiyə ilə aramızda isə Moskvanın və Tehranın yəhərli atı kimi hər an minilməyə hazır olan Ermənistan dayanır. Yəni regionun xəritəsi tarixən elə cızılıb ki, biz Avropa ilə təmas üçün əlimizi mütləq hansısa ölkənin üzərindən uzatmalıyıq. Hələ nə yaxşı ki, Gürcüstan var.

Mövcud geosiyasi vəziyyətdə Azərbaycan necə xarici siyasət yeritməlidir ki, başı salamat qalsın? Bir çox politoloqların ironik yanaşmasına baxmayaraq mürəkkəb geopolitik şərait Azərbaycandan məhz balanslaşdırılmış, yəni tarazlaşdırılmış xarici siyasət yeridilməsini tələb edir. Əslində, tarazlaşdırılmış siyasət diplomatiyada kifayət qədər qəbul edilmiş və tez-tez istifadə olunan strategiyadır. Azərbaycan da çox mürəkkəb bölgədə yerləşir, imperiya yaddaşlı qonşularımızın və regionda marağı olan digər güclərin mənafeləri burada toqquşur. Ona görə Heydər Əliyevin zamanında Azərbaycanın balanslaşdırılmış siyasət adlandırılan strategiyası irəli sürülmüşdü ki, məsələn, hansısa nöqtədə Qərblə, Türkiyə ilə, İsraillə həssas olmaq lazımdır, yaxud başqa məsələlərdə Rusiya və İranla əməkdaşlıq etmək vacibdir. Yəni sistemi elə qurmaq ki, bu ölkələrin toqquşan, bir çox hallarda bir-birinə zidd olan maraqları ikitərəfli münasibətlərin pozulmasına gətirib çıxarmasın.

Azərbaycan neçə illərdir ki, məhz nefti və tarazlaşdırılmış siyasət yeritməsi sayəsində bəzi uğurlara nail olub. Lakin son iki ildə bu siyasətin ölkəmiz üçün təhlükə doğuran iri çatlar verməsi göz qabağındadır. Qərblə münasibətlərin sərtləşməsi, Rusiyadan əsən soyuq küləklər, İranın anlaşılmaz və kobud davranışları, Türkiyədən ara-sıra eşidilən incik notlar xeyli düşündürücüdür. Bu həftə xarici işlər naziri E.Məmmədyarovun İsrailə səfəri və orada Azərbaycanın Qərb dəyərlərinə sədaqəti, demokratiyaya can atması barədə bəyanatları ilə ölkəmizin baş administratoru R.Mehdiyevin İran səfərində «bədniyyətli» Qərbi yıxıb-sürüməsi arasında aşkar ziddiyyətlərin ortaya çıxmasını da bu təhlükə simptomları siyahısına yazmaq olar. Formal məntiqə görə, bu davranışlar balanslı siyasətə xidmət edir, amma siyasi gerçəklik başqa şeyləri diktə edir. Bəs nə baş verir? Bəlkə, dünya dəyişir, bəlkə, biz kral kimi lütlənirik, yoxsa balanslaşdırılmış siyasət öz sehrli gücünü itirir? Eyni zamanda bu suallara həm «hə», həm də «yox» demək olar, amma bütün hallarda problemin kökünü bu siyasətin «əmma» larında axtarmaq lazım gəlir. Nədən ibarətdir bu «əmma» lar?

Burada əsas problem odur ki, bu ölçülü-biçili siyasət diplomatiya üçün gərəkli olduğu qədər də mürəkkəb strategiyalardan biridir. Onun iki nəticəsi olur: ya hamıyla dost, ya hamıyla düşmən olursan, orta yol yoxdur. Bu mürəkkəb strategiyanın qüsursuz həyata keçirilməsi çox böyük bacarıq, həssaslıq, həm də güclü, peşəkar komanda olmasını tələb edir. Həmin komanda gərək beynəlxalq münasibətlər sistemini, diplomatiyanı o qədər dərindən bilsin (və izləsin) ki, qəliz xarici siyasət xəttini həyata keçirməyi bacarsın. Əlbəttə, ən asan strategiya hansısa bir güc mərkəzinin tərkibində olmaqdır. Məsələn, NATO-ya və Avropa Birliyinə, yaxud Rusiyanın yaratdığı Gömrük İttifaqına, Kollektiv Təhlükəsizlik Sazişinə üzv olmalısan. Belə qurumlara daxil olan ölkələr bir tərəfdən xarici siyasətlə bağlı o qədər də «baş sındırmırlar», ona görə ki təhlükəsizliklərinə əsas güc mərkəzi təminat verir. Bundan sonra mürəkkəb geosiyasi oyunlara diqqət ayırmağa ehtiyac qalmır. Ancaq balanslaşdırılmış siyasəti həyata keçirmək üçün 3-4 güc mərkəzi arasında elə manevrlər edib elə sistem qurmalısan ki, hər güc mərkəzi istədiyinin bir qismini səndən ala bilsin. Ala bilmədiyi hissə də o qədər həssas olmasın və bir-birini kompensasiya etsin. Bununla da ölkə, hətta maraqları toqquşan 3-4 güc mərkəzi arasında hamıyla normal münasibətlər qura bilir. Lakin lazımi bilik və bacarığa malik komanda olmayanda, həmçinin dünya gerçəklikləri nəzərə alınmayanda bu siyasətin formal davam etdirilməsi vəziyyəti mürəkkəbləşdirir, həmin ölkənin hakimiyyəti üçün ziyanlı nəticələr və təhlükələr ortaya çıxarır.

Azərbaycanın bəzi siyasətçilərinin və həvəskar politoloqlarının ölkəmizin dünya siyasətinə və regionda gedən proseslərə təsirini şişirdəndə mənim yadıma jurnalist dostumuz Azər Mürsəliyevin sözləri düşür. İndi Rusiyanın nüfuzlu «Kommersant» qəzetinin direktoru olan Azər hələ 20 il əvvəl bölgədə gedən siyasi çarpışmaları nəzərdə tutaraq deyirdi ki, Azərbaycan bilyard stolu altında gizlənmiş uşağa bənzəyir. Bu uşağın oyuna və onun nəticəsinə heç bir təsiri yoxdur, o yalnız stol üzərində zərbə ilə vurulan şarların vıyıltısını və hərəkət istiqamətini təxmin edə bilir. Bu 20 ildə geopolitika baxımından bölgədə demək olar ki, heç nə dəyişməyib, bilyard daşlarının da sayı artıb-əskilməyib. Sadəcə, indi həmin şarların hərəkəti xeyli sürətli olub və o səbəbdən də vıyıltısı daha gur eşidilir. Bizsə elə yenə öz yerimizdə, stolun altındayıq, amma bir az narahat və həyəcanlıyıq, çünki uşaq da olsaq, şarların getdiyi istiqaməti yaxşı duyuruq…

    04.05.2013

Şuşa, Berlin… və bayram duyğuları

Faşizm üzərində Qələbənin qeyd olunduğu 9 may günü məndə ta uşaqlıqdan xoş duyğular oyadıb. Səbəbi çoxdur: atam müharibədə vuruşub, Stalinqrad döyüşlərində iştirak edib, kontuziya alıb. İlk dəfə onun hərbi biletini əlimə alanda çox qürrələnmişəm. Doğulduğum kiçik bir kənddən altmışdan çox adam müharibəyə gedib, yarısı qayıtmayıb. Üç əmim də müharibə iştirakçısı olub, biri Yaponiya cəbhəsində vuruşub, ikisi Berlinə kimi gedib-çıxıb. Onlardan biri – sağ qalanı, 93 yaşlı Ərşad kişi hazırda Şirvan şəhərində yaşayır və hər ilin 9 may günündə orden-medallarını taxıb camaatın gur olduğu yerlərdə şəstlə gəzir. Kişinin buna tam haqqı var, çünki Dnepr uğrunda vuruşub, Polşanın azad olunmasında iştirak edib, kəşfiyyat qrupunun başçısı olub, dəfələrlə yaralanıb. Müharibədən sonra isə Berlində paytaxt rayonlarından birinin hərbi komendantı olub. İlin-günün xoş vaxtına düşən Qələbə bayramı bütün bunlara, həm də bəşəriyyət üçün qorxu və avtoritarizm püskürən faşizmin yerlə-yeksan edilməsinə görə məndə həmişə xoş ovqat yaradıb. Ta 1992-ci ilin mayına – Şuşanın işğalına kimi.

* * *

Əlbəttə, Şuşanın işğalının bu günlə birbaşa əlaqəsi yoxdur, amma taleyin istehzasıdır ki, məhz Qələbə günü ərəfəsində məmləkətin incisinin düşmən əlinə keçməsi duyğu, düşüncə və hisslərimizin çərçivəsini daraldıb. Bu tarix sevinməyi, gülməyi, ürək açıqlığı ilə şənlənməyi bizlərə haram edib. Şuşanın süqutu mənim üçün dünyanın ən qara xəbəri idi.

Azərbaycan tarixi və mədəniyyəti üçün Şuşanın nə demək olduğunu xırdalamağa gərək yoxdur, üstəlik, itiriləndə onun hansı dəyər daşıdığını yenidən və ayıq başla dərk etməyi də bir yana qoyuram. Şuşa həm də talelər şəhəri idi. Mənim də uşaqlığım və yeniyetməliyim bu şəhərdə keçib, orta məktəbi burada oxumuşam. Özümü az-çox burada dərk etmişəm, yaddaşımda bənzərsiz insanlar qalıb. Cıdır düzünü, Qırxpilləkəni, Qızılqayanı, Daşaltını, Zarıslı meşələrini qarış-qarış gəzmişəm. Üzeyir Hacıbəylinin, Bülbülün, Xan qızı Natavanın ev muzeylərini kiçik eksponatlarına qədər yaddaşıma köçürmüşəm. Hər il istirahətə gələn onlarca məşhur şəxsi şəhərin Lenin parkında və İsa bulağında görmüşəm. Şuşanın yaddaşımda ilişib qalmış unudulmaz mənzərələri indinin özündə də tez-tez yuxularıma gəlir.

Mayın 8-də televiziyada «Xəbərlər» in gecə buraxılışını mən aparırdım, Şuşadan həyəcanlı və bir-birinə zidd xəbərlər gəlirdi. Məmləkətdə hamı nəfəs çəkmədən bu dolaşıq xəbərləri izləyirdi. Efirə çıxmağa hazırlaşırdım, situasiyanı aydınlaşdıracaq heç bir məlumat yox idi, teletayp susurdu, telefonlar dillənmirdi, zənglərimizə hay verən tapılmırdı. AzTV-nin gecə vaxtlarında sükuta qərq olmuş xəbər studiyasında və növbətçi otağında sözün əsl mənasında keşik çəkdiyim anlarda hər telefon zəngi mənə bir göy gurultusu, hər məlumat bir ildırım çaxması kimi gəlirdi. Gecəyə doğru belə bir məlumat yayıldı ki, Şuşa ermənilərdən təmizlənib və vəziyyətə Azərbaycan ordusu nəzarət edir. Bu barədə yazılı məlumatı nazirliyin baş qərargah rəisi Şahin Musayev təsdiqləyirdi, AzərTAc da xəbəri bizə göndərmişdi. Mən uşaq kimi sevinirdim, proqramı yüksək əhvali-ruhiyyə ilə apardım, yəqin ki, həmin gecə çox adam rahat yatdı. Sən demə, nazirliyin yaydığı xəbər yalanmış…

Doğru məlumat ertəsi gün – mayın 9-da yayıldı. Və şəhərin süqutu xəbəri məni tok kimi vurdu, bədənimə dolan cərəyan bütün vücudumu gizildətdi. O gün bütün dünya mənə qaranlıq və mənasız bir şey kimi görünürdü. Bax onda 9 May Qələbə gününə aid xoş duyğuların da içimdə gilə-gilə əridiyini hiss etdim. Həqiqi Vətən sevgisinin və Şuşanın nə demək olduğunu anlayan bütün soydaşlarım kimi mənim də içimin göynərtisi keçmir.

Heç bilmirəm indi insanlar belə duyğuları yaşayır ya yox? Çünki dəyərlərin gilə-gilə əridiyi, həyatın məzmununun itdiyi, mahiyyətinin dəyişdiyi bu günlərdə insanların əksəriyyəti bir qarın çörək üçün yaşayır, maddiyyat önə keçib, mənəvi dünyamız daralıb, hər şey ani instinktlərə tabe etdirilib. Cismani ehtiyacların ödənməsi uğrunda gedən mübarizə fonunda tapdalanan mənəviyyatın hayqırtısını batırmaq, prosesləri rahat və ağrısız yaşamaq, özümüzü ovutmaq üçün isə sən demə, bizə çal-çağır, bayağı şoular və mənasını anlamadığımız bayramlar gərək imiş. Bu bayramların əksəriyyəti gecənin qaranlığını bir anlığa bəzəkli şüaları ilə işıqlandıran fişənglər kimi duyğularımıza heç bir iz salmadan keçib-gedir. Biz özümüz də hiss etmədən həmin işıqların keçici parıltısının içimizdə yaratdığı ani duyğuların əsirinə çevrilirik.

* * *

Əlbəttə, adına bayram deyilən istənilən kütləvi tədbirin mütləq bir ideologiyası olmalıdır. Məsələn, Azərbaycan Cümhuriyyəti dövründə maraqlı bir Bayraq bayramı təsis olunmuşdu. Həmin gün məktəblilər, Bakının mərkəzi küçələrini gəzir, əllərindəki kiçik üçrəngli bayrağı qarşılarına çıxanlara hədiyyə edirdilər. Cümhuriyyəti yaradanlar bu rəmzi bayraqlar vasitəsilə ürəklərə istiqlal damcıları çiləyirdilər. Bu bayram xalqın can atdığı azadlığın rəmzi, hər kəsi qürurlandıran müstəqilliyin zərif nişanəsi idi. Yəni fikir, məna və ideologiya istənilən bayramın ruhu sayılır. Ruhsuz adam canlı müqəvvadan başqa bir şey olmadığı kimi, düşünülmüş aydın ideologiyası, parlaq məzmunu olmayan bayramlar da həmin müqəvvaların görünməsi üçün adi vitrindən başqa bir şey deyildir.

    11.05.2013

M.Ə.Rəsulzadə və Azərbaycan istiqlalı

Xalq hərəkatının başladığı ilk illərdə də çoxları haqlı olaraq onu Azərbaycanın azadlığı və istiqlalının rəmzi hesab edirdi. Təbii ki, o zaman bu qavrayışda bir az dəbə uymaq, bir az da impulsivlik var idi, çünki həmin dövrlərdə emosiya, hər halda, bir az üstün idi. Lakin son dövrlərdə müəyyən bir siyasi maariflənmə keçmiş cəmiyyətimizdə Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə, onun demokratik düşüncəni qidalandıran siyasi irsinə ciddi maraq yaranıb. Əlbəttə, bu prosesdə görkəmli şəxsiyyətin həyat-fəaliyyətinin, elmi-nəzəri irsinin dərindən araşdırılması, bizdə, Türkiyədə, Rusiyada və ABŞ-da haqqında ciddi elmi tədqiqatların aparılması, əsərlərinin nəşr edilib yayılmasının da xüsusi əhəmiyyəti olmuşdur. İstedadlı, vicdanlı və fədakar alimlərimizin səyləri hədər getməmişdir. Tanrının işıq vermədiyi və buna görə də missiyası yalnız Şərə xidmət etmək olan bəzi məmur-alimlərin tarixi saxtalaşdırmaq səylərinə baxmayaraq Azərbaycan cəmiyyətində M.Ə.Rəsulzadə şəxsiyyətinə maraq getdikcə artır.

* * *

Təəssüf ki, bu gün Azərbaycanın hakim dairələrində Rəsulzadə şəxsiyyətinə anlaşılmaz bir qısqanclıq göstərilir. Adı heç harda çəkilmir, xatırlanmır, nədənsə tez-tez «unudulur». Bəzi iqtidar qəzetlərində Cümhuriyyət və onun qurucularından bəhs edən yazılarda onun adı üçüncü və ya dördüncü sırada çəkilir, bəzən heç çəkilmir, fotosu isə, ümumiyyətlə, dərc olunmur. Hərdən onu Cümhuriyyətin digər qurucuları ilə üz-üzə qoymaq kimi qeyri-ciddi və vicdansız davranışa yol verilir. Həzərat, bütün bunlara baxmayaraq birmənalı şəkildə demək olar ki, XX əsrdə Azərbaycanın siyasi tarixində fəxr edib qürur duyacağı ən böyük şəxsiyyət M.Ə.Rəsulzadədir. Bu, şüar deyil, tarixi gerçəklikdən qaynaqlanan həqiqətdir. Azərbaycan siyasi təfəkkürünün ifadəçisi olan bu görkəmli siyasi mücahidin keşməkeşlərlə dolu fəaliyyəti, milli istiqlal uğrunda ardıcıl mübarizəsi, elmi, ədəbi-bədii və publisist irsinin təhlili, yazdıqları və bizlər üçün bir xəzinə olaraq qoyub getdiyi sanballı əsərləri bu nəticəyə gəlməyə əsas verir. Bu millət fədaisinin adını universitetlərdən silmək, şəklini göstərməmək, fotosu həkk olunmuş əsginası dəyişmək, abidəsini qadağan etmək olar, amma onun tarixi haqqlarını tapdamaq mümkünsüzdür. Tarixi şəxsiyyətlərin qiymətini, gec-tez tarix özü verir.

Tarixi şəxsiyyət bir kateqoriya kimi mürəkkəb siyasi proseslərdə üzə çıxır. Hər vəzifə kürsüsündə əyləşən, onun pillələri ilə üzüyuxarı dırmaşan, hökumət kabinetində əyləşən, çiyninə şahlıq quşu qonan hər adam şəxsiyyət deyildir. Şəxsiyyət o adamlar sayılır ki, onlar çətin durumlarda millətin və xalqın taleyini həll etmək, onun tarixi varlığını qoruyub saxlamaq yükünü çiyinlərinə götürürlər. Tarixin belə çətin anlarında siyasət səhnəsinə çıxaraq Vətənin azadlığı və xalqının rifahı üçün ömrünü şam kimi əridənlərin haqqını bir kimsə tapdalaya bilməz. Ona görə də M.Ə.Rəsulzadə kimi tarixi şəxsiyyəti hədəfə almaq, millət qarşısında onun xidmətlərini danmaq, ona sayğısız yanaşmaq yel dəyirmanı ilə vuruşmaq kimi bir şeydir.

Qoca tarix yalnız qlobal ideyaların daşıyıcılarını və həmin ideyaları məharətlə gerçəkləşdirib fakta çevirənləri öz yaddaşında saxlayır. Bu baxımdan M.Ə.Rəsulzadənin ən böyük tarixi xidməti Azərbaycanın istiqlalı, xalqımızın bütün nəsillərinin qürur duyduğu Azərbaycan Cümhuriyyətidir. Bu cümhuriyyət Rəsulzadənin şah əsəridir.

Təbii ki, müstəqillik ideyaları boş yerdən yaranmayıb. M.F.Axundovdan və H.B.Zərdabidən başlayan milli azadlıq ideyaları XX əsrin əvvəllərində Ə.B.Ağaoğlu, Ə.B.Hüseynzadə, Ü.Hacıbəyli kimi mütəfəkkirlərin əsərlərində yeni forma alıb. Ötən əsrin əvvəllərində Azərbaycan siyasi tarixinin taleyini əllərində tutan soydaşlarımız milli hərəkatın yüksəldiyi bir vaxtda İstiqlal hərəkatının qığılcımını alova çevirə bilmişdilər. Lakin bunlarla yanaşı onu deməliyik ki, bir çox siyasi xadimlərin şüurunda müstəqillik anlayışı, yalnız mədəni muxtariyyəti əhatə edirdi. Siyasi müstəqillik ideyasını ilk dəfə məhz M.Ə.Rəsulzadə gündəmə gətirmişdi. Hələ Rusiyadakı 1917-ci il fevral burjua-demokratik inqilabının qələbəsindən, yəni mütləqiyyət rejiminin süqutundan sonrakı ilk həftələrdə onun milli istiqlaliyyəti gerçəkləşdirmək və müstəqil Azərbaycan Cümhuriyyəti yaratmaq fikrinə gəldiyini söyləmək olar. Bu dövrdən başlayaraq böyük ideoloq Cümhuriyyətin yaradılması üçün əlverişli tarixi fürsət axtarırdı. Belə bir tarixi möcüzə isə 1918-ci il mayın 26-da Qafqaz seyminin dağılması oldu. M.Ə.Rəsulzadə həmin mürəkkəb, fəlakətli, qanlı-qadalı, ölüm-dirim savaşlarının getdiyi bir dövrdə xalqın başı üzərində dayandı, onu nəinki fiziki cəhətdən məhv edilmək təhlükəsindən qurtardı, həmçinin Azərbaycanın milli dövlət quruluşunun dirçəldilməsinə nail oldu. Cümhuriyyətin ilk addımlarının müəyyən edilməsində, Türkiyə Qafqaz İslam ordusunun Azərbaycana gətirilməsində, Bakının işğaldan azad olunmasında da M.Ə.Rəsulzadənin siyasi-diplomatik fəaliyyəti həlledici rol oynadı.

M.Ə.Rəsulzadə istiqlalın «bir qrup xəyalpərəstin fantaziyası deyil, millətin ruhunun ən dərin guşələrindən təzahür edən ehtiyac» (H.Baykara) olduğunu sübut edərək müstəqil Azərbaycan dövlətinin parlamentli, çoxpartiyalı respublika dövlət formasının seçilməsinə nail oldu. Bu, Şərqdə ilk belə hakimiyyət forması idi. O vaxt mütləqiyyət rejimlərinin əhatəsində yaşayan, siyasi mədəniyyət meydanında ilk addımlarını atan, uzun əsrlər boyu öz dövlət müstəqilliyini itirmiş bir xalqın parlamentli respublika formasını seçməsinin ciddi tarixi əhəmiyyəti vardı. Əlbəttə, avtoritar düşüncə sahibi olsaydı, M.Ə.Rəsulzadə özü yeni ölkənin prezidenti seçilə bilərdi, çünki Cümhuriyyətin yaradıcısı kimi hamı onu qəbul edirdi. Amma onun idealı vəzifə deyildi. O, demokratik idarəçiliyin tərəfində idi. Bu səbəbdən də onu prezident kimi görmək istəyənlərə «biz min illərdir padşahların, sultanların, diktatorların əsarəti altında yaşadığımızdan diktaturaya meyilliyimiz var. Yəni kimi prezident qoysan, özünü sultan kimi aparacaq. Ona görə də «parlamentli respublika daha yaxşıdır» cavabını vermişdi. Sadəcə, parlamentdə Müsavat fraksiyasının rəhbəri kimi qalmağa üstünlük vermişdi.

M.Ə.Rəsulzadə Cümhuriyyətin yaradılmasını hansı şövqlə qarşılamışdısa, onun devrilməsini də bir o qədər dərin ağrı ilə qəbul etmişdi. Parlamentin son iclasının stenoqramı bir şeyi çox aydın göstərir ki, iclasda çıxış edənlərin içərisində yalnız Məhəmməd Əmin Azərbaycan istiqlalının taleyindən söz açır. Başqaları bir çox məsələləri ehtiyatla söyləyir, yəqin ki, sonrakı talelərini düşünərək danışırlar. Lakin yeganə şəxsiyyətdir ki, M.Ə.Rəsulzadə Rusiya ordusunun gəlişini Azərbaycan istiqlalını əlindən alacaq qüvvə kimi səciyyələndirir. O belə düşünürdü ki, millətin istiqlalı əlindən gedirsə, kimin sağ qalıb-qalmamağının o qədər də əhəmiyyəti yoxdur. Görünür, tale Rəsulzadəyə həmin qanlı-qadalı günlərdə sağ qalmaq qisməti yazmışdı. O, həbs olunsa da, İ.V.Stalinin sayəsində şərti azadlığa çıxa bildi. Aparıldığı Moskvada uzun müddət qala bilmədi və azad Avropaya üz tutdu.

* * *

Əlbəttə, Cümhuriyyətin mövcud olduğu 23 ayda çox tarixi işlər görüldü, ən başlıcası yüz minlərlə insanın şüuruna istiqlal toxumu səpildi. Bu səbəbdən də xalqımızın ictimai-milli düşüncəsində müstəqilliyin əbədi izi qaldı. M.Ə.Rəsulzadə ömrünün son anına qədər bu istiqlal və müstəqillik düşüncəsinin daşıyıcısına çevrildi. Təkcə Türkiyədə deyil, Polşada, Macarıstanda, Rumıniyada, Almaniyada, Fransada yaşadığı illərdə öz idealına sadiq qaldı, əsərlərində, nəşr etdirdiyi bütün qəzet və jurnallarda Azərbaycanın müstəqilliyi ideyasını öndə saxladı. Gözlərini bu dünyaya yumarkən də son sözü «Azərbaycan» oldu…

İstiqlalın mübarək, Azərbaycan!

    25.05.2013

Millət sizə minnətdardır…

«Bu gün öylə böyük və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görə bilməzdik…»

    Fətəli Xan Xoyski

Cümhuriyyətin baş naziri F.X.Xoyski bu sözləri 1918-ci il dekabrın 7-də Bakıda parlamentin ilk iclasının açılışında heyrət və qürur bildirən bir intonasiya ilə demişdi. Millətin hüququ, istiqlalı və xeyri ilə bir arada olan milli hökumətin başçısı «bu günü yuxumuzda da görə bilməzdik» deyirdi. Bundan iki ay əvvəl isə F.X.Xoyskinin daha bir sözü tarixin yaddaşına yazılmışdı. Baş nazir 1918-ci il sentyabrın 15-də Bakının düşmənlərdən azad edilməsi münasibətilə Nuru paşaya göndərdiyi təbrik teleqramını bu sözlərlə bitirmişdi: «Millət sizə minnətdardır!». Dünən bu sözlər xilaskar Nuru paşaya ünvanlanırdı, bu günsə xalq məhəbbətlə həmin müqəddəs kəlmələri, həm də heçdən bir dövlət yaratmaqla şanlı tarix yazmış, millətin başını uca etmiş Cümhuriyyət qurucuları üçün səsləndirir.