banner banner banner
Ölü canlar
Ölü canlar
Оценить:
Рейтинг: 0

Полная версия:

Ölü canlar

скачать книгу бесплатно


Çiçikov:

– İltifat buyurun, – dedi, – nə xoş söhbət? Mən vecsiz bir adamam, başqa bir şey deyiləm.

– Ba, Pavel İvanoviç, icazə verin sizinlə açıq danışım: sizin malik olduğunuz məziyyətlərin bircəciyini mənə versəydilər, mən bütün var-dövlətimin yarısını gülə-gülə verərdim!..

– Mən isə öz tərəfimdən çox böyük bir xoşbəxtlik hesab edərdim ki…

Əgər bu zaman nökər içəri girib yeməyin hazır olduğunu xəbər verməsəydi, kim bilir, bu iki dostun öz hisslərini bir-birinə izhar etmələri nə yerə gəlib çıxacaqdı.

Manilov dedi:

– Buyurun, acizanə rica edirəm! Bizim naharımız kübar məclislərində və paytaxtlarda gördükləriniz kimi olmadığından bizi əfv edin; bizimki rus qaydasınca hazırlanan adi şşidir, amma təmiz ürəklə verilir. Acizanə rica edirəm, buyurun!

Burada da xeyli buyur-buyur oldu, axırda Çiçikov yemək otağının qapısından yanpörtü içəri girdi.

Manilovun iki oğlu yemək otağında idi, onlar elə yaşda idi ki, bu yaşda uşaqlar süfrə başında otursalar da, hələ hündür stulda otururdular. Onların yanında müəllimləri dayanmışdı. O gülümsəyərək, ədəblə baş əydi. Manilovun arvadı şorba qabının qarşısında oturdu. Qonağı ev yiyəsi ilə ev yiyəsinin arvadının arasında oturtdular. Nökər uşaqların boynuna xörək dəsmalı bağladı.

Çiçikov uşaqlara baxaraq dedi:

– Nə sevimli uşaqlardır! Neçə yaşları var?

Manilovun arvadı cavab verdi:

– Böyüyünün səkkiz yaşı var, kiçiyinin isə hələ dünən altı yaşı tamam olmuşdur.

Manilov böyük oğluna dönərək dedi:

– Femistoklyus! – Lakey xörək dəsmalını bağlayanda onun çənəsini də bağlamışdı, indi o çənəsini xörək dəsmalın altından çıxarmağa çalışırdı.

Çiçikov qismən yunan adı olan, lakin Manilovun nədənsə axırına bir «yus» da əlavə etdiyi bu adı eşidərək qaşını bir qədər qaldırdı, lakin o saat da üzünə əvvəlki ifadəni verməyə çalışdı.

– Femistoklyus, de görüm, Fransada ən yaxşı şəhər hansıdır?

Bu zaman müəllim bütün diqqətini Femistoklyusa verdi, elə bil ki, o atılıb uşağın gözlərinə girmək istəyirdi, lakin Femistoklyus «Paris» deyəndə o tamamilə sakitləşdi və başı ilə razılıq işarəsi etdi.

Manilov yenə də soruşdu:

– Bəs bizim ən yaxşı şəhərimiz hansıdır?

Müəllim yenə də diqqətlə uşağa baxdı.

Femistoklyus:

– Peterburq, – deyə cavab verdi.

– Daha hansıdır?

– Moskva.

Çiçikov bunu eşidib dedi:

– Ağıllı bala! – Sonra o üzündə bir qədər heyrət ifadəsilə Manilovla arvadına baxdı: – Bu yaşda olasan, belə də biliyin olsun!.. Mən sizə deməliyəm ki, bu uşağın çox böyük qabiliyyəti olacaq.

Manilov:

– Ba, siz hələ onu yaxşı tanımırsınız! – dedi, – o çox zəkalıdır. Bu Alkid ki, var, balaca oğlum, o elə zirək deyil, amma bu bir cücü, bir böcək görsə o saat gözləri yerindən oynayır, ardınca yüyürür, o saat da diqqət yetirir. Mən onu diplomatlığa hazırlayacağam. – Oğluna dönərək əlavə etdi: – Femistoklyus, səfir olmaq istəyirsinizmi?

Femistoklyus çörək yeyə-yeyə, başını sağa və sola əyə-əyə cavab verdi:

– İstəyirəm.

Bu zaman dal tərəfdə duran lakey səfirin burnunu sildi və çox yaxşı da elədi, yoxsa onun burnundan şorbanın içinə bir yekə damcı kənar şey düşəcəkdi. Süfrə başında sakit həyatın insana verdiyi ləzzətdən söhbət başlandı, lakin Manilovun arvadı bəzən şəhər teatrı və aktyor haqqında olan qeydlərilə bu söhbəti qırırdı. Müəllim söhbət edənlərə çox diqqətlə baxırdı: onların dodaqucu gülmək istədiklərini duyan kimi ağzını açıb bərkdən gülürdü. Görünür, o, yaxşılıq bilən bir adamdı: bununla ev sahibinə, onunla yaxşı rəftar etdiyi üçün, öz minnətdarlığını bildirmək istəyirdi. Lakin bircə kərə onun üzündə sərt bir ifadə göründü və qarşısında oturan uşaqlara gözlərini zilləyərək çox ciddi halda barmağını stola vurdu. Bunu o lap yerində etmişdi, çünki Femistoklyus Alkidin qulağını dişləmişdi. Alkid də gözlərini yumaraq ağzını açıb çox yanıqlı ağlamaq istəyirdi, ancaq bununla yeməkdən çox asanlıqla məhrum ediləcəyini duyaraq, ağzını əvvəlki vəziyyətinə saldı, gözləri yaşarmış halda əlindəki qoyun sümüyünü gəmirməyə başladı: sümük gəmirməkdən onun yanaqları işıldayırdı. Manilovun arvadı çox tez-tez Çiçikova: «Siz heç bir şey yemirsiniz, siz çox az götürdünüz» deyə müraciət edirdi. Çiçikov da bunun qabağında hər dəfə ona deyirdi: «İltifatınız artıq olsun, mən doymuşam, xoş söhbət hər bir xörəkdən yaxşıdır».

Nahar qurtardı, ayağa durdular. Manilov son dərəcə məmnun idi; əlini Çiçikovun kürəyinə qoyaraq, onu qonaq otağına aparmaq istəyirdi ki, birdən qonaq çox ciddi bir tövrlə, çox mühüm bir iş haqqında onunla danışmaq niyyətində olduğunu bildirdi.

Manilov:

– Onda icazə verin kabinetimə buyurmağınızı sizdən xahiş edim, – deyərək Çiçikovu, pəncərələri meşəyə baxan kiçik bir otağa apardı. – Bu da mənim guşəm.

Çiçikov otağı gözdən keçirərək dedi:

– Ürəyə yatan bir otaqdır.

Otaqda doğrudan da ürəyə yatan cəhətlər vardı: divarlar boza çalan mavi bir boya ilə rənglənmişdi; burada dörd stul, bir kreslo, bir stol, stolun da üstündə, yuxarıda qeyd etdiyimiz, arası əlfəcinli bir kitab, bir neçə vərəq yazılmış kağız, xeyli də tütün vardı: tütün o biri şeylərin hamısından çox idi, özü də müxtəlif şəkildə: kartuzda, tütün qabında qoyulmuşdu, bir yığın da stol üstünə tökülmüşdü. Pəncərələrin hər ikisində çubuqdan boşaldılmış və səy ilə çox qəşəng sıralarla yan-yana düzülmüş kül yığınları görünürdü. Aydın bilinirdi ki, ev sahibi vaxtını bəzən belə şeylərlə keçirir.

Manilov dedi:

– İcazə verin bu kresloda əyləşmənizi sizdən xahiş edim. Bura sizin üçün daha rahat olar.

– İcazə verin, stulda oturum.

Manilov gülümsəyə-gülümsəyə:

– İcazə verin mən bunu sizə icazə verməyim, – dedi. – Bu kreslo ancaq qonaq üçündür: istəsəniz də, istəməsəniz də oturmalısınız.

Çiçikov oturdu.

– İcazə verin sizi çubuğa qonaq eləyim.

Çiçikov mehribanca və təəssüf ifadə edən səslə dedi:

– Mən tütün çəkmirəm.

Manilov da mehribanca və təəssüf ifadə edən bir səslə soruşdu:

– Niyə?

– Adət eləməmişəm, qorxuram, deyirlər ki, çubuq adamı qurudur.

– İcazə verin mən sizə ərz edim ki, bu doğru fikir deyil. Mən hətta belə güman edirəm ki, çubuq çəkmək burunotu çəkməkdən çox-çox yaxşıdır. Bizim polkda bir poruçik vardı, çox gözəl və çox oxumuş adamdı, çubuğu o nəinki süfrəyə oturanda, hətta, ayıb da olsa, başqa yerlərə gedəndə də ağzından çıxarmazdı. İndi onun yaşı qırxdan ötüb, amma, şükür allaha, hələ də elə sağlamdır ki, heç olmayan kimi.

Çiçikov dedi ki, doğrudur, belə şey ola bilər, insanın təbiətində bir çox şeylər var ki, hətta böyük ağıl sahibi olanlar da bunun səbəbini izah edə bilmirlər.

– Ancaq, icazə verin, əvvəl mənim bir xahişim var… – Çiçikov bunu elə bir səslə dedi ki, bu səsdə qəribə, ya qəribə olacaq dərəcədə bir ifadə vardı və bunu deyəndən sonra nədənsə dönüb geriyə baxdı. Manilov da nədənsə dönüb geriyə baxdı. – Siz çoxdanmı iltifat buyurub təhkimli kəndlilərin siyahısını vermisiniz?

– Bəli, çoxdan vermişəm, doğrusu heç yadımda deyil.

– O vaxtdan bəri sizin çoxmu kəndliniz ölmüşdür?

– Bundan xəbərim yoxdur. Mən belə güman edirəm ki, bunu prikazçikdən[9 - Приказчик (rus) – mülkədar mülkünü idarə edən şəxs] soruşmaq lazımdır. A gedə, prikazçiki çağır gəlsin, bu gün o burada olmalıdır.

Prikazçik gəldi. Onun qırxa yaxın yaşı olardı, saqqalını qırxdırmışdı, əyninə sürtuk geymişdi, görünür o çox rahat həyat keçirirdi: dolğun üzü elə bil ki, şişmişdi, sarıya çalan dərisi və xırda gözləri onun pərqu döşəklərə və nazbalışlara çox yaxşı bələd olduğunu göstərirdi. Baxan kimi bilmək olurdu ki, bu fəaliyyət sahəsinə o da başqa mülkədar prikazçikləri kimi gəlib çıxmışdır: əvvəl ağa evində yazı-pozu bilən kiçik nökər olmuş, sonra xanımın istəkli qulluqçularından birisilə – təsərrüfat işlərinə baxan bir qadınla evlənmiş, sonra isə özü təsərrüfat işlərinə baxmış, bundan sonra da prikazçik olmuşdur. Prikazçik olandan sonra da məlum şeydir ki, başqa prikazçiklər kimi hərəkət etməyə başlamışdır: kənddə daha çox varlı olan adamlarla durub-oturmuş, onlarla dostluq etmiş, kasıbların töycüsünü artırmış, səhər saat doqquzda yuxudan durmuş, samovar gözləmiş və çay içmişdir.

– Dost, mənə bax görüm, kəndlilərin siyahısı tutulandan sonra bizdə neçə kəndli ölmüşdür?

– Necə yəni? O vaxtdan bəri çox kəndli ölüb. – Prikazçik bunu deyib əlini sipər kimi ağzına qoyaraq hıçqırdı.

Manilov onun sözünə əsaslanaraq dedi:

– Bəli, etiraf edirəm ki, mən özüm də belə düşünürdüm. Bəli, çox kəndli ölmüşdür! – Çiçikova sarı dönərək əlavə etdi: – Doğrudur, çoxları ölmüşdür.

Çiçikov soruşdu:

– Məsələn, nə qədər olar?

Manilov da onun sözünü təkrar etdi:

– Hə, nə qədər olar?

– Nə qədər olduğunu hardan bilmək olar! Məlum deyil axı, ölənləri heç kəs saymayıb.

Manilov Çiçikova sarı dönərək:

– Bəli, bəli, heç kəs saymayıb, – dedi, – mən də elə güman edirəm ki, ölən çoxdur. Ancaq heç məlum deyil ki, nə qədər ölmüşdür.

Çiçikov prikazçikə dedi:

– Rica edirəm, sən get onları say, hamısının da adbaad siyahısını tut.

Manilov da son sözləri təkrar etdi:

– Bəli, hamısının da adbaad siyahısını tut.

Prikazçik: «Baş üstə» deyib getdi.

Prikazçik gedəndən sonra Manilov Çiçikovdan soruşdu:

– Bu axı sizin nəyinizə lazımdır?

Bu sual, deyəsən, qonağı bir qədər çətinliyə saldı; onun üzündə gərgin bir ifadə göründü. Hətta bundan qızardı da, sanki o nəsə demək istəyirdi, ancaq bunu söz ilə ifadə etməyə çətinlik çəkirdi. Doğrudan da Manilov öz dostundan elə qəribə və elə fövqəladə şeylər eşitdi ki, bunu hələ bu vaxta qədər insan qulağı eşitməmişdi.

– Siz soruşursunuz ki, bu mənim nəyimə lazımdır: bu mənə ona görə lazımdır ki, mən kəndli almaq istərdim… – Çiçikov kəkələyərək sözünü tamamladı.

Manilov:

– İcazə verin sizdən bir şey soruşum, – dedi, – siz kəndliləri necə almaq istəyirsiniz: torpaqları ilə bir yerdə, ya ayrılıqda, yəni ki, torpaqsız?

Çiçikov ona belə cavab verdi:

– Yox, mən əməlli-başlı kəndlilər almaqdan danışmıram, mən ölü kəndlilər almaq istəyirəm…

– Necə? Bağışlayın… Mən bir az ağır eşidirəm, qulağıma, deyəsən, çox qəribə bir söz dəydi…

– Mən ölü kəndliləri almaq istəyirəm, ancaq onlar siyahıda diri kimi göstərilməlidirlər.

Manilov bu sözü eşidəndə çubuğu əlindən yerə düşdü, ağzı açıldı və bir neçə dəqiqə elə bu vəziyyətdə qaldı. Dostluq həyatının gözəlliyindən bəhs edən bu iki dost, qədim zamanda divar aynalarının hər iki tərəfindən üz-üzə asılan portretlər kimi, gözlərini bir-birinə dirəyərək hərəkətsiz qaldılar. Nəhayət, Manilov çubuğu yerdən qaldırdı və altdan yuxarı Çiçikovun üzünə baxdı: o öz dostunun dodaqlarında istehzalı ya başqa bir təbəssüm olub-olmadığını görmək istəyirdi, ya bəlkə də dostu onunla zarafat edirdi. Ancaq o belə bir şey görmədi, əksinə, dostunun üzü hətta əvvəlkindən də ciddi idi. Sonra Manilov düşündü ki, bəlkə qonaq, demək olmaz, birdən dəli-zad olar, buna görə də qorxa-qorxa, həm də çox diqqətlə onu gözdən keçirdi. Lakin qonağın gözləri lap adi qaydasında idi: dəli adamların gözləri kimi vəhşicəsinə qaynamırdı, alışıb yanmırdı, ədəb xaricində heç bir şey yox idi, hər şey yerli-yerində idi. Manilov çox düşündü, çox götür-qoy elədi, çox tədbir tökdü, lakin ən nəhayət ağzında qalan tüstünü çox nazik halda bayıra buraxmaqdan başqa ayrı bir şey düşünə bilmədi.

– Bəli, mən bilmək istərdim ki, siz həqiqətdə canlı olmayan, lakin qanuni rəsmiyyət nöqteyi-nəzərindən canlı olan kəndliləri mənə verə bilərsinizmi, ya bəlkə sizin bu barədə daha yaxşı bir təklifiniz var?

Manilov elə utanmış və özünü elə itirmişdi ki, dinməz durub ona baxırdı.

Çiçikov soruşdu:

– Deyəsən, siz çətinlik çəkirsiniz?

Manilov:

– Mən?.. Yox, elə deyil, – dedi, – ancaq mən başa düşə bilmirəm ki… əfv edin… mən əlbət ki, elə gözəl təhsil ala bilməmişəm, necə ki, bu, belə baxanda, sizin hər bir hərəkətinizdə nəzərə çarpır; mən danışmağın yüksək sənətinə malik deyiləm… Bəlkə də burada… sizin indicə ifadə etdiyiniz izahatınızda… başqa gizli bir şey var… Bəlkə də siz, üslubunuz gözəl çıxsın deyə, fikrinizi buyurub belə izah etdiniz?

Çiçikov:

– Yox, yox, – dedi, – mənim nəzərdə tutduğum şey elə o şey özüdür, yəni o kəndlilərdir ki, onlar lap yəqin ölmüşdür.

Manilov lap özünü itirdi. O hiss edirdi ki, nə isə bir şey etməlidir, bir sual verməlidir, lakin necə sual – bunu təyin edə bilmirdi. Bu dəfə də o, ağzındakı tüstünü buraxmaqla düşüncəsinə yekun vurdu, ancaq tüstünü ağzından yox, burun deşiklərindən çıxartdı.

Çiçikov:

– Belə, əgər bir maneə-filan yoxsa, onda allahın iznilə qəbalə[10 - Купчая крепость (rus) – təhkimli kəndlini alqı-satqı müqaviləsi] bağlamağa qədəm qoya bilərik, – dedi.

– Necə, ölmüş kəndlilər üçün qəbalə?

– Bağlamaq olmaz? Biz yazarıq ki, onlar ölməmişdir; həqiqətdə təhkimçilik siyahısında da belədir. Mən mülki qanunlardan qətiyyən kənara çıxmamağa adət etmişəm, elə bunun da üstündə qulluqda mənim başıma iş gəldi; ancaq yox, bağışlayın, vəzifə mənim üçün müqəddəsdir, qanun da elə – mən qanundan çıxa bilmərəm.

Son sözlər Manilovun xoşuna gəldi, ancaq əsl məsələdən yenə də bir şey anlaya bilmədi; Çiçikova cavab vermək əvəzinə çubuğunu bərk-bərk sordu, elə də sordu ki, çubuq faqot[11 - Musiqi aləti.] kimi xırıldamağa başladı. Elə bil ki, o, Çiçikovun təklif etdiyi bu qəribə məsələ haqqında çubuqdan bir rəy almaq istəyirdi, çubuq isə ancaq xırıldayır, başqa bir şey söyləmirdi.

– Bəlkə siz bir şeydən şübhələnirsiniz?

– Ba! Heç elə də şey olar! Rica edirəm! Qətiyyən! Mən o barədə demirəm, yəni sizin haqqınızda tənqidi bir fikirdə-zadda deyiləm. Ancaq icazə verin, sizin qulluğunuza ərz edim ki, bu şeydən və, daha düzgün ifadə etmək lazım gəlirsə, bu alverdən, bəli, bu alverdən mülki qərarlar üçün və Rusiyanın gələcək işləri üçün bir uyğunsuzluq əmələ gəlməz ki?