скачать книгу бесплатно
Nilsin vəhşi qazlarla səyahəti
Selma Lagerlöf
Nilsin Vəhşi Qazlarla Qəribə Səyahəti – Selma Laqerleyf Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir və iş elə gətirir ki, vəhşi qazlarla səyahətə çıxmalı olur. Onlarla cürbəcür macəralar baş verir, əsərin qəhrəmanı Nils müxtəlif təhlükələrlə qarşılaşır, lakin hər dəfə onun köməyinə dostları çatır. Bütün bu sınaqlar Nilsi cəsarətli və düz olmağı, təmizliyə və öz sözünün üstündə dayanmağı öyrədir.
Selma Lagerlöf
Nilsin vəhşi qazlarla səyahəti
BIRINCI BÖLÜM
OĞLAN
CIRTDAN
Bazar günü. Martın 20-si
Biri vardı, biri yoxdu, bir oğlan vardı. Oğlan deyəndə ki, on dörd yaşlarında bir cüvəllağı. Arıq, uzun, sapsarı bir oğlandan danışırıq. Bu oğlan elə də fərasətli biri deyildi. Ən sevdiyi iki məşğuliyyəti yemək və yatmaq idi. Hər şeydən öncə isə pis əməllər tutmaqdan zövq alırdı.
Bazar günü idi və oğlanın valideyinləri kilsə ziyarətinə hazırlaşırdılar. Sadə ev geyimində olan oğlan valideyinlərinin onu bir neçə saatlıq tərk etməsinin necə gözəl bir fürsət olması haqqında düşünürdü. Belədə ev də onun üçün bir neçə saatlıq təmiz olacaqdı, sərbəstlik olacaqdı.
– Hə, yaxşı oldu, mən də atamın silahını götürüb bir neçə dəfə atəş açaram, heç kim də işimə qarışmaz. Oğlan düşündü.
Amma sanki ata oğlunun ağlından keçənlərdən duyuq düşdü, çünki geyinib qapının astanasında, elə evi tərk etməyə hazır dayanarkən oğluna tərəf çevrilib dilləndi:
– Bir halda ki, bizimlə bərabər kilsəyə gəlmirsən, o zaman ən azından evdə oturub dərslərinlə məşğul ola bilərsən. Yaxşı? Söz verə bilərsən mənə?
– Hə, əlbəttə ki, onu edə bilərəm. Oğlan dedi. Özlüyündə isə düşündü ki, nə qədər istəyəcək o qədər də oxuyacaq.
Oğlan düşündü ki, indiyədək heç zaman anasının harasa gedərkən bu qədər tez hazır olmasına şahidlik etməmişdi.
O ildırım sürətiylə buxarının sağındakı kitab rəfinin yanında oldu, oradan Luterin qeydləri olan kitabı götürdü və onu pəncərənin qarışısındakı stolun üzərinə qoydu – bugünkü dərsim məhz həmin kitab olmalı idi. O həmçinin yeni testamenti (Xristianların dini kitabı) açıb Luterin qeydləri kitabının yanına qoydu. Nəhayət sonda isə o keçən il ərazi hərracında alınmış böyük kreslonu da çəkib gətirdi. Bir qayda olaraq həmin kresloda atadan başqa kimsənin oturmasına icazə verilmirdi.
Oğlan oturdu və düşündü ki, anası özünə boş yerə bu qədər əziyyət verir. Nəyə lazımdır bu həngamə? O onsuz bir səhifədən artıq oxumağı planlaşdırmırdı. Amma indi artıq ikinci dəfə atası sanki onun düşüncələrini oxuya bildi. O oğlana tərəf addımladı və ciddi bir səslə ona tapşırdı:
– Bax, yadında saxla ha! Ciddi oxumalısan, özü də diqqətlə. Çünki biz kilsədən qayıdıb gələndə mən səni əməlli-başlı sorğu-suala tutacam. O zaman bircə sualıma cavab verə bilməsən, sənin halın heç yaxşı olmayacaq.
– Ev tapşırığın cəmi 14 səhifə yarımdır. Anası kitabı vərəqləyərək dedi. Doğrudan da tapşırıq bu qədər çox idi. Gərək elə bu dəqiqə oturub oxumağa başlayasan ki, çatdıra biləsən. Yoxsa axıra kimi oxuya bilməyəcəksən.
Bununla da ata-ana çıxıb getdilər. Oğlan onları qapının ağzında dayanıb nəzərləri ilə yola salarkən düşündü ki, bununla özünü tələyə salıb. Hə, indi onlar yəqin məmnundurlar, bir-birini mənə bu qədər uzun tapşırıq verdiklərinə görə təbrik edirlər. “Onlar evdə olmadıqları müddətdə mən də gərək oturub bütün günü o lənətə gəlmiş kitabı oxuyam.” Oğlan düşündü.
Amma təbii ki, onun atası və anası bir-birlərini bu münasibətlə təbrik etmirdilər, əksinə onlar həddən artıq stres içində idilər. Onlar kasıb fermerlər idi və ümumi mülkiyyətləri balaca bir bağ yerindən artıq deyildi. Onlar birinci dəfə bura köçəndə yerləri çox balaca idi, bir donuzu və bir cüt toyuğu güclə doyduracaq ölçüdə idi, ondan böyük deyildi. Amma onlar qeyri-adi dərəcədə bacarıqlı və işgüzar insanlar idi və indi onların həm inəkləri həm də qazları vardı. Onların işləri çox yaxşı gətirmişdir. Və onlar həmin bazar səhəri kilsəyə əslində həm məmnun həm də xöşbəxt getməli idilər. Amma onlar oğullarından yana çox narahat idilər. Oğulları onlara dərd idi. Atası şikayət edirdi ki, kütbeyin və tənbəldir. O məktəbdə heç nə öyrənmirdi, bu heç onun vecinə də deyildi. O qədər fərsiz və tənbəl idi ki, ona qazlara baxmağı güclə öyrədə bildilər. Ana bunun həqiqət olduğunu inkar edə bilməzdi, amma ananı ən çox dilxor edən oğulun qəddar və həqiqətən də pis biri olması idi. Heyvanlara qarşı qəddar, insanlara qarşı isə pis rəftarlı… Təki Allah onun ürəyini yumşaltsın, ona daha mərhəmətli bir rəftar nəsib etsin. Ana deyirdi. Yoxsa ki, o bədbəxtlik gətirəcək, həm özünə, həm də bizlərə.
Oğlan uzun müddət hərəkətsiz qalıb ev tapşırığını edib, etməmək üzərində baş sındırdı. Nəhayət sonda o bu qərara gəldi ki, yaxşısı budur bu dəfə itaətkar olsun. O rahat stullardan birində əyləşib oxumağa başladı. Amma nəqarətə gəlib çatanda özünün yeknəsək tonu ona sakitləşdirici təsir göstərdi və başı irəli-geri hərəkət etməyə başladı.
Çöldə dəhşətli dərəcədə gözəl bir hava vardı. Hələ martın ancaq iyirmisi idi. Oğlan qərbi Vennemhöq məhləsində, cənubi Skonedən aşağıda yaşayırdı. Burada isə yaz özünü tam biruzə verirdi. Düzdür, burada hər şey yaşıl rəngdə deyildi, amma ağaclar tumurcuqlamışdı və hər tərəf təravətli və gözəl idi. Xəndəklərin, arxların hamısı artıq su ilə dolmuşdu, arxın kənarındakı dəvədabanı isə çiçəkləmişdi. Uzaqdan görünən fıstıq ağacları sanki anbaan böyüyürdü və qalınlaşırdı. Səma daha da uca, mavi və aydın görsənirdi. Kotecin qapısı aralı qalmışdı və sürü ilə içəri dürtülən torağayların səsi otaqdan eşidilirdi. Toyuqlar və qazlar həyətdə eşələnirdilər, tövlələrindən yazın qoxusunu duyan inəklər isə yüksək əhvallarını ara-sıra mələməklə biruzə verirdilər.
Oğlan oxuduqca, başı irəli-geri hərəkət edir, o yuxu ilə mübarizə aparardı.
– Yox. Mən yatmaq istəmirəm. O özlüyündə düşündü. Çünki əgər indi yatsam, o zaman gərək bütün axşamı bu tapşırığı oxuyam.
Amma necə oldusa o dözə bilmədi və yatdı.
Uzun müddət ya qısa müddət yatmasını bilmədi, amma yuxudan arxa tərəfindən gələn zəif bir səsə oyandı.
Pəncərə altlığına balaca bir güzgü qoyulmuşdu, demək olar ki, bütün kottec bu güzgüdə əks olunurdu. Oğlan başını qaldıranda elə oldu ki, düz güzgüyə baxdı, sonra o gördü ki, kimsə anasının sandığının ağzını açıb.
Anasının böyük, ağır, palıd ağacından hazırlanmış sandığı vardı. Həmin sandığı anası özündən başqa heç kəsə açmağa icazə vermirdi. Burada o anasından ona miras qalan hər şeyi saxlayırdı və onların qayğısına çox böyük diqqətlə qalırdı, onları göz bəbəyi kimi qoruyurdu. O sandığa iki-üç köhnə kəndçi paltarı, saya qısa arxalıq, dama-dama köynək, mirvari dənəsi ilə bəzədilmiş sinə sancağı qoymuşdu. Oraya həmçinin nişastalanıb ağappaq olmuş yastıq üzləri, bəzək düzək əşyaları və seplər, zəncirlər də qalaqlanmışdı. Camaat bu günlərdə daha belə köhnə licimli paltarlar geyinmir, bu səbəbdən o bir neçə dəfə sandıqda saxladığı paltarları tullamağa hazırlaşsa da, sonra necə olmuşdusa buna ürəyi gəlməmişdi.
İndi isə oğlan güzgüdən baxıb gördü ki, sandığın ağzı açıq idi. O bunun necə baş verdiyini başa düşə bilmədi. Çünki anası getməzdən öncə onun ağzını bağlamışdı. O heç zaman bu qiymətli sandığı, onun evdə tək olduğu bir məqamda açıq saxlayıb harasa getməzdi.
Onun əhvalı korlandı, dərin düşüncələrə daldı. Qorxdu ki, birdən evə oğru girər. onun tərpənməyə cəsarəti çatmadı, o oturdu və gözlərini güzgüyə zillədi.
Orada oturub oğrunun özünü göstərməyini gözlədiyi əsnada o sandığın üzərində düşən o qara kölgənin nə olması ilə bağlı baş sındırmağa başladı. O gözlərini zilləyib elə hey baxırdı, amma gördüyünə inanmaq istəmirdi. Amma ilk öncə kölgə kimi görünən həmin varlıq artıq daha da aydın nəzərə çarpmağa başlayırdı. Tezliklə o həmin varlığın gerçək olmasına əmin oldu. Bu varlıq isə nə az nə çox, orada oturan bir cırtdan idi. O at minmiş kimi paçalarını aralayıb sandığın üzərində oturmuşdu.
Düzünə qalsa oğlan əvvəllər də cırtdanlar haqqında bəzi əhvalatlar eşitmişdi, amma onların belə balaca varlıq olduqlarını heç zaman təsəvvür edə bilməzdi. O bir barmaq qalınlığından daha böyük ola bilməzdi. Bu, sandığın kənarında oturanın ölçüsü məhz belə olardı. Onun sifəti qoca, qırışmış və saqqalsız idi. Başında geniş biçilmiş qara şlyapa, əynində qara frak vardı, özü də dizi yamaqlı şalvar geyinmişdi. O çox səliqəli və ağıllı görsənirdi. Boğazından ağ şərf, ayağında sandal vardı, qaşları isə qara idi. O sandığın içərisindən naxışlı bir parça götürmüşdü, indi də sandığın lap kənarında oturub köhnə dəbli kəndçi paltarlarına baxırdı. O sandığın içərisindəki hər bir şeyə elə hörmətlə baxırdı ki, oğlanın nəzərlərini ona zilləməyindən duyuq düşmədi.
Oğlan evdə cırtdan görməyindən bir qədər təəcüblənsə də onun qorxuduğunu söyləmək olmaz. Bu cür balaca bir yaradılışdan qorxmaq sadəcə olaraq mümkün deyildi. Bir halda ki, cırtdan oğlanı nə görür nə də eşidir demək onunla bir zarafat etmək mümkün idi. Cırtdanın başı dəhşətli dərəcədə sandığın içindəkilərə qarışmışdı. Oğlanın ağlından cırtdanı itələyib sandığın içərisinə salmaq, sonra isə onun qapağını bağlamaq gəldi. Yaxud da buna oxşar bir zarafat etmək olardı.
Amma oğlan cırtdana əlləri ilə toxuna biləcək qədər cəsarət sahibi də deyildi. Əvəzində o otağa göz gəzdirdi ki, bir şey tapıb onunla cırtdanı tərpətsin. Onun nəzərlərin divandan stoluna üzərinə sürüşdü, sonra isə stolun üzərindən buxarıya keçdi. O qəhvədanlara, qəhvə yığılan qablara, buxarının üzərindəki rəfə yığılan çəngəl-bıçağa baxdı. Qapının yanına qoyulmuş su vedrəsinə, boşqablara, nəlbəkilərə, çəngəllərə, yarıya kimi açıq olan dolabın qapısından görünən hər şeyə nəzər yetirdi. Atasının silahı üçün ətrafa baxdı, silah divardan, Danimarka kral ailəsinin portretinin yanından asılmışdı. Pəncərə altlığına isə cürbəcür gözəl çiçəklər qoyulmuşdu. Nəhayət sonunda o pəncərə çərçivəsinə sancılmış köhnə kəpənək sancağı gördü.
Daha öncə gözü bu sancağa sataşmamışdı, o var gücü ilə hoppanıb onu pəncərə çərçivəsindən götürdü və sinəsinə sancdı. Bəxti çox gətirmişdi. Özü də belə bəxtli olduğuna inana bilmirdi. Çox təəcüblənmişdi. Özü də bilmədi bunu necə etdi amma sancaqla cırtdana toxuna bilmişdi. Yazıq, bambalaca varlıq baş ayaq vəziyyətdə sancağa keçirilmiş formada qalmışdı indi. Nə qədər çabalasa da oradan azad ola bilmirdi.
Ilk anda oğlan öz şikarı ilə nə edəcəyinə qərar verə bilməmişdi. Amma o cırtdanın sancağın başına dırmaşın qaça bilməməsi üçün o tez-tez sancağı baş-ayaq çevirirdi.
Cırtdan danışmağa, yalvarmağa başladı. Ah. O elə ümidsizcəsinə azadlığı üçün yalvarırdı ki! o dedi ki, bu illər ərzinə o bu ailəyə yalnız xoşbəxtlik gətirib və indi də daha yaxşı davranışa laqidir. Və indi əgər oğlan onu azad etsə cırtdan ona köhnə qəpik, gümüş qaşıq, qızıl sikkə verəcək. Qızıl sikkənin böyüklüyü isə onun atasının gümüş saatı böyüklüyündə olacaq.
Oğlan bunun qeyri-adi bir təklif olduğu düşüncəsində deyildi. Amma indi də elə alınmışdı ki, o cırtdanı tutub öz əsiri etdikdən sonra ondan qorxmağa başlamışdı. O hiss etdi ki, çox qəribə və qeyri –adi bir varlıqla sövdələşməyə girib, bu kim idisə bu dünyanın sakini deyildi, o bu qəribə və qorxulu varlıqdan yaxa qurtaracağı üçün özünü yalnız həddən artıq xöşbəxt hesab edərdi.
Bu səbəbdən də o cırtdanın təklif etdiyi sövdələşmə ilə dərhal razılaşdı, o sancağı düz saxladı ki, cırtdan orada düşüb qurtula bilsin. Amma cırtdan elə sancağın lap başına gəlib xilas olmaq ərəfəsində idi ki, oğlan bu sövdələşmənin ədalətli olmadığını düşündü. O peşman oldu ki, gərək cırtdandan onu xilas etməsi müqabilində daha çox var-dövlət istəyərdi. Daha yaxşı şeylər də istəmək olardı axı. O ən azından belə bir şərt qoya bilərdi: cırtdan hara getsə bu sancaqla getməli idi.
– Mən onu azad etməklə necə də axmaq iş tutdum. Oğlan özlüyündə düşündü. Belə deyib sancağı elə möhkəm silkələməyə başladı ki, cırtdan dombalaq aşıb geriyə yumbalandı.
Amma oğlan elə bunu etdiyi andaca qulağının dibində çox güclü bir zərbə hiss etdi. Ona elə gəldi ki başı indi hissələrə ayrılacaq. O əvvəl bir divara, sonra isə qarşı tərəfdəki divara zərblə çırpıldı. Sonunda isə o gumbultu və elə oradaca huşsuz vəziyyətdə uzanıb qaldı.
Özünə gələndə kottecdə tək-tənha idi. Cırtdan gözə dəymirdi. Sandığın qapağı qapanmışdı, kəpənək sancaq isə yenidən hər zamankı yerindən, pəncərənin çərçivəsindən asılmışdı. Əgər sağ yanağı zərbənin təsirindən hələ də göynəməsəydi o bütün olanların yuxu olması qənaətinə gələcəkdi. Hər halda o əmin idi ki, atam da, anam da bunun belə olduğuna israr edəcəklər. O düşündü. İnanmıram ki, onlar nə köhnə sancaqla nə də evdə peyda olan cırtdanla maraqlansınlar. Yaxşısı budur mən qayıdım tapşırığımı hazırlayım. O yenə öz-özünə düşündü.
Amma o stola tərəf addımladıqca qeyri-adi bir hadisənin baş verdiyini hiss etdi. Kottecin bu qədər böyüməsi mümkün deyildi. Amma onda bəs niyə stola çatmaq üçün bu qədər qeyri- adi dərəcədə çox addım atmalı olmuşdu? Bəs stula nə olmuşdu? O axı bir qədər öncə göründüyündən daha da böyük görsənirdi. Amma indi stula qalxmaq üçün əvvəlcə divana dırmaşmalı, sonra isə oradan stulun üzərinə çıxmalı idi.
– Bu nədir belə? Nələr baş verir bu evdə? Oğlan öz-özünə düşündü. Deyəsən cırtdan həm kreslonu həm stolu həm də kottecini özünü sehirləyib.
Oxuduğu kitab hələ də stolun üzərində idi, belə görünürdü ki, ona toxunan olmamışdır. Amma onunla bağlı da qəribə bir məqam var idi, çünki oğlan gəlib kitabın düz qarşısında dayanmadan oradakı bir sözü belə oxuya bilmirdi.
O bir neçə sətr oxuduqdan sonra başını qaldırıb baxdı. Belədə onun baxışları gedib güzgünün üzərində dayandı. Bu zaman o ucadan qışqırdı: bax, orada biri də var! Oradan, papaqlı kapüşonlu və dəri şalvarlı biri ona baxırdı.
– Bu nədir, oradakı oğlan da mənim kimi geyinib ki! Oğlan belə deyib təəcüblə əllərini bir-birinə vurdu. Və bu zaman o güzgüdəki oğlanın da eyni hərəkəti etdiyinə şahidlik etdi. Sonra o yerində fırlanmağa, əlini çimdikləməyə və saçını dartmağa başladı. Eyni anda oğlan da həmin şeyləri güzgüdə təkrarladı. O güzgüdə öz əksini görürmüş…
Sonra oğlan bir neçə dəfə qaçaraq güzgünün ətrafına dolaşdı ki, görsün onun arxasında balaca oğlan gizlənməyib ki? Amma orada özündən başqa heç kəs yox idi. Belədə oğlan qorxudan əsməyə başladı. Çünki indi o anladı ki, cırtdan onu cadulayıb və güzgüdə əksini gördüyü oğlan həqiqətən də o özü imiş…
VƏHŞI QAZLAR
Oğlan cırtdana çevrildiyinə sadəcə olaraq inanmaq istəmirdi. Bu yuxudan, vəhşi təxəyüldən başqa bir şey ola bilməz. O düşündü. Mən bir qədər də gözləsəm, əminəm ki, yenidən insana çevrilcəm.
O yenidən keçib güzgünün qarşısında dayandı və gözlərini yumdu. O gözlərini bir də bir neçə dəqiqədən sona açdı, gözlərini açanda hər şeyin dəyişəcəyini gözləsə də, heç nə dəyişməmişdi. O elə balaca qalmışdı. Başqa şeylərdə isə o əvvəl necə idisə elə idi. Arıq, saman rəngli saçlı, burnunun ətrafında çoxlu çillər, dəri şalvarının dizində çırıqlar, corablarındakı deşiklər necə vardı elə də qalmışdılar. Bircə fərq vardı, ona aid hər bir şeyin ölçüsü xeyli kiçilmişdi.
İndi artıq dayanıb gözləməyin heç bir anlamı yox idi, o buna əmin idi. O nəsə başqa bir şeyə cəhd etməlidir. Və düşündü ki, edə biləcəyi ən ağıllı şey həmin cırtdanı tapıb onunla barışmaq olardı.
O döşəmənin üzərinə hoppanıb axtarmağa başladı. O stulların, dolabların arxasını gəzdi, divanın altına, sobaya baxdı. Sonra hətta sürünüb bir-iki siçovul oyuğuna da baxdı, amma cırtdan heç yerdə gözə dəymədi.
O axtardıqca ağlayır, qışqırır, dua edir və ağlına gələn hər şeyə and içib vədlər verirdi. O bir daha heç kimə verdiyi vədinə xilaf çıxmayacaq, o bir daha heç vaxt dəcəl olmayacaq, valideyinlərinin sözündən çıxmayacaq, bir daha heç zaman dərs oxuyarkən yatıb qalmayacaq. Təki bircə yenidən çevrilib insan olsun, o zaman elə sözəbaxan, elə ağıllı, elə itaətkar biri olar ki… amma hər nə qədər söz versə də ağlasa da heç nə dəyişmirdi, bu ona kömək etmirdi.
Birdən onun yadına bir dəfə anasının dediyi sözlər düşdü. o demişdi ki, dünyadakı bütün balaca varlıqlar evlərini tövlədə düzəldirlər. elə həmin dəqiqə o cırtdanı tapa bilmək üçün inək tövləsinə yollandı. Kottecin qapısının hələ də yarıaçıq vəziyyətdə olması onun bəxtindən idi, çünki yoxsa o heç zaman qapının dəstəyinə əlini uzadıb onu aça bilməzdi. Amma qapı açıq olduğu üçün heç bir əziyyətsiz filansız sivişib çölə çıxa bildi.
Qapının astanasına çatanda dayanıb taxta ayaqqabıları üçün baxdı, çünki evin içərisində o corbala gəzirdi, bundan əmin idi. Ona çox maraqlı gəldi, necə axı bu yöndəmsiz, böyük ayaqqabılarda əvvəl gəzə bilib? Amma elə bu məqamda qapının astanasına qoyulmuş bir cüt balaca ayaqqabıya sataşdı gözləri. Başa düşəndə ki, cırtdan onu cadulayərkən münasib ayaqqabı tapması üçün hətta ayaqqabılarının da qayğısına qalıb, bu zaman o daha da narahat oldu. cırtdan onu bir müddətlik balacalaşdırmamışdı, bu açıq-aşkar görünürdü.
Kottecin qarşısında boş ərazidə boz sərçələr hoppanırdı. Sərçələrdən biri oğlana heç fikir vermədən Titiiii....titiii deyə oxuyurdu. Bu zaman onun gözü oğlana sataşdı və o dedi: ora bax, balaca qaz oğlana bax. Baş barmağa oxşayır. Baxın, bu ki, Nils Holqersson,baş barmaqdır.
Bir anın içərisində həm qazlar həm də toyuqlar çevrilib oğlana tamaşa etdilər, sonra isə onların arasında təlaşlı bir quqqultu düşdü. ququu lu quuuu. Xoruz başladı. Yaxşı oldu ona. Ququu lu quuu. O mənim pipiyimi çəkirdi həmişə. Ququq- uquuu. Toyuq dedi. Əcəb oldu ona. Sonra isə o biri toyuqlar da ona qoşuldular, ətrafı qulaqbatırıcı toyuq qaqqıltı bürüdü. Bu anda qazlar hamısı bir yerə yığışdılar. Boyunlarını uzadıb soruşdular: Kim edib bunu? Kim edib bunu?
Amma ən qəribəsi o idi ki, oğlan onların hamısının nə danışdıqlarını başa düşürdü. O elə təəcüblənmişdi ki, bir kəlmə də söz deyə bilmədi, elə qaldığı yerdə sanki yerə misarlanıbmış kimi dayanıb və qulaq asırdı. Bu yəqin ki, mənim cırtdana çevrildiyimə görə belədir. O düşündü. Yəqin ki, bu səbəbdən quşların nə danışdıqlarını başa düşürəm.
Toyuqların dayanmadan ona “əcəb olub” deməsi ona dözülməz gəldi və o yerdən daş götürüb onlara tərəf tolazlamaq istədi. O yerdən bir daş götürüb onlara atdı və dedi: ağzınızı yumun! axmaqlar!
Amma birdən-birə ona agah oldu ki, o artıq toyuqların qorxduğu əvvəlki oğlan deyil. Toyuqların artıq ondan qorxmağa heç ehtiyacları da yoxdu. Hindəki bütün toyuqlar ona yaxınlaşıb üzük qaşı kimi onu dövrəyə aldılar. Sonra onlar hamısı bir ağızdan qışqırdılar. Ku ku ku kkkkkuuuu. Sənə əcəb oldu! Ku ku ku kkkkkuuuu. Sənə əcəb oldu!
Oğlan qaçıb onlardan canını qurtarmağa çalışıdı, amma toyuqlar onu təqib etməyə başladılar, toyuqlar elə bərkdən çığırışırdılar ki, oğlan az qala kar olacaqdı. Yəqin ki, o məqamda evin pişiyi görsənməsəydi oğlan qaçıb onlardan canını qurtara bilməyəcəkdi. Toyuqlar pişiyi görən kimi sakitləşdilər və özlərini elə apardılar sanki yeri dimdikləyib qurdlar axtarmaqdan savayı həmin anda heç bir şey haqqında düşünmürdülər.
Oğlan dərhal qaçıb pişiyin qarşısını kəsdi. -Ay mənim balaca məstan pişiyim. O pişiyə dedi. Sən ki, bu evdəki bütün künc-bucağı əzbər tanıyırsan. Sən qəşəng, ağıllı pişik ol, mənə denən də, mən cırtdanı haradan tapa bilərəm.
Pişik dərhal ona cavab vermədi. O tənbəl-tənbəl oturdu, quyruğunu gətirib pəncələrinin altına qoydu. Bu sinəsində ağ ləkə olan böyük qara bir pişik idi. Onun yumşaq, məxməri, parıldayan tükləri vardı. Caynaqları böyüyüb içəri doğru əyilmişdi, dar gözlərində tənbəl bir baxış vardı. Pişik başdan-ayağa xoşxasiyyət və dostcasına görsənirdi.
– Hə, mən cırtdanın harada yaşamasını çox yaxşı bilirəm. O asta-asta, demək olar ki, səssiz cavab verdi. Amma bu o demək deyil ki, mən bunu sənə deməyə hazırlaşıram.
– Əziz məstan. Sən mənə onun yerini deməlisən. Mütləq deməlisən. Oğlan yalvarmağa başladı. Görmürsən, o mənə necə cadu edib?!
Pişik gözlərini geniş açdı, bu zaman yaşıl rəngli gözlərdə zalım baxış aşkar oxundu. O cavab verməzdən öncə öz yerində bir dövrə vurdu və mırıldadı.
–Niyə cavab verməliyəm ki, sənə? Bəlkə ona görə ki, tez-tez mənim quyruğumdan tutub məni incidirdin?
Onda oğlan əsəbdən dəliyə döndü və necə balaca, köməksiz olduğunu unutdu. Off. Məni əsəbləşdirmə, indi yenə durub sənin quyrğunu çəkərəm haa! Edə bilmərəm? Bilərəm əlbəttə ki! Belə deyib pişiyə doğru qaçdı.
Növbəti anda heyvan elə dəyişdi ki, oğlan onun hər zamankı heyvan olmasına inana bilmədi. Onun bədənindəki hər bir tük biz-biz dayanmışdı. O belini donqar edib, qabaq pəncələrini hücuma hazır vəziyyətə gətirdi. Caynaqları ilə yeri eşdi, quyruğu isə qıvrılıb dik vəziyyət aldı, qulaqları arxaya doğru gərildi, ağzı köpükləndi, gözləri isə geniş açılıb alov saçar kimi parıldadadı.
Oğlan istəmirdi ki, pişik onu qorxutsun, bu səbəbdən də o bir addım irəli atdı. Pişik isə bir sıçrayışla gəlib düz oğlanın qarşısında dayandı, oğlanı yerı yıxıb başının üstündə dayandı. Qabaq pəncələrini gətirib onun sinəsinə qoydu, ağzını isə geniş açıb onun boğazına dirədi.
Oğlan pişiyin iti caynaqlarının köynəyini deşib sinəsini incitməyini hiss edirdi, onun dişləri isə az qala bu dəqiqə boğazına batacaqdı. O əmin idi ki, bu artıq onun sonundur. Sonra isə o pişiyin caynaqlarını sinəsindən götürməyini, dişlərini isə boğazından uzaqlaşdırdığını hiss etdi.
–Bax, bu sənə dərs olsun. Gördün? Bu dəfə səni öz sahibəmin xətri üçün buraxıram. Bircə istədim biləsən ki, indi bizlərdən hansımız daha güclüyük. Sənə dərs vermək üçün.
Pişik bu sözləri dedi və getdi. O sakit idi və ilk dəfə idi özünəəmin görünürdü. Oğlan o qədər məyus və çaşqın olmuşdu ki, nə deyəcəyini belə bilmirdi. O yalnız gedib cırtdanı tapmaq üçün mal tövləsinə tərəf tələsdi.
İçəridə üç inək vardı. Amma oğlan içəri girəndə tövlədə elə mooultu səsi elə böyürmə səsi gəldi ki, sanki tövlədə həmin anda 30 inək vardı.
Mööö....Mööö …Mayros böyürməyə başladı. -Demək ki, dünyada ədalətli deyilən bir şey hələ də qalıb.
Mööö…Möööö. Üç inək birlikdə böyürməyə başladılar. O inəklərin nə demək istədiyini başa düşə bilmədi. Çünki onlar sanki bəhsə girmişdilər, hər biri digər ikisinin səsini batırmağa çalışırdı.
Oğlan istədi onlardan cırtdanın yerini soruşsun, amma o nə qədər etsə də, eşidilə bilmədi çünki inəklər hələ də var gücləri ilə bağırmağda idi. O bəzən onların üzərinə yad iti gətirib qısqırdırdı. İndi onlar həmin andakı kimi möhkəmdən böyürürdülər. Onlar böyürür, boyunlarını irəli uzadır və buynuzları ilə sanki məsafəni yoxlayırdılar.
– Bura, gəl görüm. Mayroz dedi. İndi sənə elə bir təpik vuracıq ki, sən onu ömrün boyu unutmayacaqsan.
– Bura gəl görüm. Qızılı Lili dedi. Gəl indi səni buynuzlarımın üzərində rəqs etdirəcəm.
– Gəl bura, sənə göstərəcəm mənim üzərimə taxta ayaqqabı atmaq necə olur. Yadında keçən yay mənə ayaqqabı atmışdın.
– Gəl bura mən sənə göstərəcəm adamın qulağına eşşəkarası yapışdırmaq necə olur. Qızılı Lili dedi.
Mayroz onların arasında həm ən yaşlısı həm də ən ağıllısı idi. O həm də ən dəlisov inək idi.– Bura gəl. O dedi. Gəl və mən səndən əvəzimi çıxım. Yadında sən neçə dəfə ananın məndən sağdığı inək vedrəsinə təpik vurub kənara atmışdın. Yadında anana necə əziyyət verirdin südü dağıdanda, yazıq arvad nə hallara düşürdü, necə gəlib ağlayırdı sənin etdikərinə görə!
Oğlan istəyirdi onlara qarşı belə nəzakətsiz və qaba rəftarına görə necə peşman olmasını söyləsin. O istəyirdi desin ki, bu gündən sonra heç zaman, bir də heç zaman pis əməl tutmayacaq. Bircə ona cırtdanın yerini söyləsinlər. Amma inəklər ona qulaq asmırdılar. Onlar elə dartınır, elə möhkəm böyürürdülər ki, oğlan onların bu dəqiqə buxovlarını sındaracaqlarından çəkinirdi. Beləcə o düşündü ki, yaxşısı budur elə sakitcə tövlədən çıxıb getsin.
O tövlədən çıxanda ürəyi əməlli sınmışdı. Anladı ki, yer üzündə heç kəs ona cırtdanı tapmağa kömək etməyi istəmir. Həm də çox güman ki, cırtdan tapılsaydı da heç nə dəyişməyəcəkdi. O fermanın hasarına dırmaşdı. Bura çoxdan mamır, şibyələrlə örtülmüşdü. Orada oturub başına gələnləri, bundan sonra olacaqları götür-qoy etməyə başladı. O bir də heç zaman qayıdıb insan olmayacaqdımı? Ata və ana kilsədən qayıdıb gələndə onları böyük bir surpriz gözləyirdi. Bəli, məhz surpriz! Özü də təkcə ata ilə ana üçün deyil, bütün eşidənlər üçün. Şərqi Vemmenhöqdan, Torpdan, Skerupdan insanlar axışıb gələcəkdilər. Bütün Vemmenhöq camaatı gəlib onun tamaşasına dayancaqdı.
Bəlkə də ata-anası onu Kivikdəki şəhər meydanına aparıb oradıkı mərkəzi bazarda nümayiş etdirəcəkdilər.
Yox! Bu barədə düşünmək belə dəhşətli idi! Ondansa onu bir daha heç bir insan övladı görməsə daha yaxşı olar.
Onun bədbəxtliyi sadəcə olaraq qorxunc idi. Dünyada heç kəs onun qədər bədbəxt deyildi. O daha bir insan deyildi, o əcayib bir varlıq idi.
Yavaş-yavaş o insan olmamanın nə anlam verdiyini dərk etməyə başlayırdı. O indi hər şeydən ayrılmışdı: o daha başqa oğlanlarla oynaya bilmirdi, valideyinləri harasa gedərkən fermaya göz qoya bilməyəcəkdi və əlbəttə ki, daha heç bir qız onunla evlənməyin xəyallarını qurmayacaqdı.
O oturub evə baxırdı. Bu balaca, taxtadan düzəlmə bir ev idi. Ev o qədər mayili idi ki, adam qorxurdu bu dəqiqə tavanı sökülüb yerə töküləcək. Evin həyəti də balaca idi. Yerə metlax döşənmişdi, elə dar idi ki bir at oradan güclə keçib dönürdü. Amma bu yer hər nə qədər kasıb və balaca olsa da indi onun üçün çox böyük görsənirdi. İndi isə o tövlənin döşəməsinin altında bir oyuqda yerləşən evdən daha yaxşısına ümid edə bilməzdi.
Hava möhtəşəm idi. Sözlə ifadə edilə bilinməyən gözəl hava vardı. Quşlar cəh-cəh vurur, cırcıramalar öz nəğməsini oxuyur, sular şırıltı ilə axırdı. Amma oğlan içində böyük bir kədər əyləşmişdi. Onu bir daha heç nə xöşbəxt edə bilməyəcək. O daha xöşbəxt ola bilməz.
O səmanı heç zaman bugünki kimi aydın görməmişdi. Bir dəstə quş səmada qanad çalıb onun başının üzərindən uçdu. Onlar başqa ölkələrdən uçub gəlmidilər. yolüstü Baltik dənizini, Smyahuku keçmişdilər və indi şimal istiqamətində gedirdilər. Bu dəstənin içində çox müxtəlif çeşidli quşlar vardı. Ona yalnız vəhşi qazlar tanış gəldi, onlar iki uzun xətt boyu uçurdular. Xətlər cərgənin ləp önündə qarşılaşırdı.
Artıq bir neçə vəhşi qaz dəstəsi onun başının üzərindən uçub getmişdi onlar çox hündürdən uçsalar da oğlan onların çığırtılarını aşağıdan eşidə bilirdi: təpələrə doğru, biz indi təpələrə doğru uçacayıq!
Vəhşi qazlar aşağıda, fermada gəzişən ev qazlarını görəndə bir az alçaqdan uçaraq onlara qışqırdılar: Gəlin siz də. Gəlin siz də! Biz təpələrə doğru uçuruq.
Ev qazları şirnikləndilər və başlarını qaldırıb vəhşi qazları dinlədilər. Sonra isə çox böyük həssaslıqa cavab verdilər: Bizə burada da kifayət qədər xoşdur. Bizə burada da kifayət qədər xoşdur!
Qeyd edildiyi kimi elə təmiz və sağlıqlı hava vardı ki, bu havada süzərək səmada uçmaq bir başqa zövqlü məşğuliyyət olmalı idi. Həqiqətən də qeyri-adi dərəcədə gözəl bir gün idi. Və başlarının üzərindən uçub gedən hər bir yeni qaz dəstəsi yerdəki ev qazlarını daha da həvəsləndirir, həyəcana gətirirdi. Hətta bir neçə dəfə fikrilərini dəyişib qanad çalmağa da cəhd elədilər. Amma bu uğursuz cəhdlərdən sonra hər zaman ana qaz yaxınlaşıb onlara deyərdi: Yaxşı, yaxşı axmaqlamayın. Nə var orada? O yazıqlar həm aclıqdan, həm də soyuqdan əziyyət çəkəcəklər.
Orada məcərapərəst cavan erkək bir qaz vardı. O bu dəfə israrla dedi: əgər bir dənə də vəhşi qaz dəstəsi gəlib keçsə mən onlara qoşulub uçub gedəcəm.
Və budur, başqa bir qaz dəstəsi daha öncəkilər kimi onları qışqır-bağırla səsləyərək uçub gedirdilər. bu zaman cavan erkək qaz qışqırdı: Bir dəqiqə gözləyin. Bir dəqiqə gözləyin, mən də gəlirəm.
O qanadlarını pərvazlandırıb havaya atılmağa hazır bir vəziyyət aldı. Amma uçmağa heç öyrəncəli olmadığından elə həmin anda yerə yıxıldı.