скачать книгу бесплатно
Subay zadəgan
Artur Konan Doyl
“Şerlok Holms” seriyasına daxil olan “Subay zadəgan” kitabında məşhur xəfiyyə öz dostu doktor Vatson ilə bir-birindən müəmmalı hadisələrin izinə düşür, qorxulu cinayətkarlarla mübarizə aparır, xeyrin şər, haqqın nahaq üzərində qələbəsini təmin etməyə çalışır. Ölüm qorxusu belə qəhrəmanımızı yolundan döndərə bilmir. Bəs Şerlok Holms budəfəki macəralarında uğur qazana biləcəkmi?
Artur Konan Doyl
SUBAY ZADƏGAN
hekayələr
MÜNDƏRİCAT
Mühəndisin baş barmağı............................................................
Subay zadəgan............................................................................
Visteria qəsri................................................................................
Qırmızı çevrə...............................................................................
MÜHƏNDİSİN
BAŞ BARMAĞI
Yoldaşlığımız boyunca həll etməsi üçün dostum Şerlok Holmsa yönəldilən o qədər problemin arasında, mənim tərəfindən ona təqdim edilən yalnız iki hadisə oldu – birincisi cənab Haserleyin baş barmağı ilə bağlı olan, o biri də Polkovnik Varburtonun dəliliyilə bağlı olan. İkinci hadisə diqqətli və xüsusi qabiliyyətlərə sahib bir araşdırmaçı üçün daha maraqlı ola bilər, amma digəri, əvvəldən qəribə, detallarıyla elə dramatik idi ki xüsusilə bu hadisənin qələmə alınmasının daha mənalı olacağını düşünürəm. Hərçənd bu hadisədə, dostum o inanılmaz nəticəyə çatmasını təmin edən özünəxas üsullarını istifadə etməsinə çox gərək duymadı. Hekayə, bildiyim qədəriylə, qəzetlərdə də yayılmışdı, amma eynilə şərhlərdə olduğu kimi, yarım sütunda verilən bir xəbərin təsiri çox az olur; hələ hadisələrin tək-tək gözünüzün qarşısında inkişafını, sirrin pillə-pillə həllini görməklə müqayisə edəcək olsaq, hər şey aydın olar. Yaşandığı zaman, içində olduğumuz vəziyyət mənə çox təsir etmişdi və aradan iki il keçməsinə baxmayaraq bu təsirin azaldığını deyə bilmərəm.
İndi danışacağım hadisə, 89-cu ilin yazında, evləndikdən dərhal sonra baş verdi. Həkimliyə geri dönüb, Beyker küçəsindəki mənzildən ayrılmışdım. Amma tez-tez gedib gəlir və bohem vərdişlərindən imtina edib heç olmasa bizi ziyarətə gəlməsi üçün arada bir Holmsı təşviq etməyə çalışırdım. İşim durmadan artırdı. Paddinqton stansiyasına çox yaxın olduğum üçün, fəhlələr arasından da xəstələr gəlməyə başlamışdı. İztirab dolu, xronik bir xəstəliyin pəncəsindən qurtardığım xəstələrimdən biri, hər fürsətdə qabiliyyətlərimi tərifləyir və təsir edə bildiyi hər xəstəni mənə göndərirdi. Bir səhər, saat yeddi olmamış, Paddinqtondan iki adamın gəldiyini və gözləmə otağında məni gözlədiklərini söyləyən xidmətçimiz tərəfindən oyandırıldım. Dəmir yolunda baş verən qəzalarının vacibliyini bildiyim üçün tez geyindim və aşağıya qaçdım. Aşağıya enərkən, köhnə tanışım olan gözətçi, otaqdan çıxıb qapını arxasından möhkəmcə bağladı. Çiyninin üzərindən qapını işarə edərək pıçıldadı:
– Onu gətirmişəm. Amma narahat olma, vəziyyəti yaxşıdır.
– Yaxşı, nə olub? – deyə soruşdum, çünki otağıma qəribə bir varlığı sıxışdırmış kimi davranırdı.
– Yeni xəstədir, – deyə pıçıldadı. Ən yaxşısı onu özüm gətirim dedim, beləcə qaçmağa fürsəti olmazdı. Artıq sağ-salamat buradadır. Nəysə, indi getməliyəm həkim, bilirsən mənim də sənin kimi bəzi vəzifələrim var, – dedi göz vuraraq.
Sonra dərhal getdi… Təşəkkür belə edə bilməmişdim.
Qəbul otağıma daxil oldum. Masada, sadə geyimli bir cənab əyləşmişdi. Əlinə hər tərəfi qan ləkələri ilə dolu bir dəsmal sarımışdı. Gənc idi – yaşı iyirmi beşdən çox ola bilməzdi – və güclü, kişiyə xas üz xətləri vardı; amma inanılmaz solğun görünürdü və çətinliklə idarə etdiyi bir qorxu içindəymiş kimi davranırdı.
– Sizi bu qədər erkən narahat etdiyim üçün təəssüf edirəm həkim, – dedi. Amma gecə çox ciddi qəzaya düşmüşəm. Səhər qatarıyla gəldim və Paddinqton stansiyasında, bir həkimi necə tapa biləcəyimi soruşar-soruşmaz xeyirxah biri məni bura gətirərək, nəzakət göstərdi. Xidmətçinizə bir kart vermişdim, amma görürəm ki, onu masanın üzərində unudub.
Kartı götürüb baxdım. “Cənab Viktor Haserley, hidravlika mühəndisi, 16 A, Viktoria küç. (3-cü mərtəbə)
Səhər gəlmiş qonağımızın adı və ünvanı belə idi.
– Sizi gözlətdiyim üçün təəssüf edirəm, yəqin ki, darıxmısınız, – dedim kürsüyə oturaraq.
– Anladığım qədəriylə gecə səfərindən yeni gəlmisiniz, bu özü belə kifayət qədər darıxdırıcıdır.
– Xeyr, gecəm çox darıxdırıcı sayılmaz, – dedi və gülməyə başladı. Arxasına söykənmiş, silkələnə-silkələnə yüksək səslə gülürdü. Bütün tibbi təcrübələrim mənə bu gülüşün pisə bir işarə olduğunu hiss etdirdi.
– Sakit ol! – deyə qışqırdım. – Özünə gəl! – Dərhal bir stəkan su verdim. Xeyri yox idi; gülüş krizinə tutulmuşdu. Güclü təbiətli insanların böyük bir təhlükə sovuşdurduqdan sonra rastlaşdıqları bir kriz idi. Nəhayət, özünə gəldi. Bət-bənizi ağarmışdı və yorğun görünürdü.
– Özümü axmaq vəziyyətinə qoydum, – dedi.
– Xeyr, heç də deyil. Gəl bunu unudaq.
İçinə bir az brendi də qatdığım suyu içdikdən sonra qansız yanaqlarına bir az rəng gəldi.
– Oh, baxın bu əla oldu! – dedi.
– İndi həkim, görəsən, baş barmağımla, daha doğrusu, baş barmağımın olması lazım olan yerə baxa bilərsinizmi? Dəsmalı açıb əlini uzatdı. Sinirlərim möhkəm olmasına baxmayaraq mən belə gördüyüm mənzərə qarşısında ürpəşdim. Barmaq, kökündən kəsilmişdi.
– Aman Tanrım! – deyə qışqırdım. Qorxunc bir yaradır bu. Ciddi qanaxma olub, deyəsən.
– Bəli, həddindən artıq. Kəsiləndə huşumu itirdim və məncə uzun müddət də huşsuz qalmışam. Özümə gəldiyimdə hələ ağrı var idi. Bundan sonra biləyimin ətrafına dəsmalımın bir küncünü möhkəmcə sarıdım və bir taxtayla söykəndim.
– Bir sözlə mükəmməl! Operator olmalı idiniz.
– Əslində, hidravlik bir vəziyyətdir, bu da bildiyiniz kimi ixtisas sahəmdir.
Yaranı araşdırdım və diaqnozu qoydum: Bu çox ağır və iti bir şeylə edilib.
– Çapacaq kimi bir şey idi, – dedi.
– Bir qəza idi hər halda?
– Xeyr, qətiyyən.
– Necə? Bir hücum idi?
– Qətiyyən.
– Məni qorxudursunuz.
Yaranı təmizlədim və sarğı bezi ilə bağladım. Arada sırada dodağını dişlədisə də əməliyyat boyunca səsini çıxartmadan oturdu. İşimi bitirib – indi necəsiniz, – deyə soruşdum.
– Möcüzə! Brendiniz və sarğınız sayəsində yenidən doğulmuş kimiyəm. Çox halsız düşmüşdüm, amma həqiqətən də yorucu bir gecə idi.
– Bir müddət danışmasanız daha yaxşı olar. Aydındır ki sinirləriniz pozulub.
– Yox, yox, artıq yaxşıyam. Hekayəmi onsuz da polisə danışmaq məcburiyyətində qalacağam, amma aramızda qalsın, bu yaram olmasa mənə inanacaqlarını düşünmürəm, çünki başıma gələnlər fövqəladə şeylərdir. Üstəlik danışdıqlarımı əsaslandıra bilmək üçün dəlilim də yoxdur. Mənə inanacaq olsalar belə onlara təqdim edə biləcəyim ipucları o qədər azdır ki, ədalətin yerini tapma ehtimalı azdır.
– Aha, – deyə qışqırdım. – Həll edilməsini istədiyiniz bir problem varsa, polisə getmədən əvvəl dostum Şerlok Holmsa müraciət etməyinizi təklif edərəm.
– Onun adını daha əvvəldən eşitmişdim, – dedi qonağım. Hadisəyə diqqət ayırsa çox sevinərdim. Təbii ki, polisə də getməyim lazım olacaq, amma əvvəl dostunuza müraciət etsəm yaxşı olar; oraya necə gedəcəyimi izah edərsinizmi?”
– Daha yaxşısını da edərəm; sizi onun yanına özüm apararam.
– Sizə, həqiqətən, minnətdar olaram.
– Bir araba çağırıb birlikdə gedərik. Vaxtında getsək birlikdə nahar da edə bilərik. Nə deyirsiniz?
– Onsuz da, hekayəmi danışana qədər özümü rahat hiss edə bilmərəm.
– Elə isə xidmətçimə söyləyim bir araba çağırsın. Mən dərhal qayıdıram.
Yuxarı qaçıb arvadıma vəziyyəti qısaca izah etdim; beş dəqiqə sonra Beyker küçəsinə doğru yola düşmüşdük. Şerlok Holmsu, tam təxmin etdiyim kimi, yüngül paltarda qonaq otağında oturmuş, “Times”dakı şəxsi elanlar sütununu oxuyarkən gördük. Bir gün əvvəldən qalma, buxarısının üzərində diqqətlicə qurutmuş olduğu tütün qırıntılarından ibarət səhər yeməyi öncəsi tənbəkisini tüstülətdirirdi. Bizi hər zamankı sakit ovqatı ilə qarşıladı, üçümüzə nahar söylədi və birlikdə mükəmməl səhər yeməyi yedik. Yeməyimiz bitəndən sonra qonağımızı kresloya dəvət etdi, başının arxasına yumşaq bir yastıq yerləşdirdi və dərhal yanına bir stəkan brendi və su qoydu.
– Başınıza gələn hadisə hər nədirsə, cənab Haserley, adi bir şey olmadığını görə bilirəm, – deyə sözə başladı. Xahiş edirəm uzanın və özünüzü evinizdəki kimi hiss edin. Bizə danışa biləcəyiniz hər şeyi danışın; yorulanda dayanıb gücünüzü toplamaq üçün bir neçə qurtum su içməyi unutmayın.
– Təşəkkür edirəm, amma həkim yaramı sarıyandan bəri özümü çox yaxşı hiss edirəm və sizin səhər yeməyiniz də müalicəni tamamladı məncə. Qiymətli vaxtınızı mümkün olduğu qədər az xərcləmək üçün yaşadıqlarımı danışmağa dərhal başlayacağam.
Mən tam qarşısında oturarkən, Holms, maraqlı və oyanıq şəxsiyyətini gizləyən o əldən düşmüş və yorğun halıyla böyük kreslosuna oturdu və birlikdə qonağımızın maraqlı hekayəsini dinləməyə başladıq.
– Londonda tək başına yaşayan yetim və subay adamam. Hidravlika mühəndisiyəm və tanınmış bir firma olan “Venner & Matheson”da yeddi il işləmişəm. İki il əvvəl, artıq vəzifəmi tamamlamış və yazıq atamın ölümüylə olduqca böyük məbləğdə pula da sahib olmuşkən, öz işimi qurmağa qərar verdim və Viktoria prospektində bir yer tutdum. Düşünürəm ki, öz işini qurmağa qərar verən hər kəs ilk təcrübələrin çətin olduğunu bilir. Mənim üçün də elə oldu. İki il boyunca üç görüşmə və kiçik bir işdən başqa bir şey edə bilmədim. Peşəmin mənə verdiyi tam olaraq bu qədər idi. Hər gün, səhər saat doqquzdan, günortadan sonra saat dördə qədər kiçik iş yerimdə oturub gözlədim. Təbii ki, sonunda ümidim tükəndi və əsla bacara bilməyəcəyimə inanmağa başladım. Nəysə, dünən ofisimi tərk etmək üzrəydim ki, katibəm otağıma girərək, çöldə mənimlə iş üçün görüşmək istəyən bir cənabın gözlədiyini söylədi. Üzərində “Polkovnik Lisander Stark” yazan bir kart gətirmişdi. Dərhal arxasınca polkovnikin özü də otağa girdi. Olduqca uzunboylu, amma inanılmaz dərəcədə arıq bir adam idi. Həyatım boyunca onun qədər zəif bir adam gördüyümü xatırlamıram. Çox iti burnu və çənəsi vardı və yanaqlarının dərisi, iti üz xətlərindən ötəri gərgin görünürdü. Yenə də sağlam görünürdü çünki gözləri parlaq, addımları sürətli və hərəkətləri enerji dolu idi. Sadə amma qəşəng geyimli idi və yaşı da təxminimə görə, qırxa yaxın idi.
– Cənab Haserley? – dedi, alman aksentinə bənzər bir aksentlə. Mənə tövsiyə edildiniz, cənab Hatherley. Sırf, peşəsini professionalca görən biri olaraq deyil; eyni zamanda ehtiyatlı və sirr saxlaya bilən biri olduğunuz üçün.
Belə bir iltifat qarşısında hər gənc adamın hiss edəcəyi kimi qürur duydum və ehtiramla əyildim.
– Məni belə gözəl təqdim edənin kim olduğunu soruşa bilərəmmi? – dedim.
– Bəlkə də sizə bunu bu an üçün söyləməsəm daha yaxşı olar. Eyni qaynaqdan öyrəndiyimə görə yetimsiniz, evli deyilsiniz və Londonda tək yaşayırsınız.
– Bütün bunlar doğrudur, – deyə cavab verdim. Marağımı bağışlayın, amma bunun peşə qabiliyyətlərimlə əlaqəsini anlaya bilmədim. Səhv anlamadımsa mənimlə iş görüşməsinə gəlmisiniz.
– Doğrudur. Söylədiyim hər şeyin əhəmiyyətini onsuz da görəcəksiniz. Sizin üçün bir işim var, amma gizlilik şərt… Anlayırsınız, tam gizlilik və bunu ailəsiylə yaşayan bir adamdansa tək yaşayan birindən gözləmək daha qəbul edilər bir şeydir.
– Sirr saxlayacağıma dair söz versəm, – dedim, – bunu yerinə yetirəcəyimi bilmənizi istəyirəm.
Danışdığım müddət ərzində mənə sərt-sərt baxdı. Daha əvvəl heç bu qədər şübhə dolu, sorğulayıcı bir baxış görməmişdim.
– Söz verirsinizmi elə isə? – dedi sonunda.
– Bəli verirəm.
– Əvvəlində və sonrasında tam və qəti bir səssizlik üçün eləmi? İşlə əlaqədar nə yazılı, nə də şifahi tək bir söhbət olmayacaq ki?
– Sizə söz verdim.
– Çox yaxşı. – Birdən ayağa qalxdı və ildırım sürətiylə otağının o biri tərəfinə qaçıb qapını açdı. Dəhliz boş idi. Geri döndü və:
– Bu da tamam. Bəzi katibələrin müdirlərinin işləri ilə bağlı nə qədər maraqlı olduğunu bilərəm. Artıq rahat-rahat danışa bilərik, – dedi. Kürsüsünü mənimkinin düz yanına çəkdi və təkrar mənə o şübhə dolu baxışlarını yönəltdi.
Adamın qəribə davranışları, içimdə qorxuya yaxın ikrah duyğusu oyandırmağa başlamışdı. Bir müştərini qaçırma qorxusu belə içimdəki narahatlığımı saxlamağıma çatmadı.
– Xahiş edirəm artıq görüş səbəbinizi söyləyin cənab, – dedim; “Zamanım qiymətlidir.” Son cümləmi deməmiş olmağı necə istəyərdim bir bilsəniz; amma, sözlər ağzımdan çıxmışdı.
– Bir gecəlik iş üçün min yüz şillinqə nə deyərsiniz?
– Çox gözəl.
– Bir gecəlik iş deyirəm, amma bir saat demək daha doğru olar. Sizdən istədiyim, xarab olan hidravlik bir təzyiq maşınına baxmağınızdır. Problemin harada olduğunu söyləsəniz gerisini özümüz də həll edə bilərik. Nə deyərsiniz?
– Asan bir iş kimi görünür. Üstəlik qazancı da əladır.
– Bəli elədir. Bu gecə son qatarla gəlmənizi istəyirik.
– Hara?
– Berkşirə, Eyforda. Oksfordşir sərhədinə yaxın kiçik bir yerdir. Paddinqtondan çıxan qatara minsəniz on ikiyə iyirmi dəqiqə işləmiş orada olarsınız.
– Razılaşdıq.
– Mən sizi orada bir araba ilə gözləyəcəyəm.
– Demək xeyli bir yol gedəcəyik, eləmi?
– Bəli, yerimiz qəsəbənin kənarındadır. Eyeford stansiyasından heç olmasa yeddi mil uzaqda.
– Elə isə gecə yarısından əvvəl oraya çatmamız o qədər də mümkün görünmür. Böyük ehtimalla bir qatar da tapa bilmərəm. Bu vəziyyətdə gecəni sizdə qalmaq məcburiyyətində olacağam.
– Bəli, sizə asanlıqla bir otaq ayıra bilərik.
– Bu olduqca qəribə bir vəziyyətdir, daha uyğun bir saatda gəlsəm, olmazmı?
– Gec gəlməyinizin ən yaxşı variant olacağı mövzusunda qərarlıyıq. Əslində işinin son ən yüksək zirvəsinə çatmış həmkarlarınıza ödənəcək bir miqdarı sizin kimi gənc və tanınmamış bir cənaba verməmizin səbəbi, bu vəziyyətə fikir verməməyiniz üçündür. Amma imtina etmək istəyirsinizsə, hələ heç bir şey üçün gec deyil.
Təklif etdiyi pulu və mənim üçün nə qədər faydalı olacağını düşündüm. – Xeyr imtina etmirəm, – dedim, istəklərinizi məmnuniyyətlə yerinə yetirəcəyəm. Amma məndən nə gözlədiyiniz mövzusunda bir az da məlumat almaq istəyərəm.
– Təbii ki, sizdən istədiyim gizlilik marağınızı oyandırmış olması çox təbiidir. Hər detalı təqdim etmədən sizdən bir şey tələb etmək istəmirəm. Axşam üstü kimsəni gözləmirsiniz deyilmi?
– Qətiyyən, gözləmirəm!
– Elə isə izah edim. Gilli torpağın nə qədər qiymətli olduğunu və İngiltərədə yalnız bir-iki yerdə olduğunu bilirsiniz hər halda.
– Eşitmişəm.
– Bir müddət əvvəl Ridinqə yaxın bir yerdə, kiçik, çox kiçik, bir yer almışam. Bəxtimdən ərazimdə gilli torpaq qaynağının olduğunu fərq etdim. Ancaq, etdiyim araşdırmada bu qaynağın olduqca kiçik olduğunu və sağında solunda olan çox böyük iki qaynağı birləşdirdiyini gördüm. Heyif ki, bu iki qaynaq, qonşularımın torpaqlarında idi. Bu yaxşı insanlar, az qala qızıl mədəni qədər qiymətli bu şeyin torpaqlarında olduğundan tamamilə xəbərsiz idi. Təbii olaraq, onlar gerçək dəyərini kəşf etmədən torpaqlarını satın almaq istədim, amma çox təəssüf ki, bunun üçün lazımi pulum yox idi. Nəysə, bir neçə dostuma sirrimi açdım və onlar da öz kiçik qaynağımızı gizlicə işlədərək, qonşuların ərazisini satın ala bilmək üçün lazım olan pulu qazana biləcəyimizi söylədilər. İndi bir müddətdən bəri bunu edirik və işlərimizdə bizə köməkçi olsun deyə hidravlik bir pres maşını qurmuşuq. Bu maşın, daha əvvəl də söylədiyim kimi, xarab oldu və indi sizin köməyinizə ehtiyac duyuruq. Sirrimizi diqqətlə qoruyuruq. Kiçik evimizə hidravlik mühəndislərinin girib çıxdığı öyrənilsə böyük bir maraq yaranacaq, hətta bir araşdırma belə başlaya bilər. Başa düşürsünüzmü, belə bir şey bütün planlarımızı pozar. Elə bunun üçün, bu gecə Eyforda getdiyinizi kimsəyə söyləməyəcəyinizə dair söz verməyinizi istədim. Kifayət qədər aydın oldumu?
– Sizi çox yaxşı anladım, – dedim. Anlaya bilmədiyim tək nöqtə, gilli torpağı çıxarmaq üçün hidravlik bir pres maşınına niyə ehtiyac duymağınızdır. Bildiyim qədəriylə bir çuxurdan çınqıl daşı çıxarmaq üçün necə kürək istifadə edilirsə, gilli torpaq üçün də eyni üsul istifadə edilir.
– Ah! – dedi qəti əhəmiyyət vermədən, biz öz üsullarımızdan istifadə edirik. Torpağı kiçik kərpiclər halına gətiririk, beləcə nə olduqlarını bildirmədən onları apara bilirik. Amma bu əhəmiyyətsiz bir detaldır. Sizə hər şeyi izah etdim cənab Haserley və sizə güvəndiyimi göstərdim. Ayağa qalxdı. Elə isə sizi saat on ikiyə iyirmi dəqiqə qalmış Eyfordda gözləyəcəyəm, – dedi.
– Orada olacağımdan narahat olmayın cənab.
– Və heç kimə tək söz etmək yoxdur. – Mənə uzun, sual dolu baxışlarla baxdı və əlimi soyuq və zəif bir şəkildə sıxdıqdan sonra tələsik otağımdan çıxdı.
Nə isə, hər şeyi sakit başla təkrar düşündüyüm zaman, mənə təklif edilən bu ani işə, sizin də anlayacağınız kimi olduqca çaşdım. Bir tərəfdən çox məmnun idim, çünki təklif edilən pul, normalda xidmətlərim qarşılığında alacağım miqdarın az qala on qatı idi. Üstəlik bu sifarişin arxasını da gətirə bilərdi. Digər yandan, müştərinin üzü və davranışları məndə çox mənfi bir təəssürat yaratmışdı. Gilli torpaqla əlaqədar şərhi də mənim gecə yarısı oraya getməyimi tələb edəcək bir şey deyilmiş kimi görünürdü, bir də birinə bir şey danışaram deyə şişirdilmiş bir qorxusu vardı. Nə isə bütün qorxularımı bir tərəfə atdım, axşam yeməyimi erkəndən yedim, Paddinqtona getdim və yola düşdüm.