banner banner banner
93-cü il
93-cü il
Оценить:
Рейтинг: 0

Полная версия:

93-cü il

скачать книгу бесплатно

– Yaralıları, əsirləri güllələyin.

– Aralarında iki qadın var.

– Qadınları da güllələyin.

– Üç uşaq da var.

– Uşaqları özünüzlə götürün. Sonra baxarıq.

10

Dilənçi Telmarş Krollona tərəf gedirdi. Meşənin yaxınlığında Erb-en-Peyl fermasının üstündən tüstü qalxdığını gördü. Telmarş yorulsa da, nə baş verdiyini bilmək istəyirdi. Yolunu dəyişib fermaya doğru getməyə başladı. Yaxınlaşanda gördüyü mənzərədən heyrətə düşdü, bir anlıq donub-qaldı. Erb-en-Peyl tamamilə yanıb xarabalığa dönmüşdü. Fermanın darvazasına yaxınlaşıb həyətə baxanda daha dəhşətli mənzərənin şahidi oldu. Burada insan adına kimsə qalmamışdı, hamını amansızlıqla öldürmüş, silahını, ayaqqabılarını çıxarıb aparmışdılar. Bu zaman qocanın gözü alçaq hasarın tinindən çıxan dörd ayağa sataşdı. Telmarş yaxına getdi. İki nəfər güllələnmiş qadın yanaşı uzadılmışdı. Telmarş onların üzərinə əyildi. Geyimindən birinin markitant olduğunu təxmin etmək olardı. Əynində kəndli paltarı olan digər qadının isə nəfəsi gedib-gəlirdi.

Telmarş dikəlib qışqırmağa başladı:

– Burada bir kimsə yoxdurmu?

Kimsə zorla eşidilən səslə:

– Sənsənmi, Qoca? – dedi.

Xarabalığın içindən iki kəndli çıxdı. Onlar qırğından gizlənməyə macal tapa bilmişdilər. Hələ də titrəyə-titrəyə Telmarşa yaxınlaşdılar. Qoca yaralı qadını göstərdi.

– Nədir, sağdır? – kəndlilərdən biri soruşdu.

Telmarş başı ilə təsdiqlədi.

– Bu qadının üç uşağı var idi, – kəndlilərdən biri dedi. – Analarını öldürdülər, uşaqları isə apardılar. Ancaq o ölməyib, eləmi? İstəsən, qazmana aparmaq üçün sənə kömək eləyə bilərik.

Telmarş yenə başını tərpətdi. Kəndlilər budaqlardan tezcə xərək düzəltdilər. Qadını onun üstünə uzadıb Telmarşın meşədəki qazmasına aparmağa başladılar.

Yolda kəndlilər vuruşmadan sonra ucaboy bir qocanın fermaya gələrək: «Öldürün! Yandırın! Aman verməyin!» – deyə əmr verdiyini söylədilər.

– Onun markiz olduğunu deyirlər: cənab de Lantenak.

Telmarş üzünü göyə tutub pıçıldadı:

– Əgər mən bilsəydim!..

11

İnsanlar küçələrdə yaşayırdılar. Evlərin qapısı ağzında, səkilərdə masa qoyub yemək yeyirdilər. Amma hamı tez-tez təkrar edirdi: «Səbir etmək lazımdır, bizdə inqilabdır».

Köhnə paltar satanların dükanları taclar, keşiş papaqları, qızıl suyuna salınmış taxta hökmdar əsaları, kral saraylarının əşyaları – bir sözlə, yıxılmış monarxiyanın tör-töküntüləri ilə dolu idi. Çörək, kömür, sabun qıtlığı yaranmışdı. Dükanların qapısı ağzında növbələr uzanırdı. İnsanların əksəriyyəti ehtiyac içində olsa da, xalqda ruh düşkünlüyü yox idi. İnsanlar bir səslə: «Yaşasın Respublika!» – deyə hayqırırdılar. Parisin küçələrindəki bu coşqun insan selinə namuslu, eyni zamanda amansız bir adam da qarışmışdı. Onun adı Simurden idi.

Kənd keşişi olan Simurden yenilməz, iradəli, əxlaqlı, lakin tündxasiyyətli bir adam idi. Bir zaman zadəgan evində müəllim işləmişdi. Sonra ona kiçik bir miras qaldığından keşişliyi buraxmışdı. Avropa dillərinin, demək olar, hamısını bilsə də, yenə yorulmadan çalışır, öyrənirdi. Simurden keşiş olarkən bütün vədlərə əməl etsə də, etiqadını saxlaya bilmədi. Elm etiqadı üstələdi. Yalana, monarxiyaya nifrət bəsləyən keşiş filosof oldu. Sonra bu filosof döyüşçüyə çevrildi. XV Lüdovikin zamanında Simurden artıq özünü respublikaçı hiss edirdi.

1789-cu ildə inqilab baş verdi. Bastiliya[10 - Bastiliya – monarxiya zamanı həbsxana olan qala] süquta uğradı, 90-cı ildə xalq feodalizm quruluşunun axırına çıxdı, 91-ci ildə monarxiya hökuməti yıxıldı, 92-ci ildə isə respublika elan edildi. Bu zaman Simurdenin 51 yaşı var idi.

93-cü il Avropanın Fransa və Fransanın Paris ilə müharibəsi ili oldu. Bu illərdə Simurden xalqın yanında idi. Simurden Konventdən[11 - Konvent – I Fransa Respublikasında ali qanunverici və icraedici orqan] və kommunadan[12 - Kommuna – Böyük Fransa inqilabı dövründə bələdiyyə özünüidarəsi] da irəli getdi. O, yepiskopluğun üzvü idi. Yepiskopluq siyasi partiya deyil, inqilabi cəmiyyət idi. Yepiskopluğun üzvlərinin çoxu yoxsullar idi və onlar Simurdenə inanır, həvəslə onun arxasınca gedirdilər. Bu zamanlar Simurden böyük hökmə, səlahiyyətlərə malik idi. Kommuna Konventə, yepiskopluq isə kommunaya nəzarət edirdi.

Cavanlığında zadəgan evində müəllim kimi yaşamışdı. Bu ailənin varisi olan oğlan uşağı onun tələbəsi idi. Simurden öz tələbəsinə bağlanmışdı. Uşağın ata-anası ölmüşdü. O bu uşağı həm ata, həm qardaş, həm də dost kimi sevirdi. Ailəsinin xəbəri olmadan öz etiqadını, öz idealını ona aşılamışdı.

Sonra həyat onları bir-birindən ayırdı. Simurden bu evdən getdi. Gənc zadəgan öz qarnizonuna, müəllim-keşiş isə kilsəyə döndü. Beləliklə, Simurden öz tələbəsini itirdi. Lakin onu heç vaxt unutmadı: hətta sonradan baş verən inqilab zamanı da!

12

Tovuz quşu küçəsində yerləşən qəhvəxananın arxasında bir otaq var idi. Orada camaat arasında söhbət etməkdən çəkinən adamlar yığışırdılar. 1793-cü il iyunun 28-də bu otaqda masa ətrafında üç adam oturmuşdu. Masanın dördüncü tərəfi isə boş idi. Axşam saat 8 olsa da, hava hələ tam qaralmamışdı. Amma otaq qaranlıq idi. Masaya işıq tavandan asılmış lampadan düşürdü.

Söhbət edənlərdən biri soyuqqanlı, ciddi görkəmli cavan idi. O, səliqə və zövqlə geyinmişdi. İkinci adam iricüssəli idi. Əynindəki paltarları nimdaş və çirkli olan bu adamın saçına, deyərdin, heç vaxt daraq dəyməyib. Parıldayan gözlərindən qəzəb yağsa belə mərhəmətli olmağı da bacarırdı. Alçaqboy, sarıbəniz olan üçüncü adam oturduğu zaman qozbelə oxşayırdı. Əynində dar şalvar, yekə ayaqqabı var idi. Paltarının altından xəncər taxdığı hiss olunurdu.

Birincinin adı Robespyer, ikincininki – Danton, üçüncününkü – Marat idi.

Dantonun qabağında toz basmış stəkan və şərab şüşəsi, Maratın qarşısında bir fincan qəhvə, Robespyerin önündə isə bir neçə kağız vardı.

Kağızların yanında Bastiliyanın şəkli həkk olunmuş böyük mis möhür gözə dəyirdi. Masanın ortasına Fransanın xəritəsi sərilmişdi.

İclas çoxdan başlanmışdı. Söhbət mübahisəyə keçmişdi. Səsləri hətta bayırda da eşidilirdi.

Danton ayağa qalxıb kətili geri itələdi.

– Qulaq asın! Bizim qarşımızda bir məsələ durur – respublikanı xilas etmək. Respublika təhlükə qarşısındadır. Mənim üçün indi Fransanı düşməndən azad etmək hər şeydən vacibdir.

– Mən bunun əleyhinə deyiləm, – Robespyer yumşaq səslə cavab verdi. – Amma deyin görüm, düşmən haradadır?

– O, Fransa sərhədlərindən kənardadır, onu mən qovmuşam, lazım gəlsə, yenə də qovacağam, – Danton qışqırdı.

– Yox, o burdadır. Daxili düşməni qovmaq olmaz, onu məhv etmək lazımdır, – deyə Robespyer etiraz etdi.

– Robespyer, o, sərhədlərimizin yaxınlığındadır.

– Yox, Danton, o, Vandeyadadır.

– Sakit olun! – Marat dilləndi. – Düşmən hər yerdədir.

Robespyer onu süzüb sakitcə sözünə davam etdi:

– İngilis qoşunları Fransaya çıxmağa hazırlaşır. Onların planı belədir: Fransada kəndli qiyamı qızışanda sahilə çıxacaqlar. Xəritəyə baxın, ingilislərin imkanı çoxdur; onlar istədikləri yerə qoşun çıxara bilərlər. İki həftədən sonra üç yüz min nəfərlik quldurlar ordusu yığışacaq və bütün Bretan Fransa kralının əlində olacaq. Özgə yerdən gələn düşməni iki həftədə qovmaq olar. Monarxiyadan qurtulmaq üçün bizə on səkkiz əsr lazım gəlib. Siz indi təhlükənin harda olduğunu görürsünüzmü?

– Mən heç nə anlamıram! – Danton bağırdı. – Fəlakət şərqdən gələrkən onu qərbdən gözləyirik! Bəli, razıyam, İngiltərə bizi okean tərəfdən hədələyir. Lakin İspaniya – Pireneydən, İtaliya – Alplardan, Almaniya – Reyndən üstümüzə gəlir. Uzaqda isə hələ rus ayısı da var. Robespyer, təhlükə bizi üzük qaşı kimi dövrəyə alıb.

– Mənim bir təklifim var, – Marat dedi. – Razılığa gəlib son dəfə cəhd eləyək. Bizdə nə çatmır? Birlik. Bizim qurtuluşumuz bundadır. Lakin tələsmək lazımdır.

13

Araya sükut çökdü. Elə bu vaxt eşidilən səs onları boylanmağa məcbur etdi.

– Bəli, birlik lazımdır, vətəndaşlar! Xalq birləşməyi tələb edir.

Mübahisə zamanı onlar arxa qapıdan kiminsə girdiyini hiss etməmişdilər.

Marat dedi:

– Ah, bu sənsənmi, vətəndaş Simurden, salam.

– Cənablar, vəziyyəti vətəndaş Simurdenə anladın, – Danton dedi. – O, vaxtında gəlib. Mən burada dağlıların[13 - Montanyarlar və ya dağlılar – Konventdə ifrat sol qruplaşmanın üzvləri (Konventdə ən yuxarı cərgələrdə oturduqları üçün belə adlanıblar)], Robespyer – İctimai qurtuluş komitəsinin[14 - Konvent iki ali hökumət orqanı yaratmışdı: İctimai qurtuluş komitəsi və İctimai təhlükəsizlik komitəsi. İctimai qurtuluş komitəsi respublikanın bütün siyasi, hərbi və iqtisadi işlərini aparır, İctimai təhlükəsizlik komitəsi isə ictimai əmin-amanlığın mühafizə edilməsi tədbirlərinə rəhbərlik edirdi.], Marat – kommunanın, Simurden isə yepiskopluğun nümayəndəsidir. O bizi barışdırar.

Simurden ciddi tərzdə:

– Razıyam, – dedi. – Nə olub?

– Biz Vandeya haqqında danışırdıq, – Robespyer dedi.

– Vandeyada nələr olur? – Simurden soruşdu.

Robespyer cavab verdi:

– Vandeya özünə rəhbər tapıb. Bu özünü Bretan knyazı adlandıran markiz de Lantenakdır.

– Mən onu tanıyıram, – Simurden dedi. – Onun mülkündə bir vaxtlar keşiş olmuşam.

– O çox qorxulu adamdır, – Robespyer dedi. – O, kəndləri yandırır, yaralıları, əsirləri öldürür, qadınları güllələyir.

– Qadınları da?

– Bəli. Onun əmri ilə üç uşaq anası olan bir qadın da güllələnib. Uşaqların taleyi məlum deyil. Heç şübhəsiz, o, əsl sərkərdədir, hərb işini yaxşı bilir. İndi bu adam Vandeyadadır.

– Onu qanundankənar elan etmək, başına qiymət qoymaq, onu tutan adama çoxlu pul vəd etmək lazımdır. Özü də əsginasla deyil, qızılla.

– Edilib.

– Onu gilyotinə göndərmək lazımdır.

– Göndəriləcək.

– Kim göndərəcək?

– Siz.

– Mən?

– Bəli. İctimai qurtuluş komitəsi sizi geniş səlahiyyətlə Vandeyada öz nümayəndəsi təyin edir.

– Razıyam, – Simurden dedi. – Mən bu vəzifəni qəbul edirəm. De Lantenak amansızdır, mən də amansız olacağam. Mən respublikanı ondan xilas edəcəyəm. Mən kimin yanında nümayəndə təyin olunuram?

– De Lantenakın əleyhinə göndərilmiş cəza dəstəsinin komandirinin yanında, – Robespyer cavab verdi. – Ancaq sizi xəbərdar etməliyəm ki, o, zadəgandır. Siz gənc bir oğlanla işləməli olacaqsınız və ondan iki dəfə böyük olduğunuz üçün onu asanlıqla öz təsiriniz altına sala bilərsiniz. Ona yol göstərmək, eyni zamanda onunla hesablaşmaq lazımdır. Anlaşıldığına görə, o, istedadlı zabitdir, ancaq bir nöqsanı var ki, ürəyiyumşaqdır. O, döyüşdə möhkəm, döyüşdən sonra isə güzəştə gedəndir. O, rahibləri himayəsi altına alır, zadəganların arvadlarını və qızlarını xilas edir, əsirlərə və keşişlərə azadlıq verir.

– Bu, böyük səhvdir, – Simurden pıçıldadı.

Marat ona tərəf döndü.

– Vətəndaş Simurden, siz monarxistlərin generalını sərbəst buraxan respublikaçı sərkərdəyə qarşı necə hərəkət edərdiniz?

– Mən onu güllələmək əmrini verər, yaxud gilyotinə göndərərdim.

Marat sözünə davam etdi:

– Belə olan surətdə mən Robespyerin fikrinə şərik oluram. İctimai qurtuluş komitəsi vətəndaş Simurdeni fövqəladə səlahiyyətlə sahil ordusu cəza dəstəsinin komandirinə göz qoymaq üçün komissar sifəti ilə göndərir.

Danton:

– Vətəndaş Simurden, taleyi sizə tapşırılan gənc komandirin soyadı Qovendir.

Simurdenin rəngi ağardı:

– Qoven!

Onun sifətinin qəfildən ağarması Maratın gözündən qaçmadı.

– Vikont Qoven! – Simurden fikirli-fikirli təkrar etdi.

Araya sükut çökdü.

– Vətəndaş Simurden, göstərilən şərtlərlə komandir Qovenin yanında komissar təyin olunmağınızı qəbul edirsinizmi? – Marat soruşdu.

Rəngi getdikcə daha çox ağaran Simurden:

– Edirəm, – deyə cavab verdi.

– Daha gecikmək olmaz, – Robespyer dedi. – Sizə külli-ixtiyar verilir. Siz Qoveni general da edə bilərsiniz, edam kürsüsünə də göndərə bilərsiniz. Təyin olunmağınız haqqında əmri sabah saat 3-də alacaqsınız. Nə vaxt yola düşürsünüz?

– Sabah saat 4-də, – Simurden cavab verdi.

14

Tovuz quşu küçəsində Danton və Robespyerlə görüşünün ikinci günü Marat Konventə yollandı.

Hər dəfə Marat Konventə girəndə salonda pıçıldaşmağa başlayırdılar. Marat özünü elə göstərirdi ki, guya heç nə eşitmir.

O, asta addımlarla Monto və Şaboya tərəf getdi. Başları qızğın müzakirəyə qarışdığından onlar Maratı görmürdülər. Şabo deyirdi:

– Simurden adlı bir keşiş sahil ordusunun cəza dəstəsinə komandanlıq edən vikont Qovenin yanına təyin edilib və böyük səlahiyyət alıb. İndi əsas məsələ odur ki, zadəgana hiylə işlətməyə, keşişə isə xain çıxmağa imkan verməyək.

– Bundan asan nə ola bilər?! – Monto dedi. – Hiylənin, xəyanətin qarşısını yalnız ölümlə almaq olar.

Onların bir addımlığında olan Marat söhbətə müdaxilə etdi:

– Mən də elə bunu etməyə gəlmişəm.