banner banner banner
On zənci balası
On zənci balası
Оценить:
Рейтинг: 0

Полная версия:

On zənci balası

скачать книгу бесплатно

– Mən xanımla birlikdə qalaram, – kapitan Lombard dedi.

Hamballar çamadanları baqaja yüklədilər. Birinci taksi yerindən tərpəndi.

– Bəlkə, maşında gözləyəsiniz, – ikinci taksinin sürücüsü üzünü Vera Kleytorna tutub dedi.

– Yox, elə bura yaxşıdır, – qız cavab verdi.

– Təklif eləyirəm ki, stansiyada bir az gəzişək, – bu dəfə kapitan Lombard dilləndi.

– Yox, yox, hava çox gözəldir, stansiyada nə işimiz var?! – qız etiraz elədi.

– Bu yerlərə yaxşı bələdsiniz? – kapitan söhbətə körpü salmağa çalışdı.

– Xeyr, birinci dəfədir gəlirəm, hələ heç evin sahibəsi ilə də tanış olmamışam.

– Evin sahibəsi?

– Mən missis Onimin şəxsi katibəsiyəm.

– Belə de! – kapitan Lombard mənalı-mənalı gülümsündü. – Ev sahibini görmədən bu işə razılıq vermək qəribədir.

– Burada qəribə nə var ki?! Missis Onimin katibəsi qəfildən xəstələnib, işədüzəltmə agentliyinə teleqram göndərib ki, təcili ona katibə tapsınlar. Onlar da məni tövsiyə eləyiblər.

– Yaxşı, birdən missis Onim xoşunuza gəlmədi, onda necə olacaq?

– Onsuz da bu, mövsümi işdir, əslində, qız məktəbində bədən tərbiyəsi müəllimi işləyirəm, – qızın üzü bir anda dəyişdi, gözləri parıldamağa başladı. – Zənci adasını elə görmək istəyirəm ki! Qəzetlər hər gün bu adadan yazır. Görəsən, qəşəng yerdir?

– Bilmirəm, – kapitan çiyinlərini çəkdi. – Orada heç vaxt olmamışam.

– Doğrudan? – qız təəccübləndi. – Yaxşı, bəs Onimlər necə adamlardır?

«Hə, indi gəl, cavab ver! Guya mən onları tanıyıram?!» – Lombard öz-özünə mızıldandı. Sonra söhbəti dəyişmək üçün cəld dilləndi:

– Xanım, çiyninizdə hörümçək var! Bircə dəqiqə tərpənməyin! – yaxına gəlib elə hərəkət elədi ki, guya qızın çiynindəki hörümçəyi götürür.

– Vəssalam!

– Çox sağ olun! – qız dilləndi. – Hörümçəklərdən yaman qorxuram!

Elə bu vaxt stansiyaya yaxınlaşan qatarın fit səsi eşidildi.

– Deyəsən, gözlədiyimiz qatar gəldi, – cənab Lombard dedi.

Qatardan hündürboy, görünüşündən hərbçiyə oxşayan, çal bığlarının ucları səliqə ilə vurulmuş yaşlı bir kişi düşüb onlara tərəf gəlməyə başladı. Bu, general Makartur idi. Arxasınca gələn hambal onun qəhvəyi rəngli ağır çamadanını daşıyırdı. Vera cəld generala tərəf addımlayaraq özünü təqdim elədi:

– Mən missis Onimin katibəsiyəm. Bu isə cənab Lombarddır. Maşın bizi gözləyir.

Onlar taksiyə mindilər. Oukbricin boş küçələrindən keçib şose ilə bir neçə kilometr gedəndən sonra ensiz qəsəbə yoluna çıxdılar.

– Buralara bələd deyiləm, – general Makartur dilləndi.

– Məncə, çox darıxdırıcı yerlərdir, – cənab Lombard dedi. – Yəqin, siz çox gəzib-görmüsünüz?

– Bəli, demək olar, bütün dünyanı gəzmişəm, – general cavab verdi.

Maşın təpəni enib önündə balıqçı qayıqlarının gözə dəydiyi bir neçə evdən ibarət balaca sahil qəsəbəsinə çatdı. Batan günəşin qızılı şəfəqləri dənizin içindəki qayaları işıqlandırırdı. Elə bu vaxt maşındakılar ilk dəfə Zənci adasını gördülər.

– Sahildən xeyli aralı imiş! – Vera təəccüblə dedi.

O bu yeri təsəvvüründə tamam başqa cür canlandırmışdı: az qala sahilə bitişik balaca bir ada və qəşəng, ağ imarət. Ancaq imarət-zad gözə dəymirdi. Qarşılarında sanki zənci başına oxşayan nəhəng bir qaya dənizin dibindən baş qaldırmışdı. Qızın bədənindən yenə soyuq gizilti keçdi.

«Yeddi ulduz» adlı mehmanxananın qarşısında bir dəstə adam onları gözləyirdi. Onlardan biri irəli durub özünü təqdim elədi:

– Adım Deyvisdir. Fikirləşdik ki, adaya birlikdə getmək üçün sizi gözləyək, – sonra da gülümsəyərək əlavə elədi: – Yolüstü boğazınızı bir balaca yaşlamaq istəməzsiniz ki?

Heç kimdən səs çıxmadığını görən Deyvis dedi:

– Elə isə, yubanmayaq, ev sahibləri bizi gözləyir. Qayıq hazırdır.

Sonra da kənarda dayanmış kişiyə əli ilə işarə verdi. Kişi onlara yaxınlaşdı. Ləngər vura-vura yeriməyindən dənizçi olduğu bilinirdi. Adı Fred Narrakott idi.

– Bizə iki cənab da qoşulmalıdır, – Fred dedi. – Onlar öz maşınları ilə gəlirlər. Lakin cənab Onim demişdi ki, onları gözləməyə ehtiyac yoxdur. Çünki bura nə vaxt gəlib çatacaqları bəlli deyil.

Dənizçi bunu deyib sahilə bərkidilmiş qayığa sarı addımladı. Adamlar da onun arxasınca yollandılar.

– Nə balaca qayıqdır, – Emili Brent narazılıqla dilləndi.

– Elə deməyin, xanım, bu, əla qayıqdır. Gözünüzü yumub-açana kimi sizi lap dünyanın o başına aparıb çıxarar. Hava gözəl, dəniz sakit, qorxmayın, heç bir problem olmayacaq.

Adamlar tərəddüdlə qayığa mindilər. Dənizçi elə qayığı işə salmaq istəyirdi ki, qəşəng bir üstüaçıq avtomobilin sürətlə sahilə yaxınlaşdığını gördülər. Sükanın arxasındakı oğlanın çiyinlərinə tökülmüş saçları küləkdən yellənirdi. Oğlan dalbadal siqnal verirdi. Hamı təəccüblə bu yaraşıqlı oğlana baxmağa başladı. Elə bil qarşılarındakı bəni-insan deyil, göydən enmiş mələk idi. Bu mənzərə qayıqdakıların yaddaşına əbədi həkk olundu…

Entoni Marston onlara qoşulan kimi qayıq suyu köpükləndirə-köpükləndirə Zənci adasına tərəf üzməyə başladı. Adaya az qalmış müasir üslubda tikilmiş böyük imarət göründü. Fred Narrakott qayığın motorunu söndürdü. Qayıq qayalıqların arasındakı təbii buxtaya yan alıb dayandı.

– Yəqin, pis havalarda sahilə yanaşmaq çətin olur, – Lombard dənizçidən soruşdu.

– Külək cənub-şərqdən əsəndə, ümumiyyətlə, Zənci adasına yaxın düşmək mümkün deyil, – Narrakott dedi. – Bəzən sahillə əlaqə tamam kəsilir.

Sonra onlar qayalıqlarla yuxarı dırmanmağa başladılar. Hamının üz-gözündən nigarançılıq yağırdı. Sanki buraya gəldiklərinə peşman olmuşdular. Ancaq qayanı dırmanıb evin qarşısındakı meydançaya çatanda kefləri düzəldi. İmarətin taybatay açılmış qapısı ağzında səliqə-sahmanla geyinmiş eşikağası onların pişvazında dayanmışdı. Elə ev özü də çox qəşəng idi.

– İçəri buyurun! – eşikağası təntənəli şəkildə onları imarətə dəvət etdi və özü də içəri girib qulluqçu qadının yanında dayandı.

Qonaqlar evin geniş və işıqlı salonuna daxil oldular.

– Təəssüf ki, cənab Onim evdə deyil, – eşikağası günahkarcasına gülümsəyərək dedi. – Vacib işi çıxdı, sabah gələcək. Mənə tapşırıb ki, sizin qulluğunuzda durum. İstəsəniz, otaqlarınıza çəkilib dincələ bilərsiniz. Şam yeməyi saat 8-də olacaq.

Vera Kleytorn qulluqçu missis Rocersin arxasınca pilləkənləri çıxmağa başladı. Qadın dəhlizin lap axırındakı otağın qapısını açdı. Vera içəri girəndə heyrətdən ağzı açıla qaldı. Otaq çox gözəl idi: geniş, işıqlı, səliqə-sahmanlı… İki pəncərəsi vardi, biri dənizə, o birisi şərqə açılırdı.

– Ümid eləyirəm ki, burada ehtiyacınız olan hər şey var, – qulluqçu dedi.

– Bəli, bəli, – qız cəld dilləndi.

– Yenə də nəsə istəsəniz, zəngi çalarsınız.

Missis Rocersin səsi quru və darıxdırıcı idi. Qız maraqla onun sifətinə baxdı. Bu solğun bənizli qadının üzündə elə bil qan qalmamışdı. Saçlarını təpəsində toplamışdı, əynində qara paltar var idi. «Lap əcinnəyə oxşayır», – Vera fikrindən keçirdi. Qadın danışanda gözlərini qızdan qaçırırdı. «Deyəsən, o nədənsə qorxur», – Vera düşündü. Sonra ucadan dedi:

– Mən missis Onimin yeni katibəsiyəm. Yəqin, sizə bu barədə deyiblər.

– Xeyr, xanım, mənə bu haqda məlumat verilməyib. Yalnız qonaqların siyahısını verib kimi hansı otağa yerləşdirəcəyimi bildiriblər.

– Necə, missis Onim mənim barəmdə sizə heç nə deməyib?

– Mən missis Onimi görməmişəm, xanım. Biz bura dünən gəlmişik.

– Bu Onimlər nə qəribə adamlardır, – qız fikrindən keçirdi. – Evdə başqa qulluqçu var?

– Ərimlə məndən başqa heç kim yoxdur, – qadın dedi. Sonra da tələm-tələsik əlavə elədi: – Mən yaxşı yemək bişirirəm, ərim də evə göz-qulaq olur. Lakin, düzü, bu qədər çox qonağın gələcəyini gözləmirdik.

– İşin öhdəsindən gələ biləcəksiniz? – Vera işgüzarlıqla soruşdu. Əvvəl-axır bu qadını Onimlərin katibəsi olduğuna inandırmaq istəyirdi.

– Bəli, narahat olmayın.

Qulluqçu qadın bunu deyib səssizcə otaqdan çıxdı.

– Bu iş heç mənim xoşuma gəlmədi. Gərək Onimlərlə əvvəlcədən tanış olaydım, – qız öz-özünə mızıldandı. Sonra otağı gözdən keçirməyə başladı.

Bu ən müasir üslubda hazırlanmış yataq otağı idi. Parket döşəməyə açıqrəngli xalı sərilmişdi. Otağın divarları da açıq rəngə boyanmışdı. Buxarının üstündə saat vardı, onun yanına ağ mərmərdən ayı fiquru qoymuşdular, divardan isə parıltılı metal çərçivəyə salınmış perqament[12 - Perqament – üzərində yazı yazmaq üçün xüsusi emal olunmuş dəri məmulatı, yağ və rütubət keçirməyən kağız] parçası asılmışdı.

– Deyəsən, kağızda nəsə yazılıb, – Vera divara yaxınlaşıb oxumağa başladı:

On zənci balası nahar edirdi,
Biri boğuldu, doqquzu qaldı.
Doqquz zənci balası yuxuya daldı,
Biri durmadı, səkkizi qaldı.
Səkkiz zənci balası Devona getdi,
Biri gəlmədi, yeddisi qaldı.
Yeddi zənci balası odun doğrayırdı,
Biri başını yardı, altısı qaldı.
Altı zənci balası bal axtarırdı,
Birini arı vurdu, beş zənci qaldı.
Beş zənciyə məhkəmə quruldu,
Biri güllələndi, dörd zənci qaldı.
Dörd zənci balası üzməyə getdi,
Biri qarmağa keçdi, üç zənci qaldı.
Üç zənci balası meşəyə getdi,
Birini ayı yedi, iki zənci qaldı.
İki zənci balası günəşlənirdi,
Birini günəş vurdu, o biri tək qaldı.
Tək qalan zənci çox kədərləndi,
Özünü asdı, heç kim qalmadı.

– Əcəb şeirdir! – Vera gülümsündü. – Bu Zənci adasından başqa nə gözləmək olar ki…

Sonra qız pəncərəyə yaxınlaşıb dənizə baxmağa başladı. Ətrafda bir ovuc torpaq belə gözə dəymirdi, ucsuz-bucaqsız dəniz, göz işlədikcə mavi sular, köpüklü dalğalar…

5

Həkim Armstronq Zənci adasına axşamdan xeyli keçmiş gəlib çatdı. Yolda qayıqçını çox dilə tutsa da, Onimlər haqqında bir şey öyrənə bilməmişdi. Bərk yorulmuşdu, üstəlik, sükan arxasında oturub yola baxmaqdan gözləri ağrıyırdı. «Adada yaxşıca dincələrəm», – o fikirləşirdi.

Evin qarşısındakı meydançada bir qoca oturmuşdu. Qocanın sifəti həkimə çox tanış gəldi, bir az fikirləşəndən sonra yadına düşdü.

– Bu ki hakim Uorqreyvdir! – Armstronq öz-özünə mızıldandı.

Bir dəfə onun hakim olduğu məhkəmə prosesində şahid qismində çıxış eləmişdi. Münsiflər Məhkəməsinin ən nüfuzlu üzvü idi, elə də böyük günah işləməmiş müttəhimləri belə uf demədən ən ağır cəzayə məhkum edirdi. Digər hakimlərin isə ona etiraz etməyə nə gücü, nə də cəsarəti çatırdı. Bəs necə, əbəs yerə ona «Mantiyalı[13 - Mantiya – plaş formasında enli, ətəkləri yerə dəyən uzun paltar; hakimlərin, akademiklərin xüsusi geyimi] dar ağacı» demirdilər ki!

«Görəsən, onun burada nə işi var?!» – Armstronq fikrindən keçirdi.

Cənab Uorqreyv də Armstronqu tanımışdı. Həkim yaxınlaşanda üzünü ona tutub dedi:

– İçki şüşələri salondadır.

– Əvvəlcə ev sahiblərini görsəm, pis olmaz, – Armstronq dilləndi.

– Bu, mümkün deyil.

– Niyə? – həkim təəccüblə soruşdu.

– Hələ gəlib çıxmayıblar. Ümumiyyətlə, bura çox qəribə yerdir…

Bir müddət dillənmədilər.

– Siz Konstansiya Kalminqtonu tanımırsınız ki? – cənab Uorqreyv sükutu pozdu.

– Təəssüf ki, yox.

– Nə isə, bu o qədər də vacib deyil, – cənab Uorqreyv dedi. – Başısoyuq qadındır, xəttini də ki başa düşmək olmur. Ümumiyyətlə, mən bura gəlməklə böyük səhvə yol vermişəm…

Həkim heç nə deməyib evə girdi.

Bir neçə dəqiqədən sonra eşikağası Rocers həyətə çıxdı.

– Bilmirsiniz, bura Konstansiya adında qadın gələcək? – cənab Uorqreyv ona da eyni sualı verdi.

– Xəbərim yoxdur, cənab.

Hakim qaşqabağını tökdü.

– Əbəs yerə buranı Zənci adası adlandırmırlar, burada hər şey qapqara örtüyə bürünüb, – o öz-özünə mızıldandı.

Həmin vaxt Entoni Marston vanna qəbul eləyirdi. Uzun yoldan sonra isti su canına dəydikcə xoşhallanır, hamamdan çıxmaq istəmirdi. Bir yandan da fikirləşirdi: