banner banner banner
Amerika faciəsi
Amerika faciəsi
Оценить:
Рейтинг: 0

Полная версия:

Amerika faciəsi

скачать книгу бесплатно


– Məncə, Utika şəhərindən qeyd etdi, – yaxud doktor Bumisi və ya hər ikisini bir yerdə çağırmaq olar. Belə bir işdə dörd və yaxud beş nəfər ekspert olsa, bunun heç bir zərəri yoxdur.

Xeyt boynuna düşən məsuliyyətin bütün ağırlığını hiss edərək əlavə etdi:

– Məncə, siz haqlısınız, Orvil. Çox ola bilsin ki, dörd və yaxud beş ağıl, bir və ya iki ağıldan daha ötkəmdir. Lakin bu o deməkdir ki, biz bütün həkimləri bir yerə toplayana qədər, meyidin müayinə edilməsini bir-iki gün təxirə salmalıyıq.

– Elədir-elədir, – deyə Meyson müstəntiqin sözünü təsdiq etdi. – Bu, hətta daha yaxşıdır. O vaxtadək mən Likurqa gedərəm, bəlkə təzə bir şey də öyrənə bildim. Heç vaxt qabaqcadan hər şeyi bilmək olmaz. Bəlkə mən caninin özünü elə orada ələ keçirib tutacağam. Hər halda mən buna ümid edirəm. Yaxud heç olmasa, bütün bu işi aydınlaşdıra biləcək yeni bir şey öyrənərəm… Mən hiss edirəm ki, bu çox böyük bir iş olacaqdır, Fred. Bu, mənim xidmətim ərzində, həmçinin sizin xidmətiniz ərzində ən çətin bir iş olacaqdır, buna görə biz hər addımımızı yaxşı ölçüb-biçməliyik. Bu məsələdə ehtiyatlı olmaq heç ziyan gətirməz. O görünür, varlı adamdır – deməli, mübarizə edəcəkdir. Bundan əlavə, qohumları da ona qəhmər çıxacaqlar.

Prokuror əsəbi bir halda, sıx saçlarını çəngəlləyib qarışdırdı.

– Eybi yoxdur, məncə, öhdəsindən gələrik, – deyə prokuror əlavə etdi. – Hər şeydən əvvəl, Utikadan doktor Bimislə, Uebsteri çağırmaq lazımdır, – yaxşısı budur, elə bu gün onlara teleqraf vurun, yaxud telefonla zəng edin. Həmçinin, Olbenidəki doktor Spralunu da çağırın. Özümüzünküləri incitməmək üçün yerli həkimlərdən Linkoln ilə Betsi də dəvət edin. Doktor Bevonu da çağırmaq olar. – Meyson xəfifcə gülümsədi. – İndi isə mən yola hazırlaşmalıyam, Fred. İşi elə təşkil edin ki, həkimlər buraya sabah yox, bazar ertəsi və yaxud salı günü gəlsinlər. O vaxta qədər, yəqin ki, mən də qayıdıb gələrəm və şəxsən bu işdə iştirak edərəm. Əgər mümkündürsə, qoy bazar ertəsi günü gəlsinlər… nə qədər tez olsa, o qədər yaxşıdır! Baxarıq görək, o zaman daha nə aydınlaşacaqdır.

Meyson şkafdan bir neçə blank götürüb, qəbul otağına çıxdı, Oldenə müraciət edərək, onunla bərabər Likurq şəhərinə getməli olacağını söylədi, Berleyə isə tapşırdı ki, missis Meysonu telefona çağırsın, arvadı telefona gəldikdə, prokuror ona təcili bir iş üçün səfərə çıxdığını və yalnız bazar ertəsi qayıdıb gələcəyini xəbər verdi.

Utika şəhərinədək bütün yol uzunu, – yəni üç saat davam edən yolu və Likurq şəhərinə gedən qatarı gözlədikləri bir saatı, sonra isə həmin qatarda keçirdikləri bir saat iyirmi dəqiqəni (onlar Likurqa səhər saat yeddidə gəlib çatdılar), – Orvil Meyson, bir dəqiqə sakit oturmayıb, qəmli və pərişan Taytusu sorğu-suala tutaraq, həm qocanın özünün, həm də qızı Robertanın sadə keçmişi haqqında bir sıra məlumat topladı; bu söhbət zamanı qoca, Robertanın nə qədər səxavətli, itaətkar və ismətli bir qız olduğunu onun sinəsində necə mehriban və şəfqətli bir ürək çırpındığını, sonra, qızın əvvəllər harada işlədiyini, nə qədər maaş aldığını və pullarını nəyə xərclədiyini danışmış, – bütün bunlar isə çox sadə bir hekayə kimi Meysonu olduqca mütəəssir etmişdi.

Taytusla bərabər Likurqa gələrək, Meyson dərhal “Otel Likurq” mehmanxanasına getdi, orada nömrə tutdu, istirahət etməsi üçün qocanı mehmanxanada qoydu. Oradan Meyson birbaş yerli prokurorun yanına getdi, çünki yerli prokurorun ərazisində istintaq aparmaq üçün icazə almalı idi. Meysona kömək etmək üçün, onun ixtiyarına adi geyimli, iricüssəli xəfiyyə agenti olan bir polis nəfəri verdilər və prokuror axtardığı adamı evdə tapacağı ümidilə dərhal Teylor-strit küçəsinə, Klaydın yaşadığı mənzilə getdi. Lakin onları qarşılayan missis Peyton dedi ki, doğrudur, Klayd burada yaşayır, amma indi evdə yoxdur (o hələ, salı günü evdən çıxmışdır, deyəsən, on ikinci göldəki dostlarının yanına getmişdir). Meyson bir qədər sıxıntı hissilə, missis Peytonu başa salmağa məcbur oldu ki, əvvələn o, Kataraki mahalının prokurorudur, ikincisi bir qızın Biq Bitern gölündə boğulması ilə əlaqədar olan bəzi şübhəli məsələləri aydınlaşdırmaq üçün o, bir prokuror kimi, Klaydın otağında axtarış aparmalıdır, çünki belə görünür ki, o qızın yol yoldaşı Klayd olmuşdur. Bu xəbər missis Peytonu ele sarsıtdı ki, o, diksinib, geriyə çəkildi və qadının üzündə sonsuz bir heyrət, qorxu və etimadsızlıq ifadəsi zahir oldu

– Necə, mister Klayd Qrifits. Yox, yox, belə şey ola bilməz! Klayd, mister Semyuel Qrifitsin qardaşı oğludur, onu burada hamı tanıyır. Əgər onun barəsində bir məlumat almaq istəyirsinizsə, qohumlarına müraciət edin: onlar, əlbəttə, hər barədə sizə məlumat verərlər. Ancaq belə bir şey… yox, bu ola bilməz! – Missis Peyton həm Meysona, həm də öz nişanını qadına göstərməyə fürsət tapmış yerli xəfiyyə agentinə elə baxırdı ki, sanki onların düz adam olmalarına və vəkalətlərinə şübhə edirdi.

Bu aralıq belə şeylərə çoxdan vərdiş etmiş xəfiyyə agenti yuxarı mərtəbəyə qalxan pilləkənə keçib, missis Peytonun arxasında dayanmışdı. Meyson isə axtarış aparmaq üçün əvvəlcədən hazırlanmış orderi cibindən çıxardı.

– Mən çox təəssüf edirəm, xanım, lakin onun otağını bizə göstərməyinizi xahiş etməyə məcburam. Budur, bu order axtarış aparmaq üçün mənə ixtiyar verir, bu adam isə mənə tabe olan polis agentidir.

Missis Peyton qanunla mübarizə etməyin əbəs bir şey olduğunu başa düşüb, əsəbi bir halda Klaydın otağını göstərdi. Qadın bu fikirdə idi ki, nə isə mənasız, həm də son dərəcə ədalətsiz və təhqiredici bir anlaşmazlıq baş vermişdir.

Meysonla polis nəfəri isə, Klaydın otağına girərək, ətrafı gözdən keçirməyə başladılar. Hər ikisi ilk əvvəl, otağın küncündə kiçik və çox da möhkəm olmayan bağlı bir sandıqça gördülər, xəfiyyə agenti mister Fauns dərhal sandığın vəznini müəyyən etmək üçün onu yerdən qaldırmaq istədi, Meyson isə bir-birinin ardınca otaqdakı bütün şeyləri, qutularda və bağlamalarda nə varsa, hamısını, bütün paltarların ciblərini yoxlamağa başladı. Paltar şkafının qutusunda, köhnə köynək və tumanlar içərisində, Tramballardan, Starklardan, Qrifitslərdən və Qarrietlərdən gəlmiş köhnə dəvətnamələr arasında prokuror bir bloknot vərəqi tapdı, bu vərəqədə Klayd, yadından çıxmasın deyə, haraya dəvət edildiyini bir-bir qeyd etmişdi: “Çərşənbə günü, 20 fevral, Starkgildə nahar”, bundan aşağıda: “Cümə günü, 22, Trambalgildə”. Meyson bu xətti, cibindəki vərəqənin yazısı ilə müqayisə edib, bunların eyni bir xətt olduğunu görərək, dərhal belə bir qərara gəldi ki, indi, doğrudan da, ona lazım olan adamın otağındadır. Meyson vərəqəni cibində gizlədib, otağın o biri başında diqqətlə bağlı sandığı gözdən keçirən xəfiyyə agentinə baxdı.

– Bu sandığı nə edəcəyik, cənab rəis? Buradan götürüb aparacağıq, yoxsa elə burada açacağıq?

– Məncə, biz onu elə burada açmalıyıq, Fauns, – deyə Meyson ciddi bir səslə cavab verdi. – Sonra mən onun dalınca adam göndərərəm, lakin onun içərisində nə olduğunu mən elə bu saat bilmək istərdim.

Xəfiyyə agenti dərhal cibindən ağır bir isgənə çıxartdı və yaxında çəkic olub-olmadığını yoxlamaq üçün ətrafına boylandı.

– Sandıq çox da möhkəm deyil, – deyə xəfiyyə agenti qeyd etdi – əgər istəyirsinizsə, sındıra bilərəm.

Lakin bu zaman, işin belə bir şəkil almasından son dərəcə heyrətə düşən missis Peyton davam gətirmədi və belə bir qaba hərəkətə mane olmaq ümidilə qarışdı.

– Əgər istəyirsinizsə, mən sizə çəkic verə bilərəm, deyə qadın sözə başladı, – ancaq, məgər çilingər dalınca adam göndərmək olmazdımı? Mən ömrümdə belə qəribə əhvalat görüb eşitməmişdim!

Xəfiyyə agenti bu etiraza o qədər də əhəmiyyət verməyərək, çəkici əlinə keçirən kimi, sandığın qıfılını sındırdı. Sandığın üst tərəfindəki bölmədə müxtəlif xırda-para bəzək şeyləri: corablar, yaxalıqlar, qalstuklar, kaşne, çiyinbağı, köhnə sviter, orta keyfiyyətli uzunboğaz qış çəkmələri, müştük, laklı, qırmızı rəngli külqabı və ayaq xizəkləri var idi. Lakin bütün bu şeylərin içərisində bir küncdə Robertanın Bilts şəhərindən göndərdiyi və hamısı bir yerə bağlanmış axırıncı on beş məktubu, həmçinin qızın keçən ilk Klayda bağışladığı kiçik portreti də var idi. Yenə də burada, başqa kiçik bağlamada, Sondranın hələ Payn Poynta getməzdən əvvəl Klayda göndərdiyi bütün kiçik məktublar və dəvətnamələr yığılmışdı. Sondranın oradan yazdığı məktubları Klayd öz ürəyinin üstündə, pencəyinin döş cibində gəzdirirdi. Burada, Klaydın üzərinə daha artıq kölgə salan başqa məktublar da tapıldı, – bunlar, Klaydın anasının yazdığı on bir məktubdan ibarət idi. Bu məktublardan ikisi Çikaqo şəhərinə Harri Tenetin adına göndərilmışdi ki, bu, çox şübhəli bir iş idi, qalan məktubları isə, – əvvəlcə Çikaqo, sonra isə Likurq şəhərinə Klayd Qrifitsin adına və adresinə yazılmışdı.

Prokuror sandıqdan daha nələr çıxacağını gözləmədən dərhal məktublarla məşğul olmağa başladı: o əvvəlcə Robertanın birinci məktublarından üçünü oxudu və bundan sonra, Robertanın Bilts şəhərinə nə üçün getdiyi ona tamamilə aydın oldu, daha sonra o, Klaydın anasının, olduqca sadə və ucuz bir kağızda yazılmış üç məktubunu oxudu: anası bu məktublarda oğlunun Kanzas-Siti şəhərindəki ağılsız hərəkətinə işarə vurur və bədbəxt bir hadisə haqqında yazaraq göstərirdi ki, Klayd bu hadisədən sonra oradan çıxıb getməli olmuşdu, həmçinin, anası təkidlə və mehribanlıqla Klayda tövsiyə edirdi ki, gələcəkdə düz yoldan çıxmasın. Cilovlanmış temperamentə malik olan, həmçinin insanlar və insan münasibətləri barəsində olduqca məhdud biliyi olan Meysonda belə bir təsir oyandı ki, Klayd hələ ilk gəncliyindən qeyri-sabit xarakteri, yüngül xasiyyəti və pozğun əxlaqı ilə fərqlənən bir adam olmuşdur.

Eyni zamanda Meyson təəccüblə öyrənib bildi ki, Klayd burada zəngin əmisinin köməyindən istifadə etsə də, Qrifitslər ailəsinin kasıb və üstəlik son dərəcə dindar bir qoluna mənsubdur. Adi şəraitdə bu cəhət onun Klayda qarşı münasibətini bir qədər yumşalda bilərdi. Lakin indi Sondranın yazdığı məktubların, Robertanın faciəli məktublarının və Klaydın anasının Kanzas-Sitidə baş vermiş köhnə bir cinayət barəsində vurduğu işarənin təsiri altında, Meysonda belə bir qənaət hasil oldu ki, Klayd öz xarakteri etibarilə nəinki bu yeni cinayəti düşünməyə, eyni zamanda niyyət etdiyi cinayəti soyuqqanlıqla həyata keçirməyə əli gələn bir adamdır. Görəsən, orada, Kanzas-Sitidə nə baş vermişdir? O şəhərin prokuroruna teleqram göndərərək təfsilatı öyrənmək lazımdır.

Meyson bu barədə düşünərək, tələsik, lakin diqqətlə və tənqidi bir nəzərlə, Sondradan gələn müxtəlif kağızları, dəvətnamələri və eşq məktublarını gözdən keçirməyə başladı. Bu məktublar hamısı ətirlənmiş, gözəl, naxışlı kağızda yazılmışdı və getdikcə daha şəfqətli, daha məhrəm bir xarakter daşıyırdı, son məktublar isə: “Mənim balaca Klaydım”, yaxud “Mənim sevimli qaragöz sevgilim” və ya “Mənim əziz dostum” sözlərilə başlanır və məktubların altında ya uşaqcasına “Sondra” imzası, yaxud “Sizin Sondra” sözləri olurdu… Bu məktublardan bəziləri bu yaxın günlərdə, mayın onunda, on beşində, iyirmi altısında, – Meysonun dərhal fikir verdiyi kimi, məhz Robertanın ən kədərli məktublar gəldiyi bir zamanda yazılmışdı.

İndi hər şey aydındı. Bu gənc gizli olaraq bir qızı yoldan çıxarmış və eyni zamanda utanmadan başqa bir qızın, həm də bu dəfə yerli cəmiyyətin yüksək dairəsinə mənsub olan bir qızın məhəbbətinə nail olmaq xəyalına düşmüşdür.

Bu qeyri-adi kəşfdən sarsılmış və həyəcanlanmış Meyson, eyni zamanda başa düşürdü ki, indi fikrə gedib, burada oturmaq vaxtı deyildir. Belə bir şeyə heç vaxt yol vermək olmazdı. Bu sandığı “Otel Likurq” mehmanxanasına göndərmək lazım idi. Sonra isə, mümkün olsa, o, bu adamın indi harada olduğunu aydınlaşdırmalı və onu ələ keçirməlidir… Meyson, xəfiyyə agentinə, polis idarəsinə zəng etməyi və bu sandığı mehmanxanaya, onun nömrəsinə göndərməyi əmr etdi, özü isə tələsik Semyuel Qrifitsin malikanəsinə getdi, lakin orada, bütün ailənin şəhər kənarında Qrinvudda olduğunu öyrəndi.

Telefonda verdiyi suala cavab olaraq, Qrinvuddan ona xəbər verdilər ki, orada məlum olduğu kimi, Klayd Qrifits indi bu saat Şeyron yaxınlığında, On ikinci gölün sahilində, Finclilərin yay malikanəsi ilə yanaşı olan Krenstonların bağındadır. Həm Fincli familiyası, həm də Şeyron şəhəri artıq Meysonun şüurunda Klayd ilə bağlı idi, buna görə o, dərhal belə qərara gəldi ki, əgər Klayd hələ bu yerlərdən qaçıb uzaqlaşmamışdırsa, indi o məhz orada olmalıdır – yox, ona bu məktubları yazan və dəvətnamə göndərən həmin Sondra Finclinin yay malikanəsindədir. Axi “Qu Quşu” paroxodunun kapitanı da, üçüncü mil Buxtasından gedən gəncin Şeyron şəhərində paroxoddan düşdüyünü xəbər vermişdi. Evrika!

Meyson artıq canini ələ keçirmişdi.

Meyson gələcəkdə necə hərəkət edəcəyini ətraflı düşündükdən sonra, dərhal şəxsən özü, Şeyrona və Payn Poynta getməyi qərara aldı. Hələlik isə Klaydın zahiri görkəminin düzgün təsvirini aldıqdan sonra, o, Klaydın bu əlamətlərini və onun adam öldürməkdə təqsirləndirilib axtarıldığını, nəinki Likurq şəhərinin prokuroruna və polis rəisinə, həmçinin Bricburq polis rəisi Nyuton Slekə, müstəntiq Xeytə və öz köməkçisinə xəbər verərək, hər üçünə, dərhal Şeyrona yola düşməyi təklif etdi. Meyson orada onlarla görüşəcəkdir.

Sonra Meyson, guya missis Peytonun tapşırığı üzrə, şəhərarası telefon vasitəsilə Payn Poynta zəng edərək Krenstonların yay malikanəsilə əlaqəyə girib, ev xidmətçisindən, mister Klayd Qrifitsin təsadüfən orada olub-olma

dığını soruşdu. “Bəli, ser, o, buradadır, ser, lakin bu saat o yaxında deyil, ser. Yəqin o, gölə gəzməyə getmişdir, ser. Nə buyurursunuz, gələndə ona nə demək lazımdır, ser?” Sonrakı sorğu-suala ev xidmətçisi dürüst cavab verə bilmədi: bütün dəstə, yəqin ki, Ayı gölünə gəzməyə getmişdir, – göl isə buradan otuz mil uzaqdadır; onların nə vaxt qayıdacaqlarını o deyə bilməz, – yəqin iki-üç gündən sonra qayıdacaqlar. Lakin bir məsələ aydın idi ki, Klayd həmin gənclər dəstəsi ilə getmişdir.

Meyson o saat Bricbuq polis rəisini ikinci dəfə telefona çağırıb, ona özü ilə bərabər dörd və yaxud beş nəfər agent götürməsi barədə göstəriş verdi; bu agentlər Şeyronda müxtəlif səmtlərə ayrılmalı və harada olursa-olsun həmin Klaydı ələ keçirib, tutmalı və Bricburq həbsxanasına salmalı idilər. Qoy orada Klayd, bu vaxta qədər şübhə yeri qoymadan, Roberta Oldeni öldürən adamın məhz Klayd olduğunu göstərən bəzi qəribə halları qanunla müəyyən olmuş qaydalara müvafiq olaraq izah etsin.

VI FƏSİL

Roberta gölün sularına qərq olub boğulduğu, Klayd isə üzüb sahilə çıxaraq, paltarını dəyişdirdiyi və gəlib Şeyrona çıxdığı, sonra isə Krenstonların yay malikanəsinə pənah gətirdiyi zamandan bəri, o, demək olar ki, tam ruhi xəstəliyə tutulmuşdu və həm çaşqınlıq, həm qorxu içərisində Robertanın vaxtsız həlak olmasında özünün müqəssir olub-olmadığını heç cur anlaya bimirdi. Eyni zamanda Klayd çox aydın başa düşürdü: əgər o hadisədən sonra onun nə cür hərəkət etdiyini təsadüfən görən olsa, yəni onun şimala doğru, Biq Bitern mehmanxanasına gedib, guya qəfildən baş verən bu fəlakəti xəbər vermək əvəzinə, gizli olaraq üz tutub, cənuba getdiyini görən olsa, onun bu hərəkətini o qədər rəzil və qəddar bir şey hesab edəcəklər ki, hər kəs möhkəm bir qənaətlə onu bu qətldə ittiham edə biləcək. Bu fikir Klayda əzab verirdi, çunki indi ona elə gəlirdi ki, o, doğrudan da, bu ölümdə müqəssir deyildir – axı, son dəqiqə onun ruhunda bir dönüş baş vermişdi.

Lakin o geri qayıdıb, baş verən hadisə haqqında xəbər verməmişdi, indi buna kim inanacaqdı? İndi isə geri qayıtmaq mümkün deyildi. Əgər Sondra onun fabrikdə işləyən bir qızla bərabər bu göldə gəzdiyindən və həmin qızı mehmanxanada öz arvadı kimi qeyd etdirdiyindən xəbər tutsa… Aman, allah!

Sonra bunların hamısını əmisinə və yaxud o soyuqqanlı, qəddar Gilbertə… həmçinin Likurqdakı o şıq və həyasız gənclərə izah etmək?.. Yox, yox! Bu qədər irəli getdikdən sonra, o artıq geri çəkilə bilməz. Əks təqdirdə onu bir fəlakət.. bəlkə də ölüm gözləyir. O, mümkün olduğu qədər bu dəhşətli vəziyyətdən istifadə etməlidir, – bu cür qəribə və sanki özünə bəraət qazandıran bir nəticəyə gətirib çıxarmış niyyətindən istifadə etməlidir.

Lakin bu meşələr! Hər tərəfi bürüyən bu qaranlıq gecə! Dəhşətli bir təklik hissi və hər yerdə, hər bir şeydə hiss edilən təhlükə! İndi bir adam ona rast gəlsə, o nə etməli, nə deməlidir? Klayd tam bir çaşqınlıq içərisində idi, ruhi və əsəbləri elə bir halda idi ki, dəli olmaq dərəcəsinə gəlirdi. Ayağı altında bir çırpı sınıb xışıldasa idi, – dovşan kimi başını götürüb qaçmağa hazır idi.

Belə bir vəziyyətdə o, qaranlığın düşməsini gözlədi və meşənin içərisinə girdi, lakin əvvəlcə öz çamadanını tapıb, kostyumunu dəyişdi, yaş paltarının suyunu sıxıb, bir az qurutmağa cəhd etdi, sonra paltarını çamadana qoyub quru ağac şaxələri və yarpaq sərdi, sonra fotoaparatının ştativini yerə yıxılmış bir ağacın gövdəsi altında gizlətdi. İndi o, getdikcə daha artıq bir inadla öz qəribə və qorxulu vəziyyəti haqqında düşünürdü. Bəlkə həmin dəqiqədə, yəni o, Robertanı bilmədən vurduğu, hər ikisinin suya yıxıldığı və Roberta o cür kəskin və şikayətli bir ifadə ilə qışqırdığı zaman sahildə bir adam var imiş? Əgər bir nəfər… məsələn, gündüz onun burada gördüyü o sağlam və qüvvətli oğlanlardan biri bu səhnəni görmüş olsa… kim bilir, bəlkə elə indi kim isə haray salır, – onda elə bu gecə onlarla adam onu təqib etməyə başlayacaqdır. Onlar Klaydı tutacaqlar və heç kəs inanmayacaqdır ki, o, Robertanı özü bilmədən, təsadüfən vurmuşdur! Hətta qanuni məhkəməni gözləmədən onu daşqalaq edə bilərlər! Bu mümkündür. Belə şeylər olmuşdur. Onun boynuna ip salıb, ağacdan asa bilərlər. Yaxud elə buradaca, meşədə onu bir ağaca söykəyib güllələyə bilərlər. Hətta bütün bu hadisənin nə cür baş verdiyini… Robertanın uzun müddət onu təqib etdiyini, ona əzab verdiyini açıb söyləməsinə belə macal verməzlər! Heç kəs, heç vaxt bu məsələni başa düşə bilməyəcəkdir!

Klayd bunu düşünərək, getdikcə daha artıq bir sürətlə meşə içərisində uzaqlaşır, – hər tərəfdən yolunu kəsən möhkəm və tikanlı cavan ağacların, həmçinin ayaqları altında dəhşətli bir səslə xışıldayan quru şaxələrin imkan verdiyi dərəcədə addımlarının surətini artırır, – və eyni zamanda öz-özünə qane etməyə çalışırdı ki, üçüncü mil Buxtasına gedən yol sağ tərəfdədir, ay isə üfüqdə sol tərəfdən çıxacaqdır.

Lakin, ilahi, görəsən bu nədir?

Nə qədər dəhşətli səsdir!

Elə bil, zülmət içərisində bir ruh şikayətlə bəd bir xəbər verərək, inləyir, fəryad edir!

Budur, yenə o səs!

Görəsən bu nədir?

Klayd çamadanı əlindən yerə saldı, onun bütün bədənini soyuq tər basdı, o, yerə oturdu və duyduğu qorxu içərisində uca, şax-budaqlı bir ağacın böyrünə qısılaraq donmuş və hərəkətsiz bir halda dayandı:

Nə qədər dəhşətli bir çığırtıdır!

Ah, bu ki, bayquşdur! O, bir neçə həftə əvvəl, Krenstonların yay malikanəsində olarkən, bu quşun çığırtısını eşitmişdi. Lakin burada! Bu qalın meşədə! Bu zülmət içərisində!… Getmək lazımdır. Bu meşədən mümkün qədər tez çıxmaq lazımdır, bu aydın məsələdir. Bu dəhşətli, bu qorxunc fikirləri başından qovmalıdır, əks təqdirdə onda heç bir qüvvə və mətanət qalmayacaqdır.

Lakin Robertanın baxışları! O son yalvaran baxışı! Aman Allah! Onun gözləri indi də Klaydın qarşısındadır. Hələ o dəhşətli, sonsuz bir ümidsizliklə dolu fəryad! Yoxsa bu fəryad daima onun qulağında səslənəcəkdir… Buradan, bu meşədən çıxana qədər ona rahatlıq verməyəcəkdir?

Görəsən o, Robertanı vurarkən, qız bu zərbənin təsadüfi olduğunu… bunun yalnız bir qəzəb və etiraz anında baş verən bir hərəkət olduğunu başa düşdümü? İndi Roberta harada olursa-olsun, gölün dibində, yaxud, bəlkə də burada, bu qaranlıq meşədə, onun yanında, fərqi yoxdur, harada olursa-olsun, görəsən o bunu bilirmi? Robertanın kabusu!.. Yox, buradan tez qaçıb uzaqlaşmaq… baş götürüb getmək lazımdır! Belə lazımdır… lakin bununla belə… Burada, bu qalın, uzaq meşə içərisində, o, təhlükədən uzaqdadır. O özünü ələ almalıdır, böyük yola çıxmaq lazım deyildir. Orada yol ötən, gəlib-gedən ola bilər. Orada, bəlkə onu axtaran adamlar var!.. Görəsən, insanların öləndən sonra da yaşadıqları doğrudurmu? Xəyal və ruhlar aləmi mövcuddurmu? Onlar bütün həqiqəti bilirlərmi? Əgər belə isə onda Roberta da bilir… belə olduqda, Roberta onun əvvəlki niyyətlərindən xəbər tutmuşdur. İndi Roberta onun haqqında nə düşünəcəkdir? Bəlkə elə bu saat Roberta amansız məzəmməti ilə, öz səhv ittihamı ilə onu təqib etməkdədir? Bəli, səhv ittihamı ilə, – amma, digər tərəfdən, əvvəllər o, qızı doğrudan da öldürmək istəyirdi. O, belə bir fikri başında gəzdirirdi! Onun belə bir niyyəti var idi! Bu isə, əlbəttə, böyük bir günahdır. Doğrudur, o, Robertanı öldürməmişdir, lakin nə isə onun əvəzinə bu işi görmüşdür. Bütün bunlar həqiqətdir.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)