скачать книгу бесплатно
Kamal bərkdən güldü, knyaz isə başı ilə mənə tərəf işarə etdi – yəni müdrikliyi Sandro əmidən öyrən.
– Yazıq Emuxvari knyazlarını ingilis casusu hesab etmək isə ən azı axmaqlıqdır, – deyə Sandro əmi sözünə davam etdi. – Onların heç İngiltərə adında ölkədən xəbərləri belə yox idi. Mən isə 30-cu illərdə Pansulayanın ansamblı ilə birlikdə İngiltərədə olmuşam. Bizi orada xeyli gəzdirdilər və deməliyəm ki, İngiltərə heç də pis ölkə deyil. Gözəl otlaqları var, ancaq nədənsə qoyun saxlamırlar. Keçi üçün isə İngiltərə əlverişli deyil. Keçi kolluq sevir, qoyununku isə xalis otlaqlardır. Başa düşmürəm niyə onlar qoyun saxlamırlar.
– Saxlayırlar, – deyə Sandro əmini sakitləşdirdim.
– Hə-ə-ə, – Sandro əmi qane oldu. – Deməli, mənə qulaq asdılar. İyirmi il bundan əqdəm bura bir ingilis yazıçısı gəlmişdi, adı Pristli idi. Eşitmisən onun haqqında?
– Hə, – deyə cavab verdim.
– Oxumusan?
– Hə, – dedim.
– Necədir?
– Belə də, Sandro əmi, – dedim, – elə bir şey deyil.
Sandro əmi güldü, amma gülüşü heç xoşuma gəlmədi.
– Mən çoxdan hiss eləmişəm, – dedi, – bu yazan adamların qəribə xüsusiyyəti var, heç vaxt bir-birinin haqqında yaxşı söz deməzlər. Ancaq mən ansamblda rəqs edəndə həmişə boynuma almışam ki, Pata Pataraya bir nömrəli rəqqasdır, əslində isə mən ondan yaxşı rəqs edirdim… hə, sözümün canı var. Bu Pristliyə o vaxt bizdə çox gözəl bir gecə təşkil etdilər. Ona ən yaxşı sanatorini, ən uzunömürlü sakinimizi, ən varlı kolxozçumuzu göstərdilər. Məlum məsələdir ki, məni də onunla tanış etdilər. Mən məclisdə masabəyilik edirdim. Özüm də onunla yanaşı oturmuşdum, daha doğrusu, bizim aramızda tərcüməçi qız oturmuşdu. Nə isə söhbətimiz tutdu. Onda mən ona dedim ki, İngiltərədə olmuşam, orada yaxşı otlaqlar görmüşəm, ancaq qoyun gözümə dəyməyib və məsləhət gördüm ki, ingilis fermerləri qoyun saxlasınlar.
– Bəs o nə dedi? – mən soruşdum.
– O da dedi ki, yaxşı, mən onlara çatdıraram. Hə, bir də gör nə deyir. Fermerlərə, deyir, mən qoyun məsələsini çatdıraram. İntəhası, bizim parlamentdə onsuz da çoxlu qoyun var. Belə çıxdı ki, öz hökumətini pisləyir. Hə, onda mən başa düşdüm ki, nəyə görə onu bizdə belə yaxşı qarşılayırlar. İndi mən səndən soruşuram: sən başqa bir ölkəyə gedəndə, yuxarını demirəm, bizim obkom haqqında deyə bilərsənmi ki, orda keçilər oturur. Onu da nəzərə al ki, keçi qoyundan ağıllıdır ha.
– Yox, – dedim, – deyə bilmərəm.
– Hə, görürsən?
Knyaz gülümsədi, Kamal isə qəhqəhə ilə güldü. Xaçik sıçrayıb diz çökərək bu mənzərəni fotoaparatla çəkdi.
Biz adama bir qədəh içdik. Akop ağa təzə qəhvə gətirdi. O, fincanları sinidən götürüb onu yuxarı qaldıranda sini, qalxan kimi günəşi əks etdirdi. Akop ağa masa arxasında əyləşib sinini dizi üstünə qoydu. Hərdən o, dırnağı ilə sinini taqqıldadır və onun cingiltisinə qulaq asırdı.
Kamal, adətən, vaxtını başqa eyş-işrət yerlərində keçirirdi, ona görə də Akop ağanı pis tanıyırdı. Mən istəyirdim ki, o, Akop ağanın Tiqranakert haqqında klassik novellasını eşitsin.
– Akop ağa, – dedim, – mən ha fikirləşirəm, görəsən, niyə İkinci Tiqran o boyda Tiqranakert şəhərini tikdikdən sonra onu əldən verib ki, rum barbarları da şəhəri yandırıb qarət ediblər? Yəni doğrudan o öz şəhərini müdafiə edə bilməzdi?
Mən danışdıqca Akop ağa kədərli-kədərli başını bulayır, sanki demək istəyirdi ki, azacıq ağıl olan beyində belə bir sual doğmaya bilməz.
– Of, Tiqranakert, – Akop ağa dərindən ah çəkdi. – Külün göyə sovruldu… Bu, Şarkin ən gözəl şəhəri idi. Orda fantanlar var idi ağac boyda. Ağaclar var idi, hər budağında bir İran quşu otururdu, adı da tovuz quşu. Orda küçələrdə marallar gəzirdi, adam görəndə gözlərini aşağı salırdılar, bax belə, lap erməni qızları kimi. Hara getdi bütün bunlar? Külü göyə sovruldu.
Bəlkə də, Tiqranakert Romadan da, Babildən də gözəl idi, ancaq hardan bilək, o vaxt foto yox idi. Bu bizim eradan əvvəl altmış doqquzuncu ildə olub. Əgər bizim bu Xaçik o vaxt yaşasaydı, yəqin ki, ya işsiz idi, ya da hambal.
Eh, məsələ Xaçikdə deyil e, ara, söhbət İkinci Tiqrandan gedir. Ha, o vaxt ki o romalı g…feran Lukull Tiqranakerti mühasirəyə aldı, Tiqran bütün koşununu yığıb şahardan çıxdı. Ara, Tiqrancan, axı niyə?!
Bu, böyük çarın böyük səhvi idi. Tiqranakertin möhkəm divarları vardı. Tiqranakertin gözəl suyu vardı, elə soyuq su idi, heç kim bir stəkanı birnəfəsə içə bilməzdi. Tiqranakertin zapas arzakı vardı, üç il üç ay bəs idi. Hara getdi? Külü göyə sovruldu.
Tiqrancan, sən bu böyük şahari qoruya bilərdin, ancaq gərək əvvəlcə o g…feran qreklari qovaydın, çünki onlar satqın çıxdılar. Ara, qreklarin nəyinə lazımdı ermanilər. Onlar şeytan kimi gecə qapıları açdılar, rum soldatları da girib hər yeri odladılar, şəhərin külü göyə sovruldu.
Ha, onlar şahari muhasirəyə alanda Tiqran nə edirdi, bilirsən? Adam ayıb çəkir deməyə. O, şahara bir dəstə öz adamını göndərdi. Ancaq ordan nə çıxartdı? Ermani xalkını? Yox! Ermani arvadlarını və uşaqlarını? Ara, Yox e! Öz hərəmini çıxartdı, öz qəhpələrini, çıxartdığı bax bu oldu. Belə şey ayıbdı böyük çar üçün.
Of, Tiqran, sən niyə Tiqranakerti tikdin, əgər tikmişdin, niyə qoyurdun rum g…feranları onu yandıra?! Hər şey külə sovruldu!
Akop ağa bizə Tiqranakertin məhvi tarixini danışan zaman bir müştəri qəhvə istəmək üçün ona yaxınlaşdı, ancaq Xaçik əlinin hərəkəti ilə onu dayandırdı. Müştəri təəccüb içində qulaqlarını şəkləyərək Akop ağanın arxasında donub-qaldı.
Akop ağa söhbətini qurtarıb gözünü uzaqlara zillədi. Yəqin ki, onun gözləri qarşısında ağac kimi böyük fəvvarələri olan, küçələrində qız kimi utancaq marallar gəzişən, Troya atının qarnında gizlənibmiş kimi səsini çıxarmayan yunanlarla dolu Tiqranakert canlanırdı.
– İndi sözünü de! – Xaçik müştəriyə müraciət etdi.
– İki fincan qəhvə olar? – deyə ünvana düz müraciət etdiyinə əmin olmayan müştəri cəsarətsiz soruşdu.
– Olar, – deyə Akop ağa ayağa qalxıb fincanları siniyə yığmağa başladı. – İndi hər şey olar.
Biz bir qədər Akop ağanın qəribəliklərindən danışıb yenidən Sandro əminin Həzrət haqqında hekayətinə qayıtdıq. Həzrətin o vaxt qaçmamasının səbəbinə gələndə Kamal Sandro əmi ilə razılaşmadı.
– Mənə elə gəlir ki, – deyə o, qəhvədən bir qurtum içib qara gözlərini Sandro əmiyə zillədi, – sənin Həzrətin iyirmi il ərzində öz tövləsinə o qədər öyrəşmişdi, açıq havadan qorxurdu, ancaq bu o demək deyil ki, o, Adamırdan intiqam almaq istəmirdi. Ümumiyyətlə, qorxu çox qəribə hisdir, onu izah etmək mümkün deyil. Yadımdadır, 44-cü ildə bizim aerodrom Şərqi Prussiyada yerləşmişdi. Bir dəfə mən dostum Alyoşa Starostinlə qəsəbədən kənara gəzməyə çıxdıq. Biz onunla müharibənin ilk günündən dostluq edirdik. O, əla təyyarəçi, özü də gözəl yoldaş idi. Dostluğumuz da kitabdan başladı. Biz alayda ən çox oxuyan təyyarəçilər idik. Düzdür, içməklə də aramız yaxşı idi, qızlara da biganə deyildik. Ancaq nədənsə məhz kitaba olan məhəbbət bizi yaxınlaşdırdı. Həmin yaz isə biz Yeseninə aludə olmuşduq. İkimizdə də onun şeirləri ilə dolu dəftərçələr var idi.
Hə, əla da hava var idi, biz gəzə-gəzə alman xutorlarının içindən keçirdik. Evlər gözəl, amma ins-cins yox idi, hamı qaçmışdı. Biz xutorlardan birində ikimərtəbəli bir evin yanında ayaq saxladıq: onun yanında qırmızı salxımlı quşarmudu bitirdi.
Hə, elə bil indi də gözlərimin qabağındadır. Alyoşanın rus qəlbi dözmədi, quşarmudunu əyib iki budağını qırdı və ağacı buraxdı. Bir budağı mənə uzatdı. Biz beləcə yanaşı dayanıb hərə öz budağındakı quşarmudundan dərib yeyirdik. Fikirləşirdik ki, buradakı evlərin hamısı ərbab evləridir, bəs görəsən, bunların muzdurları harada yaşayırmış.
Elə bu vaxt evin qapısı açıldı və ordan bir qoca kişi çıxıb bizi çağırdı:
– Russ, gəl, russ, evə!
Bizi xəbərdar etmişdilər ki, partizanlara görə gözdə-qulaqda olaq, ancaq biz alman partizanlarının varlığına inanmırdıq. İnanmırdıq ki, hər bir ağacın nişanlı qız kimi bəzədildiyi bu ölkədə partizan dəstələri fəaliyyət göstərə.
– Getdik?
– Getdik.
Bəli, qoca bizi evə apardı, yuxarı qalxıb bir otağa girdik. Baxıb nə görsək yaxşıdır, otaqda iki qadın əyləşib. Biri lap cavan idi, olardı bir on səkkiz yaşı. Amma o birisi əməlli-başlı yunqfrau[1 - Jungfrau (alm.) – yetişmiş qız] idi, təxminən iyirmi beş yaşında. Mənim gözüm böyüyünə düşdü, çox xoşum gəldi ondan. Ancaq hər ehtimala qarşı Alyoşa ilə bu məsələni aydınlaşdırmaq istədim, nədən ki, mən onu beş barmağım kimi tanıyırdım.
– Hansı xoşuna gəlir, seç.
– Cavanı mənim, – dedi.
– Oldu.
Mən hiss elədim ki, onlar da bizim gəlişimizə sevindilər, o saat canlandılar.
– Kofe, kofe, – yunqfrau dedi.
– Ya, ya, – dedim.
«Ya» almanca «hə» deməkdir.
Bəli, o bizə qəhvə hazırladı. Sözün düzü, qəhvə heç qəhvə dadı vermirdi, elə bil palıd kəpəyindən hazırlanmışdı. Ancaq məgər gözümüzə qəhvə görünürdü? Açıq-aydın hiss olunurdu ki, gənc, qəşəng qızlar hər şeyə hazırdırlar. Elə qocanın özünün də, deyəsən, etirazı yox idi. Onlar bizimkilərdən qorxurdular, iki zabitin dostluğunu qazanmaq təhlükəsizliyi təmin etmək demək idi.
Bəli, bir xeyli oturduq, sonra mən dedim:
– Abend. Konserv. Şnaps. Brod. Şokolad.
– O! – ikisinin də gözləri parıldadı. – Danke, danke[2 - Danke (alm.) – təşəkkür edirik]. Onlar, əlbəttə, aclıq çəkirdilər. Qərəz, biz axşam bir də gəldik, özümüzlə spirt, konserv, kolbasa, çörək, şokolad götürmüşdük. Oturub şam etdik, bir az da vurduq. Məlum oldu ki, qoca Birinci Dünya müharibəsində bizdə əsirlikdə olub, odur ki bir az rusca danışa bilirdi. Ancaq danışmasaydı, ondan yaxşıydı. Elə hey nə isə başa salmaq istəyirdi, lakin dolaşdırırdı, ancaq bizim nəyimizə lazım idi onun söhbətləri. İki sözdən bir antifaşist olduğunu sübut etməyə çalışırdı. O vaxt onlar hamısı birdən-birə antifaşist olmuşdu. Maraqlıdır, biz dörd il kiminlə vuruşmuşduq?!
Ancaq gənc alman qızları – başqa məsələ, onlara bir işarə də bəs idi… Alyoşa ilə mən yaxşıca vurduq, qızlar da bir az içmişdilər. Biz patefon musiqisi altında rəqs eləməyə başladıq, hər bir valın üstündə yazılmışdı: «Nur für döyç» – yəni yalnız almanlar üçün. Mən də hər dəfə valı dəyişdirəndə qəsdən soruşurdum:
– Nur für döyç?
– Nayn, nayn[3 - Nein (alm.) – xeyr]!
Hə, indi ki nayn, onda getdik rəqs etməyə. Nəhayət, qoca məst olub elə çərənləməyə başladı ki, heç qardaşı qızları da onu başa düşmədilər. O, qızların əmisi idi. Bizi isə lap təngə gətirmişdi. Odur ki mənim yunqfraum onu yatmağa aparanda hamımız sevindik.
Biz tək qaldıq. İçirdik, rəqs edirdik, bir sözlə, kef çəkirdik. Mən yüngülcə öz alman qızımı qucaqladım və yenə soruşdum:
– Nur für döyç?
– Şelma, şelma[4 - Schelm (alm.) – hiyləgər, bic], – deyə o güldü. – Rusiş şelma.
– Nayn, – dedim, – kavkaziş şelma.
– O, şönste[5 - Schön (alm.) – qəşəng] Kaukaz.
Alyoşa ilə mən həmin gecə yuxarıdakı iki otaqda qaldıq. Bizim iki ay yarım davam edən məhəbbət romanımız belə başladı. Bu romana yalnız hərbi uçuşlar zamanı fasilə verilirdi. Bir-iki dəfə aerodromun igidləri bizə şərik çıxmaq istədilər, ancaq məsələnin nə yerdə olduğunu başa düşüb geri çəkildilər. Öz uşaqlarımız idi, qanacaqlı idilər.
Bəli, bir dəfə biz qızlarımızın yanına gəldik. Mənimkinin adı Katrin idi, mən ona Katya deyirdim, kiçiyinin adı isə Qreta idi…
Bu yerdə Sandro əmi Kamalın sözünü kəsdi:
– Sən lap ruslaşmısan, – dedi. – Niyə mənim yanımda öz qadınının adını çəkirsən?
– Necə ki? – Kamal soruşdu.
– Sənin heç başın işləmir, – Sandro əmi dedi. – Bilirsən ki, bu ad mənim arvadımın adıdır. İndi ki yanımda danışırsan, gərək o adı dəyişdirəydin.
– Di yaxşı, – Kamal bərkdən güldü. – Mən daha onun adını çəkməyəcəyəm.
– Axmaq, indi ki çəkdin, daha nə etmək olar, dalını danış.
– Hə, belə, – deyə Kamal gülümsər gözləri ilə Sandro əmiyə baxaraq sözünə davam etdi:
– Bir dəfə biz həmişəki kimi qızların yanında gecələdik. Saat üç olardı, mən yuxudan ayıldım. Evdən çıxdım papiros çəkim. Bir də eşitdim ki, evə motosiklet yaxınlaşdı və dayandı. Ayaq səslərindən hiss etdim ki, iki nəfər evə qalxdı.
Ay zəhrimar, deyə fikirləşirəm, yaman yerdə ilişdik. Tapançam yastığın altda, özüm evin arxasında, əynimdə də – tumandı, altköynəyi, ayaqlarımda çəkələk. Bundan axmaq vəziyyət heç ağıla gətirmək olmazdı. Bir tərəfdən də başım hərlənir, axşam, əlbəttə, o ki var spirtdən vurmuşduq. Öz-özümə fikirləşdim ki, gələ ha, bizə partizanlardan, sayıqlıqdan danışanda gülürdük, indi budur, özümüz gülünc vəziyyətdə qalmışıq. Yəni doğrudan bizim fraularımız satqın çıxıblar? Yox, heç cür inana bilmirdim. Mənim öz… nə ad deyirsən de…
– Yaxşı, de gəlsin öz adıynan. Daha gizlətməyin nə mənası var? – Sandro əmi icazə verdi.
– Hə, mənim öz Katyamdan xoşum gəlirdi, hiss edirdim ki, o da mənə vurğundur, bu birilər də ki bir-biri üçün lap dəli-divanə idilər. Deməli, bizi bu antifaşist satıb.
Dostumu elə-belə ata bilməzdim, lüt halda almanların caynağına da keçmək istəmirdim.
Cəhənnəmə, dedim, nə olar-olar! Küçəyə baxdım, heç kim yox idi. Yüyrüklü alman motosikleti yerindəcə dururdu. Qapıya yaxınlaşdım, qarışıq səslər eşitdim, ancaq heç nə başa düşmək olmurdu.
Bircə şeyi başa düşdüm ki, səslər dostum yatan otaqdan gəlir. Qərara aldım ki, nə qədər ki onlar Alekseylə məşğuldurlar, yuxarı qalxım və birtəhər öz otağıma addayım. Təki özümü tapançaya yetirim. Amma onu da başa düşürdüm ki, əgər bizi qızlar satıblarsa, onda işimiz bitib, çünki belə olan halda mənimki, yəqin ki, tapançanı onlara verib. Qərəz, başqa əlac yox idi, yavaşca qapını açıb pilləkənlə cəld yuxarı qalxdım.
Bir də eşidirəm ki, Alekseyin otağından rusca danışıq səsləri gəlir! O dəqiqə ürəyim yerinə gəldi. Pilləkəndəcə dayanıb ləzzətlə rus nitqinə qulaq asmağa başladım; ancaq söhbətin nədən getdiyini başa düşə bilmirdim. Təxminən yarım dəqiqədən sonra özümə gəldim və içəridə gedən söhbətin axarını tutmağa çalışdım. Səslərdən biri çox kəskin idi. Aha, dedim, patruldur. Bizi patrulla qorxutmaq havayı şeydir. İçəri girdim. Gördüm mənim Katyam gecə köynəyində rəngi ağarmış halda otağın ortasında durub yavaşca deyir:
– Rusiş komandiren, rusiş komandiren…
Onda mən qapını açıb dəhlizə çıxdım və bərkdən qışqırdım:
– Nə olub orda, Aleksey?!
– Demə siz burda tək deyilmişsiniz! – səs eşitdim, sonra qapı açıldı, dəhlizdə bir mayor və onun arxasınca bir əsgər göründü.
– Biabırçılıq! – deyə mayor artıq əynini geyinmiş Alekseyə tərəf döndü. – Niyə demədiniz ki, burada tək deyilsiniz.
Yazıq nə isə mızıldandı. Görünür, o özünün ələ keçdiyini görüb məni gizlətmək istəyib.
– Zəhmət çəkin, əyninizi geyinin! – mayor əmr etdi.
Mən o dəqiqə hiss etdim ki, mayor – qərargah tulasıdır. Biz cəbhəçilər ömründə bir dəfə də döyüş görməmiş adamı o saat tanıyırdıq, istəyirsən onu lap göbəyinə kimi orden-medallarla bəzə.
Ancaq mənə təsir edən o oldu ki, mənim Alekseyim – dörd dəfə yaralanmış, iki dəfə yanan təyyarəni yerə endirmiş igid təyyarəçi – bu zibilin qabağında əsim-əsim əsirdi.
Siz məni tanıyırsınız, bilirsiniz ki, məni özümdən çıxarmaq çətin işdir. Ancaq bu yerdə dözmədim.
– Yoldaş mayor, – dəmir səslə dedim, – xahiş edirəm evi tərk edəsiniz.
Gördüm hərif tutuldu, ancaq özünü o yerə qoymadı. Bir gözü ilə Alekseyə baxdı, bilirdi ki, o, baş leytenantdır, ancaq məndən baş aça bilmədi.
– Sizin rütbəniz? – deyə soruşdu.
Mən geriyə dönüb çarpayıya yaxınlaşdım, yastığın altından tapançanı götürüb yenidən qapıya yaxınlaşdım.
– Bu da mənim rütbəm! – dedim.
– Zarafatı boşlayın. İndi qırx birinci il deyil.
– Əlbəttə, – dedim, – sizin kimi qərargahlarda yançağını isidənlərin günahıdır ki, indi qırx birinci il deyil.
– Mən bütün bunlar haqqında sizin hərbi hissəyə xəbər verməli olacam, – deyib mayor pilləkənlə aşağı düşməyə başladı, əsgər də onun dalınca.
– Xəbər verin! – dedim. – Əlinizdən ayrı nə gəlir ki!
Onlar qapıdan çıxdılar. Biz susurduq. Motosikletin tırıltısını eşitdik, sonra səs-səmir kəsildi.
– Sən onunla çox kobud danışdın, – Aleksey dilləndi. – İndi bizə rahatlıq verməyəcəklər.