
Полная версия:
Azərbaycan türklərinin ədəbiyyatı tarixi
1928-ci ilin oktyabrında bitirdiyi araşdırmada Ə.Abid əsasən mətn üzərində işləyib. Yəni özü ciddi toplama işi ilə məşğul olmayıb. Yalnız hərdən tələbələrindən və tanışlarından topladığı bayatılardan da istifadə edib. Məqaləni aşağıdakı bölmələr üzrə araşdırıb:
I. Mədxəl
II. Bayatımı, manimi?
III. Başqa türk və tatar xalqlarının maniləri içində bayatının xüsusiyyətləri
IV. Bayatıların başqa nəzm şəkillərilə müqayisəsi
V. Bayatılarla əlaqədar olan xalq ənənələri
VI. Bayatılarda qadın yaradıcılığı
Ə.Abid yalnız bayatı, mani sözlərinin mənşəyini, janrın texnikasını öyrənməklə kifayətlənmir, tarixi keçmişimizə baş vurur, Orxan abidələrindəki 7 hecalı nəzm parçalarının bayatılarımızın inkişafında roluna nəzər salır. O, "Divan-i luğət-it-türk"ü, "Qudadqu biligi" və b. qaynaqları gözdən keçirərək yazır: "Qudadqu bilig" sahibi məsnəvi tərzində yazdığı əsərində "bu sözü dinlə, manidir", – dedikdən sonra maniyi məsnəvi şəkilində deyil, qitə şəkilində yazır, sonra təkrar məsnəviyə başlayır. Demək olar ki, "Qudadqu bilig" zamanında türklər arasında mani adında nəzm şəkli olmuşdu və bu manilər də yalnız tək qitə halında tənzim edilmişdir" (Abid Əmin, 1930:16, sayı 4-5). Bu kimi qaynaqlara dayanan araşdırıcı türklərin yaşadıqları mühtəlif bölgələrdə dördlüklərə ayrı-ayrı adlar verilməsini belə izah edir: "Bizim əldə etdiyimiz nəticəyə görə bayatı təbiri kimi öləng, çır, türkü, əşülə adları da mənaca şərqi demək olduğundan bunlar da digər türk xalqlarında maninin bəstəsinə verilmiş ad kimi sayılmalıdır" (Abid Əmin, 1930:13, sayı 4-5)..
Ə.Abid bir çox mülahizələrində nüfuzlu elm xadimlərinin fikirlərinə əsaslanır, onların xidmətlərini yüksək qiymətləndirərək yazır: "Hər halda mani növünün Orta Asiya xalqları arasında Altaya qədər geniş bir sahədə "Divan-i luğat-it-türk"ün yazılış tarixindən çox əvvəl yaşadığı haqqında Kovalski kimi bizdən çox daha səlahiyyətdar bir mütətəbbinin fikri ayrıca diqqət ediləcək bir nüktədir"(Abid Əmin, 1930:15, sayı 4-5).
Tuyuğun bir janr kimi formalaşmasında rübainin təsir fikrilə razılaşmayan Ə.Abidə görə tuyuğ janrının formalaşmasına mani-bayatı təsir etmişdir. Odur ki, "Divan-i luğat-it-türk"dəki yeddi hecalı mənzumələrin bayatılarımızla fərqli cəhətlərinin olmasını təbii sayır və oradakı qoşma mənasında işlədilən qoşuq sözünün bu gün bizim başa düşdüyümüz heca vəzinli bir şeir şəkli deyil, ümumiyyətlə şeir, qəsidə, rəcəz mənasında işlədildiyini göstərir.
Qaynaqlardan aldığı nümunələri yalnız formalarına, hecasının sayına görə deyil, daxili qurluşuna görə də qarşılaşdırır. Bu qənaətə gəlir ki, Xoca Əhməd Yəsəvinin "Divan-i hikmət"indəki yeddi hecalı şeirlərdə misralar 3-4 durğusu ilə verildiyinə görə "Divan-i luğat-it-türk"dəki şeir parçalarına daha yaxındır.
Şeirin daxili qurluşuna da çox önəm verən Ə.Abid folklorşünaslığımızda ilk dəfə olaraq bu məsələni qoyurdu. Onun araşdırmasının ən geniş və həcimcə böyük bölməsi də məhz buna həsr edilib. Bayatı və manilərdə misraların 6 və 7 hecalı olmasını eləcə də qafiyə, rədif, cinas və ahəng məsələsini diqqətlə öyrənib. T.Kovalskinin maniləri vəzn və ahəngə görə üç qrupa ayırması ilə razılaşmayıb.
Bir-birilə qafiyələnən misralardakı durğuların bölgüsünə 14, sərbəst misra adlanan, yəni qafiyələnməyən üçüncü misranın durğularının bölgüsünə 24 nümunə verib. Misralarda durğuların çoxluğunu poetik qüdrət, musiqililik kimi qiymətləndirib, Azərbaycan bayatılarının daha zənginliyi qənaətinə gəlib.
Ömrünü ümumtürk ədəbiyyatının araşdırılmasına həsr etmiş Ə.Abidin müəllimi M.F.Köprülüzadə ilə mübahisəyə girməsi "Azərbaycan bayatılarında 9 növ cinasa rast gəlinirsə, türk manilərində çinas çox azdır yazması” məhəlliçilik təsiri bağışlayır. Onun bu fikrini qəti hökm kimi qəbul etmək çətindir. Çünki 20-ci illərdə istər Azərbaycanda, istərsə də başqa türk ölkələrində manilər, bayatılar, çırlar və b. hələ geniş toplanıb nəşr edilməmişdir. Əlaqələrimizin genişləndiyi, kitablar və başqa qaynaqları əldə etməyin asanlaşdığı bir dövrdə problemə yenidən qayıtmaq, Ə.Abidin başladığı işi davam etdirmək bu gün də qarşıda duran problemlərdəndir.
Şeirimizdə vəzn, ritm və s. məsələlərlə dərindən məşğul olan prof. Məhəmməd Əliyev bu sahədə Ə.Abidin xidmətlərini qiymətləndirərək yazır: "Ə.Abid demək olar ki, hecanın əksər şəkillərinin elmi təsnifini vermiş… Ədəbiyyatşünaslıqda yeni poetik forma məsələləri əksəriyyəti düşündürdüyü vaxt Ə.Abidin hecayi şeir tariximizin öyrənilməsi sahəsində atdığı ilk addım şeir tariximizin, onun poetik-texniki vasitələrin tarixilik baxımından tarixi-müqayisəli metod əsasında öyrənilməsinə çox qiymətli bir çağırış idi" (Əliyev Məhəmməd, 1983:80-81)
Əslində Ə.Abidin bu məqalələri xalqı öz kökündən ayırmaq istəyənlərə, kosmopolitlərə, "sosialist mədəniyyəti" adı altında ruslaşdırma siyasəti yeridənlərə qarşı aparılan intellektual mübarizənin tərkib hissəsi idi. Dövrün ideoloji burulğanına düşərək köhnə, "nəzmi sifətləri"ni sufi şeiri, "iylənmiş, qoxulanmış", "ibtidai", "qeyri-mədəni" hesab edən kommunist M.Quliyevlərə, Ə.Nazimlərə, A.Şəfilərə, M.Rəfililərə və b. təsir göstərə bilmək üçün belə dərin məzmunlu araşdırmaları ortaya qoymağın özü bir qəhrəmanlıq idi. Çünki həmin dövrdə rəsmi mövqe, mətbuat "biz üzümüzü Füzulilərə, Nəsimilərə, Vaqiflərə, Mirzə Fətəlilərə, Hüseyn Cavidlərə deyil, Verxarnlara, Uitmenlərə, Jül Vernlərə, Mayakovskilərə və bütün dünya klassiklərinə çeviririk" (Gülən Adam, 1929) əhval-ruhiyyəsindəydi.
Millətsevərliyinə, vətənpərvərliyinə görə təqib edilən, işdən çıxarılan Ə.Abid həmin dövrdə mətbuatda da tənqid hədəfinə çevrilmişdi. Onu marksist metodlarına yiyələnməməkdə, pantürkizmdə qınayırdılar (Nazim Əli, 1929:59-62 sayı 3-4). Ə.Abid də dövrünün adamı idi, mühit ona da öz təsirini göstərirdi. Hadisələrə marksizim-leninizm metodları ilə yanaşanda, tarixə sinfi mübarizə baxımından qiymət verəndə yanlışlığa yol verirdi. O yerdə ki, ideoloji məsələni ön plana çəkməyə çalışırdı, onda elmi və məntiq üzərinə kölgə düşürdü. Onu nəinki 20-30-cu illərdə, hətta 80-cı illərdə "marksizm materialist konsepsiyası ilə tanış" olmaqda təqsirləndiriblər. Hər şeyə-ədəbiyyata, mədəniyyətə, hətta danışıq dilinə belə sinfilik baxımından yanaşıldığı bir vaxtda Ə.Abid yazırdı: "Atalar sözü, bilməcə, nağıl, mahni kimi ədəbi növlər də işçi xalq sinfinin iqtisadi bədii zövqünə aid ünsürləri əhatə edən məhsullar olduğu kimi, əşirət rəislərinin, xan və bəylərin, ümumiyyətlə əşirət aristokratiyasının həyatına, qəhrəmanlıq müharibələrinə aid mədhnamələr də az deyil" yazırdı.
Azərbaycan türkcəsinin Xorasan, Dərbənd, Kərkük, Doğu Anadolu və Güney Qafqazda yayıldığını söyləyən Ə.Abidin əsasən 7 hecalı 4 misralı şeir şəklinin türk xalqları yaşayan bütün bölgələrində yayıldığını, eyni kökdən şaxələndiyini sübut edir.
Azərbaycan mətbuatında İraq türkmanlarının xoyratları haqqında ilk bilgi verən də Ə.Abid olmuşdur. Dövrün ictimai-siyasi vəziyyəti bu mövzunun aktuallaşmasına imkan verməmişdir. 1960-cı illərin sonlarında professor Rüstəm Əliyevin radio və televizyadakı çıxışları, Rəsul Rzanın, professor Qəzənfər Paşayevin məqalələri, xüsusən ikinci müəllifin ardıcıl fəaliyyəti İraq türkmanlarına diqqəti artırmışdır. Bayatılarımızdakı quş, heyvan, çiçək, meyvə, çay, dağ, göl adlarını da diqqətdən qaçırmayan araşdırıcı bu qənaətə gəlir: "Azərbaycanın əski ozanları ilə yeni el şairləri tərəfindən yaradılan bayatılar-bunları yaradan şəxsiyyətlərdəki mədəni səviyyənin ibtidailigi nəzərə alınınca yüksək dərəcədə şairanə bir qiymətə malik olan qismətləri də az deyildir" (Abid Əmin, 1930: 36, sayı 4-5)
Azərbaycan Qorqudşünasları Əmin Abidin ən çox “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr" (Abid Əmin, 1930:48-52) sayı 3(8) məqaləsindən istifadə ediblər. Lakin dövrün təzyiqlərindən ehtiyatlanan ədəbiyyatşünaslar yararlandıqları mənbəni göstərməkdən ehtiyatlanıblar.
Əmin Abid “Kitab-i Dədə Qorqud”dakı “Baybörənin oğlu Bamsı Beyrək boyu” və “Basat Təpəgözü öldürdiyi boyu” Dəvədarinin “Dərril-tican”dakı “Təpəgöz” hekayəsilə qarşılaşdırılır, hər iki boyun “Təpəgöz” hekayəsinin əsasında yarandığını söyləyir. Bu paralellərə uyan araşdırıcı Dəvadərinin ərəbcəsini gördüyü “Oğuznamə”nin V-VI əsrdə yazıya köçürüldüyü fikrini irəli sürür.
Araçdırıcıya görə “Kitab-i Dədə Qorqud” eposunun adı əvəzində yazılmış “Kitab-i Dədəm Qorqud əla-lisan tayifeyi- Oğuzan” (Oğuz türklərinin dilində Dədəm Qorqudun kitabı) cümləsi “Oğuznamə”nin şərqdə, istər yazılı, istərsə də şifahi şəkildə yalnız oğuzlar arasında deyil, ərəblər, farslar və başqa xalqlar arasında da geniş yayılmasından xəbər verir. “Kitab-i Dədə Qorqud”u köçürən katib bu eposun müxtəlif dillərdə tərcüməsi ilə tanış olduğu üçün oxucu çaşmasın deyə əsərin üzərində “Oğuz türklərinin dilində Dədəm Qorqudun kitabı” sözlərini yazmışdır.
“Kitab-i Dədə Qorqud”un azərbaycanlı araşdırıcılarının əksəriyyəti dastanın Azərbaycanla bağlılığını sübuta çalışarkən böyük rus şərqşünası, akademik V.V.Bartoldun 1930-cu ildə dərc etdirdiyi “Türk eposu və Qafqaz” məqaləsindəki “Qorqud adı ilə bağlı olan epik silkin Qafqaz mühitindən kənarda yaranmış olduğunu təsəvvür etmək çətindir” cümləsinə istinad edirlər. Halbuki Ə.Abid 1928-1929-cu illərdə yayınladığı məqalələrində yazırdı: “Qorqud kitabındakı mənkəbələrin cərəyan etdiyi coğrafi yerlər də əski Azərbaycan sahəsinin dəxi tamamilə daxil olduğu göstərilməkdədir. Masalların içində zikr olunan və zəmanəmizcə məlum olan yerləri başdan ayağa qədər gözdən keçirəlim. Mardin qalası, Bayburt hisarı, Ağ hisar, Ağbaza, Gürcüstan ağzı, Göyçə dənizi, Gəncə, Dəmirqapı, Qara Dərbənd, yaxud Darvand… Bu yerləri xəritə üzərində bir-birinə bağlasaq bu nəticəni əldə edərik: İndi Şərqi Anadolu adlanan, əski Ermənistan və Qara dənizdən Dərbənd şəhərinə qədər uzanan bir sahə… Cənubi Qafqaz da buraya daxildir. Bir də hər nə qədər ad zikr olunmuşdusa da vaqələrin gedişindən Şimali İranın da bu sahənin cənub ətəyini təşkil etdiyini təxmin edəriz. Məsələn, Dərbənd və Gürcüstana kafirləri çapıb yağma etməyə gedərkən axar sulardan keçildiyindən bəhs edilir ki, heç şübhəsiz bunlar Kür və Araz nəhirləri ilə qollarıdır”.
80-ci illərdən başlayaraq ədəbiyyatşünas Ə.Şamilin, B.Əhmədovun araşdırmalarında Ə.Abid yaradıcılığına sıx-sıx müraciətlər edilmiş, əsərləri elmi dövriyyəyə daxil edilmişdir. Əmin Abidin elmi məqalələri nə sağlığında, nə də sovet dövründə nəşr edulməmişdir. Bu ağır işi ilk dəfə professor Bədirxan Əhmədov görərək 2007-ci ildə Şərq-Qərb nəşriyyatında “Abid Əmin. Seçilmiş əsərləri” (Abid Əmin, 2007) adıyla böyük tirajla nəşr etdirmişdir.
“Azərbaycan türklərinin ədəbiyyatı tarixi” indiyədək nəşr edilmədiyindən həmin əsərin əlyazmasının latın əlifbasına çevrilmiş variantını, eləcə də folklorla bağlı 1920-30-cu illərdə çap olunmuş məqalələrini bu kitaba daxil etdik. Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivinin 170-ci fondunda, yəni Əmin Abidin əsərləri saxlanan fondda latın əlifbası ilə makinada yazılmış 64 səhifəlik “Azərbaycan folkloru” adlı bir mətin də var. Bu araşdırmanın Əmin Abidi ola biləcəyi şübhə doğurduğundan onu kitaba daxil etmədik.
Əmin Abid yaşadığı dövrdə belə millətimizin adı türk, dilimizi adı türkcə yazılsa da, onun rəsmi sənətlərində milliyəti türk kimi göstərilsə də, kadır anketlərində milliyəti qrafasının qarşısında öz xətti ilə türk yazsa da, həmin dövrün Türkiyə aydınlarının təsirilə əsərində Azəricə ifadəsini işlədib. Biz orjinala sadiqlik naminə onları və bu gün dilimizdə işlədilməyən ərəb kəlimələrini də dəyişmədik.
İnanırıq ki, bu kitab araşdırmaçılarımıza və milli dəyərli ziyalılarımıza gözəl hədiyyə olacaqdır.
Professor Bədirxan Əhmədov,Əli Şamil.Qaynaqlar
1. Abid Əmin (1927). Heca vəzninin tarixi (Ədəbiyyat teoriyası haqqında). “Maarif işçisi” jurnalı, sayı 3(23), səh.50-55, sayı 4, səh. 58-61, sayı 6-7 səh. 45-62.
2. Abid Əmin.(1929). Türk el ədəbiyyatına elmi bir baxış, (Oğuznamə. Prof. Samoyloviçə), “Dan yıldızı” jurnalı, sayı 5(29), səh. 30-32, sayı 8(32), səh.28-29.
3. Abid Əmin. (1930). Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri. "Azərbaycanı öyrənmə yolu" jurnalı, sayı 4-5.
4. Abid Əmin. (1930) Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr. ”Azərbaycanı öyrənmə yolu” jurnalı, sayı 3(8), səh. 48-52.
5. Abid Əmin. (2007).Seçilmiş əsərləri (Tərtib edəni və ön sözün müəllifi filolologiya elmləri doktoru Bədirxan Əhmədov). “Şərq-Qərb” nəşriyyatı, Bakı,
6. Ağayev İslam.(2000) Əliabbas Müznib (həyatı, yaradıcılığı, mücadiləsi), “Elm” nəşriyyatı, Bakı.
7. Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti öz sıralarını yenidən qurur. (1930) “Ədəbiyyat cəbhəsində" jurnalı, sayı 4, səh. 29;
8. Əliyev Məhəmməd. (1983). Ədəbi tənqid və vəzn problem. “Azərbaycan sovet tənqidinin probləmləri”, ADU nəşriyyatı, səh.80-81, Bakı.
9. Gülən Adam.(1929). Sərbəst şeir haqqında ilk söz. "Maarif işçisi" jurnalı, sayı 1.
10. Nazim Əli. (1929). Türk ədəbiyyatında pantürkizm və kamalizm əleyhinə. "İnqilab və mədəniyyət" jurnalı, sayı 3-4, səh. 59-62; sayı 5, səh. 27-30.
11. Mehdi Hüseyn. (1930). Qırmızı qalibiyyət. "Hücum" jurnalı, sayı 5-6, səh.2 və s.
12. Şahbazov Əli. (1926). “İstanbul Darülfünunda Azəri ədəbiyyatı”. "Kommunist", 9 fevral.
13. Zeynalli Hənəfi, Şaiq Abdulla, Musaxanli Atababa. (1928) Ədəbiyyattan iş kitabı, Azərnəşr, Bakı.
AZƏRBAYCAN TÜRKLƏRİNİN ƏDƏBİYYATI TARİXİ
Əmin Abidİstanbul Darülfununu ilə DarülmüəllimiAliyəsindən məzun
Bu gün Azəri türkcəsi dediyimiz ləhcə ilə danışan Qafqaz, İran, Xorasan və İraq türklərinin ədəbi və fikri həyatları haqqında təhlillər
Fehrist
1. Birinci söz
2. Başlanğıc: Azərbaycan-azəri-oğuz təbirləri haqqında ümumi bir tədqiq.
3. Rusiya, Avropa, Türkiyə və Azərbaycan mətbuatında ədəbiyyatımıza aid yapılan tədqiqatlar haqqında təhlili biblioqrafiya
Mədxəl
§ 1. Azərbaycan və Qafqaz türklərinin məişətlərinə qısa bir baxış
a – Əski oğuz türklərinin yaşadığı yerlər.
b – İqtisadi həyat
c – Totemçilik
d – Hakim olan dinlər
§ 2. Əski oğuzlarda ədəbi həyat
e – Ağız ədəbiyyatı.
ə – Yazılı ədəbiyyat
f – Vəznli nəsr və heca vəzni
g – İlk heca vəznləri
ğ – Xalq şairləri
Əşirət dövrü
(Birinci parça)
1. Qafqaz və Azərbaycanda ədəbi həyatın başlanğıcı
2. Yabançı ədəbiyyatların təsiri
3. Xalq ədəbiyyatının əski dövrləri
4. Çadır ədəbiyyatı: əşirət aristokrasisinin vücuda gətirdiyi ədəbiyyat
a) “Oğuznamə”: mövzusu və mahiyyəti
b) “Oğuz xan” mənqəbəsi
c) “Həzrət əl-risalət min kəlamət Oğuznamə əl-məşhur atalar sözü”
d) miladi XII əsrdə “Koroğlu” mənqəbəsi
İKİNCİ PARÇA
Əşirət dövrü ilə dərəbəylik dövrü arasındakı keçid zamanı
1. Azərbaycan və Qafqazın ərəblər tərəfindən istilası
2. “Quran ədəbiyyatı”nın ədəbiyyatımıza təsirə başlaması
3. İslamlaşmış “Oğuznamə”
4. “Kitab-i Dədə Qorqud əla lisan taifey-i Oğuzan”
a) Drezdendəki mətn və onun ətrafında yapılan tədqiqlərin mahiyyəti.
b) “Qorqud”un şəxsiyyəti və Mavəray-i Xəzər türkləri, başqırd-Qırğız türkləri və Anadolu – Azərbaycan türklərinin arasındakı mövqe və nüfuzu
c) Qorqud mənqəbələrinin bəhs etdiyi yerlər bizim indiki məmləkətlərimizlə ləhcəmizin yayıldığı sahələrdən ibarət olduğuna aid tədqiqlər
d) Qorqudun əsəri haqqında ümumi təhlil: mündəricatı, dilcə mahiyyəti, bədii qiyməti, qeyri-islami hüviyyəti
5. Nəticə
6. Əlavə (mətnlər)
BİRİNCİ SÖZ
Azərbaycanlı türklərin ədəbiyyatı tarixi bu vaxta qədər bütün təkamül xətləri nəzərə alınaraq metodik bir təhlilə məruz qalmamışdır. Ləhcəmizin genişliyi nisbətində ümumi tədqiqlər yapılmadığı kimi müqayisəli üsullara istinad etmədən nəşr olunan mətn-“texte” və materiallar da kafi miqdardə bulunmuyor. Böyle bir vəziyyət qarşısında tam bir tərkibi əsər vücuda gətirmənin qolay olmadığı hər kəscə düşünülə bilir. Bunun üçün təqdim olunan əsəri məmləkətimizdə yapılan ədəbi əməliyyələr gözilə ölçmək icab edər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов