Читать книгу Qafqazlardan Volqaya (Фритьоф Нансен) онлайн бесплатно на Bookz (2-ая страница книги)
bannerbanner
Qafqazlardan Volqaya
Qafqazlardan Volqaya
Оценить:
Qafqazlardan Volqaya

3

Полная версия:

Qafqazlardan Volqaya

Ola bilsin, vadilərin belə özünəməxsus olmasına səbəb hər iki sıradakı dağ döşlərinin çox dik olması, iri buzlaqların heç bir maneə ilə rastlaşmadan aşağı sürüşə bilməsidir. Eyni zamanda həm su, güclü şaxta ilə bərabər çox güclü eroziya təsirinə sahibdir. Bundan başqa, burada qayaların nisbətən yumşaq olması onların suya qarşı müqavimətini daha təsirsiz edir. Su və şaxtanın gücü həmişə buzlaqlardan daha çox olub.

Çox güman Qafqaz dağlarında qalxma-enmə ilə ətraf ərazilərində eyni coğrafi olayların müşahidə edilməsi arasında bağlılıq var. Eyni zamanda həm şimal, həm də cənub Qafqaz dağlarındakı isti-soyuq bulaqlar da var. Bulaqlardan bəziləri qaynar, bəziləri buz kimi soyuqdur, onların yod, brom, kükürd, maqnezium və başqa çoxsaylı faydalı minerallarla zəngindir. Bu bulaqlar lap qədimdən öz müalicəvi əhəmiyyəti ilə seçilmişdilər. Bulaqların ətrafında müxtəlif xəstəliklərin və orqanizm zəifliklərinin müalicəsi üçün sanatoriyalar, xüsusi müalicə mərkəzləri fəaliyyət göstərir. Əfsanəyə görə, Böyük İsgəndərin adamları bu şəfaverici bulaqların bəzilərinin suyundan istifadə etmişlər.

Bu möhtəşəm dağların bəzi dağətəyi rayonlarında, xüsusən, yeni geoloji qatlarında neft (nafta) tapılır. Müalicəvi neft, əsasən, Bakı və onun ətrafında, eyni zamanda Kür çayının cənub ərazilərində tapılır. İndi, demək olar ki, Bakıdakı qədər neft çıxarılan yer Terek çayının cənubunda, Qroznı yaxınlığındakı yataqdır. Petrovskdan cənubdakı düzənlik ərazilərdə, Xəzər dənizinin sahilləri boyunca – eyni zamanda qarşı tərəfdə, şimal-qərb silsiləsində, Azov dənizində, Taman yarımdasındada – neft yataqları mövcuddur. Amma dağların cənub yamaclarında, Gürcüstanda, Kür çayı ilə onun qolu Alazan arasındakı hissədə də neft var. Bir çox yerlərdə yerin tərkindən təbii qaz çıxır, qədim dövrlərdə insanlar yerin tərkindən çıxan qaza ibadət etmişlər və onlar atəşpərəstlər adlanmışlar. Qafqazlarda hələ ki, əhəmiyyətli miqdarda qara, yaxud əlvan metal tapılmamışdır. Bəzi çayların yataqlarında qızıla rast gəlinib, amma faydalı, gəlir gətirəcək miqdarda yox. Hərçənd hələ qədim zamanlarda yunan Strabon qeyd etmişdir ki, ona söylənilən məlumata görə, “çay axınları qızılla zəngindir, onları barbarlar yuyub aparırmışlar”. Onlar bunu ucu biz nizələri üstünə tükü olan dəri keçirtməklə nail olurmuşlar. Və bu yolla da “Qızıl yun” nağılı meydana çıxmışdır. Vladiqafqazdan qərbdə yerləşən Osetya adlı ölkədə əhəmiyyətli gümüş, sink və qurğuşun yataqları mövcuddur. Burada həmçinin bir az dəmir və mis də var. Amma faydalı qazıntılar içində ən önəmlisi, heç bir müqayisəyə gəlməyən, əsasən, Gürcüstanda, Kutaisinin qərbində, cənubi dağ yamaclarında geniş yayılmış manqanes yataqlarıdır. 1925-ci ildə Harrimanın başçılıq etdiyi Amerika şirkəti bu yataqların – ehtimal ki, bu yataqlar dünyada öz qəbilindən ən mühüm yataqlar hesab edilir – istismarı üçün razılıq əldə etmişdir. İllik böyük məbləğdə istismar haqqı verildiyi üçün böyük narahatlıq vardı. Amma hazırda anlaşmazlıqların aradan qalxdığı indiki dövrdə yataqların nəzarət və istismar hüququ yenidən Sovet hökumətinin əlinə keçmişdir. Kutaisinin qərbində həmçinin kömür yataqları da var. Sulfata, əlbəttə ki, Dağıstanda rast gəlinir. Çaylara gəldikdə, xüsusən, dörd böyük çayın adını çəkə bilərik. Və ola bilər ki, bu dörd çayın orta əsrlərlə Cənnətdən axıb gələn dörd çayla əlaqəli olduğuna inanır yerlilər. Amma şimal qütbündə həm çaylar, həm dağlar dəyişib. Elbrusda başlayan Kuban şimal istiqamətindən düzən ərazilərdən axır, sonra qərbə doğru yönəlib Azov dənizinə tökülür. Terek çayı Kazbek dağının cənub yamaclarından başlayır, əvvəl şərqə doğru axır, sonra köpüklənə-köpüklənə dar qayalıq ərazilərlə gəlib Vladiqafqazdan keçir, ondan sonra şərqə doğru kəskin bir dönüş edir və böyük delta yaradaraq Xəzər dənizinə tökülür. Dağın cənub-qərb yamaclarında Rion çayı Kutaisinin alçaq düzəngahları boyunca Kolxisaya qədər axır və Qara dənizə tökülür. Qızıl çomaq və Günəş kralı sarışın qızını məhz bu çaydan götürmüşdür. Dördüncü və ən böyük çay sıra dağların cənub yamacları boyu Azərbaycanın düzən ərazilərindən axan və Xəzər dənizinə tökülən Kür çayıdır. Bu çay mənbəyini Qafqaz dağlarından deyil, Kars dağı yaxınlığındakı yüksəkliklərdən götürür. Amma çayın xeyli iri qolları var, ən böyükləri sırasında Arqava, Yora, Alazan çaylarını deyə bilərik. Qafqaz dağlarının şimal hissəsində yaylar çox zaman quru, isti, az yağıntılı keçirsə qışlar soyuq və şaxtalı olur. Ümumi götürdükdə, Azov dənizi ətrafına da çox az miqdarda – təxminən illik 500 mq – yağıntı düşür. Amma dağ silsiləsinin mərkəzinə doğru yaxınlaşdıqca, yağıntının miqdarı, demək olar, iki dəfə artır. Dağın cənub yamaclarına da çox yağıntı düşür, xüsusən, Qara dənizə tərəf yağıntının miqdarı 2 metrə kimi çata bilər. Dağın bu cənub-qərb yamacları ona görə də qalın subtropik meşələrlə örtülüdür. Digər tərəfdən Qafqaz dağlarının şimal-şərq hissələrində isə – xüsusən, Dağıstanda – dağlar o qədər çılpaq görünür ki, elə bil tamam ağacsızdır. Şimala doğru dağ yamacları, silsilənin həm mərkəzində, həm də şimal-qərbində əksinə olaraq sıx meşələrlə örtülüdür. Qafqaz dağlarının aşağı yüksəkliklərində meşələr, adətən, şam, ağcaqayın, palıd, göyrüş, ardıc, şabalıd, qoz, çinar ağaclarından ibarət olur. Ağacların arasında ilanlara, kərtənkələlərə və başqa sürünənlərə tez-tez rast gəlmək olur. Bir qədər yuxarıda həmişəyaşıl palıda, at şabalıdına, cökə, ağcaqayın, fıstıq, küknar, ağcaqovaq ağaclarına rast gəlmək mümkündür. Bir az da yuxarıda yenidən küknar və ağcaqayın sıralanır və sonra ağcaqayın daha da sıx rast gəlinir. Ağaclar təxminən 2200 metr yüksəkliyə kimi davam edir, ordan yuxarıda isə təxminən 3000 metrə kimi örüşlər davam edir. Heyvanlar aləmi də zəngindir burada. Burada ayılara, canavarlara, çaqqallara, tülkülərə, kaftarlara, vəhşi pişiklərə, şirlərə və az hallarda bəbirlərə də rast gəlmək olur. Bu meşələrdə vəhşi donuz və maral da çoxdur. Uca dağlarda, sıldırım qayalarda isə turlar və dağ keçiləri məskən salıb. Sıra dağların qərb hissəsindəki yüksəkliklərdə Avropa bizonunun sürüləri də var, eyni zamanda çox az yerdə vəhşi öküzə rast gəlinir. Buradakı tip öküz bir zamanlar bütün Avropaya yayılmış aurok öküzünün qohumudur. Endemik quşlardan qırqovulu göstərmək olar, onların sayı çoxdur və gerçək evləri Rion çayı yaxınlığında, Yunanıstanın Phasis ərazisindədir – bu quş latınca adını məhz buradan götürüb: Pheasant.

Ev heyvanları sırasında isə at, inək, keçi, eşşək, camışın adını çəkmək olar. Kənd təsərrüfatı primitiv səviyyədədir, taxta kotandan hələ də geniş səviyyədə istifadə edilir. Kotan, xış çox zaman camışlara, öküzlərə qoşulur. Amma bu primitiv üsullarla belə əkilib becərilən torpaqlar bol məhsul verir. Dağ ətəklərində torpaqlar üçün yalnız çapaqdan istifadə etmək olur. Becərilən dənli bitkilərin sırasında buğdanın, çovdarın, qarğıdalının, çəltiyin, arpanın və s. adını çəkmək olar. Arpa 2500 metr yüksəklikdə də əkilir. Kartof və tütün həmçinin 1800 metr və daha hündürdə əkilir.

Yuxarıda qeyd etdiyimiz kimi, Qafqaz dağları insanların köç etməsi üçün təbii sədd rolunu oynayır. Dalğalar bu sıra dağları həm şimal, həm cənub yamaclarından yusalar da, içəri daxil ola bilməyiblər, amma müdafiənin asan olduğu, keçilməz dar vadilərdə isə keçən insanların fraqmentləri qalıb. Nə irəli, nə geri gedə bilmədən burada sıxılıb qalan tayfaların qalıqlarına hələ də rast gəlmək mümkündür. Beləliklə, bu kiçik dağlıq ərazidə dünyanın heç bir yerində oxşar kiçik ərazidə olmadığı qədər müxtəlif xalqların nümayəndələri yaşayır. Bütün bu insanlar çox az bilinən müxtəlif dillərdə danışır. Danışılan dillər çox nadir hallarda bilinən hansısa dillə qohumdur.

Bir çox tayfalar, yaxud insanlar adətən dillərinə görə üç əsas qrupa bölünürlər: əsl qafqazlılar, Türk-tatarlar və Hind-avropa qrupu. Orada həmçinin başqa xalqlar da yaşayır və onların tarixi kökü, ola bilsin, bir qədər dumanlıdır. Qafqazlıların dili qəribə təcrid vəziyyətindədir və hələ ki, filoloqlar burada danışılan dillərlə hər hansı dünya dili arasında qohumluq əlaqələri aşkar edə bilməmişlər. Ola bilsin, bəzi alimlər bu dillərin kiçik Asiyada qədim zamanlarda danışılan dillərlə hansısa bağlılığını iddia etsin. Eyni zamanda etruskların və baskişlərin dili ilə müəyyən yaxınlıq da təklif edilən versiyalar sırasındadır. Dillər Şimali Qafqaz və Cənubi Qafqaz olmaqla iki yerə bölünüb. Şimali Qafqaz dillərinə Gürcüstanda və Kartveliyada danışılır, Cənubi Qafqaz dillərinə isə Abxaziyada, Çerkeziyada, Çeçenistanda rast gəlinir. Şimali Qafqazda eyni zamanda ləzgi dilində də danışılır.

Gürcülər Kür və Rion çaylarının vadisində, Qafqaz dağlarının cənub yamaclarında, eyni zamanda yüksək dağlıq ərazilərdə (Elbrus və Svanetiya dağlarında) yaşayır. Abxazlar Qara dəniz sahillərinə tərəf olan yerlərdə sıra dağların cənub yamaclarında yaşayır. Çərkəzlər və Kabardinlər Vladiqafqazdan şimalda, Terek çayı boyunca Qafqaz dağlarının şimal yamaclarında yaşayır. Ruslara qarşı qəhrəmancasına vuruşan və nəhayət ki, 1864-cü ildə məğlub edilən çərkəzlərin böyük hissəsi kiçik Asiyaya, türklərin yanına köç etmişlər. Orada onların bəziləri sərgərdan gəzərək insanları soyan dəstələr yaratmışlar. Çeçen tayfalarından çoxu (çeçenlər, içkerlər, inquşlar və onlardan törəyən daha kiçik tayfalar – xistlər, qarabulaqlar, miçikolar və s) əsasən, Dağıstan dağlarının şimal qərbində, Çeçenistanda və İçkeriyada, Arqun çayının və onun çoxsaylı qollarının vadilərində yaşayır. Və Qroznı, Terek kimi uzaq şimal-qərbdə, qərb tərəfdən Vladiqafqazda da onların tayfalarının nümayəndələri məskunlaşıb. Ləzgi tayfasının bir çox qolu var və onların içində ən tanınmışı avarlardır. Onlara Dağıstanda rast gəlmək mümkündür. Hind-Avropa insanına gəldikdə isə osetinlər xüsusi qeyd edilməlidir, onlar, əsasən, Arqava və Terek çaylarının yuxarı axarlarında, eyni zamanda Vladiqafqazdan şimalda və şimal-qərbdə məskunlaşıblar. Tatlar da həmçinin Hindo-Avropa mənşəli insandır, onlar Xəzər dənizi boyunca, Bakıdan şimalda yaşayır. Türkdilli tayfaların içərisində Dağıstanın Xəzər dənizi sahillərində yaşayan gümükləri, onlardan şimalda, Terek çayının deltasında məskunlaşmış noqailəri qeyd etmək olar. Bəzi türk tayfaları həmçinin – tauluslar və karaçaylar kimi – Elbrus dağının qərbində və Svanetiyanın şimalında yaşayır.

İKİNCİ HİSSƏ

SƏFƏRIN ILK HISSƏSI

Biz Tiflisi iyulun 6-sı, bazar ertəsi səhər saat dörddə tərk etdik. Bütün işləri dostumuz Napoleon düzüb-qoşmuşdu və özü də maşında bizimlə gəlirdi. Gözləntilərimiz yüksək idi. Biz Qafqazlardan keçən bu möhtəşəm yol haqqında o qədər şey eşitmişdik ki! Ruslar bu yolu hələ 1783-84-cü illərdə istifadə etməyə başlamışdılar, elə o vaxt Vladiqafqazın (tərcüməsi Qafqazın hakimi) da əsasını qoymuşdular. Keçən əsrin əvvəllərində yol tikilib qurtardıqdan sonra böyük zəhmət hesabına şahzadə Baryatinskin – Şamilə qalib gələn şəxs – vəsaiti hesabına yenidən tikilmiş və 1861-ci ildən bugünkü formasını almışdır. İlk yolumuz Kür çayı boyunca şimal istiqamətində idi. Sonra vadi ərazisindəki dar yolla sürdük, yanımızda yeni, nəhəng su elektrik stansiyası vardı, onu keçdik. Burada indi 18 min at gücü enerji istehsal edilir. Sonra bu rəqəm 30000-ə çatdırılacaq. Hündürlükdə, dağ dikdirinin o biri tərəfində kilsə yerləşirdi. Buranın yerləşiminə və formasına görə qartal gözünə çox oxşarlığı vardı. Əlçatmaz dağlıq ərazilərdə gürcülərin monastrlar tikmə üsulu – elə bu monastr da daxil – həqiqətən də, diqqətəlayiqdir. Fransız Çardinin (1672) verdiyi izahat beləydi ki, bu monastrlara qulluq göstərməyə, onları təmir etməyə gərək yoxdur, çünki buralara çox nadir hallarda kimsə dırmaşa bilir. Çətin ki, bu izahat həqiqəti əks etdirsin. Çünki fars dini konfiksiyalarının iddialarına görə, yüksəkliklərdə, uca dağlarda biz Uca yaradana daha yaxın oluruq. Amma ən böyük ehtimal burada öncə çəkilən təhlükəsizliklə bağlı məsələlər olub. Belə yüksəkliklərdə, keçilməz, sıldırım dağlarda adam üçün həm özünü, həm də monastrı yadelli işğalçılardan qorumaq, müdafiə etmək daha rahat olur. Bu monastr da başqa bir çox monastrlar kimi bir zamanlar müdafiə üçün nəzərdə tutulan keşikçi qülləsi olan hündür, möhkəm divarlarla əhatə olunub. Yol Kür çayı boyunca davam edirdi, çay dərənin dibindən cənuba doğru kəskin bir dönüş edir, sonra isə yenidən şimal, şimal-qərb istiqamətindən axırdı. Sonra yolumuz körpüdən keçir və şərqə doğru burulur, çayın sol sahili boyunca Gürcüstanın keçmiş paytaxtı olan Mtsxeti yerləşir. Burada şimaldan axan Arqava çayı Kür çayı ilə qovuşur. Burada kral qüllələri ilə möhtəşəm bir kasedral var. Sonra biz yenidən Arqava vadisi ilə şimala doğru səfərimizi davam etdiririk, qədim qalanın qalıqlarının və keşikçi qülləsinin yanından ötüb keçirik. Burada biz müqəddəs və tarixi torpaqdayıq, bu torpaq qədim zamanların xatirələrini insanların beyninə doldurub. Biz eyni zamanda havada dövr edən melonxoliyanı, poeziyanı, xalqın musiqisini də duya bilirdik. Gürcüstan, daha dəqiqi, onun mərkəzi hissəsi Kartliya və Kaxetiya həqiqətən də arasıkəsilməz şəcərə və təxminən 2 min il tarixlə dünyanın ən qədim krallıqlarındandır. Keçən əsrin əvvəllərində Rusiyaya ilhaq edilənə kimi bu kral ailəsinin hakimiyyəti davam etmişdir. Keşikçi qülləsinin yaxınlığında Bürünc dövrünə aid daş tabutlarda basdırılan insanların qəbirləri aşkar olunmuşdu. Bu qəbirlər gürcülərdən, Kartvelianlardan – onlar bu ərazilərə sonradan gəliblər və qısa başlıdırlar -tamam fərqli olan, uzunsov başa sahib qədim insanlara məxsusdur.

Yol bol sulu, üzərində saysız-hesabsız şəlalələr olan çay boyunca davam edir. Belə çaylar, şəlalələr bizdə, Norveçdə arfada ifa edən su prinsessaları ilə assosiasiya edilirsə, burada sizi rusalkalar tovlayıb çağırır, sonra isə ölənə kimi qıdıqlayırdı.

Yol hazırda yavaş-yavaş dikdirə çıxırdı və Araqva vadisindən sola burulurdu, burada landşaft daha az quraq idi, yaşıl zəmilər gözə dəyirdi. Şərqdə boz, lüt dağlar vardı və qalın meşələr dağlarla bu vadinin ortasına düşürdü. Biz Bazaltetskoe adlanan kiçik şoran ərazidən keçdik və açığı, təəccübləndik. Bu yer bizə xatırlatdı ki, hətta dağın cənub yamaclarında belə duzlaq, şoran ərazilərə rast gəlmək olar. Burada buxarlanma çox, yağıntının miqdarı isə çox az idi. Duşet şəhərinin yanından keçdik. Arqava əyalətinin hakiminin iqamətgahı məhz burada olmuşdu – qədim zamanlarda o çox güclü idi və tez-tez Gürcüstan çarları ilə müharibə edirdi. Həmin zamandan qalanın qalıqları hələ də qalır. Yaxınlıqda Samt Kvirik və Samt Avlita kilsələri var. Bu kilsələr dağ döşündə, qocaman, müqəddəs ağacların altında, min metr hündürlükdə yerləşir. Belə müqəddəs ağaclara və qoruqlara Qafqazda tez-tez rast gəlmək olar və çox güman ki, belə yerlər qədim zamanlarda qurbangah və ziyarətgah kimi istifadə edilib. Biz məhsuldar torpaqlarla səfərimizə davam edirdik və ətrafımızdakı dağlar getdikcə meşələrlə daha çox örtülürdü. Ağ Arqava vadisi boyu maşınımızı sürüb qədim qalasının dağlarda yerləşən dağıntıları ilə Ananur şəhərini geridə buraxdıq. Bu qaladan içində bir neçə kilsəsi olan qalın divarlar yadigar qalıb. Yəqin ki, orta əsrlərdə bura sahib olanlar həm də bütün vadiyə nəzarət edən tayfalar olub. 1795-ci ildə farslarla son döyüşdən sonra gürcü çarı 11-ci Herakluis qaçıb məhz bura pənah gətirib. Onda Tiflis farslar tərəfindən tutulub yerlə-yeksan edilmiş və 80 yaşlı qoca qəhrəman məhz burada başına kiçik bir dəstə toplamış, düşməni bir daha məğlub etmiş və Tiflisi geri almışdır. Vadi getdikcə daralır, ətrafımızdakı dağlar daha hündür olurdu və meşələr seyrəlirdi. Qəfildən əsas yoldan aşağı burulduq və bir otelin qarşısında dayandıq. Otelin qarşısında ağaclar, güllər əkilmişdi və gözəl, ruhoxşayan görüntü yaradırdı. Bura dayanma yeri idi – Passanaur. Səhər yeməyini burada yeməliydik. Hazırda dəniz səviyyəsindən 1016 metr yüksəklikdə dayanmışdıq. Biz burada Ter Kaşarianın arvadı, iki uşağı, həmin axşam isə Tiflisdə tanış olduğumuz erməni idmançısı ilə görüşdük. Onlar maşınla bizdən az öncə çatmışdılar. Düzdür, Kvizlinq və mən bu xanımları daha öncə heç görməmişdik, bizi onlarla tanış etməmişdilər. Onların kim olduğunu yalnız sonradan, təsadüf nəticəsində öyrənə bilib onlara öz ehtiramımızı izhar etdik. Əlbəttə, bizim ölkədən çox fərqli olan bu ölkələrdə bu durum xarakterik və normal hesab edilirdi. Hərçənd dostumuz Ter Kaşarianla artıq uzun zamandan bəri bir yerdə idik – bu adam dövlət tərəfindən Gürcüstan və Ermənistan səfərlərində yanımızda olub bizi müşayiət edirdi – biz onun arvadını heç görməmişdik, eyni zamanda gördüyümüz aparıcı simaların heç birinin arvadı ilə də görüşüb tanış olmamışdıq. Bu məsələnin, əlbəttə, şərqdə qadına baxışla birbaşa bağlılığı var. Qadın öz kiçik dünyasından – evindən – bayırda görülməməlidir. Bəlkə də elə bu səbəbdən qadınlarla – hətta qadın xidmətçilərlə belə – bizi tanış etmirdilər, biz heç onların sifətini görmürdük. Mənə elə gəlirdi, buradakı qadınlar özləri də heç bunu arzulamır. Gəlib görüşəndə də, bir neçə kəlmə kəsəndən sonra yox olurdular. Hətta dillə bağlı bir maneə olmasa belə. Bununla belə, bu insanların həyatında tarixən qadınlar çox böyük və həlledici rol oynayıblar. Yalnız müqəddəs Hripsim və onun Ermənistandakı rahibələri haqqında düşünmək yetər. Bundan başqa, xristianlığı Gürcüstana gətirən Nino da var. Hələ qüdrətli çar Tamaranı demirik! Amma krallıq dövründə Gürcüstanda qədim, əsilzadə ailələrdə cəngavərlik vaxtı heç şübhəsiz ki, qadınlarla bağlı tamam başqa görünüş, mövqe hakim idi. Bu münasibət bu gün özünü ailə büdcəsi məhdud olanda qatarda özləri 3-cü dərəcəli vaqonda gedib qadınları 1-ci dərəcəli vaqona buraxan kişilərin davranışında təzahür edir.

Otelin qabağındakı bağça-bağda uzun zəncirlə bağlanmış ortaboylu ayı var-gəl edirdi. Sakit görünürdü, amma eyni zamanda yad adamlara ona çox yaxın gəlmək məsləhət görülmürdü. Kimsə yad adam yaxınlaşanda zəncir izn verdiyi qədər nərə çəkib həmin adama hücum edirdi. Ola bilsin, elə bu münasibət yerli qafqaz dağ xalqlarının biz avropalılara münasibətini də təcəssüm etdirir. Əlbəttə, bizi sevmələrinə bir səbəbləri yoxdur. Biz avropalılar onların torpaqlarını fəth edib azadlıqlarını əllərindən almışıq.

Passanaur kiçik, güzəranı yaxşı şəhər təsiri bağışlayan yer idi. Evlərinin ətrafında gözəl bağlar və qol-budaqlı ağaclar vardı.

ÜÇÜNCÜ HISSƏ

HƏRBI YOL YAXINLIĞINDAKI DAĞ XALQLARI

Gürcü dağ xalqları: xevsurlar.

Biz gəlib etnoqrafik baxımdan çox maraq kəsb edən bir əraziyə çıxmışdıq. Ağ Araqva vadisindən qərb tərəfdə möhtəşəm Osetiya ölkəsi qərbə və şimala doğru Terekin yuxarı axınına, Vladiqafqazın üstünə kimi uzanır. Vadinin şərqində gürcü tayfaları – pşavlar – yaşayır. Yüksək dağlıq vadilərdə, şimal-şərq istiqamətində isə xevsurlar yaşayır. Onlar hələ də qədim gürcü dialektində danışır. Amma sayları 8000 üzərində olan xevsurlar çox güman ki, artıq uzun müddətdir dağlıq ərazilərdə ətraf dünyadan təcrid edilmiş şəkildə yaşayırlar. Onların adı gürcü dilində “xevi” (dərə, yarıq) sözündən gəlib. Onlar hələ də orta əsrlərin adət-ənənəsini, həyat tərzini, mövhumatını davam etdirir. Orta əsr cəngavərləri kimi poladdan qılınc, dəbilqə, qalxan, zirehli geyim gəzdirirlər. Dəbilqə başa geyinilən, burnu və hər iki tərəfdən qulaqları örtən zirehli geyimdir. Yalnız gözlər və üzün aşağı hissəsi açıqda qalır. Ziyafət günlərində, toylar və oyunlar vaxtı insanlar tam zirehli geyimlərlə bu tədbirlərə qatılırlar. Çünki onlar qohumlar arasında, nəsillər arasında qan davasından, kiminsə həmin məclisi qisas məkanı kimi düşünə biləcəyindən çəkinirlər. Hətta iki nəsil, iki kənd arasındakı qan davasına son qoymaq, barışdırmaq üçün nəzərdə tutulan tədbirlərdə belə. Bu tayfaların hələ də qədim hərbi geyimlərə aludəçiliyini yəqin ki, onların hər zaman istər kənd arasında, istərsə də qohumlar arasında qan davası, düşmənçilik şəraitində yaşaması ilə əlaqələndirmək olar. Bu cavanlar davakar cavanlardır, onlar hər zaman – hətta çöldə-bayırda işləməyə gedəndə belə – üstlərində qalxan, dəbilqə, zirehli geyim və qılınc gəzdirirlər. Bir qəribə adət də kişilərin sağ baş üstündə oxları olan barmaqlarına iri dəmir üzük daşımalarıdır. Bu üzük davalarda yumruq vurmaq üçün istifadə edilir. Demək olar, bu üzük ucbatından bir nəfər də üzündə çapıq olmayan yaşlı kişi görmək mümkün deyil. Və üzdəki bu eybəcər çapıqları ilə onlar hazırda ən çox zədələnmiş alman tələbələri belə üstələyir. Eyni tip üzükdən, deyilənə görə, həm Qara bağda, həm də Yuxarı Bavariyada geniş istifadə edilib.

Tez-tez davalar düşür, qılınclar hazır vəziyyətdə saxlanılır. Amma kimisə zədələmək, öldürmək üçün ciddi cərimələr nəzərdə tutulur. Bir gözün çıxmasına görə 30 inək, başı zədələməyə görə 3-16 inək ödənilir. Bir inəyə on rubl bərabəri kimi baxırlar. Yaranın uzunluğu iplə ölçülür və buna uyğun buğda, arpa, çovdar kompensasiyası təyin edilir. Başqa Qafqaz tayfalarının içində eləcə də xevsurların, psavların arasında belə bir adət var ki, kimsə kimisə öldürəndə, ya yaralayanda eynisi həmin ailənin üzvü, ya qohumu ilə haqq-hesab çəkirlər. Hətta adam tapmayanda düşmən çıxan kənddən birini tapıb öldürmək də olar. Amma ölümü təyin edilən müəyyən bir razılaşdırılmış cərimə qarşılığında ləğv etmək də olar. Kişi öldürülübsə, 80 inək, qadın öldürülübsə, 60 inəklə “hesablaşmaq” olardı. Öz arvadını öldürən adam onun ailəsinə beş inək verməli idi. Amma bu qətl özündə qadın qisasını ehtiva etmirdi. Qətl hadisəsi həll ediləndən sonra böyük bir ziyafət təşkil edilirdi, qurbanlar kəsilirdi və çoxlu çaxır, pivə içilirdi.

Biz bu insanların həyatı və savaşları haqda eşitdiyi-mizdə bu söhbətlər bizə böyük ölçüdə öz ölkəmizdəki qədim zamanlardakı həyatımızı – babalarımız tərəfdən İsland saqalarında qeyd edildiyi kimi – xatırladır. Və son zamanlara kimi bizim dağ camaatı da xəncərini böyründən sallayıb elə gəzərdi.

Nominal olaraq gürcü tayfaları xristianlardır – çox güman 12-ci əsrdən bu yana. Amma hələ də lap qədim zamanlardan gələn mövhumatçılıqla yaşayırlar. Allahdan və İsadan savayı da bir çox təbiət allahlarına qurbanlar kəsilir, dualar oxunur. Onların quru torpaq və yer üçün ali allahları var. Donuzlar, kərtənkələlər, yaxud uşaqlar formasında olan meşə, hava ruhlarıdır. Ovla iki mələk əlaqələndirilib – biri qadın, biri kişi. Qadın daha qüvvətlidir. Bundan əlavə, heyvanın ürəyi, ağciyərləri, qara ciyəri məhz həmin qadın mələyə təklif edilir. Bəzi tayfalara görə, bu mələk özünü bəzən uzunsaç, gözəl, lüt qız kimi meşələrin ortasında göstərir. Və əgər ovçu özünü tutarsa, dilini saxlayarsa, bu mələk ovçuya yaxşı bəxt gətirir, amma dilini dinc tutmasa onun qəzəbini üzərində hiss edir. Başqa çoxsaylı qoruyan ruhlar da mövcuddur. Xevsurlar üçün üsyançıları qoruyan qanadlı ruh da var, həmin ruhun mükafatı qənimətdən bir parça hədiyyə olur. Cəhənnəm gur axan çaydır, onun üzərində qıl körpüsü var və günahkar ruhlar həmin körpüdən çaya atılır. Kim istəsə ki cənnətə getsin, həmin qıl körpüsünün üzərindən keçməlidir. Cənnət və cəhənnəmin təsvirinə gəldikdə, insanların təxəyyüllü çox zəngindir. Biz Cənnətin əslində necə görünməsi ilə bağlı elə də əmin deyilik. Norveçdə də qədim zamanlarda ruhların üzərindən keçib cənnətə düşdükləri bir qıl körpüsündən söhbət açılırdı. Körpü tük nazikliyindədir və buradan keçid məsələsi digər bir çox xalqların mifologiyalarında var. Ərəblərdə həmin körpü haqqında “qıldan nazik, qılıncdan iti, gecədən qaranlıqdır” – deyirlər.

Bir nöqtədə xevsurlar çox dindardır. Onların hər həftə istirahət etdikləri üç müqəddəs günləri var: Məhəmmədin cüməsi, yəhudilərin ºənbəsi və xristianların bazarı. Yəqin bunu ona görə edirlər ki, nə Allah, nə Yehovah, nə də Uca Tanrı inciməsin.

Bu dağ camaatı Dağıstandakı aullara bənzər kəndlərdə yaşayırlar. Burada evlər bir-birinin üzərində tikilib, birinin damı o biri evin döşəməsi rolunu oynayır. Uzaqdan baxanda bu evlər arı pətəyinə oxşayır. Evlər dördbucaq formasındadır, damları yastıdır, çox zaman evlər daşdan tikilir və iki mərtəbə olur. Aşağı mərtəbə mal-qara və qadınlar üçün, yuxarı mərtəbə isə kişilər üçün. Bu tüstülü otaqlar həqiqətən də çox çirkli olur. Dik dağ döşlərinin kənarlarında çox əkib-becərməkdən danışmaq lazım gəlmir. Olsa-olsa bir qədər əkilən torpaq sahəsi tapıb çovdar, arva, darı, bir də kartof əkmək mümkün olur. Ot da çox azdır, ona görə çox mal-qara, qoyun-quzu saxlamaq mümkün olmur. Ümumiyyətlə, yaşam səviyyəsi çox aşağıdır, insanlar ehtiyac içində yaşayır. Köhnə günlərdə vəziyyət daha yaxşı idi, o zaman soyğunçuluqla normal güzəran qura bilmişdilər. Bizdə, Norveçdə olduğu kimi burada da pendir, çörək, qatıq əsas yeyilən qidalardır. Bizlə digər bir oxşarlıq isə onların da ev quşlarını, yumurtanı, dovşanı yeməmələridir. Qədim norveçlilər lələkləri və caynaqları olan heç nə yemirlərmiş. Xevsursların donuz əti yeməməsi yəqin Məhəmmədin, ya yəhudilərin təsirinin nəticəsidir.

Qadınların bu dağ xalqlarının arasında mövqeyi çox aşağıdır. Bizdəki qadınlardan aşağı olduğunu deyə bilərəm. Onlar bir təhkimçidən, bir daşınmaz əmlakdan daha artıq deyillər. Kişi, adətən, arvadı özünə başqa kənddə axtarır. Və qədim adətə görə, kişi nə zaman hansı qadını istəsə qaçırda bilər. Xüsusilə müharibə vaxtı qadınlar qənimət olaraq götürülürdü, başqa ailələrdən, tayfalardan güclə alınırdı. Bizlər isə çox vaxt öz yaxın tanıdıqlarımızla qız verib-alırdıq. Ümumiyyətlə, yaxın qonşuluqdan kənara çıxmağı sevmirik. Xevsurlu ər tam yaraq-yasaqlı halda, dostları ilə bərabər toydan bir gün öncə gəlinin kəndinə gəlir. Gəlin isə onu öncədən hazır olaraq gözləyir. Gəlin gərək güclü müqavimət göstərərək ona öz tərbiyəsini nümayiş etdirsin. Amma, bununla belə, bəy onu öz atası evinə aparır. Müxtəlif formallıqlardan sonra – yəni guya həmin ərəfədə bir-birinə çox da istək göstərməməlidirlər – beş-altı gün keçir və onlar evlənirlər. Üç gecəni birlikdə keçirdikdən sonra gəlin qayıdır atası evinə və normal evlilik həyatına başlayan kimi bir müddət orada keçirdir. Əgər qadın ərinin xoşuna gəlməsə, onu atası evinə göndərə bilər və gəlin yenidən ərə gedə bilər. Qadın da ərini tərk edə bilər, amma bu zaman gərək azadlığını pulla alsın. Və bunun üçün çox zaman o qədər yüksək olur ki, qadının buna sadəcə gücü çatmır. Ərinə xəyanət edən qadınların üzünə kömür çəkir, ya da qulağını, burnunu kəsirlər. Amma xəyanət edən kişilərə nə etdiklərini bizə söyləmədilər. Əvvəlki dövrlərdə çoxarvadlılıq adi hal imiş, amma indi deyirlər, nadir rast gəlinən haldır. Maraqlı bir inancları var, guya hamilə qadın təmiz deyil, onun üçün evdən kənarda, ya kəndin kənarında bir daxma hazırlayırlar, orda qalır. Əgər doğuşun sonuna yaxın ağrıları çoxalırsa, diqqətli ərinin edə biləcəyi yalnız bir şey olur: gecə vaxtı, gizlincə silahını da götürüb gəlir həmin daxmanın yanına və zalım ruhları ordan uzaqlaşdırmaq üçün havaya atəş açır. Doğuşdan sonra balaca qızlar ona bərk yemək gətirir. Qədim insanlarda, xüsusən də, qədim eskimoslarda da biz bu adəti müşahidə edirik. Onlarda da belə bir adət olub ki, zahı qadının yediyi qab çirkli hesab edilir və başqaları həmin qablardan istifadə etmir. O, “qadın evində” qala bilməz. Daha təmiz olana kimi, 30-40 gün müddətində kənd kənarında qalır. Mensturasiya olan qadınlar da eyni cür təcrid edilməlidir.

bannerbanner