banner banner banner
“Martiroloq” və Tarkovski haqqında xatirələr
“Martiroloq” və Tarkovski haqqında xatirələr
Оценить:
Рейтинг: 0

Полная версия:

“Martiroloq” və Tarkovski haqqında xatirələr

скачать книгу бесплатно

“Martiroloq” və Tarkovski haqqında xatirələr
Müəllif kollektivi

Xatirə ədəbiyyatı #45
Kitabda dahi rus rejissoru, filmlərilə dünya kinosu tarixində əvəzedilməz iz buraxan Andrey Arseneviç Tarkovskinin öz yazdığı “Martiroloq” adlı gündəlikdən hissələr, o cümlədən, onun haqqında doğmaları, dost-tanışları və iş yoldaşlarının xatirələri yer alıb. Bu yazıları oxumaqla Tarkovskinin çəkdiyi filmlərdən, əzablarla dolu şəxsi həyatıından maraqlı epizodlarla tanış olacaqsınız. Xatirəsini bölüşənlər arasında rejissorun bacısı Marina Tarkovskaya, yaxın dostu, qohumu Aleksandr Qordon, sevgilisi, sevimli aktrisası Nataliya Bondarçuk, məşhur “Güzgü” filminin həmmüəllifi Aleksandr Mişarin, kino xadimləri – Alisa Freyndlix, Kşiştof Zanussi və başqa insanların adı var. Ümidvarıq, dahi Tarkovski haqqında xatirələr incəsənət tarixilə maraqlanan oxucuların da marağına səbəb olacaq.

“Martiroloq”

və Tarkovski haqqında xatirələr

“Xatirə Ədəbiyyatı” silsiləsindən 45-ci kitab

Andrey Tarkovskinin “Martiroloq”u

Andrey Tarkovski “Martiroloq”u 30 aprel 1970-ci ildə dörd il durğunluqdan sonra “Solyaris” filminin çəkilişinə hazırlıq dövründə yazmağa başlayıb. Sonuncu qeydini ölümündən (29 dekabr) iki həftə qabaq – 15 dekabr 1986-cı ildə yazıb.

Tarkovski “Martiroloq”da işindən az yazırdı, bunun üçün hər filmə həsr etdiyi iş gündəliyi vardı. Amma bu qeydləri oxuyarkən daha çox özünütənqid və iztirablara rast gəlmək olur. “Martiroloq”da həm fəlsəfi düşüncələr, həm hazırda oxuduğu, yaxud bitirdiyi kitablardan sitatlar, həm rəsmlər, həm də kənddə evin tikintisinə, Romadakı evin daxili quruluşuna, borclara və s. aid məişət qeydlərinə rast gəlmək mümkündür. Qeydlərdə həmçinin, yaradıcı planlar, çəkməyə vaxtı tapmadığı filmlər haqda səhnələrin təfərrüatlı məlumatları qeyd olunub.

Görəsən, Tarkovski öz gündəliklərində tamamilə səmimi idimi? Bəlkə də, yox. Bilirdi ki, bunları oxuyacaq və yəqin, nəşr edəcəklər, ona görə də bəzi məqamlarda eyhamla danışır, bəzilərindəsə sanki nəyisə özü-özündən gizlədirdi. Amma bəzən özünü saxlaya bilməyib ürəyindəkiləri “Martiroloq”un səhifələrinə tökmüşdü.

“Martiroloq” ilk dəfə 1992-ci ildə Almaniyada, sonralar Fransa və İtaliyada nəşr olunub. Vətəni Rusiyada xeyli gec – 2006-cı ildə ixtisarla işıq üzü görüb. Bu kitabda gündəlikdən seçmələr təqdim olunacaq.

“Martiroloq”

30 aprel, 1970. Moskva

Yenə Saşa Mişarinlə “Dostoyevskilik” haqda danışırdıq. Bu, əlbəttə, birinci növbədə yazmaq deməkdir. Rejissura barədə fikirləşməməlisən. Dostoyevskini ekranlaşdırmağın çətin ki, bir mənası olsun. Fyodor Mixayloviçin özü barədə film çəkmək lazımdır. Xarakteri, Allahı, şeytanı, ümumiyyətlə, yaradıcılığı haqda.

Tolya Soloniçın yaxşı Dostoyevski ola bilərdi. İndi oxumaq lazımdır. Dostoyevki nə yazıbsa, hamısını. Onun, eləcə də rus fəlsəfəsi haqda yazılan hər şeyi – Solovyev, Leontev, Berdyayev və s. və il. Dostoyevski mənim kinoda etmək istədiklərimin vahid mənası ola bilər.

İndisə “Solyaris”. Hələ hər şey əziyyətli və gücün hesabına baş verir, sanki “Mosfilm” tamamilə böhran ərazisinə keçib. Sonra “Ağ gün”

.

23 fevral, 1972

Yoxsa illərlə oturub “Solyaris” filminin nə vaxt çıxacağını gözləməliyik?

Bu, nə qəribə ölkədir, beynəlxalq aləmdə incəsənətimizin, yaxşı film və kitablarımızın qalibiyyətini görmək istəmir? Əsl incəsənət onları qorxudur. Bu da əlbəttə, təbiidir; şübhə doğurmayan incəsənət onların əleyhinədir. Görünür, o humanistdir, onların təyinatısa bütün canlı olanları, humanizmin istənilən təzahürlərini məhv etməkdir, sanki insanın azadlığa cəhd etməsi və ya bizim solğun axında qərar tutması incəsənətin əlamətləridir. Onlar özfəaliyyətin bütün cəhdlərini diri-diri basdırmayınca, şəxsiyyəti ev heyvanına döndərməyincə sakitləşən deyillər. Bununla da həm özlərinin, həm də Rusiyanın süqutunu tezləşdirirlər.

Sabah düz Sizovun

yanına gedəcəyəm, qoy “Solyaris”lə nə baş verdiyini mənə izah eləsin. Yəqin ki, dilə tutmağa, yola verməyə, nəyəsə inandırmağa çalışacaq. Hə də, mən vərdişkaram axı…

Deyəsən, Fridrixin haqqında danışdığı Korolenkonun povestini oxumalı olacağam – orada Sibir kəndlilərinin kar həyatından, önmühakimələrdən və s. söhbət gedir. Ya da təxminən “Aukalok”

əhval-ruhiyəsində bir şey. Ekranlaşdırma əvvəl-axır asan yoldur.

Nəyə görəsə mənə elə gəlir ki, ədəbiyyatın tərtib etdiklərini yox, öz bacarıqlarını müəyyənləşdirdikdən sonra filmi sünbülə çevirəcək buğdanı ekranlaşdırmaq lazımdır.

27 yanvar 1973, şənbə

Bu dünyada yaşamaq necə də çətindir! Dövlətdən asılı olmadan öz işini sərbəst görən insanlara həsəd aparıram. Hə, praktik hər şeyə – kino və teatrdan başqa. (Televiziyadan danışmıram, çünki o incəsənət deyil.) Azaddırlar. Elə məvacibdən də azaddırlar, amma hər halda, işləyə bilirlər. Necə də qeyri-peşəkar hökumətdir! Məgər ona ədəbiyyat, poeziya, musiqi, rəssamlıq, kino lazımdırmı? Yox, əksinə, bunların mövcudluğu çətinliyi artırır. Axı Boris Leonidoviç (Pasternak) mənə həqiqəti demişdi ki, yenə dörd film çəkəcəyəm

. Birincini çəkdim, bu “Solyaris”dir, üçü hələ qalıb. Cəmi-cümlətanı! Mən iş istəyirəm, başqa heç nə. İş! Məgər İtaliyanın mətbuatında “dahi” adlandırılan bir rejissoru işsiz saxlamaq vəhşilik, cinayət deyilmi?!

Düzünü desəm, mənə elə gəlir, bu, sadəcə, istedadsızlığa düçar olmuş rəhbərliyin qisasıdır. Axı istedadsızlar yaradıcı insanları sevmirlər, bizim hökumətsə başdan-ayağa istedadsızlıqdır.

Əgər “Ağ gün”ü çəkə bilsəm, onda gərək Dostoyevski haqda film ssenarisi üçün arayış da təqdim edim, vaxtdır. Artıq…

Ya bəlkə, hər şeyə tüpürüm?

Ən gözəl ağac hansıdır? Qarağacdır, yəqin. Amma çox gec böyüyür. Bəs ən tez bitən hansıdır? Söyüd, ya da gümüşü çinar? Gümüşü çinar da gözəl ağacdır.

Maraqlıdır, görəsən, Fedyanın

vasitəsilə maşın ala biləcəyəm? Bu, yeganə yoldur. Özümə qalsa, əlbəttə, heç vaxt maşın ala bilmərəm.

Köçüb kənddə yaşamağı elə istəyirəm ki!

20 oktyabr 1973, şənbə. Moskva

Ən bədbin fikirlərdən biri: sən heç kimə lazım deyilsən, öz mədəniyyətinə tamamilə yadsan, onun üçün heç nə eləməmisən, sən heç nəsən. Bəlkə də Avropada və ya harada gəldi ciddi sual verirlər: “SSRİ-də ən yaxşı rejissor kimdir?” – Tarkovski. Amma bizdə susurlar. Mən yoxam, boşluqdan ibarətəm.

Bunu “zəiflik dəqiqələri” adlandırırlar. Heç kimə lazım olmamaq ağır dərddir. Beləliklə də, boşluqda bir məna görmürsən. Kiminsə həyatını, həyatları bütünlüklə doldurmaq istəyirəm. Sıxılıram, özüm öz qəlbimdə sıxılıram, mənə başqa sığınacaq lazımdır.

29 iyul 1974

Hə, filmin təhvilində yenə səliqəsizlik yaranır. Yermaş

filmi qəbul etmir: ona heç nə çatmır (“Bir az aydınlaşdırın!”), hansısa hissələr xoşuna gəlmir (“Kəsin bunları! Nəyə lazımdır?”) və s. və i. Qalmaqal nəzakətsiz şəkildə və qəribə oldu. Sanki Yermaş ya pis məşq edilmiş rolu oynayırdı, ya da “prinsipiallıq”,“ciddilik” nümayiş etdirirdi. İstənilən halda vəhşi kimi görünürdü – xudbin və xeyli dayaz adam kimi. “Qoskino”nun rəhbərliyi üçün çox cılız adamdır.

T.Q.Oqorodnikova

mənə televiziya üçün iki-üç ekran əsəri yazmağımı təklif etdi. İstəyirəm ona “Oblomov”, “Klim Samqinin həyatı”nı, Pomyalovskinin “Bursanın oçerki”ni məsləhət görüm. Gərək onunla bu haqda danışım və əgər alınsa, müqavilə bağlayıb kəndə gedim. Görəsən, “Güzgü”nün aqibəti necə olacaq?

Qısası, hər şey çətinləşir.

6 yanvar 1975, bazar ertəsi

Yermaşa məktub yazıb xahiş etdim ki, sonrakı işimdən irəli gələn məsələləri həll etsin. Bunların ikisindən birini nəzərdə tuturdum: ya “İdiot”, ya da Dosteyevski haqqındakı filmi. Yəqin, imtina edəcək, onda ona “İvan İliçin ölümü” və “Piknik”in

arayışıyla birgə (studiya ilə paralel) yenə məktub yazaram. Amma Struqatskilərlə bəzi məsələləri aydınlaşdırmaq lazım gələcək.

Bu gün çovğundur. Gecə ərzində, ola bilsin, hər şey donar. Sabah da Yeni ildir.

7 yanvar 1975, çərşənbə axşamı

Nəyə görəsə məndə “Piknik”i “Solyaris”in quruluşuna oxşar etmək istəyi var. Artıq indi bunun səbəbini anlayıram. Bu hiss “dərkedilməzliyə” qanuni toxunmaq imkanıyla əlaqəlidir. Halbuki, söhbət “eksperimental” adlandırılan kinodan yox, normal, ənənəvi, təkamüllə inkişaf edəndən gedir.

“Solyaris”də bu problem həll olunmamışdı. Orda süjeti təşkil etmək və bir neçə sual qoymaq çox çətinliklə başa gəldi.

Mənə ki xəlitə partlayışı lazımdır – özüm barədə sadə, dolğun hisslərin vəhdəti olan emosional əhvalat – əlbəttə, həyatın mənasıyla əlaqəli bir neçə fəlsəfi-etik sualın qaldırılması şərtilə.

“Güzgü”nün uğuru məni növbəti dəfə əmin etdi ki, ekrandakı əhvalat fonunda şəxsi emosional təcrübənin vacibliyi problemiylə əlaqələndirdiyim təxminim düzgünmüş.

Ola bilsin, kino ən şəxsi, ən intim incəsənət sahəsidir. Yalnız kinoda fərdi müəllif yanaşmasının tamaşaçı tərəfindən qəbul edilməsi üçün çox əmin arqument gərəkdir.

23 iyun 1977, Tallin

Biz necə də yanlış yaşayırıq!

İnsan heç də cəmiyyətə ehtiyac duymur, əksinə, cəmiyyət insana möhtacdır. Cəmiyyətin müdafiə meyarlarına, özünüqorumaya ehtiyacı var. İnsan heyvan sürülərindən fərqli olaraq tək yaşamalıdır – təbiət arasında – heyvan və bitkilərlə vəhdətdə.

Mən hələ də yüksək aydınlıqla həyatı dəyişməyin vacibliyini görürəm, necəsə saf-çürük etmək, yenidənqurma lazımdır. Həyata təzədən başlamalıyıq. Bunun üçün nə lazımdır? Hər şeydən qabaq özünü azad, müstəqil hiss etmək. İnanmaq, sevmək. Bu lənətəgəlmiş dünyanı buraxıb, başqası naminə yaşamaq. Bəs harada? Necə? Axı mənim doğmalarım – uşaqlarım, valideynlərim, Larisa – qarşısında öhdəliklərim var. Budur ilk inkarçılıq, ilk maneə…

29 dekabr 1979, şənbə

Mənə ayın otuzu saat üçdə Komitədə olmaq tapşırılıb. Tanrı, özün kömək ol!

Bu gün çox pis yatmışam. Üç dəfə oyanmışam. Yuxuma perron boyu qatara aparılan ölü qadın girib.

MK KPSS “Mosfilm”ə hansısa yarıbağlı, studiyada buraxılan bəzi filmlərin bədii səviyyəsinin aşağı olmasından bəhs edən məktub göndərib. Misal üçün üç film göstərilib: “Torbadakı pişik”, “Gənclik bizimlədir” və “Stalker”. Ekran əsəri səksəninci ilin ikinci yarısına hansısa iki yüz surətin çıxarılmasıyla planlaşdırılıb.

Yermaşgildəydim. Andryuşanın bizimlə getməsinin qəti əleyhinədir.

Təbiidir. Mən öz hüquqlarıma riayət olunmasını tələb etdim. Dedim ki, əks halda haqqıma yüksək dairələrdə yetişəcəyəm.

Ssenarini “müzakirə” etdik

.

“Sovet xatirələri” azmış (Çoxaldarıq).

Problemi itiləşdirmək lazımdır (İtiləşdirərik).

“Qoskino” Kolleqasının üzvləri olan rejissorların ünvanına fikirlərimi bölüşdüm. Dedim ki, hətta məndən xahiş etsələr də, kolleqanın üzvü olmaram. Dedim ki, onları yemləyirlər… ki, onların filmlərimi mühakimə etməyə, həyatımın dağılmasında iştirak etməyə ixtiyarları yoxdur. Bu miqyaslı söhbət, həm də zəhlətökən idi. Bir şeyə sevinirdim ki, söhbətdə Yermaşdan əlavə Sizov da iştirak edirdi.

Oleq Xalimonovun

doğum günündə oldum. Ondan xahiş etdim ki, vətəndaş hüquqlarım, xüsusilə, Andryuşa ilə getmək məsələsi haqqında nələrsə öyrənməyə çalışsın.

9 iyun 1980, bazar ertəsi, “Leonardo da Vinçi”

RAİ

-dən “Səyahət vaxtı”nın son variantını göstərdilər. Çox xoşuma gəldi.

Hələ ki, RAİ özünü anlaşılmaz aparır. Sabah onlarla görüşdən sonra çox şey aydınlaşa bilər.

Lara

ilə danışdım. O, cümə axşamı Tyapa

ilə Anna Semyonovnanı

kəndə aparacaq.

Əsas müqavilənin bağlanmasına qədər bizi İtaliyaya tam müddətlik (14 aylıq) qeydiyyata salmaq mümkün olmayacaq.

Həmişə gündəliyə gic-gic şeylər yazıram, amma nadir hallarda məni ziyarət edən uzun fikirləri unuduram.

Əgər film, kitab və sairdə istifadə olunan bütün qaydalar, ümumqəbul vasitələrdən tamamilə imtina edə bilsəydik, necə də gözəl şeylər yaradardıq!

Müşahidə etməyi tamam tərgitmişik. Müşahidəni hansısa şablonlarla əvəzləmişik.

Son zamanlar nəsə tez-tez yadıma Kastenado və onun Don Xuanı düşür…

3 aprel 1981, cümə, Moskva

Evdə bir qəpik də pul yoxdur. Dünən “Mosenrji”dən bir qadın gəlib işıqpulunu tələb edirdi. Sabah doğum günümdür – Larisa bütün tanışlara zəng edib deyir ki, heç kim gəlməsin, doğum günü təxirə salınır.

Dünən Yaz Qavronskiy

gəlməliydi. “Qoskino”nun rəhbərliyi artıq üç teleqram alıb ki, ayın 15-dən sonra (Moskvada Yermaşın iştirakıyla) italyanlar gələcək.

Stokholmdan Sofiya

dayanmadan zəng edib narahatlığını bildirir, həmişə eyni şeyi təkraralayıb durur ki, “Hamı öz tətilini təxirə salıb”, qəzetlər mənim təcili gəlməyimdən yazır, biz isə əlbəttə, heç yerə getmirik. “Qoskino” Moskvada yerləşən səfirlikdə isveçlilərə cavab verib ki, guya mənim istəmədiyimə görə getmirik. Larisa Storçaka

zəng edib, onların niyə belə dediyini soruşdu. O da cavab verdi ki, hamısı çaşqınlıqdandır. Qəribə çaşqınlıqdır!

İndi də Mosenerjidən gəlib işığımızı kəsdilər…

24 iyul 1981, Moskva

Kseniya

danışırdı ki, festival vaxtı mətbuat konfransında Yermaşa sual verdilər: Tarkovskinin uşağıyla ölkə xaricinə çıxa bilməməsi səbəbindən, ona RAİ-də film çəkməyə icazə verilməməsi doğrudurmu? Yermaş da deyib ki, məsələnin “Tarkovski kimi rejissora film çəkmək üçün həddindən artıq az pul verirlər” səbəbiylə əlaqələndirilməsinin əleyhinəyəm. Əclaf!

4 noyabr 1981, çərşənbə, Moskva

Ürəyimdə elə ağırlıq var ki!

Larisa kənddən bir həftə qabaq qayıtmalıydı, amma heç zəng də etməyib. Görəsən, orada neyləyir? Larisa nəyə görə Moskvaya gəlmir? Bilmirəm. Ürəyimi pişik cırmaqlayır, burdasa “yaradıcılıq” haqqında düşünməliyəm. Necə də çətindir, yaşamaq maraqsız və darıxdırıcıdır! Gərək dəyişiklik edim! Həyatı dəyişmək, zəruri olanlardan başqa hər şeyi tullamaq lazımdır. Gərək bütün cəsarətimi toplayıb, maneəçilik törədən hər şeydən qurtulum.

“Müqəddəs Antoniyanın iztirabları”

Final – (daxilindəki harmoniyanın mümkünsüzlüyündən) Antoniyanın iflic tutmalarında, xırıltılarda, dünyanın çiçəklənən gözəlliyini (dan yeri, donmuş təbiət, üşüyən ağaclar, bərq vuran ulduzlar və həyatın bu gözəlliyini aydınlandıran Şərqdən gələn işıq) anbaan izləyən məqamlarda yaranan daxili sakitlikdə aram-aram gələn qaçılmaz süqutudur. Müqəddəs Antoniya! Bu, həm Tolstoy, həm İvan Karamazov, həm də natamamlıqdan əziyyət çəkən hər kəsdir!