Читать книгу Metro-2033 (Дмитрий Алексеевич Глуховский) онлайн бесплатно на Bookz (7-ая страница книги)
Metro-2033
Metro-2033
Оценить:

4

Полная версия:

Metro-2033

– Gəlin, yoldaşlar. Əvvəlcə bir az oturaq, bu oturmaq bizə şans gətirəcək, – dedi.

Komandir illərlə istifadə edildiyi üçün sürtülüb parıldayan bir taxtanın üstünə oturdu. Digərləri də onu izlədilər.

– Tanrı bizi qorusun! Tanrı yar olsun bizə!

Komandir təkrar yerindən ayağa qalxdı, relsin üstündən tullandı. Dəstənin başına keçərək yerində oturdu. Qrupun ən cavanları, Artyomla Jenya heç də asan olmayan vəzifələri üçün arabanın üzərinə dırmaşdılar. Arxadan Kirillə könüllülər gəlib qrupu tamamladılar.

Zabit “İrəli!” deyə, səsləndi. Artyomla Jenya arabanın üstünə uzandılar, Kirill arabanı arxadan itələyib ağır-ağır irəliyə tərəf hərkət etdirdi. Qrup az sonra cənub tunelinin dəhlizində gözdən itdi.


4

TUNELİN SƏSİ

Komandirin əlindəki fənərdən yayılan zəif işıq tunelin divarlarına nəfis sarı ləkə dolandırıb nəmli döşəməni yaladıqdan sonra fənərin uzağa çervilməsiylə gözdən itdi.

Qabaqlarında, demək olar ki, on addımlıq uzaqlıqdan başlayan dərin qaranlıq, sonsuz acgözlüklə şüaları udurdu. Araba həmişə eyni düzlükdə, səs salaraq yoxluğa doğru yol alırdı. Nimdaş çəkmələrin çıxardığı qəribə tıqqıltılar, nəfəs almaqları da eynilə drezinin gedişilə eyni tempdəydi.

Cənubdakı növbə nöqtələrini arxada buraxmışdılar, ocağın son yanması da tunelin arxasınca çoxdan itmişdi.

VDNX stansiyasına aid zona arxada qalmışdı. Son vaxtlarda qonşuluq əlaqələrinin yaxşılaşması, iki stansiya arasındakı birlik məsələsinin yenidən canlanmasından dolayı “Rijskaya”ya qədər uzanan xətt nə qədər təhlükəsiz görünsə də, tətikdə olmaq vacibdi.

Həqiqətən, təhlükə hər zaman şimal və ya cənubdan gəlmirdi. Yuxarıdakı havalandırma süzgəclərində, sağda və soldakı yolayırıcılarında, əvvələr stansiya rəhbərliyinin iş məkanı kimi istifadə edilən qapıları sürgülənmiş otaqlarında, yaxud gizli çıxışlarda, metronu inşa edənlərdən qalan, təmir işlərini yerinə yetirən komandirlərin unutduqları, itirdikləri qəribə qutularda da ola bilərdi. Çox əvvəllər, metronun sadəcə nəqliyyat vasitəsi kimi xidmət etdiyi vaxtlarda, ən cəsarətli qəhrəmanların belə gözünü qorxudan dəhlizlərdən birində, qorxulu şeylər meydana gəlmişdi. Komandirin fənəri məhz bu səbəbdən dayanmadan tunelin divarlarını yoxlayırdı, arxadan gələnlərin barmaqları da bu səbəbdən silahlarının təhlükəsizlik mexanizminin üzərində, tətiyi çəkməyə hazır şəkildə gözləyirdi. Çox danışmırdılar: çünki boşboğazlıq tuneldən gələn səsləri eşitməyə mane ola bilərdi.

Artyom çoxdan yorulmuş olduğu halda yenidən arabanın qolundan tutdu, arabanın qolu yüksəlir və ara vermədən təkrar enir, relsin üstüylə səs çıxara-çıxara gedirdi. Qabağında heç nə görmədən ancaq qabağa tərəf baxırdı; həm arabanın hərəkəti və Hanterin bir neçə gün bundan əvvəl dedikləri beynində fırlanırdı. Moskva metrosunun böyük bir hissəsində zil qaranlıq hökm sürürdü. “Polis” stansiyasına necə gedəcəyini fikirləşirdi. Amma yavaş-yavaş bütün əzalarına yayılan sancı, taqət qalmayan ayaqlarından bud sümüyünə qədər uzanan, əllərini əhatə edən yorğunluq, onsuz da qarışıq olan bütün düşüncə kanallarını beynindən xaricə itələyirdi. Əvvəl alnında kiçik damcılar şəklində toplanan isti, duzlu tər damcıları indi sel kimi axaraq gözlərini yandırsa da, tərini silə bilmirdi. Çünki digər tərəfdə Jenya vardı, əgər qolunu buraxsa, bütün ağırlıq və güc Jenyanın üzərinə düşəcəkdi. Artyomun gicgahı get-gedə lap ağrımağa başladı. Birdən hələ uşaqkən gicgahındakı ağrıları hiss etməmək üçün bədənini bu əziyyətə salan bir hərəkəti, necə həvəslə etdiyi yadına düşdü. Gözlərini bağlayan kimi, özünü rəsmi tədbirə hazırlaşan marşal kimi xəyal edir, sadiq qüvvələr, bölüyün ən kənar hissəsindəki əsgərlər, başları ona tərəf çevrilmiş şəkildə parıldayan çəkmələriylə qabağından keçirdi. Bütün bunları orduyla bağlı kitablardakı rəsmlərdən öyrənmişdi.

Nəhayət, komandir başını tərpətmədən səsləndi:

– Yaxşı, uşaqlar! Hamınız enin aşağıya, yer dəyişdirin! Yolun yarısına gəlmişik artıq!

Artyomla Jenya bir-birlərinə baxıb aşağıya düşdülər. Əslində arabanın qabağında və ya arxadakı yerləri almalı olduqları halda komandir kimi relsin üzərində oturdular.

Komandir diqqətlə onları süzdükdən sonra yazıq səslə:

– Yoruldunuz! – dedi.

Jenya cavab verdi:

– Bəli, düz deyirsiz, yorulduq!

– Qalx ayağa, qalx ayağa! Burda oturmaq olmaz! İrəli marş! Sizə maraqlı əhvalat danışacam.

Jenya istəksiz halda ayağa qalxaraq:

– Biz də sizə çox şeylər danışa bilərik, – cavab verdi.

– Sizin hekayələri bilirəm. Qaralar, mutantlar və digər qorxulu söhbətlər. Həmçinin, göbələkləriniz…

Amma bəzi şeylər var ki, heç eşitməmisiz. Bunlar sadəcə qorxulu nağıldır, yoxsa yaşanmış şeylərdi, heç kim bilmir. Bu günə qədər də belə qalıb. Yəni bunu yoxlayan insanlar olub, lakin əminəm ki, bizə nə tapdıqlarını artıq deməzlər.

Komandirin sözləri Artyomun yenidən güc toplamasına, ruhlanmasına kömək etmişdi. Hazırda əhəmiyyətli olan “Prospekt Mira” tərəfdə nələrin baş verdiyini öyrənməkdi. Relslərin üstündən cəld qalxdı, avtomatının köməyilə arabanın arxasındakı yerinə keçdi. Yenidən arabanı hərəkətə gətirdilər və yollarına davam etdilər. Komandir gözlərini qaranlığa zilləyərək söhbətinə davam etdi:

– Öz-özümdən soruşuram, görəsən, sizin nəsil metro haqqında nə bilir, bir-birinizə ağlınıza gələn bütün qorxulu hekayə və nağılları danışırsız, bu hekayələri biriniz digərinə çatdırır, o da əlavələr edib digərinə danışır, beləcə əvvəlki formasından çox fərqli şəkildə yayılır. Bax, budur metronun ən böyük sıxıntısı: təhlükəsiz əlaqə vasitəsi yoxdur! Bir tərəfdən o biri tərəfə rahat getmək olmur, mümkün deyil. Bir yerdə keçməyə icazə verilmir, başqa stansiyada yola barikadalar qurublar, digər stansiyada oğurluq, digərində başqa xoşagəlməz hadisələr…

Metro istənilən halda böyük tordur, indi elə düşünürsüz ki, metrostansiyalar bir-birindən çox uzaqda yerləşir? Əsla belə deyil!

– Əvvəllər ən sonuncu stansiyaya qatarla bir saata gedirdik.

Bu günsə insanlar günlərlə, həftələrlə getməklə bir stansiyadan digərinə gedib çata bilmirlər, çatanda da böyük əziyyətlərlə. Çünki bir sonrakı yol ayrıcından sonra səni hansı qəribəliklərin gözlədiyini bilmirsən. Misal üçün; hazırda Rijskaya stansiyasına yardım aparırıq. Amma çatanda bizi güllə atəşinə tutmayacaqlarına nə mən nə də başqası təminat verə bilməz. Yaxud bir canlının belə qalmadığı, yaşamadığı stansiyayla qarşılaşmayacağımızı, “Rijskaya”nın artıq “hanza”lılara aid olmadığı üçün metronun geri qalan hissəsinə keçə bilməyəcəyimizi – həm də heç vaxt – bütün bunlar üçün heç kim zəmanət verə bilməz. Doğru, dəqiq xəbər mənbələrimiz yoxdur. Misal üçün; bir az əvvəl hansısa məlumat aldın, axşam olanadək baxırsan ki, öyrəndiyin şey keçmişdə qalıb, xəbər çoxdan köhnəlib, ertəsi gün artıq buna güvənə bilməzsən. Sanki əlində yüz illik xəritəylə çöllük ərazidə yola çıxırsan. Kuryerlər bu məktubu o qədər gec gətirib çıxarırlar ki, xəbər sənə çatanda, ya buna artıq ehtiyac duyulmur, ya da hadisələr aktuallığını itirir. Həqiqət ortaya çıxmır və həqiqət, hadisələr, beləcə, yaddaşlardan silinir. İnsanlar üçün bu çox yeni, alışılmamış vəziyyətdir. Generatorlarımızın yanacağı tükənəndə, elektirsiz qaldığımızda nə baş verəcəyini düşünmək belə istəmirəm. Herbert Uelsin “Zaman maşını” kitabını oxumusuz? Orada morloklar var…

Bu hekayəni Artyom çoxdan bilirdi, artıq gün ərzində ikinci dəfəydi, morloklar barədə eşidirdi. Ona görə də söhbəti əvvəlki axarına qaytarmaq istədi:

– Yaxşı, sizin nəsildən insanlar yeni metro haqqında nə bilir?

– Hm-m… Tuneldəki bütün bu lənətəgəlmiş şeylər haqqında danışmaq yaxşı əlamət deyil. “Metro-2” və görünməyən nəzarətçiləri deyirsən? Orada daha əvvəllər “Puşkinskaya” stansiyasısının olduğunu bilirdiz? “Çexovskaya” və “Tverskaya”²⁰ stansiyalarına gedən keçidləriylə birgə hamısının faşistlər tərəfindən işğal edildiyini necə?”

– Hansı faşistlər? – Jenya soruşdu.

– Bildiyimiz faşistlər. Hələ biz orada yaşayarkən, – Komandir barmağıyla yuxarını işarə etdi, – onlar beləydilər, – əlini başına çəkdi, – Başları qırxılmış halda ortada gəzirdilər. RNE deyirdilər onlara. Mənasını bilmirəm. Heç özləri də bilməzlər yəqin, unudarlar… Xaricilərin ora köçməklərinə qarşı çıxdılar. Onda dəbdi. Sonra birdən-birə yox oldular…

Onları nə görən, nə eşidən oldu. Amma bir müddət əvvəl “Puşkinskaya” stansiyasında yenidən meydana çıxdılar. “Metro Ruslar üçün”. Belə şüar eşitmisiz? Və ya: “Yaxşılıq et, metronu təmizlə!” Rus olmayanların hamısı əvvəlcə “Puşkinskaya”dan qaçdılar, sonra “Çexovskaya” və nəhayət, “Tverskaya”dan19. Nəticədə yaxşıca rahatlandılar və qorxulu soyqırımları təşkil etdilər.

Hazırda orada Reyx qurublar… Dördüncüdür, yoxsa beşincidir..

Hələ o qədər də uzağa getmirlər, amma bizim nəsildən olanlar XX əsrin bu hekayəsini xatırlayırlar. Digər tərəfdən faşistlər nədir ki? “Filyovskaya” xəttində artıq mutantlar var. Sonra bizim qaralar. Nəhayət, bir-birindən fərqli çoxlu məzhəb, sonra satanistlər, kommunistlər. Qısası, dölbeyin yığıncağıdır bura!

Uzaqdan ölü bir işıq göründü. “Alekseyevskaya”ya yaxınlaşırdılar. Bu stansiyanın 50-ci metrdə sadəcə bir növbətçi hissəsi vardı, o tərəfə getmək daha mümkün deyildi. Patrulların atəşinə təxminən 40 metr qalmış, komandir “Dayan!” əmrini verdi. Sonra fənərini müəyyən zaman ərzində bir neçə dəfə yanıdırıb söndürdü. İşığın qabağında kölgə peyda oldu. Bir nəfər onlara yaxınlaşdı. Hələ uzaqdaykən səsləndi:

– Olduğunuz yerdə qalın! Yaxınlaşmayın!

Artyom özünə sual etdi: “Hər zaman dost bildiyimiz stansiyada, bir gün düşmən kimi qarşılaşacağımız mümkündümü?”

Adam tələsmədən onlara tərəf yaxınlaşdı. Əynində nimdaş hərbi şalvar, üstündə “A” hərfi yazılan sırıqlı vardı. Görünür, “A” hərfi stansiyanın adını bildirirdi. Üzü tüklüydü, gözləri narahat şəkildə işıldayır, əlləri də boynundan asılı avtomatın qundağında əsəbi-əsəbi gəzirdi. Gələnlərin üzünə diqqətlə baxıb gülümsündü:

– Salam, yoldaşlar! Necəsiz? Yolunuz “Rijskaya”ya tərəfdir, deyəsən? Sizin gəlişiniz haqqında məlumatımız var, bizə əvvəlcədən xəbərdarlıq edilib. Gəlin!

Komandir növbətçidən nəsə soruşurdu. Amma elə danışırdı, heç nə eşidilmirdi.

Artyom Jenyaya dedi:

– Gör, nə əzabkeş siması var! Hiss edirəm ki, onlar keflərindən birləşmir bizimlə…

– Nə etmək olar? – Jenya dostunun sualına cavab verdi, – Bizim də öz məqsədlərimiz var. Əgər bizim rəhbərlik onlara güvənirsə, deməli, bizə köməkləri dəyəcək. Sırf xeyriyyəçilimizdən ötrü onları doyuracaq deyilik.

Araba 50 metrdən sonra oxşar geyimdə digər növbətçinin də olduğu tonqalı geridə qoyaraq stansiyaya daxil oldu. “Alekseyevskaya” stansiyası pis işıqlandırılmışdı. Stansiya sakinləri yorğun, ümidsiz görünsələr də VDNX-dən gələn qonaqları dostcasına qaşıladılar. Qrup stansiyanın mərkəzində dayandı, komandir onlara siqaret fasiləsi verdi. Artyomla Jenya drezində növbədə qaldılar, digərlərini ocağın yanına dəvət etdilər.

– Faşistlər və qurduqları dövlət barədə ilk dəfə eşidirəm, – Artyom dostuna dedi.

– Əvvəllər bir nəfər mənə metroda faşistlərin olduğundan danışmışdı. Lakin o, faşistlərin “Novokuznetskaya”da olduqlarını demişdi.

– Kim demişdi?”

– Lyoxa.

Artyom üzünü turşutdu:

– O sənə yaman çox maraqlı şeylər danışıb.

– Amma faşistlər həqiqətdən də var! Lyoxa yeri səhv salsa da, yalan deməyib ki…

Artyom susdu, fikrə getdi:

– “Alekseyevskaya”da siqaret fasiləsi çox çəkəcək, deyəsən. Komandirin burdakı məmurlarla danışacağı bəzi xüsusi məsələlər vardı, böyük ehtimalla əvvəlcədən qərarlaşdırılmış birləşmədən söhbət gedirdi. Bir neçə saat sonra da “Rijskaya”ya yola düşəcəkdilər. Bütün çatışmazlıqlar həll edilib, kabellərə baxdıqdan, bir gecəlik istirahətdən sonra yeni təlimatları alıb gətirməsi üçün kuryeri geri yollayacaqdılar. Əgər kabel üç stansiya arasındakı xəbərləşməni yerinə yetirəcək vəziyyətdədirsə, tezliklə kabelləşmə işləri yekunlaşacaq. Lakin yararsızdırsa, yenidən VDNX stansiyasına qayıtmalı olacaqdılar.

Artyomun bu vəziyyətdə ən çox iki günü vardı. Bu müddətdə “Rijskaya” stansiyasının kənar növbətçi hissələrindən keçmək üçün bahanə tapmaq məcburiyyətindəydi, çünki burdakı növbətçi qüvvələri VDNX stansiyasındakından daha dəqiq və şübhəli hərəkət edirdilər. Narahatlıqları son dərəcə təbiiydi: “Böyük” metro cənubdan başlayırdı, cənub bölgələrisə daha tez-tez hücumlara məruz qalırdı. “Rijskaya” sakinlərinin qarşılaşdığı risklər VDNX stansiyasındakı təhlükələr kimi elə qorxulu olmaya bilərdi, amma buna qarşılıq, daha fərqli və qeyri-adiydi, ona görə burdakı növbətçilər də hər şeyə hazırlıqlı olmaq məcburiyyətindəydilər.

“Rijskaya”dan “Prospekt Mira”ya iki tunel gedirdi. Bu iki tunelin birini bağlamaq mümkün olmadığıyçün hər iki stansiyanın giriş-çıxışı nəzarətdə saxlanılırdı.

Bu da stansiyanın gücünü azaldırdı, bu səbəbdən də stansiya rəhbərliyi heç olmasa şimal tərəfin təhlükəsizliyini təmin etməyə çalışırdı. Hərçənd, “Alekseyevskaya” və xüsusilə, VDNX stansiyalarıyla birləşmə şimal tərəfin təhlükəsizliyini təmin etmək üçün bütün məsulliyyətini öz üzərinə götürmüş olacaqdı.

“Rijskaya” kənar növbətçi hissələrindəki təhlükəsizlik tədbirlərinin daha da gücləndirilmiş olmasının səbəbi, tərəfləri gözləyən birləşmə qərarı deyildi. Gələcəkdəki tə-rəfdaşlarına, cənub sərhəddinin tam müdafiəsi məsələsində özlərinə güvənə biləcəklərini sübüt etmək istəmişdilər. Beləliklə, nə bu, nə digər tərəfə gedən nəzarət nöqtələrindən keçmək asan deyildi. Bu çatışmazlığı ən çox iki gün içində həll etmək məcburiyyitindəydi.

Amma əsas problem ondan sonra nə edəcəkləriydi. Cənub sərhəd hissəsini keçdiyi təqdirdə “Polis” stansiyasına gedən adam özünə daha təhlükəsiz yol tapmaq məcburiyyətindəydi. Kaş, evdə bir neçə alverçidən potensial təhlükələr haqqında məlumat alsaydı. Lakin səyahəti çox təcili olmuş, hansı yolu seçəcəyini bilməmişdi. Jenyadan, yaxud qrupdakı digərlərindən “Polis” stansiyasına gedən yol haqqında soruşmaq olmazdı. Əks halda bütün şübhəni üzərinə çəkəcəyini çox yaxşı bilirdi. Hər şeydən əvvəl Jenya dostunun gizli məqsədi olduğunu başa düşəcəkdi. Nə “Alekseyevskaya”, nə də “Rijskaya”da tanışı, dostu yoxdu. Bu barədə tanımadığı şəxsə güvənməksə mümkün deyildi.

Jenya özlərindən bir az irəlidə oturan cavan qızla danışmaq üçün bir az uzaqlaşan kimi, Artyom fürsətdən faydalanıb arxa çantasından metro planını çıxardı. Bu xəritə bir nəfər tərəfindən indi mövcud olmayan bazardan oğurlamışdı. Qələmlə “Polis” stansiyasının ətrafına bir neçə dairə çəkdi. Ora gedən yol sadə görünürdü. Komandir qulaq asanlara indi əfsanə kimi gələn əvvəlki insanların metroda silah gəzdirmək məcburiyyətində olmdıqlarını, bir ucdan digərinə gedişin heç bir saat çəkmədiyini, tunelin sadəcə qatarların keçməsi üçün istifadə edildiyini danışırdı. VDNX stansiyasıyla “Polis” arasındakı xətt də o vaxtlar işlək vəziyyətdəydi, heç bir çətinlik çəkmədən keçmək olurdu.

Elə xətt boyunca “Turgenevskaya”ya gedə bilərdi, ordan da xəritədə “Çistıye Prudı” yazıllan, indisə kommunistlər tərəfindən “Kirovskaya” adlandırılan stansiyaya keçid vardı.

Və “Qızıl xətti” keçərək “Sokolniçeskaya” xəttilə düz “Polis” stansiyasına çıxırdı. Qatarların işlədiyi, gündüzlər lampaların yandığı vaxtlarda bu səyahət yarım dəqiqə belə çəkmirdi. Amma “Qızıl xətt”in yenidən böyük hərflərlə yazılmasından sonra kommunistlərin bayrağı “Çistıye Prudı”ya gedən keçidin üzərinə asılmış, stansiya artıq metro sakinləri üçün əvvəlki əhəmiyyətini itirmişdi. Buradan “Polis” stansiyasına gedən yolu tapmaq artıq mümkün deyildi.

“Qızıl xətt” rəhbərliyi metro xalqını xoşbəxt etməkçün Sovet ideologiyasını onlara zorla qəbul etdirməkdən imtina etmiş kimi görünsə də, bütün sülh görüntüsünə rəğmən rejimin xarakterini yenə də heç dəyişdirməmişdi. KQB20 deyilən, hətta bəziləri bilərəkdən bir parçaya istəklə bağlı olaraq, digər xətlərdən gələn qonaqlara maraqları bundan daha az deyildi. Xüsusi icazə sənədi olmadan heç kim “Qızıl xətt” stansiyalarından birinə daxil ola bilməzdi. Davamlı pasport yoxlamaları, xəstəlik dərəcəsinə çatan ümumi pataloji şübhə doğuran, həm yanlışlıqla yolu buraya düşən yolçular həm də vəzifəli agentlərin izini buraxmırdı. Nəticədə hər iki tərəfi kədərli, pis sonluq gözləyirdi.

Yəni metronun ürəyinə uzanan – Polis stansiyasına gedən yol bu vəziyyətdə heç də asan deyildi! Hansısa söhbət zamanı “Polis” stansiyası haqqında danışılanda Artyom hörmət əlaməti olaraq susurdu, çox insan üçün də bu hal fərqli deyildi. Artyom, bilmədiyi bu cümləni, ilk dəfə ögey atasının bir qonağına danışarkən eşitmişdi.

Daha sonra çəkinərək Saşadan mənasını soruşanda atalığı səsində yüngül kədərlə belə cavab vermişdi: “Artyomka, bura insanların yer üzündə, bəlkə də hələ insan kimi yaşadıqları ən son yerdir. İnsan sözünün nə mənaya gəldiyinin hələ unudulmadığı bir yer”. Və yazıq halda gülərək əlavə etmişdi: “Ora şəhərdir”.

“Polis” şəhərciyi Moskva metrosunun ən böyük keçidində, dörd ayrı xəttin kəsişdiyi nöqtədəydi, dörd metro stansiyasının hamısını əhatə edirdi:

– “Aleksandrovskiy sad”21, “Arbatskaya”, “Borovitskaya”22 və “Biblioteka imeni Lenina” stansiyalarına. Aralarında qalan birləşdirici keçidlərini də. Bu çox böyük ərazi sivilizasiyanın ən son imtahanıydı, çox insan yaşadığı üçün də bir vaxtlar orada yaşayan şəhərlilərin sadəcə “şəhər” dedikləri son yerdi. Daha sonra buraya Yunan dilində şəhər mənası verən “Polis” adı verilmişdi. Bunun səbəbi bəlkə də bu sözün şəhər sakinlərinə, eyni zamanda, qorunmaq mənasını da verən, görkəmli antik mədəniyyəti ək etdirməsiydi. Bir sözlə, bu xarici ad uyğun görülmüşdü.

“Polis” stansiyası metroda bənzəri olmayan fenomendi. Özlərinə xas fərqli qanunlarına görə, yeni dünyada artıq yer verilməyən elm rəhbərlərinə yalnız və yalnız orada rast gəlmək mümkün idi. Metro böyük bir qarışıqlığın və cəhalətin dalğalarına batanda, artıq yararsız və faydasız sayılan elm adamları “Polis” stansiyasında özlərinə sığınacaq tapmışdılar. Onlara yalnız orada qucaq açmışdılar, çünki qardaşlarının ruhu orada yaşayırdı. Bir vaxtlar məşhur universitetlərdə kreslo sahibi olan titrək əlli professorlar sadəcə “Polis” stansiyasında yaşayırdı; sənətkarlar, teatr aktoyları, şairlər, fiziklər, kimyaçılar, bioloqlar – insanlıq aləminin yüz illər boyunca əldə etdiyi, öyrəndiyi hər şeyi beyinlərinə həkk edən bu insanlar sadəcə və hələ orada yaşayırdılar. O insanlar ki, bu dünyadan köçüb getdiklərində bütün bunlar da əbədiyyən özləriylə birgə yox olacaqdı.

“Polis” şəhərciyi bir vaxtlar şəhər mərkəzinin olduğu yerdəydi. Köhnə eranın ən geniş elm arxivini saxlayan Lenin adına Kitabxananın binası stansiyanın yerləşdiyi yerdə – yuxarıda yüksəlirdi. Bəşər övladının üzərində çalışdığı, işlədiyi ehtimal olunan bütün məsələlərdə, bir çox dillərdə, yüz minlərlə kitab…

Heç kimin başa düşmədiyi hərflər, işarələr və heroqlif yazılarla bəzədilmiş yüzlərlə ton kağız bu kitabxanadaydı. Amma yenə də xeyli kitab hələ oxunaqlı şəkildəydi və anlamaq olurdu. Bu kitabların yüz illər bundan qabaq ölən müəllifləri də hələ həyatda olanlara çox şeylər haqqında danışırdılar.

Yuxarıya kəşfiyyat gəzintisi təşkil etməyə imkanı çatan bütün stansiyalar içində öz stalkerlərini kitab almağa göndərən tək stansiya-dövlət “Polis”di. Elmə, elmi biliklərə yalnız “Polis”də bu qədər dəyər verirdilər, könüllülər elm uğruna həyatlarını təhlükəyə atırdılar, elm üçün muzdlu əsgərlərə külli miqdarlar ödənilirdi. Mənəvi dəyərlərə sahib olmaq uğrunda insanlar var-dövlətini, bütün mülkünü belə xərcələməyə hazırdılar.

Stansiya rəhbərliyi sahib olduğu idealizmə, uzaqgörənliyinə görə, illərlə ayaqda qalmış, stansiyanı fəlakətlərdən qoruya bilmişdi; təhlükəsizliklərinə mane olan vəziyyət yarandığı zaman bütün “Polis” xalqı əlbir olub bir yerə toplanırdı. “Qızıl xətt” və “Hanza” İttifaqı arasındakı müharibədə son döyüşlər çoxdan unudulmuşdu, “Polis”i indi yenidən toxunulmazlığın, əmin-amanlığın gətirdiyi sehrli hava əhatə edirdi.

Artyom bu möhtəşəm yeri düşünəndə ora gedən yolun asan olmaması ona heç də qəribə gəlmirdi. Bəli, yol təhlükələrlə, öhdəsindən gəlmək məcburiyyətində qalacağı bir çox çətin, ağır imtahanlarla dolu, əsl labirint kimi olmalıydı. Əks halda səfər məqsədini, sirrini və möhtəşəmliyini itirərdi.

Əgər “Kirovskaya” üzərindən “Qızıl xətt”i izləyərək “Biblioteka imeni Lenina”ya uzanan yol mümkünsüz, riskli görünsə, “Hanza” patrullarını keçərək “Koltsevaya” üzərindən getməyə cəhd edəcəkdi. Artyom planı diqqətlə gözdən keçirdi.

“Hanza”lıların bölgəsinə çatmağı bacarsa, “Polis” stansiyasına gedən yol nisbətən qısalacaqdı. Barmağını plandakı xətlərin üzərində gəzdirdi. “Prospekt Mira”da, “Koltsevaya” xəttinin cənub hissəsinə tərəf getsə, “Hanza”lılardan iki stansiya sonra Kurskaya stansiyasına gəlmiş olacaqdı. Orada “Arbatsko-Pakrovskaya xəttinə”23 keçər, beləliklə, “Polis” dövlətinə aid “Arbatskaya“ stansiyasına bir addımlıq məsafə qalmış olardı.

Düzdür, Artyomun yolu üstündə “Bibliteka imeni Lenina” stansiyasının əvəzinə qırmızılara verilmiş “Ploşad Revolutsii” stansiyası da vardı. Lakin kommunistlər bu stansiyada bütün yolçulara sərbəst tranzit yaratmağa öhdəlik götürmüşdülər. Bu, sülh sazişinin əsas şərtlərindəndi. Deməli, sərbəst tranzit imkanından Artyom da yararlana bilərdi.

Bir az düşündükdən sonra, indilik əlindəki bu planla kifayətlənməyə qərar verdi; yoluna davam edərkən rastına çıxanlardan daha dəqiq məlumatlar ala biləcəkdi.

Bir-birinin içinə girmiş metro xətləri və bir çox məlumatları təhlil edərkən komandirin özünə metroda ən qısa səfərlərdən belə qarşılaşdığı çətinlikləri danışarkən, sanki bəzi şeyləri bir az böyütmüş olduğunu düşündü. Nəticədə “Prospekt Mira”dan “Kiyevskaya” stansiyasına qədər – Artyom barmağıyla çevrənin ətrafına dolandı. Ancaq “hanza”lıların cənub qanadı deyil, şimal qanadı üzərindən də getmək mümkündü. Ordan Polis stansiyasına qədər “Filyovskaya” və ya “Arbatsko-Pokrovskaya” xəttində sadəcə iki stansiya var idi. Bu vəzifə Artyoma heç də həll edilməyəcək kimi görünmürdü. Plan üzərində etdiyi bu qısa çalışma özünə inamını gücləndirmişdi. İndi nə etməli olduğunu bilirdi, ən kiçik tərəddüdü belə qalmamışdı: Qrup “Rijskaya”ya çatanda VDNX stansiyasına geri qayıtmayacaq, “Polis” stansiyasına tərəf səfərinə davam edəcəkdi.

– Plan qurursan? – Jenyanın səsini eşitdi.

Artyom elə dərin fikirlərə getmişdi ki, dostunun geri qayıtdığını hiss etməmişdi. Cinayət üstündə tutulmuş kimi, cəld yerindən qalxdı, sıxılaraq, narahat şəkildə qurduğu planını gizləməyə çalışdı.

– Yox… Yox… Mən… Sadəcə stansiyalara, komandirin bizə danışdığı o dövlətin harda olduğuna baxmaq istəmişdim!

– Yaxşı, heç olmasa, tapa bildin? Xeyirdimi? Onda ver mənə, barı kömək edim.

Jenya, ümumiyyətlə, metroya Artyomdan daha yaxşı bələddi, bütün stansiyaları tanıyır, hər zaman bununla fəxr edirdi.

Bir cəhdə barmağıyla “Çexovskaya”, “Puşkinskaya” və “Tverskaya” stansiyalarını bir-birinə bağlayan üç çıxışı tapdı. Artyom bir az da olsa rahatladığı üçün dərindən ah çəkdi. Jenya onun həsəd apardığını hiss edib təsəlli verərək:

– Narahat olma, bir gün mütləq sən də metronu, yaşadığın bölgənin ətrafını mənim kimi yaxşı tanıyacaqsan! – dedi.

Artyom üzündə təşəkkür dolu ifadəylə sevincli şəkildə mövzunu dəyişdi:

– Burda daha nə qədər qalacağıq?

Elə bu əsnada komandir yüksək səslə qışqırdı:

– Qalxın, uşaqlar! Hazırlaşın, yolumuza davam edək!

İstirahət vaxtı bitmiş, Artyomsa ağzına bir tikə yemək qoymamışdı.

Jenyayla arabanın üstünə qalxdılar, dəmir tutacaqlardan tutdu və yardım aparan drezin yenidən yola düşdü.

Qrup bu dəfə danışmadan irəliləyirdi. Komandir sadəcə Kirilli yanına çağırdı, digərləri hərəkət edərkən aşağı səslə Kirillə nəsə dedi. Artyomun onlara qulaq asmağa nə həvəsi, nə də gücü qalmışdı. Lənət olsun, bu yük arabası Artyomun bütün enerjisini alırdı. Qrupun ən sonunda gedən adam tək başına hərəkət edirdi, bu səbəbdən də elə rahat görünmürdü. Sanki öz ayaqları üstündə durmamışdı, qorxa-qorxa yeriyirdi. Artyom drezinin üstündən dönüb ona baxırdı. Arxadan gələn heç bir təhlükənin olmadığını dəqiq bilirdi, amma bir yandan da başını çevirib qabağa baxmaq istəyi duyur, bu qorxu, inamsızlıq onu rahat buraxmırdı. Bu duyğu sadəcə ona deyil, metroda təkbaşına gedən hər yolçuya tanışdı, hətta xüsusi ifadəsi vardı: tunel qorxusu. Əlində zay fənərlə tuneli başdan-ayağa getsən, təhlükənin tam arxanda tələ qurub səni gözlədiyini hiss edərsən. Orada nəyin, kimin olduğunu, nələr etdiyini heç kim bilmir. Təsəvvür edəndə də hamı öz fantaziyasını işə salır və bu zaman xüsusi vahimə insanı bürüyür.

– Səssizlik və boşluq!

Sanki metro sükut içindədir. Lakin arxaya dönəndə gözlərini açıb zil qaranlığa baxanda qaranlıq yenidən artır. O anda təkrar istiqamətini dəyişdirib fənərlə əks istiqaməti işıqlandırmaq istəyirsən; çünki bu arada biri sakitcə oraya sivişmiş ola bilər.

Burada vacib olan soyuqanlığını itirməmək, qorxub təslim olmamaq, bütün bunların sadəcə təqlid olduğunu, həyacanlanmaq üçün heç bir səbəbin olmadığını bilməkdir. Axı ətrafda eşidiləcək ən cüzi səs belə yoxuydu.

bannerbanner