banner banner banner
Metro-2033
Metro-2033
Оценить:
Рейтинг: 0

Полная версия:

Metro-2033

скачать книгу бесплатно

Metro-2033
Dmitri Qluxovski

İl 2033. Nüvə müharibələrindən sonra xarabalığa çevrilmiş dünyada insan soyu az qala tükənib, radiasiya səbəbindən şəhərlərdə yaşamaq mümkün olmayan hala gəlib. Xarabalıqlar arasında isə dəhşətli mutant varlıqlar dolaşır.

Fəlakətdən xilas olan bir neçə min insan isə yerin altına – dünyanın ən böyük nüvə sığınacağı olan Moskva metrosuna pənah aparır. Bura bəşər övladının son qalasına çevrilir.

Dmitri Qluxovski

METRO-2033

ROMAN

DMİTRİ ALEKSEYEVİÇ QLUXOVSKİ

(1979, Moskva)

Qüdsdəki Hebrev Universitetində Jurnalistika və Beynəlxalq Əlaqələr ixtisası üzrə təhsil almış, gənc olmasına baxmayaraq çox təcrübəli və olduqca nüfuzlu jurnalist peşəsinə sahib olmuş Qluxovski bu günə qədər Fransanın “EuroNews”, Moskvadakı “Russia Today” və “Mayak” radiostansiyalarında işləyib, həmçinin, Almaniyanın “Deutsche Well Radio” və İsrailin “Sky News” milli radio efirlərində müxbir olaraq fəaliyyət göstərib.

Jurnalist kimi Mərakeşdən Qvatemalaya, İslandiyadan Yaponiyaya qədər, demək olar, bütün dünyanı gəzən Qluxovski, Çernobılda Atom Elektrik Stansiyasının partlaması zamanı o dəhşətli anları lentə almaq üçün Ukraynaya gedib; Baykonurda rus raketlərinin kosmosa buraxılışını yaxından izləyib; Qiryat-Şomuna bölgəsində İsrail və “Hizbullah” arasında olan qızğın müharibənin mərkəzindən bütün dünyaya məlumat ötürüb. Qluxovski Şimal Qütbündən birbaşa yayım həyata keçirən ilk jurnalist adını da qazanıb.

Qluxovski rus dililə yanaşı, ingilis, fransız, alman, ivrit və ispan dillərini bilir. Hazırda Moskvada yaşayan jurnalist-yazıçı “Metro-2033” kitabıyla 2007-ci ildə Kopenhagendə keçirilmiş “EuroCon” müsabiqəsində Avropa Elmi Fantastik Ədəbiyyat Cəmiyyəti (“The European Science Fiction Society”) tərəfindən “Həvəsləndirmə Mükafatı”na (“The Encouragement Award”) layiq görülüb.

MÜNDƏRİCAT

1. Səfər başlayır .......................................................

2. Hanter ...............................................................

3. Əgər geri qayıda bilməsəm ......................................

4. Tunelin səsi .........................................................

5. Avtomat daraqları üçün ........................................

6. Güclü olanın haqqı................................................

7. Zülmət Xanlığı .....................................................

8. Dördüncü Reyx ....................................................

9. Öləcəksən ...........................................................

10. Keçid yoxdur .....................................................

11. İnana bilmirəm ...................................................

12. Polis şəhərciyi ......................................................................

13. Böyük Kitabxana ..................................................

14. Yuxarıda .............................................................. …

15. Plan ........................................................................

16. Ölülərin musiqisi .................................................

17. Böyük Soxulcanın övladları .......................................

18. İqtidar .....................................................................................

19. Son müharibə..........................................................

20. Sürünmək üçün dünyaya gələnlər ............................

1

SƏFƏR BAŞLAYIR

Əziz moskvalılar və şəhərin qonaqları!

Moskva metrosu fövqəladə hadisələrin hər an baş vermə ehtimalının yüksək olduğu nəqliyyat vasitəsidir.

Metro vaqonundakı bir elandan

Kim ömür boyu qaranlığa baxacaq qədər cəsur və qətiyyətlidirsə, o da ilk ümid işığını hiss edəcək.

Xan

– Kim var orda? Artyom, bir ora bax!

Tonqalın yanında oturan Artyom həvəssiz yerindən qalxdı, avtomatını götürüb qaranlığa yönəldi. İşıqlı ərazinin kənarına çıxan kimi dayanaraq səs-küylə silahını ayağa çəkib:

– Dayan! Parol! – deyə, bağırdı.

Bir dəqiqə bundan əvvəl qaranlıqdan qəribə qışqırtı və uğultulu səslər eşitmişdilər. İndisə həyəcanlı ayaq səsləri eşidilirdi. Artyomun gur səsindən, silahının cingiltisindən qorxan bir nəfər geriyə, tunelə qayıtdı. Artyom sürətlə tonqalın yanına qayıdaraq Pyotr Andreyeviçə səsləndi:

– Kim olduğunu demədən birdən-birə yox oldu.

– Ay fərsiz! Əmrdən xəbərdar idinsə, bilməliydin ki, kimdənsə parol soruşanda cavab vermirsə, atəş açmalısan! Kim olduğunu hardan biləcəksən? Bəlkə də qaralardır, bizim əraziyə soxulurlar.

– Yox! Əminəm ki, insan deyildi… Qəribə səsdi… Ayaq səslərindən insana oxşamırdı. Məgər insanın ayaq səslərini tanıya bilmirəm? Çox yaxşı bilirsiz ki, Pyotr Andreyeviç, qaralar xəbərdarlıq etmədən, qəflətən hücuma keçirlər; hələ bu günlərdə növbətçi hissəyə silahsız hücum etmişdilər, gözübağlı pulemyotun üstünə getmişdilər. Amma indiki səs qorxaq bir heyvanın ayaq səslərini xatırlatdı.

– Yaxşı, Artyom! Yaman ağıllısan… Amma bundan sonra aldığın əmrləri yerinə yetir və artıq düşünmə. Bəlkə də, bu casusdu. Sayca az olduğumuzu gördü, sonra da daha güclü dəstəylə… Nəticədə hamımızın boğazından yapışıb hərəmizin xirtdəyinə bir bıçaq, sonra da eynən “Poleşayevskaya”dakı kimi bütün stansiyanın kökünü kəsəcəklər. Zibili vaxtında öldürmədin! Sadəcə diqqətli ol, gözünü dörd aç! Bir də belə şey təkrar olunsa, yenə atəş açmasan, səni onun arxasınca tunelə göndərəcəyəm, xəbərin olsun!

Artyomun tükləri ürpəşdi. Bir anlıq sərhəddin 500 metr o tərəfindəki tuneli gözlərinin önünə gətirdi. Sadəcə düşünmək belə, insanı dəhşətə gətirirdi. Şimala tərəf 500 metrdən o tərəfə heç kim getməyə cəsarət etmirdi. Kəşfiyyatçılar, sağlam, dünyagörmüş kişilər, köhnə dəniz piyadaları belə 480 metr irəlilədikdən sonra, dayanıb siqaretlərinin közünü əlləriylə gizlədərək, gecəgörmə cihazıyla ətrafa nəzarət edirdilər.

Növbətçi hissə stansiyadan 250 metr uzaqda, sərhəd dirəklərindən təxminən 50 metr aralıda yerləşirdi. Sərhəd nəzarəti gündə bir dəfə həyata keçirilirdi, son yoxlama hələ bir neçə saat əvvəl həyata keçirilmişdi. İndi növbətçi hissədə son növbəydi və bəlkə də onları qorxuya salan vəhşilər sonuncu istehkamdan bu tərəfə daha da yaxınlaşmışdılar. Tonqal və insanların varlığı mutantları cəlb edirdi.

Artyom yerinə oturdu və soruşdu:

– “Poleşayevskaya”da necə olmuşdu?

Bu tükürpədici əhvalatı, əslində çox yaxşı bilirdilər. Öz stansiyasındakı səyyar satıcılar hadisəni danışmışdılar. Yenə də eyni başsız mutantlar haqqında qorxulu nağılları və ya azyaşlı uşaqları oğurlayan vampirlərin hekayələrini dinləməkdən həzz alan uşaqlar kimi, bildiyi hekayəni bir də dinləmək ona həyəcan verəcəkdi.

– “Poleşayevskaya”da nə baş verdi? Eşitmədinmi? Qəribə hekayəydi. Qəribə və qorxulu. Əvvəlcə nəzarətçi qruplar ard-arda yox oldular. Tunelə getdilər və bir daha geri dönmədilər. Demək olar, bizimkilərə bənzəmirdilər, yaddılar, amma stansiyaları da onlara görə daha kiçikdi, orda çox insan yaşamır. Daha doğrusu, yaşamırdı. Hər nəsə, birdən-birə ortadan yox oldular. Əvvəlcə yolda ləngidiklərini zənn etdilər, çünki tunel buradakı kimi dolanbacdı. – deyə, sözlərinə davam etdi. Onun müqayisəsindən Artyomun bədəninə vicvicə düşdü, – Nə qədər işıqlandırsalar da, nə növbətçi hissəsindən, nə də ki, stansiyadan heç bir şey görünmürdü. Hər nə oldusa, yox olmuşdular. Yarım saat, bir saat, iki saat… Bəs hara yoxa çıxa bilərdilər? Ən çox bir kilometr uzaqlaşmışdılar, daha uzağa getmək onlara qadağan olunmuşdu, üstəlik, ağılsız da deyildilər. Kimsənin heç nəyi görməməsi əslində normaldı. Əsl qorxulu olansa, kimsənin heç nə eşitməməsiydi. Bir səs də. Heç bir nişan, iz də yoxdu.

Artyom Pyotr Andreyeviçi danışdırmağına bir qədər peşman olmuşdu. Çünki o, ya bu mövzu haqqında çox şey bilirdi, ya da böyük xəyal gücü vardı. Danışdıqları, xəbər gəzdirməyin həvəskarı olan səyyar alverçilərin da yuxusuna girməzdi. Artyom tonqalın yanında narahat oturmuşdu, tuneldən gələn ən xəfif hənirti belə, vahimələnməsinə səbəb olurdu.

– Bax, belə… Əvvəlcə nəzarətçilərin qaçdığını düşündülər. Bəlkə də gördükləri işdən razı deyildilər. Ona görə də ərazini tərk etmişdilər. Hamısının canı cəhənnəmə! Təkidlə daha rahat həyat istəyirlərsə, başıboş insanların arxasınca getsinlər. Anarxist sürüsünə, onun kimilərə bunu qəbul etmək daha asan olardı. Amma bir həftə sonra, bir nəzarətçi heyəti də yoxa çıxdı. Halbuki, onların da stansiyadan yarım kilometrdən uzağa getməyə ixtiyarları yoxdu. Və yenə eyni hekayə: Sanki yer aralanmışdı, içinə girmişdilər. Bu dəfə stansiyadakıların da kefləri pozulmuşdu. Bir həftə içində iki nəzarətçi dəstə birdən yoxa çıxıbsa, hardasa böyük səhvlərin edildiyi, işlərin düzgün getmədiyi deməkdi. Bir tədbir görülməliydi. Ciddi, təcili tədbirlər… Beləliklə, 300-cü metrdə bir sədd çəkildi. İstehkam qurma sənətinin qaydalarına görə, qum torbalarını sürükləyərək gətirib üst-üstə yığdılar, bir avtomat, bir projektor yerləşdirdilər. “Beqovaya”ya kuryer göndərdilər. “Beqovaya” və “1905-ci il” stansiyaları konfederasiya yaratmışdılar. Daha əvvələr “Oktyabrskaya” da onlarla birlikdəydi, amma sonra nəsə baş vermişdi, kimsə dəqiq bilmir. Bir qəza, ya da nəsə… Ora artıq yaşamaq mümkün olmayan vəziyyətə düşdüyünə görə, dağılışdılar. Amma indi bunun əhəmiyyəti yoxdur. “Beqovaya” stansiyasına bir nəfər göndərdilər, xəbərdarlıq parollarısa beləydi: “kolluqlarda bir şey var, ehtiyac duyulduqda kömək edə bilərsizmi?”

İlk qasid ünvana təzə çatmışdı, “Beqovaya”dakılar hələ verəcəkləri cavabı düşünürdülər. Aradan bir gün keçməmişdi ki, ikinci qasid də qan-tər içində özünü çatdırdı: Onların gücləndirilmiş müdafiəsi tamam məhv olub. Heç atəş də aça bilməmişdilər. Hamısı doğram-doğram olmuşdu. Onları sanki yuxuda qırmışdılar. Bax, ən qorxulusu budur!

Yaxşı, aldıqları göstəriş və əmrləri bir yana qoyaq, bəs bu qədər hadisədən sonra necə yuxuya getmişdilər? “Beqovaya”lılar özləri də başa düşürdülər ki, əgər tədbir görməsələr, axırları çatacaq. Beləliklə, döyüşçülərdən hücum dəstəsi yaratdılar, minaatanlardan və silahlarla təchiz edilmiş 100 nəfərdən ibarət dəstə. Təbii ki, bu bir az vaxt aldı, yarım gün qədər… Baş vermiş hadisə çox qəribəydi, çünki ortada cəsəd yoxdui, sadəcə hər yer qana bulanmışdı. Vəziyət beləydi. Bu hadisəni kimin etdiyini ancaq Allah bilirdi. Mən belə bir şeyi insanların edə biləcəyinə inana bilmirəm.

Artyom yavaş səslə soruşdu.

– Axı “Beqovaya” stansiyasında nə baş vermişdi?

– Heç nə olmadı. Bütün bu fəlakəti gördükdən sonra, Poleşayevskayaya gedən tuneli partlatdılar. İndi eşitdiyimə görə, tunelin 40 metrdən çoxu torpaqla örtülüb, texnikasız keçmək mümkün deyil. Bəs texnikanı haradan alacaqsan? 15 ildir, paslanıb qalıb!

Pyotr Andreyeviç susdu və gözlərini tonqala yönəltdi.

Artyom sakitcə öskürdü və etiraf etdi:

– Bəli. Gərək atəş açaydım. Mən nə axmaq adamam!

Stansiyanın cənub istiqamətindən birinin özlərinə tərəf səsləndiyini eşitdilər:

– Ey, 250-dəkilər! Sizdə hər şey qaydasındadırmı?”

Pyotr Andreyeviç şeypur çalırmış kimi əllərini ağzına qoyaraq səsləndi:

– Bir az yaxın gəlin! Bir məsələ var!

Tunelin içindən, stansiyaya tərəf olan yolu cib fənəriylə işıqlandıran üç kölgə onlara tərəf yaxınlaşdı; 150-ci metrdəki növbətçilərdi. Tonqalın yanına gəldiklərində fənərlərini söndü-rərək yanlarına oturdular.

– Pyotr, sənsən? Mən də bu gün kimi o biri dünyaya göndərdiniz deyə, öz-özümə soruşurdum, – üç nəfərdən ən yüksək rütbəlisi, adı Andrey olan dedi. Gülümsəyərək əlindəki paketi sıxıb siqaret çıxardı.

– Qulaq as, Andryuşa! Bizim oğlan burda birini gördü, amma vura bilmədi. Həmin məxluq qaçıb tunelin içində gizləndi. Bizimki deyir, o heç insana da oxşamırdı.

– İnsana oxşamırdı? Bəs nəyə oxşayırdı? – Andrey dərhal Artyoma sarı dönüb soruşdu.

– Nə olduğunu görmədim. Parolu soruşmaq istəyəndə, ani olaraq şimala tərəf uzaqlaşdı. Amma ayaq səsləri insanın ayaq səslərinə heç oxşamırdı, çox yüngül, sürətliydi, sanki iki yox, dörd ayağı varıydı.

Qorxmuş ifadəylə gözlərini qırpan Andrey:

– Və ya üç, – deyə, cavab verdi.

Artyomu birdən öskürək tutdu, çünki “Filyovskaya” xəttindəki

üçayaqlı insanların hekayələri yadına düşdü. Orada stansiyaların bir hissəsi torpağın üzərində, səthi hissəsində qalırdı. Tunel də orda daha dayazdı, demək olar, şüalara qarşı qorunmurdu. Bu xətdən, üç ayaqlı, ikibaşlı, buna oxşar bir yığın qəribə varlıqlar metro şəbəkəsinə daxil olurdu.

Andrey siqaretindən bir nəfəs çəkərək yanındakı adamlarına:

– Yaxşı uşaqlar hazır buraya gəlmişkən nə üçün bir neçə gün qalmayaq? Həm yenə üç ayaqlılar gəlsələr, bunlara kömək də edərik. Artyom, çaydanınız var? – dedi.

Pyotr Andreyeviç ayağa durdu, balondan paslanmış bir qaba su tökərək ocağın üstündən asdı. Bir neçə dəqiqədən sonra çaydan buxar çıxarmağa, su qaynamağa başladı, vərdiş etdiyi bu səs Artyomu az da olsa sakitləşdirdi. Ocağa toplaşan insanları bir-bir nəzərdən keçirdi. Hamısı da güclü, qüvvətli adamlardı, ağır həyat şərtlərinə öyrəşmişdilər. İnsan çox əminliklə özünü onlara tapşıra bilərdi. Onların stansiyası öz əmin-amanlığıyla məşhurdu. Çünki stansiyanın adamları da etibarlı, mehribandılar, bir-birlərilə, az qala qardaş kimi dərin, möhkəm dostluq əlaqələri qurmuşdular.

Artyomun yaşı iyirmini keçmişdi. Amma o, yuxarıda dünyaya gəlmişdi. Bu səbəbdən də metroda dünyaya gələn, sadəcə radiasiyadan deyil, yer altında nə qədər canlı varsa, hamısını yox edən günəşin yandırıcı gücündən qorxan insanlar kimi cılız, solğun bənizli deyildi. Onsuz da Artyom sadəcə bir dəfə o da bir dəqiqəyə qədər yuxarıda olmuşdu – arxa plandakı radiasiya o dərəcədə yüksəkdi ki, oranı görməyə çox maraqlı olanlar, yerüstü dünyanın möcüzələrini kifayət qədər seyretməyə imkan tapmadan, bir neçə saat içində yanıb kül olmuşdular.

Artyom atasını xatırlayırdı.

Anasını hələ “Timiryaşevskaya”da yaşadıqları zaman, beş yaşında itirmişdi. Vəziyyətləri yaxşıydı, xoşbəxt yaşayırdılar. Həyat bu şəkildə davam edirdi; ta ki, siçanların stansiyaya hücum etdikləri o günə qədər.

Bir gün hansısa xəbərdarlıq edilmədən, zil qaranlıqdakı yan tunellərdən birinin içindən boz rəngli, böyük siçovullar dalğalar şəklində gəlmişdilər. Bu tunel, şimala gedən əsas xəttin görünməyən bir hissəsindən aşağıya, dərinlərə enir, yüzlərcə dəhlizin dəhşətli, soyuq və iyrənc qoxulu labirintlərində itirdi. Tunel ən cəsur qəhrəmanların belə ayaq basmağa cəsarət edə bilmədikləri yerə, siçanların hökmdarlığına qədər uzanırdı. Tunel və yol xəritəsini səhv oxuyan sərnişin, yolunu itirib bu yeraltı dünyanın sərhədinə qədər gəldikdə, ordan sızan qara təhlükəni intuisiyasıyla hiss edir, girişə açılan dəlikdə vəba xəstəliyinə tutulmuş şəhərin qapısındaymış kimi dəhşətə gəlirdi.

Siçovulları heç kim ürkütməmişdi. Heç kim onların imperiyasına enməmişdi. Kimsə də onların sərhədlərini pozmağa cəsarət etməzdi.

Özləri gəlmişdi bura.

O günə qədər heç kimin görmədiyi böyüklükdə olan siçovullar sərhəddəki sədlərin üzərindən aşıb stansiyanı ələ keçirdikləri gün bir çox insan ölmüşdü. Siçanlar elə çoxuydu ki, insanlar altlarında qalmış, ölüm hay-küyləri siçan səslərindən boğulmuş, səsləri eşidilməz olmuşdu. Yollarına kim çıxır-çıxsın, ölü olsun, canlı olsun, bütün insanları, hətta ölü həmcinslərini belə gəmirmiş, ağlagəlməz gücün təsirində, qəddarlıqla irəliyə, daha irəliyə, yollarına davam etmişdilər.

Sadəcə bir neçə nəfər sağ qalmışdı. Onlar da belə hallarda ilk köməklik göstərilən qadınlar, yaşlılar və ya uşaqlar deyil, ölüm dalğası gəlməzdən əvvəl tədbirli hərəkət edən beş nəfər güclü sakindi.

Bu hadisədə onların sağ-salamat qalmaqlarının tək səbəbi onların cənub tunelində keşik çəkmələriydi. Stansiyadan gələn hay-küyləri eşitdikdən sonra içəridən bir şəxs nə baş verdiyini görmək üçün hadisə baş verən tərəfə qaçdı. Hadisə baş verən yerə çatanda, “Timiryaşevskaya” çoxdan ölüm-qalım müharibəsindəydi. Siçovulların dalğavari formada insanlara hücum çəkdiklərini gördü və nə baş verdiyini başa düşdü. Təcili geri qayıtmaq istədi. O, stansiyanı müdafiə edənlərə artıq kömək edə bilməyəcəyini hiss etmişdi. Bir nəfər onu birdən tutub saxladı. Başını çevirəndə formasının qolunu israrla dartan, sifəti qorxudan az qala tanınmaz vəziyyətə düşmüş ümidsiz qadın qışqıraraq:

– Əsgər ona kömək et, onu xilas et! Ona mərhəmət et!

Özünə tərəf uzadılmış bir uşaq əliylə, bir neçə şiş barmaq görmüşdü sadəcə. Bir insanın həyatını xilas etmək üçün yox , ona “əsgər” deyə, səslənildiyi, mərhəmət diləndiyi üçün o əli tutmuşdu. Sonra da uşağı qoltuğunun altında sıxıb saxlamış, gələn ilk siçanlarla mübarizəyə başlamışdı. Bu, ölüm-dirim mübarizəsiydi; tunelin içində, çox böyük çətinliklərlə mübarizə aparan ölüm yarışıydı. 50 metr uzaqdan onlara motoru işə salmağı tapşırdı. Hadisə yerindən təcili olaraq aralanıb stansiyanı tərk etdilər. Bu zaman qarşılarından keçən insanlara səslənərək:

– Qaçın! Siçanlar!

Amma onların hamısı xilas ola bilməyəcəklərini çox yaxşı anlayırdılar. Çox şükür ki, bir vaxtlar sülh içində yaşadıqları “Savyolovskaya”nın növbətçi hissəsinə yaxınlaşdıqda, onları təcavüzkar bilib atəş etməmələri üçün sürətlərini yavaşlatdı. Yaradana sığınıb keşik çəkənlərə var güclərilə qışqırdılar:

– Siçanlar! Siçanlar gəlir!

Bunların hamısı “Savyolovskaya”nı tərk edərək uzaqlara qaçmağa hazırdılar. “Serpuxovsko-Timiryaşevskaya” xəttini

başdan-başa keçib dayanmadan bir qaçış yolu tapmaq üçün dua edərək qorxulu siçovul lavasının bütün metro stansiyanı əhatə etmədən, bir hədəfə çatanadək, hara olur-olsun, qaça bildikləri qədər qaçmaq, bu qorxunc varlıqlardan uzaqlaşmaq istəyirdilər. Bütün istədikləri bu idi…

Amma xoşbəxtlikdən, “Savyolovskaya”da həm özlərinin, həm də bütün stansiyanın hətta bəlkə də bütün xəttin həyatını xilas edəcək bir şey varıydı. Növbətçi hissədəkiləri böyük həyəcanla onları gözləyən təhlükə haqqında xəbərdar etmişdilər ki, onlar təcili sürətdə möhtəşəm qurğunu ortaya çıxardılar. Bu qurğu alov püskürən aparatı. Peşəkar ustalar tərəfindən yığılmış avadanlıqdı, işlək və son dərəcə funksionaldı.

İlk siçan sürüsü uzaqdan görünməkdəydi, zülmət qaranlıqlardan minlərlə siçanın ayağından çıxan xışıltı, uğultu səsləri, get-gedə artmaqdaydı ki, keşikçilər alov püskürən aparatı işə salaraq yandırıcı maddəni siçovulların üstünə püskürtdü. Püskürtdükdən sonra təkrar bağladılar. Bu aparat vasitəsilə davamlı, fasiləsiz şəkildə 15-20 dəqiqəyə qədər tunelin içinə püskürdərək siçanları yandırıb kül etdilər. Tuneli yanmış ətdən ətrafa yayılan iyrənc üfunətlə, siçovulların vəhşi səsləri bürümüşdü. Həyatlarını xilas edən bu qurğu daha sonra onların qəhrəmalıqlarını metronun bütün xətlərində məşhurlaşdıracaq “Savyolovskaya” stansiyasındakı keşikçiləri hər an ola biləcək hücümlara qarşı hazır vəziyyətdə saxlanılmışdı.

“Timiryaşevskaya”dan qaçan beş qaçqınla xilas etdikləri bir azyaşlı uşaq vardı.

Bir uşaq: Yəni Artyom.

Siçovullar geri çəkilmişdilər. Müharibə sənətinin və insan əməyinin ən son məhsullarından biri olan bu silah, siçanların qəzəbini, sinirlərini sarsmışdı. İnsan övladı digər canlılardan hər zaman daha yaxşı qatildi.