Bir neçə il əvvəl “Azərbaycan” jurnalında bir əsərlə rastlaşdım: “Ağ dəvə düzdə qaldı”. Düzü, ad maraqlı gəldi. Dəvə obrazı bizdə – Şərq ədəbiyyatında nəsə dini-mistik və qədim anlayışların daşıyıcısı, klassik ədəbiyyatda müxtəlif obrazlarla paralel yer tutan bir obrazdır. Oxudum və imzaya baxdım: tanış deyildi. Gənc yazarlara da bənzəmirdi: nə yazı, nə üslub, nə də müəllif. Sanki uzun illərdir, yazıb-yaratmış, püxtələşmiş bir sənət adamının qələmindən çıxmış əsər idi. Sonra bu imzaya müxtəlif qəzet və jurnallarda, saytlarda vaxtaşırı rast gəlməyə başladım.
Həcər xanımın əsərlərində oxucunu ən çox cəlb edən dil faktı, üslub gözəlliyi, axıcılıq, şirinlik və səmimilikdir. Bu əsərlər uzun müddət – əsrlərlə yaddaşda özünə yuva quran adət-ənənələrin, türk mənəviyyatının vərəqlərə köçürülməsi, gözəl və dərin yaddaşın oxucuya ötürülməsi, oxucu ilə müəllifin səmimi söhbəti, dərdləşməsi, keçirdiyi hisslərin oxucu ilə bölüşməsidir. Onun əsərlərində oxucunu ən çox cəlb edən səmimilik, dil şirinliyidir.
O əsər yaxşı əsər hesab olunur ki, oxucunu özünə kilidləsin, onu öz ardınca aparsın, oxucu əsərdən ayrıla bilməsin, zamanı, məkanı, özünü unutsun. Məhz Həcər xanımın əsərlərində bu ədəbiyyat faktının – söz faktının şahidi olursan. Müəllif oxucunun əlindən tutub öz ardınca mənəvi dünyasının ənginliklərinə apara bilir. O, dünyanın gözəllikləri, rəngarəng səhnələri, maraqlı insan xarakterləri və əsrarəngiz təbiət mənzərələri ilə oxucunu cəlb etməyi bacarır. Bədii əsərlərində, esse və publisistik məqalələrində müəllifin sözü necə sevdiyinin, ona necə böyük dəyər verdiyinin şahidi olursan. Yazıçı əsərlərində məhəbbətlə, qayğı ilə hər sözün, fikrin üzərində əsərək yaratdığı maraqlı obrazları bədii təxəyyülünün süzgəcindən keçirib ədəbiyyat faktına çevirir, oxucunu gözlənilməz səhnələrlə qarşılaşdırır, sevindirir, düşündürür, kədərləndirir. Bu əsərlərin heç birində qeyri-səmimi, qondarma, yerinə düşməyən söz, ifadə tapa bilməzsən.
все жанры