
Полная версия:
Metro-2033
Bir az sonar artıq səthə yaxınlaşmışdılar. Xoşbəxtlikdən gecə düşmüşdü, yoxsa kor olacaqları qətiydi. İllərdir, yer altındakı qaranlığa, qırmızı qəza siqnalı işıqlarına, tonqallara uyğunlaşmış gözləri kəskin şüalara tab gətirməyəcək, çarəsiz, kor halda evin yolunu belə, tapa bilməyəcəkdilər.
“Botaniçeski Sad” stansiyasının platforması, demək olar, sıradan çıxmış, dam hissəsi uçulmuşdu. Açılan deşikdən tamamilə təmiz, ulduzlu göy üzünün nə məna ifadə etdiyini hardan biləcəkdilər ki?
Gözlərini yuxarı çevirəndə beton tavan, kabellərlə borulardan ibarət kiflənmiş labirint yerinə, tünd mavi bir zəmini görmək, necə duyğu ola bilərdi? Ulduzlar! Həyatında heç ulduz görməmiş insan sonsuzluq nədir xəyal edə bilərdimi? Axıb gedən milyonlarla alov topası, gümüş mismarlar sanki mavi məxmər parçadan ibarət günbəzə mıxlanmışdı.
Cavanlar təxminən beş-on dəqiqəyə yaxın heç nə danışmadılar, sükut içində bu qəribəlikləri həm qorxuyla, həm də qeyri-adi duyğuyla müşahidə edirdilər. Bir az da belə qalsaydılar, bəlkə də diri-diri yanardılar. Birdən düz yanlarında ruh titrədən qəribə fəryad eşitdilər. Bir anda yenidən özlərinə gəldilər, çox böyük çətinliklə hərəkət edən pilləkənlərə tərəf qaçıb təngənəfəs aşağı düşdülər. Sağa-sola diqqət etmədən enərkən bir neçə dəfə müvazinətlərini itirib az qala çarxların üzərinə düşəcəkdilər. Amma bir-birlərindən yapışıb özlərini içəri atmışdılar, tezcənə aradan çıxmışdılar.
Pilləkənlərin son on mərtəbəsini, az qala yıxıla-yıxıla, çətinliklə enərkən əllərindəki köhnə qoşa lüləni də itirmişdilər. Ani olaraq qapalı su anbarının idarəetmə kabinetinə hücum etmişdilər. İşin tərsliyindən dəmir qapı sanki mıxlanmış şəkildə dururdu, yerindən hec cür tərpənmirdi… Elə düşünürdülər ki, arxada mutantlar gəlir. Bu qorxuyla, oradan uzaqlaşıb şimaldakı növbətçi hissədə keşik çəkənlərin yanına qaçdılar.
Böyük qapını açıq buraxmaqla axmaqlıq etdiklərini yaxşı bilirdilər; beləliklə, bu qorxunc varlıqları metroya, insanlara gedən yola sərbəst şəkildə daxil olmaqları üçün qapını onların üzlərinə açmış oldular. Buna görə də ağızlarını möhkəm saxlamaq, harda olduqları haqqında böyüklərə bir kəlmə danışmamaq barədə söz verdilər. Burdakı keşik çəkənlərəsə yan tunellərdən birində siçanları qovmaq istəyərkən silahlarını itirdiklərini, sonra da qorxduqları üçün geri qayıtdıqlarını dedilər.
Artyom o zaman ögey atasından yumşaq yerinə qayış zərbələri də almışdı. Amma afərin Artyoma, dözmüşdü… Sanki əsirlərə verilən işgəncələr kimi, digər dostları da vaideynləri tərəfindən böyük cəzaya məruz qalmışdılar. Lakin hərbi sirri kimsəyə verməyən kəşfiyyatçılar kimi, Artyom və dostları da gördükləri, rastlaşdıqları hadisələr barəsində heç kimə kəlmə də demədilər.
Bu haqda danışmasalar da xəyalən geriyə qayıdıb, bir anlıq bu hadisəni düşünəndə çox narahat olurdu; görəsən, o qəhrəmanlıq hekayəsinin – xüsusilə, açdıqları su bəndinin kənar növbətçi hissələrinə son illərdə hücumlarını artıran qorxunc varlıqlarla əlaqəsi ola bi-lərdimi?
Artyom yolda gedərkən qarşılaşdığı insanlarla salamlaşmaq, ən yeni xəbərləri öyrənmək, bir tanışının əlini sıxaraq, sevgilisini öpərək, atalığı barədə soruşan böyüklərlə danışaraq orda-burda fasilə verdikdən sonra öz çadırına gəlib çatdı. Heç kim yoxdu. Saşanı gözləmədən yatıb dincəlməyə qərar verdi. Səkkiz saat növbə tutmaq asan iş deyildi. Çəkmələrini çıxarıb pencəyini yanına qoydu, üzünü yastıqda gizlətdi. Çox keçmədən yuxuya getdi.
Çadırın kənarı yuxarı çəkildi və üzü aydın sezilməyən, iri cüssəli siluet içəriyə daxil oldu. Keçəl bir adam lampanın qırmızı işığında göründü.
– Gördünmü, yenə qarşılaşdıq. Ögey atan burda deyil. Zərəri yoxdur. Necə olur-olsun, sonda onu ələ keçirdəcəyik. Bizdən qaçmaq mümkün deyil. O zamana qədərsə, sən mənimlə gəlməlisən. Səninlə danışacağım bəzi şeylər var. Həmçinin, “Botaniçeskiy Sad”dakı bəndlə bağlı…
Artyom donub qaldı, səsindən özünü Hanter kimi tanıdan adam olduğunu anlamışdı. Adam sakitcə yanına yaxınlaşdı, işıq da sanki qəribə əks olunurdu, üzü görünmürdü… Artyom kömək çağırmaq istədi, yekə bir əl ağzını tutdu. Meyit əli kimi soyuqdu. Sonunda böyük cəhddən sonra cib fənərini götürüb yandırdı bu adamın kim olduğunu görə bildi. Rastlaşdığı mənzərə bir anlıq nəfəsini kəsdi. İnsan sifəti əvəzinə qabağında göz bəbəkləri olmayan, tünd iri gözlərə sahib ağzı axıra qədər açıq, qapqara sifət dayanmışdı. Artyom artıq düşünmədən işığa hücum etdi. Adamyeyən çadırın içərisindən qaçaraq Artyomun arxasınca nərildədi:
– Olduğun yerdə dayan! Heç yerə gedə bilməzsən!
Artyom arxasına baxmadan qaçdı. Ardından çəkmələrin çıxardığı səslər gəlirdi, amma sürətli deyil, sakit, məsafəli şəkildə onu izləyən təqibçi Artyomu gec-tez ələ keçirəcəyinə əmin olduğu üçün tələsmirdi. Çiyinlərindən silkələyib kömək istəyəcəkdi ki, adam arxası üstə yerə yıxıldı. Artyom onun çoxdan öldüyünü düşündü; nəyə görəsə qırov bağlamışdı… Sonra bu donmuş adamın atalığı olduğunu gördü, Saşa idi…
– Ey Artyom, bu qədər yatdın, bəsdir. Dur artıq! Yeddi saatdır, uzandığın yerdə gərnəşirsən. Tənbəlin biri tənbəl! Dur görüm, qonağımız var!
Saşanın səsiydi.
Artyom cəld qalxıb həyəcanlı baxışlarla atalığının gözlərinə baxdı. Bir dəqiqəyə qədər baxdıqdan sonra soruşdu:
– Saşa əmi… Sən… Sənə bir şey olmayıb?
– Gördüyün kimi, heç nə olmayıb! – Saşa cavab verdi, – Dur, gəl! Bu qədər vaxtdır nə gözləyirsən? Səni bir dostumla tanış edəcəm.
Çöldən tanış səs eşidildi. Az əvvəl gördüyü qorxulu yuxu ağlına gələn Artyomun alnını soyuq tər basdı.
– Hə, deyəsən, siz artıq tanışsız, – Saşa təəccüblə gülümsədi, – Ay səni, diribaş oğlan!
Qonaq güc-bəlayla çadıra daxil oldu. Artyom çox qəribə vəziyyətdəydi. Qarşısındakı Hanterdi. Bir az bundan əvvəl gördüyü qorxulu yuxunu gözlərinin qabağına gətirdi. Çadıra daxil olan qorxunc varlıq, onu sıxan, arxasınca gələn, sonra da yerə yıxılan cəsəd.
– Bəli! Biz artıq tanışıq, – Artyom böyük çətinliklə qabağa gələrək könülsüz şəkildə əlini ona uzatdı.
Adamın əli isti və quruydu. Artyom gördüyünün sadəcə yuxu olduğunu anlamışdı, qarşısındakı pis adam deyildi. Səkkiz saat tuneldə keşik çəkdiyi zaman həm yuxusu, həm düşündükləri, həm də baş verənlər ona mənfi təsir göstərmişdi.
– Artyom, çay üçün bir az su qaynat, – Saşa qonağına sarı dönərək göz qırpdı, – Bizim çaydan heç dadmısan? Çox təsirli bitkidir!
Hanter başını tərpətdi.
– Bilirəm, çox yaxşı çaydır. “Kantemirovskaya”da da çay hazırlayırlar. Bulanıq sudan elə də fərqlənmir. Sizinkiylə heç müqayisə edilməz.
Artyom su gətirməyə, sonra da çaydanı qaynatmaq üçün ortaq istifadə edilən ocağa tərəf getdi. Yolda “Kantemirovskaya”nın metronun o biri tərəfində olduğu ağlına gəldi. Tanrı bilir, oraya nə qədər vaxta getmək olardı. Vuruşmaq, manevr etmək və ya əlaqə yaratmaq istədikdə, sadəcə keçid üçün bir çox xətt, üst keçid və stansiya varıydı. İndi biri də gəlib, laqeydcəsinə “Orada onlar da nəsə edirlər” deyirdi. Bəli, bir az qorxulu olsa da, şübhəsiz, maraqlı tipdi. Üstəlik, dəmir kimi pəncələri vardı. Qaldı ki, Artyom da elə zəif deyildi, gücünü müqayisə etməkçün qarşısındakıyla əl sıxmaq fürsətindən sevə-sevə istifadə edirdi.
Su qaynayan kimi, çaydanı götürüb çadıra geri qayıtdı. Hanter paltosunu çıxarmışdı, əynində çoxcibli əsgər şalvarı, səliqəylə şalvara salınmış, güclü boynu, əzələli bədənini sıx əhatə edən qara, uzunyaxalı sviter vardı. Qoltuğunun altındakı qobura kifayət qədər böyük tapança taxılmışdı. Artyom diqqətlə baxanda bunun lüləsinə susdurucu bağlanmış TT¹⁵ olduğunu gördü. Üzərinə mexanizmlə lazer tipli nişangah da yerləşdirilmişdi. Belə silah, hər halda sərvət dəyərindəydi. Çünki söhbət müdafiə üçün istifadə edilən bəsit silahdan getmirdi, bu, açıq şəkildə məlumdu. Artyomun birdən-birə ağlına gəldi, Hanter öz adını deyərkən bir əlavə də etmişdi: Ovçu.
– Gəl, Artyom, qonağımıza çay süz! – Saşa Suxoy səsləndi, – Otur, otur, danış! Gör, nə vaxtdır, görüşmürük.
– Özüm haqda sonra… Maraqlı bir şey yoxdur. Amma sizdə, eşitdim, qəribə şeylər baş verir. Şimaldan bəzi vəhşi varlıqlar soxulurlar. Sizinkilər keşik çəkən zaman bəzi hekayələr eşitdim. Nədir bu hekayə, Çinqaçquk? – Hanter nədənsə Saşaya köhnə uşaq nağıllarındakı hindu adıyla xitab etdi.
Saşanın sifəti birdən qaraldı:
– Bu ölümdür, Hanter. Hamımızın get-gedə yaxınlaşan ölümü. Sonumuz sakitcə yaxınlaşır. Baş verən elə budur, – boğuq səslə dedi.
– Necə yəni ölüm? Eşitdim, onları çox məharətlə sıxıb geriyə oturdursunuz. Onların ki, silahı yoxdur. Lakin hardan gəlirlər, nədir, kimdir bunlar? Digər stansiyalarda onlarla bağlı heç nə eşitmədim. Heç vaxt, Çinqaçquk! Bilmək istəyirəm, bu nədir. Böyük təhlükə hiss edirəm. Amma bu təhlükənin dərəcəsini, təbiətini də bilmək istəyirəm. Bunun üçün bura gəlmişəm. Başa düşürsən?
– Təhlükə varsa, aradan qalxmalıdır, eləmi, Hanter? Kovboy… Bu təhlükəni aradan qaldırmaq olarmı? Budur əsas məsələ… – Saşa üzgün, ümidsiz şəkildə gülümsəyərək sözünə davam etdi. – Əhvalat düşündüyündən də qəlizdir. Sadəcə filmlərdə gördüyümüz bir növ qorxunc varlıqlar, ətrafda gəzən yadplanetlilər olsaydı… Belə olduqda işlər bir az sadədir: Tapançanı gümüş patronlarla doldurursan, – əlini tapança kimi tutaraq havaya qaldırdı, – Part, part, şər qüvvələr yox oldu! Lakin burada baş verənlər çox fərqlidir. Dəhşətli şeylərdir. Hanter, sən özün də çox yaxşı bilirsən ki, elə də asan qorxanlardan deyiləm.
– Sən və qorxu? – Hanter təəccüblə soruşdu.
– Onların ən güclü silahları elə qorxudur. Keşikçilər mövqelərində güclə dayanırlar. Silahlarını hədəfə tərəf tutaraq gözləyirlər, sonra da bu varlıqlar əllərində bir silah da olmadan bizimkilərin üstünə gəlirlər. Hamısı da təchizat və say baxımından bu vəhşi varlıqlardan üstün olduqları halda, yenə də oradan qaçmaq istəyirlər. Qorxudan yerlərində əsirlər, aralarında bəziləri həqiqətən, dəlixanalıq olub, aramızda qalsın. İnan mənə, bu, bəsit, ciddi yanaşılmamalı qorxu deyil, Hanter.
Saşa bir anlıq dayandı, səsini alçaldıb yenidən davam etdi:
– Sənə bunu necə izah edim, heç bilmirəm. Onlar buna getdikcə daha çox güc verirlər. Necəsə, insanların beyninə işləyirlər. Mənə elə gəlir, bunu şüurlu şəkildə edirlər. Onları hətta uzaqdan, qulaqlarından, burun deşiklərindən hiss edirsən.. Onlar yaxınlaşanda dizlərin titrəməyə başlayır. Hətta səsləri gəlməyəndə belə, hiss edirsən ki, hardansa yaxınlaşırlar. Gəlirlər, gəlirlər.. Daha sonar qorxunc nərilti, fəryad səsləri gəlir; bax, o an, arxana baxmadan qaçmaq istəyirsən. Bədənində dəhşətli əsməcə başlayır. Hər şey bitdikdən sonra da bərəlmiş gözlərilə projektorların üzərinə necə gəldikləri uzun müddət ağlından getmir.
Artyom olduğu yerdə donub qaldı. Deməli, uzun zamandır, bu qorxular təkcə onu narahat etmirdi, onu qorxaq, satqın hesab edəcəklər deyə, bu günə qədər bu mövzular haqqında kiminləsə danışmaqdan çəkinmişdi.
– Zibillər psixikanı korlayırlar, – Saşa söhbətinə davam etdi, – Sanki damarını tutublar. Və növbəti dəfə, onları daha yaxşı hiss edirsən, daha çox qorxursan, – Saşa odlu-alovlu danışıq tərzilə sözünü bitirdi, – Bu, yalnız qorxu deyil… Bilirəm.
Hanter hərəkətsiz oturub, sakitcə Saşanın dediklərinə qulaq asırdı. Çox diqqətlə, eşitdikləri barədə düşünürdü. Sonra isti çaydan bir qurtum alaraq ağır-ağır, yavaş səslə danışmağa başladı:
– Təhlükə sadəcə sizin stansiyanı deyil, Saşa, bütünlüklə bu xarabaya qalmış metronu bürüyüb.
Saşa əvvəlcə cavab vermək istəmədi, bir neçə saniyə susduqdan sonra əsəbi şəkildə:
– Bütün metro dedin? Xeyr, təkcə metro yox, bütün sivilizasiya üçün təhlükədir. O sivilizasiya ki, inkişafın ağını çıxardı. Artıq ödəşmək zamanıdır. Bu, növlərin müharibəsidir. Qaralarsa heç də murdar varlıqlar, törtöküntülər deyil. Onlar “homo novus”dur, təkamülün yeni mərhələsi. Onlar ətrafa bizdən çox daha yaxşı uyğunlaşan kainatın son mərhələsidir. Onlar gələcəyi təmsil edirlər. Bəlkə də sapienslər daha bir neçə onillik bu dəlmədeşikdə yaşaya bilərlər. Amma bu, hələ bizim sivilizasiya hökmranlıq etdiyi zaman kasıbların zirzəmidə, varlıların yuxarıda yaşaması kimidir… “Zaman maşını”ndakı uelsli morloklar kimi, solğun, miskin varlıqlar olacağıq. Biz öz nəcisimizdə göbələk yetişdirəcəyik, donuzlarsa insanların ən yaxın dostu, hətta deyərdim ki, həyat tərəfdaşı olacaq.
Babalarımızın bir zamanlar uzaqgörənliklə anbarlara doldurduğu tonlarca multivitamini qəbul edirik, bir çəllək benzini, hansısa ehtiyac duyulan şeyləri gətirmək üçün ölümü gözə alıb yuxarı qalxırıq. Sonra da zirzəmidəki boğucu deşiklərimizə geri qayıtmaq üçün vaxt itirmədən sürünərək keçib gəlirik; heç kimin ora keçdiyimizi bilməməsi üçün hər an əlimiz tətik gözləyirik. Çünki artıq öz evimizdə, yuxarıda deyilik. Dünya artıq bizə aid deyil, Hanter! Dünya artıq bizə aid deyil!
Saşa susdu və çay fincanından qalxan buxarın çadırın qaranlığında əriməsini seyrə daldı.
Hanter cavab vermədi. Artyom birdən ögey atasını heç bu şəkildə danışarkən görmədiyini anladı. “Yaxşı yaxşı, qorxudan altını batıracaqsan, narahat olma, həll edəcəyik hamısını” göz qırpıb özünə cəsarət verərək hər şeyin qaydasında olacağını deyən ögey atasının əvvəlki halından əsər qalmamışdı. Yoxsa hər zaman rol oynayırdı?
– Niyə susursan, Hanter? Gəl mənimlə mübahisə edək. Müsbət düşüncələrin harda qaldı? Son söhbətimizdə, şüalanmanın azalacağını, insanların bir gün yuxarıya qayıdacaqlarını demişdin. Eh, Hanter!.. “Günəş meşənin üzərindən qalxır, lakin mənim üçün deyil”15. Bu həyata bağlanırıq, bütün gücümüzlə bərk-bərk sarılırıq, çünki filosoflar, sektaçılar nə desələr də, o biri dünyanın olub-olmadığına tam inana bilmirik. Birdən orda heç nə olmadı… Məgər belə deyil? Yenə də həyatı o qədər sevirik ki… Elə deyil, Hanter? İkimiz də ona var gücümüzlə sarılırıq. Bu iylənmiş labirintdə sürünəcəyik, donuzların yanına uzanacağıq, siçanları yeyəcəyik, lakin bütün bunlara baxmayaraq yaşamaq üçün mübarizə aparacağıq. Elə deyil? Oyan, Hanter! Heç kim səndən bəhs edən “Əsl insan dastanı”16 yazmayacaq, heç kim yaşamaq istəklərinlə, həyatda qalmaq mübarizənlə bağlı şeirlər yazmayacaq. Göbələk, multivitamin və donuz əti yeməklə daha nə qədər səbir edəcəksən?
Əl çək bunlardan, Homo Sapines! Artıq təbiətin hakimi deyilsən. Xeyr, quyruğunu tərpətmə, biz belə olmaq istəmirik. Ölümlə mübarizə apararkən bir az daha ətrafda sürün və öz tökdüyün zibillərə bürün. Amma bir şeyə əmin olmalısan Sapines: Kifayət qədər yaşadın. Qaydalarını çox yaxşı bildiyin təbiət, çoxdan bir mərhələ yuxarı qalxdı. Artıq yaradılışın tacı sən deyilsən. Sən sanki dinozavrsan. Artıq yeni, daha mükəmməl varlıqlara yer açmağın zamanı gəldi. Eqoist olma, oyun bitdi, pərdə bağlandı, burax başqaları gəlsin. “Homo Sapienslər necə yoxa çıxdılar?” deyə, qoy gələcək nəsillər baş yorsunlar, onsuz da, bu heç kimi maraqlandırmayacaq.
Saşanın bu monoloqu zamanı Hanter böyük sükutla, dayanmadan dırnaqlarıyla oynamışdı. Sonda gözlərini qaldırıb Artyomun ögey atasına baxaraq ağır səs tonuyla:
– Səni son gördüyümdən bəri çox pis təslim olmusan. Mənə dediklərin hələ də yadımdadır. “Əgər mədəniyyətimizi qorusaq, cəsarətimizi itirməsək, rus dilini unutmasaq, uşaqlarımıza oxumaq-yazmaq öyrətsək, həyatımız çox da pis olmayacaq, bəlkə də o zaman yer altında yaşamağa dözə biləcəyik” demişdin. Bunu mənə dedin, yoxsa, demədin? İndisə birdən-birə “Əl çək, Sapiens” deyirsən. Bu nə deməkdir?
– Sadəcə bəzi şeyləri daha yaxşı başa düşdüm, Hanter. Bəlkə sənin də başa düşəcəyin bəzi şeyləri. Biz dinozavrlarıq və indi son günlərimizdir. İstər on il olsun, istərsə yüz, heç bir əhəmiyyəti yoxdur…
– Mübarizə aparmaq mənasızdır? – Hanter əsəbi səs tonuyla Saşanın sözünü kəsdi, – Bunun üçün yuxarıya qalxmaq istəyirsən?
Saşa baxışlarını yerə dikdi. O günə qədər vaxt heç kimə zəif xüsusiyyətlərini etiraf etməyən köhnə dostuna bütün bunları demək çətin gəlirdi, həm də Artyom yanındaykən. Bu, ona həqiqətən, əzab verirdi.
– Amma yox, Çinqaçquk! Sən gözləyə bilməzsən! – deyərək Hanter yerindən qalxdı, – ordakılar da. Yəni hansısa növdən danışırsan? Kainatmı? Qarşısını ala bilmədiyimiz bu çöküşmü? Bunlardan betərini yaşamışam. Buna görə də məni belə şeylər qorxutmur. Anlayırsan məni? Əl çəkməyəcəyəm. Həyatda qalmaq duyğularımı? Mən belə deyirəm. Bəli, bu yaşayışa dırnaqlarımla sarılacam, təkamülünə də… Digər növlər də növbəyə dayansınlar, görək. Mən heç olmasa, qəssablıq qoyun deyiləm. Buyur, hər şeydən əl çək, uyğun, mükəmməl yoldaşlarının yanına qaç, tarixdəki yerini onlara ver! “Kifayət qədər mübarizə apardım”, – deyə, duyğuya qapılmısansa, dayanma, qaç, səni bunlara görə ittiham etməyəcəm. Amma məni qorxutmağa əsla cəhd etmə! Əsla məni özünlə birlikdə sallaqxanaya sürükləmək cürətini göstərmə! Mənə nə üçün bunları deyirsən? Əgər özün tək təslim olmursan, başqalarını da qorxudub kollektiv şəkildə təslimiyyətə sürükləyirsənsə, beləcə, təklikdən qurtulursan? “Mənim mübarizəm ümidsizdir” deyirsən? Uçurumun kənarında durmuşam? Cəhhənəmə ki! Əgər ağlı başında olan insan, yaxşı yetişdirilmiş “Homo Sapiens” məğlubiyyəti seçibsə, mən də sevə-sevə bu şərəfli addan imtina edər, heyvan olmağı qəbullanar, eynilə heyvan kimi yaşamağa başlayar, sağ qalmaqçün də digərlərinin boğazından tutaram. Və həyatda qalmağı bacararam. Başa düşdünmü məni? Sağ qalacam!
Hanter təkrar oturub, çay xahiş etdi. Bu söhbətdən sonra Saşa su doldurub çaydanı yenidən ocağa qoymaq üçün sakit, sıxıntılı halda çölə çıxdı. Artyom Hanterlə çadırda yalnız qaldı. Hanterin son sözləri, sanki insanın başına vura-vura təhqir etmələri, aşıb-daşan ehtirasla həyatda qalmaq arzusu Artyomu alovlandırmışdı. Uzun müddət Hanterlə danışıb-danışmamaqda qərarsız qaldı. Amma Hanter onu gözləmədən özü sözə başladı.
– Bəs sən nə düşünürsən, oğlan? Rahat ol, amma lazımsız təvazökarlığı kənara burax. Sən də daha çox bit kimi olmaq istərdin? Ya da dinozavr? Onlar canını almağa gələnə qədər oturub gözləyəcəksən? Südün içinə düşən qurbağanın əhvalatını bilirsən? Bir gün iki qurbağa süd qabının içinə düşmüşdü. Qurbağalardan biri məntiqli düşünüb mübarizə aparmağın faydası olmayacağını, alın yazısına qarşı gələ bilməyəcəyini anlamışdı. Kim bilir, bəlkə ölümdən sonra da həyat var, niyə özünü çətinə salıb boş-boşuna ümidlərə qapılmalıdır ki? İkinci qurbağa, ya axmaqdı, ya da Tanrını qəbul etməyən ateist. Nə isə, bu qurbağa dəli kimi çırpınmağa başlamışdı. “Hər şey əvvəlcədən müəyyən edilibsə, niyə çırpınmayım ki?” – düşünmüşdü. Dayanmadan tullanıb-düşmüşdü. Ta ki, süd yağ olana qədər. Daha sonra da çölə dırmanmışdı. İndisə təkamül nəzəriyyəsi, rasional düşüncəyə əsasən, onun yaşamaqdan imtina edən dostu üçün bir dəqiqəlik sükut elan edək!
Artyom yüngülcə öskürdü.
– Siz kimsiz?
– Mən kiməm? Bilmirsən, ovçuyam?!
– Amma ovçu nə deməkdir? Nə edirsiz? Nə ovlayırsız?
– Sənə necə izah edim?! İnsan orqanizminin necə yarandığını bilirsən? Milyonlarla hüceyrədən meydana gəlib. Hüceyrələrdən bəziləri elektrik siqnalları axtarır, digərləri mə-lumat bazaları, başqlarısa qida maddələrini toplayır, yaxud oksigen çatdırır. Amma hamısı hətta içində ən əhəmiyyətliləri belə, immuniteti mühafizə edən hüceyrələr olmasaydı, bir gün içində məhv olardı, bütün orqanizm də gedərdi işinə. Bu tip hüceyrələrə “makrofaj” deyirik. Bunlar eynilə saat, ya da metronom kimi metodiki, düzgün işləyirlər. Bədənə bəzi refleks virusları gətirdiyi anda, harda gizlənir-gizlənsin, gec-tez ona çatırlar, – Hanter əlləriylə kiminsə xirtdəyindən tutub boğurmuş kimi, tükürpədici səs çıxararaq dedi, – … və zərərsizləşdirirlər.
– Amma bunun sizin peşənizlə nə əlaqəsi var?
– Bir anlıq bütün metronun insan orqanizmi olduğunu düşün. Qırx milyon hücüyrədən meydana gəlmiş qarışıq orqanizm. Mən də “makrofaj”am. Ovçu. İşim budur. Orqanizmə ciddi zərər verəcək hər növ təhdid yox edilməlidir. Mənim vəzifəm də bu təhdidləri yox etməkdir.
Saşa əlində çaydanla gələrək fincanlara təzə çay süzdü. Hiss olunurdu ki, bir az özünə gəlib. Hanterə dönərək soruşdu:
– Təhlükənin mərkəzini yox etmək üçün necə cəhd edəcəksən, kovboy? Ova çıxıb bütün qaraları qıracaqsan? Bunu heç cür bacara bilməzsən. Boş-boşuna cəhd göstərmə, Hanter! Başqa heç nə…
– Çıxış yolu həmişə var, Suxoy! Sizin bu şimal tunelini partlatmaq. Tamamilə yerlə-yeksan etmək. Beləcə, sənin yeni növünlə bütün telləri qoparmaq. Qoy yuxarıda istədikləri qədər çoxalsınlar, lakin biz köstəbəklərə dəyməsinlər. Yerin altı, indilik bizim yaşayış məskənimizdir. Və kim bizə qılıncla gələrsə…
– Eh, eləmi? Sənə burda çox az adamın bildiyi şey haqqında danışım. Bizim üstümüzdə yeraltı sular axır. İkinci şimal tunelini çoxdan havaya uçurmuşuq. Az qalmışdı ki, bizi sel aparsın. Partlayıcı maddə bir az da güclü olsaydı, VDNX də gedəcəkdi işinin dalınca. Bu o deməkdir ki, əgər ikinci şimal tunelini də partlatsaq, sadəcə su altında qalmarıq, radiaoaktiv sular bizi yuyub məhv edər. Və yalnız bizi yox, bütün metronu məhv edər, soyumuz tamamilə kəsilər. Biz uduzarıq, olar Şah!
– De görüm, onların axını son vaxtlar güclənibmi?
– Güclənib də sözdür? İnanılacaq kimi deyil, amma bir az əvvələ qədər onlardan xəbərimiz yoxdu. İndisə ən böyük təhlükəyə çevriliblər. İnan mənə, əlimizdə nə varsa, malımız, mülkümüzlə, projektorlarımız və avtomatlarımızla birgə hamımızı yerlə bir edəcəkləri gün yaxındadır. VDNX kimi kiçik stansiyanı mühafizə üçün bütün metronu ayağa qaldırıb əmr verə bilməzsən. Bəli, çox yaxşı çay hazırlayırıq, amma heç kim sırf bunun üçün həyatını təhlükəyə atmır. Xüsusilə, “Kantemirovskaya” stansiyasında bizə rəqib olan bərbad çay var. Buna da bir Şah!
Saşanın üzündə yenə kədərqarışıq kinayə göründü:
– Bizə heç kimin ehtiyacı yoxdur. Çox çəkməz ki, təkcə öz gücümüzlə hücumlara tab gətirəcək halımız da qalmaz. Onların yolunu kəsmək, tuneli çökdürməyəsə, məlum olan səbəblərə görə gücümüz çatmaz. Nə demək istədiyimi, hər halda, başa düşürsən, hamımız çox yaxında toplu şəkildə “mat” olacağıq!
– Görərik, – Hanter sərt səslə cavab verdi, – Görərik.
Bir müddət oturub ordan-burdan danışdılar. Tez-tez Atyomun tanımadığı adlardan, əhvalatlarının bəzi hissələrindən danışdılar. Bəzən də Artyomun çox da başa düşmədiyi, çox illər əvvələ söykənən və ayrıldıqları zaman mənasını itirib, qarşılaşdıqlarında təkrar alovlanan köhnə ixtilaflı mövzulara toxundular.
Sonda Hanter yerindən qalxdı, Artyom kimi növbədən sonra istirahət etmədiyini, artıq yatmaq istədiyini dedi. Saşayla vidalaşdı, lakin çadırdan çıxmazdan əvvəl Artyoma tərəf döndü və qulağına pıçıldadı:
– Mənimlə bir az çölə çıx, zəhmət olmasa.
Artyom atalığının qəribə baxışlarına fikir vermədən Hanterin arxasınca çadırdan çıxdı. Hanter çöldə gözləyirdi.
– Bir az gəzmək istəyirsən? – deyə, təklif etdi və arxayın şəkildə yerləşdiyi qonaq çadırına tərəf addımlamağa başladı.
Artyom qərarsız şəkildə onu izlədi. Bu adamın onunla nə danışacağını təxmin etməyə çalışırdı. Bu günə qədər, həqiqətən, əhəmiyyətli nəsə iş görməmişdi, hələ ağzından süd iyi gələn cavandı.
– Mənim məşğuliyyətim haqqında fikrin necədir? – Hanter soruşdu.
Artyom özünü itirərək:
– Son dərəcə vacib işdir, – deyə, cavab verdi, – Siz olmasaydınız… Yəni, sizin kimi başqaları da… Əgər belələri olmasaydı, biz çoxdan…
Özünü nə qədər bəsit ifadə etdiyini hiss edəndə, utandığından üzü qızardı. Belə bir adam ona nəsə demək istəyir, fikir soruşur, üstəlik baş-başa verib bir şey danışmaq üçün xahiş edir, Artyomsa qız kimi qızarır və qabağına baxaraq kəkələyirdi.
Hanter dodaqaltı gülümsədi:
– Deməli, təqdir edirsən? Bəli, əgər xalq da bunu təqdir edərsə, onda təslimiyyətçilərə qulaq asmağa ehtiyac qalmaz. Atalığını əsmə tutub, budur əsas məsələ. Amma əslində cəsur adamdır. Ən azından, bir vaxtlar beləydi. Sizdə bəzi pis şeylər baş vermişdi, Artyom. Davam etməməsi ehtiyac bir şeylər. Bu yeni məsələ ətrafa soyuq dalğalarını yayır. İki gündür burdayam və bu qorxunun məni necə içinə aldığını hiss edirəm. Bu varlıqlar haqqında nə qədər çox şey bilirsən, onları nə qədər çox araşdırsan, bu qorxunun o qədər də gücləndiyini görəcəksən. Mən belə düşünürəm. Məsələn, sən onları hələ çox görməmisən, elə deyil?
– Bu günə qədər bir dəfə görmüşəm. Şimal tunelində hələ təzəyəm, şimalda keşiyə hələ bu yaxınlarda çıxmağa başlamışam. Amma düzünü demək lazımdırsa, bu, bir dəfə belə mənə bəs etdi. Ondan sonra qorxulu yuxular görürəm. Elə bu gün də çox qorxulu yuxu gördüm. Halbuki, aradan xeyli vaxt keçib.
– “Qorxulu yuxular” dedin? Sən dəmi? – Hanter qaşlarını dartdı, – Bu, nəsə təsadüfə bənzəmir. Burada bir müddət yaşasaydım, nizamlı şəkildə sizinlə növbədə olsaydım, mən də cəsarətimi itirərdim; bu, acı da olsa, həqiqətdir və danılması mümkün deyil. Xeyr, cavan oğlan, sənin ögey atan bir məsələdə çox böyük səhv edir. Danışan, düşünən özü deyil. Onun yerinə onlar düşünürlər, onun ağzından danışanlar da onlardır. “Təslim olun” deyirlər, insanlara aşılayırlar ki, müqavimət göstərmək mənasızdır. Sənin atalığın da adi rupordur. Özüsə bunun heç fərqində də deyil. Sanki xarabadakı bu vəhşi varlıqlar ruhumuza da təsir ediblər. Danış, Artyom…