скачать книгу бесплатно
Ədəbiyyatsız dünya
Müəllif kollektivi
Ədəbiyyatsız dünya necə olardı? İlk baxışdan bu sualın cavabı aydındır, çoxluğun fikrincə ədəbiyyatsız da keçinmək olar və ədəbiyyat olmasa dünyada heç nə dəyişməz. Lakin Mario Varqas Lyosa, Orxan Pamuk, İtalo Kalvino, Marsel Prust, Jan Pol Sartr, Karlos Fuentes, Vladimir Nabokov və bu kitabda esselərini və müsahibələrini oxuyacağınız daha 15 tanınmış dünya yazarı bunun əksini düşünür və sübut edir. Ədəbiyyat həyatın daha yaxşı başa düşülməsi və daha yaxşı yaşanmasına yardım edir, həyatı bütöv yaşamaq, onu başqaları ilə birlikdə və paylaşaraq yaşamaq ədəbiyyatsız mümkün olmazdı.
Oxuculara təqdim olunan bu kitabda, eyni zamanda, çağdaş dünyada gedən ədəbiyyat prosesləri haqqında bilgilər, yazı sənətinin özəlliklərinə dair ustad tövsiyələri və tanınmış yazarları məşğul edən düşüncələr öz əksini tapıb. Ədəbiyyatətrafı məsələlərlə bağlı tərcümə materiallarının ana dilimizdə çap olunması əlbəttə, ilk deyil, bu cür tənqidi-nəzəri materiallar qəzetlərdə və saytlarda hər zaman yayınlanır, bəzi kitablar da çap olunur, lakin çox zaman fraqmentar və sistemsiz olur. peşəkar söz adamı Qismət Rüstəmovun təqdimatında dünyanın ən tanınmış yazarlarının bilavasitə yazı sənətinin özəlliklərindən bəhs edən məqalə və müsahibələrinin seçilərək ana dilimizə çevrilməsi milli ədəbiyyat prosesimizin yeni bir yüksəklik qazanması baxımından çox böyük dəyər daşıyır.
Ədəbiyyatsız Dünya
MARIO VARQAS LYOSADAN ESSELƏR
ƏDƏBIYYATSIZ DÜNYA NECƏ OLARDI?
Kitab yarmarkalarında, ya da kitab evlərində başıma tez-tez eyni şey gəlir: mədəni bir adam yaxınlaşıb arvadı, qızı, ya da anası üçün məndən imza istəyir, sonra deyir: “O, kitab oxumağı çox sevir, ədəbiyyatdan ötrü ürəyi gedir”. Mən də tezcə soruşuram: “Bəs siz? Siz necə, kitab oxumağı sevirsizmi?” Cavab çox vaxt eyni cür olur: “Əlbəttə, kitab oxumağı çox sevirəm, amma başımı qaşımağa vaxtım yoxdur”. Bu izahatı o qədər çox eşitmişəm ki. Başa düşürəm, minlərlə bu cür adamın görüləsi çox vacib işləri, həyatda o qədər yükü və məsuliyyəti var ki, dəyərli zamanlarını saatlarla roman, şeir, ya da esse oxumağa sərf edə bilmirlər. Geniş yayılmış düşüncəyə görə, ədəbiyyatsız da keçinmək olar; ədəbiyyatın həssaslığımızı, mədəniyyətimizi artıran müqəddəs və faydalı bir fəaliyyət olması mübahisə doğurmur, amma bu, yalnız boş vaxtı olanların gözə aldığı əyləncə, süslənib-püslənəcəyi bəzəkdir. İdman eləmək, kinoya getmək, briç ya da şahmat oynamaq kimi bir şeydir bu; yəni ki, onların fikrincə, həyat mübarizəsinin təxirəsalınmaz qayğıları və öhdəlikləri qarşısında seçim etmək lazım gələndə, ədəbiyyatı heç düşünmədən nəzərə almamaq olar.
Belə görünür ki, ədəbiyyat get-gedə daha çox qadın işi olub. Kitab evlərində, yazıçıların təşkil etdiyi konfranslarda, qiraət günlərində, universitetlərin humanitar elmlərə ayrılmış fakültələrində qadınların sayı kişilərdən çoxdur. Bu fakt adətən belə izah olunur: orta təbəqədən olan qadınlar daha çox kitab oxuyurlar, çünki kişilər qədər işləmirlər: bundan başqa, kişilərdən fərqli olaraq, əksər qadınlar arzulamaqdan və xəyal qurmaqdan utanmırlar. İnsanları kəskin siniflərə bölən, onların bir-birindən fərqli fəzilətlərini, qüsurlarını özünə dayaq nöqtəsi kimi götürən topdan izahların heç birindən heç vaxt xoşum gəlməyib. Amma ədəbiyyat oxucusunun – zir-zibil oxuyanlar kifayət qədərdi – hər gün azalması və yerdə qalan oxucu kütləsinin içində say etibarilə qadınların dominant olması inkar edilməz gerçəklikdir.
Bu, hər yerdə belədir. Söz gəlişi deyim, İspaniya Yazıçılar Birliyinin bir neçə il bundan qabaq apardığı araşdırma göstərdi ki, ölkə əhalisinin yarısı bugünəcən bir dənə də olsun kitab oxumayıb. Araşdırmadan həm də aydın oldu ki, kitabsevər azlığın içində “kitab oxuyuram” deyən qadınların sayı kişilərdən 6,2 dəfə çoxdur; üstəlik, bu fərqin get-gedə artması ehtimal edilir. Bu qadınlar üçün sevinirəm, amma bu kişilərə və kitab oxumaq imkanı ola-ola oxumamaq qərarına gəlmiş milyonlarca insana acıyıram.
Onlara acımağımın səbəbi təkcə əldən verdikləri ləzzətin fərqində olmamaqları deyil, onlara həm də ona görə acıyıram ki, ədəbiyyatsız cəmiyyətlərin, ya da ədəbiyyatı (gizli günah kimi) ictimai və şəxsi həyatın ucqarlarına sürgün edən, onu fanatik təriqətlərə bənzər bir şeyə çevirən cəmiyyətlərin ruhi baxımdan vəhşiləşəcəyinə, daha da pisi, əvvəl-axır öz azadlığını təhlükə altında qoyacağına inanıram. İstəyirəm ədəbiyyatı “olmasa da olar” tipində əyləncə sayanların əleyhinə bir neçə fikir səsləndirim. İstəyirəm ədəbiyyatı təfəkkürün ən önəmli, ən mənəvi fəaliyyətlərindən biri kimi görən və onu müasir demokratik cəmiyyətlərin azad fərdlərdən ibarət bir toplum yaratması üçün “olmazsa, olmaz” sayan tezisin lehinə bir neçə fikir səsləndirim. Məncə, bədii ədəbiyyat oxumaq vərdişini uşaq yaşlardan ailədə formalaşdırmaq lazımdır və bu, bütün təhsil sistemlərinin əsas sütunu, ana predmeti olmalıdır. Halbuki bilirik ki, bunun əksi baş verir: məktəblərdə ədəbiyyata cüzi vaxt ayırırlar, bəzən isə ümumiyyətlə tədris siyahısından çıxarırlar, elə bil, ikinci dərəcəli şeydir.
* * *
Biz elmin və texnologiyanın ağlasığmaz sıçrayışa keçdiyi, bilginin sonsuz parçalara, hissələrə ayrıldığı, ixtisaslaşdığı, mədəniyyətlərin çulğalaşdığl bir epoxada yaşayırıq. Bu kulturoloji meyil qarşıdan gələn illərdə daha çox müəyyənlik qazanacaq. İxtisaslaşma, şübhəsiz ki, bir çox cəhətdən faydalıdır. Məsələn, o daha dərin araşdırmaların və daha böyük təcrübələrin həyata keçirilməsinə imkan yaradır, inkişafa təkan verir. Amma neqativ nəticələri də var, çünki insanların birgəliyini, bir-biriylə ünsiyyət qurmasını, yardımlaşma duyğusunu diri saxlayan ortaq intellektual və kulturoloji özəllikləri məhv edir. İxtisaslaşma ictimai düşüncənin yox olmasına, insanların texnik və mütəxəssis gettolarına bölünmə-sinə gətirib çıxarır. Əldə olunan bilgilər get-gedə daha çox özünə-məxsuslaşqıdca və sektorlara bölündükcə, ixtisaslaşan bilgi günü-gündən daha çox özəl dil və şifrə, leksika tələb edir. Əcdadların “yarpaqlara baxıb ağacı görməmək, ağaclara baxıb meşəni görməmək” – dedikləri, əslində bu xüsusiləşməyə və bölünməyə qarşı bir xəbərdarlıqdır. Meşənin varlığının fərqində olmaq cəmiyyəti bir-birinə bağlayan ictimailik hissini, aidlik duyğusunu yaradır və cəmiyyətin çoxlu solipsist qruplara bölünməsinin qarşısını alar. Solipsizm – nifrətə, müharibələrə, soyqırımları doğuran paranoyaya və sayıqlamağa, həqiqətin təhrif edilməsinə gətirib çıxarır.
Elə buna görə də bizim dövrümüzdə elm və texnologiya sonsuz zənginliyinə, təkamül sürətinə baxmayaraq, inteqrasiya aləti kimi çıxış edə bilmir, çünki fraqmentar ərazilərə bölünüb və leksikası hermetikləşib. Amma məsləkləri, həyatdakı məqsədləri, coğrafi və kulturoloji təyinatları, fərdi vəziyyətləri nə qədər fərqli olur-olsun, ədəbiyyat insanların özlərini dərk etdikləri, bir-biri ilə ünsiyyət qura bildikləri insan yaşantısının ortaq məxrəclərindən biridir. Ədəbiyyat imkan yaradıb ki, fərdlər öz həyatlarının bütün fərqli xüsusiyyətlərinə baxmayaraq, tarixi aşıb keçsinlər; biz Servantes, Şekspir, Dante və Tolstoyun oxucuları kimi, zamanı və məkanı aşaraq bir-birimizi tanıyırıq, özümüzü eyni növün nümayəndələri kimi dərk edirik: Çünki bu müəlliflərin əsərlərini oxuyarkən, bizi bir-birimizdən ayıran dərin fərqliliklərin ötəsinə keçir, hamımızda ortaq olanı öyrənirik. Bütün millətlərin insanları təməldə bərabərdirlər, onların arasına ayrıseçkilik, qorxu və boyunduruq toxumlarını səpən ədalətsizlikdi: İnsanları qərəzin, irqçiliyin, dini, ya da siyasi fanatizmin, özündən başqa hər şeyi dışlayan milliyətçiliyin axmaqlıqlarına qarşı bütün böyük ədəbi əsərlərdə qarşımıza çıxan ali həqiqətdən – insanların bərabər olması həqiqətindən yaxşı heç nə qoruya bilməz.
Etnik və kulturoloji fərqlərdə insanlıq mirasının zənginliyini görməyi, bu fərqləri bəşəriyyətin çoxtərəfli yaradıcılığının simptomu kimi dəyərləndirməyi ədəbiyyatdan daha yaxşı heç nə öyrədə bilməz. Yaxşı ədəbi əsərləri oxuyanda, heç şübhəsiz, böyük ləzzət alırıq, amma həm də insani bütövlüyümüz və çatışmazlıqlarımız içində həyata keçirdiklərimizi başa düşür, xəyallarımızı, kabuslarımızı, təkliyimizi və bizi başqalarına bağlayan münasibətləri cəmiyyətdəki obrazımızda, eləcə də şüurumuzun gizli çıxıntılarında kim olduğumuzu, necə olduğumuzu öyrənirik.
* * *
İsaiah Berlinin diliylə desək, “bu paradoksal həqiqətlərin qatmaqarışıq məcmusu” insani mahiyyətimizi əmələ gətirir. Bugünkü dünyada insanla bağlı bu bütöv və canlı bilgini ancaq ədəbiyyatda tapmaq olar. Humanitar elmlərin digər qolları – fəlsəfə, tarix və ictimai elmlər belə, bu cür bütövləşdirici açıq fikirliliyi, bu cür universallaşdırıcı ifadə tərzini yarada bilməyib. Humanitar elmlər də get-gedə düşüncəsi və söz dağarcığı sıravi insanlardan aralı düşməkdə olan bu parçalanmış və texnikiləşmiş ərazilərdə özünü təcrid etdi, bilginin xərçəngli mikrodünyasına və altsahələrə gömüldü. Bəzi tənqidçilərə, nəzəriyyəçilərə qalsa, ədəbiyyatı elmə çevirərlər. Amma bu heç vaxt olmayacaq; çünki ədəbiyyat öz varlığını yaşantının yalnız bir sahəsini araşdırmağa borclu deyil. Ədəbiyyat insan həyatı parçalanıb hissələrə ayrılanda, ya da qəlibləşmiş sxemlərlə və şablon formullarla məhdudlaşdırılıb yox olmağa üz tutanda, onu fantaziya vasitəsilə zənginləşdirib yoxdan var edir. Prust deyəndə ki, “Əsl həyat sona qədər aydın və faş edilmiş olandır, deməli onu bütövlükdə yaşamaq olar – bu, ədəbiyyatdır”, elə bunu nəzərdə tuturdu. Məncə, Prustun bu sözlərində qətiyyən şişitrmə yoxdur; bu sözlər Prustun təkcə yazıçılıq işinə bəslədiyi sevgidən qaynaqlanmır, yazıçı burda müəyyən bir təklif də edib deyir ki, ədəbiyyat həyatın daha yaxşı başa düşülməsinə və daha yaxşı yaşanmasına yardım edir, həyatı bütöv yaşamaq üçün onu başqaları ilə birlikdə və paylaşaraq yaşamaq lazımdır.
Ədəbiyyat insanlar arasında qardaşlıq bağı yaradır ki, bu bağ onların dialoqa girməyinə, ortaq bir əcdad və ortaq bir məqsədin varlığından xəbərdar olmağa yardım edir, onları qan qardaşına çevirir, çünki kitablar zamanın sərhəddini şəffaflaşdırır. Ədəbiyyat bizi keçmişə daşıyır və bizə gəlib çatan, indi də oxuyanda ləzzət aldığımız, bizi xəyala daldıran mətnləri bir vaxtlar bizim kimi ləzzətlə oxuyaraq xəyal qurmuş insanlarla aramızda bağ yaranır. Mədəniyyətin ən böyük qələbəsi odur ki, insana zamanı və məkanı aşaraq özünü ortaq bəşər yaşantısının bir parçası kimi hiss etdirir; bu duyğunun hər nəsildə təzələnərək davam etməsinə ədəbiyyatdan daha çox heç nə kömək edə bilməz.
* * *
“Ədəbiyyat nəyə yarayır?” – bu sual Borxesi həmişə narahat edib. Axmaqlıq hesab etdiyi bu suala Borxes belə cavab verib: “Bülbülün cəh-cəhinin, ya da gözəl bir qürub çağının nə yararı var? – deyə soruşmaq kimin ağlına gələr ki!”. Bu cür gözəl şeylər varsa, bu gözəl şeylər həyatın çirkinliyini və hüznünü bir anlıq da olsa azaldırsa, bütün bunlara praktiki təsdiq axtarmağın nə mənası var? Amma belə baxanda, əslində, “Ədəbiyyat nəyə yarayır?” sualı elə də pis sual deyil. Çünki romanı və şeiri yaradan təsadüf, ya da təbiət deyil ki, onlar bir quşun cəh-cəh vurması, ya da batan günəşin görüntüsü ilə eyni şey olsun. Romanları və şeirləri insanlar yaradıb, deməli, necə və niyə yarandıq-larını, məqsədlərinin nə olmasını və niyə bu qədər qalıcı olduqlarını soruşmaqda heç bir problem yoxdur.
Ədəbi əsərlər ətraf aləmdən alınan təəssüratların və emosiyaların titrəşən kölgələr kimi təhtəlşüurun gizli guşələrində sintezindən doğulur, sonra şair, ya da yazıçı, sözlərlə boğuşaraq bütün bunlara yavaş-yavaş forma, bədən, hərəkət, ritm, harmoniya və həyat verir. Şübhəsiz ki, bu, süni, təxəyyül məhsulu olan, dil vasitəsilə yaradılmış həyatdı, amma yenə də hamı – bəziləri tez-tez, bəziləri isə arabir – bu süni həyatı axtarır, çünki gerçək həyat onlara bəs etmir, istədiklərini vermir. Ədəbiyyatın mövcudluğu yazıldığı andan götürmür, bədii əsər yalnız başqaları tərəfindən əldə ediləndə, ictimai həyatın bir parçası olanda, oxunub paylaşılan təcrübəyə çevriləndə mövcudluq qazanır.
Ədəbiyyatın insana birinci faydası dil qatında baş verir. Yazılı ədəbiyyatı olmayan xalqlar, əsas ünsiyyət vasitəsi olan sözü öz ədəbi mətnləriylə cilalayıb təkmilləşdirən xalqlar qədər detal zənginliyi ilə və aydın formada özünü ifadə edə bilmirlər. Romanı olmayan, kitab azarına tutulmayan cəmiyyətlər kobud və ibtidai dillərinə görə dəhşətli ünsiyyət problemi olan sağır-dilsizlər topasına, söz yaratma qabiliyyətindən tamamilə məhrum xalqa çevrilirlər. Eyni şey fərdlər üçün də keçərlidir. Heç oxumayan, az oxuyan, ya da ancaq bayağı şeylər oxuyan insan şikəstdir: çox danışsa da, az şey deyir, çünki söz dağarcığı özünü ifadə etməyə bəs etmir.
Və bu təkcə kasad söz ehtiyatı yox, eyni zamanda, təfəkkür və fantaziya məhdudluğu, ağıldankəmlik, intellekt yoxsulluğudur, çünki sözlər olmasa, ətraf aləmin və öz “mən”imizin gizlinlərini qavramağımıza yardımçı olan düşüncələr və anlayışlar müstəqil şəkildə mövcud ola bilməzlər. Səlis danışmağı – məsələni hərtərəfli düşünərək səliqəli, zərif danışmağı – yalnız və yalnız yaxşı ədəbiyyatdan öyrənirik; heç bir təlim, heç bir sənət növü ünsiyyət qurmaq üçün lazımlı olan dildə ustalaşmaq məsələsində ədəbiyyatın yerini verə bilməz. Elmi-texniki vəsaitlər bizə fundamental bilik verə bilər, amma onlar bizə sözlə necə davranmaq və fikrimizi düzgün ifadə etməyi öyrətməyəcəklər, əksinə, çox vaxt bu mətnlər pis yazılmış olur və müəlliflərinin beynində hökm sürən linqvistik xaosu gözümüzə soxurlar. Çünki bu müəllifər – onlar adətən öz sahələrinin ulduzlarıdır – ədəbi baxımdan yonulmayıblar, savadsızdırlar və öz qiymətli ideayalarını oxuculara çatdırmaq üçün nitq qabiliyyətləri yoxdur. Yaxşı danışmaq, zəngin və çoxtərəfli söz dağarcığına malik olmaq, ötürmək istədiyimiz hər düşüncə və hissin adekvat qarşılığını tapmaq üçün, düşünməyə, öyrətməyə, öyrənməyə, danışmağa, eyni zamanda, sonsuz xəyallar qurmağa, hiss etməyə hazırlıqlı olmaq lazımdır. Sözlər bizim dillə qəti əlaqəsi yoxmuş kimi görünən bütün əməllərimizdə belə daxilən əks-səda verirlər. Dil kimi əməllərimiz də ədəbiyyat vasitəsilə inkişaf edərək incəlik və yeni çalarlar qazanıb yüksək səviyyəsinə çatdıqca, insanların mümkün həzlərdən ləzzət almaq ehtimalı çoxalır.
Keçək sevgiyə. Ədəbiyyat bizə kömək etdi ki, sevgini, ehtirası və cinsi birləşməni yaradıcılıq səviyyəsinə qaldıraq. Ədəbiyyat olmasaydı, erotizm olmazdı. Sevgi və həzz kasıb olar, həssaslıqdan, incəlikdən məhrum qalar, ədəbi təxəyyülün təklif etdiyi dolğunluğa çatmazdı. Qarsilasonu, Petrarkanı, Qonqoranı, ya da Bodleri oxumuş cütlüklər həzzin dəyərini bilmək və hiss etmək məsələsində bayağı serialların kütləşdirdiyi cahil insanlardan daha irəlidədirlər desəm, yəqin şişirtmiş olmaram. Dünyada kitab olmasaydı, sevgi və cinsi həzz heyvani tələbatdan fərqlənməz, elementar instiktlərin doyuzdurulmasından başqa bir şey olmazdı.
Audio-vizual media insanlara dildə gizlənmiş zəngin imkanlardan inamla və bacarıqla faydalanmağı öyrətməkdə ədəbiyyatın yanından yel olub ötə bilməz. Əksinə, televiziya və kino (çox təbiidir) özünüifadənin ibtidai forması olan görüntülərin dilində danışmağı önə plana çıxardaraq sözləri ikinci plana atmağa, dili öz yazılı mahiyyətindən uzaqlaşdırıb şifahiliyə itələməyə meyillidir – vizual sırada sözdən çox az şey tələb olunur və bu onu kağızdakı kökündən uzaqlaşdırır. Və bu tamaşaçılar üçün həmişə darıxdırıcıdır, fərqi yoxdur ekranlarının ölçüsü nə boydadır. Bir filmə, ya da televiziya verilişinə “ədəbi” demək, onun maraqsız olduğunu deməyin mədəni formasına çevrilib. Elə buna görə də radiodakı, ya da televiziyadakı ədəbiyyat proqramları nadir hallarda populyar olur; bildiyim qədərilə bu qaydanı vecinə almayan yeganə nümunə Fransada Bernar Pivonun “Apostroflar” adlı verilişi idi. Bütün bunlar məni düşünməyə vadar edir ki, (hərçənd şübhələrim var) dilə yiyələnməkdə və biliyin formalaşmasında ədəbiyyat təkbaşına əsas rolda ola bilməz. Kitab – çoxlarına görə artıq dəbdən düşmüş o sənaye məhsulu – qırılmaz zəncirlərlə bədii əsərlərin alın yazısıdır və çox əhəmiyyətlidir.
* * *
İndi isə kitabı köhnəlmiş sayan şəxslərdən birinə – Bill Geytsə keçmək istəyirəm. Bir neçə ay öncə Madridə gələn və “Microsoft”la ortaq bir işə girişmiş İspaniya Kral Akademiyasını gəzən Geyts, akademiyanın üzvlərinə söz verdi ki, “ñ” hərfi kompüterlərin əməliyyat sistemindən heç vaxt çıxarılmayacaq. Geytsin bu sözü beş qitədə ispanca danışan 400 milyon insanın ürəyinə su səpdi, çünki bu vacib hərfin elektron dünyadan çıxarılması çox böyük problemlərə səbəb olacaqdı. Geyts akademiyadakı işini bitirib gedərkən mətbuat konfransında dedi ki, ölməmişdən qabaq ən böyük məqsədinin reallaşmasını görmək arzusundadır. Bilirsinizmi, arzusu nəydi? Əvvəlcə kağızın, sonra isə kitabların kökünü kəsmək.
Geytsin fikrincə, kitablar anaxronizmdir; kompüter ekranları bugünədək yerinə yetirdikləri bütün funksiyalarla kağızın yerini tuta bilər; bilgisayarlar daha az narahatlıq yaradır, daha az yer tutur və daha asan daşına bilir; üstəlik, xəbərlərin və ədəbiyyatın bu elektron media ilə ötürülməsi, ətraf mühit üçün də faydalı olacaq, meşələrin yox olmasının qarşısını alacaq, beləcə, kağız sənayesinin əmələ gətirdiyi bəla ortadan qalxacaq, insanlar oxumağa davam edəcək, amma kompüter ekranlarından oxuyacaqlar, bunun nəticəsində isə təbiətdə daha çox xlorofil olacaq.
Mən Geytsin mətbuat konfransında olmamışam. Bunları qəzetdən oxudum. Amma orda olsaydım, məni və məsləkdaşlarımı – kitab yazanları utanmadan işsizlər arasına göndərmək niyyətində olduğunu açıqladığı üçün Geytsi fitə basar, gözümü qırpmadan dediyi fikirlərin əleyhinə gedərdim. Kompüter ekranı doğurdanmı bütün tərəfləri ilə kitabın yerini tuta bilər? Düzü, o qədər də əmin deyiləm. İnternet kimi yeni texnologiyaların ünsiyyəti və informasiyanı bölüşmək sahəsində həyata keçirdiyi böyük inqilabın fərqindəyəm, internetin işimdə mənə sonsuz fayda verdiyini deməkdən çəkinmirəm, amma yaratdığı bu fövqəladə rahatlıq üçün minnətdarlıq hissilə tez-bazar monitorun kağızı əvəz edə biləcəyinə inanmaq fikrim yoxdur. Kitab oxumağın məhrəmliyində, intellektual gərginliyində və ruhi saflığında, xəyallardan və sözlərdən aldığımız həzz var; bu həzzi kompüter ekranından da ala biləcəyimizi qəbul etmirəm.
Bu, bəlkə də təcrübəsizlikdən və ədəbiyyatı çox uzun müddətdir ki, kitablarla, kağızlarla eyniləşdirməkdən yaranmış bir önyarqıdır. Amma dünyada nə baş verdiyini öyrənmək üçün internetdə gəzişməyi xoşlasam da, Qonqoranın bir şeirini, Onettinin və ya Kalvinonun bir romanını, ya da Oktavio Pasın bir essesini monitordan oxumaram, çünki əminəm ki, bu cür mütaliənin effekti fərqli olacaq. Düzdür, isbat etməkdə çətinlik çəkə bilərəm, amma kitabın yoxa çıxması ilə birgə ədəbiyyatın çox ağır, ölümcül bir zərbə alacağını düşünürəm. Şübhəsiz ki, “ədəbiyyat” sözü yoxa çıxmayacaq, amma bayağı televiziya serialları Sofokl və Şekspirin tragediyalarından nə qədər uzaqdırsa, yüz faizdir ki, “ədəbiyyat” sözü də bugün ədəbiyyat dediyimiz şeyə o qədər uzaq olan bir şeyi ifadə etmək üçün istifadə ediləcək.
* * *
Ədəbiyyatın bəşəriyyətin həyatında vacib yer olduğunu düşünmək üçün bir səbəb daha var; ədəbiyyatsız tarixi çevrilmələrin mühərriki və azadlığın ən yaxşı dostu olan tənqidi düşüncə sağalmaz yara alar. Çünki keyfiyyətli ədəbi nümunələrin hamısı yaşadığımız dünya haqqında həmişə radikal şübhəçi suallar verirlər. Böyük ədəbi mətnlərin hamısında, müəlliflərin belə bir niyyəti olmasa da, özbaşınalığa və qiyama dəvət var.
Ədəbiyyat taleyinə boyun əymiş, yaşadıqları həyatdan məmnun olan insanlara heç nə ifadə etmir. Ədəbiyyat üsyankar ruhları bəsləyir, uzlaşmazlığı yayır; o, həyatda çox, ya da az şeyi olanların sığınacağıdır. İnsan bədbəxt olmamaq və bütövləşmək üçün ədəbiyyata sığınır. La Manç ovalığında bir dəri-bir sümük Rosinanta və şaşqın Cəngavərlə birlikdə gəzmək, Kapitan Ahabla birlikdə balina kürəyində dənizlərdə üzmək, Emma Bovari ilə birlikdə arsenik içmək, Qreqor Zamsa ilə birlikdə böcəyə çevrilmək: bunların hamısını varlığımızı hakim kəsilən həsrəti, incikliyi sakitləşdirmək üçün başqa insan olmaq istəyərkən bizi həmişə eyni insan olmağa zorlayan ədalətsiz həyatın səhv-lərindən və diqtəsindən xilas olmaq üçün icad etmişik.
Ədəbiyyat bu dözülməz ağrını yalnız keçici olaraq sakitləşdirir, amma bu möcüzəvi anda, həyatın bu ötəri fasiləsində ədəbi illüziya bizi tarixdən kənara atır, zamansız bir ölkənin vətəndaşlarına çevirir və beləcə, ölümsüzləşdirir. Onda biz sıradan həyatın məcburi monotonluğundakı vəziyyətimizdən daha güclü, daha zəngin, daha mürəkkəb, daha xoşbəxt və daha duru oluruq. Kitabı bağlayıb ədəbiyyatın illüziyasından çıxanda real həyata qayıdırıq və onu bir az əvvəl ayrıldığımız o gözəl dünya ilə müqayisə edirik, böyük xəyal qırıqlığına düşürük! Amma həm də müdhiş bir şeyin fərqinə varmış oluruq: Romandakı xəyali dünya kitab oxuyarkən huşa gedib ayrıldığımız real həyatdan, mövcud şəraitin sərhədlərindən və darıxdırıcılığından daha yaxşı, daha gözəl, daha rəngli, daha tutumlu və daha yetkindir. Deməli, yaxşı ədəbiyyat, həqiqi ədəbiyyat həmişə dağıdıcı, boyun əyməyən və üsyankardır: mövcud olana meydan oxumaqdır.
“Hərb və sülh”ü, ya da “İtirilmiş vaxtın sorağında”-nı oxuyandan sonra, mənasız təfərrüatlarla dolu olan, xəyallarımızı addımbaşı yerlə-yeksan edən məhdudiyyətlər və yasaqlardan ibarət dünyamıza qayıdanda aldadılmışlıq hissinə qapılmırıqmı?
Ədəbiyyatın mədəniyyətin sürəkliliyini təmin etmək və dili zəngiləşdirməkdən başqa bəşərin inkişafına ən böyük töhfəsi bəlkə də odur ki, (çox vaxt fərqində olmadan) o, bizə bu dünyanın ədalətsiz qurulduğunu, bunun əksini irəli sürənlərin, yəni güclülərlə bəxtigətirmişlərin yalan danışdıqlarını, dünyanın düzəlməsinin mümkün olduğunu, fantaziyamızın və dilimizin yaratdığı dünyaya daha çox oxşayan bir dünya qurmağın mümkünlüyünü xatırladır. Yaşadığımız dünyanı dayanmadan analiz etmək getdikcə daha çətin bir vəzifə olmağa başlasa da, azad və demokratik cəmiyyət mövcud dünyanı yaşamaq istədiyimiz dünyaya daha da yaxınlaşdırmağın vacibliyini anlayan, məsuliyyətli və tənqid düşüncəsi olan vətəndaşlardan əmələ gəlir. Həyat təşnəliyini artırmağın, idarəçilərin əlində oyuncaq olmayan, sürəkli ruhi inkişaf və canlı fantaziya ilə silahlanmış, tənqidi düşüncəsi olan azad vətəndaşlar yetişdirməyin yaxşı ədəbiyyat oxumaqdan başqa yolu yoxdur.
Oxucunun şüurunu dünyanın çatışmazlıqlarına qarşı həssaslaşdırdığı üçün ədəbiyyatı yoldançıxardan adlandırmaq, senzurabaz kilsələrin və hökumətlərin düşündüyü kimi, o demək deyil ki, ədəbi mətnlər birbaşa ictimai iğtişaşlara səbəb olacaq, ya da inqilabları sürətləndirəcək. Bir şeirin, pyesin, ya da romanın ictimai və siyasi təsiri əvvəlcədən hesablana bilməz; çünki şeir, pyes, ya da roman kollektiv şəkildə yaradılmır, yaxud eyni cür qavranılmır. Onlar individualdır, deməli yazdıqlarından, yaxud oxuduqlarından çox fərqli nəticələr çıxaran fərdlər tərəfindən yaradılır və oxunurlar. Buna görə də, konkret qəliblər müəyyənləşdirmək çətin, daha dəqiqi qeyri-mümkündür, üstəlik, bir ədəbi əsərin ictimai nəticələrinin onun estetik keyfiyyəti ilə çox az əlaqəsi ola bilər. Deyirlər ki, Harriet Biçer Stounun ortabab bir romanı ABŞ-da köləliyin qorxuncluğu ilə bağlı ictimai-siyasi şüuru oyandırıb. Ədəbiyyatın bu cür effekt doğuracağını müəyyənləşdirmək çətindir, amma bu o demək deyil ki, belə effekt yoxdur. Əsas odur ki, bu effekt şəxsiyyəti müəyyən qədər kitablar vasitəsilə formalaşmış vətəndaşların əməlləri ilə ortaya çıxsın.
Yaxşı ədəbiyyat insanların narazılığını ötəri olaraq yatırsa da, əslində, həyat qarşısında tənqidi və uzlaşmaz bir xarakter formalaşdıraraq həmin narazılığı daha da artırır. Ədəbiyyatın insanları bədbəxt etməyə yatımlı olduğunu da demək olar. Narazı olmaq o deməkdir ki, həyatla döyüşdəsən, özünü bihudə mübarizələrə həst etməyə razısan; eynən, “Yüz ilin tənhalığı”ndakı Aureliano Buendianın uduzacağını bilə-bilə xeyli savaşa girməsi kimi. Bütün bunlar doğru ola bilər, amma həyatın adiliyinə və səfilliyinə üsyan etməsəydik, hələ də ibtidai vəziyyətdə yaşayırdıq, tarix də indi yerində sayırdı. Əgər elə olsaydı, azad fərd yaradılmamış, elm və texnologiya inkişaf etməmiş, insan haqları tanınmamış, azadlıq kəşf olunmamış qalardı. Bütün bunlar bədbəxtlikdən, yetərsiz və dözülməz bir həyata meydan oxumaqdan yaranıb. Ədəbiyyat cəngavər romanları oxuya-oxuya başı xarab olmuş Don Kixotun çılğınlığı ilə araşdırmalar aparan və adi həyatla kifayətlənməyən ürəkləri çox həvəsləndirib.
* * *
Gəlin bir anlıq xəyalımızda Tarixi yenidən quraq. Ədəbiyyatsız, insanların şeir, ya da roman oxumadığı bir dünya düşünək. Bu savadız, məhdud söz dağarcığı olan, donqultuların və meymunvari səslərin çoxluq təşkil etdiyi sivilizasiyada bəzi sözlər olmayacaqdı; məsələn, hamısı ədəbiyyatın kəşfi olan Don Kixotvari, Kafkavari, Rablevari, Oruelvari, Sadist və Mazoxist kimi təyinlər. Heç şübhəsiz ki, ağlını itirmiş insanlar, paranoiklər, acgözlər və qızmışlar, əzab verməkdən və əzab çəkməkdən zövq alan iki ayaqlı heyvanlar yenə olacaqdı. Amma bu halda biz insan şəxsiyyətindəki qəribəlikləri görməyəcək, Servantesin, Kafkanın, Rablenin, Oruelin, Markiz de Sadın və Saher-Mazoxun istedadla bizə göstərdiyi öz gizlinlərimizi kəşf etməmiş olacaqdıq.
“La Mançlı əsilzadə Don Kixot” çap olunanda, romanın ilk oxucuları xəyalpərəst cəngavərə də, romanın digər personajlarına da lağ eləmişdilər. Amma biz bu gün artıq bilirik ki, Kədərli Cəngavərin yel dəyirmanlarını yox, divləri gördüyünü deməsi və mənasız sayılan hərəkətlər etməsi, əslində, comərdliyin ən alicənab forması və bu səfil dünyanı dəyişdirmək ümidi ilə etiraz səsini ucaltmağın ən ali yollarından biri idi. Müsbət mənəvi valentliklə iç-içə keçən ideal və idealizm anlayışları əgər Servantes dühasının inandırıcılığı ilə roman personajına çevrilməsəydi, indiki kimi mübahisəsiz dəyər sayılmayacaqdı. Eyni şey romanlardan öyrəndiyi ehtiraslı və dəbdəbəli həyatı yaşamaq üçün var gücüylə döyüşən, balaca və praqmatik dişi Don Kixot Emma Bovari üçün də keçərlidir. Emma da atəşə çox yaxınlaşdığı üçün yanıb külə dönən pərvanədir.
* * *
Servantes və Floberdə olduğu kimi, bütün böyük ədəbiyyatçıların əsərləri bizi təkcə reallığın inadkar pəncəsindən qoparıb təxəyyül dünyasına aparmır, həm də içimizin gizlinlərini, sirlərini görməyimizə yardımçı olur. Ədəbiyyat imkan yaradır ki, bəşəriyyətin ortaq mahiyyətinə baş vurub kəşflər edək və özümüzü daha bütöv, daha kamil şəkildə dərk edək. Məsələn, biz “borxesian” deyəndə, reallığın rasional qandallarından xilas olur, fantaziyalar aləminə giririk; bu, başdan-başa əsrarlı və zərif bir dünyadır. O, ədəbi sitatlar və allüziyalarla dolu olan, labirint kimi dolanbaclı dünyadır, amma onlar bizə heç də yad gəlmirlər, çünki burda Borxesin yaradıcılığı vasitəsilə ətə-cana gələn, formaya düşən şəxsiyyətimizin gizli meyillərini və sirli reallıqları ilə tanış oluruq. “Kafkaesk” sözünü ağlımız asanlıqla qavrayır, qədim şəkillərə düşən fotoaparatın parlaq işığıtək. Bu sözü eşidən kimi, özümüzü modern dünyada bu qədər əzablara və haqsızlığa səbəb olan iqtidarın təzyiq mexanizmlərinin – avtoritar rejimlər, göydəndüşmə partiyalar, dözümsüz kilsələr, boğucu bürokratların – təhlükəsi altındakı müdafiəsiz fərdlər kimi hiss edirik. Almanca yazmış, həmişə narahat yaşamış, cəhənnəm əzabları çəkmiş bu Praqalı Yəhudinin qısa hekayələri və romanları olmasaydı, dörd bir tərəfi tutmuş qüdrətli dövlətlər qarşısında fərdin çarəsizliyə qapılmasını, əzilən və diskriminasiyaya uğrayan azlıqların hiss etdiyi bezginliyi anlaya bilməzdik.
“Kafkaesk”nin yaxın qohumu olan “Oruelvari” təyini isə vətəndaşların davranışını, əhval-ruhiyyəsini ustalıqla və birbaşa şəkildə nəzarətdə saxlayan XX əsrin totalitar diktaturaların yaratdığı qorxunc əzabı, nəhayətsiz absurd duyğusunu ifadə edir. Corc Oruel “Heyvanıstan” və “1984” kimi məşhur romanlarında terror və texnologiyanı ustalıqla sintez edərək, azadlığı, özgür iradəni və bərabərliyi məhv edən, cəmiyyəti robotlar sürüsünə çevirən Böyük Qardaşa – o mütləq hökmdara boyun əymiş bəşəriyyəti bütün soyuqluğu və diksindiriciliyi təsvir edib. Bu qarabasmaya bənzər dünyada, dil də iqtidara təslim olaraq yaradıcı gücündən və subyektivliyindən təcrid edilib, fərdlərin sistemə kölə olmasını sığortalayan klişelərə döndərilib. Düzdür, “1984” romanındakı uğursuz öncədəngörmə baş tutmadı; Sovet İttifaqındakı totalitar kommunizm, Almaniya və başqa ölkələrdəki faşizmin yanına hoppandı, dalınca da Çində və anaxronizmdə yaşayan Kuba ilə Şimali Koreyada geriləməyə başladı. Amma yenə də təhlükə tamam yoxa çıxmayıb: “Oruelvari” sözü təhlükəni təyin və dərk etməkdə hələ də bizə yardımçı olur.
* * *
Gördüyünüz kimi, bədii yalanlar bizə kömək edir ki, ən gizli insan həqiqətlərini dərk edək. Ədəbiyyatın aşkarladığı həqiqətlər həmişə ürəkaçan olmur: bəzən romanların və şeirlərin güzgüsündə əks olunan obrazımız vəhşi bir məxluqa bənzəyir. Markiz de Sadın təsvir etdiyi seksual qəssablıqları, ya da Saher-Mazox və Batayın lənətli kitablarındakı soyqırımları, vəhşilikləri oxuyanda, güzgüdəki vəhşi əksimizi daha yaxşı görürük. Gördüyümüz bəzən o qədər iyrənc və qorxulu olur ki, dözülməzləşir. Yenə də bu kitablarda nəql olunanların ən pis tərəfi qan, təhqir və işgəncə qorxusu deyil; ən pisi tərəfi – bu şiddət və aşırılığın bizə yad olmadığını, bunun insanın daxilində gizlənmiş özümüzdən bir hissə olmasını kəşf etməyimizdir. Bu qızmış vəhşilər varlığımızın ən intim oyuqlarında gizləniblər. Gizləndikləri zülmətin içində oturub fürsət güdürlər ki, əqli başlanğıcı, birgəyaşayışı dağıtsınlar, həyatı məhv edən azğın istəklər səltənətinə hökmdar olsunlar. Hə, gəlin etiraf edək ki, insan beyninin bu qaranlıq bucaqlarına birinci girən, insan zehnini formalaşdıran bu gizli gücün dağıdıcılığını birinci kəşf edən elm olmayıb. Bu kəşfləri ədəbiyyata borcluyuq. Ədəbiyyat olmasaydı, dünyanın vaxtında görməli olduğu bu qorxunc dərinliklərindən xəbərimiz olmazdı.
Essemdə təsvir etməyə çalışdığım sivil olmayan, barbarlığın başa keçdiyi, həssaslıqdan məhrum, sözdən kasıb, cəhalət meydanı olmuş, yalnız instinktləri ilə davranan, sevgini və ehtirası şəhvət səviyyəsinə endirmiş bu ədəbiyyatsız dünyanın başlıca özəllikləri yəqin ki, bəşəriyyətin güc və iqtidarla uzlaşması, ona boyun əyməsidir. Ədəbiyyat olmasa, eləcə həyatda qalmaq, bilinməyənin verdiyi qorxu altında, cismani ehtiyacları ödəməkdən ibarət ömrün gündəlik tələbatlarını təməl instinktlər müəyyələşdirərdi. Bu cür dünyada mənəviyyata yer olmazdı. Bundan başqa, belə bir dünya həyatın dözülməz monotonluğuna təslim olar, hər şeyin həmişə belə qalacağı, bunu heç kimin və heç nəyin dəyişdirə bilməyəcəyi duyğusundan yaranan qapqara pessimizmin boyunduruğu altına girərdi.
İnsan belə bir dünya təsəvvür edəndə gözünün qabağına Latin Amerikada, Okeaniada və Afrikada çağdaşlıqdan uzaq yaşayan, ibtidai, balaca magiyadin icmaları gəlir. Amma mənim fikrim başqa bir paradoksa ilişib qalıb: haqqında danışdığım kabus, az inkişafın yox, çox inkişafın nəticəsidir.
Texnologiyaya köləcəsinə boyun əyməyimizin nəticəsi kimi, bizi gözləyən gələcəyin kompüter ekranlarının əlindən tərpənməyə yer olmayan, kitabsız bir cəmiyyət olacağını, ya da fizika əsrində əl-kimya hansı yerdədirsə, ədəbiyyatın da o yerdə olacağını, başqa cür desək, media erasında bədii yaradıcılığın katakombalarda nevrozlu azlığın məşğul olduğu arxaik bir işə çevriləcəyini ehtimal etmək olar. Mən çox qorxuram ki, bu kibernetik dünya öz çiçəklənməsinə və gücünə, həyat səviyyəsinin yüksəkliyinə və elmi uğurlarına baxmayaraq, postədəbiyyat dönə-minin azadlıqdan əlini üzmüş, təslim bayrağı qaldırmış, sivil olmayan və hədsiz dərəcədə mənəviyyatsız robotlardan ibarət dünyası olacaq.
Bu dəhşətli utopiyanın reallaşması, şühbəsiz ki, yaxın ehtimal deyil. Hələlik bəşəriyyətin hekayəsinə final yazılmayıb, əvvəlcədən müəyyənləşməyib də. Axırımızın necə olacağı tamamilə bizim ayıq baxışlarımızdan və arzuları-mızdan asılıdır. Fantaziyamızın yoxsullaşmasının, həssaslığımızı cilalayan, bizə daha gözəl danışmağı öyrədən şeyin məhv olmasının və azadlığımızın gücdən düşməsinin qarşısını almaq istəyiriksə, hərəkətə keçməliyik. Uzun sözün qısası, yaxşı kitablar oxumalıyıq, adamları oxumağa sövq etməliyik, ailəmizdə, auditoriyalarda, KİV-in köməyi ilə bütün ictimai insitutlarda bizdən sonra gələnləri kitaba səsləməliyik, ədəbiyyatı ən vacib məşğuliyyətə çevirməliyik, çünki o toxunduğu hər şeyi gözəlləşdirir.
“The New Republic”, 2001
BƏDII ƏDƏBIYYAT YAŞAMAQ SƏNƏTDIRMI?
İlk hekayəmi yazdığım gündən bəri insanlar soruşurlar ki, yazdıqlarım “həqiqət”dir, ya yox. Cavabım onları bəzən qane etsə də, nə qədər səmimi oluram-olum, hiss edirəm ki, özümü tam ifadə edə bilməmişəm.
Romanların real, yaxud yalan olması bəzi insanlar üçün yaxşı və ya pis olması qədər vacibdir; əksər oxucular bilərəkdən, ya da inersiya ilə bu iki şey arasında əlaqə qururlar. Məsələn, İspan İnkvizisiyası Amerikadakı ispan koloniyalarında romanların çapını, ya da idxalını, mənasız, cəfəng, həqiqətdən uzaq hesab etdiyi üçün, “yerli əhalinin mənəviyyatına zərər verə bilər” adıyla yasaqlamışdı. Buna görə də 300 il boyunca ispan əsilli amerikalılar ancaq gizlində roman oxuya bildi və ispan Amerikasında ilk roman yalnız müstəqillikdən sonra, 1816-cı ildə Meksikada çap olundu. Müqəddəs Məhkəmə təkcə bəzi əsərləri yox, bütöv bir ədəbi janrı qadağan edərək istisnasız bir həqiqəti təsbit etmişdi: Romanlar həmişə yalan danışır, həyatı yalnış təqdim edir. İllər öncə bu despot fanatikləri lağa qoyan bir yazı yazmışdım. İndi isə düşünürəm ki, İspan İnkvizisiyası tənqidçilərdən və romançılardan qabaq bədii ədəbiyyatın təbiətini, dağıdıcı cəhətlərini ilk anlayan qurumdur.
Əslində romanlar yalan danışır, başqa cür ola da bilməz, amma bu, məsələnin təkcə bir hissəsidir. Digər hissəsi isə romanların yalandan ancaq örtülü formada, yalan deyilmiş kimi istifadə etməsi və ifadəsi mümkün olan qəribə bir reallığı ifadə etməkləridir. Bu cümlə qulağa həftəbecər kimi gələ bilər, amma əslində çox sadədir. İnsanlar öz talelərindən razı deyillər və az qala hamısı – varlı-yoxsul, ağıllı-sıravi, məşhur-sadə – yaşadıqlarından fərqli bir həyat istəyirlər. Bu istəyi (hiyləgərcəsinə) doyuzdurmaq üçün bədii ədəbiyyat meydana çıxıb. Romanlar ona görə yazılır və oxunur ki, insanlara yaşamadıqlarını, boyunlarına almadıqları həyatları təqdim edilsin. Hər romanın mahiyyətində bir arzu və narazılıq elementi var.
Bu o deməkdir ki, roman irrealdır? Cozef Konradın introvert quldurları, Prustun mürgülü aristokratları, Kafkanın anonim, təzyiq altındakı balaca adamları və Borxesin hekayələrindəki müdrik, metafizik xarakterlər bizimlə maraqlanmadıqları üçün və təcrübələri ilə özümüzü onlarla eyniləşdirə bilmədiyimiz üçünmü bizə təsir edir, bizi həyəcanlandırırlar? Qətiyyən yox. Burada diqqətli olmaq lazımdır, çünki bədii əsərdəki doğrular və yalnışlarla bağlı bu yol tələlərlə doludur, bizi cəzb eləyən hər oazis adətən bir ilğımdır.
Roman həmişə yalan danışır nə deməkdir? Burada ilk romanım “Şəhər və itlər”dəki hadisələrin (guya) baş verdiyi hərbi məktəbə iftira atdığımı düşünərək kitablarımı yandıran Leonisio Prado Hərbi məktəbinin tələbələrinin anladığı mənada yalandan söhbət getmir. Bu yalan başqa bir romanımda – “Culiya xala və cızmaqaraçı”da ondan bəhs etdiyini zənn edən və sonra bədii əsərin təhrif etdiyi həqiqətləri düzəltmək üçün qollarını çırmayıb bir kitab yazan birinci həyat yoldaşımın düşündüyü kimi də deyil. Hər iki romanımda, təbii ki, xatirələrdən daha çox əlavələr, təhriflər və mübaliğələr var; onları yazarkən heç vaxt romandan kənardakı insanlara, ya da hadisələrə sadiq qalmağı düşünməmişəm. Yaddaşımda hələ də diri olan və fantaziyamı işə salan təcrübələrlə yazmağa başladım və o materiala mümkün qədər sadiq qalmamağa çalışdım. Romanlar həyatı olduğu kimi ifadə etmək üçün yox, nəsə əlavə edərək dəyişdirmək üçün yazılır. Fransız yazıçı Restif de la Bertonun qısa romanlarında reallıq XVIII əsr Fransız adət-ənənələrinin kataloqu kimi əks etdirilib. Amma ənənələrin bu cür sadalanmasında hər şey reallığı xatırlatsa da, orda tamam başqa, balaca və inqilabi bir şey də var: təsvir olunan bu dünyada kişilər qadınlara bədən cizgilərinin saflığına, zərifliyinə, mənəvi zənginliyinə görə yox, ayaqlarının gözəlliyinə görə aşiq olurlar.
Hər romançı, bir az qaba, bir az açıq və bir az da şüursuz şəkildə reallığı yenidən yaradır və möhtəşəm Restifin səmimiliklə etdiyi kimi, onu ya bəzəyir, ya da sönükləşdirir. Romançının öz ehtiraslarını da ətə-cana gətirdiyi bu incə, ya da kobud əlavələr (reallığa edilmiş əlavələr) bədii əsərin yeniliyini əmələ gətirir. Bədii əsərin dərinliyi onun ümumi ehtiyacları nə qədər dolğunluqla ifadə etməsi, eləcə də, fərqli zaman və məkanda nə qədər çox oxucunun öz qaranlıq, narahat demonlarını bu separat sızıntılarda tapması ilə bağlıdır. Mən romanlarımda real xatirələrlə konkret bir əlaqə yaratmağa çalışardımmı? Əlbəttə. Amma həqiqi hadisələri adi formada ifadə etməyin və bioqrafiyaları əllərinə əlcək kimi oturan personajlar yaratmağın darıxdırıcılığında ilişib qalsaydım belə, romanlarım olduğundan nə daha çox, nə də daha az real olmazdılar.
Bir bədii əsərin gerçəkliyini, ya da saxtalığını müəy-yənləşdirən şey hadisələrin baş verib-verməməsi yox, yaşanmamış, amma yazılmış olması, həqiqi təcrübələrdən yox, sözlərdən ibarət olmasıdır. Sözə çevrilən hadisələr dərin bir metamorfoza keçirir. Gerçəklik – iştirak etdiyim qanlı müharibə, sevdiyim qızın qrotesk profili – bir dənədir, amma onu ifadə edən işarələr sonsuzdur. Bunların bəzilərini seçib, digərlərini göz ardı etməklə romançı sonsuz sayda olan başqa variantları öldürür. Beləcə, romançı təbiəti dəyişdirir və təsvir edən dönüb təsvir edilən olur.
Burada təkcə realist romançılardan, romanlarında oxucuların öz reallıq təcrübələrinə əsasən inandırıcı hesab etdikləri realist məktəbdən, ya da ənənədən danışıram. Gerçəkliklə uzlaşmayan və gerçək olmadığı bilinən dünyaların ifadə olunduğu fantastik növdə, reallıqla fiksiyanın əlaqəsi problemsiz görünə bilər. Əslində, eyni problemdir, amma başqa formada. Fantastikanın “irrealığı” oxucu üçün bir simvol, bir alleqoriya, başqa sözlə desək, “həyatda baş verməsi mümkündür” şəklində gördüyü reallıqların və təcrübələrin təsviridir. Əsas məsələ budur: fiksiyadakı doğrunun, ya yalnışın sərhəddini müəyyənləşdirən, hadisələrin “gerçəkliyi” ya da “fantastikliyi” deyil.
Bu ilk metamorfozada, yəni hadisələrə vurulan söz damğasının yanında, o qədər də vacib olmayan başqa bir şey də var: zamanın damğası. Real həyat dayanmadan axır, xaotikdir, qarışıqdır, hər hekayə başqa hekayə ilə birləşir və buna görə də nə əvvəli var, nə də sonu. Bədii əsərdə təsvir olunan həyat başgicəlləndirici xaosun sıra, sistem, səbəb-nəticə, əvvəl və axır əldə etdiyi yamsılamadır. Bir romanın əhatə dairəsi təkcə yazıldığı dillə yox, zamandakı sxemiylə, mövcud olanın içində özünü necə göstərməsiylə, fasilələr və sürətlənmələrlə, təhkiyəçinin nəql etdiyi zamanı açıqlamaq üçün istifadə etdiyi xrononolji baxış bucağı ilə də müəyyənləşir.
Sözlərlə hadisələr arasındakı uzaqlıq həqiqi zamanla bədii zaman arasındadırsa, burda uçurum var. Bədii zaman müəyyən psixoloji effektlər doğurmaq üçün kəşf olunmuş alətdir. Orada keçmiş indidən sonra ola bilər – nəticə səbəbdən əvvəl gələ bilər – Alexo Karpentiyerin qoca bir kişinin ölməsi ilə başlayan və anasının bətninə düşməsinə qədər qayıdan “Toxuma səyahət” adlı hekayəsindəki kimi. Ya da əksər klassik romanlardakı kimi, təhkiyəçinin ürəyində danışdığı, yaxın keçmişə heç vaxt çatmayan çox uzaq bir keçmiş ola bilər. Ya da Bekketin əsərlərində olduğu kimi, keçmişi ya da gələcəyi olmayan sürəkli bir indiki zaman ola bilər. Ya da, keçmiş, indi və gələcəyin birgə mövcud olduğu və bir-birini dağıdıb məhv etdiyi bir labirint ola bilər, Folknerin “Səs-küy və hiddət” romanındakı kimi.
Romanların bir əvvəli, bir də sonu var, ən yumuşaq və elastik romanlarda belə, həyat hiss edilən bir məna qazanır, çünki romanlar içinə düşdüyümüz real həyatın bizə heç vaxt təklif etmədiyi bir baxış bucağı təklif edir. Bu sistem uydurmadır, həyatı yenidən yaradırmış kimi görünərkən, ona barmaq eləyən hiyləgər romançının əlavələridir. O, həyatın miqyasını kiçildən və onu oxucu üçün əlçətan söz sırası içində təqdim edərkən, fiksiya bəzən zərifliklə, bəzən vəhşicə ona xəyanət edir. Beləcə, oxucu onu ittiham edə, başa düşə bilər və ən vacibi onunla gerçək həyatın heç vaxt təklif etmədiyi bir toxunulmazlıq içində yaşaya bilər.
Onda bədii əsərlə qəzet xəbəri, ya da tarix kitabı arasındakı fərq nədir? Onlar da sözlərdən ibarət deyilmi? Onlar da təhkiyənin süni zamanı içində gerçək zamanın sərhədsizliyini əhatə etmirlərmi? Nəyin gerçək olduğu məsələsinə gələndə söhbətin mövzusu bir-birinə zidd olan strukturlara çevrilir: roman həyata üsyan edir və onu əzir, digər janrlar həyatın köləsi olur. Hər iki nümunədə doğruluq və aldatma anlayışları müxtəlif cür işləyir. Jurnalistikada, ya da Tarixdə yazılanla gerçəyin üst-üstə düşməsi vacibdir; yaxınlaşdıqca doğru olur, uzaqlaşdıqca yalnış. Mişelenin “Fransız inqilab tarixi”, ya da Preskotun “Perunun fəthi” əsərlərinin “roman kimi” olduğunu demək onları tənqid etməkdir, çünki bu o deməkdir ki, onlar mənbə kimi dürüst deyillər. “Hərb və sülh”də Napaleonun Rusiya səfəri ilə bağlı tarixi xətaların siyahısını tutmaq vaxt itkisidir; romanın doğruluğu reallığa bağlı deyil.
Reallığa bağlı deyilsə, onda nəyə bağlıdır? Cavab: inandırmaq gücünə, nəql etdiyi fantaziyanın ötürülmə qüvvəsinə və ecazına. Hər yaxşı roman düzünü deyir və hər pis roman yalançıdır. Bir romanın “düzünü deməsi” oxucunun bir fantaziyanı təcrübədən keçirməsi, “yalan danışması” isə bu bədii yalanın alınmaması deməkdir. Bu baxımdan, roman əxlaq ötəsidir, ya da başqa cür desək, onun əxlaqı özündədir; doğruluğu və yalnışlığı sadəcə estetik meyarlardadır.
Yuxarıdakı sözlərim fiksiyanın əsassız bir uydurma, dəyəri olmayan bir hoqqabazlıq olması kimi başa düşülə bilər. Amma əksinə, nə qədər qəribə səslənir, səslənsin, fiksiyanın kökləri insan təcrübəsinə batıb, o, bu təcrübədən qidalanır və həmin qidanı insana geri qaytarmaqla onu doyuzdurur. Bədii ədəbiyyat tarixində tez-tez təkrarlanan temalardan biri də romanların gerçək olması və həyatın romanlardakı kimi olduğunu zənn etmək olub. Cəngavərlər haqqındakı kitablar “Don Kixot”un başını xarab eləyib və o, əldə qılınc yel dəyirmanlarına hücum çəkib. Əgər oxuduğu romantik romanlardakı qadın qəhrəmanlar kimi olmaq istəməsəydi, Emma Bovarinin faciəsi qətiyyən baş verməyəcəkdi.
Don Kixot və Emma Bovari reallığın bədii ədəbiyyat kimi olduğuna inandıqları üçün dəhşətli təlatümlər keçirirlər. Onları buna görə ittiham etmək olarmı? Xeyr, hekayələr bizi həyəcanlandırır və heyrətləndirir; fiksiyanı təcrübədən keçirməyə imkan verən bu qeyri-mümkün prinsipiallıq insan növünü şərəfləndirən idealist mövqeyin bir işarəsidir. Olduğundan başqa cür olmağı istəmək insanın ən təbii arzusudur. Bu, həm tarixdə, həm də bədii əsərlərin dünyasında çox yaxşı və çox pis şeylərə səbəb olub.
Roman oxuyanda biz təkcə özümüz olmuruq, həm də romanın bizi özünə çəkən əfsunlanmış varlıqları oluruq. Bu, metamorfozadır; həyatın bizi boğan məngənəsi açılır və biz çölə çıxıb başqa adam oluruq, bədii ədəbiyyatın bizimkiləşdirdiyi təcrübələri dolayı yolla yaşayırıq. Gözəl bir röya, ətə-cana gələn bir xəyal olan fiksiya, dəhşətli ikiləşməni birləşdirir, təkcə bir həyatı olsa da, min dənə arzusu olan biz şikəst varlıqları tamamlayır. Bədii ədəbiyyatın ərazisi real həyatla, onun daha zəngin, daha dəyişkən olmasını istəyən arzular və xəyallar arasındakı məsafədir.
Hər bir bədii əsərin bağrında bir etiraz alovlanır. Yazıçılar bunları yaşaya bilmədikləri üçün yaradıblar və oxucular (inananlar) bu xəyali varlıqlarda həyatlarını zənginləşdirəcək macəralarla qarşılaşırlar. Bədii ədəbiyyatın yalanları ilə ifadə olunan reallıq budur – yaşadığımız yalanlar, bizə təsəlli verən, həsrətlərimizi və ümidsizliklərimizi dəf edən yalanlar. Romanı – bədii yalanları cəmiyyət özü doğurub, bəs cəmiyyət haqqında olan romanın şahidliyinə nə qədər inanmaq olar?
Bədii əsərlərdəki insanlar həqiqətən eləmi olublar? Müəyyən mənada hə, çünki elə olmaq istəyirdilər, sevərkən, əzab çəkərkən, sevinərkən özlərini o cür görürdülər. O yalanlar həyatdan yox, onları idarə edən demonlardan – onları kefləndirən və həyatlarını dözüləsi edən fantaziyalardan – bəhs edir. Bir epoxa təkcə ətdən-sümükdən ibarət varlıqlardan yox, həm də onları həbs edən sərhədləri qırmaq üçün insanların çevrildiyi xəyali varlıq-lardan ibarətdir. Romanlardakı yalanlar necə gəldi deyil, həyatın çatışmazlıqlarını doldurmaq üçündür. Buna görə də yaşanmış həyat dolu və mütləq görünür, insanlar ortaq bir inancla öz qismətlərinə razı olanda, romanlar heç bir işə yaramır. Dindar mədəniyyətlər şeir və dram əsəri yaradır, roman yox. Roman inancın böhrana girdiyi, bir şeyə inanmaq lazım gələndə, birləşdirici, güvəniləsi mütləq inancın bölünüb dağıldığı, dünya və sonrası haqqında şübhəyə düşülən cəmiyyətlərin sənətidir.
Hər roman postəxlaqi olduğu kimi, içində bir şübhə toxumu də daşıyır. Dindar mədəniyyətlər böhrana düşəndə, həyat nəzarətedici sistemlərdən, doqmalardan və əmrlərdən xilas olur və bir xaos yaranır. Bu, roman üçün ən yaxşı andır. Bədii ədəbiyyat süni təbiəti sığınacaq üçün, təhlükəsizlik üçün, real həyatı körükləyən, amma doyura, ya da qova bilməyən, arzular və qorxular üçün sərbəst ərazilər yaradır. Bədii ədəbiyyat həyatın müvəqqəti vəkilidir. Reallığa qayıtmaq, kasıblığın, arzu etdiyimizdən daha az olduğumuzun qəddar təsdiqidir. Bədii ədəbiyyat fantaziyanı qamçılayaraq insanın narazılığını müvəqqəti də olsa, yüngülləşdirir, amma həm də körükləyir.
İspan İnkvizisiyası bu təhlükəni başa düşmüşdü. Real həyatda yaşanmamış şeylərin bədii əsərdə olması əndişə qaynağıdır, dünyaya və qurumlara qarşı asi olmağa çevrilə biləcək təhlükədir. Həyatın başı üstə durub onu nəzarət altına almaq istəyən rejimlərin bədii əsərlərə qarşı inamsız olması və onları senzuraya məruz qoyması buna görə başa düşüləndir. Öz mənliyindən çıxıb başqası olmaq, xəyalda belə olsa, daha az kölə olmaq və azadlığın risklərini təcrübədən keçirmək üçün, ən yaxşı yol ədəbiyyatdır.
“The New York Times Books”, 1984, 7 oktyabr
İMKANSIZIN CAZIBƏSI
(Viktor Hüqonun “Səfillər” romanına önsöz)
Geniş yayılmış fikrin əksinə olaraq, “Səfillər” çap olunandan sonra onun haqqında deyilən fikirlərin, yazılan rəylərin hamısı tərifli deyildi. Xeyli mənfi yazılar yazıldı, hətta bu tənqidi yazıların bəziləri – Barbey D’Aurevillinin məqaləsindəki kimi – düşmancasına idi. Tənqidi xarakterli bu yazılardan ən maraqlısı toxunduğu məsələlər və Viktor Hüqonun romanını çıxış nöqtəsi kimi götürməklə bədii ədəbiyyat haqqında cəsarətli fikirlər dilə gətirən Alfons de Lamartinin uzun araşdırmasıdır. Lamartin sözü gedən araşdırmasında bəlkə də heç fərqində olmaya-olmaya, birbaşa bədii sözün tarixdəki funksiyası ilə maraqlanıb.
Lamartin uzun essesinin əvvəlində mühafizəkarcasına “Səfillər”i anarxiyaya və ictimai xaosa zəmin yarada biləcək bir əsər kimi görür, ədəbi realizmin dəstəkçisi olaraq yenidən yaratmaq iddiasında olduğu gerçəkliklə tutuşdurulanda, bu kitabdakı mübaliğələrə və qüsurlara əsəbləşərək roman haqqında tərəddüdlərini yazır. Onun fikrincə, bu əsər “xəyali bir adamı cəmiyyətin düşməni və qurbanı edib.” Yazır ki, əslində “cəmiyyətə qarşı insanı” qoyan bu roman fəlakət gətirə bilər, çünki bu əsər “Fərd”i möhtəşəm bir varlıq kimi təqdim edərkən, insanlar tərəfindən elə insanların özü üçün qurulan cəmiyyəti bütün haqsızlıqların məcmusu kimi göstərir.
Lamartinin fikrincə, bu roman Platonun “Dövlət”, Russonun “İctimai müqavilə” əsərlərinin yolunu gedən, Sen-Simondan Furyerə, Prüdona və dahi Mormonlara qədər gedib çıxan bütün sosialist ənənələrin davamı olan utopiyadır!
Lamartin 1848-ci il inqilabını yad edərkən, Hüqonun o vaxtlar çox həssas hesab etdiyi “mühafizəkar” bir manifest çap etdirməsini xatırlayır. Lamartin “demaqoqlar və utopistlər” deyərək hücuma keçir və iddia edir ki, “Səfillər” romanı “insanların onları xilas edən şeyə, yəni ictimai sabitliyə nifrət etməsinə yol açır, çöküşlərinə səbəb kimi (qeyri-müəyyən İdealın antisosial fantaziyası) cəmiyyəti göstərərək onları küyləyir, cəmiyyəti bəzən haqsız, radikal və aşırı dərəcədə tənqid” edir. Lamartin bu ideoloji natamamlığı romandakı utopizmin mənfi tərəfi kimi sayır.
O, bizi inandırmağa çalışır ki, romanın adı da səhv seçilib, çünki xarakterlər səfildən daha çox cinayətkar və tənbəldirlər. Romanda heç kim işləmirsə, deməli, az qala heç biri məsum deyil. Burda oğrulardan, eyş-işrət düşkünlərindən, avaralardan, fahişələrdən, küçə uşaqlarından ibarət bir dünya təsvir olunur. Xarakterlər özləri belə anlamırlar ki, davranışlarını hərəkətə gətirən nədir. Məsələn, kimsə Mariusdan soruşsa ki, niyə barrikadadasan, cavab verə bilməyəcək. Ola bilsin ki, “par ennui” (can sıxıntısından, darıxmaqdan) deyəcək, amma “məcburiyyət”dən deməyəcək.
Bu roman “aşağıların dastanı”, “imkansızlığın şedevridir.” Bura qədər Lamartinin müşahidələri hələlik siyasi və ədəbidir, amma sonra o, fəlsəfənin və dinin dünyasına da baş vurur. Lamartin öz arqumentlərini inkişaf etdirirək Hüqonun romanı haqda danışmaqdan kənara çıxır, bədii ədəbiyyat və tarix arasındakı münasibətlərin mahiyyətinə, ədəbiyyatın həyata və cəmiyyətə təsiri məsələlərinə keçir.
O yazır ki, “Səfillər” əsəri insanları “Tanrı yox, insan olduqları üçün bədbəxt edəcək”, onlara çox böyük zərər verəcək. Lamartin bu romanı oxumağa məcbur edilmiş “bir edam məhkumu ilə” xəyali bir dialoq da yazır. Bu dialoqda həmsöhbətlərin ikisi də Jan Valjanın xeyirxah keşişi və balaca Jerveni soymağını qəddarlıq sayır, ikisi də kitabı şişirdilmiş, uydurma olmaqda ittiham edirlər; ancaq Hüqonun realist “istedadının” bütün bunları oxucu üçün inandırıcı etməsi barədə də danışırlar.
Lamartin monsenyor Benevünü “örnək” xarakter saysa da, onunla ənənəçi J. arasında keçən “terrorizmin göylərə qaldırıldığı” dialoqa görə üzüldüyünü yazır. O, 93-cü ildəki Yakoben terroru tərəfindən törədilən cinayətləri yoxsulların keçmişdə etdiyi cinayətlərin ayağına yazaraq təmizə çıxmaq istəyən “mücərrəd riyaziyyatı” şiddətlə rədd edir. Siniflər bütün dövrlərdə eynidir ki? Yönlərini dəyişmirlər, ya ümumən dəyişmirlər ki? Belə bir arqument “axmaq instiktlərinə görə insanları tərifləmək” mənasına gəlir, bu da, elə bil, onlara deməkdir ki, “qəzəblənməkdə və öldürməkdə haqlısan; üstəlik, bir gün Viktor Hüqo və İosif de Maystr kimi yazıçılar ortaya çıxacaq (Hüqo demokrat, Maystr isə avtokratdır) və öz nəzəriyyələri ilə sənin törətdiyin cinayətləri haqlı göstərəcəklər.”
O, Monsenyor Benevünün “varlı ilə yoxsul arasında daha çox bərabərlik olması üçün” ödədiyi vergiləri tənqid etməsini cahillik sayır. Əgər vergilər olmasa, bunun qurbanı dövlətdən dotasiya alan proletariat olacaq. Eyni zamanda, “lyuks”, yəni istehlak olmasa, istehsal da olmayacaq və bunun da qurbanı istər əyalətlərdəki, istərsə də şəhərlərdəki istehsalçılar olacaq.
Lamartin yazır ki, Əyyub peyğəmbərdən bu yana xeyli yazıçının etdiyi kimi, Hüqonun da insanların dərdindən yazmasını təqdir edir, amma deyir ki, niyə o, bu səfalətə görə cəmiyyəti günahkar sayır? Həyatı cəmiyyət yaradıb ki? Ölümü cəmiyyət kəşf etməyib ki? Və nəhayət, təbiətin və bəşərin vəziyyətini anlamaq çətindir, amma onun orqanik bir parçası olan qeyri-bərabərliyi yaradan cəmiyyətdirmi? Xeyr, cəmiyyət deyil, Tanrıdır. Cəmiyyət üçün narahat olun, ona nəsihətlər verin, başa düşdük, amma onu günahlandırmayın, çünki bu düşüncəsiz və barbarca davranışdır. “Əgər biz qüsursuz və qeyri-mümkün düşüncələr əksək, kütlələrin xəyal qırıqlığının dəyişməz qəzəbini biçəsi olacağıq.”
Lamartin “Səfillər”in “1817-ci ildə” adlı fəslini vətənə xəyanət sayır. O yazır ki, Viktor Hüqonun “uşaq saflığını qoruyub saxlamış prenses”in bədbəxtlikləri haqda açıq-saçıq şərhlərinin və zarafatlarının mənası nədir? Və Lamar-tin Şatobrianın bir dəfə roman müəllifindən “möhtəşəm uşaq” kimi bəhs etməsini də xatırlayır.
Lamartin bohem şagirdlərlə – aralarında Fantina da var – gənc aşiqlərdən bəhs olunan hissəni də fiasko sayır. Tenardyenin qızlarının yellənçəkdə yellənmə səhnəsini bəyənir, amma Kozettanın anasının başına gələn bədbəxtlikləri – xüsusilə dişlərini və saçlarını satmasını – melodramatik və saxta hesab edir. Onun fikrincə, roman “bərbadlaşdıqca süniləşir.”
Lamartin deyir ki, müsyö Madlenin katorqaya göndərilməsi ehtimaldan kənardı: “Dünya bu cür deyil.” O, Hüqonun Kombron tərəfindən dilə gətirilən “merde” sözünü (merde – “pox” deməkdir) açıqca yazmasına və üstəgəl, bu sözə fransız dilindəki “ən gözəl” söz deməsinə ən çox əsəbləşən tənqidçilərdən biridir: “Təhkiyəçi təhqirlə əzəmətli olanı bir-birinə qarışdıraraq müvazinətini itirir.”
“Bu əsər dərdini açıqca ifadə edə bilməyən və buna görə də taleyə “pox” deyən qəzəbli kütlənin əsas instintiklərinə yarınmaqla məşğuldur. Bu, hər şeyi bərabər tutmaq cəhdi ilə əsgəri və xalqı ölümsüz bir əsərdən məhrum qoymaq əvəzinə… iyrəncləşən qrammatik demaqoqiya nümunəsidir.”
Lamartin üçün romanın şəbəkəvari bədii elementləri ən zəif hissələrdir: “Dram məqsədilə başdansovdu şəkildə uydurulmuş hadisələrlə dolu bütün qurama hissələr romanın zəif nöqtələridir. Yazıçının nə vaxt bir xarakterə ehtiyacı olsa, nağıllarda, ya da Volterin hekayələrindəki kimi, hardansa tez-bazar xarakter tapır və həmin xarakter də ağlasığmaz şəkildə yazıçının bu dəvətinə itaət edir.”
Lamartin Hüqonu boşboğazlıqda, “dəxlisiz informasiyalar sərgisi” yaratmaqda ittiham edir. O, Marius obrazında Hüqonun cavanlığını görür və Mariusla Kozettanın flirtini müəllifin yazdığı “ən sevimli sevgi səhnəsi” sayır. Lakin Sen-Deni küçəsində baş verən hadisələrin “əfsanəvi” adlandırılmasını cəfəng hesab edir, çünki bu “heç bir fikri, heç bir tətbiqi metodu, bəyan etdiyi və müdafiə edə biləcəyi heç bir məqsədi olmayan… avara tələbələrin epik fantaziyasından ibarətdir.”
O, Sen-Deni “əfsanəsi” söhbətinə əlavə edir ki, asilər heç kimin müəyyən edə bilmədiyi, anlaşılmaz bir şey üçün savaşırlar: “Qanuni monarxiya yox, 1830-cü ilin çökmüş krallığı yox, cümhuriyyət də yox, bəs nədir, mən də bilmirəm, amma bəzən demokratiya, bəzən ideallar, əslində isə qırmızı bayraq.”
Sözün qısası, Lamartin üçün “Səfillər” romanı ictimai-siyasi “xülyalarla” doludur, Hüqonun bu “uydurmalara” gerçəyə oxşarlıq qazandıran müdhiş istedadı və poetik gücü olmasa, bu hekayə ayaq üstə dura bilməyəcək qədər dramatik, mübaliğəli və qorxuncdur.
Lamartin bu fikirlərə söykənərək o qənatə gəlir ki, romanın “hədsiz idealizmi” bəzi insanlar üçün “təhlükəli”dir: “Bu kitab təhlükəlidir, harmonik cəmiyyəti hədsiz dərəcədə təhdid edir və beləcə, onu idealın dalınca düşmək üçün küyləyir, onu korlayır. Ağılsızlara imkansıza çatmaq ehtirası verir: imkansız olana bəslənən arzu kütlələrə aşılanası ən qorxunc və öldürücü arzudur. Çünki “Səfillər”də arzulanan şeylər qeyri-mümkündür və ən böyük yalan bütün ağrılarımızın yox olacağıdır.”
“Əgər bir insanı aldatsanız, onu dəliyə döndərərsiniz; əgər icazə versəniz ki, insan idealların müqəddəs çılğın-lığından çıxıb təzədən bədbəxtliyin qupquru çılpaqlığına qayıtsın, onu qəzəbli bir dəliyə çevirərsiniz.”
Lamartin son sözlərində birbaşa müəllifin “sərhədsiz inkişafın” mümkünlüyünə inanmasına hücum çəkir və yazır ki, bu cür optimizm “nəsnələrin gücünü”, yəni insan təbiətinin daxili sərhədlərini göz ardı etməkdədir.
Lamartinin ədəbi tənqid kimi başlayan araşdırması – XVI əsrdə ispan inkvizisiyasının amerikan koloniyalarında roman çapını yasaqlayarkən istifadə etdiyi arqumentlərlə təxminən eyni olan – bütövlükdə roman janrını “kütlələrin” sabitliyini pozmaqda ittiham etdiyi sosio-politik qınaqla bitir.
Deyir ki, roman kütlələrə sıravi fanilərin çata bilməyəcəyi arzular, ideallar aşılayaraq onları üsyanın, ictimai narahatlığın qaynağına çevirir. Lamartin olduqca uzun məqaləsində iynəli sözlərini konkret bir hədəfə: müəllifin fövqəladə istedadı sayəsində Jan Valjanın qeyri-adi əxlaqi alicənablığına və fədakarlığına, ya da Monsenyor Benevünün mələklərə xas olan yaxşılığına (ikisi də romantik “irreallıqlardır”) malik olmağın mümkünlüyünə oxucularını da inandıran bu ağlasığmaz bədii əsərə, yəni “Səfillər”ə yönəltdiyini düşünür. Ancaq onun arqumentləri bütün uğurlu bədii nümunələr üçün, hətta “Səfillər” əzəmətində olmayan əsərlər üçün belə keçərlidir, çünki inandırıcılıq gücü sayəsində bədii gerçəklik oxucunu öz dünyasından daha harmonik, daha gözəl, daha mükəmməl, ya da sadəcə daha az darıxdırıcı və daha az ağrılı bir dünyaya aparır. Lamartinin fikrincə, romanla ovsunlanan oxucular əsər bitəndən sonra sehrin pozulduğuna və yaşadıqları həyatın xəyallarındakı qədər yaxşı olmadığını görəndə “dəliyə” dönəcəklər və onlar qəzəbli üsyankarlara, oturuşmuş cəmiyyətin düşmənlərinə çevriləcəklər.
Lamartinin Hüqoya yanaşması, tarixçi Erik Hobsbaumun fikrini xatırladır, o yazır ki, alman şahzadələrinin öz təbəələrində görməkdən ən çox qorxduqları şey “şövq”-dür, çünki onların fikrincə, üsyanın, xaosun kökündə “şövq” var. Lamartin və alman şahzadələri təbii ki, haqlıdırlar. Məqsəd cəmiyyəti qatı sərhədlər içində, ulduzlar və qatar cədvəlləri kimi dəyişməz bir sistemin parçası kimi saxlamaqdırsa, onda “şövq”, ya da uğurlu bədii mətnin yaratdığı ötəri əfsun əlbəttə ki, güclü düşmən sayılacaq, həyatın nizamını alt-üst edən, şübhə və nifaq toxumları əkən, tənqidi düşüncəni təşviq edən qarşısıalınmaz bir ünsür kimi, ictimai strukturda müxtəlif çatlar aça biləcək bir element kimi görüləcək.
Lamartin “imkansız olana bəslənən arzu”nu kütlələrə yoluxa biləcək təhlükəli bir xəstəlik saymaqda haqlı idi, çünki öz həyatında bu arzunun bədəlini ödəmişdi. Həyatı boyu o və Hüqo dost münasibətlərini, qarşılıqlı hörməti saxlamışdılar. Məsələn, “Səfillər”in müəllifi Fransız Akademiyasının üzvlüyünə hər müraciət edəndə, onun sponsorlarından biri Lamartin idi. Beşinci cəhddə qəbul olundu. Onların bir-birilə yazışmalarında dostyana münasibətləri və bir-birinin işinə bəslədikləri heyranlıq aydın şəkildə görünür. Xeyli ortaq cəhətləri vardı: istedad, yazmaq bacarığı, siyasət sevgisi və ictimai nüfuz, ikisinin də ömrü boyu girişdikləri işlərin çoxunu uğurla yekunlaşdırması. Ancaq La-martin siyasi gücün zirvəsinə çıxmış, Hüqo isə bunu heç vaxt bacarmamışdı. Lamartin 1848-cı ilin fevralında, Lui Filipin tənəzzülü ərəfəsində Fransanın sivil qəhrəmanlarından biri idi və yeni elan edilmiş müvəqqəti hökümətin başına keçmişdi. Eyni zamanda, ilk milli məclis üçün aprel ayında keçirilən seçkilərdə ən çox səs yığan millət vəkiliydi. O, hökümətin beş üzvündən biri kimi, 1848-ci ilin iyun ayının axırında, idarəçilərin öz işlərini yerinə yetirə bilmədiyini düşünən və inqilab şövqü ilə hərəkətə keçən üsyankarlarla üzləşmək məcburiyyətində qaldı. Bu hadisə onun siyasi kariyerasını məhv etdi. İqtidarda çox qısa müddət qaldı: 1848-ci ilin fevralından iyuna qədər. Parisi barrikadalarla dolduran bu kütlə ilə mübarizə aparmaq üçün hökümət müdafiə naziri general Kaviknaka xüsusi səlahiyyət verildi, o da üsyanı qanla, sayısız edamla və şiddətlə yatırtdı. Bu fiaskodan sonra siyasətdəki ulduzu bir də parlamayan La-martin, elə bil ki, o andan etibarən kütlələrin “imkansız olanı” arzulamasına zəmin yaradan hər şeyə – onun fikrincə, bədii ədəbiyyat da bunun bir nümunəsidir – qarşı instinktiv şəkildə inamsızlıq hiss etməyə başladı.
Lamartinin “Səfillər” haqdakı fikirlərinin çoxu ilə razılaşmaq çətindir, çünki əksəriyyəti ədalətsiz və şişirdilmiş fikirlərdi. Ancaq araşdırmasındakı bədii ədəbiyyatın təbiəti, onun oxuculara və cəmiyyətin əksər hissəsinə təsiri ilə bağlı doğru müşahidələrinə qatılmamaq mümkün deyil. O, tənqidini “Səfillər” romanına yönəldir, çünki bu əsərdə başqa romanlarda görmədiyi bir təhlükəni hiss edir, bunun da səbəbi odur ki, başqalarının kitablarında Hüqodakı fövqəladə ehtiras yoxdur və bu roman miqyası etibarilə həqiqətlə başabaş rəqabət aparır, gerçək həyatın yerinə “bütöv” bir alternativ təklif edir.