Bütün həyatı yollarda keçən bir yolçunun hekayəsidir Knulp. İstədiyi yerə “qonan”, amma heç yerdə qərar tuta bilməyib yenə “uçan” azad bir ruhun qısa dastanı. Uşaqkən yaşadığı bir hadisə səbəbiylə insanlara etibarı sarsılmış və kimsəyə güvənməməyi özünə həyat prinsipi seçən yolçu… Yeri-yurdu olmayan, amma gəldiyi hər yeri özünə müvəqqəti yurd sayan, tanış olduğu hər kəsin rəğbətini qazanmaq bacarığına sahib, yalqız və həsrət dolu bir insan… Knulpun heç kimə xeyri dəymir, amma o, ziyankar biri də deyil. Son əhvalatda həyatını nəzərdən keçirərkən bir yoldaşının da ona dediyi kimi “Sərsəri bir həyatı seçdin, amma ünsiyyət qurduğun bütün insanları düşündürdün, Knulp”. XX əsr alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, Nobel mükafatı laureatı Herman Hesse (1877-1962) missioner ailəsində doğulub. Hessenin valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olublar. Kiçik yaşlarından Herman Hessedə də bu ölkəyə və ümumən Şərq mədəniyyətinə, fəlsəfəsinə böyük maraq yaranıb. Ona məşhurluq gətirən əsərlərə: “Yalquzaq”, “Dеmian”, “Siddhartha”nı misal göstərmək olar. Yazıçı “Knulp” əsərini 1915-ci ildə yazıb.
все жанры