banner banner banner
Həbsxana
Həbsxana
Оценить:
Рейтинг: 0

Полная версия:

Həbsxana

скачать книгу бесплатно

Əgər ədalət qələbə çalsa, məhkəmə mənim xeyrimə həll olunsa, çıxandan sonra körpələrimin üzünə necə baxacaqdım?

Ədalət qələbə çalacaqdımı?

Çətin, çətin ki, mən bu dörd divar arasından çıxa bilim.

Çətin ki, aprel ayına təyin olunacaq məhkəmədən salamat qurtarım.

Güman ki, «smertnik»lər korpusuna düşənlərdən biri də mən olacaqdım.

Ona görə də hər şeylə xudahafizləşmək lazım idi.

İrili-xırdalı bütün səhvlər üçün özüm-özümü cəzalandırmalı, cəza növünü özüm düşünməli, hökmü özüm verib, icrasına da özüm başlamalıyam. Məhkəmə prosesinə qədər bütün tanış-bilişlərlə vidalaşmalı, qarşımda günahkar olanları bağışlamalı, qarşısında günahkar olduqlarımdan üzr istəməliydim. İntiharın ən optimal, on ağır yolunu seçməli, özüm-özümə verdiyim cəzadan razı qalmalı idim! Bütün günahlarımın əvəzində cismani əzab çəkməli, bununla da təskinlik tapmalı, dünyadan rahat köçməli idim!

Bəlkə də həyatımda ilk dəfə xudbinlik xəstəliyindən uzaqlaşıb kamera yoldaşlarımın aqibətini düşündüm. Elə addım atmalıydım ki, məndən sonra heç kimi günahkar bilməsinlər.

Fəaliyyətə Novruz bayramından sonra başlamaq qərarına gəldim. Təbiətən konkretlik sevən adam idim və konkret qərarlar qəbul etməyi xoşlayırdım. Elə həmin gecə qərar qəbul etdim və öz qərarımdan o qədər razı qaldım ki, sabah əhval-ruhiyyəmin yaxşılaşmasına, duzlu zarafatlarıma yoldaşlarım təəccübləndilər də!

İlk zarafat hamımızın hörmət etdiyimiz Əliağa kişinin ilk nidası ilə başlandı. O, adəti üzrə yerindən duranda «Ya Allahın adı» deyib üzünü göyə tutdu. Mən də mənəvi çıxış yolu tapıb sakitləşdiyimdən Əzizalı ilə başladığım zarafatı burda təkrarlayıb:

– Özü lazım deyil? – deyə soruşdum.

– Özü də lazımdır.

– Çatdıraram özünə, arxayın ol!

Əzizalı da yerindən qalxıb söhbətə qoşuldu:

– Ona söz çatdıra bilirsənsə, soruş gör səni niyə 39-a salıb?

Mən də söz altında qalmadım:

– Soruşmuşam! Deyir, Əzizalının Ali məhkəməyə, respublika prokurorluğuna ərizələrini yazmaq üçün!

«Proqulka»dan sonra domino oyunu əvəzində öz yerimə qalxıb müxtəlif ünvanlara «ksiva»lar yazmağa başladım. İki ünvana – atama və Mirzə İbrahimova[66 - Görkəmli Sovet Azərbaycanı yazıçısı.] xüsusi məktub yazdım. Mirzə İbrahimova yazdığım məktubu yoldaşlarımın müzakirəsinə verdim. Məktub çox böyük əks-səda doğurdu, 38-ci kamerada da bu məktubu oxuyub yüksək qiymətləndirdilər və göndərilməsini vacib saydılar. «Nazor» Qadirə 10 re verib məktubun sifarişlə göndərilməsini xahiş etdik.

Dustağın qəribə psixologiyası var: özü özünə illüziya qurur, oturub da onun sonunu gözləyir. Biz də bu məktubdan çox şey, heç olmasa, Mirzə müəllimin əks-sədasını beş-altı gün gözlədik, bu müddət ərzində onu neçə yol oxuduq, sətir-sətir müzakirə etdik. Özümə tətbiq edəcəyim cəza tədbiri də bu məktubun cavabından asılı olaraq dəyişə bilərdi. Ancaq… Mirzə müəllimin yadına bizmi düşürdük?!

Və nəhayət, 23 mart 1985-ci il səhər saat 8 tamamda…

Əvvəlcə məktub barədə.

İkinci məktub

««O gün gələcək!»[67 - Müəllif bu sözləri Mirzə İbrahimovun «Gələcək gün» əsərinə xitabən yazıb.]. Mən də deyirəm «O gün gələcək!», hardasa yaşıl ağacın altında uzanıb, dünyaya iynə deşiyindən baxan bir sərxoş da! Müstəbid də gözləyir o günü, müştəbeh də. Şirin avazıyla bizə «layla» çalan müğənni də, doğru da, yalan da gözləyir o günü. Zəiflər də o gündən əlini üzməyir, güclülər də. Öz kommunist əxlaqı ilə başda oturan başbilən də, illər boyu əzizləyib gəzdirdiyi partbileti əlindən alınan məhbus da deyir:

«О gün gələcək»!

Siz «bir balaca gərgin vəziyyət yarananda… təbəssümləri dərhal çəkilib gedən çox adam görmüsünüz». Ona görə də güman etmək olar ki, özünüz belə xislətdən uzaqsınız və mənim yazdıqlarımı təbəssümlə oxuyacaqsınız. Həm də yazdıqlarımın hər üç cümləsindən biri Sizin olduğu üçün oxumalısınız!

Hələ 16 yaşım olanda Sizin «MƏNİ İNSAN ÖMRÜNÜN UZUNLUĞU YOX, ONUN MƏNASI MARAQLANDIRIR» kəlamınızı şüar kimi qəbul etmiş, illər keçdikcə yaradıcılıq nailiyyətlərinizlə fərəhlənmiş, ondan qidalanmış, nəhayət, bu günə gəlib çatana kimi çırpınmış, məhz bu dəm, bu an oxuduqlarımla gördüklərim arasındakı uçurumun nəhəngliyinə təəccüblənmiş, ondan heyrətə gəlmişəm!

Əcəba, necə olur ki, «İRAN İNQİLABINI İNKİŞAF ETDİRMƏYƏ QOYMADILAR» deyə təəssüflənirsiniz, ancaq inqilabın qələbəsindən sonra getdikcə tənəzzülə uğrayan Sovet qanunlarını qorumağa çalışmırsınız?

Necə olur ki, min verstlik məsafədən «BU GÜN İRANDA, AZƏRBAYCANDA VƏ GÜRCÜSTANDA ON MİNLƏRLƏ MÜTƏRƏQQİ, NAMUSLU VƏTƏN ÖVLADLARININ QANI TÖKÜLÜR, YENƏ AZAD FİKİRLƏR BOĞULUR, YENƏ ZİNDANLAR ON MİNLƏRLƏ ADAMLA DOLUR» deyib yana bilirsiniz, ancaq burada, Sizdən iki kilometrlik məsafədə yerləşən Bayıl zindanında müasir istibdadın qurbanı olan iki min millət balasının halına acımayırsınız? Niyə iranlıların «ÇOXMU SÜRƏCƏK BU ƏMƏLLƏR?» sualına «MƏZDƏK, BABƏK, KOROĞLU, SƏTTƏRXAN, ŞEYX MƏHƏMMƏD, XOSROV RUZBEH, QAZI MƏMMƏD TARİX KİTABININ SƏHİFƏLƏRİNDƏN BAŞ QALDIRIB – YOX!» – deyə bilir, ancaq Siz, mənim bir ideal kimi inanıb, yazdıqlarıma səcdə etdiyim xalq yazıçımız öz yumşaq kreslosundan qalxıb, səhər günəşinin qabağını kəsənlərə özünü göstərmir, məhbuslar ordusunun «Çoxmu sürəcək bu zülm?» sualıma «Yox!» deyə cavab vermək istəmirsiniz? Bacarmırsınız, yoxsa şəxsiyyətinizə sığışdırmırsınız?

Həyatın özünü bədii çalarlarla tərənnüm etmək üçün qırmızı boya yox, Hüqo dühası, Balzak inamı, Drayzer zəkası, Dostoyevski dərrakəsi gərək!

Yaradıcılığının əvvəli isti yorğan-döşək, sonu rahat kabinet olanlar nə qədər Xalq, Xalq!» deyib qışqırsalar da, Xalq onları eşitməyəcək! Firon qüruru, Neron qeyrəti ilə vəzifə başında oturanlara Xalq deyilməz. Əzilən, qara çörək həsrəti ilə başında qoz sındırılan kimsəsizlər, indisini və sabahını «O GÜN GƏLƏCƏK» deyən möhtərəm yazıçılara bağlayan milyonlardı Xalq!

«MƏNİM XALQIM ƏSRLƏR UZUNU AZADLIĞI VƏ İŞIĞI SOVET QURULUŞUNDA TAPMIŞDIR» deyərkən Siz hansı azadlığı, hansı işığı nəzərdə tutursunuz? Şəxsən özünüzün və Sizin kimilərin, yaxud yeddi qıfıl arxasında – beton döşəmə, beton divar, beton tavan və dəmir barmaqlıq arxasında yaşayanların azadlığından danışırsınız? Geniş kabinetinizə, yaraşıqlı mənzilinizə lay pəncərənin tül pərdələrindən düşən günəş işığından, yoxsa 40 vatlıq elektrik lampasının dəmir çərçivə arxasında süzülən zəif işığından?

«MƏNƏVİ DÜNYAMIZDAN, HƏYAT EŞQİNDƏN VƏ XEYRƏ İNAMDAN QİDALANMIŞ DAXİLDƏN GƏLƏN NUR» qoyun Sizi bəzəsin; o nur, o işıq «SƏNƏT MƏBƏDİNDƏ XİDMƏT Sizi İKİQAT NÖVRƏQLƏNDİRSİN»; bəlkə, ondan sonra geniş kabinetinizdən bir anlıq ayrılıb, ömür boyu dediklərinizin, yazdıqlarınızın həyatda təcəssümünü görmək üçün insanlara diqqət yetirəsiniz. Axı, Siz «GÖZÜNƏ QULAQLARINDAN ÇOX ETİBAR EDƏN yaradıcı şəxssiniz! Bəlkə, ağ gününə fərəhləndiyiniz millətin adıyla aldığınız «Ulduz» Sizə ilham verə, neçə illərdən bəri nağıllaşıb daşlaşmış ürəyiniz riqqətə gələ, bu müdhiş məbədə ayaq basıb deyəsiniz: «Mənəm. Gələcək günün carçısı, Sovet qanunlarının tərənnümçüsü. Mən büt Mirzə İbrahimov yox, insan Mirzə İbrahimovam».

Mən də nəvazişlə Sizin yazan əllərinizdən tutam, öpüb qoyam gözlərimin üstünə və gəzdirəm Sizi Bayıl türməsinin çoxsaylı kameralarını.

Yox! İstəmirsiniz! Burda məskən salan iri tarakanlardan iyrənirsiniz! «Osujdyonka»da 60 nəfər «zek»in doldurulduğu 25-30 kvadratmetrlik kameralarda üfunət iyi boğar Sizi! Ağ rəngli bitlər daraşar canımıza! Siz, axı, nə günahın sahibisiniz ki, gəlib bu yerlərə düşəsiniz? Gəlməyin! Biz də Sizin yazdıqlarınıza inanıb, bu yol ayrıcında tərəddüdlər içində cana doyaq və intihar yolunu daha məqsədəuyğun hesab edək! Özümüz özümüzdən, öz cismimizdən intiqam alaq!

«O günün» gəlməyəcəyinə əmin olub intiqam alaq! Və intiqam qabağı deyək: «Qatilimiz qalın kitabları ilə gözlərimizi pərdələyən, həqiqəti bizə başqa rəngdə çatdıran İbrahimovdur!

Qoy mənim bu bir ovuc qanım Sizin qələm tutan əllərinizə tökülsün! Qoy bundan sonra bir sətir belə yazmaq istəyəndə, əllərinizdə qan ləkələri görünsün ki, heç olmasa bundan sonrakı nəsil üçün qırmızı boyalı dünya yaratmayasınız!

Sizin öyrətdiklərinizlə həyatın diktə etdikləri uzlaşmırsa, mənim aldığım mənəvi tərbiyə prokuror həzrətlərinin tərbiyəsinə və müasir tələblərə uyğun gəlmirsə, Sizin yazmağa, mənim yaşamağa haqqımız yoxdur! Bizə çatdıra bildiyiniz ideya tərənnüm etdiyiniz millətin çox-çox övladlarının gözünə mil çəkib, boğazına ərinmiş qurğuşun töküb. Milyonların həyat həqiqətindən bixəbər böyüməsində xüsusi xidmətiniz olub!…

Nəhayətdə xatırladıram:

«…SAHİLƏ GEDİB DƏNİZİN GAH LİRİK, GAH DA GURULTULU, ÜSYANKAR NƏĞMƏLƏRİNƏ QULAQ ASARKƏN…» yada salın ki, gözünüzü oxşayan anamız Xəzərin suyuna neçə «vışak»ın qanı qoşulub.

Qırçın dalğaların üstünüzə çilədiyi duzlu damlaların bir qismi də mənim Bayıl divarları arasında axıtdığım göz yaşlarıdır. Körpələrimin də ata həsrətindən tökülən göz yaşlan qarışıb bu suya!

İçin bu göz yaşlarından doyunca!

«Millət, millət!» deyən diliniz bu göz yaşlarının duzundan cadar-cadar oluncayadək için! İçin – mənim bu al qanımı və duzlu göz yaşlarımı! Sizə halal edirəm!

P.S: Böyük hərflərlə yazılanlar Sizin öz sözləriniz, kiçik hərflərlə yazılanlar mənimdir».

Bu məktubdan əlavə Nəsimi rayon, Bakı səhər, Respublika və SSRİ prokurorluğuna, Sov. İKP MK-ya, Azərbaycan KP MK-ya, «İnsan və qanun» jurnalı redaksiyasına da məktub yazıb yola saldım. Mətn demək olar ki, hamısında eyni idi: haqqımda qaldırılmış cinayət işi əsassız olduğundan, şəxsi ədavət hissinin qurbanı kimi məsuliyyətə cəlb edildiyimdən, yazdığım çoxsaylı şikayətlərə cavab almadığımdan 23 mart 1985-ci il saat 8-dən etibarən etiraz əlaməti olaraq aclıq elan edirəm!

Kameranın pullarını və hesabatı Əzizalıya təhvil verib nəticəni gözləməyə başladım.

İki gündən sonra türmə rəisi məni çağırtdırdı. Rəis, deyilənlərə görə, alicənab adam idi, amma nədənsə heç oturmaq üçün yer də göstərmədi. Səbəbi gün kimi aydın idi. «Zek» rəis üçün, Allah bilir, neçənci dərəcəli adam sayılır və «zek» öz bitli, çirk basmış, üfunətli paltarı, yazıqlaşmış vücudu ilə rəisin xarici mebelində otura bilərdimi? Əli ilə «nazor»a getmək işarəsi verdi. Aramızda qısa və soyuq dialoq alındı.

– Kimdən küsmüsən?

– Heç kəsdən.

– Bizdən şikayətin var?

– Əsla!

– Nə qazanacaqsan bu «qolodovka»[68 - Aclıq elan etmə (rusca).] ilə?

– Qazanmaq istəmirəm, itirmək istəyirəm.

– Səni daxili qaydaları pozduğun üçün «karser»ə salacam. Mədən yazva[69 - Mədə xorası (rusca).] olacaq. Canına bitlər, birələr daraşacaq, hər gün iki dəfə yeməklə imtahan edəcəklər səni. Yeməsən üzüləcəksən. Ya «nasılka»[70 - Xərək (rusca).]da məhkəməyə aparacaqlar, ya da hökmü karserdə üzünə oxuyacaqlar. Ağıllı adamsan, bir düşün.

– Düşünmüşəm. Başqa yolum yoxdur. İşi bağlayıb məhkəməyə göndəriblər.

– Nə olsun? Hakimi gör, – bir az gülümsədi:

– Kəndxudanı gör, kəndi çap! Eşitməmisən?

– Ona nə imkanım var, nə də çöldə adamım.

– Yaxşı, gəl oxu bu bəndi, – bir balaca kitabçadan bır neçə sətirlik cümlə göstərib özü də oxudu mənə – 56-cı ildən üzübəri «qolodovka» vaxtı məcburi qida vermək ləğv edilib. Sənə on gün «karser» verəcəm. Sağ qalsan, «qolodovka»nı çıxarmasan, yenə on gün əlavə edəcəyəm. Ölənə kimi… Yazıqsan, uşaqların var. Sənə güllə düşmür. 10-12 il verəcəklər, çəkib gələrsən. Nəmənədir ki? 30 il yatanlar var. Bir yaxşı-yaxşı fikirləş.

– Fikirləşmişəm, – dedim.

Diqqətlə üzümə baxdı. Deyəsən, doğrudan da yazığı gəldi mənə. Birdən duruşunu, sifətinin mimikasını dəyişib qabağa əyildi. Həlimləşdi elə bil.

– Yox, fikirləşməmisən. Ağzın isti yerdədir, bala. Peşman olub başına döyəcəksən. Ümidin hər yerdən üzüləndə başa düşəcəksən ki, hökumət yoxdur. Ayılacaqsan, ancaq o vaxt gec olacaq. Düşün, bala, yazıqsan. Vallah, mən deyəni sənə heç kim deməyəcək. Mən saçımı bu divarlar arasında ağartmışam. Çoxlarını görmüşəm… Əynin də nazikdir. Başqa paltarın yoxdur? «Karser» soyuqdur, sətəlcəm olacaqsan! Ay Allah, ay Allah, bu millət hara gedir?

Nurani kişi idi. Düzdür, forma ona çox yaraşırdı, ancaq bu nuranilikdə adam bu lənət qapısında işləməyəydi gərək. Vəzifə onu min-bir cinayətə göz yummağa vadar edir, nuranilikdən əsər-əlamət qalmırdı. Heyf!

Qayğıkeşliyi üçün minnətdarlığımı bildirməkdən başqa nə edə bilərdim?..

«Volnı»[71 - Sərbəstlik, azadlıq (rusca).]ya çıxıb həyətdə işləyən «zek»lərin yanından «jenski» korpusun birinci mərtəbəsindəki «karser»ə apardılar. Həyətdəkilər bir-birinə məlumat çatdırıb xosunlaşdılar.

«Karser» yerləşən ümumi dəhlizin dəmir qapısından keçib irəlilədik. Yanaşı üç «Karser» düzülmüşdü, dəhlizin sonunda «sever» yerləşirdi. «Nazor» sayca ikinci «karseri» açıb baxdı. O, əslən Bakının Maştağa qəsəbəsindən idi. Məni kameranın «avşaq»ı kimi tanıyırdı. Sadə, mehriban oğlan olduğundan hamının hörmətini qazanmışdı. Artıq hərəkəti, artıq söz-söhbəti xoşlamazdı.

– Nahaq belə etdin, – dedi – onsuz da heç bir mənası yoxdur. Kimdir kimin kitabını oxuyan, ay rəhmətliyin oğlu?!.. Yenə bu «karser» münasibdir. Gecə yaman soyuq olacaq «teleqreyka» da yoxundur. Allah kərimdir… Bəlkə qayıdasan? Hələ gec deyil. Vicdan haqqı ürəyim yanır, ona görə deyirəm. Daşı tök ətəyindən. Tüpür hər şeyə…

– Tüpürmüşəm, – dedim.

Qərarımın qətiliyini başa düşdüyündən qapını açıb məni içəri saldı, qıfıllayıb çıxdı. Ümumi dəhlizin başındakı qapını da bağladı, ətrafa tam sakitlik çökdü. İndi arxayınca «karser»lə tanış ola bilərdim.

«Karser». Adını çox eşitmiş, özünü kinolarda çox görmüş olsam da, indiyə kimi onu tamam başqa cür təsəvvür edirdim. Fikirləşirdim ki, heç olmasa, sutka ərzində uzanıb xəyala dalmağa, mənən və cismən özümə cəza verməyə neçə günə, neçə sutkayasa şam kimi əriməyə imkan tapacam. Qəfil ölümü yox, vaxtı uzadılmış ağır ölümü anbaan qoynuma yaxınlaşdıracaq, qucaqlayıb əbədi yatacağam.

Təəssüf ki, bu ölümü də məhbusa çox görürlər. «Karser»də ölmək üçün yox, özünə nifrət, özgəyə lənət hisslərinin aşılanması üçün şərait yaradılıb. Çox yerdə «karser»ə «İndiya» deyirlər. Bu sözə mənən daha uyğundur – gözdən uzaq, əlçatmaz, ünyetməz yer.

Uzunu iki metr, eni bir metr, hündürlüyü üç metrə yaxın qəribə bir otaq idi «İndiya». Beton döşəməsində bir neçə santimetr su yığılmışdı, «jenski»[72 - Qadın (rusca).] korpusun ümumi «severin»dən gələn çirkab beton tavandan damcılayır, divar boyu süzülüb döşəməyə tökülürdü. Qapının üstündə, tavanla bitişik yerdə üstündə qalın çərçivə olan 40 vatlıq lampa asılmışdı. Nəm divara həncamaları görünən «nara» bərkidilmiş, şaquli vəziyyətdə qalsın deyə, zəncirlə iki yerdən qıfıllanmışdı. Ondan hər hansı bir məqsəd üçün istifadə etmək mümkün deyildi. Otaq boyu «tasovka» etmək də mümkün olmasın deyə, ortada beton tumba qoyulmuşdu. Bu, «zek» üçün həm kətil, həm də dayaq rolunu oynayır. Kameradakı üfunət iyi «karser»dəki qoxuya nisbətən toya-düyünə getməli idi. Güman ki, bütün bunlar düşünülmüş şəkildə edilib.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)