скачать книгу бесплатно
– Mən də elə bilirdim ki, biz ikimiz düşmənik. Sənlə mən. O dedi. Amma belə görünür ev qazı bu düşmənçiliyi tamamilə unutmuşdur. O sadəcə olaraq bu dəqiqə oğlanın onun həyatını xilas etməsini xatırladırdı.
– Mən axı atam-anam üçün darıxıram. İstəyirəm tez evə dönəm, gedəm onları görəm.
– Yaxşı, mən səni qaytaracam geriyə. Bunu payızda bir gün edəcəm. Erkək qaz onu əmin etdi. Mən səni ayaqların evinizin kəndarına dəyməmiş tərk etməyəcəm. Söz verirəm!
Oğlan düşündü ki, bir müddət valideyinlərinin onu gör-məməsi elə də faciəvi bir durum deyil. O bu təklifi rədd etməyə meyilli deyildi və erkək qazın bu təklifinə “hə” dedi. Birdən onlar arxa tərəfdən gumbultu eşitdilər. Vəhşi qazlar elə bu dəqiqə göldən sahilə çıxdılar. Hamısı bir anda. Sahilə yan aldılar və qanadlarını çırpmağa başladılar. Sonra isə onlar rəhbər qaz mərkəzdə olmaq şərtiylə bir cərgə duzəldib ev qazı ilə oğlana tərəf gəlməyə başladılar.
Ağ ev qazı gələn vəhşi qazların ölçülərinə baxdıqca narahatlıq keçirirdi. O vəhşi qazların da ev qazlarına oxşar olmasını gözləyirdi. O elə bilirdi ki, ev və vəhşi qazlar bir-birinə mehriban dostluq münasibəti ilə bağlanacaqlar. Onlar ev qazından bir xeyli balaca idilər və heç biri ağ rəngdə deyildi. Onların hamısı boz rəngdə idi, bədənlərində bəzi qəhvəyi lələklər də gözə çarpırdı. Onlar gözləri sapsarı idi və sanki onların içərisində ocaq qalamışdılar. Gözləri şölələnirdi. Ev qazına hər zaman asta-asta, becid olmayan addımlarla yeriməyi öyrətmişdilər. amma bu qazlar yerimirdi, onlar demək olar ki, qaçırdılar. Fəqət onu ən çox həyəcanlandıran qazların ayaqları idi. Onlar böyük, kobud və kələ-kötür dabanlara sahib idilər. açıq-aşkar görünürdü ki, vəhşi qazlar hara getdiklərinin, nəyin üzərində addımlamaqlarının fərqində deyildilər, onların heç nə veclərinə deyildi. Yol necə olsa da onlar yeriyirdilər, qaçırdılar. Digər yönləri təmiz və səliqəli olan bu qazların yalnız ayaqlarına diqqətlə nəzər yetirəndə vəhşi qazlar olmasını ayrıd etmək olurdu.
Ev qazı birtəhər imkan tapıb oğlana pıçıldadı: özün üçün bərkdən danış, amma kim olduğunu onlara bildirmə. Qazlar onlara lap yaxınlaşmışdılar.
Qazlar gəlib düz onların qarşısında dayanandan sonra uzun boyunlarını havada oynatmağa başladılar. Ev qazı da eyni hərəkəti bir neçə dəfə təkrarladı. Bu mərasim bitəndən sonra rəhbər qaz dedi: hə, məncə indi sizin necə bir varlıq olduğunuzu eşitmək vaxtıdır.
– Bizim danışmağa elə də çox sözümüz yoxdur, Morten dedi. Mən keçən yaz Skanorda doğulmuşam. Payız fəslində məni qərbi Vemmenhoqdakı Holqer Nilssona satdılar. Və mən o vaxtdan bəri orada yaşayıram.
– Hə nə olsun ki? Sadaladıqların sənə heç bir üstünlük vermir lovğalanmağa. Nəyə görə özün haqqında belə yüksək fikirdəsən ki, bizimlə oturub-dura, uça bilərsən?
– Bəlkə də sizlərə, vəhşi qazlara sübut etmək istəyirəm ki, bizlər, ev qazları da nəsə bacarırıq. Biz də qabiliyyətliyik. Ev qazı dedi.
– Hə, bunu bizə sübut etsən yaxşı olar. Rəhbər qaz çağırış etdi. Biz artıq sənin uçma qabiliyyətini müşahidə elədik, amma ola bilər ki, sən başqa idman növlərində daha qabiliyyətlisən.
– Bəlkə sən sürətli üzmədə bacarıqlısan?
– Yox. Mən bu qabiliyyətimlə lovğalana bilmərəm. Ev qazı Morten cavab verdi.
Artıq ona elə gəlirdi ki, cavablarının heç bir əhəmiyyəti olmayacaq və nə desə də onsuz da rəhbər qaz onu özlərindən ayırıb evə yollayacaq. Ona görə də suallara necə gəldi cavab verirdi.
– Mən heç zaman həyətimizdəki arxdan o tərəfə üzə bilmirəm. O etiraz elədi.
– O zaman belə güman edirəm ki, sən sprintersən. Həm sürətli qaçırsan həm də dözümlüsən. Rəhbər qaz dedi.
– Mən indiyədək heç bir vəhşi qazın qaçmasını görməmişəm. Heç özüm də həyatım boyu qaçmamışam. Bu cavabla da o vəziyyəti olduğundan daha da qəlizləşdirdi.
Böyük, ağ ev qazı- Morten əmin idi ki, bu cavablardan sonra heç bir halda rəhbər qaz ona onlara qoşulmağa icazə verməyəcək. Bu səbəbdən o rəhbər qazın cavabını eşidəndə çox təəcübləndi.
– Sən suallara cəsarətlə cavab verdin. Və cəsarəti olan hər kəs gözəl bir yol yoldaşı ola bilər. Nə olsun ki, başlanğıcda bir qədər xəbərsiz, cahil təsir bağışlamısan.
Bizimlə bir neçə gün qalmağa nə deyirsən? Biz sənin yaxşı qabiliyyətlərini üzə çıxarana kimi.
– Hə, olar. Ev qazı- Morten cavab verdi. O həddən artıq xoşbəxt idi.
Bundan sonra rəhbər qaz əli ilə onun yanındakı oğlanı göstərib soruşdu:
– Yanındakı kimdir elə? Mən onun kimi varlıq görməmişəm heç zaman. -O mənim yol yoldaşımdır. Erkək qaz cavab verdi.
– O bütün həyatı boyu qazların dostu olmuşdur. Onu özümüzlə səyahətə apara bilərik. Buna əmin ol. O fayda verə bilər bizə.
– Hə ola bilər ki, ev qazı üçün o faydalı olsun. Rəhbər qaz dedi.
Onun adı nədir?
– Onun adı…onun bir neçə adı var. Ev qazı tələsik cavab vermək istəmədi. Çünki o əslində onun necə adlandığını və insan olmasını açıqlamaq istəmirdi. Hə, onun adı Tumbietotdur. O nəhayət sonda dedi.
– O cırtdanlar ailəsinə aiddirmi? Rəhbər qaz soruşdu.
– Bəs, sizlə vəhşi qazlar adətən hansı zamanda yatırsınız? Ev qazı soruşdu. İndi gözlərim yumulur. Çox yorğunam.
Ev qazı ilə söhbət edən qazın çox yaşlı olduğunu sezmək çətin deyildi. Onun bütün lələkləri buz kimi boz rəng almışdı, indi onun bədənində bir dənə də qara tükə rast gəlmək mümkün deyildi. Başı digər vəhşi qazların başından daha böyük idi. Ayaqları daha da kobud, pəncələri isə gəzməkdən çox yeyilmişdi. Lələkləri bərk, çiyinləri isə düyünlü idi, boynu nazilmişdi. Bütün bunlar onun yaşından irəli gələn əlamətlər idi. Bircə keçən zaman onun gözlərinə heç nə edə bilməmişdi. Onlar parıldayırdı, sanki onun gözləri başqa bədən üzvlərindən daha cavan qalmışdı.
O cəld bir hərəkətlə erkək ev qazına sarı döndü.
– Hə, başa düşdüm. Mən də Kebnekaysdan olan Akkayam. Və məndən sağda uçan qazın adı Vassiyaurdan olan İksidir. Məndə solda uçan isə Nuolyadan olan Kaksidir. Sağdan ikinci uçan qazın adı Saryekatakodan olan Kolmidir. Soldan ikinci uçan isə Svappavaradan olan Nelyadır. Və onların arxasında Oviksfyallendən olan Viisi ilə Şanqelidən olan Kuusi uçur. Və bir şeyi də bil ki, bunlar, bir də altı balaca qaz-onlardan üçü sağ cinahda, üçü isə sol cinahda uçurlar- hər biri dağlarda doğulub böyüyən əsl vəhşi qazlardır. Sən çaşma ha! Biz elə belə hər yoldan ötəni öz dəstəmizə qoşan avara qazlardan deyilik. Hə, bir də elə düşünmə ki, bic əcdadları haqqında bizə məlumat verməyən hər hansı bir qazla dostlaşa bilərik.
Rəhbər qaz bu məsələlər barədə məlumat verdiyi əsnada oğlan cəld iki addım atıb önə çıxdı. Ev qazının özü haqqında belə ətraflı danışması, onu təqdim etməyə növbə gələndə isə bir-iki ötəri məlumatla kifayətlənməsi ona heç xoş gəlməmişdi.
Mənim vecimdə də deyil heç nə. Mən sizdən özüm haqqımda heç nəyi sirr kimi saxlamaq istəmirəm. Mənim adım Nils Holqerssondur. Mən bir fermer oğluyam. Bu günə kimi mən bir insan idim, bu səhərə kimi daha doğrusu…indi isə… o bundan sonra sakit dayandı. O insan olduğunu bildirən kimi rəhbər qaz səksəndi və üç addım geri çəkildi. Bütün qaz dəstəsi isə daha da geriyə çəkildi. Qazların hamısı boyunlarını irəli uzadıb qəzəblə fısıldamağa başladı.
– Mən lap əvvəldən səni bu sahillərdə görəndən bundan şübhələnmişdim. Rəhbər qaz dedi. İndi isə buradan rədd olub gedə bilərsən. Biz öz aramızda insan ovladına dözə bilmərik.
– Belə bir şey mümkün deyil. Ev qazı Morten düşüncəli tərzdə dedi. Sizlər, cəsarətli vəhşi qazlar belə balaca varlıqdan qorxa bilməz axı. Yaxşı, sabah onu geriyə, evinə döndərərik. Bircə gün bizimlə gecələməyinə yəqin ki, etiraz etməzsiniz hə? Bizlərdən heç biri bu balaca, köməksiz varlığı gecənin bir aləmində vəhşi heyvanlarla dolu olan meşədən keçib evinə qayıtmasına razı ola bilmərik.
Vəhşi qaz yaxın gəldi. amma kənardan aşkar görünürdü ki, öz qorxusunu cilovlamaq ona çətin başa gəlir. Çünki ona öyrətmişdilər ki, insan gördünsə qorxmalısan. Fərqi yoxdur, həmin insan istər böyük olsun, istər lap xırda. Amma əgər sən onun əvəzinə and içə bilərsənsə ki, onun bizə heç bir xətəri dəyməyəck, bax o zaman o bizimlə qala bilər. amma bu gecəlik. Amma inanmıram ki, biz gecələdiyimiz yerlər sizin üçün eyni dərəcədə münasib ola bilər. Çünki biz bu gecəni orada, gölün ortasındakı buzlaqların üzərində yatacayıq.
O şübhəsiz ki, Mortenin onun bu sözləri qarşısında tərəddüd edəcəyini gözləyirdi. Morten isə özünü o yerə qoymadı.
– Siz əgər belə bir təhlükəsiz yataq seçmisinizsə, demək ki, çox ağıllısınız.
– Amma sən bu oğlanən artıq sabah evə qayıdacağına cavabdehsən! Rəhbər qaz dedi.
– O zaman mən də ona qoşulub geri qayıtmalı olacam. Çünki mən onu tərk etməyəcəyimə söz vermişəm.
– Sən də azadsan. İstəsən ona qoşulub bizi tərk edə bilərsən.
Bu sözləri deyən rəhbər qaz qanad çalıb göldəki bulud parçalarına sarı uçdu. Digər vəhşi qazlar da bir-birinin ardınca ora uçdular.
Oğlan Laplandiyaya uçmayacağına görə çox sevincli idi. Amma eyni zamanda bunun müqabilində şaxtalı gecəni açıq havada, buzun üzərində keçirəcəyi üçün də çox qorxurdu.
– Bu çox pis olacaq. O dedi. Bu həddən artıq pis olacaq. Hər şeydən öncə biz yəqin ki, soyuqdan donub oləcəyik.
Amma erkək qaz Morten yaxşı əhval-ruhiyyədə idi. Burada heç bir problem yoxdur. O dedi. Hər şey yaxşı olacaq. Bircə indi tələs və sahildən daşıya biləcəyin qədər özünlə ot və zir-zibil yığ.
Oğlan bir qucaq quru ot yığdıqdan sonra erkək qaz dimdiyi ilə onun yaxasından yapışdı, onu qaldırdı və buzun üzərinə atdı. Orada vəhşi qazlar hamısı dimdiklərini qoltuqlarının altına salıb yatmışdılar.
İndi isə gətirdiyin quru ot mənim altıma döşə, elə et ki, üstündə dayana bilim və donmayım. Sən mənə yardım et, mən də sənə. Erkək qaz dedi.
Oğlan onun dediyi kimi elədi. Oğlan işini görüb qurtardıqdan sonra erkək qaz Morten yenə də onu dimdiyi ilə götürüb qanadının arasına aldı. -Məncə sənə orada rahat və isti olacaq. Erkək qaz belə deyib onun üstünü qanadı ilə örtdü.
Oğlan elə məmnun qalmışdı ki, deməyə bir söz də tapa bilmədi. Onun yeri çox yumşaq və rahat idi. Amma necə dəhşət yorulmuşdu o… bir göz qırpımındaca yuxuya getdi.
GECƏ
Buz çox zaman xəyanətkardır və ona güvənmək olmaz. Bu gerçək bir faktdır. Gecənin bir aləmində Vomb gölünün artıq nazilmiş buzu çatladı. Bir iri parça qopdu və sahilə tərəf yön aldı. Elə alındı ki, buraların daimi sakini cənab tülkü Smirre bu qopan buz parçasını gördü. Smirre bu vəhşi qazların Vomb gölünün sahillərinə enməsini hələ axşam çağından görmüşdü. O zaman onlardan heç olmasa birini oğurlamaq onun ağlının ucundan da keçmirdi. Amma indi o birbaşa buzun üzərinə doğru addımladı.
Smirre buzlara bir xeyli yaxın olanda onun caynaqları buzu qaşıdı və qazları yuxudan oyatdı. Onlar qanad çalıb uçmağa hazır vəziyyətə gəldilər. Amma Smirre onlardan daha cəld biri idi. Sanki güllə dəymiş kimi o qabağa sıçradı, qazlardan birinin qanadından tutub yenidən sahilə doğru yön aldı.
Amma bu gecə vəhşi qazlar buz üzərində yalnız deyildilər, çünki onların arasında bir insan övladı da vardı- hər nə qədər balaca olsa da. Erkək qaz qanadlarını yana açıb çabalayanda oğlan yuxudan oyandı. O yumbalanıb buzun üzərinə düşmüşdü və indi də karıxmış halda orada oturmuşdu. Dördayaqlı balaca bir itin ağzında qaz buzun üzəri ilə qaçmağını görəndə o baş verənlərin səbəbini hələ dərk edə bilmirdi.
Bir anın içində oğlan heç nə düşünmədən qazı xilas etmək üçün həmin itə tərəf götürüldü. O yəqin ki ev qazının onun arxasınca dediklərini eşitdi:
– Ehtiyatlı ol Tumbietot. Amma oğlan bu balaca küçükdən qorxmaq üçün heç bir əsas görmürdü ona görə də cəsarətlə irəli atıldı.
Smirrenin apardığı vəhşi qaz oğlanın taxta ayaqqablarının buz üzərindəki taqqıltılarını eşitdi, amma sanki buna inana bilmədi. Nədir, yoxsa bu körpə məni bu amansız tülkünün caynağından xilas edə biləcəyini düşünür? Amma bu ümidsizliyə baxmayaraq o da qanad çalıb qaqqıldamağa başldı. Adama elə gəlirdi sanki o gülür.
Yəqin ki, bu dəqiqə buzun üzərindən soyuq gölə yıxılacaq. Vəhşi qaz düşündü.
Hava hər nə qədər qaranlıq olsa da oğlan diqqətlə çatları, yarıqları nəzərdən keçirir, addımını hara atacağına fikir verirdi. O çox ehtiyatlı idi. Bunun səbəbi isə o idi ki, hazırda o cırtdanlara məxsus gözəl görmə qabiliyyətinə sahib idi. O zil qaranlıqda belə qarşısındakı hər şeyi aydın seçə bilirdi. O sanki gündüzmüş kimi, həm sahili həm də gölü apaydın görürdü.
Tülkü Smirre gölün üzərində qaçandan sonra buz qurtardı və o torpağa ayaq basdı. Onun fikri qənimətini yuxarıdakı təpəyə doğru qaldırmaq idi. Bu anda oğlan qışqırdı:
– O qazı burax get!
Smirre onu çağıranın kim olduğunu bilmirdi, bunun üçün heç vaxt sərf etməyə də dəyməzdi. Buna görə də o geri çevrilmədi və addımlarını daha da yeyinlətdi.
Tülkü meşəyə doğru yönəldi, oğlan da onu gözləyə biləcək risk haqqında düşünmədən onun arxasınca qaçdı. Geriyə qayıtmaq nədir, əksinə vəhşi qazlar tərəfindən necə böyük nifrətlə qarşılandığı gəlib keçdi göz önündən, o istəyirdi onlara sübut etsin ki, insan övladı heç də aşağılıq biri deyil, o yaranmışların ən alisidir və yüksək düşüncəyə sahibdir.
O dəfələrlə həmin itin üstünə qışqırdı ki, qazı atıb getsin. -Sən necə bir itsən ki, bir böyük qazı oğurlayıb gedirsən, buna görə də heç utanmırsan? Onu bu dəqiqə burax. Yoxsa görəcəksən başına nə oyun gətirəcəm. Sənə demirəm burax onu. Yoxsa sənin sahibinə deyəcəm sən necə pis, alçaq hərəkət etmisən.
Smirre başa düşəndə ki, oğlan onu qorxunc itlə səhv salıb bu onu o qədər əyləndirdi ki, az qala qazı ağzından yerə salacaqdı. Smirre tarlalardakı siçovullarla, xırda gəmiricilərlə qidalanmaqdan xoşlanmırdı. Onlar ona bəs etmirdi. Ona görə də o oğruya çevrilib ətraf evlərdən, fermalardan qazlar, ördəklər oğurlayıb yeyərdi. Yaxşı bilirdi ki, bu ərazidə hamı qorxudan ondan tük salır. Amma uşaq vaxtından bu cür axmaq söz eşitməmişdi.
Oğlan o qədər sürətli qaçırdı ki, qalın palıd ağacları da sanki onun qarşısından əks istiqamətə doğru qaçırdılar. Və yavaş-yavaş o Smirreni haqlayırdı. Nəhayət o tülküyə o qədər yaxınlaşdı ki, əlini atıb onun quyruğundan tuta bildi. -Indi mən qazı sənin əlindən alacam. O tülkünün quyruğunu bacardığı qədər möhkəm sıxmışdı. Amma nə qədər etsə də Smirreni tutub saxlamağa onun gücü yetmirdi. Tülkü onu özü ilə sürüyüb aparmağa başladı.
Amma indi Smirre artıq onu izləyən varlığın necə zərərsiz biri olduğunu başa düşmüşdü. O dayandı qazı ağzından yerə saldı, qabaq pəncələrini onun üzərinə qoydu ki, tərpənə bilməsin, uça bilməsin. Elə onun boğazını dişləyib yemək istəyirdi ki, istədi bir az oğlanla məzələnsin.
– Tez elə də, nə gözləyirsən. Çünki bu dəqiqə dişləyib onu yeyəcəm. Get mənim sahibimə de ki, mən özümü pis aparıram.
Əlbəttə ki, bayaqdan təqib etdiyi itin belə qaba caynaqlarının və belə xışıltılı, kobud səsinin olması oğlanı təəcübləndirdi. Amma indi artıq tülkü onunla məzələndiyi üçün oğlan çox əsəbləşmişdi, onun üçün artıq qorxu anlayışı yox idi. O tülkünün quyruğundan daha da möhkəm yapışdı, o biri əli ilə isə qarağat kolundan tutdu. Və tülki çənəsini açıb qazı dişləmək istəyən anda bütün qüvvəsi ilə onun quyruğunu dartdı. Smirre elə təcübləndi ki, müqavimət göstərmədi. Belədə oğlan onu bir neçə addım geri çəkə bildi, bundan istifadə edən qaz isə qaçıb canını qurtardı. O qanad çalıb yüksəyə uçmağa cəhd etdi. Qanadlarından biri elə pis zədələnmişdi ki, o demək olar ki, ondan istifadə edə bilmirdi. Bundan əlavə meşənin zil qaranlığında o heç nə görə bilmədiyindən kor kimi idi. Bu səbəbdən o heç bir halda oğlana kömək edə bilməzdi. O birtəhər budaqlardan hündürə sıçrayıb, geriyə, gölə tərəf uçmağa başladı.
Tülkü oğlana tərəf çevrilib dedi:
– Hə nə olsun, bu qaçdı əlimdən, asanlıqla gedib başqa qaz tuta bilərəm. Onun səsindən necə hirsli olduğunu asanlıqla seçmək olurdu.
– Buna heç cəsarət etmə! Yenicə bir qaz xilas etdiyindən əhval-ruhiyyəsi yerində olan oğlan cavab verdi.
O hələ də tülkünün quyruğunu tutub saxlamışdı, tülki geri çevrilib onu tutmaq istəyəndə isə onu başqa istiqamətə burdu.
Meşədə beləliklə də bir rəqs başladı ki, gəl görəsən. Quru yarpaqlar belə uçuşlarını saxlayıb bu rəqsə baxmağa başladılar. Smirre o yan bu yana çevrilir, amma quyruğu da onunla bərabər çevrilirdi, beləliklə o oğlanı heç cür tuta bilmədi.
Oğlan bu oyunun başlanğıcında elə şənləndi ki, hər şeyi unudub gülməyə, tülkünün yöndəmsiz şəkildə onu tutmağa çalışmasına lağ etməyə girişdi. Amma tülkü səbrli davranırdı. Hər bir təcrübəli ovçu kimi o səbrlə öz məqamını gözləyirdi. Oğlan sonda tutula bilməkdən qorxmağa başladı.
O ildırım sürətiylə tülkünün quyruğunu buraxıb palıd ağacına dırmaşdı. Smirrenin başı isə fırlanmağa elə qarışmışdı o hələ oğlandan sonra da uzun müddət quyruğunun arxasınca fırfıra kimi fırlanmağa davam etdi.
– Narahat olma, daha rəqs edib özünə əziyyət verməyə dəyməz. Oğlan ağacdan dilləndi.
Amma Smirre bu alçaldıcı, təsirli məğlubiyyətlə elə-belə barışa bilməzdi. Odur ki, o heç yerə getməyib həmin ağacın altında oturdu və keşik çəkməyə başladı.
Oğlan nazik bir budağın üzərində oturmuşdu. Yeri rahat və təhlükəsiz deyildi. Bu cavan palıd ağacı hələ qol budaq atmamışdı, bu səbəbdən də oğlan onun budaqlarından istifadə edib digər bir budağa keçə bilmədi. Aşağı düşməyə isə onun sadəcə cəsarəti çatmırdı. O qədər donmuşdu , əlləri keyimişdi ki ona elə gəldi, sanki bu dəqiqə əlləri boşalacaq və o guppultu ilə yerə yıxılacaq. Hazırda o dəhşətli dərəcədə yuxulu idi, amma ağacdan yıxılmaqdan o qədər qorxurdu ki, gözünü yummağa da cəsarəti çatmırdı.
Amma bütün gecəni təkbaşına meşədə bir ağacın başında keçirmək də qorxunc bir təcrübədir. O əvvəllər heç zaman “ gecə” sözünün gerçək mənasını başa düşə bilməmişdi. Sanki ətrafda hər şey, hər bir canlı daşlaşmışdı və onlar heç zaman həyata geri dönməyəcəkdilər.
Sonra dan yeri sökülməyə başladı. Yenidən hər şey əvvəlki görkəmini almağa başlayırdı, oğlan buna görə çox sevincli idi. Amma soyuq daha da nüfuzedici olmuşdu, səhərin şaxtası gecənin şaxtasındn daha qüvvətli idi.
Nəhayət günəş üfiqdə göründü, o sarı deyildi, günəşin rəngi qırmızı idi. Oğlana elə gəldi günəş nəyəsə görə acıqlıdır. Amma o günəşin məhz nəyə acıqlandığını başa düşə bilmədi. Bəlkə ona görə ki, günəşin olmadığı zaman kəsiyində gecə yer üzünü bu qədər üşütmüşdür, ona qəmginlik bəxş etmişdir.
Günəş şüaları böyük salxımlarla yerə doğru gəlirdi. Onlar gecənin onların yoxluğundan istifadə edərək törətdikləri əməllərə baxmaq istəyirdilər. hər şeyin necə qızardığını aşkar görmək olurdu, sanki onlar özlərini günahkar hesab edirdilər, utanırdılar. Göydəki buludlar, palıd ağacının budaqları, yerdəki qarağat kolları, otların üzərinə örpək çəkən səhər ayazı…hər şey, hər şey utandığından qızarmışdı. Getdikcə günəş yerə daha çox ilıq şüalar göndərir və gecənin hürküsünü uzaqlara qovurdu, bununla da saysız-hesabsız canlı varlıqlar gözə görünməyə başladı. Qırmızı boğazlı qırxayaq budaqlarda hərəkət etməyə başladı. Ağzında qoz yuvasından çıxan dələ qalın bir budağın üzərində oturub onun ləpəsini yeməyə başladı. Haradansa ağzında soxulcan olan bir sığırçın uçub gəldi. Torağay isə ağacın hündür budaqlarından birinə qonub oxumağa başladı.
Oğlan günəşin bütün canlı və cansız varlıqlara bu sözləri deməsini başa düşdü:
– Oyanın və yuvalarınızdan çölə çıxın. Mən buradayam. İndi daha sizin nədənsə qorxmağınıza ehtiyac yoxdur.
Göldən vəhşi qazların səsləri eşidildi, onlar uçuşa hazırlaşırdılar. Və tezliklə on dörd qazın hər biri meşənin üzəri ilə dəstə halında uçurdular. Oğlan istədi qışqırıb onları çağırsın, amma qazlar elə hündürdən uçurdular ki, səsi onlara yetişmədi. Onlar yəqin ki, tülkünün onu yediyini düşünürdülər, çünki zəhmət çəkib heç məşədə onu axtarmırdılar da.
Oğlan hönkürtü ilə ağlamaq istədi. Amma portağal rəngli, xöşbəxt günəş onun başının üstündə idi. O oğlana belə söylədi:
– Nils Holqersson, sənin narahat olmağına gərək yoxdur. Nə qədər ki, mən buradayam sənə pis heç nə olmayacaq. O oğlana dedi.
QAZ TƏQIBI
Bir qazın səhər yeməyini yeməsinə gedən vaxt ərzində meşədə demək olar ki, heç bir dəyişiklik baş vermədi. Amma günortaya yaxın qaz haradansa təkbaşına uçub gəldi. O uçub gəldi və qalın budaqları olan bir ağacın gölgəsində dayandı. Sonra o çox ehtiyatla budaqların və yarpaqların arası ilə asta sürətlə uçmağa davam etdi. Tülkü Smirre onu görən kimi özünün ağcaqayın ağacının altında olan yuvasından çıxdı və ona doğru atıldı. Vəhşi qaz ondan qaçmadı, əksinə, qanad çalıb ona doğru uçdu və ona kifayət qədər yaxın getdi. Smirre onu tutmaq üçun bacardığı qədər hündürə tullansa da yenə boşuna cəhd etdi. Vəhşi qaz isə uçuşuna davam edib gölə doğru yön aldı.
Bir az keçmiş başqa bir qaz uçaraq gəlib buralardan keçdi, o da eyniylə birinci qazın yolu ilə getdi, alçaqdan və asta-asta uçdu. O da həmçinin tülkü Smirreyə çox yaxın məsafədən uçdu, elə yaxından ki, onun ayaqları hətta tülkünün qulaqalrına toxundu. Amma o da tülkünün yanından xata-balasız ayrılıb səssiz bir kölgə kimi uçaraq gölə doğru yan aldı.
Bir müddət də keçdi, bu dəfə başqa bir qaz səmada göründü, o da alçaqdan uçurdu, ağcaqayın ağaclarının budaqlarının arasından onun üçün yolu tapmaq çox çətin idi. Smirre var gücünü toplayıb yerdən sıçradı. Onun qazı tutmasına bir tük nazikliyi qədər məsafə qalmışdı, amma bu qaz da onun əlindən ucuz qurtuldu.
O uçub yox olan kimi, dördüncü qaz gözə göründü. O elə alçaqdan, elə pis uçurdu ki, tülkü Smirre onu heç bir əzab-əziyyətsiz tutacağını zənn etdi. Amma bu dəfə o uğursuzluqdan qorxduğuna görə qazı tutmaq üçün cəhd etmədi. O qazın sakit uçmasına şərait yaratmaq qərarına gəldi. O da başqa qazların uçduğu istiqamətdə uçurdu. Amma o gəlib düz Smirrenin üzərindən uçanda elə bir alçaq məsafədən uçdu ki, Smirre şirnikləndi və özünü saxlaya bilmədi. Tülkü elə hündürə tullandı ki, quyruğu ilə qaza toxundu da. Amma qaz cəld bir hərəkətlə yön dəyişdirdi və həyatın xilas etdi.
Smirre nəfəsini dərib özünə gəlməmiş cərgə ilə uçan daha üç qaz gözə göründü. Onlar da digər qazlar kimi həddən artıq alçaqdan uçurdular, Smirre onları tutmağa cəhd etsə də, əvvəlki hallarda olduğu kimi bu dəfə də cəhdi bir nəticə vermədi.
Bundan sonra beş qaz daha uçaraq gəldi, amma bu qazlar başqalarından daha yaxşı uçurdular. Düzdür onlar da Smirreni şinikləndirən hərəkətlər edirdilər, amma tülkü bu dəfə özünü saxlayıb tullanmadı. Uzun müddət aradan sonra səmada tənha bir qaz göründü. Bu on üçüncü qaz idi. Bu qaz elə qoca idi ki, tükləri tamam bozarmışdı, bədənində bir dənə də qara ləkə qalmamışdı. Böyük ehtimal o uçarkən yalnız bir qanadından istifadə edə bilirdi. Çünkü onun uçuşu o qədər bərbad, o qədər yavaş idi ki, az qala yerlə sürünürdü. Smirrenin onun üçün havaya hoppanmağa ehtiyacı belə yox idi. O sadəcə olaraq qazın arxasınca qaçır, tullanır və onu düz gölə kimi müşayət edirdi. Amma hətta bu dəfə də o şikarını ovlaya bilmədi. Bu qaz da başqa qazlar kimi xatasız-balasız onun əlindən qurtula bildi.
Sonuncu on dördüncü qaz ağappaq olduğu üçün çox gözəl görsənirdi. Və o böyük qanadlarını çaldıqca adama elə gəlirdi meşə işıqlanır. Elə parlaq idi bu on dördüncü qazın tükləri… Smirre bu qazı görəndə var gücünü toplayıb o qədər hündürə tullandı ki, başı ağcaqayın ağaclarının budaqlarına toxundu. Amma o bu qazı da tuta bilmədi.
İndi bir müddət ağacların altında, meşədə sakitlik hökm sürürdü. Adama elə gəlirdi bütün vəhşi qazlar artıq burdan uçub getmişdir.
Birdən tülkünün yadına öz əsiri düşdü, o başını qaldırıb cavan palıd ağacının budaqlarına baxdı. Bəli elə onun gözlədiyi baş vermişdi-oğlan orada yox idi.
Amma Smirrenin bu barədə çox düşünməyə vaxtı yox idi, çünki artıq göldən qayıdan ilk qaz budaqların altı ilə asta sürətlə uçurdu. Bugün bəxti heç gətirmirdi, amma Smirre yenə də onun geri qayıtmasına şad idi və o yay kimi gərilib var gücü ilə qazı tutmaq üçün havaya tullandı. Amma tülki vaxtı və istiqaməti düzgün hesablaya bilmədyinindən qazın lap yaxınlığına tullandı, ona toxuna bilmədi. Sonra ikinci qaz gəldi, sonra üçüncü, sonra dördüncü…Beləcə bütün qaz dəstəsi sonda həmin o qoca boz və ağ, parıldayan lələkli qaz olmaqla gəlib onun başının üzərindən uçub keçdilər. onların hər biri həm asta sürətlə həm də alçaqdan uçurdular. Gəlib ona lap yaxınlaşanda isə sanki “ məni tuta bilməzsən”, məni tuta bilməzsən” deyərcəsinə ona çox yaxın uçurdular. Smirre onların arxasınca qaçırdı, bir neçə metr hündürlüyə tullanırdı, amma sona kimi də onlardan heç olmasa birini də tuta bilmədi.
Bu Smirrenin indiyə kimi yaşadığı ən dəhşətli gün idi. Vəhşi qazlar onun başının üzərindən səyahət etməyə davam edirdilər. Onlar gəlib gedirdilər, bir müddər sonra yenə eyni şey təkrarlanırdı. Bütün günü meşənin başına hərlənən, alman tarlalarında, yaşıl çəmənlərində yeyib yağlanan, kökələn, dadlı vəhşi qazlar. Onlara hətta bir neçə dəfə toxunmuşdu da. Amma heç bir halda öz boş qarnını onların hesabına doyura bilməmişdi.