banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

– Qorxma, – dedim, – bizi komandirlərimiz yaxşı tanıyırlar. Böyük iş olub, alman qızları ilə gecələmişik.

– Axı sən onu tapança ilə hədələdin, – Aleksey dedi. – Təsəvvür edirsən, o bunu necə qələmə verə bilər?

– Biz də deyərik ki, o, yalan deyir, – cavab verdim. – Deyərik ki, o özü qadınlarla qalmaq istəyirdi, hər şey də ona görə başladı. Yoxsa niyə gecə saat üçdə motosikletdə fırlanır.

– Əlbəttə, – Aleksey razılaşdı. – İndi gərək bir-birimizin tərəfini saxlayaq. Ancaq sən gərək onunla kobudluq etməyəydin.

Mən başa düşürdüm ki, Aleksey indi Qretasının qarşısında özünü naqolay hiss edir. Qızlar, əlbəttə, sözləri başa düşmürdülər, ancaq burda başa düşməli bir şey yox idi; Alekseyi geyinməyə məcbur etmiş mayoru mən evdən qovmuşdum.

Mən gərginliyi aradan götürmək üçün hamıya spirt süzdüm və biz yenə də masa arxasında əyləşdik. Bacılar öz aralarında pıçıldaşdılar. Qreta parıldayan gözləri ilə mənə baxırdı, onun qara teli tez-tez alnına düşürdü. Qəşəng qız idi şeytan.

Qərəz, bir az içdikdən sonra hərə öz otağına getdi.

– Mayor gestapo?[6 - Gestapo – Hitler Almaniyasında faşizm düşmənlərinə qarşı ən vəhşi üsullar tətbiq edən gizli siyasi polis] – Katya məndən soruşdu.

– Nayn, nayn, – dedim.

Elə bircə bu çatmırdı. Ancaq gördüm inanmır.

Bir gündən sonra bizdə hərbi uçuş var idi. Mən sağ-salamat uçuşumu başa çatdırdım. Öz ekipajımla birlikdə yeməkxanada çörəyimi yedikdən sonra Alekseyə yaxınlaşdım. O, nədənsə tək oturmuşdu.

– Bir az dincələk, – dedim, – güc toplayaq. Sabah qızların yanına gedək.

O, nədənsə duruxdu.

– Bilirsən, Kamal, – dedi, – bu haqq-hesabı qurtarmaq lazımdır.

– Niyə qurtaraq? – soruşdum.

– Rahat qoymayacaqlar, sonra pis olacaq.

– Nədən qorxursan? – dedim. – Əgər o, xəbər veribsə, onsuz da heç nə dəyişəsi deyil.

– Yox, qurtardı. Mən pas.

– Özün bilən yaxşıdır. Ancaq mən gedəcəm. Yaxşı, bəs Qreta səni soruşsa, nə deyim?

– Nə istəyirsən de. – O, kompotunu araq kimi birnəfəsə içib öz otağına getdi.

Aleksey həmişə komandanlığa həddən artıq ciddi yanaşırdı. Bir də görürdün fərəqət komandası ilə mil dayanıb onların öyüd-nəsihətinə elə qulaq asır ki, elə bil uçuşdan salamat qayıdıb-qayıtmamağı onlardan asılıdır. Mən bu xasiyyətinə görə ona tez-tez sataşırdım.

– Sən vəhşisən, – deyə cavabında gülürdü, – biz ruslar isə rəhbərliyi damarlarımızla hiss edirik.

Bəli, axşam alman qızlarımızın yanına getdim. Yolda gedə-gedə fikirləşirdim ki, onlara nə deyim. Axır qərara gəldim ki, deyim xəstələnib. Bəlkə, sonra ağlı başına gəldi.

Evə girəndə mənimki üstümə atıldı. Qreta isə yerindəcə donub-qaldı. Gözünün üstünə düşən qara teli elə bil bir az da qaraldı.

– Alyoşa?! – deyə o, nəhayət, dilləndi.

– Krank[7 - Krank (alm.) – xəstə], – dedim. – Alyoşa krank. Yəni xəstədir.

– Krank, oder toten?[8 - Krank, oder getötet (alm.) – xəstədir, yoxsa öldürülüb] – deyə o, ciddi soruşdu və düz gözlərimə baxdı. Elə fikirləşirdi ki, onu öldürüblər. Mən isə düzünü deməyə qorxurdum.

– Nayn, nayn, – dedim, – qrip.

– O, – onun rəngi-ruhu özünə gəldi, – das ist nixte.

Bəli, biz həmişəki kimi oturduq, yedik, içdik, rəqs etdik. Katya bir neçə dəfə mənə göz vurdu ki, onun bacısı ilə rəqs edim. Mən də rəqs edirdim, yazıq qız gah gülümsəyirdi, gah da saralıb solurdu. Darıxdığına görə utanırdı. Məlum məsələdir: qız dostuma bir könüldən min könülə aşiq olmuşdu.

Mən Katya ilə tək qaldıqdan sonra o, göy gözləri ilə mənə baxıb soruşdu:

– Mayor?

Belə yerdə necə yalan deyəsən, axı onun gözlərində həqiqətin özü yazılmışdı. Mən çiynimi çəkdim.

– Yazıq Qreta, – o dedi. Yadımdan çıxıb almanca necədir.

– Yer libt, – dedim, – yer libt Qreta[9 - Er liebt Greta (alm.) – o, Qretanı sevir]!

– Ya, ya, – Katya dedi və nə isə əlavə etdi, mən belə başa düşdüm ki, Aleksey sevir, ancaq qorxu daha güclüdür.

– Mayor papir? – soruşdu və əli ilə də göstərdi ki, yəni donos yazıb. Almanlar bir işarədən qanandırlar.

Mən yenə də çiynimi çəkib qapıya tərəf göstərdim:

– Yer ist krank… – yəni xəstədir.

– Bura bax, adam dilində danış! – Sandro əmi onun sözünü kəsdi. – Nə var, qarğa bazarı açmısan burda: “Qar, qar, qar!”

– Belə xatırlamaq daha asandır, – deyə Kamal öz fleqmatik öküz gözləri ilə Sandro əmiyə baxdı.

– Yaxşı, yaxşı, danış. – Sandro əmi bilirdi ki, əgər Kamal söhbətinə ara versə, onu yenidən işə salmaq üçün xeyli yanacaq lazım olacaq.

– Hm-m-m, – Kamal bir az mızıldayıb tez də öz söhbətinə qayıtdı. – Sözün kəsəsi, mən çox ümid edirdim ki, Aleksey fikrini dəyişər. Səhəri gün mən onu görüb tanımadım. Bir gecəyə qaralmışdı.

– Nə olub sənə? – soruşdum.

– Heç, – dedi. – Gecə yata bilməmişəm. Qreta necədir?

– Səni gözləyir. Mən dedim ki, sən xəstəsən.

– İnandı?

– O inandı, ancaq bacısı başa düşür.

– İndi qurtarmaq yaxşıdır. Onsuz da mən evlənə bilməyəcəm, uzatmağın nə mənası var?

– Ay axmaq, – dedim, – kimdir səni evlənməyə məcbur edən? Ancaq nə qədər ki biz burdayıq, nə qədər ki sağıq, niyə də görüşməyək?!

– Sən məni başa düşməzsən. Sənin üçün bu, vaxt keçirməkdir, mən isə birinci dəfədir sevirəm.

Bu yerdə mən lap hirsləndim:

– Əgər qorxmusansa, eləcə də de. Gop eləmə.

Beləcə biz bir-birimizə qarşı bir az soyuduq. Ondan sonra mən bir-iki dəfə də qızların yanında oldum. Hər dəfə də Qretaya yalan satırdım, ancaq hiss edirdim ki, o daha inanmır, əriyib solur. Ona yazığımız gəlirdi, qızın bu halı Katya ilə məni də sıxırdı.

Mənim Alekseyə də yazığım gəlirdi. O vaxtdan məndən qaçırdı. Həmişə qanıqara gəzirdi. Bizi isə heç hara çağırıb-eləmirdilər. Mən fikirləşirdim ki, mayor biz fikirləşdiyimizdən yaxşı adam imiş. İki gündən sonra mən Alekseyə yaxınlaşdım.

– Qulaq as, – dedim, – görürsən, mayor düşündüyümüz qədər pis adam deyilmiş. İndiyə kimi xəbər verməyibsə, deməli, hər şey qurtarıb. Mən görürəm axı, sən özündə deyilsən. Bu cür əhvali-ruhiyyə ilə sən bir gün öz təyyarənlə göydən yerə dəyəcəksən.

– Nə olsun, – dedi, – yəni indiyə kimi itirdiyimiz oğlanlar bizdən əskik idi?

Hə, gördüm bu xına daha o xınadan deyil. Ancaq özümü o yerə qoymadım. Biz cəbhəçilər belə söhbətləri sevmirdik. Əgər təyyarəçi qəmlənib burnunu sallayırsa, deməli, o, bugün-sabahlıqdır.

– Əlbəttə, yox, – dedim. – Ancaq müharibə qurtarır, belə bir vaxtda öz günahı üzündən həlak olmaq axmaqlıq olardı.

O harası isə ağrıyırmış kimi üz-gözünü turşutdu və dedi:

– Sən daha mənim haqqımda yalan danışmaya bilərsən. Bu gün, deyəsən, qəsəbədə onu gördüm, o da məni gördü.

– Bəsdir, – dedim, – gicləmə. Bu axşam gedək onlara. O yazıq əriyib gedir.

– Yox, – dedi, – mən getməyəcəm.

İndi də mənliyi, ay nə bilim daha nəyi ona mane olurdu. Aleksey məğrur oğlan idi, göydə o heç kimə aman vermirdi, ancaq komandanlıq qarşısında qorxu onun təbiətində idi.

Bəli, həmin axşam mən yenə də yeməkdən-içməkdən götürüb qızların yanına getdim. Yuxarı qalxdım, heç fikir də vermədim ki, dəhlizdəki böyük güzgü yerində deyil. Həmişə oturduğumuz otağa girəndə bacıların ikisi də üstümə atıldı. Mənim Katyam elə bil cin atına minmişdi. Qretanın üzü isə sevincdən alışıb-yanırdı. Mən fikirləşdim ki, bəlkə, Alyoşa günorta mənsiz bura gəlib.

– Mayor ist dib! – Katya qışqırırdı, yəni mayor oğrudur, əli ilə də otağı göstərirdi. – Mayor hap-hap.

– Ya, ya, – Qreta sevinclə təsdiq etdi və boş otağı göstərdi.

– Mayor ist dib! Mayor ist nixt gestapo! Zaqe Alyoşa!

Yəni Alyoşaya deyərsən.

– Bu biabırçılıq! – qoca qışqırdı. – Antifaşistin ev hap-hap.

İndi bütün bunlar gülməli səslənir, ancaq o vaxt bu biabırçılıqdan mənim damarlarımda qanım dondu. Əlbəttə, belə şeylər olurdu, biz hamımız bunu bilirdik. Amma bir var, kimisə haradasa qarət edələr, bir də var, qarət olunanı şəxsən tanıyasan, üstəlik, bu adamlar sənin havadarlığına ümid bəsləyən köməksiz qadınlar ola. Mən hələ ömrümdə bu cür xəcalət çəkməmişdim.

Üstəlik, Qreta sevincindən özünə yer tapa bilmirdi, onun nur saçan gözlərinə baxmaq olmurdu. O elə fikirləşmişdi ki, əgər mayor onların evini qarət edibsə, deməli, o, enkevededən deyil və əgər belədirsə, Alyoşa üçün qorxmağa dəyməz. Ona necə başa salasan ki, hər şey olduqca mürəkkəbdir, baxmayaraq ki mayor doğrudan da qərargah tulası idi.

Mən indi başa düşdüm ki, niyə mayor gecə saat üçdə motosikletdə fırlanır: göz qoyurmuş harada nə var. Yalnız buna görə o bizi satmayıb.

Mən Qretaya söz verdim ki, Alyoşaya hər şeyi danışacam, qocaya da yalandan dedim ki, mayordan şikayət edəcəyəm. Axı onları birtəhər sakitləşdirmək lazım idi. Qızlar haradansa ayağı qırıq kətillər tapıb gətirdilər. Biz əyləşib şam etdik və mən qoca ilə möhkəm içdim.

O biri gün mən hər şeyi Alekseyə danışdım. O, deyəsən, bir az canlandı.

– Yaxşı, – dedi, – sabah gedib vidalaşarıq. Deyəsən, bugün-sabah bizim yerimizi dəyişəcəklər.

Ancaq biz qızlarla vidalaşa bilmədik. Bizi elə həmin gecə başqa yerə keçirdilər. Yeni aerodrom həmin yerdən iki yüz kilometr aralı yerləşmişdi.

Alekseyin rəngi-ruhu hələ də öz yerinə gəlməmişdi və mənə həmişə elə gəlirdi ki, o, mütləq həlak olmalıdır. Elə həmin gün o yaralananda, sözün düzü, mən rahat nəfəs aldım. Yara yüngül idi və bir azdan onu Rusiyaya hospitala göndərdilər.

Bu dəfə biz kiçik bir şəhərdə yaşayırdıq. Bir dəfə yoldaşlarla kafeyə getmişdik. Ordan çıxıb girişdə dostumuzu gözləyirdik. Birdən yoldaşlarımdan biri dedi:

– Kamal, o alman qızı gözünü səndən çəkmir.

Baxıb gördüm ki, bizdən bir on beş metr aralıda xoşsifət bir qız dayanıb mənə baxa-baxa gülümsəyir. Mən bir az, əlbəttə, sərməst idim, gic kimi mən də gülümsədim, özüm də ona yaxınlaşıram ki, tanış olum.

Aman Allah, bu ki Katyadır! Necə olub, mən onu tanıya bilməmişəm! O, palto geyinib, başına papaq qoymuşdu, mən onu belə paltarda görməmişdim. Sən demə, məni axtarırmış!

Bəli, mən dostlarımla xudahafizləşib yenidən kafeyə girdim.

– Qreta necədir? – soruşdum.

– O, Qreta trauriq, – deyə ah çəkib başını buladı.

Mən başa saldım ki, Alyoşa yaralanıb, onu arxaya göndəriblər. Biz Katyanın qonaq qaldığı bir qadının evində gecələdik. Gecə o, bir neçə dəfə ağladı, ah-uf elədi, elə hey deyirdi:

– Şikzal…

Yəni tale. Mən hiss edirdim ki, o nə isə demək istəyir, ancaq cürət eləmir. Səhər duranda, nəhayət, dedi ki, hamilədir. Altdan-yuxarı öz ağıllı, diqqətli gözləri ilə baxıb soruşdu:

– Kinder?

Mən ona nə cavab verə bilərdim?! Necə başa salaydım ki, bu onun üçün mayoru qovmaq deyil, burda məsələ başqa cürdür, daha mürəkkəbdir.

– Nayn, – dedim və o, başını aşağı saldı.

Elə həmin gün biz ayrıldıq və mən onu bir daha görmədim. Alekseylə isə biz otuz ildən sonra bizim alayın veteranlarının görüşündə rastlaşdıq.

Ölkənin hər tərəfindən gəlmiş veteranlar bir mehmanxanada yerləşmişdilər. Həmin axşam mehmanxananın restoranında indi general rütbəsi almış keçmiş alay komandirimiz başda olmaqla veteranların ziyafəti olmalı idi. Bütün bu müddət ərzində mənim Alekseydən xəbərim olmamışdı, heç bilmirdim sağdır, yoxsa yox.

Nömrəmi alıb aşağı, inzibatçının yanına düşdüm. Soruşdum ki, Aleksey Starostin adında adam gəlib, ya yox. O öz kitabına baxıb başını tərpətdi: bəli, gəlib, filan nömrədə yaşayır.

Ziyafətə iki saat qalmış onun otağına qalxdım. Aman Allah, vaxt bizi nə günə salırmış! Məgər mən özüm kimi saçı tökülmüş bu keçələ başqa yerdə rast gəlsəydim, onda uzaq qırx dördüncü ildə qırmızı salxımlı Prussiya quşarmudunun budağını qıran o cavan, gözəl-göyçək təyyarəçidən bir nişanə tapa bilərdimmi? O isə mənə baxır, əlbəttə, tanıya bilmirdi, yəqin, fikirləşirdi ki, bu keçəl gonbul, görəsən, məndən nə istəyir! Yalnız mən güləndə tanıdı.

– A-a-a, Kamal! – dedi. – Qaflan dişlərdən başqa heç nə qalmayıb.

Bəli, biz qucaqlaşdıq, öpüşdük və mən onu öz otağıma apardım. Mən özümlə yaxşı «İzabella» götürmüşdüm. Oturduq, içdik, köhnə günləri yada saldıq. Əlbəttə, fraularımız da yada düşdü.

– Ah, Qreta! – o dərindən ah çəkdi. – Sən təsəvvür eləmirsən, o mənim üçün nə demək idi! Sən təsəvvür eləmirsən, Kamal! Sonra mən ordudan tərxis edildim, evləndim, sərnişin təyyarəsində uçdum; sənin kimi, mənim də iki uşağım var. İndi dispetçer xidmətinin rəisi işləyirəm, raykomda da, yoldaşlar arasında da hörmətim var. Ancaq dərindən fikirləşəndə təəccüblənirəm. Yadındadır, Yeseninin sözləri: “Həyatım mənim, yoxsa sən yuxu idin?” Hərdən mənə elə gəlir ki, mənim həyatım iyirmi dörd yaşında Şərqi Prussiyada qurtarıb. Bütün qalan həyatım isə qəribə, uzun-uzadı epiloqa oxşayır! Başa düşürsən, Kamal!

Bu yerdə təsəvvür edin ki, Alekseyin gözü yaşardı. Mən onu, əlbəttə, sakitləşdirdim və o, birdən-birə ziyafətə tələsdi.

– Qurtar görək, Alyoşa, – dedim. – Heç olmasa, bir saat təklikdə oturaq. Bizim yerimizi heç kim tutmaz. Onsuz da ziyafət bütün gecəni davam edəcək.