banner banner banner
On zənci balası
On zənci balası
Оценить:
Рейтинг: 0

Полная версия:

On zənci balası

скачать книгу бесплатно

On zənci balası
Aqata Kristi

Dünya ədəbiyyatından seçmələr
Bu əsər qeyri-adi süjet xəttinə və gözlənilməz sonluğa malikdir. Bir-birini tanımayan on nəfər yay tətilini keçirmək məqsədilə gəldikləri Zənci adasında qeyri-adi, qorxunc hadisələrin iştirakçısına çevrilirlər…

Aqata Kristi

On zənci balası

© «Altun kitab» MMC – 2020

1

Yenicə təqaüdə çıxmış hakim Uorqreyv əlindəki qəzeti bir kənara qoyub vaqonun pəncərəsinə yaxınlaşdı. Onun sərnişini olduğu qatar indi Somersetdən[1 - Somerset – İngiltərənin cənub-şərqində qraflıq] keçirdi, deməli, mənzilbaşına çatmasına hələ iki saat vardı.

Uorqreyv qəzetlərdən Zənci adası[2 - Əslində, dünyada belə bir ada mövcud deyil, bu yer adı yazıçı təxəyyülünün məhsuludur.] haqqında oxuduqlarını yadına salmağa çalışdı. Bu adanı əvvəl yaxta[3 - Yaxta – idman, yaxud turizm (gəzinti) məqsədlərinə xidmət edən yelkənli, motorlu və ya buxarla işləyən qayıq, gəmi] həvəskarı olan bir amerikalı milyonçu almış, ləpədöyəndə müasir üslubda dəbdəbəli ev də tikdirmişdi. Lakin milyonçunun üçüncü arvadı (onunla təzəcə evlənmişdi) dənizi sevmədiyindən adanı satışa çıxarmışdı. Sonra ada cənab Onim adlı birinin əlinə keçmişdi. Bu xəbər çıxar-çıxmaz qəzetlərdə Zənci adasının yeni sahibi ilə bağlı şayiələr baş alıb getmişdi. Məsələn, bir qəzet yazırdı ki, guya adanın əsl sahibi cənab Onim deyil, məşhur kino aktrisası Qabriella Terldir. Adanı da ona görə alıb ki, orada bir neçə ay jurnalistlərin gözündən iraq, sakit şəraitdə yaşasın. Başqa bir qəzet isə yazırdı ki, Zənci adasını İngiltərə Admirallıq Dairəsi satın alıb, məqsəd də orada hansısa gizli təcrübələr aparmaqdır. Xülasə, elə gün olmurdu ki, qəzetlər bu ada haqqında nəsə yazmasın…

Hakim Uorqreyv cibindən bir məktub çıxardı. Məktub elə pis xətlə yazılmışdı ki, bəzi yerlərini, ümumiyyətlə, oxumaq mümkün deyildi:

«Əziz Lorens… Nə vaxtdır ki siz… xəbər-ətər yox… Zənci adasına mütləq baş çəkməli… Çox gözəl yer… Danışılası çox söz… Köhnə əyyamlarda oldu… kimi günəşdə qaralıb, gözəl təbiət mənzərə…

… Paddinqton vağzalından 12:40… Oukbricdə qarşılayaca…

    İmza: Sizin Konstansiya Kalminqton»

Uorqreyv axırıncı dəfə ledi[4 - Ledi – əsil-nəcabətli xanım (ing.)] Kalminqtonu nə vaxt gördüyünü yadına salmağa çalışdı. Gərək ki, 7–8 il bundan əvvəl idi. Həmin vaxt Konstansiya dincəlmək üçün İtaliyaya getmişdi. Sonra onun Suriyaya yollandığını eşitdi.

– Zənci adasını satın almaq… – o öz-özünə mızıldandı. – Bu, Konstansiya Kalminqton kimi əsrarəngiz xanımdan tamamilə gözlənilən hərəkətdir.

Çox keçmədən hakimi yuxu tutdu…

* * *

Eyni qatarın başqa bir vaqonunda yol gedən Vera Kleytorn başını arxaya söykəyib gözlərini yummuşdu. Ondan başqa həmin vaqonda daha beş sərnişin vardı.

«Bu bürküdə qatarda yol getmək lap zəhlətökəndir», – qız fikrindən keçirdi.

Təzəlikcə ona bir məktub gəlmişdi:

«Sizi «Bacarıqlı xanımlar» agentliyindən tövsiyə eləyiblər. Nə qədər donluq[5 - Donluq – məvacib, maaş]istədiyinizi bildirin, mən əvvəlcədən bütün şərtlərə razıyam. Ümid eləyirəm ki, avqustun 8-də işə başlaya bilərsiniz. Qatar saat 12:40-da Paddinqton vağzalından yola düşür. Sizi Oukbric stansiyasında qarşılayacaqlar. Yol xərci üçün 5 funt-sterlinq[6 - Funt-sterlinq – Böyük Britaniyada pul vahidi]göndərirəm.

    Hörmətlə: Anna Nensi Onim»

Məktubun üstündəki ünvan belə idi: Devon[7 - Devon – İngiltərənin cənub-şərqində qraflıq], Stiklhevn, Zənci adası.

– «Nə isə, axır vaxtlar qəzetlər bu adadan çox yazır… – qız yenə fikrə qərq olmuşdu. – Düzdür, müxbirlərin sözünə bel bağlamaq olmaz, lakin oradakı evi hansısa milyonçu tikdiribsə, deməli, rahatlığı da, səliqə-sahmanı da yerindədir!»

Yorucu semestr imtahanları yenicə başa çatmışdı. Məktəblərin birində bədən tərbiyəsi müəllimi işləyən Vera bir tərəfdən yay tətilində əlavə iş tapdığına görə sevinsə də, digər tərəfdən tərəddüd içində idi.

– «Allah bilir, necə işdir! Ah, bircə daha sanballı məktəbdə işə düzəlsəydim! – qız fikirləşirdi. Birdən yadına nəsə düşdü, ürəyi sıxıldı. – Yenə də bəxtim gətirdi. Günahsız olsam belə, hələ də istintaq altındayam, üstümdəki ləkə təmizlənməyib. Odur ki bu işi tapmağın özü də böyük şansdır!»

Vera başına gələnləri yadına saldı. «Xoşbəxtlikdən istintaq prosesi yaxşı keçdi. Missis Hamilton da mənə xeyirxahlıqla yanaşdı. Bircə Hüqo… Yox, yox, Hüqo haqqında fikirləşməyəcəyəm!»

Hava çox isti olsa da, qızın bədənindən soyuq gizilti keçdi. Gözlərinin qarşısında həyatı boyu unuda bilməyəcəyi mənzərə canlandı: Balaca Siril qayalıqlara tərəf üzür, gah suda görünməz olur, gah da üzə çıxır. Batır, çıxır, batır, çıxır… O isə dalğaları yararaq Sirilə tərəf üzür, üzür… Lakin ona çatmayacağını bilir…

İlıq, mavi dalğalar, isti qumun üstündə keçən saatlar və Hüqo… Deyir ki, onu çox sevir… Yox, Hüqo haqqında fikirləşməyəcək!

Qız gözlərini açdı və onunla üzbəüz oturmuş cənaba narazı nəzərlərlə baxdı. Cüssəli kişi idi, dərisi günəşdən qapqara qaralmışdı, açıqrəngli gözləri vardı, ağzının kənarlarındakı xətlər üzünə qəddar adamlara xas ifadə verirdi.

«Mərc gələrəm ki, bu adam bütün dünyanı gəzib, ən qəribə hadisələrə şahid olub», – Vera fikrindən keçirdi.

* * *

Filip Lombard da onunla üzbəüz əyləşmiş xanıma ötəri nəzər saldı.

«Qəşəng qızdır, deyəsən, müəllimdir, getdiyim yerə onu da özümlə apara bilsəm, əla olardı! – o, qızı altdan-altdan süzərək bu barədə fikirləşirdi. Sonra üz-gözünü turşudub öz-özünə mızıldandı: – Yox, yox, indi belə şeylərin vaxtı deyil, iş haqqında fikirləşmək lazımdır. Görəsən, necə işdir?»

Ona iş təklifini çatdıran balacaboy yəhudi bu barədə düz-əməlli bir söz deməmişdi.

– Özünüz bilərsiniz, kapitan Lombard. İstəmirsinizsə, razılaşmayın, – yalnız bunu söyləmişdi.

– Cəmi 100 gineya[8 - Gineya – Böyük Britaniyada pul vahidi, qızıl pul], hə? – Lombard səsinə süni laqeydlik qataraq soruşmuşdu. Halbuki axırıncı şillinqini[9 - Şillinq – funt-sterlinqin 1/20-nə bərabər pul vahidi] bir gün əvvəl yeməyə xərcləmişdi. – Heç olmasa, nə iş olduğunu deyin.

– Xeyr, cənab Lombard, bundan artıq bir kəlmə də deyə bilmərəm, – yəhudi Ayzek Morris başını bulamışdı. – Müştərimin tapşırığı belədir ki, 100 gineyanı sizə çatdırım, əvəzində də siz Stiklhevnə gələsiniz. Ora ən yaxın qatar stansiyası Oukbricdir. Stansiyada sizi qarşılayıb maşınla Stiklhevnə aparacaqlar. Sonra isə oradan gəmi ilə düz Zənci adasına! Adaya çatan kimi işə başlayacaqsınız.

– Bəs iş uzun çəkəcək?

– Uzağı bir həftə.

– Yəqin, bilirsiniz də, mən qeyri-qanuni işlərə baş qoşmuram, – cənab Lombard bığını qaşıyıb demişdi. O bu sözləri söyləyərkən diqqətlə həmsöhbətinin üzünə baxmışdı.

– Əgər sizə qeyri-qanuni bir iş təklif olunsa, aydın məsələdir ki, etiraz eləməyə haqqınız var, – Morris bunu deyib istehzalı şəkildə gülümsünmüşdü.

«Tülkü! – Lombard ürəyindən keçirmişdi. – Mənə eyham vurur, yəqin, keçmişdə qanunlara çox da əməl etmədiyimdən xəbərdardır».

* * *

Yenə həmin qatarda, siqaret çəkilməyən vaqonda yol gedən Emili Brentin altmış beş yaşı olsa da, qaməti hələ əyilməmişdi. Qadın yerində dimdik oturmuşdu, elə bil oxlov udmuşdu. Polkovnik qızı idi, atası dönə-dönə təkrarlayardı ki, qaməti şax saxlamaq çox vacib məsələdir. O da bu sözləri, necə deyərlər, sırğa eləyib qulaqlarından asmışdı.

Çətinliyə alışmış Emili Brent başqaları kimi vaqondakı bürküdən, skamyaların narahatlığından gileylənmirdi.

– Lap ağ eləyiblər! Yumşaq kresloda oturub, üstəlik, bellərinə da döşəkçə qoyurlar, – qadın öz-özünə deyinirdi. – Hələ qızları demirəm, çoxunun üzündə su qalmayıb! Çimərlikdə az qala çılpaq gəzirlər! Çimərlik demişkən keçən yayı heç yadıma salmaq istəmirəm! Yox, yox, bu il hər şey başqa cür olacaq. Zənci adasında yaxşıca dincələrəm…

Qadın bu günlərdə aldığı məktubu dəfələrlə oxuduğundan artıq əzbərləmişdi:

«Əziz miss Brent! Ümid eləyirəm ki, məni xatırlayırsınız. Bir neçə il əvvəl Bellhevn pansionunda qalanda sizinlə maraqlı vaxt keçirmişdik. İndi mən Devon sahilinə yaxın bir yerdə öz pansionumu açmaq qərarına gəlmişəm. Əsl siz deyən yerdir! Burada yarıçılpaq cavanlara rast gələ bilməzsiniz. Gecə səhərəcən qrammofona qulaq asan da yoxdur.

Əgər bu yay dincəlmək üçün Zənci adasına gəlsəniz, çox şad olaram. Əlbəttə ki, pulsuz-parasız. Mənim qonağım olarsınız.

Avqust ayının 8-i sizin üçün münasibdirmi?

    Dərin hörmətlə: A.N.»

– Görəsən, bu, A.N. kimdir? – miss Brent iki il əvvəl Bellhevndə dincəldiyi vaxt qarşılaşdığı adamları xatırlamağa çalışdı. – Yox, heç cür yadıma sala bilmirəm. Yenə adını açıq-aydın yazsaydı, bəlkə, xatırlayardım. Amma, hər halda, belə məktub yerinə düşdü. Yoxsa bu yay düz-əməlli istirahət eləyə bilməyəcəkdim, əlim yaman aşağıdır.

* * *

General Makartur başqa bir vaqonun pəncərəsindən çölə tamaşa eləyirdi. Qatar artıq Ekseterə[10 - Ekseter – İngiltərənin cənub-şərqində şəhər; vaxtilə Devon qraflığının paytaxtı olub.] yaxınlaşırdı, orada düşüb başqa qatara keçməli idi. General da bu günlərdə Onim adlı şəxsdən məktub almışdı. Məktubdakı bir cümlə daha çox diqqətini cəlb eləmişdi:

«Amerikadan dostlarım gələcək, oturub köhnə əyyamları yad eləyərik…»

– Nə deyirəm, eləyək də… – general öz-özünə mızıldandı. – Onsuz da axır vaxtlar dərdləşməyə adam tapılmır. Dostlarımın çoxu məndən üz döndərib. Hamısı da o mənfur şayiələrin ucbatından! Yaxşı, bəs bu Onim kimdir axı?! Nə isə, yadıma sala bilmədim. Bircə Zənci adasına tez çatsaydım…

2

Həkim Armstronqun avtomobili Solsberi düzənliyi ilə şütüyürdü. O, Londonun ən məşhur həkimlərindən biri idi, şəhərdə əməlli-başlı şöhrət qazanmışdı. Ən nüfuzlu adamlar müalicə almaq üçün məhz onun klinikasına üz tuturdular. Pasiyentlərin biri gedib o biri gəlirdi, bir dəqiqə boş vaxtı olmurdu.

– Axı adama arada istirahət də lazımdır! – Armstronq öz-özünə mızıldanırdı.

Budur, artıq Londonun daş səkiləri arxada qalıb, birazdan Zənci adasına çatacaq və canındakı yorğunluğu çıxaracaq. Düzdür, onu adaya dəvət eləyən adamın məktubundan ağlı bir şey kəsməmişdi, lakin zərfə əlavə olunmuş bank qəbzindəki məbləğ xeyli yüksək idi və bu, Armstronqun şübhələrini aradan qaldırmışdı.

«Yəqin, bu Onimlərin pulunu balta kəsməz. Ər arvadının səhhətinə görə narahatdır, arvad da ki tərsə düşüb, həkimə getmək istəmir. Əlacı kəsilən ər həkimi onun ayağına çağırır. Çox güman, ciddi bir xəstəliyi yoxdur, qadın özünü naza qoyub. Ax, bu qadınlar! Lakin olsun, bu mənim işimə yarayır. Guya qəbuluma yazılan qadınların hamısı xəstə olur?! Çoxunun evdə ürəyi darıxır, gəlirlər ki, bir az mırt vursunlar, vəssalam!» – həkim maşın sürə-sürə fikirləşirdi.

Qəflətən eşidilən siqnal səsinə diksindi, son model bir avtomobil yanından sürətlə ötüb-keçdi. Həkim az qala maşını hasara çırpacaqdı.

– Bu uşaq-muşağın əlindən yolda maşın sürmək də olmur! – o, əsəbi halda deyinməyə başladı. – Özlərinə yazıqları gəlmir, bizi də işə salacaqlar!

O biri maşındakı cavan oğlan – Entoni Marston da bərk əsəbiləşmişdi:

– Yolun ortasında lap tısbağa kimi sürünür, siqnal verəndə qırağa çəkil də! İngiltərədə maşın sürmək olmur ki… Heyif deyil Fransa!

Marston avtomobilini yolun kənarına verib saxladı.

– İstidən boğazım quruyub, bu havada bir parç soyuq pivə pis olmazdı. Hara tələsirəm ki?! Onsuz da Zənci adasına çatmağıma az qalıb, – o öz-özünə mızıldandı.

Sonra fikrə getdi:

«Görəsən, bu Onimlər kimdir belə? Yəqin, varlı adamlardır. Görəsən, adada içki boldur? Yəqin, qəşəng qızlar da çoxdur».

Entoni maşından düşüb yolun qırağındakı pivəxanaya girdi. İçkisini içib bayıra çıxanda qapının ağzında dayanmış qadınlar onu heyranlıqla başdan-ayağa süzdülər. Qəşəng oğlan idi: hündürboy, enlikürək… Uzun saçlarını külək vurub yellədirdi, parlaq mavi gözləri günəşdən yanıb-qaralmış sifətinə xüsusi cazibə verirdi. Maşına oturub ayağını qaza basdı, avtomobil qəfil yerindən elə sürətlə sıçradı ki, yolda oynayan uşaqlar çığırışıb kənara atıldılar.

3

Cənab Blor Plimutdan[11 - Plimut – İngiltərənin cənub-şərqində şəhər; vaxtilə Devon qraflığının ən böyük şəhəri olub.] yola düşən qatarla gəlirdi. Kupedə bir özü idi, bir də, içkidən gözləri dumanlanmış qoca dənizçi. Qoca mürgü döyürdü. Blor cib dəftərçəsini çıxarıb yazmağa başladı. Yaza-yaza da öz-özünə mızıldanırdı:

– Hə, deməli, hamısı gəlir. Emili Brent, Vera Kleytorn, həkim Armstronq, Entoni Marston, qoca hakim Uorqreyv, Filip Lombard, general Makartur, bir də, Rocerslər – ər-arvad qulluqçular…

O, dəftərçəsini cibinə qoydu. Ayağa durub divara vurulmuş balaca güzgüdə özünə baxdı.

– Üst-başım qaydasındadır, yəqin, bir problem çıxmaz, – öz-özünə mızıldandı. – Özümü mayor kimi qələmə verə bilərəm. Lakin yox! General o dəqiqə hərbçi olmadığımı anlayar, paxırım üzə çıxar. Bildim! Cənubi Afrikadan gəlmiş iş adamı! Hə, əlbəttə, onların heç biri orada olmayıb.

Cənubi Afrika haqqında səyahət kitabını yenicə oxuyub qurtarmışdı. Bu haqda bütün gün durmadan danışa bilərdi.

Birdən yadına nəsə düşdü, qaşlarını çatdı.

– Deməli, Zənci adası… Uşaq vaxtı orada olmuşam. Sahildən haradasa iki kilometr aralıdadır. Adaya qıraqdan baxanda iridodaqlı zənci sifətini andırır. Elə ona görə də adına Zənci adası deyirlər. Görəsən, orada ev tikmək kimin ağlına gəlib? Axı qış aylarında adada yaşamaq mümkün deyil! Niyə təəccüblənirəm ki?! Bu milyonçulardan nə desən, gözləmək olar!

Bayaqdan bir küncdə büzüşüb mürgü döyən sərxoş dənizçi qəfildən oyandı. Yan-yörəsinə boylanıb yarıyuxulu halda dilləndi:

– Dənizdə heç nəyi qabaqcadan bilmək olmaz! Deyirəm ki, ol-maz! Vəssalam!

– Düz deyirsiniz! – Blor başını tərpətdi.

– Qasırğa olacaq! – qoca bir-iki dəfə hıçqırandan sonra yenidən dilləndi.

– Nə danışırsınız! Hava çox gözəldir!

– Deyirəm ki, birazdan tufan qopacaq!

– Bəlkə də, siz haqlısınız… – Blor fikirli-fikirli dedi.

Elə bu vaxt qatar dayandı.

– Hə, gəlib çatdım! – qoca bunu deyib ləngər vura-vura qapıya tərəf getdi, birdən ayaq saxlayıb başını geri çevirdi:

– Dua elə, Allaha yalvar! Qiyamət günü yaxınlaşır!

Sonra o bu sözləri bir də deyib vaqondan çıxdı.

4

Bir dəstə adam Oukbric qatar stansiyasının qarşısında dayanmışdı. Onların çamadanlarını daşıyıb gətirən hamballar da bir kənarda çömbəlmişdilər.

– Ey, Cim! Bura gəl, – hamballardan biri taksi sürücüsünə səsləndi.

Sürücü maşından düşüb gəldi.

– Zənci adasına gedirsiniz? – deyə toplaşanlardan soruşdu.

Adamların hamısı bir anda başını ona tərəf çevirdi.

Taksi sürücüsü üzünü hakim Uorqreyvə tutub (deyəsən, onu bu kiçik qrupun başçısı zənn etmişdi) dedi:

– Bizim cəmi iki taksimiz var, cənab. Amma onlardan biri Ekseter qatarıyla gələn sərnişini gözləməlidir. Qatar beş dəqiqəyə stansiyaya çatacaq. Sizdən kimsə taksidə oturub onu gözləsə, daha rahat gedərdik.

– Mən gözləyərəm, – Vera Kleytorn cəld dilləndi.

Miss Brent səssizcə qabaqdakı taksiyə tərəf getdi. Hakim Uorqreyv də onun arxasınca yollandı.