
Полная версия:
Dədə Qorqud dastanları
***
Bu yanda isə Şöklü Məliyin keyfi kök idi, kafirlərlə yeyib-içib şənlənirdi. Üzünü öz döyüşçülərinə tutub dedi:– gərək Qazan xanın qadınını bura gətizdirdib şərab payladaq, keyfimiz kökəlsin.
Boyu uzun Burla bunu eşitdi, ürəyinə-canına od düşdü. Qırx incə belli qızın içinə girib, öyüd-nəsihət verdi, dedi: “Qazan bəyin xatunu hansınızdı?”– deyə kimə yapışarlarsa, qırx yerdən səs verərsiz”.
Şöklü Məlikdən adam gəldi: “Qazan bəyin xatunu kimdir?”– deyə soruşdu. Qırx yerdən səs gəldi. Mən, mən…
Bu hadisəni kafirə xəbər verdilər: “Birinə yapışdıq, qırx yerdən avaz gəldi. Bilmədik, hansıdır”, – dedilər.
Kafir dedi: – ”Ədə, gedin Qazanın oğlu Uruzu dartıb çəngəldən asın. Ağ ətindən qıyma-qıyma çəkin; qara qovurma bişirib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil. Hər kim ki, yemədi, odur. Götürün-gəlin!”
Boyu uzun Burla xatun oğlunun yanına gəldi. Çağırıb oğluna söylədi:
–Kafirlər fikirlərini dəyişiblər; deyiblər ki, Qazan oğlu Uruzu həbsdən çıxarıb, boğazından asın. İki kürəyindən çəngələ sancın, qıyma-qıyma ağ ətindən kəsin. Qara qovurma edib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil. Hər kim yemədi, o, Qazanın xatunudur; çəkin-gətirin, döşəyimizə salaq, şərab paylatdıraq! “Sənin ətindən, ay oğul, yeyimmi? Yoxsa iyrənc dinli kafirin döşəyinə girim? Ağan Qazanın namusunu tapdayım? Neyləyim, ay oğul?!”
Uruz dedi:
“Ağzın qurusun, ana! Dilin çürüsün, ana! “Ana haqqı–Tanrı haqqı” deyilməsəydi, qalxıb yerimdən durardım, ağ üzünü qara yerə çırpardım. Can şirinliyini sənə göstərərdim. Bu nə sözdür? Heç vaxt, xanım ana! Mənim üzərimə gəlməyəsən! Mənim üçün ağlamayasan! Qoy məni, çəngələ sancsınlar! Qoy ətimdən şişə çəksinlər, qara qovurma edib, qırx bəy qızının önünə aparsınlar. Onlar bir yeyəndə, sən iki dəfə ye! Kafirlər duymasınlar. Səni tanımasınlar. Təki murdar dinli kafirin qarşısında alçalmayasan, atam Qazanın namusunu sındırmayasan.”
Oğlan belə deyəndə, anasının gözünün yaşı gildir-gildir axdı. Payız alması kimi al yanağını yırtdı-dağıtdı. Qara saçını yoldu. “Oğul!”, “Oğul!” deyib zar-zar ağladı.
Bunu görən Uruz dedi: – Xanım ana, niyə belə ağlayıb, sızlayırsan, keçmiş günlərimi yadıma salırsan? Təki sən sağ ol, atam sağ olsun, mənim kimi oğullar Oğuzda çoxdur, yenə də olacaq.
Belə dedikdə anası dözə bilmədi, gedib, qırx incə belli qızın arasına girdi.
Kafirlər Uruzu tutub ağacın yanına gətirdilər. Uruz dedi:– “Ay kafir, amandır, Tanrının birliyinə şübhə yoxdur! Qoyun bu ağacla danışım, dərdləşim. Kafir də icazə verir. Uruz son dəfə dərdini ağaca deyir, ürəyini boşaldır.
Bu zaman Salur Qazanla Qaraca çoban çaparaq yetir. Çobanın sapandının daşlığı üç illik dana dərisindən, sapandının qolları isə üç keçi tükündən düzəlmişdi. Sapandın çatısı bir keçi tükündən idi. Hər atanda on iki batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə düşsə də, toz kimi sovrular, kül kimi ovulardı. Üç ilədək daşının düşdüyü yerin otu bitməzdi. Bayırda kök qoyun da, arıq toğlu da qalsaydı, sapandın qorxusundan qurd gəlib yeməzdi.
Qaraca çoban çatan kimi sapandını işə saldı. Dünya-aləm kafirin gözündə qaraldı. Qazan dedi:– “Qaraca çoban, qoy anamı kafirdən istəyim, at ayağı altında qalmasın”. Qazan üzünü Şöklü Məliyə tutub:– bütün igidlərimi, qız-gəlinlərimi, var-dövlətimi sənə verirəm, amma anamı ver, çıxıb gedim. Döyüş olmasın.
Kafir bu sözə gülüb Qazanla əylənməyə başladı.
Bu vaxt Qalın Oğuz bəyləri gəlib yetişdi.
Bir tərəfdən acığı tutanda qara daşı kül eyləyən, bığını boynu dalında yeddi dəfə düyünləyən, igidlər igidi, Qazan bəyin qardaşı Qaragünə, bir tərəfdən altmış tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən Qıyan Səlcuq oğlu Dəli Dondaz, bir tərəfdən altmış min kafirə qan qusduran, ağ-boz atının yalı üzərində qar yığılan Qəflət Qoca oğlu Şir Şəmsəddin, Qazan bəyin silahdaşı, Boz ayğırlı Beyrək, bir tərəfdən altı erkək dərisindən papağı qulağını örtməyən, qolu-budu uzunca, baldırları incə Qazan bəyin dayısı At ağızlı Aruz qoca çaparaq yetişdilər: “Çal qılıncını, ağam Qazan, çatdım!” – dedilər.
Sayılmaqla oğuz bəyləri tükənməz. Hamı yetişdi. Kafirin üzərinə at saldırdılar, qılınc çaldılar. Gumbur-gumbur nağaralar döyüldü. Burması qızıl tunc borular çalındı.
O gün cəsur, ər igidlər bəlli oldu. O gün bir qiyamət savaş oldu, meydan dolu baş oldu.
Qazan bəyin qardaşı kafirin bayrağını qılınclayıb yerə saldı. Dərələrdə, təpələrdə kafirlərə qırğın düşdü, leşlərinə quzğun toplaşdı. On iki min kafir qılıncdan keçdi. Oğuz igidlərindən beş yüzü həlak oldu. Qazan bəy qaçanı qovmadı, “aman” deyəni öldürmədi. Qalın Oğuz bəyləri böyük qənimət əldə etdilər.
Qazan bəy öz ordusunu, arvad-uşağını, xəzinəsini geri aldı, qızıl taxtında geri döndü. Yenə evlərini tikdirdi. Qaraca çobanı əmiraxur etdi. Yeddi gün, yeddi gecə yemək-içmək oldu. Qırx nəfər qulu, qırx kənizi oğlu Uruza görə azad elədi. Cəsur qoç igidlərə çoxlu torpaqlar və şalvar, çuxa, arxalıq verdi.
Dədəm Qorqud gəlib boy boyladı, soy soyladı.
Hanı dediyim bəy ərənlər?
Dünya mənimdir deyənlər?
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!
III Boy
3. BAYBÖRƏNİN OĞLU BAMSI BEYRƏK BOYU
Min yerdə ipək xalça döşənmişdi. İç Oğuzun, Daş Oğuzun bəyləri Bayındır xanın söhbətinə toplaşmışdı. Bayındır xanın qarşısında Qarabudaq, sağ yanında Uruz durmuşdu. Sol yanında isə Yeynək bəy durmuşdu. Baybörə bəy bunları gördükdə ah çəkdi.
Bunu görən Qalın Oğuzun arxası, Bayındır xanın kürəkəni Salur Qazan Baybörə bəyin üzünə qıyqacı baxaraq dedi:
– Baybörə bəy, niyə belə qəmginsən?
– Qazan xan, necə qəmgin olmayım, zarımayım? Nə oğlum var dayağım olsun, nə də qardaşım. Allah-taala məni qarğayıbdır… Bəylər, taxtım-tacım üçün fikir edirəm. Bir gün ölsəm, yerimdə-yurdumda kimsə qalmayacaq.
Qazan dedi:
–Arzun elə budurmu, Baybörə bəy?
– Bəli, budur. Mən də istəyirəm, oğlum olsun, Bayındır xanın xidmətində durub, qulluq eləsin, mən də baxıb fərəhlənim…”
Belə dedikdə Qalın Oğuz bəyləri göyə üz tutdular. Əl qaldırıb dua elədilər. “Allah-taala sənə bir oğul versin!” – dedilər.
O zamanlar bəylərin alqışı alqış, qarğışı qarğış idi. Duaları yerini tuturdu. Baybican bəy də yerindən durub dedi: “Bəylər, mənimçün də bir dua eləyin. Allah-taala mənə də bir qız versin”.
Qalın Oğuz bəyləri əl qaldırdılar, dua elədilər: “Allah-taala sənə də bir qız versin”.
Baybican bəy dedi ki, bəylər, siz şahid, Allah-taala mənə bir qız verərsə, Baybörə bəyin oğluna göbəkkəsmə adaxlı olsun!”
Bunun üstündən bir müddət keçdi. Allah Baybörə bəyə bir oğul, Baybican bəyə bir qız verdi. Qalın oğuz bəyləri bunu eşitdilər, çox sevindilər.
***
Baybörə bəy tacirləri çağırıb dedi: “Ay tacirlər, Allah mənə bir oğul verdi. Rum elinə gedin, oğlum böyüyüncə ona yaxşı hədiyyələr gətirin!”
Tacirlər gecə-gündüz yol getdilər. İstanbula gəldilər. Danışıq aparıb yaxşı hədiyyələr aldılar. Qayıtmaq üçün yol hazırlığı gördülər.
Artıq Baybörənin oğlu böyümüşdü. Atası onu “Bamsı” deyə əzizləyirdi. O zamanlar bir oğlan baş kəsməsə, qan tökməsəydi, ona ad qoyulmazdı. Baybörə bəyin də oğlu atlandı, ova çıxdı.
Bu yandan da tacirlər gəlib Böyük Dərbənd sərhəddində dayanmışdılar. Evnik qalasının kafirləri, tacirlər yatarkən qəflətən hücum edib onların mallarını çaldılar-çapdılar. Tacirbaşı tutuldu, tacirlərdən biri qaçaraq Oğuz diyarına gəldi. Gördü ki, Oğuz yurdunda hündür alaçıq qurulmuş; bir yaraşıqlı igid də sağında və solunda qırx igidlə oturmuşdur. Tacir fikirləşdi: “Oğuzun yaxşı igidlərindəndir, gedim kömək istəyim”. Tacir dedi: “İgid, igid, bəy igid! On altı ildir ki, Oğuzların içindən getmişdik. Danışıq-razılıqla kafirin malını alıb oğuz bəylərinə gətirirdik. Böyük Dərbəndin Pasnik qalası yanında yatmışdıq. Evnik qalasının beş yüz kafiri bizə hücum etdi. Qardaşım dustaq oldu. Malımızı, azuqəmizi çalıb-çapıb getdilər. Başına dönüm, igid, mənə kömək et!”
Bamsı dedi:
– Hey! Məni sevən igidlər atlansınlar!”
Tacir də qabaqlarına düşdü, bələdçi oldu.
Kafirlər də bir yerə çəkilib, pul bölüşdürməkdəydi. Bu vaxt igidlər meydanının aslanı, pəhləvanların qaplanı Bozatlı oğlan özünü yetirdi. Nə bir dedi, nə iki, kafirləri qılıncladı. Baş qaldıranları öldürdü, cəzasına çatdırdı. Tacirlərin malını xilas etdi.
Tacirlər dedilər: “Bəy igid, sən mərdlik göstərib bizi xilas etdin. İndi gəl, bəyəndiyin malı götür!” İgidin gözü bir dəniz qulunu boz ayğırı tutdu, bir də altı pərli gürzlə dəstəyi ağ tozlu yayı. Bu üç şeyi bəyəndi igid. Onları istəyəndə tacirlər pərt oldular.
İgid dedi: “Ay tacirlər, çoxmu istədim?!” Tacirlər dedilər: “Yox, çox deyil, amma bizim bəyimizin bir oğlu var, bu üç şeyi ona aparmalıyıq”.
Oğlan dedi: “Ədə, bəyinizin oğlu kimdir?”
– Baybörənin oğlu var, adına Bamsı deyirlər”.
İgid barmağını daşləyib fikirləşdi: –Burada minnətlə almaqdansa, atamın yanında minnətsiz almaq yaxşıdır! Heç nə demədən atını qamçılayıb, yola düşdü.
Tacirlər bu işə çox təəccübləndilər.
Atası tacirlərin gəlməsindən xəbər tutdu, sevindi. Çətirli çadır, uca alaçıq qurdurdu. Yerə ipək xalçalar saldı. Oğlunu sağ yanında əyləşdirdi. Oğlan tacirlər barədə bircə söz də söyləmədi.
Gözlənilmədən tacirlər gəldilər. Baş endirib, salam verdilər. Gördülər ki, onlara kömək edən igid Baybörə bəyin sağında oturub. Tacirlər yanaşıb igidin əlindən öpdülər.
Bunlar belə etdikdə Baybörə bəyin acığı tutdu. Dedi: –Ədə, əbləh oğlu əbləhlər! Ata dura-dura oğulunmu əlini öpərlər? Tacirlər sualla cavab verdilər: Xan, bu igid sənin oğlundurmu?
– Bəli mənim oğlumdur!
– Əvvəlcə onun əlindən öpdüyümüzdən incimə, xan. Əgər sənin oğlun olmasaydı, bizim malımız Gürcüstanda əldən getmişdi. Hamımız dustaq olmuşduq.
– Ədə, mənim oğlum igidlikmi göstərdi?
– Bəli, qoçaqlıq etdi, atdan adam saldı!
Baybörə qürrələndi, sevindi və sonra dedi: Bu oğlan ad qoyma həddinə çatıbmı?
Tacirlər dedilər:– Bəli, sultanım, ondan da artıqdır!
Baybörə bəy Qalın Oğuz bəylərini çağırdı, qonaqlıq verdi. Dədəm Qorqud gəldi, oğlana ad qoydu. Dedi:
– Baybörə bəy! Allah-taala sənə bir oğul vermişdir, əlində qalsın! Ağır bayraq götürəndə müsəlmanlara arxa olsun! Qarşı yatan uca qarlı dağlardan aşarsa, Tanrı sənin oğluna keçid versin! Sən oğlunu “Bamsım” deyə oxşayırsan: onun adı Boz ayğırlı Bamsı Beyrək olsun! Adını mən dedim, yaşını Allah versin!”
Qalın Oğuz bəyləri əl götürüb dua etdilər. “Bu ad bu gün igid üçün uğurlu olsun!” – dedilər.
***
Bəylər Beyrəyin şərəfinə ova hazırlaşdılar. Beyrək boz ayğırını çəkdirib mindi. Böyük qoşun Ala dağa ova çıxdı. Birdən oğuz bəylərinin üzərinə bir sürü keyik gəldi. Bamsı Beyrək birini qovub getdi. Qova-qova bir yerə gəlib çıxdı. Nə görsə yaxşıdır?! Gördü ki, göy çəmənlikdə bir qırmızı çadır qurulmuşdur. “Görəsən, bu otaq kimindir?!” – deyə fikirləşdi. Xəbəri yox idi ki, alacağı ala gözlü qızın otağıdır. Bu otağa sarı getməyə utandı. Sonra dedi: – “Nə olursa-olsun, hər halda, mən ovumu tutmalıyam!” Gəlib çadırın önünə çatdı, keyiki qıcıqlandırdı. Baxdı gördü ki, bu otaq onun göbəkkəsmə nişanlısı Banıçiçəyin otağıymış.
Banıçiçək otaqdan baxırdı. Dedi:– “Ay dayələr, bu əbləh oğlu əbləh bizə gücünümü göstərir? Gedin ondan bir pay diləyin, görün nə deyir?” Qısırca yengə deyilən bir qadın vardı. İrəli gedib pay istədi.
Beyrək dedi: “Ay dayə, mən ovçu deyiləm, hamınızın bəyinin oğluyam. Amma soruşmaq eyib olmasın, bu otaq kimindir?” Qısırca yengə dedi:– “İgid bəyim, bu otaq Baybican bəyin qızı Banıçiçəyindir”.
Xanım bunu deyəndə Beyrəyin qanı qaynadı. Ədəblə yavaş-yavaş geri döndü. Qızlar keyiki götürüb gözəllər şahı Banıçiçəyin önünə gətirdilər. Banıçiçək baxdı gördü ki, bu bir sultana layiq, kök sığın-keyikdir. Banıçiçək dedi: “Ay qızlar, bu igid necə igiddir?” Qızlar dedilər:– “Vallah sultanım, bu igid üzü örtüklü yaxşı igiddir. Bəy oğlu bəydir.”
Banıçiçək dedi:– “Hey, dayələr, atam həmişə mənə səni üzü niqablı Beyrəyə vermişəm, deyərdi. Olmaya, bu, odur? Çağırın, bir xəbərləşim”.
Çağırdılar, Beyrək gəldi. Banıçiçək yaşmaqlanıb, soruşdu:
– İgid, hardan gəlirsən?
–İç Oğuzdan!
–İç Oğuzdan kimin nəyisən?
–Baybörə bəy oğlu Bamsı Beyrək dedikləri mənəm.
–Bəs nə məqsədlə gəlmisən, igid?
–Baybican bəyin bir qızı var, onu görməyə gəldim!
–O elə qız deyil ki, sənə görünə! Amma mən Banıçiçəyin dayəsiyəm. Gəl indi səninlə ova çıxaq. Əgər sənin atın mənim atımı keçsə, onun atını da keçər. Həm də ox ataq. Məni keçsən, onu da keçərsən; həmçinin səninlə güləşək. Məni bassan, onu da basmış olarsan.
– Yaxşı, indi atlanın!
İkisi də atlanıb meydana çıxdılar. At sürdülər. Beyrəyin atı qızın atını keçdi. Ox atdılar. Beyrəyin oxu qızın oxunu ötdü.
Qız dedi: – Ay igid, heç kimin atı mənim atımı, kimsə-nin oxu mənim oxumu keçməyib. İndi gəl səninlə qurşaq tutaq!
Beyrək dərhal atdan endi. Güləşməyə başladılar; iki pəhləvan kimi bir-birinə sarmaşdılar. Gah Beyrək qızı, gah da qız Beyrəyi yerə vurmaq istəyir. Beyrək sarsıldı, fikirləşdi: -Bu qıza basılsam, Qalın Oğuz içində başıma qaxınc, üzümə rişxənd olacaq. Qeyrətə gəldi. Qamarlayıb qızın incə belini ələ keçirdi, fırladıb arxası üstə yerə vurdu. Qız dedi:– İgid, Baybicanın qızı Banıçiçək mənəm!
Beyrək barmağından qızıl üzüyü çıxardı, qızın barmağına keçirdi: “Bu üzük aramızda nişan olsun, xan qızı!”–dedi.
Beyrək qızdan ayrılıb, evlərinə gəldi. Ağ saqqallı atası soruşdu ki, oğul, bu gün Oğuz yurdunda nə gördün, nə eşitdin? Beyrək cavab verdi:– Nə görəcəkdim, oğlu olan evləndirmiş, qızı olan köçürmüşdür…
– Oğul, yoxsa səni evləndirmək lazımdır?
– Bəli, ağsaqqallı əziz ata, evləndirmək lazımdır.
– Oğuzda kimin qızını alım sənə?
– Ata, mənə bir qız alıb ver ki, mən yerimdən durmadan o durmuş olsun! Mən atıma minmədən o minmiş olsun! Mən döyüşə getməmiş o mənə baş gətirsin! Ata, mənə belə bir qız al!
– Oğul, sən qız yox, özünə bir yoldaş-silahdaş istəyirsənmiş. Oğul, bəlkə, istədiyin qız Baybican bəyin qızı Banıçiçəkdir?
– Bəli, ağsaqqallı əziz ata, mənim istədiyim elə odur.
– Ay oğul, Banıçiçəyin bir dəli qardaşı vardır, adına Dəli Qarcar deyirlər. Qızı istəyəni öldürür.
– Yaxşı, bəs nə edək?
– Oğul, Qalın Oğuz bəylərini evimizə dəvət edək. Necə məsləhət görərlərsə, ona uyğun da iş görərik.
Baybörə bəy belə də etdi. Oğuz bəyləri də qərara gəldilər ki, Banıçiçəyi istəməyə yalnız Dədəm Qorqud gedə bilər. Dədə Qorqud da bu işə razı oldu.
***
Dədə Qorqud dedi, dostlar madam ki, məni göndərirsiniz, barı Bayındır xanın tövləsindən iki şahanə yüyrək at gətirin. Bir Keçi başlı Keçər ayğır, bir də Toğlu başlı Duru ayğır, verin mənə. Birdən qaç-qov olarsa, birisini minim, o birisini yedəkləyim.
Dədə Qorqudun sözü bəylərin ağlına batdı. Getdilər, Bayındır xanın tövləsindən o iki atı gətirdilər. Dədə Qorqud birini minib, birini yedəkləyib getdi elçiliyə.
Bu vaxt Dəli Qarcar da öz uca evində yoldaşları ilə nişan qoyub atırdı. Dədəm Qorqud da bu yandan gəldi. Baş endirib təzim etdi. Dil-ağız edib, hörmətlə salam verdi. Dəli Qarcar ağzını köpükləndirdi. Dədə Qorqudun üzünə baxdı. Dedi:– “Əlekəssalam! Ay əməli azmış, yolundan dönmüş, qadir Allah ağ alnına qada yazmış! Əcəlinmi gəldi? Buralara niyə gəlmisən?”
Dədə Qorqud dedi:
– Gen ətəyinə, dar qoltuğuna qısılmağa gəlmişəm.
Tanrının əmriylə, peygəmbərin rəyi ilə
Aydan arı, gündən duru bacın Banıçiçəyi
Bamsı Beyrəyə istəməyə gəlmişəm!
Dədə Qorqud belə dedikdə Dəli Qarcar igidlərinə dedi: – Əyə, Qara ayğırı yaraqlı gətirin! Dəli Qarcar atlandı. Dədə Qorqud Dəli Qarcardan ümidini üzüb gözləmədi, qaçdı. Dəli Qarcar da onun ardınca düşdü. Toğlu başlı Duru ayğır yoruldu. Dədə Qorqud Keçi başlı Keçərə sıçrayıb mindi.
Dəli Qarcar arxadan Dədə Qorquda çatdı. Bu zaman el ağsaqqalı, bilicisi Dədənin yaddaşı canlandı, tanrıya sığınıb, dua oxudu.
Dəli Qarcar qılıncını əlinə aldı. Qolunu yuxarı qaldırıb hücum etdi. Dəli Qarcar Dədəni vurmaq istədi. Dədə Qorqud dedi: Ağsaqqala əl qaldırsan, əlin qurusun!
Allahın əmri ilə Dəli Qarcarın əli yuxarıdan asılı qaldı. Dədə Qorqud Oğuzların ruhani ağası olduğu üçün diləyi qəbul olundu. Dəli Qarcar dedi: – Amandır, kömək et! Sən mənim əlimi sağaltsan, Tanrının əmri ilə, peyğəmbərin rəyi ilə bacımı Beyrəyə verirəm. Dediyini üç dəfə təsdiq elədi. Günahına tövbə etdi. Dədə Qorqud dua eylədi. Allahın əmri ilə dəlinin əli sapsağlam oldu.
Sonra dedi: “Dədə, bacımın yolunda mən nə istəsəm, verərsənmi?
–Verərik, de, görüm nə istəyirsən?
– Min buğra gətirin ki, maya görməmiş olsun. Min də ayğır ki, ilxıya girməmiş olsun. Min də qoyun üzü görməmiş qoç gətirin. Min də quyruqsuz-qulaqsız köpək gətirin. Min də birə gətirin mənə! Əgər bu dediyim şeyləri gətirərsinizsə, bacımı verdim. Amma gətirməsən, bu dəfə öldürmədim, o vaxt öldürərəm!”
Dədə döndü, Baybörə bəyin evinə gəldi. Baybörə bəy dedi: – Dədə, oğlanmısan, qızmısan?
– Oğlanam!
– Bəs Dəli Qarcarın əlindən necə xilas oldun?
– Allahın köməyi, ərənlərin səyi ilə qızı aldım.
Beyrəyə, anasına və bacılarına müjdəçi gəldi. Sevindilər, şad oldular. Baybörə bəy dedi: “Dəli nə qədər mal istədi?”.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов