İlk nəsr kitabını oxuculara təqdim edən Aləm Kəngərli gənc deyil, 60 yaşı var. Fizika müəllimi olsa da, uzun müddət müxtəlif istehsalat sahələrində çalışsa da, ədəbiyyata orta məktəb illərindən başlanan marağı itməyib; mətbuatda ara-sıra şeir, hekayə və publisist yazıları çap olunub.
Ədəbiyyata ötən əsrin 80-ci illərində gəlmiş və tanınmağa başlamışdır. O, eyni zamanda, ölkədə gedən ictimai-siyasi proseslərdən də kənarda qalmamışdır. Milli müstəqillik, torpaqlarımızın qorunması uğrunda gedən mübarizələrin fəallarından biri olmuşdur.
Mətbuata verdiyi müsahibələrdən görünür ki, Aləmin ilk kitabını nəşr etdirməyə tələsməməsi daha çox onun ədəbiyyata, kitaba məsuliyyətli münasibətindən qaynaqlanır.
“Naməlum adam” adlandırdığı kitabı vərəqləyəndə öncə onu hiss elədim ki, bu yazıların müəllifi nəsrə jurnalistikadan gəlib, hekayələrinin dili daha çox publisistik üsluba yaxındır. Lakin kitabda publisistikanın özəlliklərindən doğan başqa bir cəhət, yəni cəmiyyətin bütün mürəkkəb mənzərəsini dərindən öyrənmək imkanı da açıq müşahidə edilir..
Jurnalist gözü ilə baxanda insan talelərində, yaşadığımız həyatda nə qədər tükənməz mövzu, süjet və problem olduğu daha aydın görünür.
Aləmin mövzuları da ətrafımızda cərəyan edən və müşahidə etdiyimiz olaylardır. Qəhrəmanları hər gün yolda-izdə, iş yerlərimizdə, dükanda-bazarda rastlaşdığımız adamlardır: sadə, kasıb, qayğısı başından aşan qonşu, iş yoldaşı, övladlarını böyüdüb ev-eşik sahibi etmək istəyən ata-ana, öz gənclik həyatını yaşayan, sevən-sevilən gənclər və sair.
Onların arasında vəzifə sahibləri, zənginlər, dilənçilər, oğrular, bir tikə çörək dalınca gedib ailəsindən həmişəlik uzaq düşən tərki-vətənlər, hətta gələcəyin robotları da var. Aləm hekayələrinin mövzusunu başqalarının diqqətini cəlb etməyən, sıradan, solğun görünən hadisələrdən alaraq, heç bir bəzək vurmadan oxucularına təqdim edir. Yan-yana düzüləndə bu olaylar hər gün içində olduğumuz həyatımızın mənzərəsini yaradır.
Bu mənzərənin ağ rəngi ilə qara rəngi, yaxşılığı ilə pisliyi, sevinci ilə kədəri, düzlüyü ilə əyriliyi iç içədir; bu mənzərənin qarışıqlığında xalqın ruhunu əzən, mənəvi dəyərləri yıpradan, şəxsiyyəti sarsıdan sosial ədalətsizlik və yaramaz yönətiçilik, cəmiyyətin canında rişələnən rüşvət və korrupsiya xərçəngi – bir sözlə çağımızın bütün ziddiyyətləri görünür.
Məsələn, adicə qocalıq təqaüdü üçün idarələrdən arayışlar toplayan və qanuni haqqı olan sənədi heç yerdə rüşvətsiz ala bilməyən Cəfərxan kişi, rüşvət verə-verə gəlib parkda dilənçilərin arasına düşür; axırıncı qəpiklərini də onlara verir. Ondan sonuncu idarədə də rüşvət istəsələr, artıq o özü də dilənməyə məcbur olacaq. “Dilənçi” adlanan bu hekayə cəmiyyətimizin bəlası və faciəsi haqqındadır. Küçədə dilənçi, böyüklü-kiçikli bütün idarələrin məmurları dilənçi… Bu mühit sonda hekayənin qəhrəmanını da dilənçi vəziyyətinə salır.
İnsan və cəmiyyət, insan və ictimai mühit arasındakı bu ziddiyyətlər Aləmin bir sıra hekayəsinin əsas mövzusunu təşkil edir və oxucunu mübarizəyə və bu tipli bəlalarla barışmamağa səsləyir.
“Naməlum adam” povesti dil və üslub baxımından hekayələrdən yaxşı mənada fərqlənir və Aləmin detektiv janrında yazmaq qabiliyyətini nümayiş etdirir.
Povestdə müəllifin bir sıra hekayələrinə mövzu olan ictimai bəlalar və mənəvi düşkünlükdən fərqli olaraq – dostluq, etibar, nümunəvi ailə münasibətləri, gözəl insanlar ön plandadır.
Belə yazılarında müəllif ən sadə həyat hadisələrini əxlaq və mənəvi dəyərlər baxımından fərqləndirməyi və öz nəsr əsərlərinin mövzusuna çevirməyi bacarır.
Lakin məncə, gələcək yazılarında Aləm seçdiyi süjetləri, mövzunu bədii mətnə çevirərkən qəhrəmanlarının həyatlarında baş verənlərə həm də onların ürəklərində və psixologiyasında baş verənləri əlavə etməli və səthilikdən qaçmalıdır.
Bədii əsər yaratmağın başqa yolu yoxdur.
Kitabda müəllifin realist hekayələrlə yanaşı dedektiv və fantastik yazıları da yer almışdır. Bu baxımdan robotlar haqqında hekayə maraqlıdır.
İlk kitabı Aləmin bundan sonra yazılarının bədii keyfiyyətinə daha diqqətlə yanaşacağına və zəngin həyat təcrübəsini yeni maraqlı əsərlərə çevirəcəyinə inam doğurur.
Sabir Rüstəmxanlı
все жанры