banner banner banner
Əlvida, silah!
Əlvida, silah!
Оценить:
Рейтинг: 0

Полная версия:

Əlvida, silah!

скачать книгу бесплатно

Əlvida, silah!
Ernest Miller Heminquey

Dünya ədəbiyyatından seçmələr
Bu əsərindəki bir sıra hadisə və qəhrəmanları müəllif Ernest Heminquey cəbhədə şəхsən görüb müşahidə etmişdi. Roman müharibəyə nifrətlə, dinc həyat arzulayan insanlara rəğbətlə yazılıb.

Ernest Heminquey

ƏLVİDA, SİLAH!

1

Həmin il yayın axırlarında biz kəndlərin birində mövqe tutmuşduq. Qaldığımız balaca evdən çay və düzəngah görünür, onlardan o yanda isə dağlar ucalırdı. Çayın yatağı gün işığında ağaran qənbər və çınqıllarla örtülüydü. Suyu dumduru, axarı itiydi, yayıldıqca göy rəngə çalırdı. Evin yanındakı yoldan keçən qoşunların qaldırdığı toz ağacların yarpağı üstə çökürdü. Hətta ağacların gövdəsini də toz basmışdı. Bəlkə, buna görəydi ki, həmin il ağaclar yarpağını tez tökməyə başlamışdı…

Düzənlik boyu çoxlu meyvə bağları vardı, arxadakı dağlarsa boz və çılpaq idi. Dağlarda döyüş gedirdi. Gecələr partlayışlardan saçılan alovlar görünürdü. Qaranlıqda bunu şimşək çaxışına bənzətmək olardı; amma hava sərin keçdiyindən yağışdan, tufandan əsər-əlamət sezilmirdi.

Qaranlıqda pəncərəmizin altından qoşunların keçib-getdiyini eşidirdik. Gecələr yolda hərəkət artırdı. Əsgərləri daşıyan boz yük maşınları, döyüş sursatı yüklənmiş qatırlar bir ucdan qatarlaşıb gedirdi. Onların ardınca sürətlə gedən balaca maşınlar gəlirdi. Bu maşın karvanında kralın da olduğu hamıya məlumdu. O, Udinedə yaşayırdı və hər gün burdan gəlib keçirdi.

Qışın girməsiylə yağışlar başladı. Yağışlar özüylə vəba xəstəliyi də gətirdi. Onun geniş yayılmasına imkan vermədilər, baxmayaraq ki vəbadan artıq yeddi min əsgər ölmüşdü…

2

Növbəti il düşmən üzərində bir neçə qələbə qazanıldı. Avqust ayında biz çayı keçib Qorisiyada hündür hasarı və gözəl bağı olan bir evdə yerləşdik. İndi döyüşlər lap yaxınlığımızda gedirdi.

Qorisiya asanlıqla ələ keçirilmişdi. Nəyə görəsə, avstriyalılar bu şəhəri digərləri kimi aramsız bombalamırdılar. Adama elə gəlirdi ki, müharibə qurtarandan sonra onlar burdaca qalacaqlar.

Şəhər kənarında ucalan dağın döşündəki palıd meşəsi məhv edilmişdi. Yayda biz gələndə bu meşə yamyaşıl idi. İndi isə hər şey alt-üst olmuşdu.

Axşam şəhərə düşüb zabitlərin əyləndiyi kafeyə getdim.

Dostum olan kapitanla pəncərənin qırağında, üzbəüz oturmuşduq. Lopa-lopa qar yağırdı. Yağan qara baxıb düşünürdüm ki, bu ilimiz boşuna getdi – çayın o üzündəki dağlar alınmamışdı. Ümid gələn ilə qalırdı. Birdən dostum palçıqlı yolda ehtiyatla harasa gedən polk keşişimizi gördü. Pəncərəni tıqqıldadıb onu içəri çağırdı.

Zabitlər yeməkxanasındakı hər kəs ciddi tərzdə, tələsə-tələsə spagetti[1 - Spagetti – bütöv, bölünmədən bişirilən və müxtəlif ədviyyatlarla yeyilən nazik, uzun formalı makaron növü] yeməklə məşğul idi. Spagettini yeyəndən sonra kapitan keşişə sataşmağa başladı.

Keşiş cavan idi və tez özündən çıxırdı. Geydiyi forma bizimkindəndi, ancaq boz frençinin[2 - Frenç – üstdən dörd cibi və daldan kəmərciyi olan hərbi gödəkçə] sol döş cibinin üstünə tünd-qırmızı məxmərdən xaç tikilmişdi. Kapitan sadəcə mənim xatirimə pozuq italyan dilində danışırdı. Nədənsə belə hesab edirdi ki, bu cür hər şeyi daha yaxşı başa düşə bilərəm. Ordan çıxana qədər hamı keşişlə məzələndi. Arada kim isə içəri girdi. Qapı açılanda qarın necə yağdığını gördüm.

– Madam ki qar yağır, onda hücum olmayacaq, – dedim.

Mayor:

– Əlbəttə olmayacaq, – deyə cavab verdi. – İndi məzuniyyət götürsəniz, pis olmaz. Romaya, Neapola, Siciliyaya gedərsiz…

– Mən istərdim ki, siz biz tərəflərə – Abrutssıya da gedəsiniz, – keşiş dilləndi. – Orada yaxşı ov etmək mümkündür. Camaatımız da yaxşıdır. Üstəlik, atamın da ova həvəsi var.

Kapitan:

– Hə, gedək, – dedi.

– Gecəniz xeyrə qalsın, – keşişə dedim.

– Xeyrə qarşı, – keşiş cavab verdi.

3

Məzuniyyətdən qayıdanda bölüyümüz hələ də o şəhərdə idi. Bahar girmişdi. Şəhərdə toplar çoxalmışdı. Bir neçə yeni hospital açılmışdı.

Bölüyümüz hələ də həminki evdə idi, aradan keçən vaxt ərzində heç nə dəyişməmişdi. Mən evə gələndə qapı açıq idi. Divarın dibindəki skamyada bir əsgər oturmuşdu.

Böyük otağın qapısından baxdım. Gördüm ki, mayor stolun arxasında oturub. Pəncərə açıqdır, otağa gün düşüb. O məni görmürdü. İstədim əvvəlcə onun yanına gedib raport verim. Sonra qərara gəldim ki, yuxarı qalxıb üst-başımı qaydaya salandan sonra gələrəm.

Leytenant Rinaldi ilə olduğum otaq həyətə baxırdı. Mən içəri girəndə o yatırdı. Ayaq səslərimi eşidib oyandı. Bir-birimizin əlini sıxdıq. Sonra o məni qucaqlayıb öpdü.

– Hardaydınız, nə edirdiniz? – deyə soruşdu.

– Hər yerdə olmuşam, – dedim. – Milanda, Horensiyada, Romada, Neapolda…

– Şəhərə qəşəng ingilis qızları gəlib. Mən isə onların arasından birinə – Ketrin Barkliyə vurulmuşam. Ehtimal ki, onunla evlənəcəyəm.

– Mən yuyunub raport verməyə getməliyəm, – dedim.

Leytenant soruşdu:

– Pulun varmı?

– Niyə soruşurdun?

– Mənə 50 lirə borc ver. Miss Barkliyə pullu adam təsiri bağışlamalıyam.

İstədiyi pulu çıxarıb verdim. Axşam zabitlər yeməkxanasına getdim. Keşişi orda görüb yanında oturdum. Abrutssıya getmədiyimi öyrənəndə məyus oldu. Hətta incidi də… Sən demə, gələcəyim barədə atasına yazıb, o da hazırlıq görübmüş. Bunu eşidəndə mən də təəssüfləndim. Ona izah etməyə çalışdım ki, onlara getməyi mən də çox arzulayırdım. Amma o qədər iş çıxdı ki, mümkün olmadı.

Nəhayət, o mənə inandı.

Yeməkxanadakılar arasında qızğın mübahisə gedir, keşişlə mən isə susurduq. Bu vaxt kapitan dilləndi:

– Keşiş darıxır, keşiş istəyir müharibəni avstriyalılar udsun.

Keşiş başını tərpədib:

– Yox, – dedi.

– Keşiş istəmir ki, biz hücuma keçək, – kapitan yenidən dilləndi.

– Madam ki döyüş gedir, hücuma keçməliyik, – keşiş dedi.

– Əl çəkin ondan, – mayor səsləndi. – O, yaxşı oğlandır.

Biz hamımız stolun arxasından qalxdıq.

4

Səhər qonşu bağdakı hərbi hissədən gələn səsə oyandım. Pəncərəyə yanaşıb bayıra boylandım. Toplar görünmürdü, mərmilər isə lap başımızın üstündən ötüb-keçirdi. Geyinib aşağı düşdüm. Mətbəxdə qəhvə içib qaraja getdim.

Uzun talvarın altında sıra ilə on maşın düzülmüşdü. Bunlar iri kuzovlu, kəsikburun sanitar avtomobilləri idi.

– İşləriniz necədir? – mexaniklərin birindən soruşdum.

– Pis deyil. Bu maşın bir işə yaramır, qalanları sazdır, – o, işini saxlayıb gülümsündü. – Siz məzuniyyətdə idiniz?

– Bəli.

– Vaxtınız yaxşı keçdi?

– Pis olmadı, – dedim.

Görünür, burda olmadığım müddətdə işlər düzəlmişdi. Eşitdim ki, tezliklə hücumun başlanacağı gözlənilir.

Başdan-ayağa toz və palçıq içindəydim. Odur ki yuyunmaq üçün öz otağıma keçdim. Rinaldi əlində kitab çarpayıda oturmuşdu.

O məni görən kimi dərhal dedi:

– Əla xəbərim var! Birlikdə miss Barkliyə qonaq gedəcəyik.

Mən boyun qaçırdım. Ancaq o təklifində israr etdi:

– Mənimlə gedəcəksiniz! Çünki bunu mən sizdən xahiş edirəm. Elə eləyin ki, onun xoşuna gələsiz.

Çar-naçar razılaşdım.

– Yaxşı! Onda icazənizlə özümü qaydaya salım.

İngilis hospitalı hansısa almanın müharibədən əvvəl tikdirdiyi böyük villada yerləşirdi. Biz gedəndə Miss Barkli villanın həyətindəki bağda idi. Yanında isə bir şəfqət bacısı vardı. Rinaldi və mən onlara hərbi qaydada salam verdik. Miss Barkli adımı soruşdu.

– Frederik Henri, – deyə mən cavab verdim.

Miss Barkli boyca xeyli hündür idi. Sarışındı, dərisi qızılı rəngə çalırdı, qonur gözləri vardı. Əlində oyuncaq qamçıya oxşayan bir əlağacı tutmuşdu.

– Bu bir zabitindir, – dedi. – Onu keçən il öldürdülər. Çox yaxşı oğlan idi. Mən onunla ailə qurmalıydım.

– Siz çoxmu nişanlı qaldınız?

– Səkkiz il.

Rinaldidən yanındakı şəfqət bacısının adını soruşduq. Məlum oldu ki, bu, miss Ferqyusondur və əslən şotlanddır. Onlarla xeyli söhbətdən sonra vidalaşıb evə qayıtdıq.

Yolda Rinaldi dedi:

– Miss Barklinin məndən çox səndən xoşu gəldi. Amma şotland qızı da qəşəngdir.

– Əlbəttə, qəşəngdir. O sizin xoşunuza gəlir?

– Yox, – Rinaldi qəti cavab verdi.

5

Ertəsi gün mən yenə miss Barklinin yanına getdim. Bu dəfə o, bağda deyildi. Hospitalın baş şəfqət bacısı ilə qarşılaşdım. O mənə dedi ki, miss Barkli bu gün növbətçidir. Əlavə etdi ki, onu görmək üçün saat 7-dən sonra gələ bilərəm.

Deyilən vaxtda gəldikdə isə miss Barkli bağdakı skamyada oturmuşdu. Miss Ferqyuson da onunlaydı. Elə bil gəlişimdən sevindilər. Bir az sonra miss Ferqyuson üzr istəyib getdi.

– Yaxşı qızdır, – mən onun arxasınca dedim.

– Əlbəttə, çox yaxşı qızdır, – miss Barkli təsdiqlədi. – İtalyanlar qadınları cəbhə xəttinə bu qədər yaxın buraxmaq istəmirdilər. Biz burda xüsusi rejimdə işləyir və yaşayırıq.

– Bəs mən bundan sonra da bura gələ bilərəm?

– Əlbəttə… Bircə müharibə tez qurtarsaydı…

– Gəlin, müharibəni unudaq.

– Bu o qədər də asan deyil. Hər halda, qoy siz deyən kimi olsun: müharibəni unudaq.

Artıq şər qarışmışdı. Biz qaranlıqda bir-birimizə baxdıq. O mənə indi daha da gözəl görünürdü. Əlini tutdum. Qız əlini çəkmədi. Qaranlıqda əyildim ki, onu öpüm. Anidən üzümə bərk bir şillə dəydi, gözlərim yaşardı.

– Bağışlayın məni, – qız dedi.

– Siz düzgün hərəkət etdiniz.

– Yox, qətiyyən düz eləmədim. Gərək məni bağışlayasınız.

– Dedim axı, sizin hərəkətiniz doğru idi. Mən buna görə qətiyyən acıqlanmıram, – azacıq susub əlavə etdim. – Siz çox gözəlsiz.

O güldü. Güldüyünü ilk dəfə görürdüm.

– Siz yaxşı oğlansız, – miss Barkli dedi.

– Heç də yox.

– Hə. Siz mehribansız. İstəyirsiz, mən özüm sizi öpüm.

O məni öpdü, mən isə onu qollarımın arasında sıxdım. Ürəyimin necə şiddətlə döyündüyünü hiss edirdim. Bu vaxt onun başı çiynimə düşdü. Anladım ki, başını çiynimə qoyub ağlayır.

– Əzizim, – dedi, – siz mənimlə həmişə mehriban olacaqsız, deyilmi?

Mən onun saçlarını oxşadım. Hələ də ağlayırdı.

Sonra mən onu villanın qapısına qədər ötürdüm. Evə qayıdıb öz otağıma qalxdım. Rinaldi yatağında uzanmışdı. O mənə baxdı.

– Deməli, miss Barkli ilə işləriniz düzəlir?

– Mən onunla dostam.