скачать книгу бесплатно
Qoca gözlərini açdı, bir anlığa haradansa çox uzaqdan qayıdıb gəldiyini düşündü. Sonra gülümsədi:
– Nə gətirmisən? – dedi.
– Axşam yeməyi, hazırlaş, şam eləyək.
– Mən o qədər də ac deyiləm.
– Gəl, şam elə. Yeməsən, balıq tuta bilməzsən.
– Acqarına o qədər balıq tutmuşam ki… – deyib qoca ayağa qalxdı, qəzeti götürüb bükdü, yorğanı da qatladı.
Oğlan dedi:
– Yorğanı çiyninə sal. Nə qədər mənim canım sağdır, səni acqarına balıq tutmağa qoymayacam.
– Səni görüm pir olasan. Özünə fikir ver. Yaxşı, yeməyə nəyimiz var?
Oğlan “Terras” restoranından iki tənəkə qabda yemək gətirmişdi; iki çəngəl, iki bıçaq, iki də qaşıqdan ibarət dəsti isə ayrılıqda kağız əlsilənə büküb cibinə qoymuşdu.
– Bunları sənə kim verdi?
– Restoranın sahibi Martin.
– Onu görəndə gərək razılıq eləyəm…
– Mən razılıq etdim. Sağ ol da dedim, sən deməyə də bilərsən.
– İri balıq tutanda qarnının altındakı yumşaq, ləzzətli ətdən ona yaxşı bir pay göndərərəm. Martin bizə tez-tez əl tutur, kömək edir. Birinci dəfə deyil.
– Elədir.
– Dediyim pay ona azdır. Nə isə əməlli-başlı bir şey verməliyəm. Böyük yaxşılıq etməliyəm. İnsafən yaman qeydimizə qalır.
– İki butulka da pivə verdi.
– Şüşə pivəsinə varam. Əla pivədir.
– Elədir. Özü də “Hauti” firmasının pivəsindəndir; boş şüşələri sabah aparıb verməliyəm.
– Yadından çıxmasın. – Sonra qoca soruşdu: – Yemək yeyək?
Oğlan hörmətlə dilləndi:
– Əlbəttə, yeyək. Bayaqdan səni gözləyirəm. Sənsiz qabın ağzını açmaq istəmirəm.
– Mən hazır, – qoca həvəslə qabağa yeridi, birdən dayandı, – yox, əvvəlcə əl-üzümü yumalıyam.
Oğlan fikirləşdi: “Görəsən, bu qoca harada yuyunur?” Bütün qəsəbə camaatı suyu qocanın komasından iki küçə o yandan, aşağı məhəllədən, yol qırağındakı krandan götürürdü. “Gərək gedib su, sabun, yaxşı bir əl-üz dəsmalı gətirəydim. Gör nə keyəm. Ona bir köynək, qış gödəkcəsi, ayaqqabı, bir də əlavə yorğan tapmaq lazımdır”.
Qoca xörəyi yeyə-yeyə təriflədi:
– Soyutma ət çox ləzzətlidir.
Oğlan xahiş etdi:
– Ustad, beysboldan danış görək. Nə yazıblar? İşlər necədir?
Qoca həvəslə dedi:
– Necə olacaq? Mən deyən kimi. “Yankilər” Amerikada birinci yeri tutub.
Oğlan dedi:
– “Yankilər” bu gün uduzub ki.
– Bir dəfə uduzanda nə olar? Böyük şeydir? Ulu Di Macio özünü bundan sonra göstərəcək.
– Komandanın bütün uğuru ondan asılı deyil ki. Başqa oyunçular da var.
– Orası elədir. Amma onun oyunu ayrı aləmdir. Ondan çox şey asılıdır. Başqa komandalardan “Bruklinlər”, məncə, “Filadelfiya”dan üstündür. Ulu Di Macio birinci, Dik Sisler isə ikinci oyunçudur. Mən belə hesab edirəm. Onun köhnə parkdakı oyunu yadındadır? Necə oynayırdı!
– Topa onun kimi heç kəs zərbə vura bilmir. İndiyə kimi hələ onuntək uzağa top vuran görməmişəm.
– Onun “Terras”a gəlməsi yadındadır? İstədim yaxınlaşıb onu balıq tutmağa dəvət edim. Utandım. Sənə dedim. Dəvət etmədin. Sən də utandın.
– Yadımdadır. Çağırmamaqda böyük səhv etdik. O bizimlə gedərdi. Ömrümüz boyu onunla balıq tutmağa getməyimizdən danışıb fərəhlənərdik.
– Getsəydi, ulu Di Macionu balıq tutmağa elə aparardım ki, özü də razı qalardı, – qoca dərindən köks ötürdü, – deyilənə görə, onun da atası balıqçıymış. Kim bilir, bəlkə də bizim kimi kasıb imiş. Belə olsaydı, oğlu halımızı başa düşərdi.
Oğlan dedi:
– Böyük Sislerin atası dövlətli olub. Mən yaşda olanda məşhur komandalarda oynayırmış.
– Mən sən boyda olanda Afrika sahillərində üzən yelkənli gəmidə yunqa işləyirdim. Axşamüstü şirlər gəlib sahildə gəzirdi. Biz də uzaqdan tamaşa edirdik.
– Bilirəm. Demisən.
Qoca soruşdu:
– Sən bilən, indi nə barədə danışsaq yaxşıdır? Afrika, ya beysbol?
– Məncə, beysboldan danışsaq, yaxşı olar. Mahir Con Mak-Qroudan mənə bir az danış da.
– O, qabaqlar bizim “Terras” mehmanxanasına tez-tez gələrdi. Bərk də içərdi. Özündən çıxıb bərkdən danışardı, kobud rəftar elərdi. Yaman da atbaz idi. Məşhur cıdır atlarının siyahısını həmişə cibində gəzdirərdi. Telefonla danışanda çoxlu at ləqəbi sadalayardı.
– Mak-Qrou mahir idman təlimçisi olub. Atam deyir ki, o, çox ustad təlimçi idi.
Qoca izahat verdi:
– Mak-Qrounu gördüyü üçün Atan elə deyir. Mak-Qrou həmişə bura gələrdi. Əgər Düroşer də onun kimi hər il bura gəlsəydi, atan deyərdi ki, ondan böyük təlimçi yoxdur.
– Sən bilən, kim daha yaxşı təlimçidir: Lyuk, ya Qonsales?
– Mənə elə gəlir ki, ustalıqda onların ikisi də bir olar.
– Dünyanın ən mahir balıqçısı isə sənsən.
– Yox ha! Mən özümdən də yaxşısını tanıyıram.
– Ola bilməz. Dünyasında inanmaram, – oğlan etiraz etdi, – yaxşı balıqçı çoxdur, amma ustalıqda sənə çatan olmaz. Heç kəs sənə tay ola bilməz.
– Çox sağ ol. Bu sözünlə məni sevindirdin. Qorxuram elə yekə balığa rast gələm ki, tuta bilməyəm, biabır olam, sənin də zənnin səhv çıxa.
– Dediyin qədər gücün qalıbsa, dünyada elə balıq tapılmaz ki, sən onu tuta bilməyəsən.
Qoca balıqçı izahat verdi:
– Ola bilsin, gücüm o qədər də qalmayıb, amma mən çoxlu fənd bilirəm. Özüm də amansızam.
– Ustad, səhər gümrah olmaq üçün bir az yatıb dincəlməlisən. Mənsə qabları, boş şüşələri aparıb “Terras”a verməliyəm.
– Gecən xeyrə qalsın. Sabah tezdən gəlib səni oyadaram.
Oğlan dedi:
– Hər gün məni lap saat kimi oyadırsan.
– Məni də qocalıq oyadır, – o təəssüfləndi. Sonra soruşdu: – Sən bilən, qocalar niyə tez dururlar? – Özü də cavab verdi: – Ona görə ki işıqlı dünyanı çox görsünlər.
– Amma cavan oğlanlar çox yatmaq istəyirlər. Özləri də bərk yatırlar, – deyə oğlan balıqçıya baxdı, – qocaların işini sən yaxşı bilirsən. Mənim başım çıxmaz.
– Düz deyirsən, cavanlıqda mən də çox yatmaq istəyirdim. İndi get yat, tezdən gəlib səni oyadaram.
– Səndən başqa heç kimin məni oyatmağını istəmirəm. Elə çıxır ki, onlar məndən zirəkdirlər.
– Başa düşürəm…
– Gecən xeyrə qalsın, – deyib oğlan daxmadan çıxdı. Onlar qaranlıqda şam etmişdilər. Qoca şalvarını soyunub çarpayıya sarı getdi, qəzeti şalvarın cibinə qoyub bükəndən sonra balış əvəzinə başının altına qoydu. Yorğana bürünüb dəmir çarpayıya salınmış köhnə qəzetlərin üstündə uzandı. Elə o dəqiqə yuxuya getdi.
Uşaqlıqda sahillərində gəzdiyi Afrikanı yuxuda gördü. Sarımtıl qumsallıq qızıla çalırdı. Yastı ağ təpələr adamın gözünü qamaşdırırdı. Qonur qayalar dənizdən baş qaldırmışdı. Əzəmətli dağlar qəhvəyi rəngdə idi. Bu yerlər hər gecə qocanın yuxusuna girirdi. O, sahilboyu gəzir, qayaları şiddətlə döyəcləyən dalğaların qəzəbli gurultusunu eşidirdi. Yerli tayfaların suları yara-yara dalğadan-dalğaya atılan xırda qayıqlarını görür, gəmilərə xas qatran, şoranlıq qoxusunu açıq-aydın duyurdu. Afrikanın içərilərindən gələn təmiz səhər mehi onu məst edirdi.
Alaqaranlıqda səhər yeli əsməyə başlayanda qoca oyanıb qalxardı; səhər yelini şirin yuxuda duymağa adət eləmişdi. Duran kimi də geyinər, oğlangilə gedib onu oyadardı. Bu gecə nədənsə qitədən əsən külək onu həmişəkindən tez oyatdı. Qoca hələ tez olduğunu başa düşdü, durmayıb yuxunun ardını görməyi qərara aldı. Dənizdən ucalan qayaların ağ zirvələrinə, Kanar adalarının limanlarına tamaşa etmək istəyirdi.
Yuxusunda artıq nə fırtına, nə qadın, nə iri balıq, nə vuruş, nə güləşmə, nə mərcləşmə, nə də arvadını görürdü. İndi yuxusuna yalnız uzaq ölkələrin sahilləri, bir də o sahildə gəzişən şirlər girirdi. Şirlər dumanlı toranlıqda pişik balaları kimi oynaşırdılar. Qoca bu şirləri oğlanı sevdiyi qədər istəyirdi. Amma oğlan heç yuxusuna girməzdi. O, cəld dikəlib açıq qapıdan bayıra, göy üzündəki ayparaya baxdı, sonra balış əvəzinə başının altına qoyduğu şalvarı götürüb geydi. Komadan çıxıb peşab elədi, əsnəyə-əsnəyə oğlanı oyatmağa getdi. Sübh soyuğunda titrəyirdi. Bilirdi ki, qızışandan sonra üşütmə keçib-gedəcək; qayıqda oturub avar çəkməyə bənd idi.
Qoca qapını aralayıb asta addımlarla otağa girdi. Oğlan qabaq tərəfdə taxt üstündə yatmışdı. Ay otağa zəif işıq salırdı. Qoca bu zəif ay işığında oğlanı yaxşı görürdü. O, uşağın qıçından yapışdı, ayılana qədər buraxmadı. Oğlan dikəlib gözlərini açdı, ustadına baxdı. Balıqçı başını tərpədib işarə verdi ki, vaxtdır. Oğlan yaxınlıqdakı stulun üstündən şalvarını götürdü, qalxıb çarpayıda oturdu, sonra şalvarını geydi.
O, qocanın arxasınca qapıdan çıxdı, hələ də yuxulu idi. Qoca qolunu onun boynuna saldı:
– Bağışla…
– Nə danışırsan, ay ustad? Biz kişilərin taleyi belədir.
Onlar yolaşağı qocanın komasına tərəf gedirdilər. Yol adamla dolu idi. Balıqçılar qaranlıqda dallarında avadanlıq, çiyinlərində dorağacı, əllərində müxtəlif şeylər qayıqlarına sarı gedirdilər. Hamısı da ayaqyalın idi.
Onlar komaya çatıb içəri keçdilər; oğlan kəndiri zənbilə qoydu, nizəni və zənbili götürüb bayıra çıxdı. Qoca yamaqlı köhnə yelkən sarınmış dorağacını çiyninə qaldırıb onun dalınca getdi.
Oğlan xəbər aldı:
– Ustad, qəhvə içmək istəmirsən?
– Əvvəl şeyləri aparıb qayığa qoyaq, qəhvəni sonra içərik.
Qəsəbədə səhər tezdən dənizə çıxan balıqçılara xidmət göstərən bir aşxana vardı. Qoca ilə oğlan şeyləri aparıb qayığa qoyandan sonra həmin aşxanaya getdilər. Adama bir qab qəhvə içdilər. Oğlan dedi:
– Ustad, necə yatdın? – Oğlanın gözlərindən hələ də yuxu tökülürdü, tez-tez əsnəyirdi, üz-gözündə əzginlik vardı.
Oğlan kəndiri zənbilə qoydu, nizmi və zənbili götürüb bayıra çıxdı. Qoca yamaqlı köhnə yelkən sarınmış dorağacını çiynim qaldırıb onun dalınca getdi.
– Manoli, bu gecə çox şirin yatmışam. Mənə elə gəlir ki, bu gün bəxtim yaman gətirəcək.
– Mən də belə düşünürəm, ustad, işin yaxşı olacaq, – deyib oğlan ayağa durdu, – mən indi gedim sənə də, özümə də sardina gətirim. Hələ balıq yemi də götürməliyəm. İndi işlədiyim qayıqda bütün işləri sahibkar özü görür; kömək eləyəndə acığı gəlir.
Qoca dedi:
– Balıqçıların çoxu elədir. Mənimlə özünə baxma. Biz dostuq. Hələ sən beş yaşında ikən icazə verdim ki, şeyləri daşıyıb balıqçılığı öyrənəsən.
– Elədir, ustad, biz dostuq, – oğlan fərəhləndi, – mən qayıdana qədər sən bir az da qəhvə iç. Bu dəqiqə gəlirəm. Yaxşı ki, burada bizə nisyə şey verirlər.
Oğlan yem gətirmək üçün tez buzxanaya qaçdı.
Qoca balıqçının bütün gün dilinə heç nə dəyməyəcəkdi. Bu qəhvə onun həm səhər yeməyi, həm naharı, həm də, bəlkə, şamı idi. Buna görə də qəhvəni ləzzət ala-ala, aramla içirdi. Axır vaxtlar qoca yeməyə o qədər də meyil göstərmirdi. Dənizə gedəndə su dolu şüşədən başqa heç nə aparmırdı. Su sərin qalsın deyə şüşəni qayığın burun tərəfində gizlədərdi. Su onun üçün hər şey idi.
Oğlan sardina ilə balıq yemi gətirdi. Onlar sahilə yollandılar. Yeridikcə ayaqlarının altından çınqıl sıçrayırdı. Sahilə çatıb qayığı suya saldılar.
Oğlan dedi:
– Ustad, yaxşı yol!
– Sənə də! – qoca balıqçı oğlana uğur dilədi.
O, kəndiri avarlar bənd edilən halqalardan keçirib mıxlara bağladı. Yerində əyləşib kürəkləri götürdü, sinəsini qabağa verib başını əydi, suyu yara-yara dənizə çıxdı. Hava qaranlıq idi, səhərin gözü hələ açılmamışdı. Sahilboyu səpələnmiş başqa qayıqlar da bir-bir hərəkətə gəlir, dənizə çıxırdı. Qoca onları görməsə də, avarlara müqavimət göstərən liman sularının şappıltısını eşidirdi. Aypara təpənin arxasında gizləndiyindən heç nə görünmürdü. Vaxtaşırı hansısa qayıqdan adam səsi gəlirdi. Qayıqların çoxunda sakitlik idi. Dənizin sinəsini tez-tez yaran avarların səsi sükutu pozurdu. Bir azdan qayıqlar limanı arxada qoyub geniş okeana səpələndi. Səxavətli dənizin tükənməz nemətindən bir balıq qopartmaq ümidi ilə hərə bir yönə üz tutdu. Qoca balıqçı bu gün çox uzaqlara getməyi fikrində tutmuşdu. Okeanın səhər havası, ucsuz-bucaqsız mavi suları onu ağuşuna alırdı. Tozlu-tüstülü sahildən uzaqlaşdıqca hava saflaşırdı. Suyun üstündə tək-tək dəniz yosunları işıldayırdı. Bu fosforlu işıltılar qocanın diqqətini çəkdi. Bu aralarda okeanın dərinliyi birdən-birə artıb yeddi yüz dəniz sajınına[2 - Dəniz sajını – dəniz milinin mində bir hissəsi (1,83 metr)] çatırdı. Ona görə də balıqçılar həmin yeri “dərin quyu” adlandırırdılar. Müxtəlif istiqamətli sualtı axınlar burada qovuşur, şiddətlə sualtı qayalara çırpılıb burulğan əmələ gətirirdi. “Dərin quyu”da hər növ balıq vardı. Xırda balıqlar, dəniz xərçəngləri daha çox idi. Onlar axşamlar suyun üstünə qalxır, şikara çıxmış iri balıqlara yem olurdular.
Qaranlıq olsa da, qoca balıqçı səhərin yaxınlaşdığını duyurdu… Avar tərpəndikcə qayıq irəliləyirdi. Balıqlar sudan sıçrayıb havada mayallaq aşır, təzədən suya düşürdü. Balıq süzdükcə üzgəci vıyıldayırdı. Qoca qanadlı balıqları ayrıca bir istəklə sevirdi. Onlar balıqçının geniş okeandakı əsl dostları idi. O, quşları da sevirdi, ancaq onlara həm də yazığı gəlirdi. Daim dən axtaran, amma dimdiyinə heç nə keçməyən xırda, zərif su qaranquşlarının halına yaman acıyırdı. Qoca fikirləşdi: “Yazıq quşların həyatı bizimkindən qat-qat ağırdır. Əlbəttə, yırtıcı quşları demirəm. İndi ki okean belə amansızdır, su qaranquşu kimi zəif quş niyə yaradılıb? Doğrudur, dəniz çox vaxt mərhəmətli olur. Amma coşanda üzünü görmə. Elə aşır-daşır ki, göz açmaq olmur. Yem axtaran bu yazıq quş dəhşətli fırtınalarda dənizə baş vurmalı olur, dimdiyinə keçən xırda balığı dalğaların əlindən alır. Bir şey çıxmayanda civildəşə-civildəşə fəryad qopardırlar, elə bil şikayətlənib dərdləşirlər. Bu cılız məxluq hüdudsuz okeanın əzəməti qarşısında heç nədir”.
Qoca dənizi ürəkdən sevirdi. İspaniyada dəniz aşiqləri onu la mar – pəri deyə əzizləyirdilər. Arabir acıqları tutanda pisləsələr də, çox vaxt hörmətlə yad edirlər. Üzgəc əvəzinə kəndirə tıxac bağlayan, köpəkbalığının qaraciyəri tapılmayanda çoxlu pul qazanmaq üçün motorlu barkasda balıq tutmağa gedən cavanlar ona rəqib kimi baxır, onu erkək adlandırırlar. Onlar lazım oldu-olmadı dənizi lənətləyirlər. Qoca üçünsə dəniz hər şey idi, onun həyatı idi. Ona ilahə kimi baxırdı. Bu ilahə insan oğluna nələr vermir?! O nə qədər səxavətli, nə qədər lütfkardır! Dəniz qəzəblənib qocanı incidəndə, üz döndərib heç nə verməyəndə belə balıqçı ondan şikayətlənmirdi. Neyləmək olar, dənizin təbiəti belədir. “Ay qadını ehtirasa gətirdiyi kimi, dənizi də coşdurur”, – qoca düşündü.
Okean sakit olduğundan qoca balıqçı özünü gücə salmadan aramla avar çəkirdi. Sualtı axın olan yerlərdə dalğalar qayığı sürükləyib aparır, işi xeyli asanlaşdırırdı.