скачать книгу бесплатно
Qoca və dəniz
Ernest Miller Heminquey
Dünya ədəbiyyatından seçmələr
Santyaqo adlı qoca, çəlimsiz qoca 84 gün boyunca balıq ovundan əliboş qayıdır, nəhayət, 85-ci gün nəhəng bir balıq ovlayır və bununla da onun dənizdə heyrətamiz mübarizəsi başlayır.
Ernest Heminquey
Qoca və dəniz
O, ikiavarlı balaca qayıqda Qolfstrimdə[1 - Qolfstrim – Atlantik okeanında isti cərəyan (axın)] təkbaşına balıq tuturdu. Düz səksən dörd gün idi ki, dənizə gedir, hər dəfə də əliboş qayıdırdı. İlk qırx gün ərzində balaca oğlan da qoca ilə bərabər getmişdi. Sonra oğlanın valideynləri onu başa saldılar ki, qoca balıqçı uğursuz adamdır. O da ata-anasının təkidi ilə qocadan ayrılıb başqa qayığa getdi, özü də birinci həftə ərzində üç iri balıq gətirdi. Qoca balıqçının halı oğlanı yaman kədərləndirirdi. Hər gün əliboş qayıdanda uşağın ona yazığı gəlirdi. O hər axşam sahilə gedib qocaya qayıqdan şeylərini – kəndirləri, yelkən dolanmış dorağacını, ya da nizəni daşımağa kömək edirdi. Yelkən başdan-başa yamaq içində idi. Dorağacına sarınmış bu köhnə yelkən dəfələrlə məğlubiyyətlərə düçar olmuş alay bayrağına oxşayırdı.
Usanmış, yorğun qoca balıqçı çox arıq idi, peysərini dərin qırışlar örtmüşdü. Qonur rəngə çalan yanaqlarını ləkələr bürümüşdü. Ləkələr hər iki yanağı boyu sifəti ilə üzüaşağı, boynuna qədər yayılırdı.
Dənizdən ağır, nataraz balıqları dartıb çıxardanda əllərini kəndir kəsib yarıq-yarıq eləmişdi. Bu yarıqların heç biri təzə deyildi; hamısı da susuz səhradakı köhnə çatlara oxşayırdı.
Özü qoca olsa da, dəniz kimi mavi gözlərində gənclik ehtirası vardı; o gözlər qocanın nə qədər məğlubedilməz olduğunu göstərirdi.
– Santyaqo, – oğlan qocaya hörmətlə müraciət etdi, – bundan sonra mən dənizə yenə də səninlə gedəcəyəm. Bir az pul qazanmışam.
Onlar qayığı sahildə yerbəyer eləyib yoxuşla qəsəbəyə qalxdılar. Oğlan qoca balıqçını çox sevirdi, çünki balıq tutmağın bütün sirlərini ondan öyrənmişdi.
Qoca dilləndi:
– Yox, bala, indiki yerin yaxşıdır, bəxtin gətirir, orada qal.
– Yadındadır, bir dəfə səksən yeddi gün hər səhər dənizə getdik, bir dənə də balıq tuta bilmədik? Sonra üç həftə gündə iri bir balıqla sahilə qayıtdıq.
– Yadımdadır, – qoca onun sözünü təsdiqlədi, – bilirəm ki, yanımdan öz xoşunla getməmisən. Mənə inanırsan, amma öz yerində qalsan yaxşıdır.
– Məni atam məcbur etdi, – oğlan özünü təmizə çıxartmağa çalışdı, – mən uşağam, atama qulaq asmalıyam.
– Doğrudur, – qoca dilləndi, – yaxşı eləmisən, başqa cür ola da bilməzdi.
– Atam nədənsə sizin bəxtinizə inanmır.
– Amma biz inanırıq, eləmi?
– Əlbəttə, – oğlan onun sözünü təsdiqlədi. – Ustad, “Terras”a gedib bir az pivə içək, şeyləri nə vaxt istəsəniz, evə apararıq. Pivə pulunu mən verəcəyəm.
– Lap yaxşı! Niyə də içməyək? – deyə qoca razılaşdı, – balıqçı balıqçını qonaq edər də…
Onlar “Terras” restoranına gəlib oturdular. Orada çoxlu balıqçı vardı. Qocanı görəndə gülə-gülə zarafata başladılar. Qoca isə zarafatdan incimirdi. Yaşlı balıqçılar onun halına acıyır, ancaq bunu büruzə vermirdilər. Onlar qocaya hörmət edirdilər. Balıqçılar tilovu dalğaların axınından nə qədər dərinə atmaqlarından, gözəl havadan, dənizdə görüb-eşitdiklərindən danışırdılar.
Bu gün balıq ovunda bəxti gətirənlərin hamısı burada idi. Onlar içini çıxardıb təmizləyəndən sonra balıqları bir-birinə bərkidilmiş qoşa taxtaların üstünə köndələn düzmüşdülər. Balıqları anbarda soyuducuya doldurub Havana bazarına aparacaqdılar. Köpəkbalığı tutmuş balıqçılar ovlarını limanın o biri başındakı balıq zavoduna təhvil vermişdilər; orada balıqları tirdən asıb üzgəclərini kəsmiş, qaraciyərlərini çıxartmış, dərilərini də soymuşdular; duza qoymaq üçün onları uzununa nazik-nazik yarmışdılar.
Külək şərqdən əsəndə balıq zavodundan üfunət iyi gəlirdi. Bu gün külək səmtini dəyişmişdi, şimaldan əsirdi, sonra tamam kəsdi, qoxu da azaldı. Günün altında “Terras”da oturmaq adamın xoşuna gəlirdi.
Oğlan dedi:
– Santyaqo…
– Hə, nə olub? – Qoca pivə stəkanını əlində tutub dərin fikrə dalmışdı, keçmişləri yadına salırdı.
– İcazə ver, gedim sənin üçün sabaha bir neçə sardina tutum.
– Yox! Lazım deyil. Sən get, beysbol oyna. Mən hələ özüm avar çəkə bilirəm. Toru isə Rocelio atar.
– Yox, gedəcəyəm. Madam ki səninlə balığa gedə bilmirəm, qoy başqa işlərdə sənə kömək edim.
– Məni pivəyə qonaq elədiyin üçün çox sağ ol. Maşallah, daha yekə oğlansan.
– Məni birinci dəfə dənizə aparanda neçə yaşım vardı?
– Beş yaşında idin. Az qalmışdı dənizə düşüb boğulasan. Balığı tutub qayığa çıxardım. Başladı çırpınmağa, az qaldı qayığı sındırıb tikə-tikə eləsin. Yadındadır?
– Əlbəttə, yadımdadır. Yaman çırpınırdı. Quyruğu ilə elə vurdu ki, qayığın oturacağı sındı. Amma sən də o ki var toppuzla əzişdirdin onu… Məni də götürüb qayığın burnuna tulladın. Özün də təpədən-dırnağa qan içində idin.
– Doğrudanmı, yadında belə yaxşı qalıb, ya mən sonralar nağıl eləyəndə eşitmisən?
– Səninlə dənizə çıxdığım birinci gündən bəri olub-keçən hər şey yadımdadır.
Qoca balıqçı günün altında qalmaqdan qan çəkmiş gözləriylə oğlanı oxşadı; onun baxışlarından etibar və məhəbbət yağırdı.
– Doğma oğlum olsaydın, heç nəyə fikir verməyib riskə gedər, səni özümlə dənizə aparardım, – qoca təəssüfləndi, – heyif ki, başqasının oğlusan, özün də uğurlu qayığa düşmüsən.
– Sardina tutmağa icazə vermirsən?.. Tilova taxılası yemin də yerini bilirəm. Dörd dənəsi bəsimdir.
– Səhər apardığım yem necə var idi, elə də qalır. Qutuda duzun içinə qoymuşam.
– Qoy gedim, dörd dənə təzəsini gətirim.
– Onda bir dənə gətir, – qoca razılaşdı. O heç vaxt ümidini itirmir, həmişə gələcəyə inanırdı. Dənizdən əsməyə başlayan sərin meh onun inamını bir az da artırdı.
Oğlan israrla dedi:
– İcazə ver, iki dənə gətirim.
– Yaxşı, iki dənə gətir. Qoy sən deyən olsun. – Qoca onun xətrinə dəymək istəmədi, sonra ehtiyatla soruşdu: – Olmaya balıq yemini oğurlamısan?
– Yox, pulla almışam. Girimə keçsəydi, əlbəttə, çırpışdırardım.
– Qonaqlıq üçün sağ ol, – qoca təşəkkür etdi.
O, çox sadə, başıaşağı, təmizürəkli, həm də təvazökar adam idi; hiylənin, kələyin nə olduğunu bilməzdi; bu da onun hörmətini daha da artırırdı.
Qoca dedi:
– Ləpə elə-belə qalsa, pis olmaz, sabah hava yaxşılaşar.
– Sabah balığa hara gedəcəksən?
– Fikrim uzaqlara getməkdir. Dan sökülməmiş dənizə çıxacağam. Belə etsəm, külək səmtini dəyişəndə geri qayıda bilərəm.
– Mən də, bəlkə, işlədiyim qayığın yiyəsini dilə tutub uzaqlara apara bildim, – oğlan gülümsədi, – qarmağına iri balıq keçsə, köməyinə gələrik.
– O, sahildən çox uzaqlaşmır.
– Elədir, – oğlan razılaşdı, – bəlkə, bu dəfə şirnikdirib apara bildim. Gözləri yaxşı görmür. Uzaqda uçan quşları göstərib deyərəm ki, orada balıq var. Balıq üçün dünyanın lap o başına gedər.
– Yəni bu dərəcədə pis görür?
– Kordur da.
– Qəribədir, – qoca mızıldadı, – o ki ömründə çanaqlı bağa tutmağa getməyib. Gözləri niyə xarab olsun?
– Sən ki neçə il moskit sahillərinə gedib çanaqlı bağa tutmusan, bəs niyə gözlərin kor olmayıb? Məşəl kimi parıldayır.
– Ona görə ki qəribə qocayam.
– Birdən çox iri balığa rast gəlsən, tutub çıxarmağa gücün çatar?
– Mənə elə gəlir ki, çatar. Bu işdə gücdən çox fənd lazımdır.
– Şeyləri yavaş-yavaş aparaq evə, – oğlan ayağa durdu, – oradan da mən toru götürüb sardina tutmağa gedərəm.
Onlar sahilə qayıdıb qayıqdakı şeyləri götürdülər. Qoca balıqçı dorağacını çiyninə qaldırdı; oğlan isə içində qəhvəyi kəndir olan qutunu, qarmağı, bir də dəstəli nizəni götürdü; yola düşdülər. İçində balıq yemi saxladıqları qutu və yekə balıqların başını əzmək üçün iri toppuz qayıqda qaldı. Əlbəttə, qocanın qayıqda qalan şeylərini heç kəs oğurlamazdı; amma şeh düşüb kəndirləri isladar, dəmir alətlər pas atardı. Qoca yaxşı bilirdi ki, qəsəbədə ona sataşan olmaz, ancaq başqalarını şərə salmamaq, günaha batmamaq üçün nəinki yüngül şeyləri, hətta ağır nizəylə qarmağı da qayıqda qoymayıb hər dəfə evə aparırdı.
Qoca ilə oğlan yoxuşu yanaşı qalxıb həmişə açıq olan komanın qapısından içəri girdilər. Qoca yelkən sarınmış dorağacını divara söykədi. Oğlan da qutunu və başqa şeyləri onun yanına qoydu.
Bu yerlərdə komanı diapo adlanan palmanın çubuqlarından hörürdülər. Dorağacı da komanın hündürlüyü boyda idi. Komada bir çarpayı, bir stol, bir dənə də stul vardı. Ocaq çoxdan sönmüşdü. Şahağacı palmasının preslənmiş yarpaqlarından olan divarların birindən həzrət Məryəmin, o birindən həzrət İsanın yağlı boya ilə çəkilmiş şəkli asılmışdı; həzrət İsanın geniş, açıq köksündə ürəyi şəfəq saçırdı. Şəkillər qocaya rəhmətlik arvadından yadigar qalmışdı. Əvvəllər arvadının da rəngli fotoşəkli divardan asılmışdı. Qoca ona baxdıqca tənhalığı daha dərindən duyurdu, ürəyi qüssə ilə dolurdu. Buna görə də fotonu divardan çıxardıb küncdəki taxçada, təmiz paltarlarının altında gizlətdi; şəkil indi də orada idi.
Oğlan soruşdu:
– Şam yeməyinə nəyin var?
– Bir qab düyü daşması, üstündə də balıq. İstəyirsən, bir az ye!
– İstəmirəm. Gedib evdə yeyərəm. Ocağı qalayım?
– Yox. Bir azdan özüm qalayaram. Bəlkə, daşmanı elə soyuq-soyuq yedim.
– İcazə verirsən, toru götürüm?
– Əlbəttə, götür.
Əslində, qocanın toru yox idi. Balaca toru satdıqları oğlanın yaxşı yadındaydı. Onlar qəsdən belə danışır, bilə-bilə hər gün özlərini aldadırdılar. Heç üstünə balıq qoyulmuş sarı düyü daşması da yox idi. Oğlan bunların uydurma olduğunu çox gözəl bilirdi.
– Səksən dörd uğurlu rəqəmdir, – deyə qoca gülümsədi, – sabah min girvənkə ağırlığında bir balıq tutub gətirsəm, nə deyərsən?
– Mən toru götürüb sardina dalınca gedirəm. Sən kənarda otur, özünü günə ver.
– Yaxşı, oturaram, dünənki qəzetdə beysboldan yazılanları oxuyaram…
Oğlan qəzetin dünənki olub-olmadığını bilmirdi. Qoca çarpayının altından bir qəzet çıxardıb dedi:
– Bunu mənə çaxırsatan Periko verdi.
– Sardinanı tutan kimi qayıdıb gələcəm. Sənin payını da, özümünkünü də bir yerdə buza qoyaram, sabah səhər bölüşdürərik. Mən gələndə beysbolun necə qurtardığını deyərsən.
– “Yankilər”i dünyasında udan olmaz.
– Qorxuram ki, Klivlendin “Hindular” komandası “Yankilər”i birtəhər eləsin.
– Oğlum, “Yankilər”dən arxayın ol, ulu Di Macionu yadına sal.
– Sözün doğrusu, hər iki komandadan qorxuram. Klivlendin “Hindular”ından da, Detroytun “Pələnglər”indən də.
– Belə getsə, sən Sinsinatanın “Qırmızılar” Çikaqonun “Ağ corablar” komandalarından da qorxmağa başlarsan.
– Otur qəzeti oxu, kimin udduğunu mənə deyərsən.
– Gəlsənə, bir lotereya bileti alaq. Özü də seçib səksən beş nömrəli bileti götürək. Sabah səksən beşinci gün olacaq.
– Alaq da, – oğlan razılıq verdi, – bəlkə, səksən yeddinci nömrəli bileti götürək? Ötən dəfə axı səksən yeddi gün getmişdin, rekord yadındadır?
– Dünyada heç nə təkrar olunmur. Elə bilirsən, səksən beş nömrəli bileti taparsan?
– Əlbəttə, taparam. Sifariş verərəm.
– Bir bilet iki dollar yarımadır. Kimdən borc ala bilərik?
– Borc tapmaq asandır. İki dollar yarımı istədiyim vaxt tapa bilərəm.
– Mənə elə gəlir ki, mən də tapa bilərəm. Amma borca düşmək istəmirəm. Bir dəfəyə bənddir. İkinci dəfə əl açıb dilənəcəksən.
– Ustad, özünü günə ver, – oğlan yenə dedi, – gözlə, soyuq dəyməsin. Unutma ki, sentyabr ayıdır.
– İri balıqlar həmişə sentyabrda gəlir. May ayına nə var, mayda nənəm də balıq tutar, – qoca dedi.
Oğlan:
– Mən getdim sardina dalınca, – dedi.
O geri qayıdanda qoca oturduğu yerdəcə yatmışdı. Gün batırdı. Oğlan çarpayının üstündəki köhnə əsgər yorğanını götürüb stulun söykənəcəyinə saldı, qocanın kürəyini, çiyinlərini örtdü; bu çiyinlər nə qədər də qeyri-adi, möhkəm idi. Balıqçının başı sinəsinə sallanmışdı, boynundakı qırışlar indi o qədər sezilmirdi. Əynindəki yamaqlı köhnə köynəyi qayığının yelkəninə oxşayırdı. Qırışmış yamaqlar gün altında cürbəcür rəngə çalırdı. Onun başı yaman ağarmışdı. Üzündə zərrəcə həyat əlaməti qalmamışdı. Yalın ayaqlarındakı damarları saymaq olardı. Qəzet dizinin üstünə düşmüşdü; əlini qəzetin üstünə qoymuşdu. Yüngül meh əsirdi.
Oğlan qocanı yatdığı kimi də qoyub getdi; qayıdıb hələ də ayılmadığını görəndə onu səslədi:
– Ustad, axşamdır, dur, – deyə əlini onun dizinin üstünə qoydu.