
Полная версия:
Mən, nənəm, İliko və İllarion
İclasa İllarionla getdim. Biz arxada oturduq. İclasa mühasib Alfez sədrlik edirdi:
– Deməli, belə: bizim sədr Şalva tələb edir ki, idarə onun evinin yanında tikilsin. Kim söz istəyir? Amma xəbərdarlıq edirəm: reqlament beş dəqiqədir.
– Sualım var.
– De görək, Trifon.
– Hörmətli Şalva, təzə kontoru sizin evin qabağında tikək, ya köhnəsini köçürüb damını yenidən quraq?
– Trifon Sixarulidze! – sədr yerindən sıçradı, – məni ələ salma, yoxsa sənə göstərərəm! Kontoru söküb evimin qabağında quraşdırmaq lazımdır! Aydındır?
– Yoldaşlar, mətləbə keçək! Kimin sualı var?
– Mənim təklifim var. İcazə olar? – deyə İllarion qalxdı.
– İllariona söz verin!
– Düyə hara yox oldu, dövlətin tikinti materialı nə üçün sədrin evinə işləndi, necə oldu ki, kolxozun çaxırı sədrin küplərinə doldu… İndi bütün bunları yada salmaq və dəqiqləşdirmək artıqdır. Kənarda eşitsələr, nə deyərlər? Evin sirri evdə gərək… Mən deyirəm ki, bəlkə, sədrin evini söküb idarəyə yaxın tikək?
– Nə danışırsan, damı təzəcə örtülüb, yenə sökək?
–Onda sədrin ailəsini idarəyə köçürək, evini isə kirayə alaq, eləyək idarə.
– Dəli olmusan? – sədr özündən çıxdı, – Təzə ev əvəzinə çürük daxmanı sırımaq istəyirsiniz mənə?
– Təklifim var, – Marqarita Çanturiya sözə başladı, – sabah Tbilisidən artistlər gəlir. Klubun inşaat materialı sədrin evinə işləndiyindən konserti onun evində keçirək.
– Səni manqabaşçısı təyin edəndə ağlım harada imiş?
– Sualım var, – biri ayağa durdu, – sədr nə vaxt məktəbin təmirinə başlayacaq? Sinif otaqları uçulub-dağılır.
– Mənim bir yaxşı təklifim var! – deyə İliko əlini qaldırıb söz aldı. – Dostlar, biz yenə əsas mətləbdən uzaqlaşdıq: idarəni harada quraşdıraq?
– Təklifin nədir?
– Bəlkə, idarəni heç sökməyə dəyməz? Yığışıb hamılıqla sədrə maşın alaq?
– Yox, yaxşısı budur ki, hər səhər onun evinə iki igid göndərək, sədrimizi qolları üstündə idarəyə gətirsinlər!
– Başımızda oturduğu bəs deyil, hələ bir qollarımızın da üstündə gəzdirək?
– Bir təklif də var. Bizim sürücü hanı?
– Buyur, İliko!
– Artıq dörd təkərin varsa, onları idarənin altına qoyub sədrin istədiyi yerə dığırladaq.
Zalda qəhqəhə qopdu. Sədr çaşıb qaldı.
– Yaxşı, nə qərara gəldik? – iclasın sədri soruşdu.
– Təklifim var! – deyə öz cəsarətimdən özüm qorxdum.
– Danış, yaramaz! – deyə iclasdakılar hay-küy saldılar.
– Mən…təklif edirəm: təzə sədr seçək!
Tam sakitlik çökdü. Dizlərim əsirdi. Mənim ümumi iclasda etdiyim təklif yekdilliklə qəbul olundu.
– Nəhayət, ağıllı bir adam tapıldı! Zuriko olmasaydı, hələ səhərə kimi buradaydıq! – deyə İllarion alnımdan öpdü.
Yapıncı, uzunboğaz çəkmələr və corablar
Bu il qış sərt gəlmişdi. Soyuq bizim otağın dəlmə-deşiyindən içəri dolurdu. Nənəm əvvəlcə dəlmə-deşikləri əsgi-üsgü ilə, sonra mənim dəftərlərimdən cırdığı kağız-kuğuzla tıxadıqdan sonra otaq bir az isindi.
…Nənəmlə buxarının yanında oturmuşduq. O, hansısa nağılı danışa-danışa ona qulaq asdığıma əmin olmaq üçün arabir gözaltı mənə baxırdı. Birdən eyvanda ayaq tappıltısı eşidildi.
Pəncərədən boylandım. İliko və İllarion eyvanda üst-başlarının qarını çırpırdılar. Qapını açıb, onları içəri dəvət etdim.
– Axşamınız xeyir! – İllarion salam verib, təptəzə xizəkləri küncə tulladı.
– Xizəklər haradandır, İllarion? – deyə soruşdum.
– Səhər məktəbə necə gedəcəksən, zırrama! Sənə gətirmişik…
İllarionu qucaqlayıb tüklü, soyuq üzündən öpdüm…
Nənəm buxarının qabağında süfrə açdı. İllarion:
– Nahaq yerə əl-ayağa düşmə, Olqa, vallah, axı biz elə-belə söhbətə gəlmişik! – dedi.
– Kef sizindir, yığışdıra bilərəm! – nənəm dedi.
– Sən istəmirsənsə, rədd ola bilərsən! Başqalarının əvəzinə danışma! – deyə İliko bağırdı.
İllarion almanı dişinə çəkib sözə başladı:
– Bu gün poçtalyon yanıma gəlmişdi, Gerasimin oğlunun ölüm xəbərini gətirib. Dedi ki, mən ona xəbər verə bilmərəm. Məndən xahiş etdi…
– Ah, yazıq Gerasim! – deyə nənəm ağladı…
– Yazıq Kerçdə həlak olub. Kəndimizə gələn yeddinci ölüm xəbəridir… – İllarion davam etdi.
– Gerasimə xəbər verdin?
– Nə danışırsan? Kişi saatbasaat oğlunun qayıdacağını gözləyir, mənim heç dilim gələr?
– Ay Allah, o yırtıcı Hitlerə cəza ver! – nənəm ağlayırdı.
– Bəs indi nə etmək istəyirsən? – deyə soruşdum.
İllarion məktubu cibindən çıxardıb xeyli baxdı, sonra əyilib oda atdı. Alov İllarionun üzünü işıqlandırdı. Onun qırxılmış üzündə iki damla göz yaşı göründü.
– Oğlan sağdırsa, gec-tez gələr, yox, ölübsə, qoy bədbəxt ata gözləsin. İnsanı yaşadan ümiddir.
Bu zaman kənd təşviqatçısı Georgi Vaşakidze gəldi.
– Gəlmək olar? Bağışlayın ki, belə vaxtsız gəlmişəm.
– Buyurun! – nənəm onu içəri dəvət etdi.
İllarion soruşdu:
– Təzə nə xəbər var? Cəbhədə işlər necədir?
– Pis deyil. Düşmənin hücumunun qarşısı alınıb, Hitlerin ildırım sürətli müharibə planı iflasa uğrayıb! – təşviqatçı birnəfəsə danışdı.
– Biz bu barədə bir ay əvvəlki qəzetlərdə oxumuşuq.
– Sizinlə ciddi işim var. Qulaq asın! Vətənimiz təhlükədədir: xain düşmən bizim azadlığımızı qanlı pəncələri ilə boğmaq istəyir! Şanlı Ordumuz faşist işğalçılarına sarsıdıcı zərbələr endirir!
– Qəzetdəkiləri sözbəsöz əzbərləmisən ki! – İliko onun sözünü kəsdi, – açıq söylə görək nə istəyirsən?
Təşviqatçı pərt oldu.
– Əsgərlərə hədiyyələr yığırıq. Bəlkə, sizin də köməyiniz dəyə… – deyib rahat nəfəs aldı.
– Belə de də, oğlum, yoxsa bizimçün başlamısan Adəm və Həvvadan danışmağa, – deyə nənəm gülümsədi.
– Bazar ertəsi bizim kəndin adından cəbhəyə bir vaqon hədiyyə yollanacaq. Əgər bir şey tapsanız, bura, Olqanın yanına gətirin. Sabah bizim uşaqlar gəlib apararlar.
Təşviqatçı sağollaşıb getdi.
Biz uzun-uzadı düşündük. İliko sükutu pozdu:
– Qapının dalında asılmış yapıncımdan başqa, nəyim var ki?! Zurikela, dur onu bura gətir!
Təəccüblə İlikoya baxdım.
– Nədir? Mən yapıncı geyməsəm, dünya dağılar? Onsuz da yazın gəlməsinə az qalıb! Yapıncını bura gətir!
Eyvana çıxıb tez yapıncını gətirdim. Bu təptəzə yapıncını İliko göz-bəbəyi kimi qoruyur, ona bürünür, hətta İllarionu əl dəyməyə qoymurdu.
– Küncə qoy… Uşaqlar gələndə verərsiniz, – İliko yapıncıya baxmadan dedi.
– Bilirdim ki, sənin ürəyin qızıldır! – deyə İllarion qurcalandı və birdən sıçrayıb otaqdan çıxdı.
– Mən bu yekəburunun hara qaçdığını bilirəm! – deyə İliko gülümsədi, – indi mənim acığıma bütün evini alt-üst edəcək! Onsuz da lütün biridir, heç nəyi yoxdur!
Bir azdan İllarion qayıtdı, özünün yeganə təzə, uzunboğaz çəkmələrini İlikonun yapıncısının yanına qoydu…
O gecə nənəm yatmadı. Üstündə yatdığı döşəyi söküb yununu daradı. Gözlərim yaşla doldu, naməlum əsgər haqqında düşünürdüm. O əsgər haqqında ki, bu soyuq qış gecəsi nənəm əlləri əsə-əsə onun üçün yun corab toxuyurdu…
Ədəbi gecə
1942-ci ilin qışıdır, almanlar Moskvaya yaxınlaşıblar. Biz, həmişəki kimi, İlikogildə soba qırağında oturub isinirik. İllarion Sovet Məlumat Bürosunun xəbərini oxuduqdan sonra qətiyyətlə bildirir:
– Hitlerin kitabı bağlandı! Almanlar Moskva altındadırlar, bir addım da irəliləyə bilmirlər!
– Bəs ikinci cəbhə haqqında nə xəbər var?
– Müttəfiqlər tələsmir. İngiltərə hiylə işlədir. Amerikadan yapışıb, deyir ki, Sovet İttifaqından üz döndər, mənə kömək et. Amerika da deyir ki, özüm bilərəm!
– Almaniya da Türkiyə və Yaponiyanı dilə tutur ki, mən Stalinqrada girən kimi, siz də cəbhə xəttini keçin.
– Son zaman Türkiyənin siyasəti heç xoşuma gəlmir!
– Türkiyə görsə ki, Almaniyanın vəziyyəti pisdir, o saat üstünə hücum edər.
– Bəs Yaponiya?
– Almaniya onu tələsdirir ki, başla, kimi gözləyirsən? O da cavab verir ki, sən Moskva altında hərəkətsiz dayanıb durmusan. Mən başlasam, sonrası nə olacaq?
– Dünən şeir yazmışam! – mən qəfildən dedim.
İllarion əlindəki tikəni yerə saldı. İliko çeçədi.
– Nə dedin? – özünə gəlmiş İliko soruşdu.
– Şeir yazmışam… Müharibə haqqında.
İliko və İllarion baxışdılar.
– Oxu görək!
Cibimdən bir vərəq çıxartdım, ayaq üstə durdum, sol əlimi irəli uzadıb mümkün qədər ucadan başladım:
Hiyləgərdi mənfur düşmən, o qaranəfəs,Müharibə niyyətilə gəlibdir bizə.Qələbəni bu torpaqda heç görə bilməz,Məhv edərik, heyran qalar iradəmizə.Yatmır bizim qəhrəmanlar, oyaqdır, oyaq,Toplarımız, tanklarımız gəlibdi dilə.Əgər Vətən tələb etsə, silah tutaraq,Döyüşlərə atılaram, mən özüm belə!Uzun sükutdan sonra İllarion dedi:
– Hmm…yaman təmtəraqlıdır! Bir de görüm, çoxdan şeir yazırsan?
– Bir aydır.
– İndiyə kimi harada idin, ay bədbəxt, niyə bunu vaxtında bizə deməmisən? Daha nə etmək olar? Elə əvvəldən bilirdim ki, sən günlərin bir günü yolunu azacaqsan! – İliko əlini havada yellədi.
– Şeir yazanda çox çətinlik çəkirsən?
– O qədər yox… Bir gündə səkkiz-doqquzunu… Kağız yoxdur, yoxsa çox yazaram!
– Nənən bilir? – İllarion soruşdu.
– Yox.
– Elə isə heç bilməsin. Arvadın öz dərdi özünə bəsdir. Yenə şerin var?
– Var. Məhəbbətdən…
– Oxu görək!
Cibimdən ikinci vərəqi çıxardıb başladım:Gecədir. Ay üzür səmada,Qar, külək qarışıb dünyada.Sevirəm gəzməyi mən bu dəm,Ağlaram sevincdən, nə olar.Gözümü heç yuma bilmirəm,Lap dəli olmuşam, qardaşlar!– Sözün nədir? – deyə İllarion soruşdu.
– Son misrası yaxşı yazılıb.
– Məhəbbətdən bir kəlmə də yoxdur ki…
– Uşaq utanır!
– Axı bu, şeirdir, şeirdə hər şeyi demək olmur! – deyə izah etmək istədim.
– Şeir əgər məhəbbətdəndirsə, məhəbbətin, heç olmasa, adını çəkmək lazımdır.
– Bəsdir görək! Bir adam yuxu bilməyə, gecə səhərə qədər gəzib-dolana, az qala, ağlını itirə, səncə, bu məhəbbət deyil, bəs nədir?
İllarion dedi:
– Düz danışmırsan. Misal üçün, elə bizim bu İlikonu götürək, həmişə gecələr gəzib-dolanıb, deməli, o, aşiqdir?
– Ey, çox çərənləmə ha! – İliko yerindən sıçradı.
– Eh, sizin şeirdən nə başınız çıxır! – deyə incidim.
İllarion məni qucaqlayıb mehribanlıqla dedi:
– Sənin başqa dərdin var, əzizim. Mən bilirəm adamlar niyə şair olurlar. Sən yazmağında ol! Məhəbbətin var olsun, mənim balam!
Pərt halda İllariona qulaq asırdım… Mənə elə gəlirdi ki, o, mənim ürəyimi ovcunda tutub, bütün orada yazılanları oxuyur.
İlk məhəbbət
– Çiqogidze!
– Mən!
– Kalandadze!
– Mən!
– Sixarulidze!
–Sixarulidze xəstələnib! Çkoniya, Stenteradze, Burquladze, Koridze, Ninidze və Qolonti onu ötürməyə getdilər.
– Gərək bütün sinif gedəydi, – müəllim dedi, – Vaşalomidze! Vaşalomidze! – qışqırıb yumruğunu masaya vurdu.
– Buradayam!
– Burada olub-olmamağının onsuz da xeyri yoxdur!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
mçadi – qarğıdalı qoğalı
2
pxali – göyərtidən hazırlanan gürcü yeməyi
3
“Simona Dolidze” – gürcü xalq mahnısı
4
Burada rus sözü olan “вперёд” (“irəli” deməkdir) təhrif olunaraq işlənmişdir.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов