banner banner banner
Cenni Herhardt
Cenni Herhardt
Оценить:
Рейтинг: 0

Полная версия:

Cenni Herhardt

скачать книгу бесплатно


Senatoru görərkən Cennini bürüyən qaçmaq arzusu onunla izah olunurdu ki, o öz vəziyyətini alçaldıcı hesab edirdi. Senator onun haqqında belə yaxşı rəydə ikən Brenderin onu rəzil bir işlə məşğul görməsindən utanırdı. O sadəlövhcəsinə fikirləşirdi ki, senatoru şəxsən onun özü deyil, nə isə başqa bir şey maraqlandırır. Cenni evə gələnədək uşaqlar onun qaçdığını analarına nağıl etmişdilər. O, otağa daxil olan kimi

Corc soruşdu: – Sənə nə olmuşdu?

– Heç nə, – deyə Cenni cavab verdi və buradaca anasına tərəf çevrilib izah etməyə başladı: –

Mister Brender bizim yanımızdan keçib bizi gördü.

– Yox canım? – deyə missis Herhardt yavaşdan səsləndi. – Deməli, o qayıtmışdır. Bəs sən niyə qaçıbsan, axmaq?

– Mən istəmirdim ki, o məni görsün. Ana qayğı ilə dedi:

– Bəlkə o heç səni tanımayıb.

– Yox, tanıdı, – deyə Cenni pıçıldadı. – O məni üç dəfə səslədi. Missis Herhardt başını buladı.

Söhbəti eşidən Herhardt qonşu otaqdan çıxa-çıxa soruşdu:

– Nə olub?

– Heç nə, – deyə arvadı cavab verdi. O, senatorun onların həyatında nə kimi rol oynamağa başladığını heç də izah etmək istəmirdi. – Uşaqlar kömür gətirəndə kimsə onları qorxutmuşdur.

Elə bu axşam bir az keçmiş milad hədiyyələri gəldi və bu bütün ailəni çox həyəcana saldı. Ərzaq mağazasının arabası onların qapısında dayandığı və kuryer – möhkəm bədənli oğlan paketləri evə daşıdığı zaman Herhardt və onun arvadı gözlərinə inanmadılar. Kuryeri səhv etdiyinə inandırmaq üçün faydasız cidd-cəhddən sonra, Herhardtlar səbəbi aydın olan şadlıqla bütün bu nemətləri gözdən keçirməyə başladılar.

Kuryer inamla dedi:

– Siz narahat olmayın. Mən nə etdiyimi bilirəm. Sizin familiyanız Herhardtdır, eləmi? Bunlar hamısı sizə çatacaqdır.

Missis Herhardt yerində otura bilmirdi, əllərini həyəcanla ovuşduraraq təkrar edirdi:

– Nə deyirsən buna? Möcüzə deməzsən?

Herhardtın özü də tanımadığı xeyirxah adamın səxavəti haqqında fikirləşməkdən mütəəssirlənmişdi, o bu yaxşılığı bir zaman fabrikasında işlədiyi və ona yaxşı münasibət bəsləyən iri yerli fabrik sahibinin adına yazmaq istəyirdi. Missis Herhardt gözlənilməyən sevincin həqiqi mənbəyini, şübhəli olsa da, anlayırdı və gözləri yaşarmaq dərəcəsinə qədər mütəəssir olmuşdu, lakin susurdu. Cenni isə dərhal burada kimin əli olduğunu başa düşdü.

Milad bayramının ikinci günü Brender oteldə missis Herhardt ilə görüşdü. Cenni təsərrüfat işləri ilə məşğul olmaq üçün evdə qalmışdı.

Brender əlini uzadaraq mehribancasına səsləndi:

– Missis Herhardt, kefiniz necədir? Bayramı necə qarşıladınız?

Zavallı missis Herhardt utana-utana onun əlini sıxdı. Onun gözləri bir an yaşla doldu. Brender əlini onun çiyninə vuraraq:

– Yaxşı, yaxşı, – dedi. – Ağlamaq lazım deyil. Paltarları yumağa aparmağı unutmayın.

– Yox, unutmaram, ser! – deyə missis Herhardt cavab verib yenə nə isə demək istədi, lakin Brender artıq uzaqlaşmışdı.

İndi Herhardt daima oteldə yaşayan qəribə senator haqqında, onun lütfkarlığı, paltar yudurtmaq üçün nə qədər çox pul verməsi haqqında danışıqlar eşidirdi. Sadəqəlb zəhmətkeş, mister Brenderin çox xeyirxah, çox nəcib adam olmasına tez inandı.

Cenninin özü də belə düşünür və senatora getdikcə daha çox valeh olurdu.

Cenni elə böyümüş və elə yaxşılaşmışdı ki, heç kəs onun yanından laqeyd ötüb keçə bilməzdi. O, ucaboylu idi, bədən quruluşu gözəl idi. Uzun paltarda, kübar qadınların zinətində o, senator kimi, görkəmli bir kişiyə gözəl tay ola bilərdi. Onun insanı heyrətləndirəcək dərəcədə aydın, oynaq gözləri, gözəl rəngli siması, düz ağ dişləri vardı. Həm də o, ağıllı, həssas və çox müşahidəçi idi. Onda ancaq tərbiyə və özünün asılı, müti vəziyyətini başa düşən adamlarda heç vaxt tapılmayan inam çatmırdı. Paltar yumaqla məşğul olmaq, onları gətirib-aparmaq, hər cür xırda-xuruş şeyləri bir sədəqə kimi qəbul etmək onun əl-qolunu bağlayırdı.

İndi o, həftədə iki dəfə otelə gəlirdi, senator Brender onunla mehriban rəftar edir, özünü sərbəst aparırdı. Cenni də belə edirdi. Senator tez-tez ona, onun bacılarına və qardaşlarına kiçik hədiyyələr verir və həmişə onunla elə sadə, elə səmimi danışırdı ki, nəhayət, onları bir-birindən ayıran uçurum yox oldu. Cenni onun simasında mötəbər senatordan artıq alicənab bir dostunu görməyə başladı. Bir dəfə Brender ondan oxumaq istəyib-istəmədiyini soruşdu. Senator düşünürdü ki, yaxşı məktəb onu daha cazibədar edə bilər. Nəhayət, bir dəfə axşam o, Cennini yanına çağırdı.

– Cenni, buraya, yaxın gəlin.

Cenni yaxın gəldi, Brender birdən onun əlindən tutdu.

– Cenni, – deyə o, şən və sınayıcı nəzərlə qızın üzünə baxdı, – deyin görək, siz mənim haqqımda nə düşünürsünüz?

Cenni utana-utana kənara baxaraq:

– Bilmirəm, – dedi. – Siz bunu nə üçün soruşursunuz?

– Xeyr, bilirsiniz, – deyə o təkid etdi, – axı necə olsa, mənim haqqımda bir rəyiniz vardır. İndi deyin görüm, o rəy nədən ibarətdir?

Cenni sadəlövhcəsinə cavab verdi:

– Heç bir rəyim yoxdur.

– Xeyr, vardır, – deyə o təkrar etdi. Cenninin açıq boyun qaçırtması onu əyləndirir və maraqlandırırdı. – Siz mənim haqqımda bir şey düşünməlisiniz. Nə düşünürsünüz?

Cenni senatorun alnı üzərində yüksələn və onun gözəl simasına əzəmət verən dən düşmüş şux qara saçlarına yuxarıdan aşağıya baxaraq sadədilliklə:

– Sizin mənim xoşuma gəlib-gəlməməyinizi soruşursunuz, eləmi? – deyə soruşdu.

– Bəli, – deyə o bir qədər peşman olub cavab verdi.

Cenni əzilib-büzülməyi bacarmırdı. O, xoş bir təbəssümlə dedi:

– Əlbəttə, xoşuma gəlirsiniz.

– Siz heç vaxt mənim haqqımda başqa bir şey düşünməyibsiniz?

– Mən düşünürəm ki, siz çox yaxşı adamsınız, – deyə Cenni daha çox sıxılaraq cavab verdi. O ancaq indi duydu ki, Brender hələ də onun əlini saxlamaqdadır.

– Vəssalam? – deyə senator soruşdu. Cenni:

– Məgər bu azdır? – dedi və onun kirpikləri titrədi.

Senator ona baxır, Cenninin şən, dostcasına və açıq nəzərləri onu dərindən həyəcanlandırırdı. O dinməzcə qızın üzünü, onun simasının cizgilərini öyrənirdi, Cenni isə üzünü yana çevirmiş və büzüşmüşdü – bu sınayıcı baxışların bütün mənasını başa düşməkdən daha artıq hiss etməkdə idi.

Nəhayət, senator dedi:

– Mən isə belə fikirləşirəm ki, siz çox gözəl qızsınız. Sizə elə gəlmir ki, mən çox qəşəng adamam?

– Gəlir, – deyə Cenni qəti cavab verdi.

Cenninin sözü elə məzəli çıxdı ki, senator kreslonun arxasına söykənib qəhqəhə çəkdi. Cenni maraqla ona baxdı və gülümsədi.

– Nəyə gülürsünüz? – deyə Cenni soruşdu.

– Sizin cavabınıza. Əlbəttə, gülmək lazım deyildi. Siz məni zərrə qədər qiymətləndirmirsiniz. Yəqin mən sizin heç xoşunuza gəlmirəm.

– Xeyr, xoşuma gəlirsiniz, – deyə Cenni ciddi cavab verdi. – Siz elə yaxşısınız ki. Onun gözlərindən aydın görünürdü ki, bu sözləri ürəkdən deyir.

– Belə, – deyə Brender dilləndi və qızı yavaşca özünə tərəf çəkib yanağından öpdü. Cenni "ay!" – deyə səslənib heyrət və qorxu içində dikəldi, qamətini düzəltdi.

Bu onların münasibətində bir yenilik idi. Cenni ilə dövlət adamı arasında olan məsafə bir an içərisində yox oldu. Cenni onda əvvəl duymadığı bir cəhəti gördü. Cenninin gözündə o dərhal canlandı. Onun Cenniyə münasibəti bir qadına olan münasibətdir, o, vurulmuşdur. Cenni bilmirdi nə etsin, özünü necə aparsın.

– Mən sizi qorxutdum? – deyə Brender soruşdu.

Cenni dərhal ehtiram bəsləməyə adət etdiyi bu adama baxdı və təbəssümlə ancaq:

– Bəli, qorxutdunuz, – dedi.

– Mən bunu ona görə etdim ki, siz mənim xoşuma gəlirsiniz. Cenni bir qədər fikirləşəndən sonra?

– Mən getməliyəm, – dedi. Brender şikayət edirmiş kimi:

– Görürsünüz, – dedi, – olmaya mən belə etdiyim üçün qaçırsınız?

– Xeyr, – deyə Cenni cavab verdi və nədənsə özünü nankor hiss edərək əlavə etdi, mənim getmək vaxtımdır. Evdə nigaran qalarlar.

– Siz mənə acıqlanmırsınız?

Cenni əvvəllər onda heç vaxt müşahidə edilməyən bir işvə ilə:

– Yox, – dedi.

Cenni onun üzərindəki hökmünü hiss edirdi. Bu elə yeni, elə heyrətləndirici bir hal idi ki, ikisi də çaşdı, bir sıxıntı içində susdu. Senator ayağa qalxaraq:

– Hər necə olsa, indi siz mənimsiniz, – dedi. – Bu gündən mən sizin qayğınızı çəkəcəyəm. Cenni bu sözləri eşidəndə xoşhal oldu. O düşünürdü: "O, möcüzələr göstərməyi bacarır, əsil sehrbazdır". Cenni ətrafına baxdı və qarşısında belə yeni, heyrətəşayan həyatın açılması fikri ilə sevincdən başı gicəlləndi. Onun nə demək istədiyini Cenni tamamilə başa düşə bilməzdi. Yəqin o, xeyirxah və alicənab olacaqdır, ona gözəl şeylər bağışlayacaqdır. Əlbəttə, Cenni xoşbəxt idi. O öz vəziyyətinin mənasız olduğunu görmədən, duymadan paltar boğçasını götürdü, halbuki Brender üçün bu acı bir məzəmmət idi.

Senator fikirləşdi: "Cenni paltar daşımamalıdır". Onda zərif mehribanlıq və rəğbət hissi hərarətli bir dalğa kimi baş qaldırdı. Senator – bu dəfə mərhəmətli bir hakim kimi – Cenninin üzünü əlləri arasına aldı.

O dedi:

– Eybi yoxdur, qəşəng qız. Siz həmişə bu işlə məşğul olmayacaqsınız. Mən fikirləşib bir şey taparam.

Bundan sonra onlar bir-birinə daha sadə və daha dostcasına əlaqə bəsləməyə başladılar. Cenni bir daha gəldiyi zaman senator tərəddüd etmədən ona kreslonun qoltuqluğu üstündə oturmağı təklif etdi. Ailəsinin güzəranı, şəxsən özünün nə istədiyi, nəyin xəyalı ilə yaşadığı haqda müfəssəl sorğu-sual başladı. Brender görürdü ki, Cenni onun bəzi suallarına, xüsusən atasının işi haqqında sualına könülsüz cavab verir. O, atasının qapı-qapı gəzib odun doğradığını etiraf etməyə uta-nırdı. Bunda daha ciddi bir şey gizləndiyindən ehtiyat edərək, Brender işin nə yerdə olduğunu bilmək üçün bu yaxın günlərdə onlara getməyi qət etdi.

O, boş vaxtı olan kimi belə də etdi. Bu, konqresdə onun məğlubiyyəti ilə bitmiş qızğın mübarizənin başlanmasından üç gün qabaq oldu. Bu üç gün ərzində onsuz da heç bir şey etmək mümkün deyildi. Beləliklə, Brender çəliyini əlinə aldı və Herhardtların evinə doğru yönəldi.

Yarım saatdan sonra o, qətiyyətlə onların qapısını döydü: Qapını missis Herhardt açdı. Senator şadlıqla:

– Salam! – dedi və missis Herhardtın sıxıldığını görərək əlavə etdi: – Gəlmək olar? Qeyri-adi qonağı görərək sadədil qadın özünü tamam itirdi. O, əllərini köhnə, yamaqlı önlüyü ilə sildi və nəhayət:

– Bəli, bəli, rica edirəm, buyurun, – deyə cavab verdi.

Missis Herhardt qapını bağlamağı unudaraq senatoru tələsik otağa gətirdi və stulu çəkib oturmağı təklif etdi.

Brender onu bu qədər karıxdırdığına heyifsiləndi.

– Narahat olmayın, missis Herhardt, mən elə belə, evinizin yanından keçirdim, sizə dəymək istədim. Ərinizin səhhəti necədir?

– Sağ olun, yaxşıdır, salamatdır, – deyə missis Herhardt cavab verdi. – İşə gedibdir.

– Deməli, yer tapmışdır?

– Bəli, ser, – deyə missis Herhardt cavab verdi.

Cenni kimi o da bu işin nə cür iş olduğunu deməyə cürət etmirdi.

– Ümidvaram ki, uşaqlar da sağ-salamatdır, məktəbə də gedirlər.

– Bəli, – missis Herhardt cavab verdi.

Missis Herhardt önlüyünü çıxartdı və utana-utana onu ovuşdurmağa başladı.

– Çox gözəl. Bəs Cenni haradadır?

Cenni bu zaman paltarları ütüləyirdi, qonağın səsini eşidib ütünü və taxtanı atdı, yataq otağına qaçdı. İndi orada özünü tələsik qaydaya salırdı. Cenni qorxurdu ki, onun guya evdə olmadığını demək anasının ağlına gəlməz və qaçıb gizlənməyə fürsət tapa bilməz.

Missis Herhardt:

– O, evdədir, – deyə cavab verdi. – Bu saat mən onu çağıraram. Cenni yavaşca onu məzəmmət etdi:

– Axı sən niyə ona dedin ki, mən buradayam!

– Mən nə edə bilərdim?

Onlar senatorun yanına getməyi qərarlaşdıra bilmirdilər, o isə bu vaxt otağı nəzərdən keçirirdi. Bu qədər ləyaqətli adamların belə ehtiyac içərisində yaşamasını görmək onu kədərləndirirdi. Senator bir yolla onlara kömək etmək istəyirdi.

Nəhayət, Cenni qətiyyətsizlik içərisində otağa daxil olarkən senator:

– Sabahınız xeyir, – dedi. – Kefiniz necədir?

Cenni ona yaxınlaşdı, qızarmış halda əlini ona uzatdı. Onun gəlişi Cennini o qədər həyəcanlandırmışdı ki, o, bir kəlmə də deyə bilmədi.

– Sizə baş çəkib kefinizi soruşmaq istədim, – deyə senator izahat verib əlavə etdi: – Ev pis deyil, neçə otağınız var?

– Beş, – deyə Cenni cavab verdi. – Bizi bağışlayın, evi yığışdırmamışıq. Səhərdən paltar ütüləyirik. Ona görə hər şey alt-üst olubdur.

Brender mehribanlıqla cavab verdi:

– Başa düşürəm. Nə üçün siz belə fikirləşirsiniz ki, mən bunu başa düşmürəm, Cenni? Məndən utanmaq lazım deyil.

O həmişə Cenni onun yanında olduğu vaxtlar danışdığı kimi sakit və dostcasına danışırdı, bu, Cenninin özünə gəlməsinə kömək etdi.