banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

Hekayələr
Ernest Miller Heminquey

Hekayə ustaları
Ernest Heminqueyin sizə təqdim olunan hekayələrində artıq sözə rast gəlinmir, oxucunun diqqətinə əhəmiyyətsiz xırdalıqlar yox, gerçək hadisələr təqdim olunur.

Ernest Heminquey

Seçmə hekayələr

PƏRVANƏ VƏ TANK

Həmin axşam mən yağışın altında senzura idarəsindən evə, “Florida” otelinə qayıdırdım. Yağış lap zəhləmi tökmüşdü və mən boğazımı yaşlamaq üçün yarıyolda “Çikote” barına girdim.

Artıq ikinci qış idi ki, Madridi fasiləsiz atəşə tuturdular. Hər şey – tənbəki də, əsəblər də tükənmək üzrə idi, adam daim aclıq hiss edirdi və birdən özündən asılı olmayan şeylərə, məsələn, havanın pis olmasına mənasız yerə əsəbiləşirdi. Əlbəttə, yaxşısı bu olardı ki, düz evə gedim. Ancaq otelə hardasa beş məhəllə qalmış gözüm barın qapısına sataşmışdı və mən əvvəlcə bir stəkan nəsə içib sonra yoluma davam etməyi, mərmilərin altını üstünə çevirdiyi palçıqlı Qran-Via küçəsi ilə qalan beş-altı məhəlləni də qət etməyi qərara almışdım.

Bar adamla dolu idi. Nə piştaxtaya yaxın durmaq olurdu, nə də boş masa gözə dəyirdi. Tüstü-duman, ahəngsiz mahnı sədaları, hərbi geyimli kişilər, yaş dəri gödəkçələrin iyi… Bir stəkan içki üçünsə əlini barmeni üçqat mühasirəyə almış adamların başı üzərindən uzatmaq lazım gəlirdi.

Tanış ofisiant hardansa mənə bir stul tapdı və mən qayışbaldır, solğunbənizli, yekəxirtdək bir almanın yanında masa arxasında əyləşdim. Onun senzurada xidmət etdiyini bilirdim. Yanında tanımadığım daha iki nəfər oturmuşdu. Masa, demək olar ki, otağın ortasında, girişdən sağda idi.

Mahnı səsindən adam özünün dediyini də eşitmirdi, amma mən kinə qatılmış cin sifarış etməyə nail oldum. Bu, soyuqdəyməyə qarşı lazım idi. Axı yağışa düşmüşdüm. Barda adam əlindən tərpənmək olmurdu, hamı şən əhvali-ruhiyyədə idi. Hələ özünü tam tutmamış naməlum bir katalon içkisinin dadına baxan hər kəsin kefi kök, hətta deyərdim ki, həddindən artıq kök idi. Tanımadığım adamlar bir-iki dəfə kürəyimi döyəclədilər. Bizim masanın arxasında oturan qız mənə nəsə deyəndə isə heç nə eşitməsəm də, cavab verdim:

– Əlbəttə.

Ora-bura boylanmaqdan yorulub mənimlə eyni masa ətrafında oturanların üzünə baxdım və anladım ki, qız çirkindir, dəhşətli dərəcədə çirkindir. Ofisiant geri qayıdanda isə məlum oldu ki, bayaq qız mənə onlarla birlikdə içməyi təklif edirmiş. Onu müşayiət edən oğlan çox da qətiyyətli deyildi, ancaq qızın qətiyyəti ikisinə də bəs edirdi. Kobud, kəskin sifət cizgiləri var idi, bədən quruluşuna görə isə şir təlimçisini xatırladırdı. Yanındakı oğlansa həç məktəbli pencəyini və qalstukunu çıxartmasa yaxşı idi, amma çıxarmışdı. Başqaları kimi dəri gödəkçə geymişdi. Sadəcə, oğlanın ködəkçəsi quru idi, belə anlamaq olardı ki, onlar hələ yağış başlamamışdan burada oturublar. Qızın da əynində dəri gödəkçə var idi, özü də sifət tipinə yaraşırdı.

Mən artıq birbaşa evə getməyib “Çikote”yə baş çəkməyimə peşman olmuşdum. Bu saat əynimi dəyişib quru paltar geyinmişdim, uzanmışdım, ayaqlarımı qaldırıb çarpayının başına qoymuşdum və kef edirdim. Həm də qarşımdakı cütlüyə baxmaq məni bezdirmişdi. Həyatda yaşamağa vaxtımız az, eybəcər qadınlarsa yer üzündə həddindən artıq çoxdur və indi, bu masa arxasında oturan zaman belə fikrə gəldim ki, yazıçı olmağıma, bu üzdən də hər şeyi bilmək həvəsimə baxmayaraq onların evli olub-olmadıqları, bir-birindən niyə xoşları gəldiyi, siyasi baxışları, kimin o birinin əvəzinə pul ödədiyi, digər problemləri məni qətiyyən maraqlandırmır. Belə qənaətə gəldim ki, onlar, yəqin, radioda işləyirlər. Adətən, Madriddə qəribə adamlara rast gələndə sonradan məlum olurdu ki, radioda işləyirlər. Nəsə bir söz deməyin xatirinə, hay-küyün içində eşidilmək üçün qışqıra-qışqıra soruşdum:

– Siz radiodansınız?

– Bəli, – qız cavab verdi.

Elədir ki var, radiodandırlar.

– Necəsiniz, yoldaş? – deyə bu dəfə yanımdakı almana müraciət etdim.

– Əla. Bəs siz?

– Gördüyünüz kimi, suyun içindəyəm, – dedim.

O, başını yana əyərək gülümsədi və soruşdu:

– Çəkməyə bir şey varmı?

Mən sonuncu qutularımdan birini almana uzatdım. O, qutudan iki siqaret çıxartdı. Qətiyyətli qız da ikisini, məktəblini xatırladan cavan oğlansa birini götürdü.

– Yenə götürün, – mən qışqırdım.

– Yox, sağ olun, – oğlan cavab verdi, onun əvəzinə siqareti alman götürdü.

– Etiraz etmirsiniz ki? – o gülümsədi.

– Əlbəttə yox, – dedim, hərçənd böyük məmnuniyyətlə etiraz edərdim. Bunu o özü də bilirdi, amma ürəyi elə siqaret çəkmək istəyirdi ki, başqa əlacı yox idi.

Birdən mahnı kəsildi, aralığa tufanqabağı sakitliyi xatırladan sükut çökdü və qışqırmadan söhbət etmək imkanı yarandı.

– Siz çoxdan buradasınız? – qətiyyətli qız soruşdu.

– Çoxdan, amma fasilələrlə, – mən cavab verdim.

– Biz sizinlə söhbət etməliyik, – alman dedi. – Ciddi söhbət. Nə vaxt görüşə bilərik?

– Mən sizə zəng edərəm, – dedim.

Bu alman çox qəribə alman idi və yaxşı almanlardan heç biri onu sevmirdi. Özünü inandırmışdı ki, gözəl royal çalır. Amma onu royala yaxın buraxmasan, üstəlik, əyyaşlıq edib qeybət qırmasa, babat alman olardı. Lakin bunların heç birini ona tərgidə bilmirdilər.

O, son dərəcə gözəl qeybətçi idi və Madrid, Valensiya, Barselona, eləcə də ölkənin digər siyasi mərkəzlərində yaşayan istənilən adam haqqında onu gözdən salacaq nəsə bilirdi.

Lakin qəflətən təzə mahnı oxumağa başladılar, qışqıra-qışqıra qeybət qırmaq isə elə də rahat deyildi. Vəziyyət vaxtımın olduqca darıxdırıcı keçəcəyindən xəbər verdiyindən hamını içkiyə qonaq edib barı tərk etmək qərarına gəldim.

Hər şey də elə bu vaxt başladı. Qəhvəyi kostyumlu, ağ köynəkli, qara qalstuklu, saçları iri alnından dala daranmış və təlxəklik eləyə-eləyə masadan-masaya keçən bir kişi pulverizatordan ofisiantın üstünə maye sıçratdı. Ofisiant özündən çıxdı.

– No hay derecho. – Bu, ispaniyalının dilindən çıxan ən sadə və ən ciddi etiraz: “İxtiyarınız yoxdur” demək idi.

Hərəkəti özünə xoş gələn və sanki nə etdiyini anlamayan pulverizatorlu adam az qala iki ildir müharibə getdiyini, hamımızın mühasirəyə düşmüş şəhərdə olduğumuzu, əsəblərin gərildiyini və barda özündən başqa cəmi üç mülki geyimli adamın oturduğunu nəzərə almadan ikinci ofisiantın da üstünə maye sıçratdı.

Mən gizlənməyə yer tapmaq məqsədilə ətrafa göz gəzdirdim. İkinci ofisiant heç də birincidən az hiddətlənmədi, “atıcı” isə şitənərək onun üstünə daha iki dəfə maye sıçratdı. Qətiyyətli qız da daxil olmaqla bəziləri bunu zarafat kimi qəbul edirdilər. Lakin ofisiant dayanıb başını buladı. Onun dodaqları əsirdi. Bu, yaşlı adam idi və mən bilən, “Çikote”də artıq on il idi ki, işləyirdi.

– No hay derecho, – o, ləyaqətlə dedi. Camaat arasında yenə gülüş səsləri eşidildi. Zarafatcıl kişi isə mahnı oxuyanların səslərini kəsdiklərinə fikir vermədən öz pulverizatorundan daha bir ofisiantın boynunun ardını islatdı. Üçüncü ofisiant əlindəki məcməyinin köməyi ilə müvazinətini saxlayıb geri döndü.

– No hay derecho, – dedi.

Artıq bu, etiraz deyildi. Bu, ittiham idi və hərbi geyimdə olan üç nəfərin ayağa qalxdıqlarını, zəhlətökən kişini qamarladıqlarını, onunla birlikdə fırlanan qapıdan çıxdıqlarını gördüm. Küçədən üç hərbçidən birinin kişinin sifətinə vurduğu zərbənin səsi eşidildi. Kimsə yerə düşmüş pulverizatoru götürüb qapıdan bayıra atdı.

Üçü də bara ciddi, təkəbbürlü, hansısa vacib bir vəzifəni yerinə yetiriblərmiş kimi qayıtdı. Sonra qapının ağzında yenidən o kişi göründü. Saçları gözünün üstünə tökülmüşdü, üzü qanın içində idi, qalstuku yana əyilmiş, köynəyi cırılmışdı. Əlində həmin pulverizator var idi. Kişi vəhşicəsinə ora-bura baxa-baxa içəri girən kimi əlini irəli uzadıb hara gəldi, hamının üstünə maye sıçratmağa başladı.

Mən həmən üç nəfərdən birinin ayağa qalxıb onun qabağına keçdiyini gördüm. O adamın üzünü də gördüm. Sonra daha bir neçə nəfər də qalxdı və «atıcı»nı masaların arası ilə sol küncə sıxışdırmağa başladılar. «Atıcı» dəli kimi müqavimət göstərirdi. Atəş açılanda mən qətiyyətli qızın əlindən tutub onunla birlikdə mətbəx qapısına doğru atıldım.

Amma qapı bağlı idi, çiynimlə onu itələsəm də, açılmadı.

– Ora, piştaxtanın arxasına girin, – dedim. Qız əyildi.

– Uzanın, – dedim və onu döşəməyə itələdim. Qız qəzəbləndi. Masanın altında gizlənən almandan və uzaq küncdə az qala divara yapışmış məktəbliyə oxşayan yeniyetmədən başqa bütün kişilərin əlində tapança var idi. Sarı rəngə boyanmış saçlarının dibi qaralan üç qadın sol tərəfdə divarboyu skamyanın üstünə çıxmışdı. Qadınlar barmaqlarının ucunda dayanaraq adamların başları üstündən boyunlarını uzadır, irəlidə nəsə görmək istəyir və aramsız ciyildəyirdilər.

– Mən qorxmuram, – qətiyyətli qız dilə gəldi. – Buraxın. Axı bu, gülməlidir.

– Olmaya, istəyirsiniz sizi bu meyxanada atışmada güllələsinlər? – soruşdum. – Əgər aramızda ölən igidin dostları varsa, vurçatlasın başlayacaq.

Amma, görünür, barda onun dostları yox idi, çünki tapançalar tədricən qoburlara və ciblərə qoyuldu, ciyildəyən sarışınları skamyadan düşürdülər və sol küncə yığışanlar öz yerlərinə qayıtdılar. Pulverizatorlu adam isə arxası üstə sakitcə döşəmədə uzanmışdı.

– Polis gələnə qədər heç kim bayıra çıxmasın! – kimsə qapının ağzından qışqırdı.

Əli karabinli iki polis küçə patrulundan aralanıb girişdə dayanmışdı. Bu vaxt mən altı nəfərin meydana çıxmağa hazırlaşan futbolçular kimi bir-birinin ardınca düzülərək qapıdan sivişib çıxdıqlarını gördüm. Bunlardan üçü «atıcı»nı küçəyə dartanlar idi. Biri də onu güllələyən idi. Onlar polislərin yanından bu işə heç bir aidiyyəti olmayan kənar şəxslər kimi keçdilər. Bundan sonra polislərdən biri əlindəki karabinlə yolu kəsib elan etdi:

– Heç kim çıxmır. Hamı bir nəfər kimi yerində qalır.

– Bəs onları niyə buraxdınız? Niyə bizə olmaz, onlarasa olar?

– Onlar aviamexaniklərdir, aerodroma getməli idilər, – kimsə izah etdi.

– Əgər kimisə buraxıblarsa, qalanlarını saxlamaq axmaqlıqdır.

– Təhlükəsizlik xidmətinin əməkdaşlarını gözləmək lazımdır. Hər şey qanun və qaydalar çərçivəsində olmalıdır.

– Başa düşün, əgər, heç olmasa, bir adam buranı tərk edibsə, yerdə qalanları saxlamaq axmaqlıqdır.

– Heç kim çıxmır. Hamı yerində qalır.

– Kefdir, – qətiyyətli qıza dedim.

– Kef-zad deyil. Dəhşətdir.

Biz artıq döşəmədən qalxmışdıq və qız pulverizatorlu adamın uzandığı yerə tərəf baxırdı. O, əllərini geniş açıb uzanmışdı, ayağının biri qatlanmışdı.

– Gedim yazığa kömək edim. O, yaralıdır. Niyə kimsə kömək etmir, yarasını sarımır?

– Mən onu rahat buraxardım, – dedim. – Özünüzü bu işə qatmayın.

– Axı bu, qəddarlıqdır. Mən şəfqət bacıları üçün kurs keçmişəm və ona ilkin tibbi yardım göstərəcəyəm.

– Lazım deyil, – dedim. – Ümumiyyətlə, ona yaxın getməyin.

– Axı niyə? – Qız çox həyəcanlanmışdı, əsəbindən, demək olar, əsirdi.

– Çünki o ölüb, – mən dedim.

Polislər gələndən sonra bizi üç saat saxladılar. İşlərinə bütün tapançaları iyləməkdən başladılar. Bu yolla kimin atəş açdığını aydınlaşdırmağı düşünürdülər. Ancaq qırxıncı tapançaya çatanda, deyəsən, bezdilər. Onsuz da içəridə hər yandan nəm dəri gödəkçə iyi gəlirdi. Sonra onlar mərhum «qəhrəman»ın yanındakı masanın arxasında əyləşib sənədləri yoxlamağa başladılar. Yerdə uzanıqlı qalmış «qəhrəman» isə özünün boz mum oxşarını xatırladırdı – boz mum əllər, boz mum sifət.

Cırılmış köynəyinin altından «atıcı» heç nə geyməmişdi, ayaqqabısının altlığı isə yırtılmışdı. İndi, döşəmədə uzanmış vəziyyətdə o, balaca və yazıq görünürdü. Sənədləri yoxlayan mülki geyimli iki polisin oturduğu masaya yaxınlaşanlara onun üstündən adlamaq lazım gəlirdi. Qızın əri sənədlərini gah itirir, gah tapırdı. Haradasa buraxılış vərəqi olmalı idi, amma yoxa çıxmışdı və o, qan-tər içində ciblərini ələk-vələk edirdi. Nəhayət, buraxılış vərəqi tapıldı. Qızın əri vərəqi başqa cibinə qoyub yenidən axtarışa başladı. Üzünü tər basdı, saçları islanıb buruq-buruq oldu və o, qıpqırmızı qızardı. İndi belə təəssürat yaranırdı ki, onun təkcə məktəbli paltarı yox, aşağı sinif şagirdlərinin taxdığı günlüklü papağı da çatışmır. Deyirlər, həyəcan insanı qocaldır. Amma açılan atəş onu on il cavanlaşdırmışdı.

Oturub gözlədiyimiz vaxt qətiyyətli qıza söylədim ki, bütün bu baş verən hadisələrdən yaxşı bir hekayə çıxar və çox güman ki, mən nə vaxtsa onları qələmə alacağam; məsələn, altı nəfərin sıraya düzülüb qapıdan çıxmaları təsirli səhnə deyilmi? Qız hiddətləndi və dedi ki, bu barədə yazmaq olmaz, çünki İspaniya Respublikasının işinə zərər dəyə bilər. Mən etiraz edib cavab verdim ki, İspaniyaya çoxdan bələdəm və hələ köhnə vaxtlar, monarxiya dövründə Valensiyada, Allah bilir, nə qədər adam güllələyiblər. Respublika yaranmazdan yüz illər əvvəl Əndəlisdə bir-birini navax adlanan iri bıçaqlarla doğrayıblar. Əgər mən müharibə vaxtı “Çikote” barında mənasız bir hadisənin şahidi olmuşamsa, bu barədə yazmağa tam hüququm var. Belə bir hadisə Nyu-Yorkda, Çikaqoda, ya Marseldə baş versəydi, yenə yazardım. Bu məsələnin siyasətlə heç bir əlaqəsi yoxdur. Amma qız dediyinin üstündə dayanmışdı. Ola bilsin, çoxları məhz onun kimi düşünərdi, bu barədə yazmağı düzgün hesab etməzdi. Amma alman, məsələn, hesab edirdi ki, bu, maraqlı hadisədir və mən özümün sonuncu siqaretimi də ona verdim. Nəhayət, üç saatdan artıq vaxt keçəndən sonra polislər dedilər ki, biz gedə bilərik.

“Florida” otelində məndən nigaran qalmışdılar. Çünki o vaxtlar bombardmanlar zamanı siz evə piyada qayıdırdınızsa və barlar səkkizin yarısında bağlanandan sonra hələ də gəlib çıxmırdınızsa, sizə görə narahat olmağa başlayırdılar. Mən evə qayıtmağıma şad idim və elektrik sobasının üstündə şam yeməyi hazırladığımız müddət ərzində baş verən hadisəni danışdım, söhbət hamının çox xoşuna gəldi.

Gecə yağış kəsmişdi, səhər isə buralarda qışın əvvəli üçün adi olan quru, aydın və soyuq hava var idi. Birə on beş dəqiqə qalanda mən səhər yeməyindən qabaq cin içmək həvəsi ilə “Çikote” barının fırlanan qapısından içəri girdim. Həmin vaxt orada adam az olur və barmenlə iki ofisiant üçlükdə mənim masama yaxınlaşdılar. Hamısı gülürdü.

– Nə oldu, qatili tutdular? – mən soruşdum.

– Günə zarafatla başlamayın, – barmen dedi. – Onun necə atəş açdığını gördünüz?

– Hə, – mən cavab verdim.

– Mən də. Həmin vaxt mən bax orada dayanmışdım. – Barmen küncdəki masanı göstərdi. – O, tapançanı düz adamın sinəsinə dirəyib atəş açdı.

– Camaatı burada hələ çox saxladılar?

– Gecə ikiyə qədər.

– Fiambrenin dalınca isə, – barmen meyiti nəzərdə tuturdu: menyuda soyuq ət məhz belə adlandırılmışdı, – yalnız bu gün saat on birdə gəldilər. Siz, çox güman, hər şeyi bilmirsiniz.

– Əşi, hardan bilsin, – ofisiantlardan biri dedi.

– Hə, qəribə işdir, – ikinci ofisiant əlavə etdi. – Nadir hadisədir.

– Üstəlik də kədərli, – deyə barmen başını buladı.

– Hə, kədərli və qəribə, – ofisiant təsdiqlədi. – Çox kədərli.

– Nə məsələdir? Danışın.

– Çox nadir hadisədir, – barmen bir də söylədi.

– Danışın görüm. Söyləyin də!

Barmen yaxın adam kimi mənə tərəf əyildi və ağzını qulağıma yaxınlaşdırdı.

– Pulverizatorun içindəki, başa düşürsünüz, odekolon imiş. Zavallı!

– O qədər də axmaq zarafat deyilmiş, – ofisiant dedi.

– Əlbəttə, o bunu, sadəcə, gülmək üçün edirmiş. Ona acıqlanmaq lazım deyilmiş, barmen dedi. – Yazıq!

– Başa düşürəm, – mən dilləndim. – Deməli, o, sadəcə, hamını şənləndirmək istəyirmiş.

– Elə çıxır, – barmen dedi. – İşə bax, necə də kədərli bir anlaşılmazlıq.

– Bəs onun «silahı» necə oldu?

– Polis götürdü. Qohumlarına göndərdi.

– Təsəvvürümə gətirirəm, onlar necə razı qalıblar, – mən dedim.

– Hə, – barmen dedi. – Əlbəttə. Pulverizator lazımlı şeydir.

– Bəs o bədbəxt kim imiş?

– Mebel ustası.

– Evliymiş?