скачать книгу бесплатно
Həbsxana
Qənimət Əlisaoğlu
Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı üç sənədli romanı salınıb. Hər biri özünün müxtəlif illərdəki məhbəs həyatından bəhs edir.
Oxucuları bəri başdan xəbərdar edirik: «HƏBSXANA» trilogiyasını içərisində çoxlu açıq-saçıq və qəddarlıq səhnələri olduğuna görə yaşı 18-dən aşağı olanların, həmçinin əsəbləri zəif olan şəxslərin oxuması məsləhət deyil!
Kitabda ilk dəfə müəllifin çox tez-tez işlətdiyi, əksəri rusca olan 500-dək türmə jarqonlarının azərbaycanca açması verilib.
Qənimət Əlisaoğlu
Həbsxana. Kriminal trilogiya
ÖN SÖZ
Kitaba yazıçı, jurnalist, həmçinin ömrünün sonlarında partiya rəhbəri olmuş Qənimət Əlisaoğlunun üç məşhur əsəri – «Lənət qapısı» (1993), «Bayıldan başlayan yol» (1998) və «Qırmızı türmə» (1999) əsərləri salınıb. Əsərlərin yalnız biri – «Lənət qapısı» «Şəms» nəşriyyatı tərəfindən 2003-cü ildə latın qrafikası ilə nəşr olunub, digər iki kitab ilk dəfədir ki, latın əlifbası ilə nəşr olunur.
Hər üç əsər müəllifin şəxsi bioqrafiyasının məhsuludur. Əsərləri oxuyan hər bir kəsi ilk növbədə Qənimət Əlisaoğlunun şəxsi həyat faciəsi şoka salır, oxucunu acı təəssüf hisləri keçirməyə məcbur edir, lakin acı bir reallıq da ondan ibarətdir ki, Qənimət Əlisaoğlunun bu şəxsi faciəsi olmasaydı, Azərbaycanın ən yeni tarixindəki bu qədər ləkəni, bu qədər rəzillikləri kim qələmə alardı… Odur ki, artıq həyatdan köçmüş Qənimət Əlisaoğlu öz şəxsi faciəsi ilə əslində 3 kitab qədər tarixi həqiqətlər qoyub getmişdir…
Kitabların heç biri başqa kriminal türmə həyatından olan kitablara bənzəmir, bunlar başdan-ayağa sarsıdıcı, tükürpədici səhnələrdən ibarətdir. Müəllif üç kitabda Azərbaycan və İttifaq (daha doğrusu, Sovet Rusiyası) türmələrini tam realistliklə müqayisə edib bunları yazır:
– Burada iztirab, ümidsizlik və məyusluq var.
– Burada insana həşərat kimi baxırlar.
– Burada ibtidai vəhşət atmosferi var…
Hər 3 kitabın qırmızı xətt kimi bir həqiqəti var:
AZƏRBAYCAN TÜRMƏSİ
– bütün atributları ilə,
– rüşvətin hədsiz miqyası ilə,
– qanun-qaydaların açıq-aşkar tapdanmasına görə,
– haqsızlıq, ədalətsizlik, mənəm-mənəmliyə görə
bütün İttifaq türmələrindən fərqlidir…
Əyilməzləri əyən, sınmazları sındıran, sınmağa layiq olanları başıuca edən Azərbaycan!
Qənimət Əlisaoğlu İsayev
(1950-2001)
* * *
Tanıyanlar müəllif haqqında bunları deyib:
– O çox riskli işlərə baş vuran bir «avtoritet» olub. Həbsxana həyatından nə yazıbsa da həqiqətdir…
Rövşən Yerfi
– O çox ciddi və mənalı adam idi. Oğru aləmində «avtoritet» sayılırdı. Həddən artıq mütaliəli adam idi. Ölümü isə çox müəmmalı oldu. Türmə həyatının «mətbəx»ini verə bilən nadir yazıçılardandır…
Murad Köhnəqala
– Müəmmalı, qəribə, sözübütöv adam üçün yanmaq istəyən, nurlu, bir sözlə möhtəşəm insan idi. Qalmaqallı işlərə meyli vardı…
Əlisəmid Kür
Qənimət Əlisaoğlu 2001-ci ilin 18 oktyabrında – müstəqillik günündə özünü güllələyib (rəsmi məlumatlara görə).
Türmə qarşısında konstitusiya öz gücünü itirir.
Sol RUBİN
Lənət qapısı
(birinci kitab)
I hissə
Bayıl-85
TƏCRİDXANADA
Dünya ya cənnətdir, ya zindan…
Balzak
Otuz nəfərə yaxın başıbəlalının təpilib doldurulduğu «voronok» acıq verirmiş kimi dartınıb dayandı. Əyləc qəflətən basıldığından ləngərlənib bir az da sıxıldıq, taleyin hökmündən əyilmiş qəddimizi qismən də olsa, düzəltməyə macal tapmamış bizi bizdən «qoruyan» silahlı «ment» yerə atıldı, əlləri bellərində boy-boya düzülmüş hərbçi geyimli «ment»lərlə görüşdü:
– Malları gətirmişəm, ütün, – dedi. «Ment» – milis, yaxud türmə işçilərinin çoxsaylı adlarından biridir. Onlara həmçinin «pirat», «padlo»[1 - Alçaq, namərd (rusca).]. «milton»[2 - Milisioner sözünün lağla deyilən qısaldılmış forması.]. «podlipalo»[3 - Donosçu (çuğulçu) milis (polis) xəfiyyəsi (rusca).], «kryuçok»[4 - Qarmaq (rusca).], «qad»[5 - 1) Alçaq 2) Həşərat (rusca).], «qad leqavıy»[6 - 1) Alçaq 2) Tula (rusca).], «suka»[7 - 1) Qancıq 2) Donosçu, çuğulçu (rusca).], «tixar»[8 - Pis adam, eqoist adam (rusca).], «milok»[9 - Milisin lağla əzizlənməsi mənasında (rusca) .] və s. deyilir.
Qıfıllar şaqqıldadı, «voronok» bir də dartındı, dəmir darvaza arxamızca həmişəlik bağlandı.
Ölümlə olumu, işıqla qaranlığı bir-birindən təcrid edən bu qapı kimlərəsə var-dövlət bəxş etməkdən ötrü yüz ildən çoxdur ki, açılıb örtülür.
Həyatımıza qoşa qara xətt çəkən, pula açılıb, pula örtülən qapı.
İlk açılışı «voronok»dan qəbul edib alnımıza «zek»[10 - Dustaq (zaklyuçennıy sözündən – rusca).] damğası vuran, son açılışı «voronok»a doldurub «stolıpin»[11 - Dustaq daşıyan vaqonlara deyilir (Rusiya İmperiyasının baş naziri olmuş Stolıpinin şərəfinə belə adlandırılıb).], yaxud koloniyaya yola salan qapı.
Əli qoynunda balalarımızın göz yaşlarının şahidi qapı.
Güclülərin əliylə zəiflərin boynuna dəyirman daşı kimi asılan qapı. Həsrət qapısı! Nifrət qapısı!
Özü ağırlığında lənət qapısı! Burdan ölüb çıxanların, ölü kimi çıxanların şahidi qapı.
Səkkiz gün qabaq tutmuşdular məni – tutmuşdular deyəndə Mirzoyev (nə səbəbdənsə Mirzəyev yox) familiyalı bir müstəntiq Nəsimi rayon prokurorluğuna dəvət etmişdi. Aramızdakı qısa söhbətdən sonra altı nəfər qoluzorlu milis otağa daxil olmuş, iki il öncə dövlət əmlakını külli miqdarda mənimsədiyim, dəfələrlə rüşvət aldığımı, vəzifə mövqeyimdən sui-istifadə etdiyim üçün məni həbs etmişdilər. Beş gün Nəsimi Rayon Daxili İşlər Şöbəsində saxlamışdılar ki, bəlkə dalımca gələn oldu. Özümə dəfələrlə xidmətlərini təklif etmişdilər:
– Hara istəyirsən, kimin yanına istəyirsən «zapiska»[12 - Qısa məktub (rusca).] yaz, aparaq çatdıraq, – demişdilər.
Yazmağa sözüm, çatdırmağa adamım yox idi…
Bu dörd gündə çox düşünüb – daşınmışdım. Yəqin bilirdim ki, məni üç gündən artıq saxlamağa ixtiyarları yoxdur. Bir halda ki, saxlayırlar, deməli, burada qarışıq müəmma var. Açılacağına isə şübhə yox; bir az tez, bir az gec.
Bu dörd günü quru taxta üzərində bir plaşla keçirmişdim. Yemək dərdi çəkməsəm də, milis növbətçiləri öz pulumla həm mənə, həm də özlərinə nahar və şam yeməyi alırdılar. Nəhayət, dördüncü günün sonunda insaflının biri tapıldı:
– Səni sabah səhər buraxmalıdırlar, – dedi.
– Axı, üç gündən artıq saxlamağa ixtiyarları yoxdur, mən isə gör neçə gündür buradayam.
– Ay sənin kinovun olsun, sən nə qoyub nə axtarırsan? İki gün səni heç «oformit»[13 - Sənədləşdirmə (rusca).] eləmədilər. Tak-şto, yadda saxla ki, «otdeleniyedə»[14 - Bölmə (rusca).] cəmisi iki gündür qalırsan. Özün də dara-bara salma, mən ölüm! Sonra bilərlər ki, mən satmışam, atama od vurarlar. Rəisimiz yaman qansız adamdır. «Paqon»umu sökdürər.
– Deməli sabah buraxacaqlar?
– Nə deyim vallah? Ya buraxmalıdırlar», ya da…
Başını qaşıdı, gözlərini məchul bir nöqtəyə zilləyib, bir xeyli düşündü.
– Bilirsən nə var, əmioğlu, – deyə bir az ciddiləşdi – demişəm, qoy axıracan deyim. Cəhənnəmə ki… Mən «smen»ə[15 - Növbə (rusca).] gələndə bizim nəçənnik bir nəfər müstəntiqlə danışırdı. Deyirdi ki, bu bədbəxt oğlunun – yəni sənin –arxasınca nə gələn var, nə də maraqlanan. Sabah basacağam boynundan, getsin, – dedi rəis. Müstəntiq də buyurdu ki, görüm «kişi» nə deyəcək, sonra. Ancaq, yenə deyirəm ha. kim bilir onların işlərini? Bir də gördün elə doğurdan da basdılar boynundan, getdin gedər-gəlməzə. Qorxutmaq üçün demirəm, ancaq vallah bu qapıdan o qədər nər kimi oğlanların boynunu büküb göndəriblər ki, adam mat-məəttəl qalır…
Aydın olmayan heç nə yox idi. Doğrudan da, səhər açılar-açılmaz məni DİŞ-in şəhər şöbəsinin zirzəmisinə apardılar. Nə bir soruşan oldu, nə bir dindirən. Üç gün də bu zirzəmidə yaşayandan sonra pişik balasını dişində daşıyan kimi sürüyüb saldılar «voronok»a[16 - Konvoylu qapalı milis (polis) maşını. Həbsxanada konvoyları «qara quzğun» adlandırdıqlarına görə dustaq daşıyan maşınlara belə ad qoyulub (rusca).]. «Voronok»un da yolu bu lənətə gəlmiş qapının ağzında qurtarar.
Ölçüyə gələrmi bu divarlar arasında, yeddi dəmir qapı arxasında tökülən göz yaşlan?
«Kişi ağlamaz!» deyənlər bu kəlamı hansı əsasla fikirləşib, görəsən? Qalın, dəmir qapılar arxasında yaramaz bir praporşikin[17 - Birinci zabit rütbəsi.], qanacaqsız serjantın, rüşvətxor starşinanın, cibsoyan müstəntiqin, ədalətsiz hakimin futbol oyunundan cana doyan məhbus kəndir axtarırsa, yerindəmi bu kəlam?..
Şəxsiyyəti təhqir olunan, kişilik qüruru bir nakişinin nacins hərəkəti nəticəsində sınan məhbus səbəbkarın başına endirmək istədiyi yumruğunu dəmir qapıya döyəsi olacaqsa, yerindəmi bu ifadə? Beton döşəmə, beton tavan, daş divarlar, dəmir barmaqlıqlar arasında ümidi hər yerdən üzülmüş, əli heç kəsin ətəyinə çatmayan kimsəsiz, pulsuz-parasız biçarə ağlamayıb gülsünmü? Bu kəlamı bu şəraitə uyğunlaşdırmaq istəyənin bircə adı var – əbləh!
«Voronok»un birinci qapısını açdılar, «quşxana»dan birisini dartıb çıxartdılar, yumşaq yerinə bir təpik də ilişdirib:
– Vızqırd, haramzada! – dedilər.
Sonra ikinci, dəmir çərçivəli qapının asma qıfılını açdılar.
– Tökülüşün! – deyə əmr verdilər.
Qoyun sürüsü kimi qabaqlarına qatıb, döşəməsi, tavanı, divarları beton, balaca, dar bir otağa itələdilər. Arxamızca üçüncü dəmir qapını da bağladılar. Nəfəs-nəfəsə, burun-buruna dayandıq. Qısa bir vaxtda siqaret tüstüsündən göz-gözü görməz oldu…
21 yanvar 1985-ci il. Bu tarixdən başlamış neçə-neçə ayları, illəri dəmir qapılar arxasında keçirəcək, günləri, saatları sayacağam. Ömrümü dəmirlərə bağlayacaqlar: dəmir qapı, dəmir «nara», dəmir stol, dəmir parç, dəmir qaşıq, dəmir çərçivəli, şüşəsiz pəncərə, …bir də tədricən formalaşan dəmir əsəblər.
İkinci, üçüncü «xodka»[18 - Məhkumluq. Xojdeniye (gəzmək, dolaşmaq) sözündən götürülüb (rusca).] ya gələnlər bizi təlimatlandırdılar:
– Bu balaca otağa «boks» deyirlər. «Boks»un o biri tərəfindəki hərbi paltar geyinmiş qanun keşikçisi, yəni «nazor»[19 - Nəzarətçi (nadziratel sözündən götürülüb) (rusca).], yaxud qəbul olunmuş dildə «ment» bir-bir bizi çağıracaq, dik duran və çökək yerlərimizi diqqətlə yoxlayacaq. Buna «şmon» deyirlər. Kimin pulu varsa, udsun, çıxarmaq qaydasını kamerada öyrədəcəklər. Cavab qaytarmayın – çırparlar! Haqq, ədalət sözlərini dilinizə almayın – gülərlər və s. və i.a.
«Şmon»[20 - Üstün axtarışı (rusca).] çox qəribə prosesdir, daha doğrusu, çox qəribə surətdə aparılır. Maraqlıdır ki, hər respublikada, hətta, hər koloniyada «şmon» özünə məxsus qaydalarla aparılır. Azərbaycanda isə «şmon» Allah tərəfindən göndərilmiş bəla, yaxud bəndə tərəfindən düşünülmüş qırxım prosesidir.
«Şmonşik» qeyri-rəsmi vəzifədir və bu vəzifəni almaq üçün bir qucaq pul vermək lazımdır. Verilənlərin geri qaytarılacağına şübhə etmək gərək deyil. Cəmi bir aya qoyduğunu götürəcəksən. Sonra «böyük»lərlə şərik işləyəcəksən.
Bu Dardanel boğazından, yəni «şmon» otağından «zek»lərin hamısı ən azı iki dəfə keçir. Hamısı da gətirir, verir, bağışlayır. Gətirir – çünki, tələbat var, verir – çünki, verməsə zorla alacaqlar. Bağışlayır – çünki, bəxşeyiş şirin olur.
1985-ci ilin 21 yanvarında Bayıl türməsində baş «şmonşik» Tahir adında gözəl-göyçək bir oğlan idi. Qapının arxasından qışqırığını eşidirdik. Vurduğu yumruğun boğuq səsi, çəkdiyi şillələrin şappıltısı qulaqlarımızda həkk olunurdu.
«Şmon»a 18 yaşı hələ tamam olmamış bir yeniyetməni çağırmışdılar. Bu bədbəxt başqalarının toruna düşüb mağazanın nəfəsliyindən anbara enmiş «Vesna» maqnitofonlarını çöldəki dostlarına ötürürmüş, özü nəfəslikdən çıxa bilməyib tutulmuşdu.
– Bıçaq, lezva, pul – stolun üstünə!… Özüm tapsam… Soyun, küçük! Dombal görüm… Götür zibillərini rədd ol! – Tahirin əmri və komandaları eşidilirdi. Və heç şübhəsiz ki, olduğu kimi də yerinə yetirilirdi. «Etiraz» və «türmə» sözləri arasında dibi görünməyən bir uçurum var – bunu «zek» də bilir, «ment» də. Burada hər kəsin öz yeri yoxdur, hər maddənin öz yeri var. Tutulan oğru tutulmayan oğrudan, bircə dəfə rüşvət alıb ilişən, illərlə rüşvət toplayan «nazor»dan yalnız «vətəndaş» kəlməsi ilə fərqlənir.
Burada cinayət məcəlləsinin maddələri qrup şəklində qiymətləndirilir.
Həsən ev oğrusudur, ya maşın oğrusu, dəxli yoxdur, yəni «slesar»dır[21 - Ev yaran oğru (slesar – çilingər sözündən – rusca).], deməli, alçaq, xəbis və milli düşməndir. Axı, bir gün gəlib «nazor»un da «zəhmətlə» topladığını apara bilər!
Hüseyn dövlətdən oğurlayıb, bank yarıb, rüşvət alıb, deməli kişidir, abırlı adamdır.
«Barıqa» [yəni, alverçi] hörmətli şəxsdir, yeri yuxarı başdadır.
Yaxşı balıqçı tilova düşən balığın dadını və təqribi çəkisini görməmiş təyin edən kimi «ment» də «türemşik»in sosial vəziyyətini özünü görməmiş sənədlərindən, türmə kartoçkasında qeyd edilmiş maddəsindən bilir.
Əsil ov da elə bundan sonra başlayır. «Oper»lər[22 - Əməliyyatçı – təcridxanada cürbəcür istintaq işləri ilə məşğul olan və xəbərçilər dəstəsi ilə işləyən milis işçisi – operativnik (rusca) sözündən.], «spets»lər[23 - Sənədləşmə işinə baxan xüsusi əməkdaşlar – spesialnıy (xüsusi – rusca) sözündən.], «DPNK»lar[24 - Dejurnıy Pomoşnik Naçalnika Karaula – sözlərindən, qarovul başçısının növbətçi yardımçısı (rusca).], «starşinalar» və nəhayət, «nazor»lar «şmon»dan sonra öz tilovlarını atırlar 35, 36 və 37 nömrəli müvəqqəti saxlama kameralarına. Əsas iş kimin tilovu tez atmasında deyil, tilovdakı yemin dadındadır.
Mənə tilovu elə «şmon» otağında atdılar. Tahir sənədləri gözdən keçirən kimi yaxın gəlib hal-əhval tutdu, ürək-dirək verdi:
– Fikir eləmə, müəllim, Sizi yaxşı kameraya göndərirəm. Görürəm yaxşı adama oxşayırsan, özün də kişi maddəsi ilə gəlmisən. 88-1, 170-2, 167 sayılan maddələrdir. Baxma ki, bura köhnə türmədir, lap YEKATERİNADAN qalma, ancaq yaxşı yerlərimiz var. «Burjuy» kamerasına göndərəcəyəm səni, 39-a! Xərci beş yüzdür. Orda telefon da var. Danışmaq olar. Ancaq, ehtiyatlı ol, heç kəsə sirr vermə. Kamerada «setka»[25 - Tor – kameraya bayırdan xəbər çatdırılmasının mümkün olması mənasında (başqa mənaları da var) (rusca).] var. Bir şey lazım olsa, məni çağırtdırarsan. Pulu necə gətirmək lazım olduğunu sənə kamerada başa salacaqlar. «Qonets»[26 - Çapar, qasid (rusca).]lə «ksiva»[27 - Ən çox işlənən türmə terminlərindəndir – məktub, ismarış mənasındadır.] göndərə bilərsən. Sizi yoxlamasaq da olar. Biz adama baxanda qiymətini veririk. Keç o biri «boks»a.
BURJUY KAMERASI
Ağıl Yer kürəsini qaldıra biləcək ling, onun dayaq nöqtəsi isə puldur.
Balzak
Boksun dəmir qapılarmı açdılar. Daha bir dəmir qapıdan keçib, birinci korpusun dəmir pilləkənləri ilə ikinci mərtəbəyə qalxdıq. Sayca altıncı dəmir qapı da bağlı idi. Nəzarətçi qapı zənginin düyməsini basdı.
Yanvar ayı olsa da, havalar xoş keçirdi. Pilləkənin başından gözümə gün düşdü. Sən demə, Günəşlə bu balaca meydançada uzun müddətə ayrılırammış. Düz on bir ay Günəş üzünə həsrət qalacaq, dörd divar arasında tarakan həyatı keçirəcək, Günəşi görmədiyimdən rəngim də dəyişib meyit rənginə dönəcəkmişəm.
Bilsəydim, təəccübdən buza dönmüş dodaqlarımla od üzündən öpərdim, Günəş! Bilsəydim, bu məhrumiyyətlərə dözməmək üçün, aclıq körpüsündən keçməmək üçün, alnıma ömürlük «rane sudimıy»[28 - Əvvəl məhkumluğu olmuş (rusca).] damğası vurulmamış qucaqlayardım səni, Günəş!
Qucaqlayardım ki, yandırasan məni, külümü küllərə qarışdırasan, Günəş!
Haradan biləydim ki, dəmir qapılarla ədalət və ədalətsizliyi, qanun və qanunsuzluğu, insaf və insafsızlığı bir-birindən ayırmaq olarmış?
Haradan biləydim ki, yüksək tribunadan «xalq, xalq!» deyən «ideallar» lənət qapısı arxasında «pul», «pul» deyən qəssablara dönəcəklər…
Qapını içəridən açdılar. Nəzarətçi bizi növbətçi «nazor»a təhvil verib tapşırdı:
– Bu biriləri 37-yə, bu, bizim adamdır – 39-a!
Burada da «bratan»ların[29 - Keçmiş SSRİ ərazisindəki bütün təcridxanalarda dustaqlar bir-birini hörmətlə belə adlandırırlar – «qardaşım» mənasında (bu söz qardaş, yaxın dost mənasında hətta azadlıqda da işlədilir) – rusca.], yəni məhbus qardaşların arasında kasıblar və pullular təbəqələrə ayrılır. Özü də elə ilk addımdan. Bu bölgü hələ «nazor» bölgüsüdür, sonra «zek» bölgüsü, «zon» bölgüsü olacaq. Burada da, çöldə də, hətta, qəbirstanda da bölgü…