
Полная версия:
Amerika faciəsi
Klaydı ata-anası ilə əlaqədar olaraq dərindən maraqlandıran yalnız bir şey vardı: onun anladığına görə, hardasa Şərqdə – Dikurq adlı kiçik bir şəhərdə, Utikin yanında onun tamamilə başqa cür həyat sürən bir əmisi vardı. Bu əmi – onun adı Semyuel Qrifits idi – zəngin bir adam idi. Ata-anasının söhbəti əsasında bəzən ağızlarından qaçırdıqları sözlərdən Klayd başa düşmüşdü ki, əgər əmisi istəsəydi, onun üçün çox şey edə bilərdi, guya o xəsis, lakin məharətli və diribaş bir iş adamıdır, Likurq şəhərində zinətli bir evi və azı üç yüz fəhlə işləyən böyük tikiş fabriki vardır, bundan başqa əmisinin, demək olar ki, Klaydla yaşıd olan bir oğlu və deyəsən, iki qızı vardır. Klayd öz təsəvvüründə, onların uzaq Likurq şəhərində necə cah-calal içərisində yaşadıqlarını canlandırırdı. Klaydın əmisi haqqında xəbərlər, görünür, Eysanı, onun qardaşını və onların atalarını tanıyan adamlar vasitəsi ilə bu və ya digər yolla gedib qərbə çatırdı. Klayd əmisini orada – Şərqdə firavanlıq və cah-calal içərisində yaşayan bir Krez kimi təsəvvür edirdi, burada – Qərbdə, Kanzas-Siti şəhərində isə o, ata-anası, qardaş və bacıları ilə ac-yalavac yaşayırdı: onların əbədi qisməti miskin və ağır bir ehtiyac olmuşdu.
Lakin Klayd çox tez başa düşmüşdü ki, o öz-özünə kömək etməsə, artıq heç bir şey onun imdadına çatmayacaqdır. On beş yaşında ikən və hətta daha əvvəllər Klayd görürdü ki, ata-anası, təəssüflər olsun ki, onun bacılarının və qardaşlarının tərbiyəsinə çox qayğısız yanaşmışlar. İndi Klayda itirdiklərinin əvəzini çıxmaq çox çətin olacaqdı, çünki hətta daha çox varlı olan ailələrdə belə uşaqları bu və ya başqa peşəyə öyrətmək üçün xüsusi oxudurlar. Belə bir şəraitdə o nədən başlaya bilərdi? On üç yaşından etibarən o, qəzetlərə göz gəzdirməyə başlamış (qəzetlər həddindən artıq “dünyəvi” bir mahiyyət daşıdığı üçün Qrifitslərin evində qəzet oxunmazdı) və bu qəzetlərdəki elanlardan öyrənmişdi ki, hər yerdə ya yaxşı ixtisaslı işçilər, yaxud indi onu maraqlandırmayan ixtisaslara təhsil almaq üçün oğlan uşaqları tələb olunur. Həyata tipik amerikalı kimi baxan hər bir gənc amerikalı kimi Klayd da sadə fiziki əməyi öz ləyaqətinə yaraşdırmırdı. Onun tay-tuşu olan digər oğlan uşaqları, klerk, əczaçı köməkçisi və yaxud banklarda və müxtəlif kontrollarda mühasib və hesabdar olduqları halda, necə ola bilərdi ki, o dəzgah dalında durub işləyəydi, yaxud kərpic düzəydi və ya dülgər, malakeş və yaxud su kəməri ustası olaydı! Yox, belə miskin və zəlil bir həyat onun indiyə qədər sürdüyü həyatdan heç də fərqli olmayacaqdı: belə olduqda o köhnə paltarda gəzəcək, səhər lap tezdən ayağa qalxacaq və ömrünü fiziki əmək adamlarının gördükləri o can sıxıcı işlə başa vuracaqdı.
Bəli, Klayd kasıb olduğu qədər də şöhrətpərəst və məğrur idi. O, özlərini başqalarına tay tutmayan, özlərini xüsusi bir xilqət hesab edən adamlardan idi. O heç vaxt tamamilə öz ailəsinə qaynayıb-qarışmırdı və dünyaya gəldiyi üçün kimlərə isə borclu olduğunu dərk edə bilmirdi. Əksinə, o ata-anasını öz aləmində mühakimə etməyə meyil göstərirdi – onların keyfiyyət və qabiliyyətini tamamilə nəzərə alaraq çox da kəskin və sərt olmasa da, yenə də mühakimə edirdi. Lakin başqalarını mühakimə etməyi bacaran Klayd on altı yaşınadək özü üçün heç bir hərəkət planı tərtib edə bilmədi. Onun başından yalnız cürbəcür, bir-birinə zidd fikirlər gəlib keçirdi.
Bu zaman artıq onun varlığında mənsub olduğu cinsin səsi baş qaldırdı: qızların gözəlliyi onu cəzb edir və həyəcanlandırırdı və o, qızların xoşuna gəlib-gəlmədiyini bilmək istəyirdi. Təbiidir ki, bununla əlaqədar olaraq o, öz zahiri ilə, kostyumu ilə az məşğul olmurdu: Klayd özünü və öz görkəmini digər gənclər ilə müqayisə edirdi. O, pis geyindiyini, kifayət qədər qəşəng və gözəl olmadığını düşünüb iztirab çəkirdi. Anadan kasıb doğulmaq, heç bir yandan kömək gözləməmək və özündə də özünə kömək üçün heç bir iqtidar görməmək nə qədər amansız bir bədbəxtlikdir!
Klayd qabağına gələn bütün aynalarda özünə tamaşa edərək belə bir əqidəyə gəldi ki, heç də eybəcər adam deyildir: onun yaxşı quruluşu olan burnu, uca ağ alnı, işıldayan dalğalı qara saçları və bəzən kədərli görünən qara gözləri vardı. Lakin ailəsinin bu cür miskin vəziyyətdə olması, ata-anasının seçdiyi peşə və əlaqələri ucbatından heç vaxt həqiqi dostları olmadığı fikri onun ürəyini getdikcə daha artıq üzür və onda bir məyusluq yaradırdı ki, bu da gələcəkdə ona heç bir yaxşı şey vəd etmirdi. Bəzən o, üsyan etmək istəyir, sonra isə birdən-birə yorulur və taqətsiz bir hala düşürdü. Ata-anası haqqında fikirlər Klaydı o qədər məşğul edirdi ki, o, öz zahiri görünüşünü yadından çıxarırdı – həqiqətdə isə o heç də pis deyildi və diqqəti cəlb edən bir gənc idi – buna görə də tamamilə başqa təbəqələrə mənsub olan qızlar özlərinin ona xoş gəlib-gəlmədiklərini, onun cəsarətli və ya qorxaq olduğunu bilməyə çalışaraq zahirən etinasız və eyni zamanda qəmzəli baxışları ilə onu süzdükləri zaman Klayd bu baxışları heç vaxt öz xeyrinə yozmurdu.
Buna baxmayaraq, o hələ özü heç bir şey qazanmadığı zamanlar belə həmişə gününü xəyal və arzular içərisində keçirirdi: ah, kaş onun da bəzi gənclər kimi yaxşı yaxalığı, nazik parçadan köynəyi, zərif ayaqqabısı, yaxşı tikilmiş kostyumu, gözəl paltosu olaydı! Ah, gözəl paltarlar, rahat və zinətli mənzillər, qol saatları, üzüklər, qızıl sancaqlar… onun ətrafında bununla lovğalanan nə qədər gənc var idi! Onunla yaşıd olan oğlanların çoxu, artıq özlərini həqiqi bir dendi kimi aparırdılar. Bəzi ata-analar onunla yaşıd olan oğullarına avtomobil alıb bağışlayırdılar. Klayd bu gənclərin Kanzas-Sitinin baş küçələrində milçək kimi o tərəf-bu tərəfə uçduqlarını görürdü. Onların yanında həmişə qəşəng qızlar da olurdu. Onun isə heç bir şeyi yox idi.
Lakin həyatda yüksəlmək üçün nə qədər çoxlu imkan var, onun ətrafında nə qədər firavan yaşayan xoşbəxt insanlar var. İndi o, nədən başlamalıdır, nəyə əl atmalıdır? Özünə nə cür yol seçməlidir? Hansı iş, hansı sənət onun irəli getməsinə, yüksəlməsinə kömək edə bilər? O cavab tapa bilmirdi. O nə edəcəyini bilmirdi. Onun ata-anası olan bu qəribə adamlar isə kifayət qədər məlumatlı və bilikli olmadıqlarından ona heç bir məsləhət verə bilmirdilər.
III FƏSİL
Bir hadisə Qrifits ailəsinə son dərcə ağır təsir göstərərək Klaydı məhz o əməli bir qərara gəlmək istədiyi zaman daha da pərişan etdi: onun bacısı Esta (Klayd ilə bacısı arasında xasiyyətcə ümumi cəhətlər az olduğuna baxmayaraq, o, bacısına son dərəcə bağlı idi) yerli teatra, qastrola gələn və ötərgi bir hiss ilə Estaya bənd olan bir aktyora qoşulub evdən qaçdı.
Demək lazımdır ki, Esta ciddi əxlaqi tərbiyə və bəzən hətta dini vəcdə qapıldığına baxmayaraq, nə istədiyini özü də bilməyən, öz hisslərinin əsiri olan zəif iradəli bir qız idi. Estanı əhatə edən mühit ona tamamilə yad mühit idi. Adamların dinə yalnız sözlə riayət edən böyük əksəriyyəti kimi Esta özü belə hiss etmədən lap uşaqlıqdan dinin bütün ehkamlarını əzbərləmiş, lakin hər gün təkrar edilən bu sözlərin mənasını bu günə qədər başa düşməmişdi. Ata-anasının öyüd-nəsihətləri, qanun və “dini ehkamlar” onu müstəqil düşünmək zərurətindən azad edirdi və digər nəzəriyyələr, digər mülahizələr, xarici və daxili təkanlar, bütün bunlarla üz-üzə gəlib toqquşana kimi Esta kifayət qədər möhkəm müdafiə altında idi. Lakin əvvəlcədən demək olardı ki, belə bir toqquşma baş verən kimi, onun öz daxili əqidəsinə əsaslanmayan və onun xasiyyətindən nəşət etməyən bu dini etiqadlar ilk zərbəyə belə davam gətirə bilməyəcəkdir. Qardaşı Klayd kimi Estanın da fikri və hissləri, dini cəfakeşlik və fədakarlıq ideyaları ilə heç uyuşa bilməyən eşq və məhəbbət, xoş və yüngül həyat ətrafında dolaşırdı. Onun bütün daxili aləmi, bütün arzuları dinin bu tələblərinə zidd idi.
Lakin Estada Klaydın təbiətinə xas olan qüvvət və müqavimət göstərmək qabiliyyəti yox idi. Esta passiv təbiətə malik bir qız idi, onu yalnız dumanlı bir sürətlə qəşəng paltarlar, şlyapalar, tuflilər, lentlər və bu qəbildən digər şeylər cəzb edir, dini etiqadlar isə ona belə şeyləri arzulamağı yasaq edirdi. Səhərlər və gündüzlər dərsdən sonra, yaxud axşamlar Esta uzun və gurultulu küçələrdən keçib gəlirdi. Qol-qola gəzən və gizli sirlərini bir-birinə söyləyən qızlar onun xoşuna gəlirdi, gənc oğlanlar da onun xoşuna gəlirdi, bu gənclərin dəcəlliyi və əyləncəli nadincliyi gənc bir məxluqun fikir və hərəkətləri altında gizlənmiş sövqi-təbiidən xəbər verir, özünə tay axtarıb tapmaq istəyən inadlı bir sövqi-təbii hissinin qüvvətini büruzə verirdi. Esta bəzən tin başında və yaxud qapı ağzında cüt-cüt dayanmış aşiqləri gördükdə və yaxud macəra axtaran birisinin ehtiraslı və sınayıcı baxışlarına rast gəldikdə, onun öz varlığında bütün gözlə görünən və cismən hiss edilən, göylərin vəd etdiyi qeyri-cismani şeylərdən tamamilə uzaq olan həyati sevinclər üçün tutqun bir həyəcan və əsəbi bir titrəyiş baş qaldırırdı.
Gənclərin baxışları isə gözə görünməyən şüalar kimi onun bütün varlığına nüfuz edirdi, çünki o, yaraşıqlı bir qız idi və gündən-günə daha da cəlbedici olurdu. Gənclərin əhvali-ruhiyyəsi onun qəlbində öz əks sədasını tapır və onun daxilində dünyadakı bütün əxlaqlı və əxlaqsız hərəkətlərin əsasını təşkil edən dəyişdirici kimyəvi reaksiyalar doğururdu.
Bir dəfə o, məktəbdən evə qayıdarkən, şıq görkəmli bir gənc onunla danışmağa başladı, sanki Esta bütün görkəmi ilə o gənci belə bir hərəkət etməyə dəvət edirdi. Estanı bu hərəkətdən saxlaya biləcək qüvvələr çox zəif idi. Çünki o, ehtiraslı olmasa da, tez güzəştə gedən bir qüvvətə malik idi. Bununla belə evdə ona ismətini qoruması üçün, təmkinli və məsum olması üçün, elə bir ciddi tərbiyə verilmişdi ki, hər halda o, indi o saat günah işləmək təhlükəsindən uzaq idi. Lakin bu birinci hücumdan sonra digər hücumlar başlandıqda Esta artıq ona göstərilən bu nəvazişləri qəbul edir və yaxud əvvəllərdə olduğu kimi tez qaçıb getmirdi, beləliklə, aldığı tərbiyənin onunla həyat sevincləri arasında yüksəltdiyi təmkinlik hasarı yavaş-yavaş uçub dağılmağa başladı. Esta yavaş-yavaş sirlərini ürəyində saxlamağa və sərgüzəştlərini ata-anasından gizlətməyə başladı.
Bəzən elə olurdu ki, gənclər onun etirazlarına qulaq asmayaraq Estanı evlərinə qədər ötürür, onunla söhbətə girişirdilər. Bu gənclər onları özündən rədd etmək üçün əvvəllər Estaya kömək edən həddindən artıq qorxaqlığa, ürkəkliyə qələbə çaldılar. Esta yeni görüşlər arzulamağa, gözəl, qayğısız, sevincli bir məhəbbətin həsrətini çəkməyə başladı.
Beləliklə, bu arzular onun üzərində yavaş-yavaş, lakin qarşısıalınmaz bir şiddətlə, getdikcə dərindən kök salmağa başladı və axırda da bu aktyor meydana çıxdı, bu aktyor isə şöhrət düşkünü, yaraşıqlı və qaba kişilərdən biri idi ki, belələri yalnız yaxşı geyinməyi bacarır, zahirən gözləri qamaşdırır, lakin heç bir əxlaqa, zövqə, nəzakətə heç olmasa, həqiqi bir şəfqət hissinə belə malik olmurlar, lakin bu aktyor bir kişi kimi cazibədar idi və buna görə də bir neçə görüşdən sonra bircə həftənin içərisində Estanı elə sərməst etdi ki, qız tamamilə aktyorun iradəsinə tabe oldu. Aktyor isə əslində, Estaya qarşı, demək olar ki, laqeyd idi. Bu bayağı adam üçün Esta sadəcə bir neçə incə sözlə yoldan çıxarılması mümkün olan bir çox yaraşıqlı, hissiyyatsız, təcrübəsiz, yelbeyin qızlardan biri idi, bunun üçün yalnız aşiq donuna girmək, yağlı dil tökmək, evləndikdən sonra xoşbəxt, firavan bir həyat sürəcəklərini və müxtəlif yerlərə səyahət edəcəklərini vəd etmək kifayət idi.
Lakin eyni sözləri həmişə sadiq qalan həqiqi bir aşiq də deyə bilərdi. Aktyor isə Estanı inandırmağa çalışdı ki, o ancaq hər şeyi buraxıb onunla getməli və yubanmadan dərhal onun arvadı olmalıdır. Aktyor qızı dilə tuturdu: bir-biri üçün yaradılmış iki adam bir-birinə rast gələrkən işi uzatmağın nə mənası var? Burada, bu şəhərdə onların evlənmələri üçün maneçilik törədən əngəllər vardır – o, bu maneçiliklərin məhz nədən ibarət olduğunu izah edə bilmir, bu məsələ onun dostları ilə əlaqədardır; lakin Sent-Luisdə onun keşiş bir dostu vardır – bu keşiş onların kəbinini kəsə bilər. Estanın hələ heç vaxt görmədiyi yeni, qəşəng paltarlara sahib olacaq, xoş macəralar və məhəbbət görəcəkdir. Esta onunla bərabər səyahətə çıxacaq və bu böyük dünyanı gəzəcəkdir. Estanın heç bir qayğı və nigarançılığı olmayacaq, o yalnız öz ərinin qayğısını çəkəcəkdir… Esta üçün bütün bunlar həqiqi bir ehtirasın sözlə ifadəsi idi və bu sözlər ona bir həqiqət kimi görünürdü, aktyor üçün isə bu sözlər qızları yoldan çıxarmaq üçün işlətdiyi köhnə və əlverişli bir üsul idi ki, o əvvəllər də bundan müvəffəqiyyətlə istifadə etmişdi.
Buna görə də gah səhər, gah gündüz, gah da axşamlar fürsət tapıb görüşdükləri bu bir həftə ərzində çox da böyük məharət tələb etməyən bu cadugərlik müvəffəqiyyətlə başa çatdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов