
Полная версия:
Ruh adam
Bununla yanaşı ərinin hələ də qəti qərar vermədiyini, içində qorxunc bir mübarizə getdiyini bilirdi. Daxilən hiss etdiyi bir hisslə bu mübarizənin nəticəsindən çox qorxurdu. Bütün həyatı boyunca geri dönmək və peşman olmaq nədir bilməyən bir adamın ruhundakı döyüşün sonundan ciddi olaraq qorxmaq lazım idi. Əri o qədər böyük bir düşmənlik və kin yaşamışdı ki, bu kinin sərhədləri genişlənmiş, Ayişə Pusata kimi gəlib çatmışdı. Buna görə sakitlik və zövq içində çalışdığı liseydən çıxarılmış, nazirlik əmrinə göndərilmiş, hətta istintaqa cəlb olunaraq ərinin əleyhinə ifadə verməyə məcbur edilmişdi. Bütün bu çətinliklərə böyük bir mətanətlə davam gətirmiş, maddi çətinlikləri səbirlə qarşılamış, haqqını axtarmaq üçün qanuni yollara müraciət etmiş, lakin haqqını ala bilməmişdi. Kiçik Tosunu məhrumiyyət içində yaşatması çox ağır gəlsə də, Allaha bel bağlayaraq buna da qalib gəlmişdi, nəhayət, ərinin məhkumluğu tamamlandıqdan çox sonra təkrar köhnə vəzifəsinə alınmışdı. Üç illik ayrılıqdan sonra həzin bir sevinclə işinə qayıdanda yaxşı qarşılanmayacağını bilirdi. Həyəcanlı idi.
Lakin qəlbi Allaha qarşı minnətdarlıqla dolu idi. Qatardan endikdən sonra saatına baxdı. Tənəffüs zamanı idi. Uşaqlar məktəbin həyətindəykən onların gözü qarşısında məktəbə girmək istəmədi. İndi böyümüş, bir gənc qız olmuş olan üç il əvvəlki şagirdlərinə qarşı qəribə bir utancaqlıq hissi keçirirdi. Ərinin məhkum olub, özünün kiçik uşağı ilə pulsuz və çarəsiz qaldığı günlərdə onu axtarmayan, axtarmaq və kömək etmək bir tərəfə, gördükləri zaman görməməzliyə gələn yaxşı gün dostları kimi bəlkə bu gənc qızlar da üz çevirib, hətta … hətta … bir vətən xaininin həyat yoldaşına bəlkə eyhamlı sözlər də deyə bilərdilər. Yaxud bəlkə də belə etməzdilər, liseydən çıxarıldığı gün ağlaşdıqları kimi indi də sevinclə qışqırar, yanına gələr, özünü və məktəb rəhbərliyini çətin vəziyyətə salardılar. Ayişə bunların heç birisini istəmirdi. Stansiyanın gözləmə otağında bir az yubanmağın doğru olduğunu düşündü. Payızın gözəl, hüznlü, sərin bir günü idi. Havada buludlar bir-birini qovurdu, külək Aişəyə üç il əvvəlki bir günü xatırlatdı, üzündə kinli və istehzalı bir təbəssüm olduğu halda süngülərin arasında gedən əlləriqandallı ərini sanki təkrar gördü. Xatirələr onu bu yerə qədər sürükləyəndə birdən özünü yığışdırdı. Bunun sonu gözyaşlarına gətirib çıxarar deyə düşündü. Qorxulu bir yuxu görən, lakin bunun yuxu olduğunu bilən insan hərəkəti ilə pis xatirələri başından atdı. Göydə uçuşan buludlara baxaraq stansiyadan çıxdı. Ağır addımlarla liseyə tərəf addımlamağa başladı. Həyət qapısından içəri girəndə həyəcanlı idi. Məchullar bizə daim həyəcan verir. Necə qarşılanacağı məchul olduğu üçün o da həyəcan hiss edir, hər zaman çətin zamanlarda etdiyi kimi özünü zorla mətanətli olmağa sövq edir, buna da nail olurdu. Rəhbərliyin onu yaxşı qarşılamayacağını bilirdi, amma buna o qədər üzülmürdü. Əsl məsələ şagirdinin düşəcəyi vəziyyət idi. Həyatlarının hələ baharında olan, dünyanın və həyatın çirkinlikləri ilə qarşılaşmamış qızların könüllərində vəfadan iz qalmamış olması hər halda insanı üzəcək bir məsələ idi. Yaşlı insanlar həyatda pis görə-görə dəyişirlər, könül saflığını, insan duyğusunun bütün yaxşı tərəflərini itirirlər. Bu bəlkə normal idi, amma ürəkləri yalnız xeyirxahlıqla döyünən, dünyada yalnız yaxşı şeylərin olduğunu düşünən gənc qızların da pis duyğulara qapıla bilməsi fikri qorxunc idi.
Gözətçi üç il əvvəlki gözətçi idi. Önünə baxaraq sürətli addımlarla getmək istəyən Aişəyə doğru irəlilədi. Səmimiyyətlə gülərək salamlaşdı və səmimi bir səslə ''Xoş gəldiniz Ayişə xanım'' dedi. Ayişə birdən-birə dayandı. Bu sadə, yazıq kəndlinin nəzakəti onu sanki titrətmişdi. Gözləmədiyi bir halda gələn yaxşılıq və nəzakət insanları daha çox sarsıdardı. Ayişə də eyni duyğu ilə sarsıldı. Qara gözləri parıldadı. İki damcı göz yaşını böyük bir əziyyətlə gözlərinə içirib əlini uzatdı:
–Xoş gördük, Hüseyn. Necəsən?
Gözətçi Ayşənin əlini hörmətlə sıxdı:
–Duaçıyam, xanım.
Sonra başını aşağı salaraq əlavə etdi:
–Çox kədərlənmişdim, amma əlimdən nə gəlirdi ki?
Duadan başqa …
Ayişə dərhal sözü dəyişdirdi:
–Dərs çoxdan başlayıb?
–İndicə girdilər, xanım.
Ayişə bu xoşniyyətli insana xoş nə isə söyləmək istəyir, lakin deməyə söz tapa bilmirdi. Susmağın bəzən çox gözəl söz-lərdən belə üstün olduğunu heç şübhəsiz bu gözətçi bilmirdi. Onun üçün mütləq nəsə deməli idi. Elə bu düşüncə ilə də:
–Çox sağ ol Hüseyn, Allah ürəyinə görə versin, –dedi və sürətlə məktəb qapısına doğru addımladı. Dərs təzə başlamışdı, bir çox siniflərə hələ müəllimlər girməmişdi. Ayişə sinif pəncərələrinə başların toplandığını sezdi. Astadan və pıçıltı ilə söylənən həyəcanlı söhbətlərdə öz adının bir neçə dəfə çəkildiyini də eşitdi. Müdirənin otağına girdiyi zaman artıq içindəki həyəcandan əsər-əlamət belə qalmamışdı. Eynəyini taxmış olduğu halda bir sıra sənədləri oxuyan müdirə, başını heç qaldırmadı. Ayişə belə qarşılanacağını çox yaxşı bilirdi. Heç əsəbiləşmədən, kədərlənmədən dayandı və müdirin oynadığı rolun bitirməsini gözlədi. Bir-iki dəqiqə keçdi. Müdirənin oxuduğu beş-altı sətirlik kağız nə qədər qarışıq ifadəli olursa-olsun, bu müddət ərzində bir neçə dəfə oxuna bilərdi.
Lakin o, inadla başını qaldırmırdı, çox güman ki, Ayişəni ayaq üstə gözlətməklə nüfuzunu göstərmək istəyir və ya onu alçaldırdı. Nəhayət, altı sətrin oxunması bitdi. Gözlərini kağızdan qaldıran müdir üzünü turşudaraq Aişəyə baxdı. Bir çox şəklini gördüyü üçün onu tanıyırdı. Buna baxmayaraq, sərt bir səslə:
–Nə istəyirsiniz? –deməkdən çəkinmədi.
Ayişə çox soyuqqanlı idi. Üzündə heç bir ifadə görünmədən, baxışlarında heç bir dəyişiklik olmadan cavab verdi:
–Liseyinizin yeni ədəbiyyat müəllimiyəm…
Müdir, əhəmiyyət vermədiyini göstərmək istəyən kimi Ayişənin adını guya xatırlamadı:
–Həə .. Siz osunuz, elə deyil?
–Bəli, Ayişə Pusat mənəm.
Və çox ciddi, ağır, əzici bir səslə bunu söylədikdən sonra müdirdən heç bir təklif gözləmədən masanın qarşısındakı stulu çəkib oturdu. Beləliklə, müdirənin bütün eşitdikləri doğru çıxırdı. Bu həyasız qadın Ayişə Pusat adını qürurla söyləyir və özü dəvət gözləmədən stul çəkib oturmağa cürət də edə bilirdi. Ona bir dərs, bir göz dağı vermək çox məqsədəuyğun olardı. Onu diqqətlə süzərək üzünü turşutdu və gözlüyünü çıxarıb ol-duqca sərt baxışlarla baxaraq:
–Sizin bura gəlmənizə mane olmaq üçün əlimdən gələni elədim, –deyə sözə başladı. Və sözlərinin göydən enmə təsirini göstərəcəyini ümid etdiyi üçün gözlərini Ayişənin gözlərinə zil-lədi. Lakin heyrət!… Ayişənin üzündə heç bir dəyişiklik yox idi. Daş kimi səssiz, hərəkətsiz və donuq bir ədayla dinləyirdi.
–Çünki şagirdlərə davamlı zərərli fikirləri təbliğ edərək onları mənfi yollara sürükləyən bir müəllimi bir müdir kimi istəməməkdə haqlıyam.
Müdirə bu sözdən sonra sözlərinə pauza verdi. Önündə oturanın soyuqqanlılığı qarşısında sözlərinin ardını gətirə bilməmişdi. Ədəbiyyat müəllimi qeyri-müəyyən bir gülümsəmə ilə cavab verdi:
–Bu təbliğatın nə olduğunu öyrənə bilərəm? Haqqımda rəsmi bir şikayət var?
Müdir coşdu:
–Xeyr. Haqqınızda rəsmi şikayət və ya təhqiqat yoxdur.
– Bəs elə isə?
–Siz təbliğatı o qədər ustalıqla edirsiniz ki, sizi tutmaq mümkün olmur.
–Etdiyim təbliğat nəymiş?
–Onu bir bilsəm… Onu bir bilsəm, sizi bura qoyarammı?
Ayişə Pusat, qarşısındakı yaşlı qadına üzülərək, hətta istehza ilə baxdı və ərinin məhkəmə zamanı bir sözünü –''acizləri layiq olmadıqları vəzifələrə gətirən bir dövlət batar''–deyə bağırmasını xatırladı və ona haqq verdi.
Bu qədər dayaz düşüncəli bir qadın ona rəhbərlik edəcək, dərslərində müvəffəqiyyət göstərib-göstərmədiyi haqqında gizli hesabat yazaraq onun müqəddəratını təyin edəcək və yüzlərlə gənc qızın yüksək xarakter və əxlaqla yetişməsinə yardımçı olacaqdı. İstər-istəməz gülümsəyərək:
–Müdirə xanım! Bilmədiyiniz bir şey haqqında necə hökm verirsiniz axı? –deyə soruşdu.
Bu sual müdirəni sarsıtdı. Sarsıldığı zamanda bütün rəhbərlərin elədiyi kimi yalan və mübaliğəyə baş vuracağı şüb-həsiz idi:
–Hər kəs elə deyir… Həm də, əlbəttə ki, mənim də bil-diyim bəzi şeylər var,– dedi və söz mübahisəsində bu qadına qalib gələ bilməyəcəyini bildiyi üçün bir tərəfdən zəngə basdı, bir tərəfdən də qəti əmrini verdi:
–Sizdən tək xahişim təbliğatı kəsin və əvvəlki metodunuzu dəyişdirin, ancaq dərslərinizlə məşğul olun.
III FƏSİL
Ayişə Pusat müdir müavini ilə birlikdə müəllimlər ota-ğına gəldiyi zaman artıq yorğun idi. Otaqda, pəncərənin qarşı-sında oturmuş olduğu halda qəzet oxuyan müəllimdən başqa heç kim yox idi. Birinci müavin, divardakı dərs proqramına ba-xaraq:
–Bu gün təkcə dördüncü, beşinci saat dərsləriniz var, iki saat gözləyəcəksiniz,” – dedi. Müəllimlər üçün ən çətin məsələnin boş saatları gözləmək olduğunu bildiyinə görə düşünürdü ki, Ayişə Pusat şikayət edəcək. Lakin o nə etiraz etdi, nə də şi-kayət… Birinci müavin bir müddət utancaq rəftarla Ayişəyə baxdıqdan sonra:
–Dərs saatlarınızın vaxtı gələndə sizi siniflərə təqdim edərəm –dedi və onun etirazına imkan verməmək üçün tez küncdə qəzet oxuyan müəllimə səsləndi:
–Rza bəy, baxın, Ayişə Pusat gəldi.
Cəbr müəllimi Rza bəy liseyin köhnə müəllimlərindən idi. Yası altmışı haqlayan bütün müəllimlər kimi yorğun və çox danışan bir adam idi. Vaxtilə Ayişə Pusatın müəllimi olmuşdu. Qəzetini endirib baxdıqdan sonra sevinclə yerindən qalxdı:
–Oooo… Xoş gəldiniz, qızım … Xoş gəldin, Ayişə… Val-lah darıxmışdım – deyərək ona doğru getdi. Hərarətlə əlini sıx-dı.
Birinci müavin vəziyyətdən çətinliklə çıxmışdı. Səssizcə otağı tərk etdi. Rza bəy ətrafını tələsik baxışla nəzərdən keçirdikdən sonra tək olduqlarını görüncə Ayişəyə doğru əyilib səsini qısaraq:
–Ərin necə oldu? Həbsdən çıxdımı? –deyə soruşdu.
Ayişənin gözlərində qəmli bir işıq yanıb-söndü. Ərini soruşmaq lütfkarlığını göstərənlərdən çoxu da bax belə gizlicə, tək olanda, səslərini alçaldaraq soruşurdular. Hər bir fikrə, hadisəyə diqqət edən insanlar kimi Ayişə də bundan pis olur, gizli soruşanların heç maraqlanmamasının daha düzgün hərəkət olduğunu düşünür, əsəbiləşir, lakin bunu qətiyyən büruzə vermirdi. İndi qarşısındakı adam öz müəllimi olmasa, bəlkə cavab verməzdi. Bununla birlikdə içindəki üsyanın səsini dinləməyi və üzünə qarşı daim tənqid etdiyi ərinə ürəyinin bütün səmimiyyəti ilə haqq verməkdən çəkinmirdi. Əri bir dəfə mübahisə edəndə melanxolik bir səs tonu ilə demişdi:
–Mənə insanlardan danışırsan? İnsanlar keçmişdə və tarixin vərəqləri arasında qaldılar. Bu gördüklərin bir karikaturadan başqa heç nə deyil.
Ayişə bunları düşünərkən qoca cəbr müəllimi çox danışma vərdişi ilə:
–Qızım, Ayişə, – dedi. – Sənin xətrini çox istəyirəm, bilirsən. Ərini də çox təqdir edirəm. Lakin nə edəsən ki, bir az da zamanın şərtlərinə tabe olmaq lazımdır. İnsan hər həqiqəti olduğu kimi deyə bilməz ki… Bu qədər cəsarət göstərməməli idi. Heyf deyil? Bütün gələcəyi məhv oldu.
Bunlar hər kəsin söylədiyi sözlər idi. Bunları dinləməkdən artıq yorulmuşdu. Həqiqətən, insanlar çox qəribə məxluqlardır. Öz ağıllarının üstünlüyünə inanaraq başqalarına öyüd-nəsihət verməkdən çəkinmirlər, lakin öz gülünclüklərini, zavallılıqlarını da heç cür dərk edə bilmirlər. Ayişə bu gün liseyə onsuz da bir əsəb imtahanı keçirmək üzrə gəlmiş olduğundan qoca cəbr müəlliminin qarşısında çox səbrli bir duruşla dayanırdı. Yəqin o biri də bunun fərqində idi və təhlükəli bir mövzunu qurdalamaqda olduğunu anlamışdı. Ayişə zorla gülümsədi:
–Həbsdən çıxdı, amma çıxmadı desəm də yalan olmaz. Çünki öz-özünü evə həbs edib. Evdən bayıra çıxmır.
–Niyə?
–İnsanlardan iyrənib. Heç kimi görməyə gözü yoxdur.
Yaşlı müəllim qüvvətli bir hissiyatı ilə bu sözlərdən özü-nə pay çıxarmışdı. Sözdə təəssüf hiss edən insanların etdiyi ki-mi dərin bir ah çəkərək yerinə oturdu. Qəzetini oxumağa getdi. Ayişə məmnun idi. O da heç kimin onu narahat etməyini istə-mirdi. Başqalarının onunla məşğul olmasından sıxılırdı. Bir küncə çəkilərək çantasından Əbdülhaq Hamidin “Məqbər” əsə-rini çıxardı. Bu səhər liseyə gələndə evdən çıxarkən çantasına bu kitabı qoymuşdu. Nə üçün “Məqbər”i seçmişdi? Bunu bil-mirdi. Bir neçə dəfə oxuduğu, bəlkə yarısını əzbər bildiyi bu ki-tabın məchul tərəfi qalmadığı halda şüuraltı bir hərəkətlə “Məqbər”i götürmüşdü. Kim bilir, bəlkə də bir mərsiyə olduğuna görə onu seçmişdi.
Oxumağa başladı. Lakin elə ikinci misrada birdən-birə dayandı:
“Könlüm dolu ahuzar qaldı”…
Qəflətən bu misradakı hüznün ürəyinə işlədiyini fərq etdi. “Məqbər”in ən qeyri-adi, hətta dil baxımından nahamar olan bu misrasında nə vardı ki, ona bu qədər təsir edirdi?
Yoxsa özü romantik əhvali-ruhiyyədə idi?
Şeirlərin nə zaman təsirli olduqları haqqında bir az dü-şündü. Düşüncələr onu ildırım sürətilə çox uzaqlara apararkən beynində bir nöqtənin işıqlandığını hiss etdi sanki. İnsanlar öz duyğularına uyğun bir misradan, bir beytdən zövq alırlar, qəmlənirlər, kədərli olurlar. Ayişə könlünü yoxladı. Bu könül ahu-zar ilə doluydu. Amma bir fərqlə ki, Hamid, öz ahu-zarını fırtınalı bir fəryad halında dünyaya və zamanlara bağıra bildiyi halda, Ayişənin ahu-zarı könlünün sərhədləri içində məhbus qalmağa məhkum idi. Onu bu qədər duyğulandıran da yəqin bir dərd ortağının olmaması, hətta dərdini eşidən bir insanın ta-pılmaması idi. Bunu kəşf etdikdən sonra təkrar kitaba qapıldı:
Könlüm dolu ahu-zar qaldı …
Bir qəlbin ahu-zar ilə dolmasının nə demək olduğunu könlü rahat olanlar anlaya bilməzdi. Bütün liseyi əhatə edən bir zəng səsi Ayişəni xatirələrindən ayırdı. Əlli dəqiqə necə keçmişdi? Axı o, hələ “Məqbər”in ilk səhifəsində idi. Bəzən sürətli, bəzən yavaş keçən bu zaman nə nisbi məfhumdu! Başını qaldıranda cəbr müəllimiylə göz gözə gəldi və müəlliminin bayaqdan bəri onu süzməkdə olduğunun fərqinə vardı. Yaşlı müəllim ona yəqin nə isə deyəcəkdi. Lakin o hələ sözə başlamadan öncə otaq qapısı açıldı və dərsdən çıxan müəllimlər bir-bir gəlməyə başladı. Bunların çoxu üç il əvvəldən tanıdığı müəllimlər idi. Ayişəni qarşılamalarında və salamlaşmalarında belə gizli bir sünilik var idi. Bəziləri sanki heç bir şey olmamış, üç illik bir fəlakət dövrü gəlib keçməmiş və bu qədər iztirab çəkilməmiş kimi davranırdılar, süni görünən yüksək əhvali-ruhiyyə ilə danışaraq onu üzürdülər. Əriylə tanış olanların onun haqqında ağız açıb bir kəlmə soruşmamaları diqqət çəkirdi. Şükür ki, bu cansıxıcı mərasim uzun müddət davam etmədi. Göstərdiyi rəsmiyyət, lazımsız hərəkət edənləri yanından uzaqlaşdırdı və əlində “Məqbər”ilə Ayişə, pəncərənin yanındakı kətilində tək qaldı. Həyətdən uşaqların səsləri gəlir, bəzi adlar tanış idi. Ayağa qalxıb bağçaya baxsa, bir çoxunu tanıyacaqdı, şübhəsiz. Lakin özünü göstərməkdən çəkinərək qalxmır, oturduğu yerdən göyə və üfüqlərə baxaraq, düşüncələrə dalırdı. Üç ildir sərf etdiyi zehni fəaliyyət onda şüuraltı hərəkətləri çox oyandırmışdı. İki şeyi birdən düşünə bilir, ilk əvvəl fərqinə varmadığı ikinci düşüncə bir az sonra bütün aydınlığı ilə özünü büruzə verirdi.
Ayişə üfüqlərə baxarkən ''Beynimdə nəsə var'' –deyə düşündü və çox keçmədən bunun nə olduğunu tapdı. Bir-iki dəqiqədən bəri bir çox qızlar müəllim otağına girir, guya müəllimlərdən nəsə soruşurlarmış kimi davranıb ona baxırdılar. Yeni bir müəllim gəldiyi vaxt təkcə maraqdan yaranan bu hərəkət bu gün başqa bir məna daşıyırdı. Ayişə bu məna ətrafında düşündü. Onu da tapdı. Bu, həsrət və ya nifrət ola bilərdi. Bunu analmaq üçün birdən-birə dözülməz bir istək hiss etdi. Bu istəklə başını çevirərək qapı tərəfə baxdı. Üç gənc qız bir müəllimlə danışır və guya özləri də fərqində olmadan onu süzürdülər. Ayişə həsrətləmi, nifrətləmi qarşılanacağını anlamaq istəyincə artıq bütün cəsarətini toplamışdı. Bu cəsarətlə qara önlüklü, ağ yaxalı qızlara baxdı və onlarla göz-gözə gəldi. Bu baxışları çox sevimli və sevincli idi. Könlü ahu-zar ilə dolu olan ədəbiyyat müəllimi, ruhunun qaranlıq hücrəsində bir işığın açıldığını və oradan da içəri işıq və sərinlik yükləndiyini hiss etdi. Gözlərini üç gözəl qızın üzlərində və saçlarında gəzdirdi. Sağda və solda dayananları dərhal tanıdı. Üç il əvvəl kiçik bir uşaq kimi arxada qoyub getdiyi bu şagirdlər dəyişərək incə, gözəl, mənalı, əndamlı gənc qızlara çevrilmişdilər. Adlarını xatırlamırdı, amma bütün halları, çalışqanlıqları, dəcəllikləri, hətta sinifdə oturduqları yerləri belə kino lenti kimi gözünün qabağından keçirdi. Bu iki gənc qız da sanki o dəqiqədə eyni şeyi düşünürmüş kimi yüngülcə gülümsədilər və başlarıyla Ayişəni salamladılar.
Ortadakı qız utancaq bir təbəssümlə baxır və ara-sıra ba-şını qabağa əyirdi. Ayişə onu da tanımağa çalışırdı, lakin xatırlaya bilmirdi. Zehnini yorarkən bəzən də az qala tanıyacaqmış kimi bir hiss yaranırdı, lakin kim olduğunu heç cür tapa bilmirdi. Rəngi uzaqdan aydın olmayan və bənövşələrə bənzəyən gözləriylə, gur və açıq qumral saçlı, lakin xüsusilə utancaq təbəssümüylə bir şeir kimi gözəl olan bu qızda, baxdıqca özünü müəyyən edən bir xüsusiyyət var idi. Ayişə bu xüsusiyyətin nə olduğunu anlamaq üçün ona baxarkən, daha doğrusu, onu araşdırarkən göz-gözə gəldilər. Bir az əvvəl utancaq və qaçaq baxışlar atan bənövşəyi gözlərin mənası dəyişdi. Yırtıcı bir hal aldı. Lakin üç ildən bəri ruh mütəxəssisi halına gələn Ayişə bu yırtıcılığın ona qarşı olduğunu anlamaqda gecikmədi. Bu sərt baxışlar ətrafa meydan oxuyurdu. Ayişə Pusat bənövşəyi gözlü qızın ona güldüyünü və içində utancaqlıqdan əsər olmayan bir rəftarla salam verdiyini görüncə birdən-birə bu məchul qıza qarşı bir sevgi hiss etdi. Özü də gülümsədi. Eyni açıq və səmimi rəftarla, verilən salamı aldı. Bir neçə saniyə içində gözlərlə aparılan bu gizli söhbəti təkcə cəbr müəllimi Rza bəy görmüşdü.
Qadın müəllimlərin, ətrafı unudacaq və görməyəcəkmiş kimi hərarətlə havadan, sudan danışdıqları bir vaxtda o, Ayişə Pusata və qızlara baxmışdı. Hər şeyi görmüşdü, nəticədən də məmnun olmuşdu. Bu məmnuniyyətin doğurduğu qeyri-ixtiyari bir hərəkətlə ayağa qalxaraq Ayişəyə yaxınlaşdı. Köhnə müəllimliyin verdiyi diqqətsiz bir rəftarla:
–Ayişə! Son siniflərə dərsin varmı?– deyə soruşdu.
–Var, bəli.
–Çox gözəl. Xüsusilə dəqiq elmlər şöbəsindən çox məmnun qalacaqsan.
Ayişə bütün müəllim otaqlarının bitib tükənməz çəkişmələr mövzusu olan dəqiq-humanitar elmlər iddiasını xatırlayaraq gülümsədi. Rza bəy bu təbəssümün səbəbini anlamışdı.
–Xeyr, xeyr! Ona görə demirəm, –dedi. Bu sinifdən həqiqətən məmnun qalacaqsan. On nəfərlik fövqəladə bir sinifdir. Xüsusilə içərilərində Aydolu, Güntülü və … və …
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов