
Полная версия:
Qədim türklər
Təbii ki, Bizans bu şəraitlə barışa bilməzdi, çünki ipəyə dəyərindən artıq pul verməklə o, düşmən İranın güclənməsinə imkan yaradırdı. Müharibələr arası fasilələrdə Konstantinopol sarayı kədər hissi ilə nə qədər qızılının düşmənin cibinə axdığını hesablamalı olurdu. Lakin iqtisadi asılılıqdan qurtarmaq təşəbbüsləri faydasız qalırdı. Təxminən 531-ci ildə Yustinian Afrika tacirlərinin vasitəçi rolunu öz öhdələrinə götürmələri və ipəyin Bizansa Hind okeanından gətirilməsi haqqında Efiopiya kralı ilə razılığa gəlmək istədi. Lakin iranlılar Hindistan limanlarında elə nüfuza malik idilər ki, efiopiyalıların ipək inhisarını onların əllərindən almaq cəhdi səmərəsiz qaldı. 532-ci ildə bağlanan sülh isə ipək ticarətinin əvvəlki qaydalarını bərpa etdi.
İranla 540-cı ildə başlanan yeni müharibə Yustinianı xüsusi fərmanla ipəyin qiymətini aşağı salmağa vadar etdi, lakin fars tacirlərindən ipəyi həmin qiymətə almaq qətiyyən mümkün deyildi. Nəticədə xammal olmadığından Suriyadakı ipəktoxuma manufakturaları iflasa uğradı. 570-ci ildə Yəməni ələ keçirən Xosroy Ənuşirvan bizanslıların Qırmızı dəniz və Hind okeanı vasitəsi ilə şərqə çıxan yollarını qəti olaraq kəsdi. Elə həmin dövrdə də tarixi oyuna yeni oyundaş – türkyut xaqanlığı qoşuldu. Yuxarıda qeyd olunduğu kimi, türkyutlar Çindən xərac şəklində hər il xeyli ipək qoparırdılar. Çadırlarını bahalı ipəklərlə bəzəmələrinə baxmayaraq xanlar aldıqları parçanın hamısından istifadə edə bilmirdilər.
Eftalitlərin məğlubiyyətindən sonra soqdiyalılar türkyutların təbəəliyinə keçdilər. Onlar ən qədim zamanlardan həm Qərbdə, həm də Şərqdə zirək tacirlər kimi tanınırdılar. Eftalit ağalarını türkyutlarla əvəz etməklə soqdiyalılar yalnız qazanırdılar, çünki onların qarşısında Asiyanın daxili vilayətlərinə maneəsiz və təhlükəsiz yol açılırdı. İpək ticarətinin maksimum genişlənməsi həm soqdiyalıların, həm də izafi ipək parçaları üçün bazar axtaran türkyutların xeyrinə idi.
Soqdiyalı Maniax. Beləliklə, soqdiyalı tacirlər tam haqlı olaraq eftalitlərin darmadağın edilməsini öz tərəqqilərinin başlanğıcı sayırdılar. Həqiqətən də, Çinə gedən yol açıq və təhlükəsiz idi, türkyutlar özləri soyub-taladıqları, yaxud xərac kimi aldıqları ipəyi nə edəcəklərini bilmirdilər. Belə şəraitdə vasitəçi görünməmiş şəkildə varlana bilərdi. Məsələ yalnız ipəyi Bizansa çatdırmaqda idi, lakin bunun üçün Sasani şahı ilə razılığa gəlmək lazımdı. İstemi xan öz tərəfindən yeni təbəələrinin arzularına zidd getmirdi, üstəlik tacirlərin istəyi yaxın adamlarının mənafeləri ilə üst-üstə düşürdü. Ona görə də xan soqdiyalılarda toplanmış ipəyi İran ərazisindən daşımaq üçün soqdiyalı Maniaxı səlahiyyətli səfir kimi Sasani şahı ilə danışıqlara göndərməyə həvəslə razı oldu. Səfir hətta İran şahına ticarətə qoşulmaq —yəni ipək alıb Qərbdə baha qiymətə satmaq təklifi ilə müraciət etdi. Belə olduqda soqdiyalılar qiymətdə bir qədər uduzsalar da, mal dövriyyəsini artırmaqla xeyli qazana bilərdilər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Xarici şəraitin təsiri ilə orqanizmdə həyat fəaliyyətinin müvəqqəti olaraq dayanması və ya ağırlaşması.
2
Birinci xaqanlığın (546-658-ci illər) türkləri.
3
İkinci xaqanlığın (678-747-ci illər) türkləri
4
Yalnız köçəri uyğurların (747-847-ci illər) xanlıqları nəzərdə tutulur, sonrakı dövrlərin oturaq uyğurları burada nəzərdən keçirilmir.
5
Şimali Çjou deməkdir.
6
Н. Я. Бичурин. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена, т. I, М. – Л. 1950, с. 215.
7
Н. Я. Бичурин. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена, т. I, М. – Л. 1950, с. 249.
8
Bu müharibənin tarixi belə müəyyən edilir: Yuebanla vuruşan Datan taxta 414-cü ildə çıxmışdı. 415-ci ildə, Çinə yürüş etmişdi. Deməli, başı Şərqdə qarışmışdı. Çinə növbəti yürüş 424-cü ildə keçirilmişdi. Deməli, Yuebanla müharibə bu iki tarix arasındakı dövrə təsadüf edir. Numizmatikaya dair məlumatlar həmin tarixi daha da dəqiqləşdirməyə imkan verir. 417-ci ildə üzərində Kidaranın adı həkk edilmiş sikkə buraxılmışdı.
9
Kidaritlərin paytaxtının Bəlxdə yerləşməsi haqqında R. M. Qirşmanın ehtimalı özünü doğrultmadı.
10
Н. Я. Бичурин. Собрание сведений… т I, с 196.
11
Qərbi teleləri teleut adlandırmaq daha rahat və düzgündür, çünki Altay teleutları onların varisləridir. Dağınıq Şərqi tele tayfalarını isə sovet tarixşünaslığında qəbul edildiyi kimi teleslər adlandırmaq lazımdır.
12
Aydındır ki, jujan-eftalit ittifaqının bağlanması eftalit hökmdarlığı ilə Vey imperiyasının dostluq əlaqələrinə son qoydu. 516-520 və 526-cı ildə eftalit elçiləri artıq Cənubi Çinə deyil, Lyan imperiyasına gedirdilər. Onların apardıqları danışıqların Toba əleyhinə koalisiya yaratmaq olduğunu güman etmək mümkündür.
13
Н. Я. Бичурин. Собрание сведений… т. с: 196.
14
Orada, s. 197.
15
Н. Я. Бичурин. Собрание сведений… s.202
16
«Beş yüz ailə» – üslubi ifadədir, əslində «azsaylı» deməkdir
17
Çin tarixşünaslığında bu epoxa U-xu, yəni «beş barbar tayfa» adını daşıyır.
18
Н. Я. Бичурин. Собрание сведений… т. 1 с: 221.
19
Bu şərti termini biz 1959-cu ildə təklif etmişik
20
Anna Nopanto «Tezyu-Tsyundan (yəni Xesidən) olan yadelli köçəri» adlandırılır (b a x Н. Я. Бичурин. Собрание сведений… т. 1 с 228). Aşinanın ordası 100 il əvvəl həmin yerdən çıxmışdı. İlkin mənbədə onun mənşəyi təsadüfi göstərilmir. Türkyut knyazının yanına türkyut dilini bilən adam göndərilmişdi. Bu isə Aşina ordasının öz ilkin vətənləri ilə əlaqələrini itirmədiyini göstərir.
21
Orxon kitabələrində o, Bumın-xaqan adlandırılır. V. Bartold və P. M. Meleqoranski onu İstemi xanla bir şəxsdə eyniləşdirməyə çalışıblar. Lakin Tomson, Markvart, Aristov və Qrum-Qrjimaylo parlaq surətdə onların Çin mənbələrindəki İl-xan Qumına və Şetemiyə uyğun gələn iki qardaş olduqlarını sübut etmişlər.
22
N. İ .Biçurin bu tarixi 535-ci il kimi göstərir. Lakin bu tarix ehtimala az uyğundur, çünki imperiya yenicə dağılmışdı və qüvvələr düzümü hələ məlum deyildi.
23
Н. Я. Бичурин. Собрание сведений… т. 1 с. 228: Qrum-Qrjimaylo jujanlara qarşı «parpurumların çıxdığına güman edir («Западная Монголия и Урянхайский край, т. 2, Л., с. 220), lakin arabaların sayı Mərkəzi Asiyanın tele tayfalarının sayına uyğun gəlir (B a x: Д. Лозднев. Исторический очерк уйгуров, СРб, 1899, с. 38—89). Odur ki, Bumının həmin vaxta qədər Cunqariyada yaşayan və jujanların məhvindən sonra Baykala və Kerulenə qədər bütün Şərqə yayılmış tele tayfaları Konfederasiyasını itaət altına gətirdiyini düşünmək lazımdır.
24
S. Julyen bu xəbərin verildiyi mənbəni başqa cür tərcümə edir: Anaxuan özü öz əli ilə oğlu Yaploçeni öldürmüş və Tsiyə qaçmışdı. Lakin N. Y. Biçurinin tərcümə etdiyi Çin salnaməsi «Qan-mu» Anaxuanın intiharı haqqında məlumat verir.
25
Bu xanın aşağıdakı adları vardı: vəhşi heyvan adı – Tszuşu (yəni kuşu – quş), nəsil adı Sıqin (yəni nəvə, qardaş oğlu), ləqəbi – yandı (yəni qalib), titulu – Muyuy, yaxud Muğan. Biz elmi ədəbiyyatda daha çox işlədilən sonuncu addan istifadə edirik.
26
İnqilabın devrilişi olduğu padşah sülaləsinə tərəfdar çıxan irticaçı monarxist cərəyan.
27
Tibet mətnindəki Zama-xaqan, yaxud Zama-moğan Pelyonun təxmini ehtimalına görə Muğan xandır. «Zama» adı «azmış» ola bilməz, çünki göy türklərin sonuncu hökmdarı Ozmış xan hakimiyyət başında olduğu iki il müddətində (742—744) Şimala yürüşə çıxmamışdı. Ehtimal ki, «Zama»nı «Azma» («az» felinin inkarı) kimi oxumaq lazımdır. Türk xanlarının titullarında bu cür epitetlərə tez-tez təsadüf olunur
28
Bahadır – hələ VI əsrdə türk dilinə daxil olmuş monqon sözüdür, «yabqu» isə «xaqanın müavini» deməkdir.
29
Şavani səhvən Qərbə yürüşdə İsteminin öz qardaşını müşayiət etdiyi qənaətinə gəlmişdir. Lakin Şavannın dövründə «araç» etnominin mənası hələ açılmamışdı və o «apurim» adı ikinci etnonimlə birlikdə «apar-apurim» (Tomson), yaxud «parpurum» (P. M. Melioranski) kimi oxunurdu. Həm də Radlov bu etnik qrupu tele tayfası olan fufolo ilə eyniləşdirirdi. Məsələni türk alimi Bəhaəddin Ögel həll etdi. Türk alimi öz tədqiqatı ilə sübut etdi ki, «apurim» – Rum, yəni Bizansdan başqa bir şey deyildir. Bu və başqa tədqiqatların sayəsində qərb yürüşünün vaxtını müəyyənləşdirmək mümkün oldu, həmin düzəliş isə Şavannın türk xalqının iki qərb və şərq qolunun paralel mövcudluğu haqqındakı ehtimalını gündəlikdən çıxardı. İstemi Şərqin fəth olunmasına öz qardaşı oğlu Muğan xanın yabqusu kimi getmişdi. Hər iki qardaşın «Gül-tiginin böyük kitabəsində» şərqi turklərin əcdadı kimi xatırlanması ən qədim dövrdə bu xalqın iki qolu olması fikrini istisna edir. Ayrılma prosesi VII əsrdə, bizim aşağıda nəzərdən keçirəcəyimiz şəraitdə baş vermişdi.
30
Bu fakt yalnız «Qan-mu»da qeyd olunmuşdur.
31
Burada məskunlaşan çu qrupuna məxsus tayfalar – dulu və nuşibilər türkyutlarla eyni adət-ənənələrə malik idilər. Onlar dil baxımından da az fərqlənirdilər.
32
Turkyut xanının itaətində olan tayfalar sırasında xoliatların da adı çəkilir. Onları rus salnamələrində adları çəkilən xvalislər və buradan da çıxış edərək xarəzmlilərlə eyniləşdirirlər.
33
Xionitlər – sarmat-alan tayfalarının nəsilləri. S. P. Tolstovun Sır-Dəryanın aşağı axarında kəşf etdiyi «bataqlıq şəhərlərinin» sakinləri.
34
Var, yaxud uar – xionitlərin qonşuları, uqor qrupuna daxil olan tayfa.
35
Oqorlar, yaxud uqrlar – macarların əcdadları. VI əsrdə onlar Başqırdıstan ərazisində, Volqa və Ural çayları arasındakı düzənliklərdə yaşayırdılar. Rubrukun yazdığına görə XIII əsrdə Başqırdıstanın əhalisi macarlar üçün də anlaşıqlı olan dillərini qoruyub saxlayırdılar.
36
Feofilat Simokatta xüsusi olaraq oxucunu xəbərdar edir ki, bu «psevdoavarları» heç vəchlə «əsil avarlarla», yəni Orta Asiyada yaşayan abarlarla qarışdırmaq olmaz. Bu problem uzunmüddətli polemikaya səbəb olmuşdur.
37
Q. V. Vernadski ehtimal edir ki, bu da yox, tituldur, farsca «Sərnos», yəni «osların başçısı» deməkdir.
38
Firdovsi bu nikahın eftalitlərin darmadağın edilməsindən sonra, yəni 569-cu ildə bağlandığını güman edir. Lakin türk qızından doğulan şahzadə – Hörmüz 579-cu ildə taxta çıxmış, 590-cı il fevralın 6-da isə devrilmişdi. Bu zaman artıq onun yeniyetmə oğlu vardı. Artıq Şavani bu tarixi qəbul etmirdi. Lakin Təbərinin versiyasına görə nigah və ittifaq eftalitlərlə müharibədən çıxış etdikdə Hörmüzün yaşı da heç bir şübhə doğurmur, həlak görə 555-ci ildə başlanmışdı. Çox güman ki, çinlilər bu məlumatı İran elçiliyindən almışdılar. Həmin tarix (555-ci il) İsteminin qərb yürüşünün başlanğıcı ilə eyni vaxta düşür. Bu tarixdən çıxış etdikdə Hörmüzün yaşı da heç bir şübhə doğurmur, həlak olanda onun 36, oğlunun isə 16-18 yaşı vardı. İran elçiliyi Belazuri və İbn Xerdadbehin əsərlərində də xatırladılır, lakin onların şərhi son dərəcə təhrif olunub və həqiqətə uyğun gəlmir.
39
Maymurq – Səmərqənd əyalətində, Zərəfşandan cənub tərəfdə knyazlıq.
40
Üçüncü yolla Qırğızıstandan Qaraşara gedən ilk avropalı V.İ. Roborovski (1893-cü il) olmuşdur.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов