banner banner banner
Oseola-seminolların başçısı
Oseola-seminolların başçısı
Оценить:
Рейтинг: 0

Полная версия:

Oseola-seminolların başçısı

скачать книгу бесплатно

– Mən bax o qayanın arxasından hər şeyi gördüm. Bəs siz necə öyrəndiniz?

– Bataqlıqda ov edərkən izləri gördüm. İzlərdən şübhələndim və əkin yerini keçərək pöhrəliyə çatdım. Sizi nohurda gördüm. Demə, özümü vaxtında yetiribmişəm.

– Bəli, ən son anda, yoxsa yaramaz öz niyyətinə çatacaqdı. Ancaq o, cəzasını alacaq!

Sonra biz bir-birimizin əlini sıxıb sağollaşdıq.

Qəzəbdən od tutub yanırdım. Mənim zavallı, məsum bacım! Ona ziyan verməyə çalışan cinayətkar cəzasını yubanmadan almalıdır!

Lakin mən bilirdim ki, bu məsələni həll etmək atamın səlahiyyətində deyil. Bu cinayətin həlli ilə daha tələbkar hakimlər məşğul olmalıdırlar.

Evə yaxınlaşaraq atamı və qullara nəzarət edən adamı böyük talvarın altında gördüm. Alliqator ovçusu qoca Hikmen və bir neçə qonşu da burada idi. Mən səhər baş verənləri onlara danışdım. Təəccübdən hamı ildırım vurmuş kimi quruyub qalmışdı. Mənim dediklərimi təsdiqləyən və əlavələr edən şahid də tapıldı. Bu, Qara Cek idi.

Bu səhər o, Sarı Cekin uca palıdlardan birinə dırmaşdığını görmüşdü. Bu, məhz bacımla qulluqçusunun nohu-ra yollandıqları vaxt olmuşdu. Zənci ondan ağaca dır- maşmasının səbəbini soruşduqda o, ağaca qoza yığmaq üçün çıxdığını bildirmişdi. Halbuki ağacdan enəndə onun əlində bir dənə də olsun qoza yox imiş.

Bizim danışdıqlarımız hamını həyəcana gətirdi. Hər tərəfdən qışqırıqlar ucalırdı: “Hanı Sarı Cek?”

Onu portağallıqda və nohurun ətrafında axtarmağa başladılar. Ancaq hədər yerə. Sanki yer ayrılıb mulatı udmuşdu. Onda mənim ağlıma gəldi ki, qayaya dırmaşıb ətrafa göz gəzdirim. Qayaya çıxan kimi mən Sarı Cekin indiqo plantasiyası ilə sürünərək qaçmağa çalışdığını gördüm. Qayadan hoppanıb birbaşa təqibə atıldım. Onun meşədə gizlənməsinin qarşısını almaq üçün var gücümlə qaçırdım. Düz meşənin kənarında onun yolunu kəsərək gödəkçəsindən tutmağa müvəffəq oldum.

Qulların mənə tabe olmalarına adət etdiyim üçün onun itaətlə dayanacağını güman edirdim. Amma o dartınaraq əlimdən çıxdı, geri çevrilib bıçaq çıxardı və ürəyimi nişan alsa da, bıçaq özümdən asılı olmadan qaldırdığım əlimə sancıldı. Əgər Qara Cek vaxtında gəlib çatmasaydı, onu ikinci dəfə mənə saplayacaqdı. Qara Cek rəqibini möhkəmcə sıxıb saxladı və digərləri gəlib çıxanadək buraxmadı. Tezliklə mulatı möhkəm qayışlarla sarıdılar və o, köməksiz halda qarşımızda sərilib qalmışdı.

Amansız qərar

Bütün bu hadisələr evimizin hüdudlarından kənarda da böyük həyəcan doğurdu. Bizdə baş verənlər haqda xəbər inanılmaz sürətlə yayıldı və təxminən bir saat ərzində, demək olar ki, qəsəbənin bütün sakinləri bizə gəlib çıxdı.

Hər şey bəlli idi, günah sübuta yetirilmişdi. Mulat sahiblərinin həyatına qəsd etmişdi. Deməli, ölüm cəzasına layiq idi. Əksəriyyət canini diri-diri yandırmaq təklifini bəyəndi. Bu amansız qərara hakim də qoşuldu.

Atam hökmü yüngülləşdirməyi – heç olmasa, cinayətkara əzab verməməyi xahiş etdi. Ancaq hakimlər öz qərarlarında qəti idilər. Belə olduqda atam edamda iştirak etməkdən boyun qaçırdı. Bizim ailəmizdən bircə mən camaatın arxasınca gedirdim. Mulat məni gördü və məni yaralaması ilə öyünməyə başladı.

Edam yerinə yaxınlaşdıqda izdihamın arasından gülüş və zarafat səsləri eşidilir, kölələrə qarşı nifrət sədaları yüksəlirdi. Öz ailəsinin ən pis xüsusiyyətlərini irsən əxz edən azğın, amansız yeniyetmə Rinqold bu işdə xüsusi canfəşanlıq edirdi.

Onun bacımdan xoşu gəldiyini bilirdim. Atası qəsəbənin ən varlı plantatoru[10 - Plantator − böyük torpaq sahələri və qulları olan adam] idi və Rinqold özünü hər yerdə istəkli qonaq sayırdı. O, nə qəşəngliyi, nə də nəcibliyi ilə fərqlənirdi. Rinqoldun xasiyyəti xoşuma gəlmirdi. Amma evdə onu gülərüzlə qarşılayırdılar. Gözlərimizin qızıl parıltısından qamaşması adi bir haldır…

Rinqold mulatın öldürülməsini inadla tələb edənlərdən idi. Bu onun nə qədər qəddar olduğunu göstərirdi.

Gənc metis Pauel də burada idi. O, izdihamın arasında olsa da, heç nədə iştirak etmirdi. Rinqold hindunu görən kimi üzündə qəribə bir ifadə yarandı. Bu, minnətdarlıq duyğusu deyildi, əksinə, onun dodağında həqarətli bir təbəssüm oynadı.

– Ey! Qırmızıdərili! – o qışqırdı. – Sən bu işə qol qoymamısan ki? Eşidirsən, qırmızıdərili, səninləyəm!

– Mənə qırmızıdərili deyirsən? – metis ona sataşana məğrur bir baxış fırladaraq hiddətlə səsləndi. – Hər halda, mənim dərimin rəngi sizinkindən yaxşıdır, qorxaq müqəvva!

– Təkrar et, görüm nə dedin!

– Meyliniz çəkirsə, buyurun: qorxaq müqəvva! – metis son sözləri xüsusi vurğuyla dedi.

Bu an Rinqold ona atəş açdı, ancaq güllə yan keçdi. Rəqiblər əlbəyaxa oldular və metis onu yerə yıxdı. Metisin əlində bıçaq parladı və kimsə bıçağı vurub onun əlindən yerə salmasaydı, Rinqold o biri dünyaya yollanacaqdı. Meydandakılar onları bir-birindən ayırdılar.

Birdən kimsə qışqırdı:

– Sarı Cek qaçdı!

Mulat, həqiqətən də, qaçmışdı. Pauelin əlindən kiminsə vurub saldığı bıçaq onun ayaqları yanına düşmüş, o isə bundan məharətlə istifadə edərək ipləri kəsmişdi.

Onun ardınca tapança və tüfənglərdən atəş açılsa da, tüstü çəkiləndə biz mulatın göldə üzdüyünü gördük. Ona tərəf yenə də güllə atılırdı, ancaq güllələrdən heç biri ona çatmırdı.

Mulatın suya atılmasının səbəbi aydın idi. Əgər o, çöllüklə qaçmağa cəhd etsəydi, ya itlərin qənimətinə çevriləcək, ya da daha cəld qaçanlar tərəfindən yaxalanacaqdı. Suda isə onunla bəhsə girə bilənlərin sayı çox deyildi.

Amma yenə də adamlar onu təqib etməkdən əl çəkmirdilər. Lakin nə seyrçilər, nə izləyənlər təqibin nə ilə bitəcəyini ağıllarına belə gətirmirdilər. Heç mulat özü də onu necə qorxunc təhlükənin gözlədiyini xəyal etmirdi. Adanın sahilindəki ağacların kölgəsi artıq onun üzərinə düşürdü və biz onun hər an meşəyə girərək gözdən itəcəyini güman edirdik. Amma o, birdən kəskin şəkildə döndü və sahilboyu üzdü. Biz onun nədən belə etdiyini anlamadıq. O, sahilə çıxmaq istəsəydi, ağac budağından tutub çıxardı. Ancaq bizim çaşqınlığımıza tezliklə son qoyuldu: sən demə, suda üzən tutqun cisim heç də ağac gövdəsi deyil, alliqator imiş. Bu mənzərə qarşısında hamı tutulub qaldı. Yalnız mulat öz həyatını qurtarmaq məqsədilə bütün gücünü sərf edərək üzürdü.

Həmin an mən mulatın cinayətlərini unutmuşdum – az qala ona ürəyim yanırdı. O, ağac budağından yapışaraq sudan çıxmağa və alliqatordan canını qurtarmağa çalışırdı. Lakin insan çəkisinə tab gətirməyən budaq sındı. Mulat, arxasınca da alliqator cəhəngi aralanmış şəkildə suyun dibinə getdilər.

Biz nəfəsimizi qısaraq bu səhnəni izləyirdik. Sudakı ən kiçik ləpə belə gözümüzdən yayınmırdı. Onun dərinliklərində nə adamdan, nə də yırtıcıdan əsər-əlamət görünürdü. Tezliklə gölün səthi hamar və sakit bir şəkil aldı.

Adamlar bütün adanı axtardılar, ancaq mulatın heç bir izinə rast gəlinmədi. Əvəzində suda qırmızı köpük tapdılar və bunun mulatın qanı olduğunu qət etdilər.

Rinqoldun qisası

Mulatın ölümü dəhşətli olsa da, insanların ona kəsdikləri cəza daha dəhşətli idi. Göylər cəzanı yüngülləşdirərək ona qarşı yerli hakimlərdən daha mərhəmətli oldu.

Camaat dağılışanda mən hindunu axtarmağa başladım. Amma o, deyəsən, getmişdi. Rinqold kinli adam idi. Onun qisas almaq istəyinə düşəcəyini bilirdim. Düşündüm ki, Rinqolda onun davranışını təqdir etmədiyimi deyim. Lakin onu tapa bilmədikdə qoca Hikmenə yaxınlaşıb:

– Siz Arens Rinqoldu görməmisiniz? – soruşdum.

– Elə indicə getdi.

– Hansı istiqamətdə?

– Çayla üzüyuxarı. Bill Uilyams və Ned Spenslə.

– Atınızı mənə bircə saatlığa verərsinizmi?

– Yabımı? Məmnuniyyətlə! İstəyirsinizsə, bir günlüyə götürün. Ancaq siz yaralı əlinizlə necə gedəcəksiniz?

– Eyib etməz! Bircə yəhərə minməyimə yardım edin.

Onların hindunun ardınca pis niyyətlə çapdıqlarını təxmin edirdim. Çaya yaxınlaşdıqda təxminlərimin əsassız olmadığına əmin oldum. Pauelin üstündə silah olmadığı üçün üç nəfərə müqavimət göstərə bilməmişdi. Onlarsa onun köynəyini çıxarıb özünü ağaca sarımışdılar. Öz yığılıb qalmış qəzəblərini boşaltmaq üçün onlar onun çılpaq kürəyini qamçılamağa hazırlaşırdılar.

– Utanın, Arens Rinqold! – qışqıraraq onlara yaxınlaşdım. – Xəcalət çəkin! Bu, əclaflıqdır.

– Lənətə gəlmiş hindu buna layiqdir! – Uilyams mızıldandı.

– Nəyə görə, mister Uilyams?

– Ona görə ki, bu həyasız ağ adamlara hücum çəkmək kimi bir yekəbaşlıq edib.

– Onun burada nə işi var? – Spens işə qarışdı. – Hansı haqla çayın bu sahilində veyillənir?

– Sizin mənə toxunmaq hüququnuz olmadığı kimi, eynilə onu da nə bu, nə də o biri sahildə incitmək kimi bir haqqınız yoxdur.

– Ha-ha-ha! Biz elə sizin də öhdənizdən gələrik!

– Amma bu elə də asan olmayacaq!

Sağ əlim zədəsizdi. Məsələnin gərginləşəcəyini güman edərək Hikmenin tapançasını da almışdım və indi onu qaldıraraq nişan aldım.

Rinqold yaxşı bilirdi ki, mənimlə arası dəyərsə, daha evimə gələ və bacımı görə bilməyəcək. Ona görə də geri çəkildi. Dostları ilə o, kin-küdurətdən alışaraq döyüş meydanını biabırçılıqla tərk etdilər.

Hindunu azad edən kimi o dedi:

– Nə vaxt istəsəniz, çayın o biri sahilinə gələ bilərsiniz. Heç bir hindu sizə toxunmaz. Siz həmişə bizim yerlərin ən əziz qonağı olacaqsınız!

Mayumi

Mən onun dəvətini qəbul edib meşədəki evinə getmək qərarına gəldim. Səfərimi ecazkar və aydın bir səhərə təyin etdim. Özümlə it və tüfəng götürərək yola hazırlaşdım. Qayığa əyləşib sahildən aralanmaq istəyirdim ki, bacımın səsini eşitdim.

– Corc, hara gedirsən?

– Bilmək istəyirsən, Virciniya?

– Hə, mənə de, ya da məni özünlə götür!

– Necə? Səni meşəyə götürüm?

– Niyə də yox? Çoxdandır ki, meşədə olmamışam.

– Virciniya, başqa vaxt, bircə bu gün yox!

– Nədən bu gün yox?

– Pauelin yanına gedirəm. Ona baş çəkəcəyimə söz vermişdim.

– Gör sənə nə deyirəm, qardaşım! Dünyada hər şeydən çox, hindu komasına baxmaq istərdim. Məni də apar.

– Yaxşı, əgər anam icazə versə…

– Eybi yox, Corc, anam acıqlanmaz. Bir də evə niyə qayıdım axı? Görürsən, mən hazıram.

– Yaxşı, bacı, arxa tərəfdə otur. Yola düşürük!

Biz qarşı sahilə yaxınlaşanda hasar və kiçik evlər ilə dövrələnən yetərincə böyük bir ev ucalırdı. Tarlalarda qullar – zəncilər və hindular çalışırdılar.

– Bəs dostumuzun koması haradadır? O demişdi ki, yaşadığı koma çayın sahilindədir.

– Bəs bu artırmada dayanan kimdir belə?

– Sən məndən yaxşı görürmüşsən! Bu, Paueldir! Ancaq ola bilməz ki, o, burada yaşasın… Bəyəm bu, komadır? O, yəqin, buraya qonaq gəlib. Bir bax, bizə tərəf gəlir!

O bizi qarşılayıb evə dəvət etdi.

– Bu sizin evdir? – bir qədər sıxıla-sıxıla soruşdum.

– Bəli.

– Bəs bunlar kimdir? – işçiləri göstərib soruşdum.

– Qullarımız.

– Məgər zəncilərlə bərabər, hindular da quldur?

– Hə, elə bütün qalanları kimi.

Biz evə yaxınlaşdıq və qapıda bizi onun əsl hindu qadın olan anası qarşıladı.

– Yaxşı ki, siz gəldiniz! – gənc səsləndi. – Sizin mokasinlər artıq hazırdır… Ana, onlar hanı?.. Bəs Mayumi hanı?

Bax bu da o! Naxışlı mokasinlərdə kiçicik ayaqlar, incə, mükəmməl qamət, şəffaf dərisi olan tunc rəngli çöhrə, al yanaqlar, al-qırmızı dodaqlar, yuxarı qatlanmış uzunkirpikli qara gözlər, sıx qaşlar və qara saçlar…

Mənim zavallı qəlbim! Mayumi – mənim meşə ilahəm!..

Biz orada bir saata yaxın qaldıq. Mən bu qısa zamanda mənən böyüdüm. Geri dönərkən avarları çəkən zaman hiss etdim ki, ürəyim orada, arxada qalıb…

Ada

Mənim Pauel ilə tanışlığım get-gedə dostluğa çevrildi. Biz tez-tez meşədə və göldə görüşür, ov edirdik. Dostum artıq təcrübəli ovçu idi və mən ondan meşənin sirlərini öyrənirdim. Virciniya isə Mayumi ilə dostlaşmışdı.

Göldə gözəl bir ada vardı. Kifayət qədər böyük olan bu adanın ortası dərə-təpəli idi və hər tərəfi həmişəyaşıl ağaclarla doluydu. Bu qəribə ada bizim evlərimiz arasındakı yolun lap yaxınlığında yerləşirdi. Biz Pauel ilə çox vaxt burada görüşür və ov edirdik. Ancaq məni ovdan çox Mayuminin yanında olmaq maraqlandırırdı. Onun yanında oturmaq, onu dinləmək, ona baxmaq – mən öz sevgimi yalnız bu cür büruzə verirdim. Biz Mayumi ilə bu haqda danışmamışdıq və mən sevilib-sevilmədiyimi bilmirdim.

Bir də mənə elə gəlirdi ki, Virciniya Pauelə bənd olub və bu mənim əhvalımı pozurdu. Mən hiss edirdim ki, hindularla dostluq etməkdə yaxşı iş tutmuruq.

İş elə gətirdi ki, bizim dostluğumuz tamamilə gözlənilmədən qırıldı.

Nə bacım, nə də mən dostluğumuz haqqında valideynlərimizə bir söz demişdik. Ancaq onu gizlətmək üçün də hansısa hiyləyə əl atmamışdıq.

Bir dəfə biz hamımız dördlükdə adada idik. Pauel və mən ovdan sonra bacılarımızın yanına qayıtmışdıq. Biz söhbət edərkən itlər gözlənilmədən sıçrayıb cəngəlliyə tərəf atıldılar. Ancaq az keçməmiş quyruqlarını bulaya-bulaya geri döndülər. Deməli, gələnlər onlara tanış idi.

Ağacların arasından anam və atam göründülər. Onları görən kimi Virciniya və mən qorxu içində sıçrayıb ayağa qalxdıq. Şübhəsiz ki, biz düz hərəkət etmədiyimizi anlayırdıq. İlk olaraq anam bizə yaxınlaşdı.

– Bu nə deməkdir? – o ucadan səsləndi. – Mənim uşaqlarım hindularla oturub-durur!

Pauel ayağa durdu, mənim valideynlərimə qürurla baxaraq başının hərəkəti ilə bacısına arxasınca gəlməyi əmr etdi və onunla birlikdə uzaqlaşdı.

Atamgilin qayığında avar çəkən zəncilərdən başqa, ata və oğul – Rinqoldlar da vardı. Virciniya valideynlərimlə birgə getdi, mən isə evə öz qayığımla tək qayıtdım. Mən yola düşərkən dönüb geri baxdım. Hindu ilə bacısının da mənə baxdıqlarını gördüm, ancaq onlarla açıq-aşkar xudahafizləşə bilmədim.

Artıq üç gündən sonra məni Uest-Poynta – hərbi məktəbə, Virciniyanı da qadın məktəblərindən birinə göndərdilər. Biz çox uzun zaman sonra doğma Çiçəklər diyarımızı görə bildik.

Uest-Poynt

Uest-Poyntdakı hərbi məktəb Birləşmiş Ştatlardakı ən yaxşı tədris müəssisələrindən biridir. Bu məktəbdə oxuyanlar həqiqi biliklər alırlar. Uest-Poyntda pis oxuyanlar və kütbeyinlər yoxdur. Prezidentin oğlu belə pis oxusaydı, o, məktəbdən xaric olunardı. Mən də bu qorxu altında istər-istəməz yaxşı oxudum və kadetlərin[11 - Kadetlər − hərbi məktəbin yetirmələri] ön sıralarında yer aldım.