
Полная версия:
Xudafərin körpüsü
– Yox, mən Sultanəli deyiləm. Mən Şeyx Sultanəliyəm. Atamın ölümündən sonra Şeyxlik mənə çatıb.
– Maşallah, maşallah, – Mirzə Məsih bu cavabdan sonra qalxıb onu qucaqladı, sonra bacısı oğlunun iti gözlərinə baxdı, ardınca da onun əlindən öpdü. Sultanəli haqlı idi, Heydərdən sonra şeyxlik ona keçmişdi, odur ki indi bütün müridlərin mürşidi bu uşaq sayılırdı9. Deməli, Məsih Mirzə də, əslində, bacısı ilə yox, Sultanəli ilə danışmalı idi. O hətta bu niyyətini gizlətmədi də:
– Yaxşı deyiblər, on iki imama yalvarınca, bir Allaha yalvar.
Dayısının hansı simə vurduğunu yaxşı başa düşən Sultanəli dedi:
– Dayı, söylədiklərinin hamısını eşitmişəm. Əgər bizi zindandan qurtarmaqla Şeyx Səfi nəslini öz əlində silaha çevirmək istəyirsənsə, mən buna qətiyyən razı deyiləm. Niyə? Çünki müsəlman hökmdarlarının hamısı peyğəmbərin adından danışa-danışa öz bildiklərini eləyiblər. Şeyx Heydərin övladlarının isə qeyrətləri varsa, özləri öz başlarına bir əncam çəkəcəklər. Yoxdursa, onda heç.
Aləmşahbəyim oğluna gözlərini ağartdı ki, dinməsin. Lakin Sultanəli ürəyini boşaltmışdı. Məsih Mirzə isə heyrət içində idi: hələ də inana bilmirdi ki, bir uşaq bu sözləri deyə bilər.
– Bacıoğlu, sizin gücünüzdən istifadə eləyib ölkəni möhkəmləndirmək istəyiriksə, buna sevinmək lazımdır. Həm də unutma ki, nəslinizin kökünü kəsmək istəyənlər də var.
Aləmşahbəyimin fikri isə başqa yerdə idi – oğlunun belə odlu-odlu danışdığını indiyədək eşitməmişdi. Sultanəli həmişə hücrənin bir küncünə çəkilib dəri cildli kitabları vərəqləyirdi. Oxuyurdu, yazırdı, oxuduqlarını yadında saxlamaq üçün təkrarlayırdı. Qardaşı İbrahimlə də məşğul olur, ona oxumaq, yazmaq öyrədirdi. İndi isə birdən-birə beləcə partladı, üsyan elədi. Aləmşahbəyim sevinirdi ki, oğlu belə cəsarətlidir, ağıllıdır. Lakin eyni zamanda ona görə narahat olurdu. Sultanəlinin cəsarəti, ağlı başına bəla ola bilərdi…
Hökmdar üçün iki baş mövcud idi. Birinci baş həmişə sinəsinə əyilməli, «bəli, bəçeşm» deməlidir. Əgər bu baş dikəlirsə, ağılla beyindəki fikirləri söyləyirsə, öz fikrini izhar eləyib hökmdarla razılaşmırsa, onda həmin baş mütləq kəsilib atılmalıdır. Kəsik baş isə danışmır.
Məsih Mirzə isə hələ də əl boyda uşağın kamilliyinə heyrət eləyirdi. O başa düşmüşdü ki, Şeyx Heydərin yerində ona layiq övlad var. Bu səbəbdən də dedi:
– Ya Şeyx, bəyəndim səni, sevdim səni. Sənə biət eləyib inam gətirirəm. Məni də özünə mürid saya bilərsən.
Qardaşının bu sözlərindən sonra Aləmşahbəyim sevindi, ürəyində bir işıq yandı, o işıq böyüyüb günəş boyda oldu, qadının qəlbindəki bütün şübhələri, qorxuları əritdi.
Məsih Mirzə isə bacısı oğlunu öyməyə davam edirdi:
– Bərəkallah sənin dərrakənə. Dayının indiki vəziri sənin yanında boş bir qabdır. Mən taxta çıxan gün bacım oğlunu sağ tərəfimdə oturdacağam.
– Yəni Ağqoyunlu səltənətinin vəziri olacağam, eləmi? – Sultanəli soruşdu.
– Bəli.
– Dayı, bizim nəsildən vəzir çıxmaz.
– Niyə? Elə hazır vəzirsən.
– Vəzir tülkü kimi bic, ürəyində «yox» fikirləşib dilində «bəli» deyən adamlardan olur. Bizim isə ürəyimizlə dilimiz həmişə bir olub. Bu da heç bir hökmdarın xoşuna gəlməyib. Onlar yalanı, yaltaqlığı daha çox xoşlayırlar. Yaltaqlanmasan, fikrini düz desən, onda gərək boynunu qılınc altına verəsən.
Məsih Mirzə tutuldu. «Sultan Yaqub düz fikirləşib. Bunlar vəzirlik yox, hökmdarlıq fikrindədirlər».
– Mənim vəzirim də, hökmdarım da ağıllı olmalıdır. Amma bir şey də var da, bacıoğlu. Şeyx Səfi nəslinin qəlbində daim sirr dolaşır. Elə bir sirr ki, indiyə qədər onu heç vaxt başqalarına açmayıblar. Bəs ürəyinizdəki həmin sirr niyə dilinizə gəlmir?
– Hə, o ayrı məsələdir. – Sultanəli bunu deyib nə vaxtsa bıçaqla yonub naxışladığı çubuğu gətirdi, onu ortadan qırdı, sonra isə dayısına göstərdi. – Bunda təəccüblü bir şey yoxdur ki?
– Nə olmalıdı bəyəm? Ağac parçasıdır də…
Bundan sonra Sultanəli çubuğun bir tərəfini şamın oduna tutdu. Çubuq alışıb, çırthaçırt yanmağa başladı. Məsih Mirzə izlədiklərindən heç nə başa düşməyib bu işin axırını gözləyirdi…
– Yanır?
– Yanır.
– Niyə yanır? Bunun ki içərisində alov yox idi. Ancaq onu oda verən kimi alışdı və öz-özünə yanmağa başladı. Deməli, alovla aşinalıq onun bətnində idi, batində idi. Nə qədər ki, alova tutmamışdın, yanmayacaqdı.
– Batindəki həmişə alova çevrilir? – Məsih Mirzə sınayıcı nəzərlə Sultanəliyə baxdı.
– O baxır batinə və batindəki sirrin xüsusiyyətinə… Bizdən həmişə şübhələnirlər. Qorxurlar ki, hökmdar olmaq fikrinə düşərik. Sən də indi elə bu barədə düşünürdün. Lakin kimsə anlamaq istəmir ki, biz çoxdan hökmdarıq. Öz batini fikrimizin hökmdarı! Biz əbədi bir yolun yolçusuyuq, beş günlük şahlıq səviyyəsinə enmərik. Ona görə sizinlə bizim sövdamız baş tuta bilməz. Anam sizə «yox» cavabı verdi. Mən ondan başqa cavab gözləmirdim. Öz qardaşının qanına qəltan olunmasına razılıq verib sizinlə sövdələşməyə getsəydi, doğma anam olmasına belə baxmaz və ondan ömürlük inciyərdim.
Sultanəli bu sözləri deyib qapıya doğru getdi. Bu o demək idi ki, «dayı, mən səninlə söhbətimi qurtardım».
Məsih Mirzə də özünü itirib onunla bərabər qalxdı. Onun pərt vəziyyətə düşdüyünü hər kəs görmüşdü. Zarafat deyildi – o boyda kişi əl boyda uşaqla mübarizədə məğlub olmuşdu.
Məsih Mirzə nə edəcəyini bilmirdi. O, buraya hökmdar olmaq fikri ilə gəlmişdi, ləl-cəvahiratla bəzənən şahlıq tacını onun başına bacısı qoymalı idi, intəhası bacısı oğlu həmin tacı onun başına çırpmışdı.
Nəhayət, Məsih Mirzə özünü birtəhər ələ aldı, hücrədən çıxmaq üçün qapıya getdi. Lakin qapı-ya çatmamış dayanıb geri döndü və bacısına baxdı.
– Bacı, seçdiyim yolda sənə, sənin qohumlarına arxalanmaq istədim. Görünür qismət deyilmiş. Nə olar, özüm belimdəki bu qılıncla özümə yol açaram. Buna gücüm çatar. Ancaq siz də bundan sonra məndən inciməyin…
– Yenə də qılınc, yenə də qan… – deyə Aləmşahbəyim dilləndi. – Ey Tanrı, sən bu ana-bacıları niyə yaradırdın? Onların nə günahı var ki, gözlərindəki yaş qurumaq bilmir?!
***Həmin vaxtdan xeyli ötmüşdü. Nə Sultan Yaqubdan bir xəbər var idi, nə də Məsih Mirzədən.. Günlər isə bir-birindən üzücü keçib gedirdi…
Aləmşahbəyim gedib dəmir barmaqlıqlı pəncərənin qabağındakı güzgünü götürdü. Xırdaca, qızıl çərçivəli güzgü idi. Bunu əri vaxtı ilə rum tacirlərindan bir at qiymətinə almışdı. Əsil Venesiya güzgüsü idi. Güzgüdə Aləmşahbəyimin zənəxdanı10, soluxmuş ağ qızılgül ləçəklərini xatırladan dodaqları, düz və xırda burnu, badamı gözləri, nazik çatma qaşının üstündəki xal görünürdü. Qızılı saçlarına çatanda güzgünü bir az da yaxınlaşdırdı. Başında bir neçə tük ağarmışdı.
– Heydər qayıtdı, Səkinə, – Aləmşahbəyim qulluqçu qadına dedi.
– Nə dedin, atam-anam? – Səkinə bir şey başa düşməyib soruşdu.
– Deyirəm, Heydər qayıtdı…
– Necə qayıtdı?
– Saçımın ağı ilə qayıtdı gəldi Heydər…
***Hamı yatmışdı. Aləmşahbəyim oğlu İsmayılı bağrına basıb uzansa da, axşamdan bəri gözlərinə yuxu getməmişdi. Dar, ensiz pəncərədən Savalanın üstündə bir ulduz görünürdü. Elə parlaq, elə işıqlı ulduz idi ki…
Qapı döyüldü.
«Kim olar? Bu gecə vaxtı niyə gəliblər, nə istəyirlər görəsən? Yoxsa, yenə Məsih Mirzədir? Yox, o qapını ürəklə döyərdi. Bu kimdisə, aciz adama oxşayır». Aləmşahbəyim belə fikirləşib döşəyin altından ərinin xəncərini götürdü. Səkinə də qalxıb oturdu, qorxa-qorxa qapıya sarı baxdı. Heç kim dinməyə ürək eləmirdi. Qapı bir daha döyüləndə Sultanəli də yuxudan qalxdı. O da xəncərini götürdü. Sonra isə qapıya tərəf getmək istədi. Lakin Aləmşahbəyim həmişəki kimi özünü ona çatdırdı, əlinin hərəkəti ilə kənara itələdi.
Bu vaxt qapı yenə taqqıldadı. Aləmşahbəyim soruşdu:
– Kimdir?
– Xacə Bədrəddindir.
– Gecənin bu aləmi nə istəyirsən?
– Vacib söz var, çapar gəlmişdi.
– Səkinə! – Aləmşahbəyim çevrilib qulluqçu qadına səsləndi.
– Burdayam, atam-anam.
– Qoy geyinim, sonra aç görək bu qoca nə deyir.
Aləmşahbəyim bunu deyib geri qayıtdı, əynini geyindi, başına örpək atdı. Sonra da Səkinəyə səsləndi:
– Hə, aç.
Qapını açılanda qocanın əlində tutduğu tunc çırağın titrəyən işığı hücrədəkilərin üzünə düşdü. Qocanın da sarı saqqalı, kağız kimi nazik dərisi, göy gözləri işıqlandı.
– Nədir, nə olub?
– Deməyə dilim gəlmir.
Xacə belə deyib susdu.
Sultanəli onun üstünə təpindi.
– Qoca, bizi ələ salmısan? Nə sözün var, tez ol de. Əgər qanın artıqlıq eləyirsə, adam göndər zəli gətirsinlər. Yoxsa Şeyx Səfi nəslinin qılıncı müqəddəsdir, hər həşəratın qanına bulanmaz.
Anası kimi Sultanəlinin də bu qocadan zəhləsi gedirdi. Fikirləşirdi ki, xacəni onların söhbətlərinə qulaq asıb kimlərəsə xəbər aparmaq üçün burada saxlayırlar.
Qoca əllərini yerə basıb Sultanəlinin qarşısında başını yerə əydi, alnını xalçaya toxundurmaq istədi. Sultanəlinin cingiltili səsi eşidildi.
– Qalx və sözünü de.
Xacə qalxdı, dodaqaltı dua oxudu.
– Allah min rəhmət eləsin.
– Ürəyimizi üzmə, rəhmətə gedən kimdir?! – Bu dəfə Aləmşahbəyim acıqla dilləndi.
– Sultan Yaqub ömrünü sizə bağışlayıb. Özü də düz bir il qabaq.
– Bəs indi onun yerinə kim keçib?
Məsih Mirzəni aradan götürən Sultan Yaqub oğlu Bəysunqur.
– Aman Allah! Atamdan sonra üstümüzə gör necə bədbəxtliklər yağır! İki qardaş birdən getdi… – Aləmşahbəyim bunu deyib Səkinəni qucaqlayaraq ağlamağa başladı. Səkinə də ona qoşuldu.
Sultanəli ciddi bir ahənglə anasına dedi:
– Niyə ağlayırsan, kimə yas saxlayırsan?
Aləmşahbəyim bu dəfə oğlunu qucaqladı.
– Qorxuram, oğlum, qorxuram…
***Ertəsi gün Aləmşahbəyim özünə yeni paltar tikirdi. Əynindəki üzülmüşdü. Qara parçanı açıb biçəndə Sultanəli anasının üstünü kəsdi.
– Təzədən qara libasa bürünmək istəyirsən?
– Əynimdəki üzülüb, qadan alım.
– Yox, sən o qatilə görə bu qara libası dəyişirsən. Atamıza görə geydiyin üzülüb düşdü, indi onun qatilinə yas saxlayırsan? Bir yası qurtarıb, o birisini başlayırsan?
Aləmşahbəyim əldə dayanmayıb sürüşən, su kimi axan qara ipəyi bir tərəfə atdı. Qalxıb oğlunu qucaqladı, aparıb pəncərənin qabağında oturtdu. Özü də onun yanına əyləşdi. Sonra da Sultanəlinin başını sığalladı.
– Başa düş, oğlum, mən qara libası heç vaxt soyunası deyiləm. Mənim əynimə biçilən baxtıma da biçilib. Köhnəldikcə təzəsini tikəcəm. Ürəkdəki dərd-kədər, yas köhnəlmir, ona heç bir ipək parça dözməz.
Sultanəli anasının sözlərindan razı qalmadı. Qaş-qabağı hələ də yerlə gedirdi.
– Sən qara paltarı soyunmalısan!
– Niyə, ay oğul?
– Düşmənlərimizin gözü qabağında yaslı, dərdli görünə bilmərik. İkimiz də bilirik ki, taleyimiz onsuz da tükdən asılıdır. Bizi dar ağacına aparanda da gərək onlara dağ çəkək, gözdağı verək, əyilməyək, məzlum görünməyək. Atamın sözü yadındadı? Deyirdi bir il xırıldamaqdansa, bir göz qırpımında ölmək daha yaxşıdır.
Bu zaman İsmayıl da gəldi. Sultanəli ilə danışdıqlarını eşitməsin deyə anası onu uzaqlaşdırmaq istədi. Lakin Sultanəli qoymadı. Qardaşını çəkib yanında oturtdu. Bir müddət susdular. Aradakı səssizliyi pəncərədən bayıra baxan İsmayıl pozdu.
– Qardaş, bu pəncərədən düşüb qaça bilmərik?
– Yox, qardaş, mümkün deyil.
Elə həmin vaxt pəncərəyə əlvan bir kəpənək qondu. Ağ qanadların ortasında yumru narıncı xalın dövrəsinə qara haşiyə çəkilmişdi. Kəpənək paslı dəmirin üstünə qonsa da, o tərəf-bu tərəfə aşırdı. Mehin qarşısında düz, dik dayanmağa gücü yox idi. Nəhayət, uçub hücrəyə girdi. İsmayıl qaçıb onu tutdu. Ovcunu açanda əllərində gümüş tozuna oxşar toz vardı.
– Öldürmə, – deyə Sultanəli qardaşına səsləndi. – Hər canlı tumarlanmaq istəyər. Ancaq kəpənəklər elə zərifdirlər ki, hətta tumardan da ölə bilirlər.
– Öldürmərəm, saxlayacam.
– Onda sən də bizi buraya salanlar kimi insafsız olarsan.
– Kəpənəkdən də dustaq olar?
– Tutub saxlasan olar.
İsmayıl pəncərəyə yaxınlaşdı, ovcunu açdı, elə həmin anda kəpənək qanadlarını qoşaladı, açıb-yumdu, titrədi və uçdu. Oğlanın ovcunda isə onun tozu, yumşaqlığının təması və ürək kimi çırpınan zərif vücudunun istiliyi qaldı…
***Səkinə xalanın cürə sazı İsmayılı ovsunlamışdı. Tez-tez özünü qulluqçu qadının yanına verir, həvəslə saza qulaq asır, özü də saz çalmağı öyrənməyə çalışırdı. Səkinə ona dastanlar danışır, İsmayıl isə uzandıqca uzanan bu dastanları dinləməkdən doymaq bilmirdi. Bir dəfə dedi:
– Səkinə xala, «Ruhani» çaldınız ha, sonra sözlərini niyə demədiniz?
– Çünki o sözləri yazan şair batin əhli olub. Yanğısı da havada qalıb. Sözsüz də bəlli deyilmi?
– Elə bu havaların hamısı yanğılıdı.
İsmayıl belə deyincə, Səkinə sazı yenidən döşünə basıb mizrabı cəsarətlə simlərə vurdu. Hücrəni qüdrətli bir musiqinin ahəngi doldurdu. İsmayıla elə gəldi ki, daş divarlar da cingildədi, cana gəldi, sazın səsinə səs verdi. O, yerində otura bilmədi. Ayağa qalxdı. Elə bildi ki, boyu bir az da ucaldı, məğrurlaşdı. Bu hava onu heyran eləmişdi. Ürəyini dağa döndərmişdi.
Sultanəli də gəlib qardaşı ilə yanaşı dayandı. Balaca qardaş qeyri-ixtiyari sağ qolunu onun kürəyinə qoyub qucaqladı, sifətini onun qoluna söykəyərək iri, ağıllı gözlərini öz sehrli səsi ilə insanı ovsunlayan saza dikdi. O anda İsmayıla elə gəldi ki, qabaqda bir atlı çapır. Birdən atlının yolu üstünə alova bürünmüş köz dağı çıxdı. Bu dağ Savalana oxşayırdı. Atlı yolundan dönmədi, atını həmin dağın üstünə sürdü. At dördnala dağın başına qalxdı. Nallarından qucaq-qucaq çınqı tökülsə də, at alovda yanmırdı, əksinə, onun rənginə boyanmışdı, al rəngə çalırdı. Nəhayət, qabaq ayaqlarını yerə vurub dayandı. Zirvəyə çatmışdı. Atlı əmud keçirdiyi qolunu qaldırıb əlini qaşlarının üstünə qoydu. Buradan hər yer görünürdü – yamyaşıl düzənlər, sıra-sıra dağlar, burulğanlı çaylar…
Musiqi kəsildi.
– Bu havaya deyirlər: «Misri», – Səkinə xalanın səsi İsmayılı xəyal aləmindən ayıltdı.
– Çal, Səkinə xala, bir də çal, – İsmayıl dedi.
Saz yenə dilə gəldi. Və İsmayıl yenə fikrə getdi. Elə bil qayalardan, mamırların gözyaşından duru sular süzüldü, daş teştlərdən gur axınla tökülüb şəlalə oldu. Meşələr çiçək açdı. Quşlar min bir səslə oxumağa başladılar. Düzənlərdə yovşanlar yaşıl otlar arasında boz-bənövşəyi rəngə çaldılar. Sonra o yovşanların dibindən bənövşələr qalxdı. Ardınca da bənövşələrin qoxusu yovşan iyinə qarışdı. Yovşanların üstündən ceyran sürüləri ox kimi süzüb keçdi, kolluqlardakı torağayları hürküdüb uçurdular. Çox keçmədi ki, həmin torağayların nəğməsi zirvələrdə eşidildi. Firuzə rəngli dağların başında pambıqdan ağ buludlar topa-topa dayanmışdı. Torağayların səsi o buludları firuzə dağların başından ayırdı. Buludlardan ağ yağışlar yağmağa başladı. Həm də elə yağdı ki, güllərin, çiçəklərin ləçəklərini qoparıb bayaqkı şəlaləyə tökdü. Axırda da həmin ləçəklər suyun üzü ilə axmağa başladı.
– Bu havaya «Dübeyti» deyirlər, atam-anam… – Səkinə xala ifasını tamamlayıb dedi.
İsmayıl qardaşının qolundan tutdu.
– »Misri»ni eşitdin də?
– Eşitdim.
– Onunla dağı yıxmaq olar?
– Olar.
– Bu qalanı necə? – Bu sualdan sonra İsmayıl qardaşına elə baxdı ki, sanki bundan sonra hər şey Sultanəlinin cavabından asılı idi. Ancaq Sultanəli dinmədi. Araya dərin sükut çökdü. Bu sükutu haradansa gələn səslər pozdu. Sultanəli qulaq verdi. Sonra başını xalçanın üstünə qoyub diqqətlə qulaq asmağa başladı.
– Nə olub, – deyə sazın sehrli təsirindən qurtarmayan İsmayıl təəccüblə qardaşının hərəkətinə baxdı.
Sultanəli handan-hana yavaşcadan dilləndi:
– Yerin altından səs gəlir.
Bu cavaba İsmayıl təəccübləndi, Səkinə xala isə inanmaq istəmədi.
Ancaq, doğrudan da, yerin altından səs gəlirdi…
Sonuncu gün
Çay axdı, ada saldı,Coşdu sel, səda saldı.Allah bizi unutdu,Əzrayıl yada saldı.– Bunları kim qoşub, Səkinə xala?
– Nə bilim, atam-anam. El-elat, çoban-çoluq. Dərd kimdə olar? Hərə öz dərdini deyib, axırda olub bayatı…
Sultanəli hücrəyə girdi. Kəsik-kəsik nəfəs alırdı. Rəngi ağarmışdı. Çox həyəcanlı idi. Divara söykənib İsmayılla Səkinənin söhbətini dinləyən anasına dedi:
– Gəlirlər.
– Kim gəlir? – Aləmşahbəyim təlaşla soruşdu.
– Qalaya çox böyük dəstə qalxdı. Yəqin, bizi aparmağa gəlirlər.
İsmayıl qalxıb qardaşından soruşdu:
– Hara? Evimizə?
Sultanəli onunla açıq danışmaq istədi. Odur ki qardaşının qarşısında çöməldi.
– Evimizə yox, mənim balaca qardaşım. Deyəsən, axırımız çatıb. Kişi kimi mərd mərdanə dayan, ölüm ayağında belə özünü sındırmamaq nəslimizin adətidir. Onlara yalvarmaq yox, üzlərinə tüpürmək lazımdır.
Aləmşahbəyim quruyub qalmışdı. Dili söz tutar-tutmaz Səkinəyə dedi:
– Səkinə, mənim zümrüdqaşlı üzüyümü mücrüdən çıxar ver.
Sultanəli tərs-tərs anasına baxdı. Özünü saxlaya bilməyib dedi:
– Ölüm ayağında neynirsən bər-bəzəyi?
Aləmşahbəyim oğlunun sözünə fikir vermədi. Birdən Sultanəli anasının fikrini başa düşdü və daha heç nə demədi. Səkinə qorxu içində, titrəyə-titrəyə gedib mücrüdən zümrüdqaşlı üzüyü gətirdi. Aləmşahbəyim üzüyü barmağına keçirdi, sonra necə elədisə üzüyün qaşı qalxdı.
– Bunu nənəm Sara xatun bağışlayıb. Mənim üçün hər şeydən irəlidir. Səkinə, o birisiləri də gətir.
Lakin Səkinə yerindən tərpənmədi. Aləmşahbəyim bayaqkı sözlərini təkrarladı.
– Əlim gəlmir, atam-anam, – Səkinə dedi.
– Yerini de, özüm götürüm.
Bu zaman Səkinə gedib cürə sazı divardan götürdü.
Sonra isə sazın aşıqlarından11 birini çıxartdı. Aşığın içindən Səmərqənd kağızına bükülən kiçik həbləri götürdü. Bu həblərdən birini ağzına atmaq istəyəndə Aləmşahbəyim onun biləyindən tutub saxladı.
– Neynirsən?
– Bu günü görmək istəmirəm, atam-anam.
– Sənin günahın nədi, Səkinə, – Aləmşahbəyim belə deyib onu qucaqladı. – Əlbət mənim axırıncı xahişimi eşidəcəklər. Deyəcəyəm səni öz ellərinə göndərsinlər.
– Sizdən sonra bu dünyada yaşamaq istəmirəm, atam-anam.
İsmayıl mat-mat onlara baxır, nə baş verdiyini anlamağa çalışır, ancaq işin məğzini başa düşə bilmirdi. Axırda Sultanəlidən soruşdu:
– Nə olub?
Sultanəli onun qolundan tutub bir kənara çəkdi və dedi:
– İsmayıl, biz kişiyik, axıra qədər də özümüzü kişi kimi aparmalıyıq. Atamızın düşmənləri bizi aparmağa gəlib. Onlar, yəqin ki, bizi edam edəcəklər. Düşmənlərə boyun əyməməliyik. Son nəfəsimizdə belə üzlərinə tüpürməliyik. Atamız da belə kişi olub. – Sonra Sultanəli cibindən nəsə çıxarıb qardaşının ovcuna basdı. – Bu həbi qoy cibinə. Zəhərdi. Gördün ki, cəllad öz işini görməyə hazırlaşır, onda bu həbi udarsan.
Sultanəli sözünü bitirdikdən sonra üzünü döndərib arxasını çevirdi ki, kiçik qardaşı onun gözlərindəki yaşı görməsin.
Bayaqdan dinməyən İsmayıl, nəhayət ki, dilləndi:
– Sultanəli, atamız bu gələn adamlardan qorxurdu?
– Yox!
– Onda biz niyə qorxaq ki?
– Əhsən, qardaşım!
Aləmşahbəyim oğullarının söhbətini eşitmişdi, ona görə də özünü saxlaya bilmədi, qəşş eləyib yıxıldı. Səkinə qalxıb su gətirdi və onun sifətinə çilədi. Aləmşahbəyim gözlərini açanda başı üstündə Sultanəlini gördü.
– Sənə nə oldu, ana?
– Heç nə, oğlum, heç nə…
– Düşmənlərimiz bizi belə görsə, sevinər axı… Özünü ələ al!
Bu zaman qapının kilidi cingildədi. İçəridəkilərin gözləri qapıya dikilmişdi. Axır ki, qapı açıldı və içəri bir neçə nəfər daxil oldu. Ən öndəki ucaboy kişinin başında dilim-dilim qırmızı çalma vardı.
– Ana, qızılbaşlar! – deyə Sultanəli qışqırdı.
– Hüseyn Lələ?! – deyə Aləmşhabəyim də heyrət qarışıq sevinclə dilləndi.
Bəli, gələn Hüseyn Lələ idi. O, öncə Sultanəlini bağrına basdı. Lakin bu vaxt İsmayıl irəli yeriyib onu itələdi və qışqırdı:
– Burax qardaşımı, cəllad!
Hüseyn Lələ bəy dönüb təəccüblə İsmayıla baxdı. Sonra onu qucağına götürüb başı üstünə qaldırdı.
– İsmayıl, gözümün işığı, maşallah, necə də böyümüsən!
– Sən bizi öldürməyə aparırsan? – İsmayıl dedi.
Hüseyn Lələ onu özünə daha bərk sıxdı və gözlərinin yaşını gizlətməyə çalışdı. Sultanəli dedi:
– İsmayıl, Hüseyn Lələ atamızın dostu, bizim də lələmizdir12. O bizi xilas etməyə gəlib.
Hüseyn Lələ bəy İsmayılı yerə qoyub Aləmşahbəyimə ehtiramla baş əydi.
– Bacı, bu günə çox şükür!
Aləmşahbəyim yaşmaq çəkdi, başını aşağı əydi və soruşdu:
– Bizi bir hali elə görək axırımız necə olacaq?
– Hər şey yaxşıdı. Qızılbaşlar Rüstəm Mirzəni13 taxta çıxartdılar. O da fərman verib sizi azad elədi. İndi gəlmişik sizi Təbrizə aparaq.
– Təbrizə niyə? Ərdəbilə getsək başımız daha salamat olar.
– Rüstəm Mirzə uşaqları Təbrizdə təntənə ilə qarşılamaq istəyir. Oradan da Ərdəbilə yola düşəcəyik.
– Əmim oğlu Rüstəm qardaşımdan da zalımdı. Birdən bizə oyun oynayar.
– Heç nə olmaz. Onun bütün ixtiyarı qızılbaşların əlindədir. Qızılbaşlar isə imkan verməz ki, sizin başınızdan bir tük əskik olsun.
Təbrizdə
Şeyx Heydərin övladlarını böyük mürid dəstəsi əhatə eləmişdi. Dəstəyə isə Hüseyn Lələ bəy rəhbərlik edirdi.
Sultanəli ata minmiş, başına qızılbaş çalması qoymuşdu. Bu çalmanı neçə illərdir Hüseyn Lələ bəy özündə saxlayırdı. Dostu Heydərin çalması idi. İndiyədək də dostunun oğlu üçün qoruyub saxlamışdı. İsmayıl isə Hüseyn Lələ bəyin atının tərkində oturmuşdu. Xeyli getdikdən sonra dayanıb düşərgə salanda İsmayıl qaçmaq, dağlara dırmaşmaq, ağaclara çıxmaq, düzənlərdə yüyürmək istədi. Lələ isə oğlanı bir an belə gözündən qoymadı. O bilirdi ki, uşaqlığını zindanda, dörd divar arasında keçirən İsmayıl indi azadlığı dadmaq istəyir. Odur ki oğlana mane olmaq istəmir, bununla belə, başına nəsə gələcəyindən qorxurdu.
Növbəti düşərgədə isə Sultanəli gözlənilmədən Hüseyn Lələ bəyə dedi:
– Lələ, mən Rüstəm Mirzə ilə görüşmək istəmirəm.
– Niyə?
– Səbəbini özün bilirsən. Mən babam Həsən padşahdan başqa heç bir Ağqoyunlu hökmdarına hörmət eləmirəm. Onlar hamısı mənim qan qohumum olmaqla bərabər, həm də qan düşmənlərimdir.
Lələ əlini onun çiyninə qoydu.
– Sən ağıllı oğlansan. Atandan sonra Səfəviyyə təriqətinin başçısısan. Ona görə də unutma: bu gündən düşmənlə də dost kimi danışmağı bacarmalısan.
– Axı mən hələ təriqət başçısı olmağa hazır deyiləm.
– Sən Ərdəbilə qayıdandan sonra müridlər hər yerdən axışıb gələcək. İndi Təbrizə də qohum kimi yox, təriqət başçısı kimi gedirsən. Orada öz şərtlərini irəli sürərsən.
– Hansı şərtləri?
– Ən əsas şərt odur ki sən Ərdəbilin Ağqoyunlu paytaxtından asılılığına son qoymalısan.
– Rüstəm Mirzə bu şərtimlə razılaşacaqmı?
– Razılaşacaq. Müqaviləni imzalamışıq.
– Deməli, Ərdəbil Ağqoyunludan ayrılacaq? – deyə Sultanəli təəccüblə soruşdu.
– Bəli. Ölkə qan içindədir. Gündə minlərlə günah işlənir. Təriqətimiz özünün pak, təmiz başçısını və paytaxtını əldə eləməsə, yenə də Ağqoyunlulardan asılı qalsa, onda heç nəyə nail ola bilməyəcəyik.
– Lələ, sən atamızın dostusan. Ən çətin gündə köməyimizə gəlmisən. Sənin hər sözün bizim üçün qanundur. Necə deyirsən, qoy elə də olsun.
***Yolçular Təbrizin gündoğan qapısına çatanda bütün şəhər əhli pişvaza çıxmışdı. Yolların kənarı, qala divarlarının üstü adamla dolu idi.
İsmayıl təəccüblə soruşdu.
– Lələ, bu qədər adam olar?
– Olurmuş, qardaşoğlu…
– Lələ, o adamlar niyə elə sallanıblar? Şəbeh çıxardırlar?
Qala qapısından bir neçə cəsəd asılmışdı və havada yellənirdi.
– Onlar yox, onları bu günə salanlar şəbeh çıxardır.
Hüseyn Lələ bəy bu cavabı verdikdən sonra ürəyində dedi: «Bu, Əbih Sultanın işidir. Kimdən xoşu gəlmirsə bir bəhanə tapıb asdırır. Cəsədləri də bilərəkdən götürməyib. Şeyx Heydər övladlarını belə qarşılayarlar? Yəqin, bizi qorxutmaq istəyir, indidən bizə buynuz göstərir. Nə olar, biz də neyləyəcəyimizi bilirik».
İsmayıl isə sualı sual dalınca yağdırırdı. Lələ bir yandan sualları cavablandırıb, o biri yandan da diqqət edirdi ki, nə Rüstəm Mirzə, nə də Əbih Sultan qonaqları qarşılamağa çıxmayıb. Ağlına pis fikirlər gəldi. Ona görə də qərarını dəyişdi. Yanındakılara səsləndi:
– Dayanın!
Lələnin əmrindən sonra hamısı dayandı.
– Digər darvazaya doğru dönün!
Bundan sonra yolçular yollarını dəyişdilər. Bürclər, divarlar İsmayıla Təbrizi görməyə mane olurdu.
– Lələ, Təbrizə niyə girmirik? – O soruşdu.
– İsmayıl, səni padşah qarşılamalıdır. Görünür, o bizi digər qapıda gözləyir.
Şəhərin digər darvazası qarşısında adam daha çox idi. Ancaq buradan da cəsədlər asılmışdı. Üstəlik, Hüseyn Lələ bəy həmin darvaza önündə də onları qarşılamağa saraydan kimsənin gəlmədiyini gördü və pərt oldu.
– Burada təpənin üstündə çadır qurun. Qalan müridlər silahlarına qurşanıb təpəni dövrəyə alsın. Şeyx Heydərin uşaqları Rüstəm Mirzənin ayağına getməyəcək. Rüstəm Mirzə onların ayağına gələcək!
Beləliklə, təpənin üstündə ağ çadır quruldu. Aləmşahbəyimlə Səkinə çadıra keçib oturdular. Sultanəli ilə qardaşları İbrahim və İsmayıl isə lələnin yanında dayanıb Təbrizə baxırdılar. Buradan baxanda şəhərin içərisində uca minarəli məscid görünürdü. Onun kaşıları firuzə rəngində idi və bir neçə yerdə, sanki bir güzgü kimi günəş işığını əks eləyirdi.