banner banner banner
Xəmsə
Xəmsə
Оценить:
Рейтинг: 0

Полная версия:

Xəmsə

скачать книгу бесплатно

Şapur belə deyib ayağa durdu. Yola çıxmaq üçün hazırlıq başladı. Yolda nə yatdı, nə dincəldi. Bir aya Şirinin yanına gəldi. O gözəllər yayın qızmar çağı yaşıl dağları məskən edərdilər.

Şapur gələn zaman otlar körpə idi. Mavi qayalar güllər içində idi. Orda ilk bahar min rəngə çalırdı. Dağların başındakı zümrüd xalı fikri, xəyalı heyran eləyirdi. Cərrum dağlarından Buğra çölünə qədər hər tərəf bahar gülünə bürünmüşdü.

ŞAPURUN ŞİRİNƏ XOSROVUN ŞƏKLİNİ GÖSTƏRMƏSİ

Gecə düşdü… Şapur çox gəzdiyi üçün yorulmuşdu. Ona görə də köhnə bir kilsədə özünə məskən saldı. Həmin yerin bilici qocalarına yalvardı ki, ona düzgün cavab versinlər. Desinlər görək, o gözəllər sabah hara gələcəklər? Hansı bulaq üstə, gülzara təşrif gətirəcəklər?

Ağıllı qocalar xəbər verdilər ki, o şux pərilər çox da uzaqda olmurlar. Görünən dağın ətəyində yaşıl bir düzən onların məskənidir. Bu yerin ətrafı sıx meşədir.

Elə ki sincab örtüyünə bürünmüş dövran başaq rəngli paltar geyindi – səhər açıldı, Əlbürzün başında günəş göründü, Şapur oyandı. O ürək oynadan gözəllərdən qabaq oyanmış Şapur onlardan əvvəl çəmənə gəldi. Bir kağız alıb üzərində Xosrovun şəklini yaratdı. Sənətkarlıqla yaratdığı həmin şəkli bir ağacdan asdı. Sonra isə bir xəlvətə çəkildi.

Pəri üzlü gözəllər çəmənə toplaşdılar. Gah şümşad, gah gül topladılar. Qönçətək bağlı, tazə-tər gözəllər dost kimi əyləşmişdilər. Könülsüz bir qədəh mey içmədilər, gül-çiçəyə mey çilədilər. Bu yer yadlardan uzaq olduğuna görə sərxoş halda rəqsə başladılar. Biri təzə-tər gülə salam verir, biri bülbülə nəğmə oxuyurdu. Şadlıqdan başqa bir şey bilməyən qəlblərində qüssədən əsər yoxdu. Şirin də o gözəllərin içində Ülkər içində Ayı xatırladırdı.

Birdən gözü Xosrovun şəklinə sataşdı. Gözəllərə dedi:

– Şəkli mənə gətirin, onu çəkəni isə tez axtarıb tapın.

Şəkli gətirdilər. Onu əlinə alıb bir saata qədər lal-dinməz ona baxdı. Qırağa qoymağa ürəyi gəlmirdi. Həya imkan vermirdi ki, şəkli qucaqlasın. Hər an baxanda bihuş olurdu. Qədəhdən bir az sərxoş olan Şirin şəkli görürkən ruhu gedirdi. Gözəllər şəkli gizlətsələr də, yenə tələb edirdi. Qaravaşlar qorxuya düşdülər ki, Şirin bu şəklə bənd olar. Ona görə də şəkli cırıb aradan götürdülər. Şirin şəkli soruşanda cavab verdilər:

– Yəqin, divlər apardı. Bu yer qorxulu yerə bənzəyir. Gedək başqa bir yerdə məclis açaq.

Atları başqa bir çəmənə sürdülər.

Səhər Şapur yenə qızlardan qabaq çəmənliyə gəldi. Xosrovun şəklini çəkib onların məclis quracaqları yerdə asdı. Şirin şəkli görüb çox təəccübləndi. Qızlar yenə də şəkli onun əlindən aldılar, yerlərini dəyişib başqa məclis qurdular.

Ertəsi gün vəziyyət yenidən təkrarlanır. Qızlar yenə də şəkli gizlətdikdə Şirin şəkli tələb edir. Qızlar nə qədər onu sakitləşdirmək istəsələr də, bacarmırlar. Şirin təkidlə şəkildəkinin kim olduğunu bilmək istəyir. Qızlardan birini göndərir ki, bir xəbər öyrənsin.

ŞAPURUN ÖZÜNÜ ŞİRİNƏ GÖSTƏRMƏSİ

Şapur qəflətən xəlvətdən çıxdı. Şirin Şapurun üzündə özünə bir məhrəmlik gördü. Hiss etdi ki, şəkildən onda bir xəbər var. İşarə elədi:

– Çağırın gəlsin, bir az yeyib-içsin, bir az da dincəlsin. Bəlkə, bu şəkildən bir xəbər verdi.

Kənizlər Şapurdan şəkli soruşdular. Şapur cavab verdi ki, bu, ayaqüstü söhbət deyil.

Xidmətçilər Şirinə sarı qaçıb onun söylədiyini xəbər verdilər. Xəbəri eşidən Şirinin damarda qanı qaynadı. Ucaboylu pəri, mələküzlü qız Şapurun yanına gəldi. Qərarsız halda Şapuru səslədi:

– Mənimlə bir müddət həmsöhbət ol.

Bu sözü eşidən hiyləgər Şapur dayanmaq qərarına gəldi, o pəriüzlüyə xeyli tərif söylədi.

Şirin soruşdu:

– Kimsən, nəçisən?

– Yaxşıya, yamana çox rast gəlmişəm, – deyə Şapur cavab verdi, – dünyada nə qədər məna varsa, hamısından xəbərdaram. Məğribdən Məşriqə qədər böyük dünyanı hədər gəzmədim.

Şirin Şapuru cəsarətli görüb soruşdu:

– Bu şəklin mənası nədir?

Şapur cavab verdi:

– İstəyirəm ki, üzün bəd nəzərlərdən uzaq olsun. Bu şəklin isə söhbəti çox uzundur. Mənzil xəlvət olsa, bildiyimin hamısını deyərdim.

Şirin ətrafındakılara əmr etdi, onlar da ulduztək dağılıb getdilər.

Şapur meydanı belə görcək dedi:

– Şəkildə gördüyün bu pak üzlü insan yeddi iqlimə hökmrandır, şahlar şahıdır. Adı Xosrov Pərvizdir. Şahənşahlıq ondan qüvvə alır.

Şirin Şapurun sözünə dərindən fikir verir, şirin sözlərinin dadını duyurdu.

… Müsahibini dost, yeri tək görüb dedi:

– Ey abid, sən allah, kömək elə, sənə pənah gətirdim. Bu surətə çox vuruldum.

Vəziyyəti belə görən Şapur düşündü: “Doğrunu demək daha xoş olar”.

Sonra and içib söylədi:

– Ey göylərin şamı, şahların ilhamı! Nəqqaşlıqda ad çıxarmışam. Bu şəkli də mən yaratmışam. Sən onun şəklinə bu qədər vuruldunsa, gör özünü görsən, neylərsən?

Xosrov Pərviz maraqlı, zirək və ayıq igiddir. Ülfətdə dostluğu, qəzəbdə şiri xatırladır. Bir güldür ki hələ xəzan görməyib. İlk bahar gəncliyi ondan öyrənib. Nəsəbini tanımaq istəsən, Cəmşid, həsəbini bilmək istəsən, günəşdir. Onun qoşununa aləm dar gəlir. Bayrağı göylərdən də ucadır. əgər polad behbudunu götürsə, almaz zirehi belə məhv edər. Gözəllikləri bayrama zinətdir. Hüsnü əlavədir, əsas onun hünəridir. Bu camal, bu calala sahib olsa da, sənin yolunda gecəsi-gündüzü yoxdur. Nə şərab içir, nə də danışır. Şirindən başqa bir həmdəm istəməz. Heç kəs belə bir qüssəyə batmasın.

Bundan ötrü məni qasid göndərib. Mən söylədim. İndi hər iş sənindir.

Şapur sözünü qurtardı. Şirin bu sözlərdən sanki sərxoş olmuşdu. Birtəhər özünü cəmləyib Şapura dedi:

– Ey aqil kişi, bu işi necə başa vuraq?

Şapur dedi:

– Sən ey günəşdən gözəl, qəlbini qayğıdan kənar saxla. Sirrini heç kəsə açma. Sabah gərək ov adıyla qaçasan. Sən səyyarə kimi mil-mil uzaqlaş. Mən də sənin ardınca gəlməyə çalışaram.

Bunları deyən Şapur Xosrovun göndərdiyi üzüyü çıxarıb ona verdi və dedi:

– Əgər yolda şaha rast gəlsən, bu hilalı ona göstər. Xosrovun köhləni qızıl nallı, paltarı isə qaş-daşlı və cah-cəlallıdır. Görməsən, Mədain yolunu tutub get. Şah qəsrini soruş, həmin mənzilə get. Mədaində xəznələr üstə xəzinə taparsan. Müşk ilə dolu qəsri tapıb, ora düş. Şahın üzüyünü qızlara göstər, həmin gülşəndə sərv kimi azad, təzə meyvə vermiş budaq kimi şad yaşa…

Şapur sözünü başa vurdu. Sehri ayı, məkri isə hurini tutdu.

ŞİRİNİN OVA GETMƏSİ VƏ ORADAN MƏDAİNƏ QAÇMASI

Elə ki Günəş qalxıb göyləri nurlandırdı, Şirin qalxıb atına mindi, yola hazırlaşdı. Gözəllər örpəklərini başlarından açdılar. Başqa cür paltar geyindilər. Başlarına gözəl oğlanlartək papaq qoydular. Adət belə idi: ova gedənlər oğlan paltarında gedərdilər. Şirinin dövrəsində halqa vurdular. Hamısı birdən atlara mindilər. Saray həyətindən çox şad – həyat suyu içmiş Xızırtək çıxdılar.

Çöldə atlarını sürüb getdilər. Dağlardan aşıb düzə yetdilər. Şirin Şəbdizin belində idi. Özü minici, atı isə qaçağandı. At qızışdı, onun halı dəyişdi. Kənizlər Şirindən aralı düşdülər. Dedilər, yəqin, at cilov aparır. Ardınca bir xeyli at qovdular, lakin tozundan belə əsər yox idi. Gecə yarıya qədər axtardılar. Ümidlərini üzüb geri döndülər.

Şahlarından ayrı düşdüklərindən geri dönərkən hamısı yorğundu. Ulduz karvanı axşam aysız geri – Banunun sarayına döndü. Başlarını əyib məyus durdular. Nə varsa, yanıqlı bir dillə söylədilər.

… Banu bu xəbəri alanda köhnə dərd-qəmini yadına saldı. Taxtdan çox qəmli-qəmli düşdü. Qəmindən başını qucaqladı, göz yaşı tökdü… yaman ağladı.

… Bu zaman Şirin Şəbdizin belində dünyanı cavan Pərviz üçün ölçürdü. Gecəli-gündüzlü yol gedirdi. Kişilər kimi paltar geymişdi. Bir qəfil düşməndən xof etdiyindən yoldan qıraq, dağda-çöldə gedirdi. Şirin cana cəfa verərək atını yüyrək sürürdü. Birdən behişt kimi xoş bir çəmənzar gördü. Dirilik suyu kimi bir çeşmə vardı. Şirinin bədəni xeyli yorğundu. Sifəti və əli tamam toz içində idi. Çeşmə ətrafını bir qədər gəzdi. On ağaclıda da bir insan yox idi. Atdan yerə endi. Atı bağladı.

Bildi ki, onu bir insan övladı görməz. Mavi rəngli fitə bağladı, suya girdi. Gülü çeşmə yusa, nə qəşəng olar… yox, səhv etdim, suda gül bitsə. O, gümüş əndamı ilə sulara nur səpən bir mələyə bənzəyirdi.

ATASINDAN QORXUB QAÇAN XOSROVUN ƏRMƏNƏ GƏLMƏSİ

Xosrov şahın əziz bir övladı idi. Bu mehribanlığı düşmənlərin gözü götürmədi. Bir neçə hiyləgər bir yerə toplaşıb Pərvizin adına sikkə kəsdilər, onu bir neçə şəhərə göndərdilər. Əcəm şahı bundan çox narahat oldu. Sikkəni və qılıncı gördüyü zaman qoca qurd cavan aslandan qorxdu.

Şah istədi bir şey bəhanə edib Xosrovu tutub zindana salsın. Bilmirdi ki, təzə ayı tutub saxlamaq olmadığı kimi Xosrovu da bağlamaq olmaz. Qəlbində doğruluq olan insan cahan tutar, amma cahan onu tuta bilməz.

Büzürgümmid bu işdən xəbər tutub tez Xosrovu tapdı, nə varsa, ona anlatdı. Xosrov başa düşdü ki, pis zəmanədir, hər şey onun ölümünə bir bəhanə ola bilər.

… Xosrov atın belinə qalxıb Ərmən elinə üz tutdu. Qəlbi qəm-kədərlə yüklənmiş Xosrov iki günlük yolu bir günə qət edirdi. Şirinin çimdiyi çeşmənin yanından keçəndə gördülər ki, atlar tamam yorulub. Xosrov əmr etdi ki, qullar dayansın, köhlənlər yemlənib tumarlansın.

Xosrov qullardan ayrılıb bir kənara çəkildi. Yavaş-yavaş o çəmənzara sarı getdi. Bir firuzə rəngli bağçanı fırlandı. Bir çeşmə gördü ki, hər yanı güldü.

… Xosrov baxdı, nurdan gözü qamaşdı. Birdən gözü aya sataşdı. Bir az ona baxdı, canı üşəndi. Titrəməyə düşdü, qanı üyüşdü.

… Şirin başına su töküncə, elə bil aya mirvarilərdən şeh düşürdü.

… O sənubər gül şahdan xəbərsizdi. Saçları gözünü tutmuşdu, sanki sünbül nərgizin yolunu kəsmişdi. Saçlarını geri atan zaman Şirin şahzadəni gördü. Şahın baxışından utandı. Suya düşmüş aytək titrədi. Başqa bir çarə tapmadığından saçları ilə ay üzünü bürüdü.

Xosrovun da qəlbi titrədi. Gördü ki, onun halı da dəyişdi. Sanki ürkmüş çəmən maralı ovçu şiri görmüşdü. Şir qorxmuş ovu parçalamaz. Odur ki, Xosrov da nəfsini topladı, həvəsini mərdanəliklə boğub daha o tərəfə baxmadı. Lakin yaralı könlü ordan ayrılmırdı. Başqa çiçək, gül ona xoş gəlmirdi.

… Şirin bu çeşmə üçün yolundan qaldı, Xosrovu isə bu çeşmə dərbədər saldı. Hər kəs çeşmə üstə durub dincələr, quru çörəyini isladar. Onlarsa bu yerdə qəmlə yükləndilər. Nazik ürəkləri min dərdə düşdü.

Şah ona bir az imkan yaratdı. Pəri çıxıb paltarını geyindi, Şəbdizi mindi. Öz-özünə fikirləşdi: “Bu gənc, görəsən, kimdir? Əgər bu gənc mənim sevdiyim deyilsə, niyə onu görüncə qəlbimi çaldı? Xosrovun geyimi, deyilənə görə, ləldir. Əgər dildardırsa, bəs həmin nişan hanı?”

Şirin bilmirdi ki, şahlar səfərə çıxarkən ehtiyatdan başqa cür paltar geyinərlər.

… Qəlbi çırpınır, ağlı isə deyirdi: “Bəsdir, üzünü döndər. İki yana namaz qılmaq əbəsdir. Eyni zamanda iki badə içilməz. Bir bəndəyə iki ağa seçilməz. Bu cavan oğlan həmin şah olsa da, qoy məni pərdədə görsün. Pərdəsiz gülə toz qonar”.

Bu fikirlərlə atını səyirtdi. Xosrov bir də geri dönüb baxanda heç kəsi görmədi. Atını o yan-bu yana sürdü, çeşmə ətrafını bir qədər gəzdi, gövhərdən orada bir əsər tapmadı. Heyrət etdi ki, o könül çalan bu tezlikdə necə gözündən itdi? Qəlbindən bir ah qopdu: “Bahar tapdım, əlim bir bar dərmədi. Fərat gördüm, əlim suya dəymədi. Nadan olduğumdan gövhər əlimdən çıxdı. Gərək bu qəlbimə min daş vuram. Səhər gördüyüm gülü dərmədim, onu gecə küləyi apardı”.

Bir xeyli ağlayıb göz yaşı tökən Xosrov çeşmə ətrafında bir xeyli gəzib dolandı. Sonra isə baş götürüb Ərmən torpağına getdi.

ŞİRİNİN XOSROVUN SARAYINA YETİŞMƏSİ

Fələk bir işi düzəltmək istəsə, əvvəlcə gərək min oyun çıxartsın. Bir əkinçiyə xəzinə vermiş olsa, gərək əvvəlcə onu incitsin. Həyat yolunda tikan olmasa, güllərin qədrini bilən olarmı?

Xosrovdan ayrılan Şirin hər gün Xosrov Pərvizi soraqlaya-soraqlaya gəlib Mədain qəsrinə çıxdı. Özünü kənizlərə nişan verdi. Şirinin üzünü görən kənizlər həsrətlə dodaq dişlədilər. Hamı şah hüzuruna gəlmiş adam hesab edib Xosrovtək ona hörmət elədilər. O qəsrdə olan bir çox rəqiblər hesab elədilər ki, o da bir kənizdir. Şirin də onlarla kənizlər kimi rəftar elədi.

XOSROVUN ATASINDAN QAÇMASINDAN ŞİRİNİN XƏBƏR TUTMASI

Şirin Mədaində vüsal gözləyir, şirin dodağından bal axıdırdı. Bir ay səbir elədi, intizar çəkdi. Sonra Xosrovdan xəbərdar oldu. Bildi ki, şahdan qorxub ova getmiş, Ərmən tərəfə səfər etmişdir.

Bir acı həqiqət də ona açıldı ki, onun yoluna çıxan Xosrov imiş.

Şirin bir müddət orada qaldıqdan sonra kənizlərdən xahiş etdi ki, onun üçün yeni bir saray tiksinlər. Şirinin gözəlliyinə həsəd aparan kənizlər bənnaya çoxlu pul verib tapşırırlar ki, yolu daşlıq, havası boğucu olan bir yerdə qəsr tiksin. Kirmanşahdan on ağac qədər məsafədə Şirin üçün saray tikildi. Şirin bir neçə mehriban, təmiz qızla ora köçdü.

XOSROVUN ƏRMƏNƏ ÇATMASI

Xosrov o yerlərə gəlib çatcaq nəsim sərhədçilərə xəbər çatdırdı. Məmurlar qabağa yüyürdülər. Yoluna xalı, ipək, zər döşədilər. Oradan birbaş gedib Muğana çıxdı. Muğandan da Baxrzana keçib getdi. Məhin Banu bundan xəbər tutunca qarşılamaq üçün tədbir tökdü. Banu özü şah dərgahına gəldi. Şah da ona çox ehtiram göstərdi. Banu bir həftə tamam səhər-axşam ona töhfələr göndərdi. Bir həftədən sonra gözəl bir gündə Banu yeri öpüb ayağa qalxdı. Xosrovla danışmağa başladı. Dedi:

– Gəl bizimlə Bərdəyə gedək. Qışı orda qalaq, gəzək, kef eləyək. Bizim bu Bərdənin yeri Arandır. Otu, suyu çox olan bir gülüstandır.

Xosrov Banunun təklifini qəbul edib, dedi:

– Sən get. Mən də ardınca dayanmayıb gələrəm.

Sübh açıldı, Xosrov ayağa qalxdı. Oradan birbaş Ağ bağa yollandı.

XOSROVUN KEF MƏCLİSİ VƏ ŞAPURUN GƏLMƏSİ

Bir gecə Xosrov məclis qurmuşdu. Novruzdan da şən olan bu gecə şahın məclisində incə sözlülərin mehriban səsi qulaq oxşayırdı. Nədimlər hikmətdən söhbət açmışdı. Bir tərəfdə məzhəkə, bir tərəfdə ülfət… Kəyan çadırının dörd bir yanı göz oxşayırdı. Çadırlarda yanan udun, ənbərin xoş ətri hər yana çökmüşdü. Şərablar içəni xumar edirdi.

Kaman Musa kimi yanır, inləyir, Xosrov xanəndəni dinləyirdi. Oxuyan bir gözəl qəzəl başladı. Bu isə məclisə başqa bir ruh gətirdi.

Şah sərxoş idi. Saqinin əlindəki cam onu gözləyirdi. Çəng səsi hər yanı tamam tutmuşdu. Xosrovun sərvtək gözəllərindən biri sevincək halda şaha yaxınlaşdı:

– Şapur gəlib, – dedi, – rüsxət istəyir, gəlsin, ya gəlməsin.

Xosrov sevincindən sıçrayacaqdı. Özünü güclə saxladı, tərpənmədi.

– Şapuru hüzura buraxın, – dedi. Qəlbi həyəcanla titrədi. Təlaşlı ürəyi çırpındı. Göz yolda qalanda ürək paralanar. Ayrılıq çəkmək ağır bəladır. Doğrudur, heç bir qəm işgəncəsiz olmaz, ancaq gözü yolda qalmaq lap yaman olur. Həsrət ömrü qırıb, üzü saraldır.

Şapur içəri gircək yerə öpüşdən bəzək vurdu. Şahın qarşısında bir qul kimi qaldı. Xosrov onu oturtdu, məclisdəkilərə oranı tərk etməyi tapşırdı.

Şapur şaha dua etdi:

– Şahımın işi rəvac olsun! Qoşunu daim düşmənə qələbə çalsın! Bu dövlət papağı daim onun başında qalsın!

Sonra isə başına gələnləri əvvəldən-axıra bir-bir şaha danışdı. Qızların gözündən gizləndiyini, şəkli asıb Şirini necə məftun etdiyini, hindular kimi yoldan çıxardığını, şahın qəsrinə necə yola saldığını bir-bir söylədi.

Şah ixtiyarsız qucaqladı, gövhərə qərq elədi. Çox təşəkkür edib dedi:

– Hünərin mənə aydın oldu.

Çeşmə əhvalatı, o ay, o həsrət Şapurun sözünə qüvvət verirdi.

Xosrov da bir-bir gördüyünü danışdı. O ay üzlüyə necə əsir olduğundan söz açdı. Yəqin etdilər ki, o sevimli quş burdan düz Mədain şəhərinə uçmuşdur. Qərara aldılar ki, Şapur yenə durmasın. Mədainə yollansın. Şirini geri qaytarsın.

XOSROVUN ŞİRİN ƏHVALATINI MƏHİN BANUYA XƏBƏR VERMƏSİ

Həyat aləmi hər şeydən üstün, cavanlıq isə ən qiymətli gündür. Həyatdan yaxşı olan nə ola bilər? Gənclikdən başqa hər şey əfsanədir. Xosrov dünya böyüyü idi. Könlü, qəlbi şən bir gənc idi. Nəğməsiz bir udum badə içməzdi. Bir günü də çalğısız, rəqssiz keçməzdi. Bir dastan söyləyənə xəzinə verərdi.

Bir gün Xosrov əldə badə içərkən Məhin Banu həmin məclisə gəldi. Şah ona xüsusi hörmət göstərdi.