скачать книгу бесплатно
Oseola-seminolların başçısı
Fenimor Kuper
Dünya ədəbiyyatından seçmələr
Bu əsərdə müstəmləkəçilərə qarşı müqavimət göstərmiş seminolların azadlıq uğrunda mübarizəsi təsvir olunub, Oseolanın timsalında azadlıqsevər hinduların ümumiləşmiş obrazı yaradılıb.
Mayn Rid
OSEOLA – SEMİNOLLARIN BAŞÇISI
Çiçəklər diyarı
Gözəl Florida! İnsanları buraya cəzb edən ağacları yarpaq tökməyən meşələrin, çiçəkləri solmayan çöllərindir. Payız və qış fəsillərini tanımayan gözəl diyar, sən elə həmin çiçəklər diyarı olaraq qalmısan! Sənin meşələrin əvvəlkitək yaşıl, səmaların buludsuz, suların göz yaşıtək durudur. Sən yenə də gözəllik saçırsan! Heç dəyişməmisən, dəyişən təkcə insanlarındır. Mən indi sənin torpağında ağlarla zənciləri görürəm, ancaq qırmızıdərili xalqını görmürəm. Bəs hanı hindular? Onlar daha sənin çiçəkli torpağında dolaşmır, qayıqları sənin çaylarında üzmür, kamanlarının dartılmış ipləri daha ağacların arasında cingildəmir. Onlar gediblər – uzaqlara və həmişəlik.
Ancaq onlar könüllü deyil, məcburən, gözüyaşlı gediblər. Onları səndən zorla qoparıb Qərbə doğru sıxışdırıblar.
Elə mən də onlar kimi buradan könülsüz ayrılmışam.
Mən ağ rəngə boyanmış, pəncərələrində yaşıl jalüzlər olan palıd evi görürəm. Kölgəlikdə yüngül yay paltarında olan bir qız var. Bu mənim kiçik və yeganə bacım Virciniyadır. Qızılı saçları ona anasından irsən keçib. Bacım öz sevimliləri olan xallı maral və onun balası ilə oynayır.
Evin arxasında isə barı ilə əhatə olunmuş və canlılığı ilə seçilən başqa bir mənzərə açılır. Burada iş bulaq kimi qaynayır. Bir-birinin üzərinə qoyulmuş çənlərdə indiqo[1 - İndiqo – göy rəngli boya əldə etmək üçün bitki] isladılır və ondan göy rəngli boya əldə olunur.
Bir qədər aralıda cərgə-cərgə düzülmüş xırda evlər görünür. Bunlar zənci komalarıdır. Barının içərisində və tarlalarda yüzlərcə adam hərəkətdədir. Onların bir-ikisini çıxmaqla hamısı qullardır. Burada zəncilərlə yanaşı, mulatlar[2 - Mulatlar – zəncilər və ağlar arasındakı qarışıq nikahdan törəyənlər], sambolar[3 - Sambolar – zəncilər və mulatlar, yaxud hindular arasındakı qarışıq nikahdan törəyənlər] və kvarteronlar[4 - Kvarteronlar – ağlar və mulatlar arasındakı qarışıq nikahdan törəyənlər] da vardır. Kişilərin geyimi yüngül kətan şalvardan, parlaq boyanmış köynəkdən və palma yarpaqlarından düzəldilmiş şlyapadan ibarətdir. Qadınlar daha əlvan geyiniblər – əyinlərində zolaqlı çit don, başlarında dama-dama parçadan yaylıqlar var.
Kişilər də qadınlar kimi indiqo plantasiyasında çalışırlar. İşlərini görən zaman adamlar gülür, oxuyur, zarafatlaşırlar. Onlar qul olsalar da, atam onlarla yaxşı davranır.
Bax mənim yaddaşıma belə xoş lövhələr həkk olunub. Mənim uşaqlığım burada keçib, şüurlu həyatımın başlanğıcı burada qoyulub.
Ceklər
Hər plantasiyanın “zalım qulyabanısı” vardır. Bizimki odunçu Sarı Cek idi. Özünün zalımlığı ilə fərqlənən bu mulatı atama öz doğmaca atası satmışdı.
Əgər ana kölədirsə, onun övladı da kölədir. Atanın azad olması törəmələri üçün heç bir önəm daşımır. Amerikada hindu və zənci uşaqları ananın taleyini bölüşür.
Plantasiyada başqa bir Cek də yaşayırdı. Birincidən fərqli olaraq onu Qara Cek deyə çağırırdılar. Qara Cek mehtər və arabaçı vəzifəsini yerinə yetirirdi. Onların boyunu və yaşını nəzərə almasaq, aralarında başqa heç bir bənzərlik yox idi. Qara Cekin xeyirxah ürəyi vardı. O, üz cizgilərinə görə zəncidən çox mulata bənzəyirdi. Zəncilər üçün qalın dodaqlar, yastı burun, maili alın səciyyəvidir. Qara Cekdə bu əlamətlərin heç biri yox idi.
Bir də Viola adında bir qız vardı. Bizim plantasiyanın birinci gözəli olan kvarteron qız idi. Hər iki Cek qızın ürəyini qazanmaq istəsə də, Viola üstünlüyü açıq-aşkar Qara Cekə verirdi. Bu da Sarı Cekin nifrətinə səbəb olmuşdu.
Ceklərin sevgi və qısqanclıq əhvalatı xüsusi maraq kəsb etməsə də, bunu ona görə qeyd etdim ki, bu mənim sonrakı həyatıma mühüm təsir edən hadisələrin bütöv bir zəncirinə başlanğıc vermişdi.
Sarı Cek rəqibinin açıq-aşkar üstünlüyə malik olduğunu gördükdə Violanı təqib etməyə başlamışdı. Bacım onun Violaya pislik edəcəyindən qorxduğu üçün mulatın cəzalandırılmasını istəmişdi. Bu hadisədən sonra Sarı Cekin kinli adam olduğuna dəlalət edən bir hadisə baş verdi. Bacımın sevimli xallı maralı gölün sahilində ölmüş halda tapıldı. Onun bədənində nə cızıq, nə də yara vardı. Bəlli oldu ki, onu boğublar. Qara Cek bildirdi ki, Sarı Cekin maralı boğub qaçdığını görüb. Sarı Ceki ikinci dəfə qamçı ilə cəzalandırdılar. Sarı Cekin cəzalandırılması onun zənciyə qarşı olan nifrətini daha da artırmışdı. Zənci ilə mulat arasındakı dava zamanı Sarı Cek bıçaq çıxararaq öz silahsız rəqibini yaraladı. Bu dəfə onu daha sərt cəzalandırdılar. Ancaq mulat islah olunanlardan deyilmiş.
Portağal meşəsinin arxasında içi su ilə dolu olan bir çökəklik vardı. Evdən nohura qədər portağal meşəsinin içi ilə cığır salınmışdı. Onun suyu duru və təmiz idi. Bu nohurdan həm balıq tutur, həm də orada çimirdik.
Plantasiyamızın bir tərəfi savanna[5 - Savanna − tropik və subtropik zonalarda ot örtükləri] – atların və ev heyvanlarının otladıqları təbii otlaq idi. Burada tez-tez maral və vəhşi hindtoyuğu sürüləri görünərdi.
Güney ştatlarının əksər gəncləri kimi, mənim də başlıca əyləncəm ov etmək idi. Mən, adətən, quyuda gizlənər, hindtoyuğu, ya da maralların gəlməsini gözləyərdim.
Bir dəfə səhər tezdən mən həmin yerə ov etməyə yollandım. Yaxınlıqdakı qayalığa çıxıb oradan ətrafa baxdım. Savannanın geniş düzlərində heç bir canlı görünmürdü. Mən bir qədər məyus oldum, çünki anam məndən nahara ov əti gətirməyi xahiş etmişdi. Yəqin ki, kimsə məndən öncə burada olmuş və ovu ürküdüb qaçırmışdı. Bəlkə, bu, qonşu plantasiyadan olan gənc Rinqolddur, ya da hindu ovçulardan biri. Savannalar heç kəsin şəxsi mülkiyyəti deyildi. Ona görə də bu yerlərdə hamı ov edə bilərdi.
Mənimsə ürəyimdən maral ovlamaq keçirdi. Amma qarşımda açılan mənzərəyə nə qədər göz qoysam da, marallar görünmürdü. Artıq aşağı enməyə hazırlaşırdım ki, tarlaların savannadan çəpərlə ayrıldığı yerin yaxınlığında, sərv meşəsinin kənarında maral sürüsü göründü.
“Aha! – düşündüm. – Onlar qarğıdalı tarlasından keçərək buraya gələ biliblər”.
Mən düşündüm ki, marallar buraya çəpərin küncündə taxtalarla örtülən bir dəlikdən keçiblər. Lakin bütün taxtalar yerində idi. Deməli, marallar başqa yolla gəlmişdi. Bəlkə də, onları kimsə təqib edirmiş. Axı bu, kim ola bilərdi? Ovçular? Bəlkə, yırtıcı heyvanlar?
Düşüncələrimin zənciri maralları qorxudanın peyda olmasıyla qəflətən qırıldı. Bu, əynində göy şalvar, zolaqlı köynək, başında palma yarpağından şlyapa olan odunçumuz – Sarı Cek idi.
Mulatın burada nə işi vardı? O heç ovçu da deyildi. Lakin o, daim meşədə olmaqla bütün xəlvət yerlərə, eləcə də heyvanların adət və xüsusiyyətlərinə yaxşı bələd idi.
Qısa müşahidədən sonra mulatın maralları təqib etmədiyi bəlli oldu. O, meşədən çıxaraq tamam başqa səmtə, qarğıdalı tarlasına aparan yola buruldu.
O, aramla, əyilə-əyilə gedirdi. Ayaqlarının yanında xırdaca bir heyvan – it, ya da opossum[6 - Opossum − pişiyəoxşar məzəli canlı] vardı. Sarı Cek sanki heyvanı arxasınca çəkib aparırdı. Ola bilsin ki, o, opossumu ovlamışdı. Amma onun birdən dönüb ovçu olması məni təəccübləndirdi. Lakin onun əyilib heyvanı tumarlaması məni çaşqınlığa saldı. Deməli, bu, opossum deyilmiş!
Bir azdan mulat çəpərdəki dəliyə yaxınlaşdı, taxtaları bir-bir çıxararaq dəliyi açdı. Sonra arxasınca sürüdüyü heyvanla birlikdə qarğıdalı tarlasında gözdən itdi. Birdən məhz Sarı Cekin getdiyi yolda savannaya doğru hərəkət edən bir vücud peyda oldu. Əvvəl mənə elə gəldi ki, bu, adamdır. O, hərəkətlərindən hindunu xatırladırdı. Amma biz hindularla sülhdə idik. Hindu mulatı niyə izləsin ki?! Bu qəribə məxluq isə məhz mulatın izi ilə gedirdi.
“Bəlkə, bu, Qara Cekdir?” – mən düşündüm. Ancaq o, alicənab adam idi. Öz xain düşməninə nə qədər qəzəbli olsa da, onunla künc-bucaq qisasına qadir deyildi.
Bu an yüksəyə qalxmış günəş savannanı işıqlandırdı. Qaramtıl vücud sürünərək kölgədən çıxdı və qarğıdalı tarlasına tərəf hərəkət etdi. İndi onu aydın görmək olurdu. Bu, nə zənci, nə də hindu idi. Bu, alliqator[7 - Alliqator − timsahlar ailəsindən olan yırtıcı heyvan] idi.
Dərisinin rəngi ağ, qırmızı, yaxud qara olmasından asılı olmayaraq bataqlıq və göllərin yanında yaşayan əhali bu heyvandan ehtiyat edirdi.
Hiss olunurdu ki, alliqator Sarı Cekin izləriylə gedirdi. O, çəmənliyi keçərək mulatın açdığı dəliyə tərəf irəliləyirdi. Alliqatorlar suda balıq kimi üzsə də, quruda çox yavaş gedirlər.
Mulatın qəribə rəftarı və arxasınca çəpəri açıq saxlaması onun alliqatordan xəbəri olmasına sübut idi. Ancaq Sarı Cekin onlardan birini necə tovlayıb öz arxasınca gətirə bilməsi mənim üçün əsl tapmaca idi.
Qarğıdalı tarlasının içi ilə gedən Sarı Cek dayandığım yerdən aydın görünürdü. O, cərgələrlə deyil, onların arası ilə çəpəki gedirdi. Belə etməsinin səbəbini heç cür anlaya bilmirdim. Ancaq mən tezliklə bu ziqzaqvari hərəkətin məqsədini anladım.
Yalnız indi mən it ulartısını xatırladan bir səs eşitdim. Əvvəlcə mənə elə gəldi ki, bu səsi çıxaran alliqatordur. Ancaq bu sürünənlər yalnız körpə vaxtı küçük kimi zingildəyir. Mulatın arxasınca sürünən alliqatorsa böyük idi. Bundan başqa, səs Sarı Cek tərəfdən gəlirdi. Deməli, onun arxasınca çəkib apardığı opossum deyil, it imiş.
Yenidən həmin səs gəldi və mulatın qarğıdalıların arasından çıxdığını gördüm. O, qarğıdalı sahəsindən çıxmazdan əvvəl dikəlib ətrafa göz gəzdirdi. Güman ki, kənardan görünməsini istəmirdi. Bunun səbəbi nə idi?
Qarğıdalı tarlasından sonra indiqo plantasiyası gəlirdi. Plantasiyada indiqonun hündürboy “yalançı Qvatemala” növü bitirdi. Onun arasında əyilərək gözə görünmədən getmək olar. Görünür, mulat da elə bu fikrə gəlmişdi. Bir qədər tərəddüddən sonra o, iməkləməyə başladı. Sarı Cek arabir dayanıb küçüyü özünə tərəf dartır, heyvansa ağrıdan zingildəyirdi.
Alliqator mulatdan cəmi əlli addım aralı idi və birdən mən hər şeyi başa düşdüm. Sən demə, mulat alliqatoru küçüklə tovlayırmış! Mən alliqator ovçularının özlərindən eşitmişdim ki, alliqatorlar zingildəyən itin arxasınca çox uzun məsafə qət etməyə hazırdırlar. Onların fikrincə, bu amansız canlılar it zingiltisini məmnuniyyətlə yedikləri balalarının səsinə bənzədirlər.
Belə çıxırdı ki, mulat hansısa məqsədlə alliqatoru evə tərəf aparırdı. Amma onun göstərdiyi səy tənbəl təbiəti ilə heç cür uyuşmurdu. Bəs o, alliqatorun köməyi ilə hansı şər işi törətmək istəyirdi? Axı quruda alliqatordan qorxan yoxdur. Burada o heç kim üçün təhlükəli deyil.
Portağallıq ilə böyük nohur arasında süni, tısbağaların süfrə üçün bəsləndiyi “tısbağa yuvası” adlanan kiçik bir nohur vardı. Sarı Cek onun yanından keçib böyük nohura yaxınlaşdı. Əvvəlcə evə tərəf, sonra isə hiss olunan bir məmnunluqla dönüb gəldiyi tərəfə baxdı və küçüyü suya tolazladı. Sonra portağallığa girib gözdən itdi.
Soyuq suya düşən küçük dayanmadan zingildəyir və var gücü ilə çapalayırdı. İt zingiltisinə gələn alliqator cəld suya atıldı və öz qorxunc dişləriylə qurbanını tutub bir andaca suyun altına çəkildi.
Virciniyanın xilası
Mən elə fikirləşirdim ki, mulatın niyyətinin üstünü açmışam. Nohur bacımın sevimli xırda bəzəkli balıqları ilə dolu idi. Balıq isə alliqatorların sevimli qidasıdır. Belə qorxunc bir yırtıcı bütün nohuru boşaldar və bu, balıqların yiyəsinə böyük kədər, Sarı Cekə isə fərəh bəxş edərdi. Ancaq sonra bəlli oldu ki, mən ancaq yarıyadək düz fikirləşmişəm. O zaman elə gənc və təcrübəsiz idim ki, insan kininin hansı həddə çata biləcəyindən xəbərsizdim.
Birdən ağlıma gəldi ki, tez evə gedib gördüklərimi xəbər verim. Amma elə bu an maral sürüsünün olduğum yerə lap yaxınlaşdığını gördüm. Qərara gəldim ki, evə əliboş qayıtmayım. Qayadan endim və itləri qayışdan açıb buraxdım. Özüm də qışqıraraq irəli yüyürdüm.
Marallar elə sürətlə qaçırdılar ki, itlərdən ən cəldi yalnız savannanın kənarında marallardan birinə çatıb onun boğazından yapışa bildi. Bu, qiyamət bir ov idi. Mən itlərdən, ovdan və şəxsi rəşadətimdən çox razı halda öldürülmüş dişi maralı çiynimə aşırdım və evə tələsdim. Elə bu an səmada iki böyük quşun uçduğunu gördüm. Onlar çalağan idi, özü də bu quş növünün ən gözəl nümayəndələri olan “Kral çalağanları”. Floridanın vəhşi savannalarında yaşayan bu quşların plantasiyanın üzərin- dən uçması qəribə idi. Mənə elə gəldi ki, onları çiynimdəki maral cəmdəyi cəlb edir, ona görə də cəmdəyi yerə qoyub özüm bir az aralıda ağacların arxasında gizləndim. Quşlar heç nədən şübhələnmədən aşağı enməyə başladılar. Onlardan birinin ayağı yerə dəyər-dəyməz atəş açdım və quş cansız halda otların üstünə sərildi.
Ürəyim gizli bir fərəhlə döyünürdü. Maralı da, quşu da çiynimə aşırıb evə sarı tələsdim. Elə xoşbəxt idim ki, yüküm mənə bir qu tükü kimi yüngül gəlirdi. Evə çatanda məni eyvanda dayanmış anam qarşıladı.
– Bu nə quşdur? – o soruşdu.
– Kral çalağanıdır. Virciniya üçün hədiyyədir. Hanı o?..
– Bir az bağda oynayıb getdi.
– Bəs indi haradadır?
– Çimməyə getdi.
– Çimməyə?
– Hə, Viola ilə getdi. Nə olub ki?
– Ah, ana, ah!
– Corc, nə olub?
– Aman Tanrım! Alliqator! Sarı Cek! Alliqator!
Mən bircə bunları deyə bildim. Nohura tərəf əyri-üyrü cığırla deyil, bütün maneələri hoppanıb keçərək ən qısa yolla qaçırdım. Arxadan anamın ümidsizliklə dolu fəryadı eşidildi. Mənimsə diqqətim nohurdan gələn səslərdə idi. Budur, suyun şappıltısını və onun gülüşünü eşidirəm. O, cingiltili səslə gülür. Tanrıya şükür! Bacım salamatdır!
– Virciniya! Virciniya!
– Məni çağıran kimdir? Corc, sənsən?
– Bacı, tez sudan çıx!
– Nə üçün? Mən hələ bir az üzəcəyəm.
Yenidən suyun şappıltısı və bacımla qulluqçusunun şən gülüşləri eşidildi. Lakin səslər qəflətən kəsildi, ardınca isə çarəsiz bir qışqırıq eşidildi.
– Viola, bax! Aman Allah, o, bura üzür! Köməyə gəlin! Corc, kömək et! Xilas et, xilas et məni!
– Gəlirəm, bacı, gəlirəm!
İldırım sürətiylə məni nohurdan ayıran kolluğa atıldım. Tüfəngimi götürüb nişan aldım. Alliqatorun bədənində yalnız iki zəif yer var – göz və sol qolun altı, ürəyə yaxın yer. Mən onun gözünü nişan alsam da, güllə çiyninə dəyib sərt pullu dəridən geri sıçradı. Ona atılan güllədən lap qəzəblənən alliqator enli quyruğunu suya çırparaq irəli atıldı. Onun nəhəng çənəsi açıldı və bacımın paltarının ətəyi vəhşinin dəhşətli cəhənginə keçdi. Özümü suya atdım və Virciniyanı lap vaxtında – alliqator onu suyun altına çəkmək istəyəndə tuta bildim. Mən vəhşini qorxutmaq və qənimətini buraxmağa vadar etmək ümidiylə var gücümlə qışqırırdım. Ancaq o öz qurbanını möhkəm tutub saxlayırdı.
Virciniyanı dartıb çıxarmağa gücüm yetmirdi. Anladım ki, alliqator hər ikimizi suyun altına çəkib tikə-tikə edəcək!
Qəfildən kimsə nohura tullandı. Onun uzun qara saçları və qarabuğdayı çöhrəsi vardı. O bizə yaxınlaşırdı. Bir kəlmə də demədən bu adam bir əlini alliqatorun çiyninə söykəyib onun belinə tullandı. Oğlanın əlində bıçaq parladı və onun tiyəsi alliqatorun gözünə sancıldı. Yırtıcı bacımı buraxaraq ağrıdan nərildədi və belindəki oğlanla suyun dibinə cumdu. Mənsə sahilə çıxaraq huşunu itirmiş Virciniyanı otların üstünə uzatdım.
Metis[8 - Metis − hindularla ağdərililərin nikahı nəticəsində yaranmış qarışıq irqin ümumi adı]
Hadisədən xəbər tutan kimi hamı özünü nohura yetirdi. Nəfəsi kəsilmiş alliqator sahilə çıxarıldı. Hamı alliqatorun çaydan gəlib nohura necə girdiyini düşünürdü. Yaramaz Sarə Cekin heç ağlına da gəlmirdi ki, onun sirri faş olub! Onun yaramazlığından yalnız mənim xəbərdar olduğumu düşünsəm də, bu belə deyildi.
Biz hamımız bacımı xilas eləyən oğlana təşəkkür edirdik. Virciniya da özünə gəlib ona minnətdarlığını bildirdi. Amma o susurdu. Yaşına görə hələ uşaq olsa da, özünü kişitək ciddi tuturdu.
Qartal burnu ona məxsusi bir yaraşıq verir, ağ irqin qan qarışığı isə onun sifət cizgilərini bir qədər mülayimləşdirirdi. Qara saçları hindularda olduğundan daha qəşəng idi. Əynində qırmızı mahuddan şalvar, ala-bəzək parçadan köynək vardı. Mokasinləri[9 - Mokasin − maral dərisindən düzəldilmiş ayaq geyimi] aşılanmış maral dərisindən idi. Başında isə üç kərkəs lələyi ilə bəzədilmiş sarğı vardı.
– Yaralanmamısınız ki? – mən ondan soruşdum.
– Xeyr. Qətiyyən.
– Siz başdan-ayağa islanmısınız. Mənə elə gəlir ki, paltarlarım sizin əyninizə gələr.
– Minnətdaram. Mən sizin geyimlərə öyrəşməmişəm. Paltarlarımı günəş əynimdəcə qurudacaq.
– Onda bizə gedib nahar edək.
– Sağ olun, az öncə yemişəm.
– Bəlkə, könlünüz şərab istəyər?
– Yox, sağ olun. Mən yalnız su içirəm.
Yeni tanışıma nə deyəcəyimi bilmirdim. O, təkliflərimdən imtina etsə də, məndən ayrılıb getmək istəyini də göstərmirdi. Bəs o nə gözləyirdi? Mükafatmı? Tez cibimdən pul kisəmi çıxarıb onun ovcuna qoydum. O, böyük narazılıqla dollarları suya fırladaraq:
– Mən sizdən pul istəməmişdim, – dedi.
Mən incidim, amma daha çox vicdan əzabı çəkdim. Tez nohura baş vurub əlimdən oraya düşmüş tüfəngi tapdım və onu metisə verdim. O gülümsədi və suyun dibinə baş vuraraq pul kisəmi tapıb gətirdi.
– Bu, qiyamət hədiyyədir, – deyə o, tüfəngi gözdən keçirə-keçirə dilləndi. – İndi biz hindularda, ağların dəyərləndirdiyi çox şey tapa bilməzsən, torpaqlarımızdan başqa! (O bunu xüsusi vurğu ilə dedi.) Bəlkə, siz patrondaş və mokasin götürəsiniz? Mayumi onları qiyamət düzəldir.
– Mayumi?
– Bacımı deyirəm. Mokasinlərdə ov etmək sizin geydiyiniz çəkmələrdə olduğundan qat-qat rahatdır.
“Mayumi! – öz-özümə dedim. – Füsunkar, naməlum ad! Doğrudanmı, bu, odur?”
Bir dəfə meşə cığırında qarşılaşdığım olduqca gözəl qız yadıma düşdü. Mən onu çiçəklərin açdığı yaşıl çəməndə gördüm. Ona baxmağa heç macal tapmamış yox oldu. Ancaq o zamandan bəri bu füsunkar xəyal arzularıma hakim kəsildi. Görəsən, həmin qız bu oğlanın bacısı idi?
– Sizin adınız nədir? – mən soruşdum.
– Ağlar məni mərhum atamın adı ilə – Pauel deyə çağırırlar. Atam ağ idi. Anam sağdır. Getmək vaxtıdır. Ancaq öncə sizə bir sual verməyimə icazə verin. Qullarınızın arasında ailənizə ədavət bəsləyən bədniyyət biri ola bilərmi?
– Deyəsən, beləsi var. Hər halda, ondan şübhələnmək üçün səbəblərim mövcuddur.
– Onun izlərini tanıya bilərsinizmi?
– Düşünürəm ki, tanıyaram.
– Onda mənimlə gedək!
– Ehtiyac yoxdur. Mən hər şeyi bilirəm. O, bacımı tələf etmək üçün alliqatoru buraya tovlayıb gətirib.
– Bunu necə bildiniz?