banner banner banner
Metro-2033
Metro-2033
Оценить:
Рейтинг: 0

Полная версия:

Metro-2033

скачать книгу бесплатно


Siçanlar dalğa şəklində ordan uzaqlaşaraq heç kimin bilmədiyi səltənətlərinə geri qayıtmışdılar. Ağlasığmaz qədər dərinlikdəki bütün bu labirintlər sirlərlə doluydu. Sanki bu labirintlərin metro üçün elə bir faydası yoxdu.

Köhnə metro işçiləri and içsələr belə, metronun insanlar tərəfindən tikilməsi inanılmaz gəlirdi.

Daha əvvəllər metroda işləmiş, bu sahədə profesionallaşmış insanlardan arxada az qala heç nə qalmamışdı. İnsanlar bu amilləri nəzərə alaraq köhnə metro işçilərini göz bəbəyi kimi qorumağa çalışırdılar.

Stansiyanın bütün sakinləri bu insanlara böyük hörmətlə yanaşmış, övladlarını bu tərbiyəylə böyütmüşdülər. Artyomun o günə qədər tanıdığı insanlar içində yalnız köhnə bir köməkçi vaqon işçisini xatırlaması bəlkə də bu səbəbdəndi: qarayanız, qısaboy adamdı. Uzun illər yer altında işləməkdən bükülmüş belində, sıxlığını çoxdan itirmiş, köhnəlmiş, cırılıb-yırtılmış, solmuş, amma bütün bunlara baxmayaraq admiralın rəsmi mərasimlərdə böyük qürurla geyindiyi metro işçisinin forması vardı. Hələ o vaxtlar yaramaz, dəcəl uşaq olan Artyom köməkçi metro işçisinin xəstə bədənində sanki möhtəşəm böyüklük və güc olduğunu hiss etmişdi.

Burda təəccüblü heç nə yoxdu. Stansiyanın digər sakinləri üçün metronun köhnə işçiləri onlar üçün yeni, az təhlükə daşımayan yeraltı həyatın bələdçiləriydilər.

Onlara həmişə bu gözlərlə baxır, sözlərinə qeyd-şərtsiz inanırdılar, çünki digərlərinin həyatda qalması onların elminə, bacarığına bağlıydı.

Vahid metro sistemi çökəndə atom bombasına qarşı təhlükəsiz yeraltı sığınacaq, mükəmməl mülki müdafiə obyekti olan Moskva Metropoliteni böyük qarışıqlıq və anarxiyaya qərq oldu. Bu zaman köhnə metro işçiləri stansiyaları idarə etməyə başladılar.

Zamanla stansiyalar bir-birindən asılı olmayan müstəqil müstəqil “dövlət”lərə çevrildilər. Öz ideyalarına uyğun, istədikləri kimi rejimlər yaratdılar, öz ordularını qurdular. Stansiyalar bir-birləriylə uzun müddət sürən müharibələr apardılar, öz aralarında federasiyalar, konfedarasiylar yaratdılar.

Bu gün belə, çox dövlətlər özlərini inkişaf etdirmək, daha da böyümək, söz sahibi olmaq üçün öz mənafeləri naminə bir çox layihələrə qoşulurlar. Belə ki, ortaq düşmənlərinə qarşı özlərinə yaxın bildikləri bir neçə dövlətlərlə qısamüddətli müqavilələr imzlayırlar. Ortaq düşmənlərini zərəsizləşdirdikdən, məqsədlərinə çatdıqdan sonra öz aralarında düşmənçilik edir, bir-birinin xirtdəyindən yapışırlar.

Onlar az qala hər şeyə görə didişirdi: Həyati məkan üçün, gün işığı tələb etməyən zülallı bitkilər, göbələklər, yeraltı göbələklərlə qidalanan donuzların yetişirildiyi fermalar uğrunda. Və bir də əlbəttə, suya – daha doğrusu filterlərə görə.

Öz stansiyalarında filtrasiya qurğusu olmayan, zəhərli, şüalanmış sudan ölməyə məhkum insanlar vəhşiləşərək generator olan, sutəmizləyən filtrasiya qurğularına sahib, göbələklərin yetişdirildiyi, donuz saxlanıldığı qonşu stansiyalara hücum edirdilər. Bu basqınçılara metroda “barbar” deyirdilər. Barbarları irəliyə həm özünü qorumaq instikti, həm də inqilabi “alıb-bölüşdürmək” prinsipi atırdı.

İnkişaf edən stansiyalardasa peşəkarlar tərəfindən keçmiş hərbi birləşmələr tipində müdafiə dəstələri yaradılırdı. Bu dəstələr son damla qana qədər döyüşür, əks-hücumlar təşkil edirdi. Beləliklə, stansiyalararası tunellərin hər metri döyüşlə verilir, döyüşlə də alınırdı. Stansiyalar qonuşlarını cəzalandırmaq, ya da qənimət ələ keçirmək üçün öz hərbi güclərini artırmağa çalışır, silah, patron ehtiyatının çoxluğuna önəm verirdilər.

Həmçinin, müxtəlif dəlmə-deşiklərdən yol tapıb tunellərdəki insanlara hücum edən eybəcər varlıqlara – mutantlara qarşı da mübarizə aparmaq lazım gəlirdi.

O pis, qəribə, görkəmsiz, təhlükəli varlıqlar, bəşəriyyət qaydalarına elə ziddiydilər ki, bunlardan bircə dənəsini Darvin görə bilsəydi, böyük ümidsizliyə qapılardı.

Çox güman, məhz radioaktiv şüalar heyvanlar ələminin zərərsiz nümayəndələrindən cəhənnəm varlıqları yaratmışdı. Bəlkə də bunlar həmişə o dəhlizlərdə yaşamışdılar, indi də insanlar onları narahat etmişdi. Bu qəribə varlıqlar mövcud heyvan növlərindən nə qədər fərqli olsalar da, yenə yer üzündəki həyatın bir parçasıydılar. Demək olar, formasız, qeyri-müəyyəndilər, amma hər nə olursa olsun, həyatın bir parçasıydılar. Bu planetdəki bütün orqanizmlər kimi, onlar da başlıca impulsa tabeydilər.

Həyatda qalmalıydılar. Həyatda qalmaq üçünsə çoxalmalı və döyüşməliydilər.

* * *

Artyom, içi çayla dolu ağ rəngli qutunu götürdü. Doğma çaydı bu, öz stansiyasının çayı. Əslində tərkibinə görə, əvvəlki çaydan çox fərqlənirdi: ağ göbələklərin qaynadılmasından əldə edilmiş bir şeydi, çünki əsl çayı tapmaq artıq qeyri-mümkündü. Göbələk suyundan çox bahalı olduğu üçün, sadəcə əhəmiyyətli bayram günlərində içirdilər. Gəl gör ki, stansiyadakılar yenə də o qarışıq, pis qoxulu içkiləri sevirdilər, bu səbəbdən də hətta böyük fəxrlə ona “çay” deyirdilər.

Başlanğıcda stansiyaya gələn xaricilər ağızlarına alan kimi iyrənərək geri qaytarmış, amma sonralar öyrəşmişdilər. Bu çayın adı qısa vaxtda məşhurlaşmışdı, səyyar satıcılar belə, yalnız çay üçün buraya gəlirdilər. Məhz bu çaya görə əvvəllər bir neçə nəfər özünü təhlükəyə də atmışdı. Amma VDNX çayı bütün stansiyalarda məşhurlaşandan sonra “Hanza” İttifaqı belə, çayla maraqlanmış, bu sehrli içkini satın almaq üçün böyük karvanlar VDNX stansiyasına axın etmişdilər.

Nəticədə böyük pul kütləsi axışmağa başlamışdı. Pul harda varsa, orda silah da vardı və təbii ki, odunla, vitaminlər də. Yaşamaq bu idi. Metro sakinlərinin “pul” olaraq dəyərləndirdiyi əsas vahidsə patrondu. Metroda bütün ticarət işləri patronlarla həyata keçirilirdi.

VDNX stansiyasında da çay istehsalıyla birgə stansiya inkişaf etməyə başlamışdı. Ətrafdakı stansiyalardan, “Koltsevaya” xəttindən işgüzar adamlar da bura köçmüş, bolluq və firavanlıq ayaq açmışdı.

VDNX stansiyası sakinləri donuzlarıyla da qürur duyurdular.

Sanki donuzlar ilk burdan metroya daxil olmuşdular.

İsti çayını diqqətlə, sakitcə, qurtumlarla içən Andrey:

– Bura bax, Artyom, Suxoyun işləri necə gedir? – deyə, soruşdu.

– Saşa əmini deyirsən? Hər şey qaydasındadır. Bizimkilərlə getdiyi eskpedisiyadan təzəcə qayıdıb. Yəqin siz də bilərsiz…

Andrey Artyomdan 15 yaş böyükdü. Əslində nəzarətçiydi. 250 metrdən əvvəlki bölgədə çox az görünürdü, o da sadəcə karton komandiri olaraq. Amma bu dəfə Andrey Petroviçi 150 metrədək olan bölgəyə qoymuşdular. Ona görə ki, bütün dəhlizlər onu çəkirdi, qaranlığın daha yaxınına getmək, sirli valıqlara bir az da yaxınlaşmaq üçün ən yaxşı bəhanələrdən istifadə edir, ən kiçik səhvi fürsət bilirdi. Tuneli sevirdi, tunelin bütün giriş-çıxışlarına yaxşı bələddi, amma stansiyada yaşayan şəhərlilər, işçilər, alverçilər, idarə işlərində çalışan rəhbərlər arasında özünü bədbin, narahat hiss edirdi. Bəlkə də orda özünə ehtiyac duyulmadığı üçün belə düşünürdü. Göbələk əkmək üçün kiçik ləklər qazmadan dura bilmirdi, nəfsinə hakim olmağı bacarmır, bu xüsusiyyətini də çox yaxşı bilirdi. Bundan başqa, dizinə qədər palçığa girib donuzlar üçün yem hazırlayırdı. Həmçinin, ticarət də ona uyğun iş deyildi uşaqlığından bəri satıcılarla yola getmirdi. Hər zaman döyüşçü, əsgər olaraq qalmışdı, kişiyə yaraşan, kişi üçün ən uyğun işin bu oldğunu düşünürdü. Üst-başları üfunət iyi verən qara camaatı, acgöz alverçiləri çox vaxt hərəkətlərinə tab gətirə bilmədikləri dövlət işçiləri, az yaşlı uşaqlarla qadınları qorumaqdan başqa işinin olmamasından dolayı hər zaman özüylə fəxr etmişdi. Andreyin özündən razılığı, kobud rəftarına baxmayaraq həmişə ətrafındakıları qoruması, vəziyyətlərilə maraqlanması hamı, xüsusən də qadınlar tərəfindən böyük rəğbətlə qarşılanırdı. Qadınlar ona qucaq açır, rahatlıq vəd edirdi. Andreyin rahatlığısa ancaq 50-ci metrdə, stansiyanın işıqları gözdən itəndən sonra başlayırdı.

Çay onu elə isitmişdi ki, beretini başından çıxardı, formasının qoluyla nəm bığlarını silərək Artyomdan atalığı Saşanın – Saşa əminin son tədqiqat gəzintisiylə bağlı danışdığı təzə xəbərlərdən, ətrafda dolanan söz-söhbətlərin nə olduğunu soruşdu.

Saşa əmi 19 il əvvəl “Timiryaşevskaya” stansiyasında körpə oğlan uşağını siçovullardan xilas edən, sonra atmağa vicdanı yol vermədiyi üçün Artyomu öz oğlu kimi böyüdən adamdı.

– Bunlar haqqında bildiklərim ola bilər, – Andrey dedi, – Amma ikinci dəfə dinləmək yenə də mənə xoşdur. Narahat etmirəm ki?

Andrey Artyomu yola gətirmək, danışdırmaqçün böyük əziyyət çəkdi. Artyom ögey atasının əhvalatlarından onsuz da böyük fəxrlə danışırdı, nəticədə hamı onu böyük maraqla dinləyəcəkdi.

– Yəqin hara getdiklərindən xəbəriniz var da… – Artyom dedi.

– Hə… Cənuba tərəf getdiyini bilirəm. Stansiya rəhbərliyi hər şeyi böyük sirr kimi gizlədir, – Andrey kinayəylə yanındakı adamlardan birinə göz vuraraq dedi, – Başa düşürük, rəhbərliyin verdiyi xüsusi tapşırıqlardır.

Artyom, etiraz əlaməti olaraq əlini qaldırdı.

– Yox, bu dəfə qətiyyətlə deyə bilərəm ki, ortada sirr olacaq nəsə yoxdur.

– Hər halda, səfərləri kəşfiyyat üçündür. Sadəcə bəzi şayiələr ətraflı şəkildə araşdırılacaq, məlumat toplanılacaq. Bu dediklərim dəqiq məlumatlardır. Bizim stansiyada boşboşuna danışan adi səyyar alverçinin sözlərinə aldanmayın. Bəzən bu alverçilər qəsdən səhv məlumatları yayan təxribatçılar olur. Alverçilərə bel bağlamaq olmaz, – Andrey dedi, – Onların hamısı acgözdür. İnsan necə əmin ola bilər ki? Bu gün sənin çayını Hanaslara, sabah səni bir başqasına satar, həm də nəyin var, nəyin yoxsa, hər şeyinlə birgə. Bəlkə də məqsədləri elə bildiyimiz məlumatları əldə etməkdir. Açıq danışsam, bizim alverçilərimizə belə tam güvənmirəm. Onlar hər xırda fürsətdə satılmağa hazırdırlar.

– Amma bu məsələdə səhv edirsiz, Andrey Arkadiç. Bizim alverçilərin hamısını şəxsən tanıyıram. Normal insanlardır. Bu işi kimsə görməlidir. Alverçilər sadəcə pulu çox sevirlər və başqalarından daha yaxşı yaşamaq istəyirlər.

– Mən də onu deyirəm. Pulu hər şeydən çox sevirlər. Başqalarından daha yaxşı yaşamaq istəyirlər. Bəs belədirsə, tunelin içində azdıqlarında nə edəcəklərini bilirsən? O biri stansiyada, hansısa agentin onları satın ala bilməyəcəyinə təminat verə bilərsənmi? Təminat verə bilərsən, yoxsa yox?

– Hansı agentlər? Bizimkilərdən elə şey görmüsən?

– Bax, Artyom! Hələ cavansan, çox şeyi də bilmirsən. Ən yaxşısı budur, yaşlıların dediklərinə diqqətlə qulaq as! O zaman daha çox yaşayarsan, buna əmin ol!

– Alverçilər olmasa, burada silahsız qalarıq. Köhnəlmiş “Berdan” tüfənglərilə

qaralara duz püskürdüb, sonra da oturub çayımızı içərdik.

– Yaxşı, yaxşı, iqtisadçı olub başımıza! Ən yaxşısı, Saşanın orada nə gördüyünü danış. Qonşu stansiyalarda nələr baş verib? “Alekseyevskaya”da, “Rijskaya”da…

– “Alekseyevskaya”damı? Yeni nəsə yoxdur. Göbələk yetişdirməyə davam edirlər. Sadəcə bir kənddir ora, başqa nəsə yoxdur. Demək istədiyim, – Artyom səsini alçatdı, – Sadəcə bizə qoşulmaq istəyirlər. Deyəsən, “Rijskaya” da əleyhinə deyil. Cənubdan təzyiqlər getdikcə artır. Hazırda vəziyyət yaxşı deyil. Davamlı olaraq bəzi həyati təhlükələrdən danışırlar, ortada söz-söhbətlər gəzir. Hamı nədənsə qorxur, amma nə səbəbdən və nə üçün qorxduğunu heç kim bilmir. Bəzən “Hanza” İttifaqından qorxurlar, bəzən də başqa şeylərdən. İndi bizimlə danışıqlara başlayıblar.

– Bəs nə istəyirlər?

– Onlarla federasiya qurmağımızı, ortaq müdafiə sistemi yaratmağımızı, hər iki tərəfdən sərhədləri gücləndirməyi, tunellərdə daimi işıqlandırma sisteminin qurulmasını, polis təşkilatının yaradılmasını, yan tunellərin, koridorların torpaqla örtülməsini, nəqliyyatda istifadə olunan qurğuların istifadəyə verilməsini, telefon kabellərinin döşənilməsi və boş ərazilərdə göbələk əkilməsini… Qısası, istəyirlər ki, yaranan çətinlikləri birlikdə dəf edək.

Andrey donquldandı:

– Bəs daha əvvəl haradaydılar? Bütün bu qorxunc varlıqlar “Botaniçeski Sad”dan, “Medvedkovo” stansiyasından bura gəldikləri zaman, haradaydılar? Qaralar bizə hücum edəndə nə düşünürdülər?

– Andrey, mənə bax! – Pyotr söhbətə qoşuldu, – Başına bəla açma. Xoşbəxtlikdən, hələ qaralar buraya gəlməyiblər! Əslində, biz heç onları məğlub da etmədik. Hər halda öz aralarında nəsə hadisə baş verib, məhz bunun üçün hələ səsləri çıxmır. Bilmək olmaz, bəlkə də qüvvə toplayırlar. Bütün hallarda, bu qonşularla əməkdaşlıq etmək bizim üçün xeyirlidir. Hətta deyərdim ki, digər qonşularımızla da… Belə əməkdaşlıqlar hər iki tərəfin xeyrinə olardı.

– Nəticədə hamımız müstəqil, bərabər və qardaş olarıq, – Andrey əsəbi şəkildə və ironiyayla bunları deyərkən, bir tərəfdən də əllərini ölçürdü.

Artyom incik səslə:

– Deyəsən, söhbətim daha sizi maraqlandırmır! – dedi.

– Yox, Artyom, sən davam et! – Andrey dedi, – Pyotrla mən daha sonra davam edərik. Bu ikimizin arasındakı əbədi davadır. Heç vaxt bitməyəcək.

– Yaxşı! Sözdə rəhbər qəbul etdiyimiz, sadəcə bu məsələlərin incəliklərini müzakirə etmək lazımdır. Bu yaxınlarda iclas olacaq. Sonra da referendum.

Andrey ağzını büzüşdürdü:

– Bəli, bəli! Referendum. Xalq “bəli” desə, hər şey qaydasındadır. Demək, əksinə, “yox” qərarı versə, xalq səhv qərar vermiş olacaq. Belə olduğu halda, bu məsələlər üzərində bir daha fikirləşmək lazımdır.

Pyotr Andreyeviç Andreyin fikirlərinə əhəmiyyət vermədən soruşdu:

– Bəs “Rijskaya” stansiyasında, orda nə hadisə baş vermişdi?

– Yaxşı! Bəs bu stansiyanın arxasınca nə gəlir? Prospekt Mira

, “Hanza” İttifaqıyla sərhəddimiz. Atalığım “Hanza” İttifaqında heç nəyin dəyişmədiyini dedi. “Qızıl Ordu” əsgərlərilə bağlanılan sülh hələ qüvvədədir. Müharibəyə artıq heç kim əhəmiyyət vermir.

“Hanza” İttifaqı əvvəllər “Koltsevaya” Xəttindəki Stansiyaların Birliyi adlanırdı. Lakin bu xətt başqa xəttlərin kəsişməsində yerləşdiyinə görə, bütün metronun kommersantları bura toplandı və “Koltsevaya” İttifaqına əhali arasında “Hanza”

deyilməyə başladı. Tədricən, hətta rəhbərlik tərəfindən də bu ittifaq “Hanza” adlandırılmağa başladı. Bu ad ittifaq üçün daha uğurlu hesab olundu.

İlk vaxtlar bu ittifaq “Koltsevaya” xəttindəki stansiyaların ancaq bir qismini əhatə edirdi. Birləşməsə tədricən həyata keçirilmişdi. Əvvəlcə “Kievskaya”dan “Prospekt Mira” ya qədər uzanan, “Kurskaya”, “Taqanskaya” və “Oktyabrskaya” stansiyalarını da əhatə edən “Şimal Qövsü” yaranmışdı. Daha sonra birliyə “Paveletskaya” və “Dobrınskaya” stansiyaları da əlavə edildi. Beləliklə, ikinci xətt – “Cənub Qövsü” yarandı. Lakin bu “qövs”lərin birləşməsi yolunda əngəl vardı və bu, “Sokolniki “xəttindəydi.

– Əslində, bütün məsələ bundan ibarətdir, – bir dəfə Artyomun atalığı demişdi, – “Sokolniki” xətti həmişə fərqlənib. Plana baxanda bunu birbaşa görmək mümkündü. Birincisi, bu xətt düzxətli oxa bənzəyirdi. Həmçinin, tünd qırmızı rənglə işarələnmiş, üstəlik bütün planlarda stansiya adları özlərinin nə olduqlarını bəlli edirdilər. Misal üçün: “Krasnoselskaya” adlı yerə, 1944-cü ildə faşistlərin işğalından azad edilmiş “Qırmızı kənd” adını vermişdilər. Sonra “Krasnıye vorota”, “Komsomolskaya” stansiyası, “Biblioteka imeni Lenina” və “Leninskiye qorı” olmuşdu.

Görkəmli sosialist keçmişimizə həsrət qalan bəzi insanlar bəlkə, bu adlara görə, yaxud başqa səbəbdən bu xətt üzərində birləşmişdilər. Sovet dövlətini yenidən qurmaq barədə bir-birindən fərqli planlar cızılmağa başlanmışdı.

İlk stansiya kommunizmin ideallarını, sosialist hökumət quruluşunu rəsmi şəkildə qəbul etdiyini elan edən kimi, çox keçmədən yanlarındakı stansiyalar ona qoşulmuşdu. Arxasınca tunelin o başındakı insanlar da onu izləmişdilər. İnqilabın həyəcanına qapılıb öz rəhbərlərini belə devirmişdilər. Artıq onları heç kim saxlaya bilməzdi; həyatda qalan son müharibə ve-teranları, köhnə komsomolçularla partiya işçiləri, təbii ki, bütün proletar, demək olar, hamı inqilabçı stansiyalara qoşulmuşdu.

Metroda yeni inqilabdan, kommunist ideologiyasından məsuliyyət daşıyan komitə yaradıb, adını da Lenini xatırlatması üçün “İnternasional” qoymuşdular.

Bu komitə təcrübəli inqilabçılardan, təbliğatçılardan ibarət qruplar yaratmış, düşmən düşərgələrinə göndərmişdi.

Bütün bunlar qan tökülmədən həyata keçirilimişdi, çünki əlavə istehsal olmadığı üçün “Sokolnitçeskaya Xətti”ndə yaşayan, aclıq çəkən insanlar, təkrar ədalətli quruluşa qovuşmağın həsrətindəydilər. Bunun da ancaq stansiyaları birləşdirilməsilə həyata keçirə biləcəklərinə inanırdılar. Bütün xətdə inqilabın qızıl tonqalları bir anda alovlanmağa başlamışdı. Nəticədə stansiyalar

əvvəlki adlarını aldılar: “Çistiye Prudı” təkrar “Kirovskaya”, “Lubyanka” yenidən “Dzerjnskaya” və “Oxotnıy Ryad” yolu təkrar “Ploşad Sverdlova” oldu. Neytral adları olan stansiyalara eynən ideoloji adlar verildi: “Sportivnaya” stansiyası “Kommunistiçeskaya” adını aldı, “Sokolniki” oldu “Stalinskaya”. Bütün bu mərəkənin başladığı “Preobrajenskaya ploşad” stansiyasısa “Znamya Revolyutsii”, “İnqilab Bayrağı” adını aldı. Bir vaxtlar “Sokolniçeskaya” adlandırılan, amma moskvalıların “Qızıl xətt” kimi xatırladıqları bu xətt rəsmi olaraq “Qızıl xətt” adlandırılmağa başladı.

Bütün bunlara baxmayaraq hər zaman bu belə olmuşdu. Çünki “Qızıl xətt” tamamlanan kimi digər xətlərə ilk tələblərini çatdırmağa başladı. Amma digər stansiyalar üçün sərhədlər asılı vəziyyətə düşürdü. Çünki “Sovet iqtidarı” sözünün nə mənaya gəldiyini hələ də bir çox insan yaxşı xatırlayırdı; “Təşkilatlar” Metronun hər yanına xəstəlik kimi yayılmışdı. “İnter-nasionalistlərin”nin təbliğatçıları yeraltı qatarlara elektrik gətirməyə söz vermişdilər. Və Sovet iqtidarıyla əməkdaşlıq etməklə, ideal kommunizmin qurulacağını iddia etmişdilər.

(Leninist şüarlar heç bu dərəcə utanmazcasına populist olmamışdı.) Lakin “Qızıl xətt”ə qoşulmayan stansiyalar bu yalançı vədlərə aldanmadılar. Məhz buna görə də harada “İnternasional” tərəfdarı görürdülər, tutub “Sovet İttifaqı”na geri qaytarırdılar.

Buna görə də “Qızıl Ordu” rəhbərliyi artıq hərəkətə keçmək vaxtının gəldiyinə qərar verdi: metronun digər stansiyalarından hansısa inqilabın şanlı tonqalını özü yandırmaq istəmirsə, “onda bir az köməklik göstərilməliydi”. Getdikcə güclənən kommunist təbliğatından və mitinqlərindən narahat olan digər qonşu stansiyalar da bənzər qərara gəldilər. Tarixdən öyrənilən dərslər açıq şəkildə özünü göstərmişdi: Kommunizm mik-robunun, ideyalarının ən yaxşı göstəricisi süngüydü, bundan daha yaxşı variant mümkün deyildi.

Fırtına başladı.

Onları geri oturtmağın yolu, kommunizmə qarşı olan stansiyalardan ibarət bir koalisiya yaratmaq və “Hanza”nın rəhbərliyi altında vuruşmaqda görüldü. Kommunizm düşmənləri təşkilatlı müqvimətlə qarşılaşacaqlarını nəzərə almamışdılar, öz güclərinə çox əmindilər. Lakin qələbə qazanmaqları gözlədikləri qədər asan olmayacaqdı. Həqiqətən də, uzunmüddətli, qanlı müharibə oldu. Metronun onsuz da çox olmayan sakinləri üçün, müharibə ölüm-qalım məsələsinə çevrilmişdi. Müharibə il yarım davam etdi. Daha çox qarşılıqlı döyüşlər, belə hallarda ənənəvi olan taktikalara üz tutuldu: partizan hücümları, aldatma taktikaları, tunellərin partladılması, müharibə əsirlərinin kütləvi şəkildə öldürülməsi və hər iki tərəfin bənzər vəhşi hərəkətlərilə davam etdi.

Bu müddət ərzində təşkilatda mitinqlər, təbliğat kampaniyası, hərbi çevrilişlər də əskik olmadı; ordu komandirləri, qəhrəmanlar və xainlər də oldu. Amma bu müharibədə ən çox diqqəti cəlb edən əsas məslələ bu idi: Tərəflərdən heç biri cəbhə xəttində üstünlüyü ələ ala bilməmişdi.

Bəzən tərəflərdən biri digər stansiyanı ələ keçirdib üstünlüyü təmin etdiyi halda, qarşı tərəf bu hücuma bütün gücüylə cavab verərək bu üstünlüyü öz xeyrinə çevirirdi. Amma mü-haribə artıq bitmək üzrəydi, çünki hər iki tərəf çoxlu itki vermişdi. Sağ qalanlar da müharibədən bezmişdilər. İnqilab rəhbərləri sakit şəkildə, heç kimə heç nə hiss etdirmədən başlanğıcda öhdələrinə götürdükləri vəzifələri kənara qoyub daha təvazökar işlərə yönəldilər. Əvvəl hədəfləri sosialist iqtidarı və kommunizmi bütün metro stansiyalarında təbliğ etməkdi, lakin indi “Qızıl Ordu” rəhbərliyi ən azından özləri üçün ən müqəddəs olan şeyi nəzarət altına almaq istəyirdi: “Ploşad Revolyutsii” stansiyasını.

Səbəblərindən biri “İnqilab Meydanı” mənası verən stansiyanın adıydı, amma bundan başqa stansiyanın qüllələrində hələ də qırmızı ulduzların parıldadığı (əgər baxmaq üçün yuxarıya dırmanmağa cəsarət edən olsa) “Qızıl Meydan” olması və Kremlə digər stansiyalardan daha yaxında yerləşməsiydi. Xüsusilə, orda, Kremlin düz yanında, Qızıl Meydanın ortasında Mavzoley

dayanırdı. Mavzoleydə hələ də Leninin cəsədinin olub-olmadığını heç kim bilmirdi, amma artıq bunun heç bir əhəmiyyəti yoxdu. Uzun illərdir, davam edən Sovet hakimiyyəti vaxtında Movzoley vəzifə dəyişikliyi etmiş, çox xüsusi məzarlıqdan iqtidarın hakimiyyətinin əbədiliyinin müqəddəs simvoluna çevrilmişdi. Əvvəki dövrün böyük liderləri, Mavzoleyin eyvanından təntənəli rəsmi keçid mərasimini qarşılamışdı. Bu iqamətgahın indiki iqtidarda olanları da öz təsiri altına alması çox təbii qarşılanmalıydı. Deyilənlərə görə, “Ploşad Revolyutsii” stansiyasından Mavzoleyin gizli otaqlarına, oradan da Leninin məzar otağına gedən keçidlər vardı.

“Qızıl Ordu” əvvəlki adı “Teatralnaya” olan “Ploşad Sverdlovskaya” stansiyasını nəzarətdə saxlayırdı. Stansiya hər cəhətdən gücləndirilmiş, hər şeylə təchiz edilmiş, “Ploşad Revolyutsii” stansiyasına olunacaq hansısa hərbi müdaxilə zamanı sığınacaq yeri kimi seçilmişdi. İnqilabın öndə gedənləri, rəhbərləri eynilə Səlib yürüşlərində olduğu kimi, dini təbliğat apararaq insanları dayanmadan bu stansiyaya hücuma, Mavzoleyi azad etməyə çağırırdılar. Məhz bunun üçün müdafiə olunanlar stansiyanın “Qızıl Ordu” üçün nə dərəcədə əhəmiyyətli olduğunu çox yaxşı bildiklərindən son adamları qalana qədər müqavimət göstərmişdilər. Ploşad Revolutsi alınmaz qalaya çevrilmişdi. Müharibənin ən qanlı, qəddar döyüşləri həmin stansiya ətrafında yaşanmış, ən çox əsgər itkisi də burada olmuşdu.

Bu meydan müharibələri məşhur Aleksandr Matrosov

kimi özünü güllə önünə atan, yaxud düşmən qüvvələrini məhv etmək üçün düşünmədən ölümə atılan qəhrəmanlar yaratmışdı. Hətta qadağan olunmasına baxmayaraq insanlara qarşı od püskürən silahlardan istifadə edilmiş, yenə də uğurlu nəticə əldə olunmamışdı.

Qızıl Ordu bir günlük stansiyanı ələ keçirsələr də, orda qalmağı bacarmır, sabahısı koalisiya qüvvələrinin hücümları nəticəsində böyük itki verərək geri çəkilirdi.

“Biblioteka imeni Lenina” üçün də eyni şəkildə döyüşlər gedirdi. Koalisiya qüvvələri “Qızıl Ordu”nu geri çəkilməyə vadar edərkən, kommunist rejimi “Biblioteka imeni Lenina” stansiyasını işğal etmişdi. Stansiya koalisiya üçün son dərəcə əhəmiyyətliydi, çünki uğurlu döyüş əməliyyatı nəticəsində “Qızıl xətt” iki hissəyə bölünəcəkdi. Xüsusilə, oradan digər üç xətdə uzanan üst keçidlər vardı, “Qızıl xətt” bu üç xətlə sadəcə orda birləşirdi. Nəticə etibarilə, bu stansiya bir növ limfa düyünüydü: “Qızıl vəba” bir dəfə ora düşdüsə, ordan da digər orqanlara yayılacaqdı. Bunun qarşısını almaq üçün koalisiya qüvvələri nəyin bahasına olursa olsun, stansiyanı ələ keçirməliydi.

“Qızıl Ordu” rəhbərliyi “Ploşad Revolutsi” idarəçiliyi altına almaq üçün necə nəticəsiz mübarizə aparırdısa, koalisiyanın da “Biblioteka imeni Lenina” stansiyasını işğal səyləri eyni şəkildə effekt vermirdi.

İnsanlar artıq təngə gəlmişdilər. Hərbi xidmətdən yayınma halları başlamışdı, tərəflər silahları buraxdıqları zaman bir-birlərini qardaş kimi qucaqlayırdılar. Belə vəziyyət Birinci Dünya müharibəsindəki kimi “Qızıl Ordu”nun xeyrinə olmamışdı. Koalisiyanın vəziyyəti də yaxşı deyildi. Həyatlarından davamlı narahatlıq duymaqlarının verdiyi sıxıntıyla bütün ailələr stansiyaların mərkəzindən kənar bölgələrə çəkilirdilər. “Hanza İttifaqı” haldan düşmüş, xeyli güc itirmişdi. Müharibə ən başlıcası ticarətə mənfi təsir göstərirdi. Alverçilər “Hanza”dan əllərini çəkmişdilər. Bir vaxtlar ən əhəmiyyətli ticarət yolları sükuta qərq olmuş, tərk edilmişdi.

Əsgərlər tərəfindən get-gedə daha da az dəstəkləndiklərini hiss edən siyasətçilər silahlar özlərinə qarşı çevrilmədən müharibəni qurtarmaq, bu çətin vəziyyətdən çıxış yolu tapmaq haqqında düşünməyə başladılar. Beləliklə, bu kimi hallarda adət edildiyi kimi böyük məxfilik içində, neytral stansiyada görüş təyin edildi: Sovet nümayəndəsi Moskvinlə “Hanza” İttifaqının rəhbəri Loqinov, koalisiya nümayəndəsi “Arbat” Konfederasiyası

Baş Komandanı Kolpakovdu.

Tərəflər arasında sülh bağlandı. Həmçinin, stansiyalarla bağlı müəyyən dəyişikliklər edildi. “Qızıl Ordu” yarısı uçulub dağıdılmış “Ploşad Revolutsii” tamamilə öz idarəçiliyinə götürdü, qarşılığında “Biblioteka imeni Lenina”

stansiyası “Arbat” Konfederasiyasına verdi. Bu razılaşma hər iki tərəf üçün asan qəbul edilən addım olmamışdı. Konfederasiya üzvlərindən birini, eyni zamanda, şimal-şərqdə əlində nə qədər mülk varsa hamısını itirmişdi.

“Qızıl Xətt” də artıq hər şeyin sahibi deyildi, bölgənin tam mərkəzində öz əmrində olmayan stansiya vardı və xətti iki hissəyə bölmüşdü.

Tərəflər daha əvvəllər sahib olduqları torpaqlardan qarşılıqlı sərbəst keçidə təminat verdikləri halda, nəticə etibarilə bu addım yenə də “Qızıl Ordu”nunun xeyrinə deyildi. Lakin koalisiyanın təklifilə razılaşmaq, bu vəziyyətdə ən düzgün qərardı.

Həqiqətən “Qızıl Xətt”ə mane olmadı. Bu vəziyyətdən daha qazanclı çıxan “Hanza” oldu, çünki bölgəsini bağlamaqla iqtisadi inkişafa gedən yoldakı son maneə də aradan qaldırılmış oldu. Nəticədə “status-kvo”nu qəbul edib köhnə düşmənlərinin bölgədəki təxribatçı və digər antidövlətçilik hərəkətlərindən birdəfəlik qurtuldu. Bütün bunlara baxmyaraq tərəflərin hər ikisi bu sülh barışığından razı qaldı. Bundan sonra silah, top səsləri yerini siyasətçilərə vermişdi, hər iki tərəfin siyasətçiləri bu sülh nəticəsində əldə edilmiş uğurları öz adına yazmaqla xalqının gözünə girməyə çalışacaqdı. Bundan sonra təbliğatçılara böyük iş düşürdü: müharibənin yaratdığı psixoloji sarsıntını aradan qaldırmaq lazımdı.

Sülh müqaviləsinin imzalandığı bu son dərəcə əhəmiyyətli gündən illər keçdi, tərəflər bu razılığa sadiq qaldılar: “Hanza” İttifaqı “Qızıl xətt”i özünə uyğun iqtisadi partnyor qəbul etdi. Onlar da təxribatçı və hücum planlarının üzərindən xətt çəkdilər, rütbəsi “Moskva V.İ.Lenin Metrosu Kommunist Partiyası Baş İdarə rəisi” olan Moskvin kommunist rejiminin bir xətt üzərində qurulmasının nəzəri olaraq mümkünlüyünü

sübut etmiş, tarixi qərar verərək hərbi əməliyyatları durdurmuş, köhnə düşmənlik unudulmuşdu.

Artyom atalığını həmişə diqqətlə dinləyərdi. Ən yaxın keçmişə aid bu ibrətamiz hadisə də, yaddaşına həkk olunmuşdu.

Pyotr Adreyeviç:

– Yaxşı ki, bu qırğınlar o vaxt bitdi, – dedi, – Təxminən il yarımdı ətraf xətlərinə addım ata bilmirdik. Bütün girişlər bağlanmışdı, məcburi passport qeydiyyatı, yoxlama keçirilirdi. O tarixlərdə işlə bağlı həmişə yollarda olurdum. “Hanza” kimi deyildi, buradan keçməyə imkan vermirdilər. Ona görə də bu yoldan istifadə edirdilər, bir dəfə “Prospekt Mira”nın girişində saxlanmışdım. Az qalırdılar, məni güllələsinlər.

– Həqiqətənmi? – Andrey maraqla soruşdu, – Bunu heç danışmamışdın. Bu hadisə necə olub?

Artyom başını aşağı əydi. Aydın məsələydi ki, həmsöhbətinin aktyorluq etməsi onu narahat edirdi. Amma yalan da olsa, danışdığı bu hekayə get-gedə maraqlı əhvalata oxşayırdı. Məhz buna görə də müdaxilə etmədi.